İdman mərc oyunlarının keçirilməsi üçün iştirakçılar tərəfindən ödənilən vəsaitlərin bədən tərbiyəsi və idmanın inkişafına yönəldilən hissəsinin müəyyən edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 31 may tarixli 1019-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 iyun tarixli 282 nömrəli Fərmanının 1.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. İdman mərc oyunlarının keçirilməsi üçün iştirakçılar tərəfindən ödənilən vəsaitlərin bədən tərbiyəsi və idmanın inkişafına, habelə sosial əhəmiyyətli layihələrə yönəldilən hissəsi aşağıdakı qaydada müəyyən edilsin:
[1]
təqvim ili ərzində toplam dövriyyənin cəmi 100 000 000 (yüz milyon) manat məbləğinə çatanadək - hər ay üçün aylıq dövriyyənin 1 faizi;
təqvim ili ərzində toplam dövriyyənin cəmi 100 000 000 (yüz milyon) manat məbləğinə çatan ay üçün - aylıq dövriyyənin 100 000 000 (yüz milyon) manata çatanadək olan hissəsinin 1 faizi, 100 000 000 (yüz milyon) manat məbləğindən artıq olan hissəsinin 2,5 faizi;
təqvim ili ərzində toplam dövriyyənin cəmi 100 000 000 (yüz milyon) manat məbləğindən artıq olduqda - hər ay üçün aylıq dövriyyənin 2,5 faizi.
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ
Bakı şəhəri, 20 avqust 2010-cu il
№ 152
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
6 fevral 2019-cu il tarixli 39 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 2, maddə 337)
2.
18 avqust 2022-ci il tarixli 314 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 19 avqust 2022-ci il, “Xalq” qəzeti, 20 avqust 2022-ci il, № 177, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 1001)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
6 fevral 2019-cu il tarixli 39 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 2, maddə 337) ilə 1-ci hissəsində “4,2 faiz” sözləri “hər ay üzrə 500 000 (beş yüz min) manat” sözləri ilə əvəz edilmişdir.
18 avqust 2022-ci il tarixli 314 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 19 avqust 2022-ci il, “Xalq” qəzeti, 20 avqust 2022-ci il, № 177, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 1001) ilə 1-ci hissə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
1. İdman mərc oyunlarının keçirilməsi üçün iştirakçılar tərəfindən ödənilən vəsaitlərin bədən tərbiyəsi və idmanın inkişafına yönəldilən hissəsi hər ay üzrə 500 000 (beş yüz min) manat həcmində müəyyən edilsin.