Dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından ayrılan əsaslı vəsait qoyuluşlarının (investisiyaların) dövlət müəssisələrinin nizamnamə kapitalının artırılmasına yönəldilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Dövlət müəssisələrinin maliyyə vəziyyətinin sağlamlaşdırılmasını, habelə dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından ayrılan əsaslı vəsait qoyuluşlarının (investisiyaların) təyinatı üzrə səmərəli istifadə edilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. 2010-cu ildən başlayaraq, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərindən dövlət müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsinə, maddi-texniki bazasının gücləndirilməsinə, o cümlədən müvafiq xidmətlərin göstərilməsi ilə bağlı balanslarında olan obyektlər üzrə infrastrukturun yenidən qurulmasına və inkişafına yönəldilməsi nəzərdə tutulan vəsait qanunvericiliklə müəyyən edilmiş qaydada həmin müəssisələrin nizamnamə kapitalına daxil edilsin.
2. 2007-2009-cu illər ərzində dövlət müəssisələrinə dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından ayrılmış əsaslı vəsait qoyuluşları (investisiyalar) həmin dövlət müəssisələrinin nizamnamə kapitalının artırılmasına yönəldilmiş hesab edilsin.
3. Aidiyyəti dövlət müəssisələrinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə tapşırılsın ki:
[1]
- qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından əsaslı vəsait qoyuluşları (investisiyalar) ayrılmış dövlət müəssisələrinin nizamnamələrində müvafiq düzəlişlər edilməsini təmin etsinlər, zəruri hallarda müvafiq təkliflər hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər;
- bu qərarın icrası barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versinlər.
4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ
Bakı şəhəri, 22 oktyabr 2010-cu il
№ 183
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
30 mart 2022-ci il tarixli 118 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 aprel 2022-ci il, № 65, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 290)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
30 mart 2022-ci il tarixli 118 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 aprel 2022-ci il, № 65, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 290) ilə 3-cü hissəsinin birinci abzasında “Əmlak Məsələləri Dövlət Komitəsinə” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə” sözləri ilə əvəz edilmişdir.