“Azərbaycan Respublikası və Portuqaliya Respublikası arasında diplomatik, xidməti və xüsusi pasportlara malik şəxslər üçün vizaların ləğv edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
“Azərbaycan Respublikası və Portuqaliya Respublikası arasında diplomatik, xidməti və xüsusi pasportlara malik şəxslər üçün vizaların ləğv edilməsi haqqında” 2010-cu il noyabrın 20-də Lissabon şəhərində imzalanmış Saziş təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 fevral 2011-ci il
№ 52-IVQ
Azərbaycan Respublikası
və
Portuqaliya Respublikası
arasında diplomatik, xidməti və xüsusi pasportlara malik şəxslər üçün
vizaların ləğv edilməsi haqqında
SAZİŞ
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası və Portuqaliya Respublikası,
İkitərəfli münasibətlərinin təşviq edilməsini arzulayaraq,
Diplomatik, xidməti və xüsusi pasportlara malik olan vətəndaşlarının səyahətlərini asanlaşdırmaq məqsədi ilə,
Aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Anlayışlar
Bu Sazişin məqsədləri üçün aşağıdakı müddəalar bunları ifadə edəcəkdir:
a) “Etibarlı pasport”, Tərəflərin birinin ərazisindən çıxış zamanı ən azı üç (3) ay etibarlılıq müddəti olan Tərəflərin diplomatik, xidməti və ya xüsusi pasportu;
b) “Ailə üzvü”, diplomatik, xidməti və xüsusi pasporta malik şəxslərin həyat yoldaşı, həmçinin himayəsində olan uşaqları və valideynləri.
Maddə 2
Qısa müddətli qalma
1. Azərbaycan Respublikasının etibarlı diplomatik və xidməti pasporta malik olan vətəndaşları Portuqaliya Respublikasının ərazisinə vizasız daxil ola, tranzit qaydada keçə və ilk giriş günündən etibarən istənilən altı (6) ay müddətində doxsan (90) gündən artıq olmayan müddətə orada qala bilərlər, həmin müddət 14 iyun 1985-ci il tarixli Şengen Sazişinin həyata keçirilməsi barədə 19 iyun 1990-cı il tarixində qəbul edilmiş Konvensiyanın iştirakçısı olan dövlətlər tərəfindən yaradılmış sərbəst hərəkət zonasının xarici sərhədindən ilk daxil olma günündən etibarən hesablanır.
2. Portuqaliya Respublikasının etibarlı diplomatik və xüsusi pasportlara malik olan vətəndaşları Azərbaycan Respublikasının ərazisinə vizasız daxil ola, tranzit qaydada keçə və doxsan (90) gündən artıq olmayan müddətə orada qala bilərlər.
Maddə 3
Giriş və Qalma
1. Bir Tərəfin dövlətinin diplomatik, xidməti və xüsusi pasportlarına malik olan, digər Tərəfin dövlətinin ərazisində yerləşən diplomatik və ya konsulluq nümayəndəliyinin heyətinin üzvləri olan vətəndaşları və onlarla birlikdə yaşayan etibarlı diplomatik, xidməti və xüsusi pasportlara malik ailə üzvləri xidmət müddəti ərzində vizasız daxil ola və orada qala bilərlər.
2. Bir Tərəfin dövlətinin vətəndaşları digər Tərəfin dövlətinin ərazisində yerləşən beynəlxalq təşkilatda öz ölkəsini təmsil edən diplomatik, xidməti və xüsusi pasportlara malik olan vətəndaşları və onlarla birlikdə yaşayan etibarlı diplomatik, xidməti və xüsusi pasportlara malik ailə üzvləri yuxarıdakı 1-ci bənddə qeyd olunan eyni hüquqlara malikdirlər.
3. Hər bir Tərəf bundan əvvəlki bəndlərin məqsədləri üçün Tərəflərin ərazilərindəki diplomatik nümayəndəlik, konsulluq və ya beynəlxalq təşkilatlara təyin olunmuş, diplomatik, xidməti və ' xüsusi pasporta malik olan vətəndaşlarının, həmçinin onları müşayiət edən ailə üzvlərinin gəlməsi barədə digər Tərəfi onların gəlməsi günündən əvvəl yazılı şəkildə və diplomatik kanallarla məlumatlandıracaqdır.
Maddə 4
Keçid məntəqələri
Hər iki Tərəfin dövlətinin etibarlı diplomatik, xidməti və xüsusi pasportlara malik olan vətəndaşları digər Tərəfin dövlətinin ərazisinə beynəlxalq səyahətə açıq olan istənilən sərhəd-keçid məntəqəsindən daxil ola və oranı tərk edə bilərlər.
Maddə 5
Tərəflərin qanunlarına riayət etmə
1. Hər bir Tərəfin dövlətinin etibarlı diplomatik, xidməti və xüsusi pasportlara malik olan vətəndaşları digər Tərəfin dövlətinin ərazisində qaldığı müddət ərzində onun qüvvədə olan qanun və qaydalarına riayət etmək öhdəliyi daşıyırlar.
2. Bu Saziş hər bir Tərəfin səlahiyyətli qurumlarının müvafiq qanununa uyğun olaraq digər Tərəfin hər hansı vətəndaşının daxil olmasına və ya qalmasına icazə verməkdən imtina etmək hüququnu istisna etmir.
Maddə 6
Pasportlar haqqında informasiya
1. Tərəflər Sazişin qüvvəyə minməsindən əvvəl, otuz (30) gündən gec olmayaraq istifadə olunan diplomatik, xidməti və xüsusi pasportların nümunələrini diplomatik kanallar vasitəsilə mübadilə edəcəklər.
2. Yeni pasportlar təqdim olunsa və ya istifadədə olanlara düzəlişlər edildikdə, hər bir Tərəf digər Tərəfi dərhal məlumatlandıracaq və onların rəsmi təqdim edilməsindən əvvəl, otuz (30) gündən gec olmayaraq onların nümunələrini diplomatik kanallarla mübadilə edəcəkdir.
3. Tərəflərdən birinin dövlətinin vətəndaşı digər Tərəfin dövlətinin ərazisində pasportunu itirdikdə, səlahiyyətli diplomatik və ya konsulluq nümayəndəliyi öz vətəndaşına yeni pasport və ya fövqəladə səyahət sənədi verəcək və qəbul edən dövlətin səlahiyyətli-hökumət qurumlarmı müvafiq qaydada məlumatlandıracaqdır.
Maddə 7
Mübahisələrin həlli
Bu Sazişin təfsiri və tətbiqi zamanı yarana biləcək hər hansı mübahisələr diplomatik kanallar vasitəsilə danışıqlar yolu ilə həll ediləcəkdir.
Maddə 8
Sazişin dayandırılması
1. Hər bir Tərəf milli təhlükəsizlik, ictimai asayiş və ya əhalinin sağlamlığının qorunması məqsədilə bu Sazişin qüvvəsini müvəqqəti olaraq tam və ya qismən dayandırmaq hüququnu özündə saxlayır.
2. Belə dayandırma digər Tərəfin diplomatik kanallarla bildiriş aldıqdan iyirmi dörd (24) saat sonra qüvvəyə minir. Hər bir Tərəf bu dayandırma aradan qaldırıldıqda da eyni qaydada hərəkət edəcəkdir.
Maddə 9
Əlavələr
Bu Sazişə Tərəflərin qarşılıqlı razılığı ilə və 11-ci maddədə müəyyən olunan qaydada qüvvəyə minən dəyişikliklər və əlavələr edilə bilər.
Maddə 10
Sazişin qüvvədə olma müddəti və ləğv edilməsi
Bu Saziş qeyri-müəyyən müddətə bağlanılır.
Tərəflərdən hər biri digər Tərəfə diplomatik kanallar vasitəsilə yazılı bildiriş göndərməklə hazırkı Sazişi ləğv edə bilər. Saziş belə bildirişin alındığı tarixdən doxsan (90) gün sonra qüvvədən düşür.
Maddə 11
Sazişin qüvvəyə minməsi
Bu Saziş onun qüvvəyə minməsi üçün hər iki Tərəfin milli qanunvericiliyində nəzərdə tutulan tələblərin yerinə yetirməsi barədə sonuncu yazılı bildirişin diplomatik kanallarla alındığı tarixdən otuz (30) gün sonra qüvvəyə minir.
Maddə 12
Qeydiyyat
Bu Saziş qüvvəyə mindikdən sonra Birləşmiş Millətlər Təşkilatının, Nizamnaməsinin 102 maddəsinə uyğun olaraq, ərazisində imzalanmış olan Tərəf onu qeydiyyat üçün Birləşmiş Millətlər Təşkilatının katibliyinə göndərməli, həmçinin digər Tərəfi bu prosedurların yerinə yetirilməsi və onun qeydiyyat nömrəsi barədə məlumatlandırmalıdır.
Bu Saziş Lissabon şəhərində, 20 noyabr 2010-cu il tarixində, iki əsl nüsxədə, Azərbaycan, portuqal və ingilis dillərində imzalanmışdır, bütün mətnlər autentikdir. Təfsir ilə bağlı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətndən istifadə ediləcəkdir.
Azərbaycan Respublikası
|
Portuqaliya Respublikası
|
adından
|
adından
|
Elmar MƏMMƏDYAROV
|
Luis AMADO
|
xarici işlər naziri
|
dövlət və xarici işlər naziri
|