AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
11.05.2010
QEYDİYYAT NÖMRƏSİ
1002-IIIQ
ADI
Avropa Şurasının “İnsan alverinə qarşı mübarizə haqqında” Konvensiyasının təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 26-05-2010, Nəşr nömrəsi: 113), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-05-2010, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 384)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
430.000.000
440.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Avropa Şurasının “İnsan alverinə qarşı mübarizə haqqında” Konvensiyasının təsdiq edilməsi barədə

Avropa Şurasının “İnsan alverinə qarşı mübarizə haqqında” Konvensiyasının təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Avropa Şurasının “İnsan alverinə qarşı mübarizə haqqında” 2005-ci il mayın 16-da Varşava şəhərində imzalanmış Konvensiyası Azərbaycan Respublikasının ona dair bəyanatları ilə təsdiq edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 11 may 2010-cu il

№ 1002-IIIQ

 

 

AVROPA ŞURASI

Avropa Şurasının Müqavilələr Seriyası - 197

 

Avropa Şurasının İnsan alverinə qarşı mübarizə haqqında

 

KONVENSİYASI

 

Varşava, 16.V.2005

 

Avropa Şurasının üzvü olan dövlətlər və bu sənədi imzalayan digər dövlətlər,

Avropa Şurasının məqsədinin üzv dövlətlər arasında daha möhkəm birliyin əldə edilməsindən ibarət olduğunu nəzərə alaraq,

insan alverinin insan hüquqlarını, insanların ləyaqətini və toxunulmazlığını pozduğunu nəzərə alaraq,

insan alverinin qurbanların köləyə çevrilməsi ilə nəticələnə biləcəyini nəzərə alaraq,

insan alveri qurbanlarının hüquqlarına hörmətlə yanaşmanın, onların müdafiəsinin və insan alverinə qarşı mübarizə üzrə tədbirlərin başlıca vəzifələr olduğunu nəzərə alaraq,

insan alverinə qarşı bütün mübarizə tədbirlərinin və təşəbbüslərin həyata keçirilməsi zamanı heç bir ayrı-seçkiliyə yol verilməməsinin, gender bərabərliyi və uşaq hüquqlarının müdafiəsinin vacibliyini nəzərə alaraq,

Nazirlər Komitəsinin 112-ci (14-15 may 2003-cü il) və 114-cü (12-13 may 2004-cü il) sessiyalarında üzv dövlətlərin xarici işlər nazirləri tərəfindən qəbul olunan və Avropa Şurasını insan alverinə qarşı mübarizə tədbirlərini gücləndirməyə çağıran bəyanatların müddəalarını xatırladaraq,

İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsinə dair Konvensiyanı (1950) və onun protokollarını rəhbər tutaraq,

Nazirlər Komitəsinin Avropa Şurasının üzvü olan dövlətlərə ünvanladığı aşağıdakı tövsiyələri nəzərə alaraq:

Uşaqların və gənc yeniyetmələrin cinsi istismarına, pornoqrafiyasına, fahişəliyinə və onların alverinə dair R (91) 11 saylı Tövsiyə; Şahidlərə qarşı hədə-qorxu halları və müdafiə hüququna dair R (97) 13 saylı Tövsiyə; Cinsi istismar məqsədilə edilən insan alverinə qarşı mübarizə üzrə tədbirlərə dair R (2000) 11 saylı Tövsiyə; Uşaqların cinsi istismar hallarından müdafiə edilməsinə dair Rec (2001) 16 saylı Tövsiyə; Qadınların zorakılıqdan müdafiə edilməsinə dair Rec (2002) 5 saylı Tövsiyə;

Avropa Şurası Parlament Assambleyasının aşağıdakı tövsiyələrini nəzərə alaraq:

Avropa Şurasının üzvü olan dövlətlərdə qadın alveri və məcburi fahişəlik hallarına dair 1325 (1997) saylı Tövsiyə; Avropada qadınlara qarşı zorakılıq hallarına dair 1450 (2000) saylı Tövsiyə; Qadın alverinə qarşı kampaniyaya dair 1545 (2002) saylı Tövsiyə; Qadın alveri və fahişəliklə bağlı miqrasiyaya dair 1610 (2003) saylı Tövsiyə; Avropada insan orqanlarının alveri hallarına dair 1611 (2003) saylı Tövsiyə; Məişət köləliyi: köləlik, ev qulluqçuları və əcnəbi ilə miqrasiya məqsədilə nikah bağlamış qadınlarla bağlı 1663 (2004) saylı Tövsiyə,

Avropa İttifaqı Şurasının insan alverinə qarşı mübarizəyə dair 19 iyul 2002-ci il tarixli Çərçivə Qərarını, Avropa İttifaqı Şurasının qurbanlarının cinayət mühakiməsində iştirakına dair 15 mart 2001-ci il tarixli Çərçivə Qərarını və Avropa İttifaqı Şurasının insan alveri qurbanları olan və ya qanunsuz immiqrasiya fəaliyyətinin təsirinə məruz qalmış və səlahiyyətli, orqanlarla əməkdaşlıq edən üçüncü ölkə vətəndaşlarına yaşayış icazəsinin verilməsinə dair 29 aprel 2004-cü il tarixli Təlimatı rəhbər tutaraq,

Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını və həmin Konvensiyaya aid İnsan alverinin və xüsusilə qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılmasına dair Protokolunu - bu sənədlərin təmin etdiyi müdafiə tədbirlərinin və müəyyən etdiyi standartların təkmilləşdirilməsi baxımından  nəzərə alaraq,

insan alverinə qarşı mübarizə sahəsi ilə bağlı digər beynəlxalq hüquqi sənədlərin müddəalarını nəzərə alaraq,                                                                  

insan alveri qurbanlarının hüquqlarının müdafiəsinə yönəlmiş hərtərəfli beynəlxalq hüquqi sənədin hazırlanmasına və xüsusi nəzarət mexanizminin yaradılmasına olan ehtiyacı nəzərə alaraq,

aşağıdakılar barədə razılığa gəldilər:

 

Fəsil  I

 

MƏQSƏDLƏR, ƏHATƏ DAİRƏSİ,

QEYRİ-AYRI-SEÇKİLİK PRİNSİPİ VƏ ANLAYIŞLAR

 

Maddə 1. Konvensiyanın məqsədləri

 

1) Bu Konvensiyanın məqsədləri aşağıdakılardır:

a)   gender bərabərliyini təmin etməklə insan alverinə qarşı mübarizə aparılması və onun qarşısının alınması;

b)   insan alveri qurbanlarının hüquqlarının qorunması, qurbanların və şahidlərin müdafiə edilməsi üzrə hərtərəfli çərçivənin işlənib hazırlanması, gender bərabərliyini təmin etməklə qurbanlara və şahidlərə kömək göstərilməsi, habelə səmərəli istintaqın və mühakimənin təmin edilməsi;

c)   insan alverinə qarşı mübarizəyə dair beynəlxalq əməkdaşlığın təşviq edilməsi.

2)Bu Konvensiyanın müddəalarının səmərəli şəkildə həyata keçirilməsini təmin etmək

məqsədilə bu Konvensiya ilə xüsusi nəzarət mexanizmi təsis olunur.

 

Maddə 2. Əhatə dairəsi

 

Bu Konvensiya milli və ya transmilli səviyyədə olmasından, eləcə də mütəşəkkil cinayətkarlıqla əlaqəli olub-olmamasından asılı olmayaraq, insan alverinin bütün formalarına şamil edilir.

 

Maddə 3. Qeyri-ayrı-seçkilik prinsipi

 

Tərəflər bu Konvensiyanın müddəalarını, xüsusilə insan alveri qurbanlarının hüquqlarının qorunmasını və təşviq edilməsini, cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər düşüncə, milli və ya sosial mənşə, milli azlıqlarla bağlılıq, mülkiyyət, mənşə və digər əlamətlərə görə heç bir ayrıseçkiliyə yol vermədən təmin edirlər.

 

Maddə 4. Anlayışlar

 

Bu Konvensiyanın məqsədləri üçün:

a)   "İnsan alveri" dedikdə, hədə-qorxu və ya zor tətbiq etməklə, yaxud başqa cür məcbur etməklə, qaçırma, dələduzluq və ya aldatma yolu ilə, vəzifədən və ya şəxsin köməksiz vəziyyətindən süi-istifadə etməklə və yaxud pul və ya digər maddi vəsaitlər vermək və ya almaqla hər hansı bir şəxsdən onun himayəsində olan şəxs barəsində razılıq almaqla, şəxslərin istismar məqsədləri üçün cəlb edilməsi, daşınması, ötürülməsi, gizlədilməsi və ya qəbul edilməsi başa düşülür. İstismar dedikdə, ən azı, başqalarını məcburi fahişəliyə cəlbetmə və digər cinsi istismar formaları, məcburi əmək və ya xidmətlər, köləlik, daxili orqanların çıxarılması və buna bənzər əməllər nəzərdə tutulur;

b)  “insan alveri” qurbanının bu maddənin (a) bəndində nəzərdə tutulan istismar üçün öz razılığının olması (a) bəndində göstərilən üsullardan hər hansı birinin tətbiq olunduğu təqdirdə nəzərə alınmır;

c)   istismar məqsədilə uşaqların cəlb olunması, daşınması, ötürülməsi, gizlədilməsi və ya qəbul edilməsi, hətta bu maddənin (a) bəndində qeyd olunan üsullardan heç biri tətbiq olunmadığı təqdirdə belə “insan alveri” hesab olunur;

d)  “uşaq” dedikdə on səkkiz yaşına çatmamış istənilən şəxs başa düşülür;

e)   “qurban” dedikdə bu maddədə anlayışı verilmiş insan alverinə məruz qalan istənilən fiziki şəxs başa düşülür.

 

Fəsil II

 

CİNAYƏTİN QARŞISININ ALINMASI, ƏMƏKDAŞLIQ VƏ DİGƏR TƏDBİRLƏR

 

Maddə 5. İnsan alverinin qarşısının alınması

 

1.      Hər bir Tərəf insan alverinin qarşısının alınmasına və ona qarşı mübarizəyə məsul olan aidiyyəti dövlət orqanları arasında milli səviyyədə əlaqələndirmənin yaradılması və ya gücləndirilməsi üçün tədbirlər görməlidir.

2.   Hər bir Tərəf insan alverinin qarşısının alınması məqsədilə tədqiqat, informasiya, xüsusilə insan alverinə məruz qala biləcək şəxslər və insan alveri problemləri ilə məşğul olan mütəxəssislər üçün nəzərdə tutulmuş tədris və maarifləndirmə tədbirləri, sosial və iqtisadi təşəbbüslər və tədris proqramları vasitəsilə səmərəli siyasəti və proqramları hazırlamalı və/və ya gücləndirməlidir.

3.     Hər bir Tərəf 2-ci bənddə göstərilən bütün fəaliyyət tədbirlərinin və proqramların təkmilləşdirilməsi, icrası və qiymətləndirilməsi zamanı insan hüquqlarına əsaslanan, gender tendensiyasını əsas götürən və uşaqların maraqlarını nəzərə alan yanaşma tərzinin nümayiş etdirilməsini təşviq etməlidir.

4. Hər bir Tərəf miqrasiyanın qanunauyğun şəkildə həyata keçirilməsi
üçün zəruri ola biləcək tədbirləri, xüsusilə də qanuni şəkildə ölkəyə daxil olmağa və burada qalmağa imkan verən şərtlər barədə məlumatların aidiyyəti orqanlar tərəfindən yayılması istiqamətində tədbirlər görməlidir.

5.      Hər bir Tərəf uşaqlar üçün təhlükəsiz mühit yaratmaqla, onların insan alveri qurbanına çevrilmək ehtimalının azaldılması üçün xüsusi tədbirlər görməlidir.

6.      Bu maddənin müddəalarına uyğun olaraq təşkil olunmuş tədbirlərə, lazım gəldikdə, qeyri-hökumət təşkilatları, digər əlaqədar təşkilatlar və insan alverinin qarşısının alınması, qurbanların müdafiəsi və onlara yardım işlərində iştirak edən vətəndaş cəmiyyətinin digər elementləri də cəlb olunmalıdır.

 

Maddə 6. Tələbatı aradan qaldırmaq üçün görülən tədbirlər

 

İnsan alverinə səbəb olan bütün istismar növlərinə və xüsusilə də qadın və uşaqların istismarına şərait yaradan tələbatı aradan qaldırmaq üçün hər bir Tərəf hüquqi, inzibati, maarifləndirmə, sosial, mədəni və aşağıda göstərilənlər də daxil olmaqla digər tədbirləri həyata keçirməli və gücləndirməlidir:

a)   qabaqcıl təcrübələr, metodlar və strategiyalar üzrə tədqiqatların aparılması;

b)   insan alverinin köklü səbəblərindən biri kimi tələbatın müəyyənləşdirilməsi prosesində kütləvi informasiya vasitələrinin və vətəndaş cəmiyyətinin mühüm rolu və məsuliyyəti barədə məlumatlılığın artırılması;

c)   lazım gəldikdə, dövlət orqanlarını və həmçinin yüksək səviyyəli şəxsləri də əhatə edən məqsədyönlü informasiya kampaniyası;

d)   oğlanlar və qızlar üçün məktəblərdə cinsi ayrıseçkiliyin yolverilməzliyini, belə ayrıseçkiliyin qorxulu nəticələrini, gender bərabərliyinin, eləcə də hər bir insanın şərəf və ləyaqətinin toxunulmazlığının vacibliyini xüsusilə vurğulayan tədris proqramları da daxil olmaqla, qabaqlayıcı tədbirlərin həyata keçirilməsi.

 

Maddə 7. Sərhəd nəzarəti tədbirləri

 

1.      Şəxslərin sərbəst şəkildə hərəkətinə dair beynəlxalq öhdəlikləri pozmadan, Tərəflər insan alveri hallarının aşkarlanması və qarşısının alınması üçün gərəkli ola biləcək sərhəd nəzarəti tədbirlərini mümkün qədər gücləndirməlidirlər.

2.   Hər bir Tərəf kommersiya daşıyıcıları tərəfindən idarə olunan nəqliyyat vasitələrinin bu Konvensiya ilə müəyyən olunmuş cinayət məqsədləri üçün istifadə edilməsinin qarşısının alınması məqsədilə qanunvericiliyi qəbul etməli və digər müvafiq tədbirləri həyata keçirməlidir.

3.     Müvafiq hallarda və tətbiq olunan beynəlxalq konvensiyaların müddəalarını məhdudlaşdırmadan, bu növ tədbirlər sırasına kommersiya daşıyıcıları, o cümlədən istənilən nəqliyyat şirkəti və yaxud hər hansı nəqliyyat vasitəsinin sahibi və ya operatoru üçün bütün sərnişinlərin qəbul edən ölkəyə daxil olmaları üçün tələb olunan yol sənədlərinə malik olmalarına əmin olmaq öhdəliyinin müəyyən edilməsi də daxil edilir.

4.  Hər bir Tərəf öz daxili qanunvericiliyinə uyğun olaraq, bu maddənin 3-cü bəndində göstərilən öhdəliklərin pozulmasına görə sanksiyaların müəyyən edilməsi üçün lazımi tədbirlər görməlidir.

5.   Hər bir Tərəf öz daxili qanunvericiliyinə uyğun olaraq, bu Konvensiyanın müddəaları ilə müəyyən edilmiş cinayətlərin törədilməsinə cəlb edilmiş şəxslərin vizalarının ləğv edilməsinə və ya onların ölkəyə buraxılmasından imtina edilməsinə icazə verilməsi üçün zəruri olan qanunvericiliyi qəbul etməli və digər müvafiq tədbirləri həyata keçirməlidir.

6.     Tərəflər birbaşa əlaqə kanalları yaratmaqla və saxlamaqla sərhəd nəzarəti orqanları arasındakı əməkdaşlığı gücləndirməlidirlər.

 

Maddə 8. Sənədlərin təhlükəsizliyi və onlara nəzarət

 

Hər bir Tərəf:

a)   verdiyi yol və şəxsiyyəti təsdiq edən sənədlərin sui-istifadə, saxtalaşdırılma və yaxud qeyri-qanuni olaraq əvəzlənmə, dublikatlaşdırılma və nəşr edilməni maksimum çətinləşdirəcək keyfiyyətə malik olmasını təmin etməli; və

b)  Tərəfin verdiyi və ya onun adından verilən yol və şəxsiyyəti təsdiq edən sənədlərin etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi və onların qeyri-qanuni hazırlanmasının və nəşrinin qarşısının alınması üçün vacib olan tədbirləri həyata keçirməlidir.

 

Maddə 9. Sənədlərin qanuniliyi və etibarlılığı

 

Hər bir Tərəf digər Tərəfin müraciətinə əsasən, öz daxili qanunvericiliyinə müvafiq olaraq, onun adından verilmiş və ya verildiyi güman edilən və insan alverində istifadə edildiyi ehtimal olunan yol və şəxsiyyəti təsdiq edən sənədlərin qanuniliyini və etibarlılığını ağlabatan müddət ərzində yoxlamalıdır.

 

Fəsil   III

 

GENDER BƏRABƏRLİYİ TƏMİN OLUNMAQLA

İNSAN ALVERİ QURBANLARININ HÜQUQLARININ

MÜDAFİƏSİ VƏ TƏŞVİQ EDİLMƏSİ ÜZRƏ TƏDBİRLƏR

 

Maddə 10. İnsan alveri qurbanlarının müəyyən edilməsi

 

1.      Hər bir Tərəf insan alverinin qarşısının alınması və onunla mübarizə, uşaqlar da daxil olmaqla insan alveri qurbanlarının müəyyən edilməsi və onlara yardım göstərilməsi sahəsində müvafiq təlim keçmiş və ixtisaslaşmış şəxslərin öz səlahiyyətli orqanlarına təyin edilməsini təmin etməli və qadın və uşaq alveri qurbanlarının onların xüsusi vəziyyətini nəzərə alan prosedurla müəyyən edilməsi və lazım gəldikdə, onlara bu Konvensiyanın 14-cü maddəsinin müddəalarına əsasən ölkə ərazisində yaşayış icazəsi verilməsi üçün aidiyyəti orqanların bir-biri ilə və həmçinin əlaqədar yardımçı təşkilatlarla əməkdaşlıq etməsini təmin etməlidir.

2.  Hər bir Tərəf, lazım gəldikdə, digər Tərəflər və əlaqədar yardımçı təşkilatlarla birgə əməkdaşlıq etməklə insan alveri qurbanlarının müəyyən olunması üçün vacib olan qanunvericilik və digər növ tədbirləri görməlidir. Əgər aidiyyəti səlahiyyətli orqanlarda hər hansı bir şəxsin insan alveri qurbanı olmasına əmin olmaq üçün əsaslar olarsa, o zaman hər bir Tərəf həmin şəxsin, bu Konvensiyanın 18-ci maddəsinə müvafiq olaraq həyata keçirilən insan alveri qurbanının müəyyənləşdirilməsi prosesi aidiyyəti orqanlar tərəfindən başa çatdırılmayana qədər öz ərazisindən çıxarılmamasını, habelə həmin şəxsə 12-ci maddənin 1-ci və 2-ci bəndlərində göstərilən qaydada yardım göstərilməsini təmin etməlidir.

3.     İnsan alveri qurbanının yaşı məlum olmadıqda və onun uşaq ola biləcəyi ilə əlaqədar müəyyən əsaslar olduqda, onun uşaq olması ehtimal olunmalı və onun yaşı müəyyən olunanadək ona münasibətdə xüsusi mühafizə tədbirləri görülməlidir.

4.     Müşayiət edilməyən hər hansı uşağın insan alveri qurbanı olması müəyyən edildiyi andan hər bir Tərəf aşağıdakı tədbirləri həyata keçirir:

a)   uşağın, onun mənafeyinə uyğun şəkildə çıxış edəcək qəyyum, təşkilat və ya səlahiyyətli orqan tərəfindən təmsil olunmasını təmin etmək;

b)   onun şəxsiyyətini və milli mənsubiyyətini müəyyənləşdirmək üçün zəruri addımlar atmaq;

c)   uşağın mənafeyinə uyğun olduğu təqdirdə, onun ailəsinin olduğu yeri müəyyənləşdirmək üçün bütün lazımi tədbirləri görmək.

 

Maddə 11. Şəxsi həyatın mühafizəsi

 

1.      Hər bir Tərəf insan alveri qurbanının şəxsiyyətini və şəxsi həyatını mühafizə etməlidir. Onlar barəsində olan şəxsi məlumatlar Fərdi məlumatların avtomatlaşdırılmış qaydada işlənməsi ilə əlaqədar şəxslərin qorunması haqqında Konvensiyanın (AMS № 108) şərtlərinə uyğun qaydada saxlanılmalı və istifadə edilməlidir.

2.     Hər bir Tərəf, ailə üzvlərinin axtarılması və ya uşağın rifahının və təhlükəsizliyinin təmin olunması üçün lazım olan hallar istisna olmaqla, uşaq alverinin qurbanının şəxsiyyətinin və ya onun şəxsiyyətini müəyyənləşdirməyə imkan verən məlumatların kütləvi informasiya və digər vasitələrlə aşkarlanmasına və yayılmasına yol verilməməsini təmin etmək üçün tədbirlər görməlidir.

3.     Hər bir Tərəf insan hüquqlarının və əsas azadlıqların müdafiəsinə dair Konvensiyanın 10-cu maddəsinə Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən verilmiş şərhə uyğun olaraq, insan alveri qurbanlarının şəxsi həyatlarının və şəxsiyyətinin kütləvi informasiya vasitələri tərəfindən özünütənzimləmə, yaxud tənzimləmə və ya birgə tənzimləmə tədbirləri vasitəsilə müdafiə edilməsini həvəsləndirmək istiqamətində tədbirlərin görülməsi imkanlarını nəzərdən keçirməlidir.

 

Maddə 12. İnsan alveri qurbanlarına yardım

 

1. Hər bir Tərəf insan alveri qurbanlarının fiziki, psixoloji və sosial vəziyyətinin bərpasına yardım etmək üçün zəruri olan qanunvericilik və digər tədbirləri həyata keçirməlidir. Bu yardım ən azı aşağıdakıları ehtiva etməlidir:

a)   müvafiq və təhlükəsiz mənzil təminatı, psixoloji və maddi dəstək və s. tədbirlər vasitəsilə onların mövcudluğunu təmin edə biləcək yaşayış şəraiti;

b)  təcili tibbi müayinə imkanları;

c)   tərcümə xidmətləri (lazım olan hallarda);

d)    onların başa düşdükləri dildə, xüsusilə onların qanuni hüquqlarına və yararlana biləcəkləri xidmətlərə dair məsləhətlərin və məlumatların verilməsi;

e)  onların hüquqlarının və mənafelərinin cinayətkarların mühakiməsi prosesinin müvafiq mərhələlərində təmsil olunmasına və nəzərə alınmasına yardım;

f)      uşaqlar üçün təhsil imkanları.

2.   Hər bir Tərəf insan alveri qurbanının təhlükəsizlik və mühafizə ehtiyaclarını nəzərə almalıdır.

3.     Əlavə olaraq, hər bir Tərəf onun ərazisində qanuni şəkildə məskunlaşmış, müvafiq resursları olmayan və bu cür yardıma ehtiyacı olan insan alveri qurbanlarına lazımi tibbi və digər yardımlar göstərməlidir.

4.   Hər bir Tərəf onun ərazisində qanuni şəkildə məskunlaşmış insan alveri qurbanlarına peşə təlimi, təhsil və əmək bazarına çıxış imkanı verəcək qaydalar qəbul etməlidir.

5.     Hər bir Tərəf tələb olunan hallarda və öz daxili qanunvericiliyinə əsasən, insan alveri qurbanlarına yardım məsələləri ilə məşğul olan qeyri-hökumət təşkilatları, digər aidiyyəti təşkilatlarla və vətəndaş cəmiyyətinin digər elementləri ilə əməkdaşlıq etmək üçün tədbirlər görməlidir.

6.     Hər bir Tərəf insan alveri qurbanlarına yardımların onların şahid qismində iştirak etmələri şərtilə göstərilməməsini təmin etmək üçün vacib olan qanunvericilik və digər tədbirləri görməlidir.

7.     Bu maddədə qeyd olunan müddəaların yerinə yetirilməsi üçün, hər bir Tərəf xüsusilə həssas vəziyyətdə olan şəxslərin və uşaqların mənzil, təhsil və müvafiq səhiyyə xidmətləri baxımından ehtiyaclarını və hüquqlarını nəzərə almaqla, xidmətlərin ümumi razılıq və məlumatlandırma əsasında göstərilməsini təmin etməlidir.

 

Maddə 13. Bərpa və fikirləşmə müddəti

 

1.      Hər bir Tərəf öz daxili qanunvericiliyində, şəxsin insan alveri qurbanı olduğuna əmin olmaq üçün əsaslı səbəblər olduğu təqdirdə ona ən azı 30 günlük bərpa və fikirləşmə müddəti təmin etməlidir. Bu müddət həmin şəxsin öz vəziyyətini bərpa etməsi, cinayətkarların təsirindən yayınması və/və ya aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq etmək barədə düşünülmüş qərar qəbul etməsi üçün yetərli olmalıdır. Bu müddət ərzində həmin şəxsin ölkədən çıxarılmasına dair heç bir qərar qəbul edilə bilməz. Bu müddəa səlahiyyətli orqanlar tərəfindən müvafiq milli icraatın bütün mərhələlərində və xüsusilə məlum cinayət işlərinin istintaqı və araşdırılması zamanı tədbirlərin həyata keçirilməsini məhdudlaşdırmır. Həmin müddət ərzində Tərəflər müvafiq şəxslərin öz ərazilərində qalmalarına icazə verməlidirlər.

2.   Bu müddət ərzində, bu maddənin 1-ci bəndində göstərilmiş şəxslərə 12-ci maddənin 1-ci və 2-ci bəndlərində nəzərdə tutulmuş bütün tədbirlər şamil edilməlidir.

3.     İctimai təhlükəsizlik buna imkan vermədikdə və ya qurban statusuna əsassız olaraq iddia edildiyi aşkar olunduqda, Tərəflər bu müddətə riayət etmək öhdəliyi daşımırlar.

 

Maddə 14. Yaşayış üçün icazə

 

1. Hər bir Tərəf aşağıdakı hallardan biri və yaxud hər ikisi mövcud olduğu
təqdirdə, insan alveri qurbanlarına yaşayış üçün təzələnən icazə verməlidir:

a)   müvafiq səlahiyyətli orqan insan alveri qurbanlarının vəziyyətini nəzərə alaraq onların ölkə ərazisində qalmalarını zəruri hesab etdikdə;

b)   müvafiq səlahiyyətli orqan cinayətin istintaqı və mühakiməsi ilə bağlı aidiyyəti orqanlarla əməkdaşlıq etmələri baxımından onların ölkə ərazisində qalmalarını vacib hesab etdikdə.

2.   Hüquqi baxımdan zəruri olduğu təqdirdə, uşaq alveri qurbanlarına yaşayış icazəsi onların mənafeyinə uyğun olaraq verilir və lazım olduğu təqdirdə eyni şərtlərlə yenilənir.

3.     Yaşayış icazəsinin yenilənməməsi və ya geri alınması Tərəfin daxili qanunvericiliyində nəzərdə tutulan şərtlər əsasında həyata keçirilir.

4.   İnsan alveri qurbanı digər növ yaşayış icazəsi almaq üçün ərizə ilə müraciət etdikdə, müvafiq Tərəf həmin şəxsin həmin vaxt, yaxud əvvəllər 1-ci bəndin müddəalarına uyğun olan yaşayış icazəsinə malik olduğunu nəzərə almalıdır.

5.   Bu Konvensiyanın 40-cı maddəsinin şamil edildiyi Tərəflərin öhdəliklərini nəzərə alaraq, hər bir Tərəf bu müddəaya uyğun olaraq yaşayış icazəsinin verilməsinin sığınacaq almaq və axtarmaq hüququnu məhdudlaşdırmamasını təmin etməlidir.

 

Maddə 15. Kompensasiya və məhkəmə təzminatı

 

1.      Hər bir Tərəf, insan alveri qurbanlarının müvafiq səlahiyyətli orqanlarla əlaqədə olduqları ilk andan etibarən aidiyyəti məhkəmə və inzibati icraat məsələlərinə dair məlumatı anladıqları dildə ala bilmələrini təmin etməlidir.

2.   Hər bir Tərəf öz daxili qanunvericiliyində insan alveri qurbanının hüquqi yardım və pulsuz hüquqi yardım almaq hüququnu təmin etməlidir.

3.   Hər bir Tərəf öz daxili qanunvericiliyində insan alveri qurbanlarının cinayəti törətmiş şəxslərdən kompensasiya almaq hüququnu təmin etməlidir.

4.   Hər bir Tərəf öz daxili qanunvericiliyinə uyğun olaraq insan alveri qurbanlarına 23-cü maddədə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsindən əldə olunmuş vəsaitlər hesabına maliyyələşdirilə bilən, insan alveri qurbanlarına kompensasiya ödənilməsi üçün fondların və ya onların sosial müdafiəsinə və sosial inteqrasiyasına yönəldilmiş proqram və tədbirlərin təşkil olunması vasitəsilə kompensasiya ödənilməsini təmin etmək üçün vacib olan qanunvericilik və digər tədbirləri həyata keçirməlidir.

 

Maddə 16. İnsan alveri qurbanlarının repatriasiyası və qaytarılması

 

1. İnsan alveri qurbanlarının mənsub olduğu və ya qəbul edən ölkə ərazisinə daxil olarkən ərazisində daimi yaşayış icazəsinə malik olduğu Tərəf həmin insan alveri qurbanının hüquqlarını, təhlükəsizliyini və ləyaqətini lazımi qaydada nəzərə almaqla, onun qayıtmasını əsassız və səbəbsiz ləngiməyə yol vermədən asanlaşdırmalı və qəbul etməlidir.

 

2.     Hər hansı bir Tərəf insan alveri qurbanını digər Tərəfə qaytararkən, bu, həmin şəxsin hüquqları, təhlükəsizliyi, ləyaqəti və şəxsin insan alveri qurbanı olması faktı ilə bağlı istənilən hüquqi icraatın xarakteri lazımi qaydada nəzərə alınmaqla, əsasən könüllü surətdə həyat keçirilməlidir.

3.     Qəbul edən Tərəfin müraciətinə əsasən, müraciət olunan Tərəf şəxsin onun vətəndaşı olub-olmadığını və ya qəbul edən Tərəfin ərazisinə daxil olan zaman onun ərazisində daimi yaşayış hüququna malik olub-olmadığını yoxlamalıdır.

4.   Müvafiq sənədləri olmayan insan alveri qurbanının geri qaytarılmasını asanlaşdırmaq üçün həmin şəxsin vətəndaşı olduğu və ya qəbul edən Tərəfin ərazisinə daxil olarkən daimi yaşayış icazəsinə malik olduğu Tərəf, qəbul edən Tərəfin müraciətinə əsasən, həmin şəxsin onun ərazisinə səfər etməsinə və yenidən daxil olmasına şəraitin yaradılması üçün vacib olan yol sənədlərinin və digər rəsmi icazələrin verilməsinə razılıq verməlidir.

5.     Hər bir Tərəf aidiyyəti milli və beynəlxalq institutlar və qeyri-hökumət təşkilatları ilə birgə repatriasiya proqramlarının təşkil olunması üçün vacib qanunvericilik və digər tədbirləri həyata keçirməlidir. Bu proqramların məqsədi insan alveri qurbanlarının yenidən cinayətin qurbanına çevrilməsinin qarşısını almaqdır. Hər bir Tərəf insan alveri qurbanlarının, xüsusilə onların peşə qabiliyyətinə yiyələnməsi və peşə qabiliyyətlərinin təkmilləşdirilməsi yolu ilə, qaytarıldıqları dövlətin cəmiyyətinə, həmçinin təhsil sisteminə və əmək bazarına yenidən inteqrasiya olunmaları üçün əlindən gələni əsirgəməməlidir. Uşaqlarla bağlı olaraq bu proqramlara təhsil hüququndan faydalanma imkanları, adekvat qayğının təmin olunması, ailələr və yaxud müvafiq qayğı göstərən strukturlar tərəfindən onların qəbul olunması tədbirləri daxil edilməlidir.

6.   Hər bir Tərəf, lazım olan hallarda digər əlaqədar Tərəflə birgə insan alveri qurbanlarının qaytarıldıqları və ya repatriasiya edildikləri ölkədə onlara yardım edə biləcək hüquq mühafizə orqanları, qeyri-hökumət təşkilatları, müvafiq məsləhətləri verə biləcək hüquq müdafiəçiləri və sosial təminat agentlikləri kimi bir sıra strukturların əlaqə məlumatlarını əldə edə bilmələrini təmin etmək üçün müvafiq qanunvericilik və digər tədbirləri həyata keçirməlidir.

7.   Riskin və təhlükəsizlik dərəcəsinin qiymətləndirilməsi nəticəsində uşaq alveri qurbanlarının geri qaytarılmasının onların mənafeyi baxımından məqsədəuyğun olmadığı müəyyən edildiyi təqdirdə, uşaq alveri qurbanları həmin dövlətə geri qaytarılmamalıdır.

 

Maddə 17. Gender bərabərliyi

 

Hər bir Tərəf bu fəsildə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi, təkmilləşdirilməsi və qiymətləndirilməsi zamanı gender bərabərliyini təşviq etməlidir.

 

 

Fəsil   IV

 

MADDİ CİNAYƏT HÜQUQU

 

Maddə 18. İnsan alverinin cinayət hesab edilməsi

 

Hər bir Tərəf bu Konvensiyanın 4-cü maddəsində göstərilən hərəkətlər qəsdən törədildiyi təqdirdə, onların cinayət əməli kimi qəbul olunması üçün lazımi qanunvericilik və digər tədbirləri həyata keçirməlidir.

 

Maddə 19. İnsan alveri qurbanlarının xidmətlərindən istifadə etmənin cinayət əməli hesab olunması

 

Hər bir Tərəf şəxsin insan alveri qurbanı olduğunu bilə-bilə onun, bu Konvensiyanın 4-cü maddəsinə uyğun olaraq istismar obyekti "hesab olunan xidmətlərindən istifadə etməyin öz daxili qanunvericiliyinə əsasən cinayət əməli kimi qiymətləndirilməsi üçün zəruri olan qanunvericilik və digər tədbirlərin həyata keçirilməsini nəzərdən keçirməlidir.

 

Maddə 20. Yol və şəxsiyyəti təsdiq edən sənədlərlə bağlı qanunsuz hərəkətlərin cinayət əməli hesab olunması

 

Hər bir Tərəf qəsdən və insan alveri məqsədilə törədildikdə aşağıdakı əməllərin cinayət əməli hesab olunması üçün zəruri olan qanunvericilik və digər tədbirləri həyata keçirməlidir:

a)   yol və şəxsiyyəti təsdiq edən sənədlərin saxtalaşdırılması;

b)  bu növ sənədlərlə təmin və təchiz etmə;

c)   hər hansı bir digər şəxsin yol və ya şəxsiyyətini təsdiq edən sənədlərini qanunsuz olaraq götürmək, saxlamaq, gizlətmək, zədələmək və ya məhv etmək.

 

Maddə 21. Cəhd, kömək və təhrik

 

1.        Hər bir Tərəf bu Konvensiyanın 18-ci və 20-ci maddələrində təsbit olunmuş hər bir cinayətin törədilməsi məqsədilə qəsdən edilən köməyi və təhriki cinayət əməli kimi təsbit etmək üçün bütün zəruri qanunvericilik və digər tədbirləri həyata keçirməlidir.

2.       Hər bir Tərəf bu Konvensiyanın 18-ci maddəsinə və 20-ci maddənin “a” yarımbəndində təsbit olunmuş cinayətin törədilməsinə qəsdən edilən cəhdi cinayət əməli kimi təsbit etmək üçün bütün zəruri qanunvericilik və digər tədbirləri həyata keçirməlidir.

 

Maddə 22. Hüquqi şəxslərin məsuliyyəti

 

1. Hər bir Tərəf, hər hansı bir hüquqi şəxsin, onun maraqları naminə, tək başına və ya hüquqi şəxsin orqanı tərkibində fəaliyyət göstərərək və aşağıda göstərilən səlahiyyətlərə malik olan rəhbər vəzifəni həyata keçirən fiziki şəxs tərəfindən  bu  Konvensiyada  göstərilmiş  cinayətlərin  törədilməsinə  görə məsuliyyət daşımasının təmin edilməsi üçün vacib olan qanunvericilik və digər tədbirləri həyata keçirməlidir:

a)   hüquqi şəxsi təmsil etmək səlahiyyətinə;

b)   hüquqi şəxsin adından qərar qəbul etmək səlahiyyətinə;

c)   hüquqi şəxsə nəzarəti həyata keçirmək səlahiyyətinə.

2.     1-ci bənddə nəzərdə tutulmuş hallarla yanaşı, hər bir Tərəf 1-ci bənddə göstərilən fiziki şəxs tərəfindən nəzarətin olmaması səbəbindən onun tabeliyi altında fəaliyyət göstərən hər hansı bir fiziki şəxsin, hüquqi şəxsin maraqları naminə, bu Konvensiyaya əsasən cinayət kimi qiymətləndirilən əməli törətdiyi təqdirdə hüquqi şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin təmin olunması üçün vacib olan tədbirləri həyata keçirməlidir.

3.     Tərəfin hüquq prinsiplərindən asılı olaraq, hüquqi şəxsin məsuliyyəti cinayət, mülki hüquqi və ya inzibati ola bilər.

4.     Bu cür məsuliyyət cinayəti törətmiş olan fiziki şəxsin məsuliyyətini məhdudlaşdırmamalıdır.

 

Maddə 23. Sanksiyalar və tədbirlər

 

1.      Hər bir Tərəf 18-21-ci maddələrə müvafiq olaraq cinayət kimi qəbul olunmuş əməllərin səmərəli, mütənasib və islahedici sanksiyalarla cəzalandırılması üçün zəruri olan qanunvericilik və digər tədbirləri həyata keçirməlidir. l8-ci maddəyə müvafiq olaraq cinayət kimi qəbul olunmuş və fiziki şəxs tərəfindən törədilmiş əməllərə görə tətbiq olunan bu cür sanksiyalara azadlıqdan məhrumetmə cəzası da daxil edilir və ekstradisiya ilə nəticələnə bilər.

2.     Hər bir Tərəf 22-ci maddənin müddəalarına müvafiq olaraq məsuliyyətə cəlb olunmuş hüquqi şəxslər barəsində səmərəli, mütənasib və islahedici cinayət və ya qeyri-cinayət sanksiyaları, o cümlədən maliyyə xarakterli sanksiyalar və ya tədbirlər tətbiq etməlidir.

3.     Hər bir Tərəf bu Konvensiyanın 18-ci maddəsinə və 20-ci maddənin “a” yarımbəndinə müvafiq olaraq cinayət kimi qəbul olunmuş əməllərin vasitə və vəsaitlərinin və ya dəyəri bu cür vəsaitə ekvivalent olan əmlakın müsadirə edilməsinə və ya digər yolla alınmasına imkan verən lazımi qanunvericilik və digər tədbirləri həyata keçirməlidir.

4.   Hər bir Tərəf üçüncü tərəflərin hüquqlarını məhdudlaşdırmadan insan alverinin həyata keçirilməsində istifadə olunan qurumların müvəqqəti və ya daimi olaraq bağlanılması və yaxud fəaliyyəti zamanı cinayət əməli törətmiş şəxsin bu fəaliyyətinin daimi və ya müvəqqəti olaraq qadağan olunması üçün lazımi qanunvericilik və digər tədbirləri həyata keçirməlidir.

 

Maddə 24. Ağırlaşdırıcı hallar

 

Hər bir Tərəf bu Konvensiyanın 18-ci maddəsinə müvafiq olaraq cinayət kimi qəbul edilmiş əməllərin törədilməsinə görə cəza tədbirlərinin müəyyən edilməsi zamanı aşağıdakı halların ağırlaşdırıcı hal kimi nəzərə alınmasını təmin etməlidir:

a) cinayət əməli qəsdən və ya ehtiyatsızlıq səbəbindən qurbanın həyatını təhlükə altında qoyduqda;

b)   cinayət əməli uşağa qarşı törədildikdə;

c)   cinayət əməli dövlət məmuru tərəfindən vəzifə səlahiyyətlərinin icrası zamanı törədildikdə;

d)      cinayət əməli cinayətkar qrup çərçivəsində həyata keçirildikdə.

 

Maddə 25. Əvvəlki məhkumluq

 

Hər bir Tərəf cəza tədbirinin müəyyən edilməsi zamanı bu Konvensiyaya müvafiq olaraq cinayət kimi qəbul edilmiş əməllərilə əlaqədar digər bir Tərəfin çıxardığı yekun məhkəmə qərarlarının nəzərə alınmasına imkan verən qanunvericilik və digər tədbirlər həyata keçirməlidir.

 

Maddə 26. Cəzadan azad edilmə haqqında qeyd-şərt

 

Hər bir Tərəf öz hüquq sisteminin əsas prinsiplərinə uyğun olaraq, insan alveri qurbanlarının qanunsuz fəaliyyətlərə məcburən cəlb olunduqlarına görə cəzalandırılmamasının mümkünlüyünü təmin etməlidir.

 

F ə s i l   V

 

İSTİNTAQ, MÜHAKİMƏ VƏ PROSESSUAL HÜQUQ

 

Maddə 27. Qurbanların adından verilən və tutulan vəzifəyə görə verilən şikayətlər

 

1.      Hər bir Tərəf, cinayətin qismən və ya bütünlüklə onun ərazisində törədildiyi təqdirdə, bu Konvensiyada təsbit olunan cinayət əməllərinin istintaqının və ya məhkəmə təqibinin insan alveri qurbanının verdiyi məlumatlar və ya irəli sürdüyü ittihamlar əsasında aparılmamasını təmin etməlidir.

2.     Hər bir Tərəf insan alveri qurbanlarının rezidenti olduqları Tərəfdən başqa digər Tərəfin ərazisində olduqları halda rezidenti olduqları dövlətin səlahiyyətli orqanlarına şikayət ünvanlaya bilmələrini təmin etməlidir. Şikayətin ünvanlandığı səlahiyyətli orqan, özünün bu işlərə səlahiyyəti çatmadığı təqdirdə, həmin şikayət ərizəsini ləngimədən cinayət törədilən Tərəfin ölkəsindəki müvafiq səlahiyyətli orqana ötürməlidir. Bu cür şikayətə ərazisində cinayətin törədildiyi Tərəfin daxili qanunvericiliyinə müvafiq qaydada baxılmalıdır.

3.     Hər bir Tərəf öz daxili qanunvericiliyinə müvafiq olaraq qanunvericilik və digər tədbirlər vasitəsilə, bu Konvensiyanın 18-ci maddəsində göstərilən cinayət əməllərinin cinayət təqibi zamanı insan alverinə qarşı mübarizəni və ya insan hüquqlarının müdafiəsini öz qarşısına məqsəd qoymuş istənilən qrup, fond, assosiasiya və ya qeyri-hökumət təşkilatları tərəfindən insan alveri qurbanlarına, onların öz razılıqları əsasında yardım və/və ya dəstək göstərilməsinin mümkünlüyünü təmin etməlidir.

 

Maddə 28. İnsan alveri qurbanlarının, şahidlərin və ədalət mühakiməsi orqanları ilə əməkdaşlıq edən şəxslərin müdafiəsi

 

1. Hər bir Tərəf cinayətkarların istintaqı və mühakimə olunması zamanı,
eləcə də ondan sonra aşağıda göstərilənlərin qisas və ya hədə-qorxu hallarından səmərəli və lazımi müdafiəsinin təmin olunması üçün vacib olan qanunvericilik və digər tədbirləri həyata keçirməlidir:

a)   insan alveri qurbanlarının;

b)  müvafiq hallarda, bu Konvensiyanın 18-ci maddəsində göstərilən cinayət əməlləri barədə istintaq və məhkəmə orqanlarına məlumat verən və ya bu orqanlarla digər şəkildə əməkdaşlıq edən şəxslərin;

c)   bu Konvensiyanın 18-ci maddəsində göstərilən cinayətlərlə əlaqədar ifadə verən şahidlərin;

d)  zəruri hallarda, “a” və “c” yarımbəndlərində göstərilən şəxslərin ailə üzvlərinin.

2.     Hər bir Tərəf müxtəlif növ mühafizə tədbirlərinin təklif edilməsi və təmin olunması üçün zəruri olan qanunvericilik və digər tədbirləri həyata keçirməlidir. Buraya fiziki müdafiə, yeni yaşayış yerinin təklif olunması, kimliyin dəyişdirilməsi və işlə təmin olunmaq üçün kömək aid ola bilər.

3.     Uşaq alveri qurbanı xüsusi mühafizə tədbirləri ilə onun mənafeyi nəzərə alınmaqla təmin olunmalıdır.

4.   Hər bir Tərəf cinayətkarların istintaqı və mühakiməsi zamanı və ondan sonra 27-ci maddənin 3-cü bəndində göstərilən fəaliyyətləri icra edən qrupların, fondların, şirkətlərin, yaxud qeyri-hökumət təşkilatlarının üzvlərini zərurət yarandığı təqdirdə, mümkün qisas və hədə-qorxu hallarından lazımi müdafiə ilə təmin etmək üçün vacib olan qanunvericilik və digər tədbirləri həyata keçirməlidir.

5.   Hər bir Tərəf bu maddənin tətbiq olunması məqsədilə digər dövlətlərlə sazişlərin bağlanılmasının və razılıqların əldə olunmasının nəzərdən keçirməlidir.

 

Maddə 29. İxtisaslaşdırılmış orqanlar və əlaqələndirici strukturlar

 

1.       Hər bir Tərəf şəxslərin və ya təşkilatların insan alverinə qarşı mübarizə və qurbanların müdafiəsi sahəsində ixtisaslaşdırılması üçün zəruri olan tədbirləri həyata keçirməlidir. Bu şəxslər və ya təşkilatlar öz vəzifələrini səmərəli şəkildə və heç bir əsassız təzyiqə məruz qalmadan icra edə bilmək üçün, Tərəfin hüquq sisteminin əsas prinsiplərinə uyğun şəkildə zəruri sərbəstliyə malik olmalıdırlar. Bu şəxslər və yaxud bu növ təşkilatların işçiləri öz vəzifələrini icra edə bilmək üçün adekvat təlimlər keçməli və adekvat maliyyə resurslarına malik olmalıdırlar.

2.   Hər bir Tərəf, zərurət yarandıqda, əlaqələndirici orqanların təsis edilməsi yolu ilə insan alverinə qarşı mübarizəni həyata keçirən hökumət və dövlət strukturlarının siyasətinin və fəaliyyətlərinin əlaqələndirilməsinin təmin olunması üçün zəruri olan tədbirləri həyata keçirməlidir.

3.      Hər bir Tərəf insan alverinə qarşı mübarizə və onun qarşısının alınması üzrə əlaqədar vəzifəli şəxslər üçün müvafiq təlimlərin, o cümlədən insan hüquqları üzrə təlimlərin təmin edilməsini və ya gücləndirilməsini təşkil etməlidir. Bu təlimlər konkret strukturların spesifik xüsusiyyətini nəzərə ala bilər. Müvafiq hallarda belə təlimlərdə əsas diqqət insan alverinin qarşısının alınmasında istifadə olunan üsullara yiyələnmə, təqsirli şəxslərin mühakiməsi və insan alveri qurbanlarının hüquqlarının müdafiəsi, o cümlədən zərərçəkmişlərin insan alveri ilə məşğul olanlardan müdafiəsi məsələlərinə yönəlməlidir.

4.     Hər bir Tərəf dövlət institutlarının insan alverinə qarşı mübarizə fəaliyyətlərinə və milli qanunvericiliyin tələblərinin yerinə yetirilməsinə nəzarət etmək üçün milli məruzəçilərin təyin olunmasını və yaxud digər mexanizmlərin işlənilib hazırlanmasını nəzərdən keçirməlidir.

 

Maddə 30. Məhkəmə prosesi

 

İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya və xüsusilə onun 6-cı maddəsinə müvafiq olaraq, hər bir Tərəf öz daxili qanunvericiliyinin müddəalarına uyğun olaraq məhkəmə prosesi zamanı:

a)      zərərçəkmişlərin şəxsi həyatlarının və lazım gəldikdə, şəxsiyyətlərinin qorunmasının;

b)  zərərçəkmişlərin təhlükəsizliyinin və onların hədə-qorxudan müdafiəsinin təmin olunması üçün (azyaşlı zərərçəkmişlərlə bağlı olan hallarda isə onların qayğısına qalmaq və xüsusi mühafizə hüquqlarını təmin etmək şərtilə) vacib olan qanunvericilik və digər tədbirləri həyata keçirməlidir.

 

Maddə 31. Yurisdiksiya

 

1. Hər bir Tərəf bu Konvensiyada göstərilən cinayət əməllərindən hər
hansı biri:

a)      onun ərazisində; və yaxud

b)  həmin Tərəfin bayrağı altında üzən gəminin göyərtəsində; və yaxud

c)      həmin Tərəfin qanunlarına müvafiq olaraq qeydiyyatdan keçirilmiş hava gemisinin göyərtəsində; və yaxud

d)     onun vətəndaşı olan və ya onun ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxs tərəfindən (əgər əməl, törədildiyi yerin mövcud cinayət qanunvericiliyinə müvafiq olaraq cəzalandırılan əməldirsə və yaxud belə əməl hər hansı bir dövlətin ərazi yurisdiksiyası xaricində törədilmişdirsə); və yaxud

e)      onun vətəndaşından birinə qarşı törədildikdə həmin cinayət üzrə yurisdiksiyanın təmin olunması üçün vacib olan qanunvericilik və digər tədbirləri həyata keçirməlidir.

2. Hər bir Tərəf imzalama zamanı və ya ratifikasiya, qəbul, təsdiq və qoşulma barəsində sənədini saxlanılmağa verərkən Avropa Şurasının Baş katibinə bəyanat ünvanlayaraq, bu maddənin 1-ci bəndinin (d) və (e) bəndlərində və digər bəndlərdə qeyd olunmuş yurisdiksiya qaydalarını tətbiq etməmək və yaxud yalnız xüsusi hallarda və ya xüsusi şərtlərlə tətbiq etmək hüququnu özündə saxladığını bəyan edə bilər.

 

3.      Hər bir Tərəf ehtimal olunan cinayətkarın öz ərazisində olduğu zaman və yalnız onun vətəndaşlığı ilə əlaqədar digər Tərəfə ekstradisiya etmədiyi təqdirdə, ekstradisiya barədə müraciətdən sonra, bu Konvensiyada qeyd edilmiş cinayətlərlə əlaqədar öz yurisdiksiyasının təmin olunması üçün vacib olan tədbirləri həyata keçirməlidir.

4.   Bu Konvensiyada göstərilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə bağlı iki və daha artıq Tərəf yurisdiksiya iddiası ilə çıxış edərsə, o zaman aidiyyəti Tərəflər mühakimə üçün ən uyğun yurisdiksiyanın müəyyən edilməsi üçün müzakirələr aparmalıdır.

5.      Bu Konvensiya beynəlxalq hüququn əsas normalarına xələl gətirmədən hər hansı bir Tərəfin öz daxili qanunvericiliyinə müvafiq olaraq cinayət yurisdiksiyası həyata keçirməsini istisna etmir.

 

Fəsil   VI

 

BEYNƏLXALQ ƏMƏKDAŞLIQ VƏ VƏTƏNDAŞ CƏMİYYƏTİ İLƏ ƏMƏKDAŞLIQ

 

Maddə 32. Beynəlxalq əməkdaşlığın başlıca meyarları və prinsipləri

 

Tərəflər bu Konvensiyanın müddəalarına uyğun olaraq və müvafiq beynəlxalq və regional sənədlər, daxili qanunvericilik və həmçinin ümumi və qarşılıqlı faydalı qanunvericilik aktları vasitəsilə əldə olunmuş razılaşmalar əsasında mümkün qədər geniş şəkildə, aşağıdakı məsələlərin həyata keçirilməsi məqsədilə əməkdaşlıq edəcəklər:

-   insan alverinə qarşı mübarizə və onun qarşısının alınması;

-   qurbanların müdafiəsi və onlara yardım;

-   bu Konvensiyada nəzərdə tutulmuş cinayət əməllərinin istintaqı və ya mühakiməsi.

 

Maddə 33. Təhlükə qarşısında olan və itkin düşmüş şəxslərlə bağlı tədbirlər

 

1.       Əgər hər hansı bir Tərəf özündə olan məlumatlara əsasən 28-ci maddənin 1-ci bəndində istinad olunan hər hansı bir şəxsin həyatının, azadlığının və ya fiziki toxunulmazlığının digər bir Tərəfin ərazisində birbaşa təhlükə altında olduğunu ehtimal etmək üçün əsaslı səbəblərə malik olarsa, o halda həmin məlumata malik olan Tərəf müvafiq müdafiə tədbirlərinin görülməsi üçün həmin məlumatı dərhal digər Tərəfə ötürməlidir.

2.   Bu Konvensiyanın iştirakçısı olan Tərəflər itkin düşmüş şəxslərin və xüsusilə də uşaqların (əgər əldə olunan məlumatlar həmin şəxslərin insan alveri qurbanı olmalarını ehtimal etməyə əsas verirsə) axtarışı istiqamətində öz əməkdaşlıqlarını gücləndirməyi nəzərdən keçirə bilərlər. Bununla əlaqədar Tərəflər öz aralarında ikitərəfli və ya çoxtərəfli sazişlər imzalaya bilərlər.

 

Maddə 34. İnformasiya

 

1.     Sorğu edilən Tərəf sorğu edən Tərəfi bu fəslin müddəalarına uyğun olaraq həyata keçirilmiş fəaliyyətlərin yekun nəticələri barədə dərhal məlumatlandırmalıdır. Sorğu edilən Tərəf, eyni zamanda, sorğu edən Tərəfi tələb olunan fəaliyyətlərin icrasını mümkünsüz edən və ya onun icrasını ləngidən hallar barədə də dərhal məlumatlandırmalıdır.

2.    Hər bir Tərəf öz araşdırmaları nəticəsində əldə etdiyi məlumatları, əgər o, bu məlumatların aşkar olunmasının qəbul edən Tərəfin bu Konvensiyada göstərilən cinayət əməlləri ilə əlaqədar istintaq və ya məhkəmə icraatı başlatmasına və ya aparmasına kömək edə biləcəyini və ya həmin Tərəfin bu fəsil üzrə əməkdaşlıq etmək barədə müraciət etməsinə səbəb olacağını düşünürsə, öz daxili qanunvericiliyi çərçivəsində, əvvəlcədən heç bir sorğu gözləmədən, digər Tərəfə ötürə bilər.

3.    Bu növ məlumat ötürülməzdən öncə, məlumatı ötürən Tərəf bu məlumatların məxfi saxlanılması və ya müəyyən şərtlərə uyğun olaraq istifadə olunmasını xahiş edə bilər. Əgər qəbul edən Tərəf bu xahişi yerinə yetirə bilməzsə, o, bu barədə məlumat ötürən Tərəfi məlumatlandırmalıdır. Həmin Tərəf də öz növbəsində bundan sonra məlumatı verib-verməyəcəyini müəyyən etməlidir. Əgər qəbul edən Tərəf məlumatları müəyyən şərtlər altında qəbul edərsə, o zaman o, bu şərtlər üzrə öhdəlik daşıyacaqdır.

4. 13-cü, 14-cü və 16-cı maddələrə dair müraciət olunan bütün məlumatlar, bu maddələrdə nəzərdə tutulan hüquqların təmin olunması şərtilə, müvafiq Tərəfin müraciəti əsasında bu Konvensiyanın 11-ci maddəsinə uyğun olaraq təxirə salınmadan həmin Tərəfə ötürülməlidir.

 

Maddə 35. Vətəndaş cəmiyyəti ilə əməkdaşlıq

 

Hər bir Tərəf bu Konvensiyanın məqsədlərinə nail olmaq üçün dövlət orqanlarını və dövlət rəsmilərini qeyri-hökumət təşkilatları, digər əlaqədar təşkilatlar və vətəndaş cəmiyyəti üzvləri ilə strateji tərəfdaşlığın yaradılması istiqamətində əməkdaşlıq etməyə həvəsləndirməlidir.

 

Fəsil   VII

 

NƏZARƏT MEXANİZMİ

 

Maddə 36. İnsan alverinə qarşı fəaliyyət məsələləri üzrə ekspertlər qrupu

 

1.       Bu Konvensiyanın yerinə yetirilməsinə nəzarəti İnsan alverinə qarşı fəaliyyət üzrə ekspertlər qrupu (bundan sonra “GRETA” adlandırılacaq) həyata keçirəcəkdir.

2.   GRETA gender və coğrafi balans və həmçinin çoxsahəli peşə təcrübəsi nəzərə alınmaqla, minimum 10 və maksimum 15 nəfərdən ibarət olacaqdır. Onları Tərəflərin Komitəsi bu Konvensiyanın iştirakçısı olan dövlətlərin vətəndaşları arasından 4 il müddətinə seçəcəkdir. GRETA üzvlərinin bir dəfə təkrar seçilmək hüququ vardır.

3. GRETA üzvlərinin seçimi aşağıdakı prinsiplər əsasında həyata keçirilə-
cəkdir:

a)   onlar yüksək əxlaqi keyfiyyətlərə malik olan, insan hüquqları, qurbanların müdafiəsi və onlara yardım və insan alverinə qarşı fəaliyyət sahəsindəki böyük səriştəsi ilə tanınan və ya bu Konvensiyanın əhatə etdiyi sahələr üzrə peşəkar təcrübəyə malik olan şəxslər arasından seçilirlər;

b)  onlar vətəndaşı olduqları dövlətlərin adından yox, öz adlarından çıxış etməli, öz funksiyalarını yerinə yetirərkən müstəqil və bitərəf olmalı və öz vəzifələrini səmərəli şəkildə icra edə bilməlidirlər;

c)   GRETA-nın hər hansı iki üzvü eyni bir ölkənin vətəndaşı ola bilməz;

d)  onlar əsas hüquqi sistemləri təmsil etməlidirlər.

3.   GRETA üzvlərinin seçki proseduru Nazirlər Komitəsi tərəfindən, bu
Konvensiya qüvvəyə mindikdən sonra bir il müddətində, Tərəflərlə müzakirə olunduqdan və onların yekdil razılığı əldə olunduqdan sonra müəyyən ediləcəkdir. GRETA özünün prosedur qaydalarını özü qəbul edəcəkdir.

 

Maddə 37. Tərəflər Komitəsi

 

1.      Tərəflər Komitəsi Avropa Şurasının üzvü olan Konvensiya Tərəflərinin Nazirlər Komitəsindəki nümayəndələrindən və Avropa Şurasının üzvü olmayan Konvensiya Tərəflərinin nümayəndələrindən ibarət olacaqdır.

2.     Tərəflər Komitəsinin iclasları Avropa Şurasının Baş katibi tərəfindən çağırılacaqdır. Komitənin ilk iclası GRETA üzvlərinin seçilməsi məqsədilə bu Konvensiya qüvvəyə mindikdən sonra bir il müddətində keçirilməlidir. Bundan sonra Tərəflər Komitəsinin iclasları Tərəflərin üçdə birinin, GRETA-nın Prezidentinin və ya Baş katibin xahişi əsasında istənilən vaxt keçirilə bilər.

3.     Tərəflər Komitəsi öz prosedur qaydalarını özü qəbul edəcəkdir.

 

Maddə 38. Prosedur

 

1.      Qiymətləndirmə proseduru Konvensiyanın Tərəflərinə şamil edilir və davamiyyət müddəti GRETA tərəfindən müəyyən edilən dövrlərə bölünür. Hər bir dövrün başlanğıcında GRETA qiymətləndirmə prosedurunun əsaslandığı spesifik müddəaları müəyyən edəcəkdir.

2.     GRETA bu qiymətləndirməni həyata keçirmək üçün ən uyğun vasitələri müəyyən etməlidir. Misal üçün, GRETA hər bir qiymətləndirmə dövrü üçün Tərəflərin bu Konvensiyanı yerinə yetirmələrini qiymətləndirmək üçün əsas ola biləcək sorğu vərəqəsi tərtib edə bilər. Bu sorğu vərəqəsi bütün Tərəflərə ünvanlanmalıdır. Tərəflər bu sorğu vərəqəsini, eləcə də GRETA tərəfindən ünvanlanmış digər informasiya sorğularını cavablandırmalıdır.

3.  GRETA informasiya almaq üçün vətəndaş cəmiyyətinə də müraciət edə bilər.

4.  GRETA, əlavə olaraq, milli səlahiyyətli orqanlar və sonuncu tərəfindən təyin olunmuş “əlaqələndirici şəxs”lərlə əməkdaşlıq çərçivəsində və lazım olan hallarda, müstəqil milli ekspertlərin köməyi ilə ölkələrə səfərlər təşkil edə bilər. Bu səfərlər ərzində GRETA spesifik sahələr üzrə mütəxəssislərin köməyindən istifadə edə bilər.

5. GRETA qiymətləndirmənin əsaslandığı müddəaların icrasına dair apardığı təhlillər əsasında məruzə layihəsini və həmçinin müvafiq Tərəfin aşkar edilmiş problemlərinin həlli yollarına dair öz təkliflərini və tövsiyələrini hazırlamalıdır. İlkin məruzə rəy bildirilməsi üçün qiymətləndirilən Tərəfə göndərilməlidir. Tərəfin rəyi məruzə hazırlanarkən GRETA tərəfindən nəzərə alınmalıdır.

6. Bunun əsasında, GRETA müvafiq Tərəfin bu Konvensiyanın yerinə yetirilməsi istiqamətində gördüyü tədbirlərə dair öz məruzəsini və yekun nəticələrini hazırlamalıdır. Bu məruzə və nəticələr müvafiq Tərəfə və Tərəflər Komitəsinə göndərilir. GRETA-nın məruzəsi və yekun nəticələri müvafiq Tərəfin rəyi ilə birlikdə qəbul olunduğu tarixdən etibarən nəşr edilir.

7. Bu maddənin 1-6-cı bəndlərindəki prosedurların icrasını məhdudlaşdırmadan, Tərəflə” Komitəsi GRETA-nın məruzəsi və yekun nəticələri əsasında həmin Tərəfə ünvanlanmış (a) GRETA-nın müəyyən etdiyi nöqsanları aradan qaldırmaq üçün görüləsi tədbirlərə dair (lazım olan təqdirdə, bu nöqsanların aradan qaldırılması barədə məlumatın təqdim olunması üçün vaxt təyin edərək) və (b) bu Konvensiyanın lazımi qaydada icra olunması üçün həmin Tərəflə əməkdaşlığın artırılmasına dair tövsiyələr qəbul edə bilər.

 

Fəsil   VIII

 

DİGƏR BEYNƏLXALQ SƏNƏDLƏRLƏ ƏLAQƏ

 

Maddə 39. Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasına əlavə edilmiş İnsan, xüsusilə də qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılmasına dair Protokol ilə əlaqə

 

Bu Konvensiya Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasına əlavə edilmiş İnsan, xüsusilə də qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılmasına dair Protokolun müddəalarından irəli gələn hüquq və öhdəliklərə təsir etmir və onun əsasında həyata keçirilən müdafiə tədbirlərini genişləndirmək və orada qeyd olunan standartları təkmilləşdirmək məqsədi daşıyır.

 

Maddə 40. Digər beynəlxalq sənədlərlə əlaqə

 

1.       Bu Konvensiya onun Tərəflərinin iştirakçısı olduğu və ya olacağı və həmçinin bu Konvensiyada nəzərdə tutulmuş məsələlərə dair müddəalardan ibarət olan, insan alveri qurbanları üçün daha mükəmməl yardım və müdafiə imkanları nəzərdə tutan digər beynəlxalq sənədlərin müddəalarından irəli gələn hüquq və öhdəliklərinə təsir etməyəcəkdir.

2.      Tərəflər bu Konvensiyada nəzərdə tutulmuş məsələlərə dair, həmçinin burada qeyd olunmuş müddəaların yerinə yetirilməsi və təkmilləşdirilməsi, yaxud burada nəzərdə tutulmuş prinsiplərin tətbiq olunmasının asanlaşdırılması məqsədilə bir-birilə ikitərəfli və çoxtərəfli sazişlər bağlaya bilərlər. Avropa İttifaqının üzvü olan Tərəflər bu Konvensiyanın məqsəd və vəzifələrinə, həmçinin digər Tərəflərlə münasibətlərində bu Konvensiyanın tam şəkildə tətbiqinə xələl gətirmədən, öz qarşılıqlı münasibətlərində Avropa İqtisadi Birliyinin və Avropa İttifaqının aidiyyəti məsələlərini tənzimləyən və spesifik hallara tətbiq olunan qaydalarını tətbiq edə bilərlər.

3.   Bu Konvensiyanın heç bir müddəası dövlətlərin və fərdlərin beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq və beynəlxalq insan hüquqları, xüsusilə də tətbiq oluna biləcəyi hallarda Qaçqınların statusu haqqında 1951-ci il tarixli Konvensiya, həmin Konvensiyanın 1967-ci il tarixli Protokolu və orada təsbit olunmuş qaçqınların zorla qaytarılmaması prinsipindən irəli gələn hüquq, vəzifə və öhdəliklərinə təsir göstərmir.

 

Fəsil   IX

 

KONVENSİYAYA DÜZƏLİŞLƏR

 

Maddə 41. Düzəlişlər

 

1.     Bu Konvensiyaya düzəliş edilməsi barədə hər hansı bir Tərəfin irəli sürdüyü təklif Avropa Şurasının Baş katibinə təqdim olunur. Baş katib öz növbəsində həmin təklifi Avropa Şurasının üzvü olan dövlətlərə, bu Konvensiyanı imzalamış dövlətlərə, onun iştirakçısı olan Tərəflərə, Avropa İqtisadi Birliyinə, 42-ci maddənin müddəalarına uyğun olaraq bu Konvensiyanı imzalamağa və 43-cü maddənin müddəalarına uyğun olaraq bu Konvensiyaya qoşulmağa dəvət olunmuş hər bir dövlətə göndərir.

2.    Tərəfin irəli sürdüyü hər hansı düzəliş GRETA-ya təqdim olunur və o da öz növbəsində təklif olunan həmin düzəliş barədə öz rəyini Nazirlər Komitəsinə təqdim edir.

3.     Nazirlər Komitəsi düzəliş barədə təklifi və GRETA-nın bu təklif barədə rəyini nəzərdən keçirir və Konvensiyanın iştirakçısı olan Tərəflərin müzakirəsindən və onların yekdil razılığının əldə olunmasından sonra düzəlişi qəbul edə bilər.

4.  Nazirlər Komitəsi tərəfindən bu maddənin 3-cü bəndinə uyğun olaraq qəbul edilmiş hər hansı düzəlişin mətni qəbul edilmək üçün Tərəflərə göndərilir.

5.    Bu maddənin 3-cü bəndinə uyğun olaraq qəbul edilmiş hər hansı düzəliş bütün Tərəflərin dəyişikliyi qəbul etdikləri barədə Baş katibi məlumatlandırdıqları tarixdən sonrakı bir aylıq müddətin bitməsindən sonra növbəti ayın ilk günündə qüvvəyə minir.

 

Fəsil   X

YEKUN MÜDDƏALAR

 

Maddə 42. İmzalanma qüvvəyə minmə

 

1. Bu Konvensiya Avropa Şurasının üzvü olan, bu Təşkilatın üzvü olmayan, lakin Konvensiyanın hazırlanmasında iştirak etmiş və həmçinin Avropa İqtisadi Birliyinin üzvü olan dövlətlər tərəfindən imzalanmaq üçün, açıqdır.

2.      Bu Konvensiya ratifikasiya, qəbul və ya təsdiq edilməlidir. Ratifikasiya, qəbul və ya təsdiq barədə sənədlər saxlanmaq üçün Avropa Şurasının Baş katibinə təqdim olunur.

3.      Bu Konvensiya onu imzalamış 10 Tərəfin, o cümlədən Avropa Şurasının üzvü olan ən azı 8 dövlətin öncəki bəndin müddəalarına uyğun olaraq Konvensiyaya dair öhdəlikləri götürdükləri barədə razılıqlarını ifadə etdikləri tarixdən sonrakı üç aylıq müddət bitdikdən sonra növbəti ayın ilk günündə qüvvəyə minir.

4.   Bu Konvensiya üzrə öhdəlikləri götürməsinə dair razılığını Avropa İqtisadi Birliyinə və ya 1-ci bənddə qeyd olunan dövlətlərdən hər hansı birinə münasibətdə bu Konvensiya onun ratifikasiya, qəbul və ya təsdiq sənədini saxlanılmaq üçün təqdim olunduğu tarixdən sonrakı üç aylıq müddət bitdikdən sonra növbəti ayın ilk günündə qüvvəyə minir.

 

Maddə 43. Konvensiyaya qoşulma

 

1.      Konvensiya qüvvəyə mindikdən sonra Avropa Şurasının Nazirlər Komitəsi bu Konvensiyanın iştirakçısı olan Tərəflərlə müzakirə apardıqdan və onların yekdil razılığını aldıqdan sonra Konvensiyanın qəbul olunmasında iştirak etməmiş və Avropa Şurasının üzvü olmayan hər hansı bir dövləti Avropa Şurasının Nizamnaməsinin 20-ci maddəsinin “d” bəndində göstərilən səs çoxluğu ilə qəbul edilmiş qərarı və Nazirlər Komitəsində təmsil olunmaq hüququna malik olan razılığa gələn dövlətlərin nümayəndələrinin yekdil rəyi ilə bu Konvensiyaya qoşulmağa dəvət edə bilər.

2.     Konvensiyaya qoşulan hər hansı bir dövlətə münasibətdə bu Konvensiya qoşulma barədə sənədin saxlanmaq üçün Avropa Şurası Baş katibinə təqdim olunduğu tarixdən sonrakı üç aylıq müddətin başa çatmasından sonra növbəti ayın ilk günündə qüvvəyə minir.

 

Maddə 44. Ərazi üzrə tətbiq

 

1.      Avropa İqtisadi Birliyi və ya hər hansı dövlət bu Konvensiyanı imzalayarkən və yaxud ratifikasiya, qəbul, təsdiq və ya qoşulma barədə sənədini saxlanılmağa təqdim edərkən bu Konvensiyanın şamil ediləcəyi ərazi və ya əraziləri müəyyənləşdirməlidir.

2.     Hər bir Tərəf bundan sonra istənilən zaman Avropa Şurasının Baş Katibinə bəyanat göndərməklə bu Konvensiyanın bəyanatda göstərilən, həmçinin beynəlxalq münasibətlərinə görə məsuliyyət daşıdığı və adından qərarlar qəbul etmək səlahiyyətinə malik olduğu digər ərazilərə də tətbiq edilməsini həyata keçirə bilər. Bu ərazilər üçün Konvensiya bəyanatın Baş katib tərəfindən qəbul edildiyi tarixdən sonrakı üç aylıq müddət bitdikdən sonra növbəti ayın ilk günündə qüvvəyə minir.

3.     Bu növ bəyanatlarda göstərilən ərazilərlə bağlı əvvəlki iki bəndin müddəalarına uyğun olaraq təqdim olunmuş istənilən bəyanat Avropa Şurasının Baş katibinə ünvanlanmış bildiriş əsasında ləğv oluna bilər. Bu cür ləğv olunma belə bildirişin Baş katib tərəfindən alındığı tarixdən sonrakı üç aylıq müddət bitdikdən sonra növbəti ayın ilk günündə qüvvəyə minir.

 

31-ci maddənin 2-ci bəndində göstərilən hal istisna olmaqla, bu Konvensiyanın müddəalarına heç bir qeyd-şərt edilə bilməz.

 

Maddə 46. Denonsasiya

 

1.       Hər bir Tərəf Avropa Şurasının Baş katibinə bildiriş göndərməklə bu Konvensiyanı istənilən zaman denonsasiya edə bilər.

2.     Belə denonsasiya bildirişin Baş katib tərəfindən alındığı tarixdən sonrakı üç aylıq müddət bitdikdən sonra növbəti ayın ilk günündə qüvvəyə minir.

 

Maddə 47. Bildiriş

 

Avropa Şurasının Baş katibi Avropa Şurasının üzvü olan dövlətləri, bu Konvensiyanın iştirakçısı olan istənilən dövləti, onu imzalamış istənilən dövləti, Avropa İqtisadi Birliyini, həmçinin 42-ci maddənin müddəalarına müvafiq olaraq bu Konvensiyanı imzalamağa və 43-cü maddənin müddəalarına müvafiq olaraq bu Konvensiyaya qoşulmağa dəvət olunmuş dövlətləri aşağıdakılar barədə məlumatlandırmalıdır:

a)  hər hansı imzalanma barədə;

b) hər hansı ratifikasiya, qəbul, təsdiq və ya qoşulma haqqında sənədin saxlanılmağa verildiyi barədə;

c)  42-ci və 43-cü maddələrin müddəalarına uyğun olaraq bu Konvensiyanın qüvvəyə minmə tarixi barədə;

d)   41-ci maddənin müddəalarına uyğun olaraq qəbul edilmiş hər hansı düzəliş və bu düzəlişin qüvvəyə minmə tarixi barədə;

e)  46-cı maddənin müddəalarına müvafiq olaraq edilmiş hər hansı denonsasiya barədə;

f)   bu Konvensiya ilə əlaqədar hər hansı digər akt, bildiriş və ya məlumatlar barədə;

g) 45-ci maddənin müddəalarına uyğun olaraq edilmiş hər hansı qeyd-şərt barədə.

Bunun təsdiqi olaraq, lazımi qaydada səlahiyyət verilmiş aşağıda imza edənlər bu Konvensiyanı imzaladılar.

2005-ci il mayın 16-da Varşava şəhərində, hər ikisi eyni qüvvəyə malik olmaqla, ingilis və fransız dillərində, bir əsl nüsxədə imzalanmışdır. Əsl nüsxə Avropa Şurasının arxivində saxlanılacaqdır. Avropa Şurasının Baş katibi bu Konvensiyanın təsdiqlənmiş nüsxələrini Avropa Şurasının üzvü olan dövlətlərə, üzv olmayan, lakin bu Konvensiyanın qəbul olunmasında iştirak etmiş dövlətlərə, Avropa İqtisadi Birliyinə və bu Konvensiyaya qoşulmağa dəvət olunmuş dövlətlərə göndərəcəkdir.

 

 

Avropa Şurasının İnsan alverinə qarşı mübarizə haqqında Konvensiyası üzrə Azərbaycan Respublikasının

 

BƏYANATI

 

Azərbaycan Respublikası bəyan edir ki, Azərbaycan Respublikası tərəfindən bu Konvensiyanın müddəalarından irəli gələn hüquq və öhdəliklər Ermənistan Respublikasına münasibətdə tətbiq edilməyəcəkdir.

 

 

Avropa Şurasının İnsan alverinə qarşı mübarizə haqqında Konvensiyası üzrə Azərbaycan Respublikasının

 

BƏYANATI

 

Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində (Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və ona bitişik yeddi rayonu) Konvensiyanın müddəalarının həyata keçirilməsinə həmin ərazilər işğaldan azad olunanadək və işğalın nəticələri tam aradan qaldırılanadək təminat vermək iqtidarında deyildir (Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin sxematik xəritəsi əlavə olunur).

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status