2011-ci il yanvarın 13-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və Rusiya Federasiyasının Narkotiklərin Dövriyyəsinə Nəzarət üzrə Federal Xidməti arasında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizədə əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1. 2011-ci il yanvarın 13-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və Rusiya Federasiyasının Narkotiklərin Dövriyyəsinə Nəzarət üzrə Federal Xidməti arasında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizədə əməkdaşlıq haqqında Saziş” təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Sazişin həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Rusiya Federasiyası tərəfini xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 fevral 2011-ci il
№ 1330
Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və
Rusiya Federasiyasının Narkotiklərin Dövriyyəsinə Nəzarət üzrə
Federal Xidməti arasında narkotik vasitələrin, psixotrop maddələrin və
onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizədə əməkdaşlıq
haqqında
SAZİŞ
Bundan sonra “Tərəflər” adlandırılan Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və Rusiya Federasiyasının Narkotiklərin Dövriyyəsinə Nəzarət üzrə Federal Xidməti,
narkotik vasitələrin və psixotrop maddələrin (bundan sonra - narkotiklər) qanunsuz dövriyyəsinin miqyasının və onlardan sui-istifadə hallarının artmasından narahat olaraq,
narkotiklərin və onların prekursorlarının qanunsuz dövriyyəsinin Tərəflərin dövlətlərinin sağlamlığına və rifahına ciddi təhlükə yaratdığını dərk edərək,
1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın və ona dəyişiklik edilməsi barədə 1972-ci il tarixli Protokolun, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyanın və Birləşmiş Millətlər Təşkilatının 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasının müddəalarını nəzərə alaraq,
narkotiklərin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizəyə yönəlmiş səmərəli tədbirlərin görülməsində qarşılıqlı maraqları nəzərə alaraq,
öz dövlətlərinin milli qanunvericiliyini və beynəlxalq öhdəliklərini rəhbər tutaraq,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
1. Hazırkı Sazişin predmetini Tərəflər arasında narkotiklərin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı səmərəli mübarizənin təşkili məqsədi ilə əməkdaşlıq təşkil edir.
2. Tərəflər hazırkı Sazişə əsasən öz səlahiyyətləri çərçivəsində, habelə dövlətlərin milli qanunvericiliklərinə və dövlətlərinin iştirakçısı olan beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərinə riayət etməklə əməkdaşlığı həyata keçirirlər.
3. Hazırkı Saziş şəxslərin verilməsi və cinayət işləri üzrə hüquqi yardım məsələlərinə toxunmur.
Maddə 2
1. Hazırkı Saziş çərçivəsində Tərəflərin əməkdaşlığı aşağıdakı formalarda həyata keçirilir:
a) narkotiklərin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə məsələləri üzrə informasiya mübadiləsi;
b) bir Tərəfin öz səlahiyyətləri çərçivəsində və digər Tərəfin sorğusuna əsasən narkotiklərin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı məsələlər üzrə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi;
c) narkotiklərin qanunsuz istehlakının və dövriyyəsinin profilaktikasının təşkili və həyata keçirilməsi sahəsində əməkdaşlıq;
ç) narkotiklərin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə üzrə tədbirlərin keçirilməsində, o cümlədən onların nəzarətli göndərişlərinin və onların qanuni dövriyyəsinə nəzarətin həyata keçirilməsi zaman əməkdaşlıq edilməsi və qarşılıqlı yardımın göstərilməsi;
d) iş təcrübəsinin mübadiləsi, o cümlədən müşavirələrin, konfransların və seminarların keçirilməsi;
e) narkotiklərin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə məsələlərinə dair öz dövlətlərinin qanunvericilik və digər normativ-hüquqi aktların, onların tətbiqinə dair materialların, statistik məlumat və metodik tövsiyələrin mübadiləsi;
ə) kadrların hazırlanması və ixtisaslarının artırılması;
f) maddi-texniki və konsultativ yardımın göstərilməsi, habelə ekspertizaların keçirilməsində kömək edilməsi;
g) narkotiklərin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə problemlərinə dair qarşılıqlı maraq kəsb edən birgə elmi tədqiqatların aparılması;
ğ) zərurət yarandıqda, qanunsuz dövriyyədən çıxarılmış narkotik nümunələrin və onların tədqiqi nəticələrinin mübadiləsi;
h) işçi qrupların yaradılması və nümayəndələrin mübadiləsi məsələləri də daxil olmaqla, əməkdaşlıq prosesində meydana çıxan məsələlər üzrə fəaliyyətin əlaqələndirilməsi.
2. Hazırkı Saziş Tərəflər üçün əməkdaşlığın digər qarşılıqlı münasib formalarının işlənib hazırlanmasına və inkişaf etdirilməsinə maneçilik törətmir.
Maddə 3
Hazırkı Saziş çərçivəsində aşağıdakılara dair informasiya mübadiləsi həyata keçirilir:
a) digər Tərəfin dövlətinin ərazisində törədilmiş və ya törədilməyə hazırlanan, narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlər barədə;
b) narkotiklərin qanunsuz transsərhəd dövriyyəsində iştirak etməkdə şübhəli bilinən şəxslər barədə;
c) bir Tərəfin dövlətinin ərazisindən digər Tərəfin dövlətinin ərazisinə narkotiklərin qanunsuz keçirilməsi və ya buna cəhdlər ilə bağlı konkret faktlar və hadisələr barədə;
ç) narkotiklərin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqəsi olan və fəaliyyətləri transmilli xarakter daşıyan cinayətkar qrupların strukturları, tərkibləri, fəaliyyət sahələri, idarə olunmalarının təşkili və əlaqələri barədə;
d) Tərəflərin dövlətlərinin ərazisində fəaliyyət göstərən və narkotiklərin, onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqəli olan cinayətkar qruplar və ayrı-ayrı şəxslər arasında mövcud olan və ya ehtimal edilən əlaqələr barədə;
e) narkotiklərin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət fəaliyyətinin həyata keçirilməsinin üsul və metodları barədə;
ə) narkotiklərin və onların prekursorlarının qanunsuz dövriyyəyə daxil olma mənbələrinin müəyyən olunmasının üsul və metodları və belə qanunsuz dövriyyənin qarşısının alınması üçün tədbirlər barədə;
f) qanunsuz dövriyyəyə buraxılmış narkotiklərin yeni növləri, onların hazırlanma və istifadə edilmə texnologiyaları barədə;
g) narkotiklərin və onların prekursorlarının əkilib-becərilməsi, istehsalı, nəql olunması və satışı zamanı tətbiq olunan gizlətmə və maskalama üsulları, həmçinin onların aşkar olunma metodları barədə;
ğ) qarşılıqlı maraq doğuran digər məsələlər barədə.
Maddə 4
1. Hazırkı Saziş çərçivəsində yardımın göstərilməsi sorğu əsasında və ya bu cür yardımın digər Tərəf üçün maraq kəsb edəcəyini hesab edən Tərəfin təşəbbüsü ilə həyata keçirilir.
Yardım göstərmə haqqında sorğu yazılı şəkildə və ya texniki vasitələrdən istifadə etməklə göndərilir.
Təxirəsalınmaz hallarda şifahi sorğu da qəbul oluna bilər, lakin o, üç gün ərzində yazılı formada və ya texniki vasitələrdən istifadə etməklə təsdiq olunmalıdır.
İnformasiyanın ötürülməsi üçün texniki vasitələrdən istifadə olunduqda, həmçinin alınan sorğunun həqiqiliyinə və ya məzmununa dair şübhə yarandıqda, sorğu alan Tərəf sorğu göndərən Tərəfdən yazılı formada təsdiqedici sənəd tələb edə bilər.
2. Yardım göstərmə haqqında sorğuda aşağıdakılar göstərilir:
-
sorğu göndərən Tərəfin adı;
-
sorğu alan Tərəfin adı;
-
sorğunun mahiyyətinin qısa məzmunu və onun əsaslandırılması;
-
sorğunun icrası üçün zəruri olan digər məlumatlar.
3. Zəruri hallarda sorğu alan Tərəf sorğunun düzgün icra olunması üçün əlavə məlumatları sorğu edə bilər.
Maddə 5
Sorğu alan Tərəf sorğunun icrasının qısa müddətdə və mümkün qədər tam şəkildə təmin olunması üçün bütün zəruri tədbirləri görür. Sorğu, bir qayda olaraq, onun daxil olduğu gündən etibarən 30 gündən artıq olmayan müddət ərzində icra olunur.
Maddə 6
1. Sorğunun icra olunması mümkün olmadığı və ya ondan imtina edildiyi halda sorğu alan Tərəf sorğu göndərən Tərəfi bu barədə dərhal yazılı şəkildə xəbərdar edir və sorğunun icrasına mane olan səbəblər barədə məlumatlandırır.
2. Sorğu alan Tərəf sorğunun icrası zamanı onun dövlətinin suverenliyinə, təhlükəsizliyinə və ya digər mühüm maraqlarına zərər vura biləcəyini və onun dövlətinin qanunvericiliyinə zidd olduğunu hesab edərsə, sorğunun icra olunmasından tam və ya qismən imtina edə bilər.
3. Sorğu alan Tərəf sorğunun dərhal icra olunmasının öz dövlətinin ərazisində aparılan cinayət təqibinə və ya digər icraata mane ola biləcəyini hesab edərsə, o, sorğu göndərən Tərəflə məsləhətləşmələrdən sonra, sorğunun icrasını təxirə sala və ya zəruri şərtlərə riayət olunması ilə əlaqələndirə bilər. Əgər sorğu göndərən Tərəf təklif edilən şərtlərlə ona yardım göstərilməsinə razı olarsa, o, bu şərtlərə riayət etməlidir.
4. Sorğu verən Tərəf sorğunun icrasının zərurətinin aradan qalxmasını müəyyən etdikdə, təxirə salmadan sorğu alan Tərəfi bu barədə xəbərdar edir.
Maddə 7
1. Konfidensial olmayan sənəd və materiallar istisna olmaqla, Tərəflər narkotiklərin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dair aralarında mübadilə edilən məlumatların, həmçinin sənədlərin və materialların məzmununun konfidensiallığını təmin edirlər.
2. Sorğu göndərən Tərəf alınan informasiyanı yalnız sorğuda göstərilən məqsədlər üçün istifadə edir.
3. Hazırkı Saziş çərçivəsində alınan konfidensial informasiya, o cümlədən sənədlər və materiallar, onları təqdim edən Tərəfin yazılı razılığı olmadan üçüncü tərəfə verilə bilməz.
Maddə 8
Tərəflər hazırkı Saziş çərçivəsində əməkdaşlığı həyata keçirərkən rus dilindən istifadə edirlər.
Maddə 9
1. Tərəflər öz dövlətlərinin ərazisində hazırkı Sazişin icrası ilə bağlı yaranan xərcləri ödəyirlər.
2. Yazılı formada başqa qayda razılaşdırılmadığı təqdirdə, Tərəflər qəbul edən Tərəfin dövlətinin ərazisinə öz nümayəndələrinin ezamiyyətləri və qalmaları ilə bağlı bütün xərcləri üzərilərinə götürürlər.
3. Sorğu edən Tərəfin nümayəndələrinin ezamiyyətləri sorğu edilən Tərəfin qabaqcadan razılığı ilə həyata keçirilir.
Maddə 10
Tərəflər, hazırkı Sazişdə nəzərdə tutulan əməkdaşlığın həyata keçirilməsi gedişinin nəzərdən keçirilməsi və onun gələcək istiqamətlərinin təkmilləşdirilməsi üçün qarşılıqlı razılıq əsasında birgə işçi görüşlər, müşavirə və seminarlar keçirirlər.
Görüşlər Tərəflərin dövlətlərində növbə ilə keçirilir.
Maddə 11
Hazırkı Sazişin 2-ci maddəsinin 1-ci bəndinin “ə”, “f”, “g” və “ğ” yarımbəndlərində nəzərdə tutulan əməkdaşlığın həyata keçirilməsinin konkret şərtləri və maliyyələşdirilməsi qaydası Tərəflər arasında qarşılıqlı razılaşma əsasında müəyyən edilir.
Maddə 12
Tərəflər qarşılıqlı razılığa əsasən, hazırkı Sazişə onun ayrılmaz hissəsi olan və bu Sazişin 14-cü maddəsində müəyyən olunmuş qaydada qüvvəyə minən, ayrıca protokollarla rəsmiləşdirilən əlavələr və dəyişikliklər edilə bilər.
Maddə 13
Tərəflər hazırkı Sazişin müddəalarının təfsiri və tətbiqi ilə bağlı yaranan bütün mübahisəli məsələləri danışıqlar və məsləhətləşmələr yolu ilə həll edəcəklər.
Maddə 14
1. Hazırkı Saziş qeyri-müəyyən müddətə bağlanılır və Tərəflərin, onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurları yerinə yetirməsi barədə diplomatik kanallarla sonuncu yazılı bildirişin alındığı tarixdən qüvvəyə minir.
2. Tərəflərin hər biri digər Tərəfə hazırkı Sazişin qüvvəsinə xitam verilməsi niyyəti barədə diplomatik kanallarla yazılı bildiriş göndərməklə Sazişin qüvvəsinə xitam verə bilər. Belə halda hazırkı Saziş qeyd edilən bildirişin alındığı tarixdən altı ay sonra qüvvədən düşür.
3. Əvvəllər bu Sazişin çərçivəsində başlanmış digər proqram və layihələrlə əlaqədar başqa razılaşma mövcud olmadıqda, hazırkı Sazişin qüvvədən düşməsi onların həyata keçirilməsinə təsir etmir.
4. Hazırkı Saziş Bakı şəhərində ”
Azərbaycan Respublikasının
|
Rusiya Federasiyasının
|
Milli Təhlükəsizlik Nazirliyi
|
Narkotiklərin Dövriyyəsinə
|
|
Nəzarət üzrə Federal Xidməti
|
adından
|
adından
|
(imza)
|
(imza)
|