“Azərbaycan Respublikası Hökuməti və İtaliya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
“Azərbaycan Respublikası Hökuməti və İtaliya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” 2010-cu il dekabrın 7-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 fevral 2011-ci il
№ 50-IVQ
Azərbaycan Respublikası Hökuməti və İtaliya Respublikası Hökuməti
arasında diplomatik və xidməti pasportlara malik şəxslərin
viza tələbindən azad edilməsi haqqında
SAZİŞ
Bundan sonra “Razılığa gələn Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və İtaliya Respublikası Hökuməti,
ikitərəfli münasibətlərinin təşviq edilməsini arzulayaraq,
mövcud dostluq münasibətlərinin möhkəmləndirilməsində maraqlarını nəzərə alaraq və hər iki ölkənin diplomatik və xidməti pasportlara malik olan vətəndaşlarının Səyahətlərini asanlaşdırmaq məqsədi ilə,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Bir Razılığa gələn Tərəfin etibarlı diplomatik və xidməti pasportlara malik olan və digər Razılığa gələn Tərəfin ərazisində akkreditə olunmamış. Vətəndaşları həmin qəbul edən dövlətin ərazisinə daxil olmaq, tranzit keçmək və orada gəldiyi gündən etibarən altı (6) ay müddətində doxsan (90) gündən artıq olmayan müddətə (bir və ya bir neçə dəfə olmaqla) qalmaq və oranı tərk etmək üçün viza tələbindən azad ediləcəkdir. Azərbaycan Respublikası vətəndaşları üçün yuxarıda göstərilən doxsan (90) gün müddəti onların Şengen zonasına ilk daxil olduqları tarixdən başlayır.
Maddə 2
Bu Saziş, Razılığa gələn Tərəflərdən birinin ərazisində yerləşən digər Tərəfin diplomatik missiyalarının, konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin etibarlı diplomatik və xidməti pasportlarına malik üzvlərinin, həmçinin onların etibarlı diplomatik və xidməti pasportlarına malik ailə üzvlərinin yerləşmə dövlətində akkreditə edilməsi üçün viza almaq öhdəliyindən azad edilmir.
Yuxarıda göstərilən Şəxslər akkreditə edildikdən sonra təyinatları müddətində yerləşmə dövlətinin ərazisinə vizasız daxil ola, tranzit keçə, orada qala və oranı tərk edə bilərlər.
Maddə 3
Razılığa gələn Tərəflərin Sazişin 1-ci və 2-ci maddələrində göstərilən diplomatik və xidməti pasportlara malik olan vətəndaşları digər Razılığa gələn Tərəfin ərazisinə beynəlxalq sərnişin daşınması üçün açıq olan bütün sərhəd-keçid məntəqələrindən daxil ola və ya oranı tərk edə bilərlər.
Maddə 4
Bu Saziş, Razılığa gələn Tərəflərin 1-ci və 2-ci maddələrdə göstərilən vətəndaşlarının qəbul edən dövlətin qanunvericiliyinə hörmət etmək öhdəliyinə toxunmur.
Maddə 5
Bu Saziş bir Razılığa gələn Tərəfin arzu olunmaz hesab edilən istənilən vətəndaşının digər Razılığa gələn Tərəfin səlahiyyətli orqanları tərəfindən bu Razılığa gələn Tərəfin ərazisinə daxil olması və ya orada qalmasına etiraz etmək hüququna toxunmur.
Maddə 6
Hər bir Razılığa gələn – Tərəf milli təhlükəsizlik və ictimai asayişin qorunması məqsədilə bu Sazişin tətbiqini müvəqqəti olaraq tam və ya qismən dayandırmaq hüququnu özündə saxlayır.
Digər Razılığa gələn Tərəf bu Sazişin tətbiqinin dayandırılması barədə, belə tədbirin qüvvəyə minməsindən əvvəl yetmiş iki (72) saatdan gec olmayaraq, diplomatik kanallar vasitəsilə məlumatlandırılacaqdır.
Bu Sazişin tətbiqinin dayandırılması 1-ci və 2-ci maddələrdə göstərilən və artıq hər bir Razılığa gələn Tərəfin ərazisində olan vətəndaşların hüquqlarına toxunmur.
Maddə 7
Razılığa gələn Tərəflər bu Sazişin qüvvəyə minməsindən otuz (30) gün əvvəl diplomatik kanallar vasitəsilə diplomatik və xidməti pasportların nümunələrini mübadilə edəcəkdir.
Yeni diplomatik və ya xidməti pasportlar təqdim olunarsa və ya mövcud olanlara düzəlişlər edilərsə, Razılığa gələn Tərəflər yeni diplomatik və xidməti pasportların qüvvəyə minməsindən əvvəl otuz (30) gündən gec olmayaraq onların nümunələrini diplomatik kanallar vasitəsilə mübadilə edəcəkdir.
Maddə 8
Razılığa gələn Tərəflərin qarşılıqlı razılığı ilə bu Sazişə əlavə protokollar və ya diplomatik notalar mübadiləsi ilə dəyişikliklər edilə bilər. Həmin sənədlər Sazişin ayrılmaz tərkib hissəsi hesab ediləcəkdir.
Maddə 9
Bu Sazişin müddəalarının təfsiri zamanı yarana bitəcək hər hansı fikir ayrılıqları və ya mübahisələr Razılığa gələn Tərəflər arasında diplomatik kanallar vasitəsi ilə danışıq və ya məsləhətləşmə yolu ilə dostcasına həll ediləcəkdir.
Maddə 10
Bu Saziş Razılığa gələn Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurları yerinə yetirdikləri barədə bir-birilərinə diplomatik kanallar vasitəsilə göndərdikləri sonuncu yazılı bildirişin alındığı tarixdən otuzuncu (30) gün qüvvəyə minəcəkdir.
Bu Saziş qeyri-müəyyən müddətə bağlanılır və Razılığa gələn Tərəflərdən birinin bu Sazişin qüvvəsinin ləğv etməsi barədə yazılı bildirişinin digər Razılığa gələn Tərəfindən alındığı tarixdən sonra üç (3) ay qüvvədə qalacaqdır.
Bu Saziş Bakı səhərində 7 dekabr 2010-cu il tarixində, iki asi nüsxədə, hər biri Azərbaycan, italiyan və ingilis dillərində imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Bu Sazişin təfsiri zamanı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətndən istifadə ediləcəkdir.
Azərbaycan Respublikası
|
İtaliya Respublikası
|
Hökuməti adından
|
Hökuməti adından
|
(imza)
|
(imza)
|