AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
13.05.2003
QEYDİYYAT NÖMRƏSİ
455-IIQ
ADI
"Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2003, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 269)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
430.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə

"Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. "Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında" 2002-ci il sentyabrın 23-də Moskva şəhərində imzalanmış Saziş təsdiq edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 may 2003-cü il
           № 455-IIQ

 

Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə  və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında

SAZİŞ

 

 Bundan sonra Tərəflər adlanacaq Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökumətı,

 təhsil sahəsində ənənəvi sıx və səmərəli əlaqələri nəzərə alaraq, təhsil və elm sahəsində əməkdaşlığın, qarşılıqlı akademik mobilliyin  gələcək inkişafı üçün səy göstərərək,

 Avropa regionunda ali təhsilə aid ixtisasların tanınması haqqında 11 aprel 1997-ci ildə imzalanmış konvensiyanın prinsip və  müddəalarına uyğun olaraq,

 Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında mədəni və elmi əməkdaşlıq haqqında 6 iyun 1995-ci  ildə imzalanmış Sazişin təhsil haqqında sənədləri, elmi dərəcələrin və elmi adların qarşılıqlı şəkildə tanınmasına aid hissəsinin  müddəalarının həyata keçirilməsi məqsədilə

 aşağıdakılar barədə razılığa gəldilər:

 

Maddə 1

 

 1. Bu Saziş Tərəflərin dövlət akkreditasiyası olan təhsil müəssisələri və Azərbaycan Respublikası və Rusiya Federasiyasının  qanunvericiliyinə uyğun olaraq bu məqsədlə səlahiyyətləndirilmiş digər dövlət müəssisələri tərəfindən verilmiş təhsil, elmi adlar və elmi  dərəcələr haqqında Azərbaycan Respublikası və Rusiya Federasiyasının dövlət nümunəli sənədlərinə şamil olunur.

 2. Bu Sazişin müddəaları onun qüvvəyə minməsindən əvvəl Azərbaycan Respublikası və Rusiya Federasiyası ərazisində verilmiş, bu  maddənin 1-ci bəndində göstərilən sənədlərə münasibətdə də tətbiq olunur.

 

Maddə 2

 

 Azərbaycan Respublikasında verilmiş əsas ümumi təhsil haqqında şəhadətnamə və Rusiya Federasiyasında verilmiş əsas ümumi təhsil  haqqında attestat müvafiq olaraq Rusiya Federasiyasında və Azərbaycan Respublikasında Azərbaycan Respublikasının qanunvericiliyi və  Rusiya Federasiyasının qanunvericiliyinə əsasən və qəbul edən təhsil müəssisəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının və  Rusiya Federasiyasının orta (tam) ümumi, ibtidai və orta peşə (ixtisas) təhsilli müəssisələrində təhsili davam etdirmək hüququ verən sənəd  kimi tanınır.

 

Maddə 3

 

 Azərbaycan Respublikasında verilmiş tam orta ümumi təhsil haqqında attestat və tam orta ümumi təhsil almaqla ibtidai peşə təhsili  haqqında diplom və Rusiya Federasiyasında verilmiş orta (tam) ümumi təhsil haqqında attestat və orta (tam) ümumi təhsil almaqla ibtidai  peşə təhsili haqqında diplom, müvafiq olaraq Rusiya Federasiyasında və Azərbaycan Respublikasında Azərbaycan Respublikasının  qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə əsasən və qəbul edən təhsil müəssisəsinin tələblərinə uyğun olaraq  Azərbaycan Respublikasının orta ixtisas və ali təhsil müəssisələrində və Rusiya Federasiyasının orta peşə və ali təhsil müəssisələrində təhsili  davam etdirmək hüququ verən sənəd kimi tanınır.

 

Maddə 4

 

 İşə qəbul zamanı Azərbaycan Respublikasında verilmiş ibtidai ixtisas təhsili haqqında diplom və kvalifikasiya haqqında şəhadətnamə və  Rusiya Federasiyasında verilmiş ibtidai peşə təhsili haqqında diplom və kvalifikasiya haqqında şəhadətnamə, müvafiq olaraq Rusiya  Federasiyasında və Azərbaycan Respublikasında bu sənədlərdə göstərilmiş ixtisas (peşə) və kvalifikasiyalara uyğun olaraq tanınır.

 

Maddə 5

 

 Azərbaycan Respublikasında verilmiş orta ixtisas təhsili haqqında diplom və Rusiya Federasiyasında verilmiş orta peşə təhsili haqqında  diplom, müvafiq olaraq Rusiya Federasiyasında və Azərbaycan Respublikasında ali məktəblərə qəbul olunarkən Azərbaycan  Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə əsasən və qəbul edən ali məktəbin tələbinə uyğun olaraq  tanınır. İşə qəbul zamanı adı çəkilən diplomların sahiblərinin peşə hazırlığı həmin sənədlərdə göstərilmiş hazırlıq istiqaməti (ixtisası) və  kvalifikasiyaya uyğun olaraq tanınır.

 

Maddə 6

 

 Dörd ildən az olmayan əyani təhsil alındıqdan sonra, müvafiq olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyasında verilən bakalavr  dərəcəsinin alınmasını təsdiq edən ali ixtisas təhsilinin birinci pilləsi haqqında diplom və bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali peşə  təhsili haqqında diplom, müvafiq olaraq Rusiya Federasiyasında və Azərbaycan Respublikasında tanınır və onların sahiblərinə Azərbaycan  Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə əsasən və qəbul edən ali məktəbin tələblərinə uyğun olaraq  magistr hazırlanma proqramı üzrə və mütəxəssis hazırlanma proqramı üzrə ali təhsillərini davam etdirmək hüququ verir. İşə qəbul zamanı  bu diplomların sahiblərinin peşə hazırlığı həmin sənədlərdə göstərilmiş hazırlıq istiqaməti (ixtisası) və kvalifikasiyaya uyğun olaraq tanınır.

 

Maddə 7

 

 Beş ildən az olmayan əyani təhsil alındıqdan sonra, müvafiq olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyasında verilən, mütəxəssis  kvalifikasiyasının alınmasını təsdiq edən ali ixtisas təhsili haqqında diplom və mütəxəssis kvalifikasiyasının alınmasını təsdiq edən ali peşə  təhsili haqqında diplom, müvafiq olaraq Rusiya Federasiyasında və Azərbaycan Respublikasında Azərbaycan Respublikasının  qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə əsasən və qəbul edən ali təhsil müəssisəsinin yaxud elmi müəssisənin  tələblərinə uyğun olaraq təhsilin növbəti mərhələlərində təhsilin davam etdirilməsi zamanı tanınır. İşə qəbul zamanı bu diplomların  sahiblərinin peşə hazırlığı həmin sənədlərdə göstərilmiş hazırlıq istiqaməti (ixtisası) və kvalifikasiyaya uyğun olaraq tanınır.

 

Maddə 8

 

 Azərbaycan Respublikası və Rusiya Federasiyasında tibb ixtisasları üzrə altı ildən az olmayan müddət ərzində əyani təhsilin tam kursunu  bitirmək və həkim kvalifikasiyasının alınması haqqında verilən diplomlar, müvafiq olaraq Rusiya Federasiyasında və Azərbaycan  Respublikasında Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə əsasən və qəbul edən ali təhsil  müəssisəsinin və elmi müəssisənin tələblərinə uyğun olaraq aspirantura, internatura və klinik ordinaturada təhsilin davam etdirilməsi zamanı  tanınır. İşə qəbul zamanı bu diplomların sahiblərinin peşə hazırlığı həmin sənədlərdə göstərilmiş hazırlıq istiqaməti (ixtisası) və  kvalifikasiyaya uyğun olaraq tanınır, lakin müstəqil peşə fəaliyyətinə icazə isə Azərbaycan Respublikası və Rusiya Federasiyasının səhiyyə  orqanlarının bu məqsədlə müəyyən olunmuş tələblərinə uyğun olaraq verilir.

 

Maddə 9

 

 Altı ildən az olmayan əyani təhsil alındıqdan sonra, müvafiq olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyasında verilən magistr  dərəcəsinin alınmasını təsdiq edən ali ixtisas təhsili haqqında diplom və magistr dərəcəsinin alınmasını təsdiq edən ali peşə təhsili haqqında  diplom, müvafiq olaraq Rusiya Federasiyasında və Azərbaycan Respublikasında Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya  Federasiyasının qanunvericiliyinə əsasən və qəbul edən ali təhsil müəssisəsinin, yaxud elmi müəssisənin tələblərinə uyğun olaraq təhsilin  davam etdirilməsi zamanı tanınır. İşə qəbul zamanı bu diplomların sahiblərinin peşə hazırlığı həmin sənədlərdə göstərilmiş hazırlıq istiqaməti  (ixtisası) və kvalifikasiyaya uyğun olaraq tanınır.

 

Maddə 10

 

 Ali təhsil proqramları üzrə təhsil almağa daxil olmuş, lakin göstərilən təhsilin tam kursunu bitirməyən şəxslərə Azərbaycan Respublikasında  və Rusiya Federasiyasında verilmiş, alınmış təhsilin həcm və məzmunu əks olunmuş sənədlər, müvafiq olaraq Rusiya Federasiyasında və  Azərbaycan Respublikasında təhsilin müvafiq mərhələsini bitirməyi təsdiq edən sənəd kimi tanınır və Azərbaycan Respublikasının  qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə əsasən və qəbul edən ali məktəbin tələblərinə uyğun olaraq Azərbaycan  Respublikasının və Rusiya Federasiyasının ali tədris müəssisələrində təhsilini davam etdirmək hüququ verir.

 

Maddə 11

 

 Bu Sazişin 4, 5, 6, 7, 8, 9 və 10-cu maddələri tədris müddətinin və hazırlıq sahələrinin əsasən üst-üstə düşməsini nəzərdə tutur. Ayrı-ayrı  hallarda sorğu verilən Tərəfin səlahiyyətli orqanları bu maddələrdə göstərilmiş diplom sahiblərindən konkret tədris proqramında məxsusi  fərqi olan fənnlər üzrə əlavə kurslar keçmələri və imtahan vermələri haqqında sənədlər tələb edə bilər.

 

Maddə 12

 

 Azərbaycan Respublikasında və Rusiya Federasiyasında verilmiş elmlər namizədi və elmlər doktoru diplomlarının, dosent və professor  attestatlarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi, müvafiq olaraq Rusiya Federasiyasının qanunvericiliyi və Azərbaycan  Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

 

Maddə 13

 

 Təhsil sənədlərinin bu Sazişdə nəzərdə tutulduğu kimi tanınması, sənəd sahibinin Azərbaycan Respublikası və Rusiya Federasiyası  ərazisində təhsil müəssisəsinə daxil olması, elmi dərəcə və elmi ad almaq yaxud peşə fəaliyyəti ilə məşğul olması üçün irəli sürülən digər  ümumi tələbləri də (sənədin olmasını tələb edən şərtlərdən başqa) yerinə yetirməkdən azad etmir.

 

Maddə 14

 

 Bu Sazişin müddəalarının həyata keçirilməsi üçün Tərəflərin səlahiyyətli orqanları təhsil, elmi dərəcələr haqqında dövlət sənədlərinin  nümunələrini, həmçinin onların verilməsi qaydaları və prosedurlarını tənzimləyən milli normativ aktları bir-birinə təqdim edirlər.

 

Maddə 15

 

 Tərəflər bu Sazişin müddəalarını həyata keçirmək məsələlərində bir-biri ilə məsləhətləşir, öz təhsil sistemlərində, təhsil müəssisələrinin dövlət  qiymətləndirilməsi qaydaları və prosedurlarında, təhsil, elmi ad və elmi dərəcələr haqqında sənədlərinin adlarında edilən dəyişikliklər barədə  bir-birinə məlumat verirlər.

 

Maddə 16

 

 Tərəflər təhsil sənədlərinin, elmi ad və elmi dərəcələrin tanınması ilə bağlı ümumi məsələlərə həsr olunmuş çoxtərəfli Beynəlxalq forumlar,  konfranslar və görüşlərdə öz fəaliyyətlərini əlaqələndirirlər.

 

Maddə 17

 

 Bu Sazişə hər iki Tərəfin Razılığı ilə dəyişikliklər və əlavələr oluna bilər. Onlar bu Sazişin ayrılmaz hissəsi olan ayrı-ayrı protokollar şəklində  tərtib edilir və onun 18-ci maddəsində nəzərdə tutulmuş qaydada qüvvəyə minirlər.

 Bu Sazişin tətbiqi və təfsiri ilə bağlı Tərəflər arasında yaranmış mübahisələr məsləhətləşmələr və danışıqlar yolu ilə həll olunur.

 

Maddə 18

 

 Bu Saziş onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi haqqında Tərəflərin diplomatik kanallarla  göndərdiyi sonuncu yazılı bildirişin tarixindən qüvvəyə minəcəkdir.

 Bu Saziş beş il müddətinə bağlanır və Tərəflərdən heç biri növbəti dövrün başa çatmasına ən azı altı ay qalmış onun qüvvəsini ləğv etmək  niyyəti barədə digər Tərəfə xəbərdarlıq etməzsə, Sazişin qüvvəsi avtomatik olaraq növbəti beş illik dövrlərə uzadılacaqdır.

 Bu Saziş qüvvədən düşdüyü halda onun müddəaları Sazişin qüvvəsi ləğv edilməmişdən qabaq verilmiş, əvvəlki maddələrdə göstərilmiş  sənədlərə və o cümlədən sahibləri Saziş qüvvədən düşməzdən əvvəl Azərbaycan Respublikasına və Rusiya Federasiyasına gəlmiş sənədlərə  tətbiq olunmaqda davam edəcəkdir. Onların aldıqları sənədlər bu Sazişin müddəalarına uyğun olaraq tanınacaqdır.

 Bu Saziş Moskva şəhərində 23 sentyabr tarixində hər biri Azərbaycan və rus dillərində olmaqla iki nüsxədə imzalanmışdır, hər iki mətn eyni  qüvvəyə malikdir.

 

Azərbaycan Respublikası

Hökuməti adından

(imza)

Rusiya Federasiyası

Hökuməti adından

(imza)

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status