AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
21.12.2010
QEYDİYYAT NÖMRƏSİ
24-IVQ
ADI
“Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” Müqavilənin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Respublika Qəzeti (Dərc olunma tarixi: 20-01-2011, Nəşr nömrəsi: 14), Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 23-01-2011, Nəşr nömrəsi: 16), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-01-2011, Nəşr nömrəsi: 01, Maddə nömrəsi: 2)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
430.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” Müqavilənin təsdiq edilməsi barədə

“Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” Müqavilənin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

“Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” 2010-cu il avqustun 16-da Bakı şəhərində imzalanmış Müqavilə təsdiq edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 21 dekabr 2010-cu il

             № 24-IVQ

 

 

Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında

Müqavilə

 

Bundan sonra "Tərəflər" adlandırılacaq Azərbaycan Respublikası və Türkiyə Respublikası,

9 fevral 1994-cü il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə”ni və “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol”u rəhbər tutaraq, habelə 13 oktyabr 1921-ci il tarixli Qars Müqaviləsinə sadiq olduqlarını ifadə edərək,

ənənəvi dostluq və qardaşlıq münasibətlərinin müştərək dəyərlər, hərtərəfli əməkdaşlıq, etimad və hər iki ölkənin maraqlarına qarşılıqlı hörmət əsasında daha da gücləndirilməsi əzmində olaraq,

bir-birinin daxili işlərinə qarışmamaq, suveren bərabərlik, ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinin vacibliyini təsdiq edərək, müstəqilliklərinə, suverenliklərinə, ərazi bütövlüklərinə yönələn silahlı basqın halında lazımı qarşılıqlı yardım tədbirlərin həyata keçirilməsinin zəruriliyini vurğulayaraq,

milli təhlükəsizliklərinin təmin edilməsi və iqtisadi qüdrətlərinin gücləndirilməsinin və müştərək dəyərlərinin qorunmasının Tərəflərin on ümdə maraqlan olduğu üçün siyasi, iqtisadi, energetika, mədəni, humanitar, hərbi və hərbi-texniki sahələrdəki əməkdaşlıqlarmı inkişaf etdirmək və dərinləşdirmək qətiyyətində olduqlarını ifadə edərək,

aktual beynəlxalq məsələlərdə birgə mövqe nümayiş etdirmək məqsədilə, beynəlxalq və regional təşkilatlarda iki ölkə arasında mövcud əməkdaşlığın daha da möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayaraq,

bölgədə sülh, əmin-amanlıq, rifah və inkişaf məqsədi ilə əlverişli şəraitin bərqərar olması üçün dövlətlərin təhlükəsizliyinin, suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsinin ən vacib şərt olduğunu təsdiqləyərək,

insan hüquqları, qanunun aliliyi və yaxşı idarəetmə prinsiplərinə sadiq olduqlarım ifadə edərək,

aşağıdakılar barədə razılığa gəldilər:

 

Hərbi-siyasi və təhlükəsizlik məsələləri

Maddə 1

 

Tərəflər qonşu və qardaş dövlətlər olaraq bir-birinin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının təmin olunmasında və qorunmasında bir-biri ilə sıx əməkdaşlıq edəcəklər. Tərəflərin hər hansı biri ərazi bütövlüyünün, suverenliyinin və sərhədlərinin toxunulmazlığının təhdid edildiyi və ya təhlükə altında olduğu qənaətində olduqda, Tərəflər bu təhdid və təhlükələrin aradan qaldırılması istiqamətində görülə biləcək tədbirlər barədə təxirəsalınmadan məsləhətləşmələr aparacaqlar.

 

Maddə 2

 

Tərəflərdən biri üçüncü dövlət və ya bir qrup dövlət tərəfindən silahlı basqın və ya hərbi təcavüzə məruz qaldıqda, Tərəflər BMT Nizamnaməsinin 51-ci maddəsi ilə tanınan fərdi və ya kollektiv özünü müdafiə hüququnun həyata keçirilməsi üçün hərbi imkan və qüdrətlərindən istifadə etmək də daxil olmaqla, mövcud imkanları çərçivəsində bütün zəruri tədbirlərin görülməsi məqsədi ilə bir-birinə qarşılıqlı yardım göstərəcəkləri barədə razılığa gəldilər. Bu yardımın forması və həcmi təxirəsalınmadan Tərəflər arasında razılaşdırılacaqdır.

 

Maddə 3

 

Tərəflər bu Müqavilənin 2-ci maddəsini rəhbər tutaraq, bir-birinə qarşılıqlı yardımın təmin edilməsi üçün səylərin birləşdirilməsi və razılaşdırılmış tədbirlərin icrası məqsədi ilə müdafiə və hərbi-texniki sahədə siyasətlərinin həyata keçirilməsində və silahlı qüvvələri arasındakı əlaqələrin daha da gücləndirilməsində sıx əməkdaşlıq edəcəklər.

 

Maddə 4

 

Tərəflər onların maraqlarına toxunan bütün beynəlxalq təhlükəsizlik məsəlləri üzrə bir-biri ilə məsləhətləşmələr aparacaq və bu Müqavilənin məqsədlərinin uğurla həyata keçirilməsinə nail olmaq üçün həyati maraqlarının, ələlxüsus milli təhlükəsizliyinin təmin edilməsi və milli təhlükəsizliyə qarşı yönələn hər hansı təhdid və təhlükənin aradan qaldırılması üçün qarşılıqlı məsləhətləşmələr əsasında fərdi və birgə tədbirlər görmək imkanlarının inkişaf etdirilməsində və artırılmasında bir-birinə davamlı, səmərəli yardım göstərəcək və əməkdaşlıq edəcəklər.

 

Maddə 5

 

Tərəflərdən hər hansı biri, digər Tərəfin müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə qarşı yönələ bilən ittifaq və hərəkətlərdə iştirak etməyəcək, öz ərazisində digər Tərəfin müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə təhlükə yaradan təşkilatların və qrupların yaradılmasını və fəaliyyətini qadağan edəcəklər.

Tərəflərdən hər hansı biri öz ərazisindən digər Tərəfə qarşı təcavüz aktlarının və digər zorakı hərəkətlərin həyata keçirilməsi üçün istifadə edilməsinə yol verməməyi öhdələrinə götürürlər.

 

Maddə 6

 

Tərəflər regional və beynəlxalq sabitliyə və təhlükəsizliyə mənfi təsir edən müxtəlif təhdid və çağırışlara, xüsusilə terrorçuluğa, onun bütün forma və təzahürlərinə, maliyyələşdirilməsinə, həmçinin kütləvi qırğın silahlarının yayılmasına, mütəşəkkil cinayətkarlığa, çirkli pulların yuyulmasına, narkotiklərin qeyri-qanuni dövriyyəsinə, insan alverinə, qeyri-qanuni miqrasiyaya qarşı mübarizə sahəsində birgə səylərini və əməkdaşlıqlarını gücləndirəcəklər.

 

Hərbi və hərbi-texniki əməkdaşlıq məsələləri

 

Maddə 7

 

Tərəflər bu Müqavilədə nəzərdə tutulan müdafiə sahəsində əməkdaşlığın və qarşılıqlı yardının həyata keçirilməsi üçün, öz milli qanunvericilikləri və beynəlxalq öhdəlikləri əsasında və qanuni müdafiə ehtiyaclarının təmin olunması zərurətini nəzərə alaraq, silahlı qüvvələrinin güc və idarəetmə strukturlarının əlaqələndirilməsi üçün lazımi planlaşdırma həyata keçirirlər.

 

Maddə 8

 

Tərəflər bu Müqavilənin 2-ci maddəsində qeyd olunan müdafiə və qarşılıqlı yardımın həyata keçirilməsi çərçivəsində birgə hərbi əməliyyatlar aparılması məqsədi ilə hərbi infrastrukturlarının təkmilləşdirilməsi, silahlı qüvvələrin hərtərəfli hazırlığı, onların zəruri silahlarla və hərbi texnika ilə təmin edilməsi üçün bütün lazımi milli tədbirləri görürlər.

 

Maddə 9

 

Tərəflər arasında müdafiə sahəsində əməkdaşlıq çərçivəsində nəzərdə tutulan tədbirlər aşağıdakı şəkildə həyata keçiriləcəkdir:

 

-          Tərəflərin müdafiə ehtiyacları və təhlükəsizliyi üçün müdafiə təyinatlı məhsulların və maddi-texniki vasitələrin təchizatı;

-          müdafiə təyinatlı məhsulların yaradılması və istehsalı;

-          müdafiə təyinatlı xidmətlərin təqdim edilməsi;

-          birgə hərbi təlimlərin və müdafiə hazırlığı  üzrə tədbirlərin keçirilməsi;

-          silahlı qüvvələr üçün mütəxəssislərin hazırlanması;

-          silahlı qüvvələrin fəaliyyətinin arxa cəbhə təminatı;

-          hərbi tibb və səhiyyə;

-          qarşılıqlı razılığa əsasən digər sahə və məsələləri.

 

İqtisadi əməkdaşlıq məsələləri

 

Maddə 10

 

Tərəflər ticarət-iqtisadi əlaqələrin hər iki ölkənin potensialına uyğun olaraq genişləndirilməsi, habelə iki ölkə arasında iqtisadi inteqrasiyanın dərinləndirilməsi məqsədi ilə fəaliyyətlərini daha da intensivləşdirəcəklər.

 

Maddə 11

 

Tərəflər qarşılıqlı investisiya və ticarət əlaqələrini, sənaye, maliyyə və bank sektorunda, kənd təsərrüfatı, yeyinti və yüngül sənaye, rabitə və informasiya texnologiyaları, kommunikasiya, nəqliyyat və turizm, alternativ enerji mənbələrindən istifadə və digər iqtisadi sahələrdə əməkdaşlığı inkişaf etdirəcək, habelə üçüncü ölkələrdə fəaliyyət göstərən müəssisələri arasında qarşılıqlı faydalı əməkdaşlığı təşviq edəcəklər. Tərəflər ixracın gücləndirilməsi, məhsuldarlığın artırılması, yeni texnologiyaların istifadəsi və investisiyaların cəlb olunması məqsədi ilə əməkdaşlığı genişləndirəcəklər.

 

Maddə 12

 

Tərəflər enerji sahəsində qlobal və regional enerji təhlükəsizliyinin təmin edilməsi və iqtisadiyyatlarının gücləndirilməsi məqsədi ilə ərazilərdən keçən qlobal əhəmiyyətli enerji layihələrinin davamlı fəaliyyəti üçün bütün zəruri tədbirləri həyata keçirəcək və bu istiqamətdəki əməkdaşlıqlarını genişləndirəcəklər.

Tərəflər, həmçinin öz ölkələrində və üçüncü ölkələrdə karbohidrogen ehtiyatlarının inkişaf etdirilməsi, daşınması və satışının təmin edilməsi üçün müştərək investisiya layihələri həyata keçirmək niyyətindədirlər. Bu məqsədlərin həyata keçirilməsi üçün Tərəflər aidiyyəti qurum və təşkilatlarının nümayəndələrindən ibarət olacaq Enerji Sahəsində Birgə Komissiya yaradılması barədə razılığa gəldilər.

 

Maddə 13

 

Tərəflər sərnişinlərinin və yüklərinin öz ölkələrinin hüdudları daxilindəki dəniz və hava limanlarından, dəmir və magistral yolları şəbəkələrindən maneəsiz keçməsinin təmin olunması istiqamətində əməkdaşlığı inkişaf etdirəcəklər. Tərəflər iştirakçıları olduqları beynəlxalq müqavilələrinə və milli qanunvericiliklərinə uyğun olaraq, tranzit nəqliyyat xətləri və nəqliyyatın digər sahələri ilə bağlı olan infrastrukturların inkişafında əməkdaşlıqlarım dərinləşdirəcəklər.

 

Humanitar məsələlər

 

Maddə 14

 

Tərəflər Parlamentlərarası əməkdaşlığın gələcəkdə daha da inkişaf etdirilməsini təşviq edəcəklər.

 

Maddə 15

 

Tərəflər, lazımi dövlət dəstəyini də təmin edərək, müştərək dəyərlərə söykənən xalqları arasında güclü əlaqələrinin ictimai inteqrasiyası məqsədilə humanitar, sosial müdafiə, səhiyyə, təhsil, mədəniyyət, gənclər və idman sahələrində əməkdaşlığı inkişaf etdirəcək, hər iki xalqın müştərək dəyərlərinin əsas ünsürləri olan dillərinin, müqəddəs dəyərlərinin və mədəni irslərinin hər iki ölkədə də tanıdılmasını və inkişaf etdirilməsini təşviq edəcək və lazımi ictimai dəstəyinin göstərilməsini təmin edəcək, tarixi və mədəni irslərinin qorunması üçün birgə fəaliyyət həyata keçirəcəklər.

Tərəflər, bir-birlərinin incəsənət qurumlarının fəaliyyətlərinin hər iki ölkədə də genişləndirilməsi və müştərək mədəniyyət və incəsənət qurumlarının yaradılması barədə razılığa gəldilər.

 

Maddə 16

 

Tərəflər intellektual, elmi və texniki potensiallarının daha da artırılması və ümumi elmi-texniki məkanın yaradılması məqsədi ilə, elmi müəssisələri arasında əlaqələrin gücləndirilməsini təşviq edəcək, müştərək elmi tədqiqat layihələrinin icrası və əldə olunan elmi, texniki və texnoloji nailiyyətlərin ən yaxşı şəkildə tətbiqi və qarşılıqlı istifadə olunması istiqamətində əməkdaşlıq edəcəklər.

 

Maddə 17

 

Tərəflər rabitə və informasiya texnologiyaları sahəsində, eləcə də kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsini təşviq edəcəklər.

 

Maddə 18

 

Tərəflər milli qanunvericiliklərinə uyğun olaraq, vətəndaşlarının bir-birinin ölkələrinə gediş-gəlişinin asanlaşdırılması, bir Tərəfin vətəndaşının digər tərəfinin ölkəsində yaşamasının, daşınmaz əmlak əldə etməsinin, əmək fəaliyyəti ilə məşğul olması və sosial müdafiəsinin təmin olunması üçün tədbirlər görəcəklər.

Tərəflər milli qanunvericiliklərinə uyğun olaraq, hər iki ölkənin milli maraqlarının müdafiəsi, xalqlarının tarixi və mədəniyyətinin dünya ictimaiyyətinə çatdırılması, Tərəflərin üçüncü ölkədə yaşayan vətəndaşlarının, habelə üçüncü ölkənin vətəndaşı olan və ya vətəndaşlığı olmayan, lakin etnik, dil, mədəniyyət və ya tarixi əlaqələr baxımından Tərəflərdən birinə bağlılığı olan soydaşların hüquqlarının qorunması istiqamətində digər ölkələrdəki diasporlarının fəaliyyətinə beynəlxalq hüquqi aktlar çərçivəsində və müvafiq ölkələrin qanunvericiliyinin imkan verdiyi həddə dəstək verəcəklər.

 

Maddə 19

 

Tərəflər ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyinin mənfi təsirlərinin qarşısının alınması sahəsində birgə səylərin göstərilməsi məqsədilə ətraf mühit sahəsində hökumət və qeyri-hökumət təşkilatları arasında əməkdaşlığı təşviq edəcəklər.

 

Maddə 20

 

Tərəflər ərzaq təhlükəsizliklərinin təmin edilməsi istiqamətində kənd təsərrüfatı və ərzaq təminatı sahəsində əməkdaşlıqlarını daha da inkişaf etdirəcəklər.

 

Ümumi və yekun müddəalar

 

Maddə 21

 

Bu Müqavilənin müddəaları Tərəflərin iştirakçısı olduqları digər beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərinə xələl gətirməyəcəkdir.

 

Maddə 22

 

Bu Müqavilə müddəalarının təfsirindən və ya tətbiqindən irəli gələn hər cür fikir ayrılığı arbitraja və ya hər hansı bir milli və ya beynəlxalq məhkəməyə ya da digər üçüncü tərəf vasitəsilə həll yollarına müraciət etmədən Tərəflər arasında danışıqlar yolu ilə dostcasına həll olunacaqdır.

 

Maddə 23

 

Bu Müqavilə, Tərəflərin milli qanunvericiliklərinin nəzərdə tutduğu lazımi prosedurların başa çatması ilə əlaqədar ratifikasiya sənədlərinin mübadilə edildiyi gündən qüvvəyə minir və 10 il müddətində qüvvədə qalacaqdır.

 

Tərəflərdən hər biri bu Müqavilənin müddətinin bitməsinə ən azı 6 ay qalmış diplomatik kanallar vasitəsilə yazılı olaraq Müqavilənin ləğvi barədə bildiriş təqdim etmədiyi halda Müqavilənin qüvvədə olma müddəti avtomatik olaraq növbəti 10 illik müddətlərə uzadılacaqdır.

 

Bu Müqavilə qarşılıqlı razılaşma ilə dəyişdirilə bilər. Hər bir dəyişiklik bu maddənin birinci bəndində müəyyən edilmiş qaydaya uyğun olaraq qüvvəyə minəcəkdir.

 

Bu Müqavilə Bakı şəhərində 16 avqust 2010-cu il tarixində Azərbaycan və Türk dillərində olmaqla iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər eyni hüquqi qüvvəyə malikdir. Təfsir zamanı fərqlər olduğu halda bütün mətnlər bərabər dərəcədə əsas götürüləcəkdir.

 

 

Azərbaycan Respublikası

adından

 

Türkiyə Respublikası adından

 

 

 

 

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının

Prezidenti

 

 

Abdullah Gül

Türkiyə Respublikasının Prezidenti

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status