AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
30.09.2011
QEYDİYYAT NÖMRƏSİ
188-IVQ
ADI
"Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında təhsil sənədlərinin qarşılıqlı tanınması haqqında" Sazişin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Respublika Qəzeti (Dərc olunma tarixi: 29-10-2011, Nəşr nömrəsi: 234), Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 30-10-2011, Nəşr nömrəsi: 241), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-10-2011, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 870)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
450.010.020
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201109300188
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
27.10.2011
"Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında təhsil sənədlərinin qarşılıqlı tanınması haqqında" Sazişin təsdiq edilməsi barədə

"Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında təhsil sənədlərinin qarşılıqlı tanınması haqqında" Sazişin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

"Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında təhsil sənədlərinin qarşılıqlı tanınması haqqında" 2011-ci il iyulun 8-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 30 sentyabr 2011-ci il

              № 188-IVQ


Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti Arasında təhsil sənədlərinin qarşılıqlı tanınması haqqında

SAZİŞ

 

Bundan sonra Tərəflər adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti,

Azərbaycan Respublikası və Belarus Respublikası arasında dostluq və əməkdaşlıq haqqında 2 may 2007-ci il tarixli Sazişi rəhbər tutaraq,

təhsil, elm, mədəniyyət və akademik mobillik sahəsində ikitərəfli əməkdaşlığın gələcək inkişafı və dərinləşməsinə dəstək göstərmək arzusu ilə,

təhsil və təlim sənədlərinin qarşılıqlı tanınması üzrə normaların yaradılmasına çalışaraq,

aşağıdakılar barədə razılığa gəldilər:

 

MADDƏ 1

 

Bu Saziş Tərəflərin dövlətlərinin təhsil müəssisələri tərəfindən Tərəflərin milli qanunvericiliklərinə uyğun olaraq verilən təhsil haqqında sənədlərin (bundan sonra təhsil sənədləri), əsas təhsil üzrə təhsil proqramlarının məzmununun natamam şəkildə mənimsənilməsini təsdiq edən sənədlərin (bundan sonra təhsil sənədləri) qarşılıqlı tanınması üzrə əsaslan müəyyən edir.

 

MADDƏ 2

 

Azərbaycan Respublikasında verilmiş ümumi orta təhsil haqqında şəhadətnamə və Belarus Respublikasında verilmiş ümumi baza təhsili haqqında şəhadətnamə həmin sənədin sahibinə təhsil alacağı dövlətin milli qanunvericiliyinə uyğun olaraq Tərəflərin dövlətlərinin təhsil müəssisələrində aşağıdakı təhsil proqramları üzrə təhsillərini davam etdirmək hüququ verən sənədlər olaraq Tərəflər tərəfindən tanınır:

tam orta təhsil / ümumi orta təhsil;

ilk peşə ixtisas təhsili / texniki-peşə təhsili;

orta ixtisas təhsili.

 

MADDƏ 3

 

Azərbaycan Respublikasında verilmiş tam orta təhsil haqqında attestat və ilk peşə ixtisas təhsili haqqında diplom (tam orta təhsil almaqla) və Belarus Respublikasında verilmiş ümumi orta təhsil haqqında attestat və texniki-peşə təhsili haqqında diplom (ümumi orta təhsil almaqla) həmin sənədin sahibinə təhsil alacağı dövlətin milli qanunvericiliyinə uyğun olaraq Tərəflərin təhsil müəssisələrində aşağıdakı təhsil proqramları üzrə təhsillərini davam etdirmək hüququ verən sənədlər olaraq Tərəflər tərəfindən tanınır:

ilk peşə ixtisas təhsili / texniki-peşə təhsili;

orta ixtisas təhsili;

ali təhsilin birinci pilləsi /ali təhsilin birinci səviyyəsi

 

MADDƏ 4

 

İşə qəbul zamanı Azərbaycan Respublikasında verilmiş ilk peşə ixtisas təhsili haqqında diplom və ixtisas haqqında şəhadətnamə, Belarus Respublikasında verilmiş texniki-peşə təhsili haqqında diplom və ixtisas haqqında şəhadətnamə müvafiq olaraq Azərbaycan Respublikasında və Belarus Respublikasında həmin sənədlərdə qeyd olunan istiqamət (peşə) və ixtisasa uyğun olaraq tanınır.

 

MADDƏ 5

 

Azərbaycan Respublikasında və Belarus Respublikasında verilmiş orta ixtisas təhsili haqqında diplomlar həmin sənədin sahibinə təhsil alacağı dövlətin milli qanunvericiliyinə uyğun olaraq Tərəflərin təhsil müəssisələrində ali təhsilin birinci səviyyəsinin/ali təhsilin birinci pilləsinin təhsil proqramları üzrə təhsillərini davam etdirmək hüququ verən sənəd olaraq Tərəflər tərəfindən tanınır.

 

MADDƏ 6

 

Tam orta təhsil əsasında normativ təhsil müddəti ilə 4 ildən az olmayaraq əyani təhsil aldıqdan sonra bakalavr dərəcəsinin verilməsini təsdiq edən Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında diplom və ümumi orta təhsil əsasında normativ təhsil müddəti ilə 4 ildən az olmayaraq əyani təhsil aldıqdan sonra ixtisas verilməklə Belarus Respublikasında verilmiş ali təhsil haqqında diplom həmin sənədin sahibinə təhsil alacağı dövlətin milli qanunvericiliyə uyğun olaraq Tərəflərin dövlətlərinin təhsil müəssisələrində magistr proqramları üzrə təhsillərini davam etdirmək hüququ verən sənəd olaraq Tərəflər tərəfindən tanınır.

Sənədin təsdiq olunması üçün müraciət edilmiş dövlətin milli təhsil sistemində müvafiq təhsil istiqaməti olmadığı təqdirdə bu maddənin 1-ci hissəsində qeyd olunan təhsil sənədləri təhsİl almaq üçün müraciət etmiş şəxsin ali təhsil proqramı üzrə təhsil müddətini təsdiq edən sənəd olaraq tanınır.

 

MADDƏ 7

 

Tam orta təhsil əsasında normativ təhsil müddəti ilə 5 ildən az olmayaraq əyani təhsil aldıqdan sonra ixtisas verilməsini təsdiq edən Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında diplom və ümumi orta təhsil əsasında normativ təhsil müddəti ilə 5 ildən az olmayaraq əyani təhsil aldıqdan sonra ixtisas verilməklə Belarus Respublikasında verilmiş ali təhsil haqqında diplom həmin sənədin sahibinə təhsil alacağı dövlətin milli qanunvericiliyinə uyğun olaraq Tərəflərin dövlətlərinin təhsil müəssisələri və elmi qurumlarda magistratura, ali məktəbdən sonrakı təhsil proqramları üzrə təhsil almaq hüququ verən sənəd olaraq Tərəflər tərəfindən tanınır.

 

MADDƏ 8

 

Ali peşə təhsili əsasında normativ təhsil müddəti ilə 1 ildən az olmayaraq əyani təhsil aldıqdan sonra Azərbaycan Respublikasında verilmiş magistr dərəcəsinin verilməsi haqqında diplom və ali təhsilin birinci pilləsi əsasında normativ təhsil müddəti ilə 1 ildən az olmayaraq əyani təhsil aldıqdan sonra Belarus Respublikasında verilmiş magistr diplomu həmin sənədin sahibinə təhsil alacağı dövlətin milli qanunvericiliyinə uyğun olaraq Tərəflərin dövlətlərinin ali təhsil müəssisələrində və elmi qurumlarda ali məktəbdən sonrakı təhsil proqramları üzrə təhsil almaq hüququ verən sənəd olaraq Tərəflər tərəfindən tanınır.

 

MADDƏ 9

 

Müvafiq təhsil proqramlarının məzmununun mənimsənilməsini və əsas təhsil üzrə müvafiq təhsil proqramlarının məzmununun natamam mənimsənilməsini təsdiq edən Azərbaycan Respublikasında verilmiş arayış və Belarus Respublikasında verilmiş təhsil haqqında arayış həmin sənədin sahibinə təhsil alacağı Tərəfin milli qanunvericiliyinə uyğun olaraq Tərəflərin dövlətlərinin təhsil müəssisələrində müvafiq təhsil səviyyəsi/pilləsi üzrə təhsillərini davam etdirmək hüququ verən sənəd olaraq Tərəflər tərəfindən tanınır.

 

MADDƏ 10

 

Təhsil proqramının təhsil sənədinin tanınması üçün müraciət edilmiş dövlətin qanunvericiliyində nəzərdə tutulmuş təhsilalma formasından fərqli formada mənimsənilməsini təsdiq edən təhsil sənədləri və ya hazırkı Sazişin 5, 6, 7-ci maddələrində müəyyən edilmiş normativ təhsil müddətindən az olan təhsil müddəti (bir il və ondan artıq) həmin sənədin sahibinə təhsil alacağı Tərəfin milli qanunvericiliyinə uyğun olaraq Tərəflərin dövlətlərinin təhsil müəssisələrində müvafiq təhsil səviyyəsi/pilləsi üzrə təhsillərini davam etdirmək hüququ verən sənəd olaraq Tərəflər tərəfindən tanınır.

 

MADDƏ 11

 

Azərbaycan Respublikasında və Belarus Respublikasında verilmiş və əlavə ixtisasın verilməsini təsdiq edən yenidənhazırlanma haqqında diplomlar yenidənhazırlanma/peşə yenidənhazırlanma haqqında sənəd kimi tanınır və Tərəflərin dövlətlərinin qanunvericiliklərinə və verilmiş ixtisasa uyğun olaraq peşə fəaliyyətinin həyata keçirilməsi hüququnu verir.

 

MADDƏ 12

 

Azərbaycan Sovet Sosialist Respublikası və Belarus Sovet Sosialist Respublikasında verilmiş təhsil sənədləri onların sahibinə təhsil alacağı dövlətin milli qanunvericiliyinə uyğun olaraq Tərəflərin dövlətlərinin təhsil müəssisəsində və elmi qurumlarda təhsil proqramları üzrə təhsillərini davam etdirmək hüququ verən sənəd olaraq Tərəflər tərəfindən tanınır.

 

MADDƏ 13

 

Bu Sazişin 5-8, 12-ci maddələrində sadalanan təhsil sənədlərinin sahibinə peşə fəaliyyəti ilə məşğul olmaq hüququ müvafiq ixtisasa və sənədlərin təsdiq olunması üçün müraciət edilmiş dövlətin milli qanunvericiliyinə uyğun olaraq verilir.

Tam orta təhsil əsasında normativ təhsil müddəti ilə 5 ildən (ixtisasdan asılı olaraq) az olmayaraq əyani təhsil aldıqdan sonra həkim ixtisasının verilməsini təsdiq edən Azərbaycan Respublikasında verilmiş ali tibb təhsili haqqında diplom və ümumi orta təhsil əsasında normativ təhsil müddəti ilə 5 ildən (ixtisasdan asılı olaraq) az olmayaraq əyani təhsil alındıqdan sonra tibb və əczaçılıq peşə istiqamətləri üzrə ixtisas verilməklə Belarus Respublikasında verilmiş ali təhsil haqqında diplom həmin sənədin sahibinə yalnız verilmiş ixtisas və Tərəflərin dövlətlərinin qanunvericiliklərinə uyğun olaraq sərbəst peşə fəaliyyəti ilə məşğul olmaq hüququ verən sənəd olaraq Tərəflər tərəfindən tanınır.

 

MADDƏ 14

 

Hazırkı Saziş Tərəflərin dövlətlərinin təhsil müəssisələri və elmi qurumları tərəfindən milli qanunvericiliyə uyğun olaraq verilmiş təhsil və təlim sənədlərinin tanınması proseduruna xitam vermir və tanınma proseduru sənədlərin tanınması üçün müraciət edilmiş Tərəfin dövlətinin milli qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

 

MADDƏ 15

 

Tərəflərin dövlətlərinin təhsili idarəetmə orqanları müxtəlif təhsil səviyyələri/pillələrinin məzmunu ilə bağlı əsas tələblərə dair uyğunluğu təmin edir, işçi və mütəxəssislərin hazırlığı ilə bağlı istiqamət və ixtisaslar üzrə milli nomenklaturaların (siyahıların) işlənib hazırlanması zamanı qarşılıqlı məsləhətləşmələr həyata keçirirlər.

Tərəflər təhsil və təlim sənədlərinin rəsmiləşdirilməsi və verilməsi üzrə qaydaları tənzimləyən normativ-hüquqi aktların, sözügedən sənədlərin nümunə və təsvirlərinin mübadiləsini həyata keçirir, eləcə də zəruri hallarda müvafiq rəsmi izahatları təqdim edir.

Tərəflər təhsil sənədlərinin tanınması ilə bağlı ümumi məsələlərə həsr olunmuş çoxtərəfli beynəlxalq forum, konfrans və görüşlər çərçivəsində əməkdaşlıq edirlər.

 

MADDƏ 16

 

Hazırkı Saziş Tərəflərin üçüncü tərəfin ərazisində verilmiş və hazırkı Sazişlə tənzimlənməyən təhsil və təlim sənədlərinin tanınması fəaliyyətini məhdudlaşdırmır.

 

MADDƏ 17

 

Bu Sazişə Tərəflərin qarşılıqlı razılığı ilə Sazişin ayrılmaz tərkib hissəsi olan və 19-cu maddəsində müəyyən olunmuş qaydada qüvvəyə minən ayrıca protokollarla rəsmiləşdirilən dəyişiklik və əlavələr edilə bilər.

 

MADDƏ 18

 

Hazırkı Sazişin müddəalarının təfsiri və/və ya tətbiqi ilə bağlı yarana biləcək fikir ayrılıqları danışıqlar və məsləhətləşmələr yolu ilə həll edilir.

 

MADDƏ 19

 

Bu Saziş onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı gündən qüvvəyə minir.

Bu Saziş 5 (beş) il müddətinə bağlanılır və Tərəflərdən biri bu Sazişin müddətinin bitməsinə ən azı 6 (altı) ay qalmış onu ləğv etmək niyyəti barədə yazılı şəkildə diplomatik kanallar vasitəsilə digər Tərəfə məlumat vermədiyi təqdirdə, onun qüvvəsi avtomatik olaraq növbəti beş illik müddətlərə uzadılır.

Bu Saziş Bakı şəhərində 2011-ci il 08 iyul tarixində iki əsl nüsxədə, hər biri Azərbaycan və rus dillərində imzalanmışdır, bütün mətnlər autentikdir.

 

 

 

Azərbaycan Respublikası

Belarus Respublikası

Hökuməti adından

Hökuməti adından

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status