×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
13.05.2003
QEYDİYYAT NÖMRƏSİ
436-IIQ
ADI
"Azərbaycan Respublikasının Hökuməti ilə Amerika Birləşmiş Ştatlarının Hökuməti arasında narkotiklərə nəzarət və hüquq-mühafizə orqanlarına yardım haqqında Saziş Məktubu"nun təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2003, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 258)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
430.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Azərbaycan Respublikasının Hökuməti ilə Amerika Birləşmiş Ştatlarının Hökuməti arasında narkotiklərə nəzarət və hüquq-mühafizə orqanlarına yardım haqqında Saziş Məktubu"nun təsdiq edilməsi barədə

"Azərbaycan Respublikasının Hökuməti ilə Amerika Birləşmiş Ştatlarının Hökuməti arasında narkotiklərə nəzarət və hüquq-mühafizə orqanlarına yardım haqqında Saziş Məktubu"nun təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. 2003-cü il yanvarın 3-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Hökuməti ilə Amerika Birləşmiş Ştatlarının Hökuməti arasında narkotiklərə nəzarət və hüquq-mühafizə orqanlarına yardım haqqında Saziş Məktubu" təsdiq edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Heydər Əlİyev,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 may 2003-cü il
              № 436-IIQ

 

 

Azərbaycan Respublikasının Hökuməti ilə Amerika Birləşmiş Ştatlarının Hökuməti arasında  narkotiklərə nəzarət və hüquq mühafizə orqanlarına yardım haqqında

SAZİŞ MƏKTUBU

I. Ümumİ

 Xarici işlər naziri Vilayət Quliyev tərəfindən təmsil olunan Azərbaycan Respublikasının Hökuməti və müvəqqəti işlər vəkili Nənsi Makldauni tərəfindən təmsil olunan Amerika Birləşmiş Ştatlarının Hökuməti (ABŞ Hökuməti) narkotiklərə nəzarət və hüquq mühafizə  sahəsinin inkişafına yardım göstərmək məqsədilə nəzərdə tutulan layihənin əsasını qoymaq və dəstəkləmək üzrə birgə razılığa gəlirlər.

 Aşağıda qeyd olunan layihələrin dəstəyi olaraq Azərbaycan Respublikası Hökuməti və ABŞ Hökuməti tərəfindən yerinə yetirilməli olan  fəaliyyət və təmin edilməli olan ehtiyatlar, birgə razılaşma ilə başqa şəkildə dəyişilməyənə qədər, əsas öhdəlik şəklində imzaçılar tərəfindən  qəbul olunur. Azərbaycan Respublikası Hökumətinə ABŞ Hökuməti sonuncunun dövlət orqanları vasitəsilə müqavilə əsasında təqdim  edilən texniki yardım və təlimlər də daxil olmaqla 500 000 $ həcmində yardım göstərəcəkdir. Bu Sazişin imzalanması ilə ABŞ Hökuməti  tərəfindən verilən vəsait üz səhifədə müəyyən ediləcək və ümumi dəyəri 340 000 $ olacaqdır. Bu layihələr üçün gələcək maliyyələşdirmə  Konqresin icazəsi və vəsaitin əldə edilməsi, habelə Narkotiklər və Hüquq Mühafizəyə dair Beynəlxalq İşlər üzrə Dövlət Katibinin müavini  tərəfindən təsdiqdən asılıdır.

 Bu Sazişə dəyişikliklər imzaçılar tərəfindən birgə razılaşma üzrə və hazırkı Sazişə düzəlişlər şəklində edilə bilər.

 Azərbaycan Respublikası Hökumətini təmsil edən xarici işlər naziri Vilayət Quliyev və ABŞ Hökumətini təmsil edən müvəqqəti işlər vəkili  Nənsi Makldauni hazırkı Sazişə birgə düzəliş edilməsi halları istisna olmaqla, imzalanma tarixindən ləğv edilmə tarixinədək bu Sazişin bütün  müddəalarını dəstəkləməyə razılaşır.

II. Layİhənİn təsvİrİ, məqsədlərİ və yerİnə yetİrİlmə tədbİrlərİ

 Cinayət məlumatının idarə edilməsi sisteminin inkişafı layihəsi 110 000 ABŞ dolları

 Bu layihə, hüquq mühafizə sahəsində mühüm məlumatların qorunması və onların hazır şəkildə əldə olunması üçün Azərbaycan  Respublikasının Daxili İşlər Nazirliyində cinayət məlumatlarının idarə edilməsi üzrə səmərəli sistemin inkişaf etdirilməsi məqsədilə tərtib  olunur. Bu məqsədə çatmaq üçün, ABŞ və Azərbaycan Respublikası Hökumətləri bu səyləri dəstəkləmək naminə fəaliyyət göstərəcək və  ehtiyatları təmin edəcəklər.

 ABŞ Hökuməti tərəfindən həyata keçirilməli olan fəaliyyət kompüter avadanlıqlarına və proqram təchizatına olan ehtiyacı  müəyyənləşdirmək və tövsiyyələr hazırlamaq məqsədilə Daxili İşlər Nazirliyində işləmək üçün Bakıya ABŞ-dan olan texniki məsələlər üzrə  məsləhətçinin göndərilməsini daxil edir. Kompüter avadanlıqları tədarük edildikdən sonra təlim başlayacaqdır.

 Azərbaycan Respublikası Hökuməti tərəfindən həyata keçirilməli olan fəaliyyət qiymətləndirməyə yardım göstərmək məqsədilə Daxili İşlər  Nazirliyində idarəetmə və texniki məsələlər üzrə mütəxəssislərlə iclasların keçirilməsini daxil edir. Kompüter iş mərkəzi üçün müvafiq yer  təmin ediləcəkdir. Sistemə məlumatların daxil edilməsi və qorunmasına məsul olan şəxsi heyətlə təlim keçiriləcəkdir.

 Hazırlıqlar aşağıdakılar vasitəsilə realizə olunacaqdır:

 Azərbaycan Respublikasında cinayət məlumatlarının qorunması və onların əldə olunmasını əhəmiyyətli dərəcədə təkmilləşdirən  müvafiq məlumat idarəetmə sisteminin təmin edilməsi;  Sistemdən istifadə etmək üçün Daxili İşlər Nazirliyinin işçi heyətinin təlimləndirilməsi;  Cinayətkarların tez aşkarlanması üçün Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarının imkanlarının artırılması.

 

Məhkəmə ekspertizası laboratoriya sisteminin inkişafı layihəsi

50 000 ABŞ dolları

 

 Bu layihənin məqsədi Azərbaycan Respublikasında hüquq mühafizənin məhkəmə ekspertizası sahəsində elmi imkanlarının artırılmasıdır.  Bu layihənin əhatə dairəsini müəyyənləşdirmək üçün məhkəmə ekspertizası alimləri tərəfindən texniki qiymətləndirmənin aparılmasına  ehtiyac vardır. ABŞ və Azərbaycan Respublikası Hökumətləri aşağıdakı tədbirləri görəcəklər.

 ABŞ Hökuməti məhkəmə ekspertizası sisteminin statusunu müəyyənləşdirmək məqsədilə Azərbaycan Respublikasına baş polis məmurları,  məhkəmə ekspertizası əməkdaşları və məhkəmə ekspertizası patoloqları ilə görüşmək üçün texniki məsələlər üzrə məsləhətçilər  göndərəcəkdir. Qiymətləndirmə heyəti təşkilati və idarəçilik dəyişiklikləri, habelə təchizat və təlim ehtiyaclarını tövsiyyə edən müfəssəl  hesabat hazırlayacaqdır.

 Azərbaycan Respublikası Hökuməti tərəfindən yerinə yetirilməli olan fəaliyyət müvafiq hökumət məmurları və məhkəmə ekspertizası  laboratoriyası heyəti ilə görüşlərin keçirilməsi və qiymətləndirmə heyətinə məhkəmə ekspertizası laboratoriyalarına buraxılma üçün icazənin  təqdim edilməsindən ibarət olacaqdır.

 Hazırlıqlar aşağıdakılar vasitəsilə həyata keçiriləcəkdir:

 Azərbaycan Respublikası Hökumətinin hazırkı məhkəmə ekspertizası imkanının əsaslı şəkildə nəzərdən keçirilməsi üçün  qiymətləndirmə heyətinin imkanını müəyyənləşdirmək;  məhkəmə ekspertizasına yardım xarakteri daşıyan ehtiyacları və bu ehtiyacları ödəmək üçün plan hazırlamaq.

 Bu layihənin planlaşdırılan müddəti çoxillikdir və o gələcək illərdə laboratoriya infrastrukturu, idarəetmə və texniki inkişaf, o cümlədən  laboratoriya təchizatı yardımlarından ibarətdir. ABŞ Hökuməti tərəfindən hazırkı maliyyə ilindən sonrakı maliyyələşdirmənin təminatı  layihənin məqsədlərinə münasibətdə qənaətbəxş irəliləyiş və ABŞ Konqresi tərəfindən icazə verilən və ilbəil əsasda təxsis edilən, ABŞ Dövlət  Departamentinin Narkotiklər və hüquq mühafizəyə dair beynəlxalq məsələlər üzrə Bürosu (İNL) tərəfindən təsdiq edilən maliyyə vəsaitinin  əldə olunması imkanı ilə şərtlənir.

 

Hüquq mühafizə təlimi layihəsi 222 000 ABŞ dolları

 

 Bu layihənin məqsədi Azərbaycan Respublikasının hüquq mühafizə heyəti və prokurorlarının peşəkarlıq səriştəsinin təkmilləşdirilməsi üçün  xüsusi təlimlərlə təmin edilməsidir.

 ABŞ Hökuməti tərəfindən yerinə yetirilməli olan fəaliyyət polisin fəaliyyət imkanları və qüvvədən istifadə, mütəşəkkil cinayətkarlıq, iqtisadi  cinayət və cinayət istintaqı sahələrində təlimlərlə təmin etmək üçün ABŞ Hökumətinin müxtəlif orqanlarından təlimatçıları göndərməyi daxil  edir. Bu təlim proqramları üzrə fəaliyyət hesabatlarına ehtiyac duyulan hüquq mühafizə təlimlərini təsisatlandırmaq məqsədilə Azərbaycan  Respublikasının hüquq mühafizə təlimi qurumları ilə işləmək üçün ABŞ Hökumətinin gələcək səylərinə istiqamət verəcəkdir. Azərbaycan  Respublikası Hökuməti tərəfindən yerinə yetirilməli olan fəaliyyət bu kurslar üçün təlim yerlərinin təmin edilməsini daxil edir. Kurslarda  iştirak etmək üçün müvafiq tələbələr seçilməli və tam müddət ərzində iştirak etmək imkanında olmalıdırlar. Kurs iştirakçılarına təlimlər  zamanı öyrənilmiş konsepsiyaları və təcrübələri öz iş yerlərində tətbiq etmək imkanı verilməlidir.

 Hazırlıqlar aşağıdakılar vasitəsilə yerinə yetiriləcəkdir:

 hüquq mühafizənin təhlükəsiz və səmərəli həyata keçirilməsi üçün hüquq mühafizə məmurlarının və prokurorların səriştələrinin  artırılması.  bu növ hüquq mühafizə təlimi yardımının təsisatlandırılması üçün planın formulə edilməsi.

 

Narkotiklərə qarşı mübarizə təlimi və təchizat layihəsi 118000 ABŞ dolları

 

 Bu layihə Azərbaycan Respublikası Hökumətinə ölkəsinə qonşu narkotik vasitələr mənbələrindən və tranzit ölkələrdən daxil olan narkotik  axınının qarşısını almaqda yardım etmək üçün narkotiklərə qarşı mübarizə üzrə müasir təcrübə ilə bağlı təlimləri təmin edəcəkdir.

 ABŞ Hökuməti tərəfindən yerinə yetirilməli olan fəaliyyət Azərbaycan Respublikasında narkotiklərə nəzarətə məsul olan dövlət orqanlarına  müvafiq təlim və narkotiklərin analizi üzrə əsas təchizatın təmin edilməsini daxil edəcəkdir. Ekspert təlimatçılar Azərbaycan Respublikasına  göndəriləcək və məhkəmə ekspertizası işçiləri təlim üçün ABŞ-a aparılacaqdır.

 Azərbaycan Respublikası Hökuməti tərəfindən yerinə yetirilməli olan fəaliyyət bu kurslar üçün təlim yerlərinin təmin edilməsindən ibarət  olacaqdır. Kurslarda iştirak etmək üçün müvafiq tələbələr seçilməli və tam müddət ərzində iştirak etmək imkanında olmalıdırlar. Kurs  iştirakçılarına təlimlər zamanı öyrənilmiş konsepsiyaları və təcrübələri öz iş yerlərində tətbiq etmək imkanı verilməlidir.

 Hazırlıqlar aşağıdakılar vasitəsilə həyata keçiriləcəkdir:

 qeyri-qanuni narkotik vasitələrin və prekursor kimyəvi maddələrin qadağan edilməsi üçün Azərbaycan Respublikası Hökumətinin  imkanlarının artırılması.  qeyri-qanuni narkotik vasitələrin lazımi qaydada müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikasının məhkəmə ekspertizası  laboratoriyalarının imkanlarının artırılması. 

 

Narkotiklərə qarşı mübarizə üzrə müasir texnikanın təsisatlandırılması.

 

 Bu layihənin nəzərdə tutulan müddəti çoxillikdir. ABŞ Hökuməti tərəfindən hazırkı maliyyə ilindən sonrakı maliyyələşdirmənin təminatı  layihənin məqsədlərinə münasibətdə qənaətbəxş irəliləyiş və ABŞ Konqresi tərəfindən icazə verilən və ilbəil əsasda uyğunlaşdırılan, ABŞ  Dövlət Departamenti, Beynəlxalq narkotik və hüquq mühafizə məsələləri üzrə Büro (İNL) tərəfindən təsdiq edilən maliyyə vəsaitinin əldə  olunması imkanı ilə şərtlənir.

Ümumİ müddəalar

1. Maliyyələşdirmə

 

 A. Malların və xidmətlərin təqdim edilməsi üçün ABŞ Hökuməti vəsaitinin ödənişi Amerika Səfirliyi və ya İNL tərəfindən hazırlanmış və  buraxılmış öhdəlik yaradıcı sənədlərdəki qiymətə uyğun olaraq həyata keçiriləcəkdir.

 B. Sazişin imzalanmış olduğu ABŞ Hökuməti maliyyə ilinin bağlanmasından sonrakı on iki ay ərzində Birləşmiş Ştatlar tərəfindən ayrılmış  vəsait istifadə olunmazsa, o, ABŞ Hökuməti tərəfindən öhdəlikdən çıxarılacaqdır. İstifadə müddətinin uzadılması ABŞ Dövlət  Departamentinə, İNL-ə müraciət əsasında təmin edilə bilər.

 C. Azərbaycan Respublikasının Hökuməti bu Saziş üzrə layihələrin icrası dövründə, icarə və məişət xidmətləri ödənişləri, telefon xərcləri,  əmək haqqı və gəlirlər kimi normal inzibati və əlaqədar xərclərin, o cümlədən tibb və digər sığorta mühafizəsinin adekvat  maliyyələşdirilməsinin təmin edilməsi, səriştəli heyətin işə götürülməsi və onun saxlanılması vasitəsilə Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik  Nazirliyi, Ədliyyə Nazirliyi və Respublika Prokurorluğunun səmərəli gündəlik fəaliyyətini təmin edəcəkdir.

 Azərbaycan Respublikasının Hökuməti bu Saziş üzrə ayrılan vəsaitin və ya digər dəstəyin narkotik vasitələrlə ticarətin güclənməsinə səbəb  olacaq hər hansı şəkildə istifadə edilməməsini təmin etmək məqsədilə lazım olan məqsədəuyğun səyləri göstərəcəkdir.

 

2. Mülkiyyət hüququ

 

 Başqa şəkildə müəyyən edilməzsə, ABŞ Hökuməti tərəfindən maliyyələşdirmə vasitəsilə tədarük edilmiş bütün əmlak üzərində mülkiyyət  hüququ Azərbaycan Respublikası Hökumətinə veriləcəkdir.

 

3. Əmlak və şəxsi heyət

 

 A. Əmlak

 (1). ABŞ Hökuməti tərəfindən maliyyələşdirilərək Azərbaycan Respublikası Hökumətinin təchiz edildiyi əmlak layihələrə həsr ediləcəkdir və  bundan sonra da layihələrin məqsədlərinə nail olmaq üçün istifadə ediləcəkdir. Azərbaycan Respublikasının Hökuməti ABŞ Hökumətinin  maliyyələşdirməsi vasitəsilə əldə etdiyi və bu müddəaya uyğun olaraq istifadə olunmayan hər hansı əmlakı ABŞ Hökumətinə qaytarmağa və  ya ABŞ Hökumətinə həmin əmlakın dəyərini ödəməyə razılaşır. Layihə üçün ABŞ Hökuməti tərəfindən təchiz edilmiş hər hansı əmlakın  satışından əldə olunan vəsait layihənin məqsədlərinin həyata keçirilməsi üçün istifadə olunacaqdır.

 (2) Bütün avadanlıq, təchizat və materiallar barədə onların Azərbaycan Respublikası Hökuməti tərəfindən sonuncunun öz vəsaiti hesabına  əldə edildiyi təqdirdə olduğu kimi eyni qaydada sonuncu istifadəçi tərəfindən Amerika Səfirliyinə hesabat veriləcəkdir.

B. Şəxsi heyət

 (1) Azərbaycan Respublikası Hökuməti tərəfindən təklif edilən şəxsi heyət üçün müavinət, təqaüd və təlimlərin bu Saziş əsasında  maliyyələşdirilməsindən əvvəl, təlim üçün təklif edilən şəxsi heyət hazırkı Sazişin Əlavəsində qeyd olunduğu kimi onların narkotik vasitələrlə  bağlı hüquq pozuntusuna görə mühakimə edilməmələri və ya son on ildə belə hüquq pozuntusuna cəlb olunmadıqları haqqında  şəhadətnaməni rəsmiləşdirməlidirlər.

 (2) Azərbaycan Respublikasının Hökuməti bu Saziş üzrə maliyyələşən təlimlərdə iştirak etmiş şəxsi heyəti belə təlimlərin başa çatmasından  sonrakı ən azı iki il ərzində işlə təmin etməyə razılaşır. Bu tələb Azərbaycan Respublikası Hökuməti və ABŞ Hökumətinin müvafiq  nümayəndələrinin yazılı razılaşması əsasında geri götürülə bilər.

 

4. Monitorinq və qiymətləndirmə

 

 A. Tərəflər aşağıdakı hüquqlara malik olacaqdır:

 (1) Əmlakın layihənin şərtlərinə uyğun olaraq istifadə olunmasını müəyyən etmək məqsədilə bu Saziş üzrə hər hansı tərəf vasitəsilə  tədarük edilən və ya maliyyələşdirilən bu və ya digər əmlakı yoxlamaq və

 (2) Vəsaitin, xidmətlərin və ya əmlakın bu Sazişin şərtlərinə uyğun olaraq istifadə olunmasını müəyyən etmək məqsədilə bu Saziş  əsasında hər hansı tərəf vasitəsilə təchiz edilən belə vəsait, əmlak və kontrakt xidmətlərinə dair sənədlər və hesabatların baxışını  keçirmək və təftiş etmək;

 B. Tərəflər, bu layihənin irəliləyişinin birgə monitorinqini aparmaq və layihə müddəti ərzində ən azı ilbəil əsasda layihə avadanlığı və  materialının istifadəsinin monitorinqini həyata keçirməyə razılaşır. Hər bir tərəf monitorinq və qiymətləndirmə prosesində iştirak edəcək  təcrübəli şəxsi heyəti müəyyən edəcəkdir.

 C. Hər bir tərəf digərini bu Sazişin şərtləri əsasında layihənin fəaliyyətinin səmərəliliyini qiymətləndirmək üçün lazım olan məlumatla təmin  edəcəkdir. Layihə başa çatdıqda yekun hesabat bu prosesin tərkib hissəsi kimi tərtib olunacaqdır. Yekun hesabat Azərbaycan Respublikası  Hökuməti və ABŞ Hökumətinin layihəyə dəstəklərini, həyata keçirilmiş fəaliyyət üzrə qeydlərini, nail olunmuş məqsədləri və əlaqədar əsas  məlumatların icmalını əhatə edəcəkdir.

 

5. Tətbiq olunan qanun

 

 A. Hər iki hökumət öz hökumətlərinin tətbiq olunan qanun və qaydalarına uyğun olaraq vəsaitlər sərf edəcək və layihə əməliyyatlarını  dəstəkləyəcəklər.

 B. Sazişdə başqa şəkildə nəzərdə tutulmadığı və ya ABŞ Hökuməti tərəfindən başqa şəkildə icazə verilmədiyi təqdirdə, ABŞ Hökuməti  tərəfindən tədarük edilmiş bütün mallar və xidmətlər Birləşmiş Ştatları tədarük ediləcək və oradan daşınacaqdır.

 

6. Valyuta mübadiləsi

 

 Bu Sazişə əsasən ABŞ Hökuməti öhdəliklərinin yerinə yetirilməsi məqsədi ilə Azərbaycan Respublikasına gətirilmiş vəsaitləri bu ölkə  valyutasına qanuni şəkildə və ən yüksək məzənnə ilə dəyişdirilməsi üçün Azərbaycan Respublikası Hökuməti lazım olan tədbirləri  görəcəkdir.

 

7. Vergilər

 

 A. Material və avadanlıq

 Bu Sazişə uyğun olaraq ABŞ Hökuməti tərəfindən Azərbaycan Respublikasına gətirilmiş vəsait, material və avadanlıq Azərbaycan  Respublikasında vergilərdən, xidmət haqqlarından və investisiya və ya depozit tələblərindən və valyuta nəzarətindən azad olunacaqdır və  hazırkı Sazişlə əlaqədar olan hər hansı belə bir əmlakın və ya vəsaitin idxalı, ixracı, əldə edilməsi və ya satılması hər hansı tarif, gömrük  rüsumlarından, idxal və ixrac vergiləri, alqı və satqı vergiləri və digər vergilərdən və ya Azərbaycan Respublikasındakı oxşar ödənişlərdən  azad olunacaqdır.

 

 B. Kontrakt xidmətləri

 

 Hər hansı xarici podratçı, o cümlədən məsləhət şirkəti və belə podratçının layihə üzrə maliyyələşən xarici şəxsi heyəti və birbaşa belə  müqavilə ilə əlaqəli olan hər hansı əmlak və ya maliyyə əməliyyatları və bu Saziş üzrə maliyyələşən mal tədarükü ilə bağlı maliyyə  əməliyyatları müəyyən olunan vergilər, tariflər, rüsumlar və ya Azərbaycan Respublikasının qanunvericiliyi əsasında tələb olunan digər  yığımlardan azaddır.

 

8. ABŞ Hökumətinin şəxsi heyətinin Azərbaycan Respublikasında statusu

 

 A. Azərbaycan Respublikasının Hökuməti hazırkı Saziş üzrə ABŞ Hökumətinin öhdəliklərinin yerinə yetirilməsi məqsədilə ABŞ Hökuməti  tərəfindən təyin olunmuş şəxsləri qəbul etməyə razılaşır. Hazırkı Sazişlə başqa şəkildə müəyyən edilmədiyi təqdirdə, ABŞ Hökuməti  tərəfindən müvafiq bildirişə əsasən Azərbaycan Respublikasının Hökuməti belə şəxslərə ABŞ Hökumətinin inzibati və texniki heyətinə  verilmiş və ABŞ Səfirliyində işə təyin edilmiş şəxslərə verilmiş immunitet və imtiyazları təqdim edəcəkdir.

 B. Bu Saziş üzrə birgə/texniki yardım proqram və layihələri ilə əlaqədar ABŞ Hökuməti tərəfindən Azərbaycan Respublikasında  vəzifələrinin icrası üçün təyin edilmiş bütün şəxsi heyət və onları müşayiət edən ailə üzvləri Azərbaycan Respublikasında olarkən qazanılmış  gəlirə münasibətdə Azərbaycan Respublikasının bütün gəlir vergiləri və sosial müdafiə vergilərindən, habelə onların şəxsi istifadəsi üçün  nəzərdə tutulmuş şəxsi əmlak üzrə əmlak vergilərindən azad olunacaqdır. Belə şəxsi heyət və onları müşayiət edən ailə üzvləri Azərbaycan  Respublikasına onların özləri tərəfindən istifadə üçün idxal edilmiş şəxsi mal, avadanlıq və təchizat üzrə gömrük və idxal rüsumlarının  ödənişinə və əlavə dəyər vergisinə münasibətdə Azərbaycan Respublikasındakı ABŞ Səfirliyinin diplomatik agentlərinə Azərbaycan  Respublikasının Hökuməti tərəfindən verilmiş rejimi və azad olmaları əldə edəcəkdir.

 

9. İnsan hüquqları

 

 Tərəflər qəbul edir və razılaşır ki, insan hüquqlarının müdafiəsi hazırkı ikitərəfli Sazişin mühüm elementidir. Bununla əlaqədar, tərəflər  anlaşır və aşağıdakılar üzrə razılaşır:

 A. Azərbaycan Respublikası Hökumətinin narkotik və hüquq mühafizə sahəsində səylərinə ABŞ Hökumətinin yardımı Azərbaycan  Respublikası Hökumətinin insan hüquqlarını fəal surətdə müdafiə etməsi ilə şərtlənir; və

 B. ABŞ Dövlət Katibinin hər hansı təhlükəsizlik orqanı tərəfindən insan hüquqlarının kobud şəkildə pozulmasını təsdiq edən tutarlı  sübutu olarsa və Azərbaycan Respublikası Hökumətinin həmin təhlükəsizlik qüvvələri orqanının məsul üzvlərini ədalət mühakiməsinə  cəlb etmək üçün səmərəli tədbirlər gördüyünü ABŞ Dövlət Katibi müəyyən etməyincə, Birləşmiş Ştatların qanunvericiliyi və siyasətinə  uyğun olaraq, ABŞ Hökumətinin hazırkı Saziş üzrə heç bir yardımı və vəsaiti Azərbaycan Respublikası Hökumətinin təhlükəsizlik  qüvvələri orqanına və ya onun istifadəsi üçün verilməyəcəkdir. Tərəflər anlayır və razılaşır ki, «səmərəli tədbirlər» Azərbaycan  Respublikası Hökumətinin etibarlı istintaq aparması və cəlb olunmuş fərdlərin yerli qanuna uyğun olaraq müvafiq intizam tədbiri və  ya qərəzsiz təhqiqatla üzləşməsi deməkdir.

 

10. Müqavilənin ləğvi

 

 A. Hazırkı Saziş hər iki Hökumətin səlahiyyətli nümayəndələri tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcəkdir. Tərəflərdən hər hansı  biri 90 gün qabaqcadan hazırkı Sazişi ləğv etmək niyyəti barədə digər Tərəfə yazılı bildiriş təqdim etməklə onu ləğv edə bilər. Hazırkı Sazişin  ləğvi, Sazişin ləğv edilməsi haqqındakı bildirişdən əvvəlki müddətdə üçüncü dövlətlərlə qüvvəyə minmiş öhdəliklərə görə ödənişlər istisna  olmaqla, hər iki Tərəfin bu Saziş üzrə yardımlarını göstərməklə bağlı hər hansı öhdəliyini ləğv edəcəkdir.

 B. ABŞ Hökuməti hazırkı Saziş üzrə təqdim edilən hər hansı və ya bütün yardımı bildiriş əsasında dayandırmaq hüququnu və ya hazırkı  Saziş üzrə yardımın özünə təqdim edildiyi və ya vasitəsilə təqdim edildiyi Azərbaycan Respublikası Hökuməti orqanının və ya belə orqanın  yüksək rütbəli əməkdaşının və ya bu Saziş üzrə maliyyələşən müavinət, təqaüd və ya təlimi əldə edən şəxsin Federal Qaydalar Məcəlləsinin  140-cı hissəsinin 22-ci bəndində (22 CFR Part 140) müəyyən olunduğu kimi, narkotik vasitələrlə əlaqədar hüquq pozuntusuna görə  mühakimə olunduğu və ya narkotik ticarətilə məşğul olduğu aşkar olunarsa müvafiq tədbirlər görmək hüququnu özündə saxlayır.

 C. Aydın şəkildə anlaşılır ki, hazırkı Sazişin əmlakın istifadəsi ilə əlaqədar 3-cü bəndində nəzərdə tutulan öhdəliklər bu Sazişin ləğvindən  sonra qüvvədə qalacaqdır.

2003-cü il yanvarın 3-də Bakıda, Azərbaycan Respublikasında, iki nüsxədə Azərbaycan və ingilis dillərində hazırlanmışdır. Hər iki  mətn eyni qüvvəyə malikdir.

 

Azərbaycan Respublikası

Hökuməti adından

 

(imza)

Amerika Birləşmiş Ştatlarının

Hökuməti adından

 

(imza)

 

 

 Əlavə

 İştİrakçının şəhadƏtnaməsİ

Narkotiklərlə əlaqədar hüquq pozuntusu və narkotik vasitələrin ticarəti

 

 1. Mən təsdiq edirəm ki, son on il ərzində:

 a. Birləşmiş Ştatların və ya hər hansı digər ölkənin narkotiklər və ya psixotrop vasitələr və ya digər nəzarət olunan maddələrlə əlaqədar  qanun və ya qaydalarını pozmaqda və ya pozmağa razılaşmaqda təqsirli bilinməmişəm;

 b. belə narkotik vasitələr və ya nəzarət olunan maddələrin qeyri-qanuni ticarətçisi deyiləm və olmamışam;

 c. belə narkotik vasitələrin və ya maddələrin qeyri-qanuni ticarəti ilə əlaqədar bilərəkdən yardımçı, iştirakçı, razılaşan və ya digərləri ilə  gizli razılığa gedən deyiləm və olmamışam.

 2. Mən başa düşürəm ki, Birləşmiş Ştatların Dövlət Departamenti (DOS) mənim son on il və ya DOS-un maliyyələşdirdiyi təlimlər ərzində  yuxarıdakı hərəkətləri yerinə yetirdiyimi müəyyən edərsə mənim təlimlərimi dayandıra bilər.

 

 İmza:

 

 Ad:

 

 Tarix:

 

 Qeyd:

 1. Sizdən Federal Qaydalar Məcəlləsinin 140-cı hissəsinin 22-ci bəndinin (22 CFR Part 140) müddəalarına, yəni narkotik vasitələrlə ticarətə  yardım göstərilməsinin qadağan olunmasına uyğun olaraq hazırkı Şəhadətnaməni imzalamaq xahiş olunur. Bu qaydalar DOS tərəfindən  tərtib olunub və müvafiq iştirakçılardan bu şəhadətnaməni imzalamaq xahiş olunur.

 2. Əgər saxta Şəhadətnamə hazırlayarsınızsa, siz müvafiq qanuna əsasən istintaqa cəlb olunacaqsınız.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status