440.000.000
“Azərbaycan Respublikası Hökuməti və Vyetnam Sosialist Respublikası Hökuməti arasında diplomatik, xidməti və ya rəsmi pasportlara malik vətəndaşların vizasız gediş-gəlişi haqqında” Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
"Azərbaycan Respublikası Hökuməti və Vyetnam Sosialist Respublikası Hökuməti arasında diplomatik, xidməti və ya rəsmi pasportlara malik vətəndaşların vizasız gediş-gəlişi haqqında" 2010-cu il aprelin 9-da Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 iyun 2010-cu il
№ 1048-IIIQ
"Azərbaycan Respublikası Hökuməti və Vyetnam Sosialist Respublikası
Hökuməti arasında diplomatik, xidməti və ya rəsmi pasportlara malik
vətəndaşların vizasız gediş-gəlişi haqqında"
SAZİŞ
Bundan sonra "Razılığa gələn Tərəflər" adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Vyetnam Sosialist Respublikası Hökuməti,
iki dövlət arasında dostluq münasibətlərini daha da inkişaf etdirmək,
etibarlı diplomatik, xidməti və ya rəsmi pasportlara malik olan vətəndaşlarının iki dövlət arasında gediş-gəlişinin və yerdəyişməsinin asanlaşdırılması arzusunda olaraq,
aşağıdakılar barəsində razılığa gəldilər:
Maddə 1
Bu Sazişdə istifadə olunan terminlər aşağıdakı mənaya malikdir:
"Diplomatik pasportlar": Azərbaycan Respublikasının diplomatik pasportları və Vyetnam Sosialist Respublikasının diplomatik pasportları;
"Xidməti pasportlar": Azərbaycan Respublikasının xidməti pasportları; "Rəsmi pasportlar": Vyetnam Sosialist Respublikasının rəsmi pasportları.
Maddə 2
1. Etibarlı diplomatik, xidməti və ya rəsmi pasportlara malik olan Azərbaycan Respublikası və Vyetnam Sosialist Respublikası vətəndaşları, habelə adları onların pasportlarında qeyd olunan yetkinlik yaşına çatmamış şəxslər Razılığa gələn digər Tərəfin dövlətinin ərazisinə 1 (bir) ay ərzində vizasız daxil ola, orada qala, oradan gedə və tranzit qaydada həmin ərazidən keçə bilərlər.
2. Razılığa gələn Tərəflərin dövlətlərinin vətəndaşlarının qalma müddətinin uzadılması, Razılığa gələn Tərəfin səlahiyyətli orqanlarının icazəsindən asılı olaraq, həmin vətəndaşların rəsmi müraciəti əsasında həyata keçirilir.
Maddə 3
Müvafiq diplomatik missiyada, konsulluq müəssisəsində və ya beynəlxalq təşkilat yanında akkreditə edilmiş daimi missiyada öz vəzifələrini yerinə yetirmək üçün Razılığa gələn Tərəfin dövlətinin ərazisinə daxil olan və etibarlı diplomatik, xidməti və ya rəsmi pasportlara malik olan Razılığa gələn digər Tərəfin dövlətinin vətəndaşları, habelə onlarla yaşayan ailə üzvləri, qəbul edən ölkənin Xarici İşlər Nazirliyində akkreditə edilir.
Maddə 4
Etibarlı diplomatik, xidməti və ya rəsmi pasportlara malik olan Razılığa gələn bir Tərəfin dövlətinin vətəndaşları Razılığa gələn digər Tərəfin dövlətinin ərazisinə istənilən beynəlxalq sərhəd-buraxılış məntəqələrindən daxil ola və ya oradan gedə bilərlər. Razılığa gələn bir Tərəfin dövlətinin vətəndaşına məxsus diplomatik, xidməti və ya rəsmi pasport Razılığa gələn digər Tərəfin dövlətinin ərazisində itirildikdə və ya korlandıqda, pasport sahibi bu barədə Razılığa gələn digər Tərəfin aidiyyəti səlahiyyətli orqanlarını məlumatlandırmalıdır.
İtirilmiş və ya korlanmış diplomatik, xidməti və ya rəsmi pasport əvəzinə pasport sahibinin vətəndaşlığı mənsub olan dövlətin diplomatik nümayəndəliyi və ya konsulluq müəssisəsi tərəfindən həmin şəxsə yeni keçid sənədi verilir. Keçid sənədi əsasında çıxışa, qəbul edən dövlətin aidiyyəti səlahiyyətli orqanlarının müvafiq icazəsindən sonra yol verilir.
Maddə 5
1. Razılığa gələn bir Tərəfin dövlətinin vətəndaşına məxsus diplomatik, xidməti və ya rəsmi pasport Razılığa gələn digər Tərəfin dövlətinin ərazisində itirildikdə və ya korlandıqda, pasport sahibi bu barədə Razılığa gələn digər Tərəfin aidiyyəti səlahiyyətli orqanlarını məlumatlandırmalıdır.
2. İtirilmiş və ya korlanmış diplomatik, xidməti və ya rəsmi pasport əvəzinə pasport sahibinin vətəndaşlığı mənsub olan dövlətin diplomatik nümayəndəliyi və ya konsulluq müəssisəsi tərəfindən həmin şəxsə yeni keçid sənədi verilir. Keçid sənədi əsasında çıxışa, qəbul edən dövlətin aidiyyəti səlahiyyətli orqanlarının müvafiq icazəsindən sonra yol verilir.
Maddə 6
Etibarlı diplomatik, xidməti və ya rəsmi pasportlara malik olan Razılığa gələn bir Tərəfin dövlətinin vətəndaşları Razılığa gələn digər Tərəfin dövlətinin ərazisində qüvvədə olan qanunlara, qaydalara və normativ aktlara əməl etməlidirlər.
Maddə 7
Razılığa gələn Tərəflər milli təhlükəsizliyin təmin edilməsi, ictimai asayişin qorunması üçün və ya vətəndaşların sağlamlığına təhlükə olduqda bu Sazişin tətbiqini müvəqqəti olaraq tamamilə və ya qismən dayandırmaq hüququnu özündə saxlayırlar. Razılığa gələn Tərəflər bu Sazişin tətbiqinin dayandırılması və onun yenidən qüvvəyə minməsi haqqında qərarı barədə dərhal, 48 saatdan gec olmayaraq, diplomatik kanallar vasitəsilə bir-birini məlumatlandırırlar.
Maddə 8
Razılığa gələn hər bir Tərəf Razılığa gələn digər Tərəfin "persona non qrata" və ya arzu olunmaz sayılan şəxslərinə öz dövlətinin ərazisinə daxil olmasına icazə verməkdən imtina etmək və ya həmin şəxslərin burada qalmaq müddətini dayandırmaq hüququnu özündə saxlayır.
Maddə 9
1. Razılığa gələn Tərəflərin xarici işlər nazirlikləri bu Sazişin qüvvəyə minməsi tarixindən sonra 30 gün müddətində diplomatik kanallar vasitəsilə Sazişin şamil edildiyi pasportların nümunələrini mübadilə edirlər.
2. Razılığa gələn Tərəflər dövriyyəyə yeni diplomatik və ya xidməti pasportlar buraxdıqları halda, onların qüvvəyə minməsi tarixindən ən azı 30 gün əvvəl diplomatik kanallar vasitəsilə bu pasportların nümunələrini mübadilə edirlər.
Maddə 10
Bu Sazişin müddəalarının yerinə yetirilməsi və tətbiq edilməsində yarana bilən hər hansı anlaşılmazlıq və mübahisə Razılığa gələn Tərəflər arasında danışıqlar və məsləhətləşmələr yolu ilə həll ediləcəkdir.
Maddə 11
Razılığa gələn Tərəflərin qarşılıqlı razılığı ilə bu Sazişə əlavələr və dəyişikliklər edilə bilər. Belə əlavələr və dəyişikliklər bu Sazişin ayrılmaz hissəsi olaraq ayrı-ayrı protokollar formasında rəsmiləşdirilir və bu Sazişin 12-ci maddəsində nəzərdə tutulan qaydada qüvvəyə minir.
Maddə 12
Bu Saziş qeyri-müəyyən müddətə bağlanılır və Razılığa gələn Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurları yerinə yetirdikləri barədə bir-birilərinə diplomatik kanallar vasitəsilə göndərdikləri sonuncu yazılı bildirişin alındığı tarixdən 30 gün sonra qüvvəyə minir.
Razılığa gələn Tərəflərdən biri bu Sazişin qüvvəsini ləğv etmək niyyətində olduqda, bu barədə digər Tərəfə diplomatik kanallarla, yazılı şəkildə bildirir. Saziş belə bildirişin alındığı tarixdən 30 (otuz) gün sonra qüvvədən düşür.
Bu Saziş Bakı şəhərində 2010-cu il aprelin 9-da iki əsl nüsxədə, Azərbaycan, Vyetnam və ingilis dillərində imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Bu Sazişin təfsiri və tətbiqi zamanı fikir ayrılığı yarandıqda, ingilis dilindəki mətndən istifadə ediləcəkdir.
Azərbaycan Respublikası
Hökuməti adında
|
|
Vyetnam Sosialist Respublikası
Hökuməti adından
|
|
|
|
(imza)
|
|
(imza)
|