×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
08.02.2010
QEYDİYYAT NÖMRƏSİ
212
ADI
Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə dövlət mükafatları komissiyasının Əsasnaməsinin təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 28-02-2010, Nəşr nömrəsi: 02, Maddə nömrəsi: 76)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə dövlət mükafatları komissiyasının tərkibi və Əsasnaməsinin təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə dövlət mükafatları komissiyasının tərkibi və Əsasnaməsinin təsdiq edilməsi haqqında [1]

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

"Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatlarının təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 mart tarixli, 113 nömrəli Sərəncamına əsasən qərara alıram:

1. Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları komissiyasının tərkibi və Əsasnaməsi təsdiq edilsin (əlavə olunur). [2]

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:

2.1. Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları komissiyası ilə birlikdə Dövlət Mükafatları laureatlarının diplomu və fəxri döş nişanlarının təsvirinə dair təklifləri iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Dövlət Mükafatları komissiyasının fəaliyyətinin təşkili ilə bağlı olan və bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 8 fevral 2010-cu il

                № 212


 

[3] Azərbaycan Respublikası Prezidentinin

2010-cu il 8 fevral tarixli, Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları komissiyasının

 

TƏRKİBİ [4]

 

Komissiyanın sədri

Artur Rasi-zadə

— Azərbaycan Respublikasının Baş naziri

Komissiyanın üzvləri

Elçin Əfəndiyev

— Azərbaycan Respublikası Baş nazirinin müavini, xalq yazıçısı

Mahmud Kərimov

— Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü

Əbülfəs Qarayev

— Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri

Misir Mərdanov

— Azərbaycan Respublikasının təhsil naziri

Abbas Ələsgərov

— Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri

Arif Mehdiyev

— Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü

İsmayıl Sadıqov

— Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinin müdiri [5]

Akif Əlizadə

— Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü

Nailə Vəlixanlı

— Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü

Ömər Eldarov

— Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Heydər Əliyev Mükafatı laureatı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı

Abel Məhərrəmov

— Bakı Dövlət Universitetinin rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü

Əhliman Əmiraslanov

— Azərbaycan Tibb Universitetinin rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, SSRİ Dövlət Mükafatı laureatı

Siyavuş Kərimi

— Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti

İsa Həbibbəyli

— Naxçıvan Dövlət Universitetinin rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü

Aqşin Əlizadə

— Azərbaycan Bəstəkarlar İttifaqının katibi, xalq artisti, Azərbaycan Dövlət Mükafatı laureatı

Çingiz Abdullayev

— Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı

Toğrul Nərimanbəyov

— Xalq rəssamı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı

Arif Məlikov

— Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, xalq artisti, Heydər Əliyev Mükafatı laureatı, Azərbaycan Dövlət Mükafatı laureatı

Şəfiqə Məmmədova

— Xalq artisti, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı

Mövlud Süleymanlı

— Xalq yazıçısı

 


 

 

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il

8 fevral tarixli, 212 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları komissiyasının [6]

 

ƏSASNAMƏSİ

 

I. ÜMUMİ MÜDDƏALAR VƏ MÜKAFATLANDIRILMANIN ŞƏRTLƏRİ

 

1. Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları komissiyası (bundan sonra — komissiya) Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 mart tarixli, 113 nömrəli Sərəncamına əsasən elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat sahələrində ən dəyərli əsərləri (işləri, layihələri) qiymətləndirmək və yaradıcı ziyalıları müasir tələblərə cavab verən yüksək səviyyəli əsərlər yaratmağa təşviq etmək məqsədilə yaradılmışdır. [7]

2. Komissiyanın fəaliyyəti Azərbaycan Respublikasının qanunları, digər qanunvericilik aktları və bu Əsasnamə ilə tənzimlənir.

3. Komissiya Azərbaycan Respublikasının Prezidenti tərəfindən yenidən təşkil və ləğv edilə bilər.

4. Komissiyaya aşağıdakı hüquqlar verilir:

4.1. elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat sahələri üzrə bölmələr və ekspert qrupları yaratmaq, onların iş qaydasını təsdiq etmək; [8]

4.2. təqdim edilən əsərlərlə fərdi şəkildə tanış olmaq məqsədilə zəruri hallarda yerlərə ekspert qrupları göndərmək;

4.3. təqdim edilən əsərlərə rəy vermək üçün ayrı-ayrı müəssisə və qurumları, habelə mütəxəssisləri cəlb etmək;

4.4. təqdim edilən əsərlərin və həmin əsərlərlə bağlı nəşr olunmuş resenziyaların və rəylərin ilkin öyrənilməsini təmin etmək;

4.5. təqdim edilən əsərlər zəruri tələblərə cavab vermədikdə müvafiq sahə üzrə Mükafatın verilməməsi barədə qərar qəbul etmək.

5. Komissiyanın cari fəaliyyətini təmin etmək üçün onun nəzdində üç nəfərdən ibarət katiblik yaradılır.

6. Komissiya öz möhür və blankına malikdir.

7. İki ildən bir verilən və hər biri 30000 (otuz min) manat məbləğində olan Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə 5 (beş) Dövlət Mükafatı (bundan sonra — Mükafat) hər cüt ildə 28 may — Müstəqillik Gü ərəfəsində komissiyanın qərarı ilə dövlət büdcəsinin vəsaiti hesabına verilir. [9]

8. Mükafat Azərbaycan Respublikasının vətəndaşı olan müəlliflərə elmin, texnikanın, memarlığın, mədəniyyətin və ədəbiyyatın inkişafına mühüm töhfələr verən əsərlərə, fundamental və tətbiqi elmi araşdırmalara, dövlətçilik, iqtisadi inkişaf və digər sahələrdəki elmi kəşflərə və ixtiralara, qabaqcıl sənaye-texniki təcrübənin tətbiqinə və nəzəri tədqiqatlara, habelə yeni material və mexanizmlərin yaradılmasına görə verilir. [10]

9. Əsərlər (işlər) Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti, dövlət idarə və təşkilatları, ali təhsil, elmi-tədqiqat və layihə-konstruktor müəssisələri, ictimai və yaradıcı birliklər tərəfindən Mükafata təqdim olunur. [11]

10. Fundamental və tətbiqi elmlərə aid əsərlər müvafiq elmi şuralarda müzakirədən sonra və ya Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti tərəfindən, bədii əsərlər isə yaradıcı ittifaqların qərarı ilə Mükafata təqdim edilir. [12]

11. Əsərlər hər cüt ilin aprel ayının 1-dək komissiyaya təqdim edilməlidir. Mükafata təqdim edilən namizədlərin və əsərlərin siyahısı Mükafatın verilməsinə bir ay qalmış kütləvi informasiya vasitələrində dərc olunur.

12. Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsis edilən digər mükafatlara, eləcə də başqa ölkələrin dövlət mükafatlarına layiq görülmüş əsərlər bu Mükafata təqdim edilə bilməz.

Mükafat bir şəxsə bir dəfədən artıq verilə bilməz. Bir müəllifə eyni zamanda bir neçə əsərə görə Mükafat verilmir.

Bir qurum tərəfindən Mükafata yalnız bir əsər təqdim edilə bilər.

13. Mükafata layiq görülən şəxslərə pul vəsaiti ilə yanaşı, «Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı»nın diplomu və fəxri döş nişanı təqdim edilir.

14. Mükafatın pul hissəsi iki müəllif arasında bərabər surətdə, 3 nəfərdən ibarət kollektivdə rəhbərə Mükafatın yarısı verilməklə, qalan yarısı digər iki müəllif arasında bərabər qaydada, başqa hallarda isə rəhbər müəllifə Mükafatın 1/3 hissəsi verilməklə, 2/3 hissəsi də qalan həmmüəlliflər arasında bərabər olaraq bölüşdürülür.

Həmmüəlliflər rəhbər irəli sürmədikdə, Mükafat bütün müəlliflər arasında bərabər bölünür.

15. Vəfat etmiş, yaxud ölümündən sonra təltif edilmiş laureatın diplomu, fəxri döş nişanı və Mükafatın pul vəsaiti onun vərəsələrinə təqdim olunur. Laureatın vərəsələri olmadıqda diplom və fəxri döş nişanı komissiyada saxlanılır, pul vəsaiti isə dövlət büdcəsinə qaytarılır.

 

II. ƏSƏRLƏR HAQQINDA SƏNƏDLƏRİN VƏ MATERİALLARIN HAZIRLANMASI, ONLARIN TƏQDİM OLUNMA QAYDASI

 

16. Elm, texnika, memarlıq və ədəbiyyat sahələrinə aid əsərlər mətbəə üsulu ilə çap edilmiş şəkildə 4 nüsxədə komissiyaya təqdim olunur, zəruri hallarda digər müvafiq materiallar əlavə edilir. [13]

Mədəniyyət sahəsi ilə bağlı əsərlər müxtəlif şəkildə, o cümlədən rəqəmsal, CD və DVD formatlarında təqdim olunur. [14]

17. Əsərləri və namizədləri irəli sürən qurum, müəssisə və ya təşkilat komissiya qarşısında vəsatət qaldırır. Vəsatətdə əsər və müəllif haqqında məlumat, mükafata təqdim olunma səbəbləri və əsərlə bağlı digər zəruri məlumatlar göstərilir.

18. Mükafata təqdim olunan müəllifin adı, atasının adı, soyadı, doğulduğu tarix, ixtisası, fəxri adları, elmi dərəcələri və elmi adları, iş yeri, tutduğu vəzifə, iş və ev ünvanı, əlaqə telefonları və elektron poçt ünvanı dəqiq göstərilməlidir.

19. Vəsatət qurum, müəssisə və ya təşkilatın rəhbəri tərəfindən imzalanır və möhürlə təsdiq olunur. Qurum, müəssisə və ya təşkilatın rəhbəri əsərin müəllifi sırasına daxildirsə, təqdimat onun müavini tərəfindən imzalanır.

Kollektiv namizədlik irəli sürüldükdə vəsatətlə birlikdə hər bir müəllifin əsərin yaradılmasında iştirakını səciyyələndirən məlumat təqdim edilir. Təsviri sənət və memarlıq sahəsinə aid əsərlər üzrə həmin məlumat qurum, müəssisə və ya təşkilatın rəhbəri və irəli sürülmüş əsərlərin müəllifləri tərəfindən imzalanmalıdır. Kollektiv əsərin rəhbərinin olub-olmadığı ayrıca göstərilməlidir.

20. Vəsatətlə birlikdə aşağıdakı sənədlər təqdim edilməlidir:

20.1. əsər və namizədlərin irəli sürülməsinə dair keçirilmiş iclas və yığıncaqların, elmi və ya texniki şuraların protokolları, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin və ya yaradıcı ittifaqların rəyasət heyətlərinin qərarı (kollektiv əsər təqdim olunduqda protokol və ya qərarda hər bir namizədin əsərdə iştirakı barədə məlumat əksini tapmalıdır);

20.2. hər bir namizədin əmək fəaliyyəti haqqında qısa məlumat və 4x6 sm ölçüdə iki ədəd fotoşəkil;

20.3. təqdim olunan əsərin tədqiqatçılar tərəfindən imzalanmış qısa annotasiyası;

20.4. elmi-texniki işlər üçün texniki və iqtisadi göstəricilər, tətbiqetmənin nəticələri, yayılma miqyası haqqında məlumat;

20.5. əsər və müəllifləri barədə mətbuatda dərc olunmuş rəy və tədqiqatlar (əsli və ya təsdiq olunmuş surəti).

21. Əsərin hər bir nüsxəsi cildlənərək, üz qabığında təqdim edən qurum, müəssisə və ya təşkilatın və əsərin adı, habelə müəllifin (müəlliflərin) adı, soyadı göstərilməklə komissiyaya göndərilir. Komissiyanın ünvanı: Bakı şəhəri, Lermontov küçəsi, 68, Azərbaycan Respublikasının Nazirlər Kabineti.

 

III. KOMİSSİYA TƏRƏFİNDƏN MÜKAFATIN VERİLMƏSİ BARƏDƏ QƏRARIN QƏBUL EDİLMƏSİ

 

22. Komissiyanın iclasları komissiyanın sədri tərəfindən çağırılır.

İclasda komissiya üzvlərinin ən azı 2/3 hissəsi iştirak etdikdə, həmin iclas səlahiyyətli hesab olunur.

23. Mükafatın verilməsi barədə komissiyanın qərarı gizli səsvermə yolu ilə qəbul olunur.

İştirak edənlərin ən azı 3/4 hissəsi namizədin lehinə səs verdiyi halda, komissiyanın qərarı qəbul olunmuş hesab edilir.

24. Komissiyanın qəbul etdiyi qərar qətidir.

25. Mükafatın verilməsi barədə komissiyanın qərarı kütləvi informasiya vasitələrində elan olunur.

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       1 noyabr 2012-ci il tarixli 727 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 2 noyabr 2012-ci il, № 244, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 11, maddə 1087)

2.       10 dekabr 2013-cü il tarixli 48 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 11 dekabr 2013-cü il, № 273, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1515)

3.       16 noyabr 2021-ci il tarixli 1477 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Xalq” qəzeti 17 noyabr 2021-ci il, № 248, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1215)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 16 noyabr 2021-ci il tarixli 1477 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Xalq” qəzeti 17 noyabr 2021-ci il, № 248, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1215) ilə adında “Elm,” sözündən sonra texnika, memarlıq, sözləri əlavə edilmişdirtərkibi və sözləri çıxarılmışdır.

 

[2] 1 noyabr 2012-ci il tarixli 727 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 2 noyabr 2012-ci il, № 244, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 11, maddə 1087) ilə 1-ci hissədə “Elm,” sözündən sonra “texnika, memarlıq,” sözləri əlavə edilmişdir.

 

16 noyabr 2021-ci il tarixli 1477 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Xalq” qəzeti 17 noyabr 2021-ci il, № 248, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1215) ilə 1-ci hissədən tərkibi və sözləri çıxarılmışdır.

 

[3] 10 dekabr 2013-cü il tarixli 48 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 11 dekabr 2013-cü il, № 273, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1515) ilə 1-ci hissəsi ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının tərkibi" ləğv edilmişdir.

 

[4] 1 noyabr 2012-ci il tarixli 727 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 2 noyabr 2012-ci il, № 244, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 11, maddə 1087) ilə “Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının tərkibi”nin adında “Elm,” sözündən sonra “texnika, memarlıq,” sözləri əlavə edilmişdir.

 

[5] 1 noyabr 2012-ci il tarixli 727 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 2 noyabr 2012-ci il, № 244, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 11, maddə 1087) ilə “Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının tərkibi”nin “Komissiyanın üzvləri” bölməsində “Respublikası Nazirlər Kabinetinin Elm, mədəniyyət, xalq təhsili və sosial problemlər” sözləri “Respublikasının Nazirlər Kabineti Aparatının Humanitar məsələlər” sözləri ilə əvəz edilmişdir.

 

[6] 1 noyabr 2012-ci il tarixli 727 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 2 noyabr 2012-ci il, № 244) ilə “Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının Əsasnaməsi”nin adında “Elm,” sözündən sonra “texnika, memarlıq,” sözləri əlavə edilmişdir.

 

[7] 1 noyabr 2012-ci il tarixli 727 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 2 noyabr 2012-ci il, № 244, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 11, maddə 1087) ilə “Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının Əsasnaməsi”nin 1-ci hissəsində “Elm,” sözündən sonra “texnika, memarlıq,” sözləri əlavə edilmişdir, “elm, mədəniyyət və ədəbiyyat sahələrində ən yaxşı əsərləri” sözləri “elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat sahələrində ən dəyərli əsərləri (işləri, layihələri)” sözləri ilə əvəz əlavə edilmişdir.

 

[8] 1 noyabr 2012-ci il tarixli 727 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 2 noyabr 2012-ci il, № 244, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 11, maddə 1087) ilə “Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının Əsasnaməsi”nin 4.1-ci bənddə “elm,” sözündən sonra “texnika, memarlıq,” sözləri əlavə edilmişdir.

 

[9] 1 noyabr 2012-ci il tarixli 727 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 2 noyabr 2012-ci il, № 244, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 11, maddə 1087) ilə “Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının Əsasnaməsi”nin 7-ci hissədə “Elm, mədəniyyət və ədəbiyyat üzrə 3 (üç)” sözləri “Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə 5 (beş)” sözləri ilə əvəz edilmişdir.

 

16 noyabr 2021-ci il tarixli 1477 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Xalq” qəzeti 17 noyabr 2021-ci il, № 248, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1215) ilə “Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının Əsasnaməsinin 7-ci hissəsində Respublika günü sözləri Müstəqillik Günü sözləri ilə əvəz edilmişdir.

 

[10] 1 noyabr 2012-ci il tarixli 727 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 2 noyabr 2012-ci il, № 244, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 11, maddə 1087) ilə “Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının Əsasnaməsi”nin 8-ci hissədə “elmin,” sözündən sonra “texnikanın, memarlığın,” sözləri əlavə edilmişdir, “təşkil edən” sözləri “verən” sözü ilə əvəz edilmişdir.

 

[11] 1 noyabr 2012-ci il tarixli 727 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 2 noyabr 2012-ci il, № 244, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 11, maddə 1087) ilə “Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının Əsasnaməsi”nin 9-cu hissədən “(işlər)” sözü çıxarılmışdır, “oluna bilər” sözləri “olunur” sözü ilə əvəz edilmişdir.

 

[12] 1 noyabr 2012-ci il tarixli 727 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 2 noyabr 2012-ci il, № 244, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 11, maddə 1087) ilə “Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının Əsasnaməsi”nin 10-cu hissədə “edilə bilər” sözləri “edilir” sözü ilə əvəz edilmişdir.

 

[13] 1 noyabr 2012-ci il tarixli 727 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 2 noyabr 2012-ci il, № 244, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 11, maddə 1087) ilə “Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının Əsasnaməsi”nin 16-cı hissənin birinci abzasda “Elm” sözündən sonra “, texnika, memarlıq” sözləri əlavə edilmişdir.

 

[14] 1 noyabr 2012-ci il tarixli 727 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 2 noyabr 2012-ci il, № 244, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 11, maddə 1087) ilə “Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının Əsasnaməsi”nin 16-cı hissənin ikinci abzasda “İncəsənət” sözü “Mədəniyyət” sözü ilə, “oluna bilər” sözləri “olunur” sözü ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status