AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
20.05.2010
QEYDİYYAT NÖMRƏSİ
95
ADI
“Alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətə xüsusi icazə verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-05-2010, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 473)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
20.05.2010
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
120.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətə xüsusi icazə verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

“Alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətə xüsusi icazə verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI [1]

 

“Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 noyabr tarixli 182 nömrəli Fərmanının 3.1-ci bəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətə xüsusi icazə verilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri   A.RASİZADƏ

 

Bakı şəhəri, 20 may 2010-cu il

№ 95

 

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2010-cu il 20 may tarixli, 95 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətə xüsusi icazə verilməsi

 

QAYDALARI [2]

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar “Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 noyabr tarixli, 182 nömrəli Fərmanının 3-cü bəndinin icrası ilə bağlı hazırlanmışdır, alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətə (layihələndirmə, tikinti, istismar) xüsusi icazə verilməsi qaydalarını müəyyən edir.

1.2. Bu Qaydalar gücü 10 kvt-a qədər olan külək, günəş və biokütlə əsasında kommersiya məqsədi ilə satışa çıxarılması istisna olmaqla, enerji alınması ilə məşğul olmaq istəyən hüquqi və ya fiziki şəxslərə (mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq) şamil edilmir.

 

2. Əsas anlayışlar

 

Bu Qaydalarda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

alternativ enerji — karbohidrogen yanacağının istilik və elektrik enerjisinə çevrilməsindən alınan enerjidən başqa, digər mənbələr (bərpa olunan mənbələr) əsasında istehsal olunan bütün növ istilik və elektrik enerjisi;

bərpa olunan enerji mənbələri — ətraf mühitdə daim mövcud olan, yaxud mütəmadi yaranan enerji mənbələri (günəş, külək, yerin geotermal su axınları, biokütlə, su axınları və s.);

su enerjisi — axan suyun kinetik enerjisinin elektrik enerjisinə çevrilməsi;

külək enerjisi — atmosferdə olan hava kütlələrinin kinetik enerjisinin elektrik enerjisinə çevrilməsi;

günəş enerjisi — günəş şüalarının fotoelektrik və termodinamik üsullarla elektrik enerjisi və istiliyə çevrilməsi;

biokütlə enerjisi (bio-enerji) — bioloji xammalın (mal təzəyi, çürümüş kütlə, bitkilər və s.) emalından əldə edilən yanacaqdan istifadə etməklə, elektrik və istilik enerjisinin alınması;

geotermik enerji — yerin təkində olan istilik enerjisindən istifadə etməklə, istilik və ya geotermal su enerjisinin alınması;

kiçik su elektrik stansiyası — gücü 50 kilovatdan 10 000 kilovata qədər olan, sabit su axımında yerləşdirilən və istifadə edilən suyun dərhal yenidən öz məcrasına qaytarılmasını təmin edən stansiyalar;

külək elektrik stansiyası — hava kütlələrinin kinetik enerjisini elektrik enerjisinə çevirən qurğu.

 

3. Xüsusi icazənin verilməsi

 

3.1. Xüsusi icazə kiçik su elektrik stansiyalarının, geotermal sular, gücü 10 kvt-dan artıq olan külək, günəş, biokütlə əsasında enerji alınması üçün nəzərdə tutulan obyektlərin (qurğuların) layihələndirilməsi, tikintisi və istismarı ilə məşğul olmaq istəyən hüquqi və ya fiziki şəxslərə (mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq) onların müraciəti (ərizəsi) və ya müsabiqə əsasında verilir.

Xüsusi icazə müsabiqə yolu ilə verildikdə, müsabiqədə qalib gələn hüquqi və fiziki şəxsə xüsusi icazə müsabiqənin şərtlərinə uyğun olaraq verilir. Müsabiqə şərtləri qanunvericilik aktlarına və bu Qaydalara uyğun olmalıdır.

İstismarı dayandırılmış obyektlərin (qurğuların) yenidən istismara buraxılması (bu Qaydaların 4.1-ci bəndində göstərilən hallar istisna olmaqla) və ya obyektlərin (qurğuların) gücünün artırılması, modernləş-dirilməsi və yenidən qurulması işləri aparıldıqdan sonra yenidən istismara buraxılması da xüsusi icazə əsasında göstərilən qaydada həyata keçirilir.

3.2. Alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətə xüsusi icazə Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (bundan sonra - Agentlik) tərəfindən verilir. [3]

3.3. Müvafiq fəaliyyətə xüsusi icazə almaq istəyən hüquqi və ya fiziki şəxs (bundan sonra — ərizəçi) Agentliyə ərizə ilə müraciət etməlidir. Ərizədə aşağıdakılar öz əksini tapmalıdır:

3.3.1. hüquqi şəxslər üçün — şirkətin (firmanın) adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, VÖEN, fəaliyyət növü;

3.3.2. fiziki şəxslər üçün — soyadı, adı, şəxsiyyəti təsdiq edən sənəd, ünvanı, VÖEN, fəaliyyət növü;

3.3.3. layihələndirilməsi, tikintisi və istismarı nəzərdə tutulan obyekt (qurğu) haqqında məlumat (adı və tipi, gücü, istehsal edəcək enerjinin həcmi, tətbiq ediləcək texnologiya, tikiləcəyi yer).

3.4. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

3.4.1. qeydiyyat haqqında şəhadətnamənin surəti (hüquqi şəxslər üçün);

3.4.2. şəxsiyyəti təsdiq edən sənədin surəti (fiziki şəxslər üçün);

3.4.3. ərizəçinin vergi orqanları tərəfindən uçota alınması haqqında müvafiq sənədin surəti;

3.4.4. ərizədə qeyd olunan ərazi və ya obyekt (qurğu) üzrə ərizəçinin istifadə hüququnu (mülkiyyət, icarə, istifadə hüququ) təsdiq edən sənədin surəti;

3.4.5. ərizəçinin müvafiq işləri aparmaq üçün maddi-texniki bazaya və lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növü üzrə mütəxəssislərin və işçi heyətinin müvafiq ixtisasa malik olmaları haqqında sənədin surəti;

3.4.6. obyektin (qurğunun) tikiləcəyi ərazi ilə bağlı yerli icra hakimiyyəti orqanının rəyi;

3.4.7. dövlət rüsumunun ödənilməsi haqqında sənəd. [4]

3.5. Ərizəçidən bu Qaydalarda nəzərdə tutulmayan sənədlərin tələb edilməsi qadağandır.

3.6. Xüsusi icazə almaq üçün ərizə ilə birlikdə bu Qaydaların 3.5-ci bəndində qeyd olunan sənədlər və layihə Agentliyə təqdim edilərək, ekspertizadan keçirilir. Ekspertizanın ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilməsi zərurəti yarandıqda, xərclər ərizəçi tərəfindən ödənilir. Çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda, qeydə alındığı gündən başlayaraq, 30 gündən gec olmayaraq xüsusi icazə verilməsi haqqında müvafiq qərar qəbul edilir. Bu müddət layihənin monitorinqinin və ya ekspertizasının keçirilməsi ilə bağlı 15 gün uzadıla bilər.

3.7. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə 15 gündən gec olmayaraq yazılı məlumat verilir. Çatışmazlıqlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra onlara bu Qaydaların 3.7-ci bəndində göstərilən müddətdə baxılır və müvafiq qərar qəbul edilir.

3.8. Ərizəçiyə xüsusi icazə verilməsindən imtina edildikdə, bu barədə ona imtinanın səbəbləri göstərilməklə, bu Qaydaların 3.8-ci bəndində göstərilən müddətdən gec olmayaraq məlumat verilir.

3.9. Ərizəçi xüsusi icazənin verilməsindən imtina ilə razılaşmadıqda, o, qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət edə bilər.

3.10. Xüsusi icazə Agentliyin rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanır və imza həmin orqanın möhürü ilə təsdiq edilir.

3.11. Xüsusi icazədə aşağıdakılar göstərilir:

3.11.1. xüsusi icazəni verən orqanın adı;

3.11.2. hüquqi şəxslər üçün — xüsusi icazə verilən hüquqi şəxsin adı və hüquqi ünvanı;

3.11.3. fiziki şəxslər üçün — soyadı, adı, atasının adı;

3.11.4. vergi ödəyicisinin identifikasiya nömrəsi;

3.11.5. xüsusi icazənin verildiyi fəaliyyət növü (növləri);

3.11.6. fəaliyyətin həyata keçiriləcəyi ərazi;

3.11.7. xüsusi icazənin qeydiyyat nömrəsi və verilmə tarixi;

3.11.8. xüsusi icazəni imzalayan vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı və Agentliyin möhürü ilə təsdiq edilmiş imzası.

3.12. Xüsusi icazədən yalnız xüsusi icazənin sahibi istifadə edə bilər.

3.13. Agentlik verdiyi, qeydiyyata aldığı, müddətini uzatdığı və ləğv etdiyi xüsusi icazənin reyestrini aparır.

 

4. Xüsusi icazə üzrə fəaliyyətin vaxtından əvvəl dayandırılması və ya ləğv edilməsi

 

4.1. Xüsusi icazə üzrə fəaliyyət aşağıdakılara əsasən Agentlik tərəfindən vaxtından əvvəl dayandırılır:

4.1.1. xüsusi icazə sahibi tərəfindən xüsusi icazənin dayandırılması haqqında müvafiq ərizə təqdim edildikdə;

4.1.2. xüsusi icazə sahibinin fəaliyyəti qanunvericiliyə uyğun olaraq müvafiq dövlət orqanları tərəfindən dayandırıldıqda;

4.1.3. müvafiq fəaliyyət növünün həyata keçirilməsi üçün qanunvericiliklə tələb olunan şərtlərin pozulduğu aşkar edildikdə.

4.2. Agentlik xüsusi icazə üzrə fəaliyyətin dayandırılması haqqında 5 gün müddətində yazılı şəkildə xüsusi icazənin sahibinə və vergi xidməti orqanına məlumat verir.

Xüsusi icazənin dayandırılmasına səbəb olan hallar aradan qaldırıldıqdan sonra xüsusi icazə onun sahibinin müraciətinə əsasən bərpa edilə bilər. Xüsusi icazəni verən dövlət orqanı tərəfindən bu barədə qərar qəbul edildikdə, xüsusi icazə bərpa edilmiş hesab olunur və 3 gün müddətində bu barədə vergi xidməti orqanına məlumat verilir.

4.3. Xüsusi icazə aşağıdakı hallarda Agentlik tərəfindən ləğv edilir:

4.3.1. xüsusi icazə sahibi tərəfindən xüsusi icazənin ləğv edilməsi barədə müvafiq ərizə təqdim edildikdə;

4.3.2. xüsusi icazənin şərtləri xüsusi icazə sahibi tərəfindən pozulduqda;

4.3.3. hüquqi şəxs ləğv edildikdə və ya fiziki şəxs vəfat etdikdə;

4.3.4. xüsusi icazə verildikdən sonra 1 il ərzində layihənin icrasına başlanmadıqda;

4.3.5. məhkəmənin xüsusi icazənin ləğv edilməsi haqqında qərarı olduqda;

4.3.6. qanunvericilikdə nəzərdə tutulan digər hallarda.

4.4. Nazirlik xüsusi icazənin ləğv edilməsi haqqında qərar qəbul etdiyi andan 5 gün müddətində yazılı şəkildə xüsusi icazənin sahibinə və vergi xidməti orqanına məlumat verir.

 

5. Xüsusi icazənin tələblərinə və şərtlərinə nəzarət

 

5.1. Agentliyin nəzarət sahəsində aşağıdakı hüquqları vardır:

5.1.1. xüsusi icazəni almış hüquqi və fiziki şəxslərin fəaliyyətinin xüsusi icazənin tələblərinə və şərtlərinə uyğunluğunu yoxlamaq;

5.1.2. yoxlama zamanı hüquqi və fiziki şəxslərdən zəruri izahat və sənədlər tələb etmək;

5.1.3. yoxlamanın nəticələri əsasında pozuntuları konkret göstərməklə akt (protokol) tərtib etmək;

5.1.4. aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün qərar qəbul etmək;

5.1.5. hüquqi və fiziki şəxslərə xəbərdarlıq etmək.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       23 dekabr 2010-cu il tarixli 241 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 12, maddə 1122)

2.       29 may 2013-cü il tarixli 101 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 9 iyun 2013-cü il, № 125, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 05, maddə 587)

3.       16 avqust 2013-cü il tarixli 217 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 3 sentyabr 2013-cü il, № 192, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 08, maddə 1016)

4.       16 fevral 2021-ci il tarixli 38 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 fevral 2021-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 203)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 16 fevral 2021-ci il tarixli 38 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 fevral 2021-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 203) ilə ləğv edilmişdir.

 

[2] 16 avqust 2013-cü il tarixli 217 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 3 sentyabr 2013-cü il, № 192, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 08, maddə 1016) ilə 3.3-cü, 3.6-cı, 3.10-cu bəndlərdə, 3.11.8-ci yarımbənddə, 3.13-cü, 4.1-ci, 4.2-ci, 4.3-cü və 5.1-ci bəndlərdə ismin müvafiq hallarında “Nazirlik” sözü ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilmişdir.

 

[3] 16 avqust 2013-cü il tarixli 217 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 3 sentyabr 2013-cü il, № 192, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 08, maddə 1016) ilə 3.2-ci bənddə “Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi (bundan sonra - Nazirlik)” sözləri “Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (bundan sonra - Agentlik)” sözləri ilə əvəz edilmişdir.

 

[4] 23 dekabr 2010-cu il tarixli 241 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 12, maddə 1122) ilə təsdiq edilmiş "Alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətə xüsusi icazə verilməsi Qaydaları"na 3.4.7-ci yarımbənd əlavə edilmişdir.

 

29 may 2013-cü il tarixli 101 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 9 iyun 2013-cü il, № 125, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 05, maddə 587) ilə “Alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətə xüsusi icazə verilməsi Qaydaları”nın 3.4.7-ci yarımbəndində “qəbz” sözü “sənəd” sözü ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status