"Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında vətəndaşların qarşılıqlı vizasız gediş-gəlişi haqqında" Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
"Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında vətəndaşların qarşılıqlı vizasız gediş-gəlişi haqqında" 2009-cu il oktyabrın 2-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 fevral 2010-cu il
№ 942-IIIQ
Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında vətəndaşların qarşılıqlı vizasız gediş-gəlişi haqqında
SAZİŞ
Bundan sonra "Tərəflər" adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti,
iki dövlət və onların xalqları arasında dostluq münasibətlərinin inkişafına töhfə vermək, iqtisadi, ticarət, elmi-texniki, mədəni və digər əlaqələrin güclənməsi niyyətini rəhbər tutaraq,
Tərəflərin ərazisi ilə vətəndaşların qarşılıqlı gediş-gəlişi şərtlərinin maksimum sadələşdirilməsi məqsədilə,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Bir Tərəfin dövlətinin vətəndaşları, daimi yaşayış yerlərindən asılı olmayaraq, digər Tərəfin dövlətinin ərazisinə vizasız qaydada bu Sazişin 1-ci və 2-ci əlavələrində sadalanan, onların şəxsiyyətini və vətəndaşlığını təsdiq edən sənədlər əsasında daxil olmaq, çıxmaq tranzitlə keçmək, hərəkət etmək və gəlmək hüququna malikdirlər.
Maddə 2
Bir Tərəfin dövlətinin vətəndaşları digər Tərəfin dövlətinin ərazisinə beynəlxalq əlaqələr üçün açıq olan, dövlət sərhədindəki keçid məntəqələri vasitəsilə daxil olur, çıxır və tranzitlə keçirlər.
Maddə 3
Bir Tərəfin dövlətinin vətəndaşları digər Tərəfin dövlətinin ərazisində olduqları zaman yerləşmə dövlətinin qanunvericiliyinə, o cümlədən əcnəbilərin qeydiyyat, gəlmə və hərəkətetmə qaydalarına riayət etməlidirlər.
Digər Tərəfin dövlətinin ərazisində bu Sazişin müddəalarını və ya qalma qaydalarını pozmuş bir Tərəfin dövlətinin vətəndaşları yerləşmə dövlətinin qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.
Maddə 4
Tərəflərin hər biri digər Tərəfin dövlətinin vətəndaşına bu cür qərarın motivlərini izah etmədən daxilolma üçün icazə verməkdən imtina etmək və ya ərazisində qalma müddətini məhdudlaşdırmaq hüququna malikdir.
Maddə 5
Tərəflər bu Sazişin imzalanmasından sonra 13 günlük müddət ərzində Sazişin 1-ci və 2-ci əlavələrində sadalanan sənədlərin nümunələrini diplomatik kanallar vasitəsilə mübadilə edəcəklər.
Tərəflər 48 saat ərzində bir-birini bu Sazişin məqsədləri üçün istifadə olunan yeni sənədlər və ya sənədlərə dəyişikliklər barədə məlumatlandırırlar və həmin sənədlərin qüvvəyə minməsinə qədər 30 gün müddətində bir-birinə onların nümunələrini göndərirlər.
Maddə 6
Tərəflər, zəruri olduqda, bu Sazişin həyata keçirilməsi ilə bağlı məsələləri müzakirə etmək üçün məsləhətləşmələr keçirirlər.
Bu Sazişin müddəalarının icrası və ya tətbiqi ilə bağlı ortaya çıxan istənilən fikir ayrılıqları və mübahisəli məsələlər danışıqlar yolu ilə həll ediləcəkdir.
Maddə 7
Tərəflərin razılığı ilə bu Sazişə onun ayrılmaz tərkib hissəsi olan və bu Sazişin 10-cu maddəsində nəzərdə tutulan qaydada qüvvəyə minən ayrıca protokollarla rəsmiləşdirilən dəyişikliklər və əlavələr edilə bilər.
Maddə 8
Dövlətin milli təhlükəsizliyinə, ictimai qaydasına hədə, təbii fəlakətlərin, texnogen qəzaların və ya vetəndaşların sağlamlığına təhlükənin baş verməsi hallarında Tərəflərin bu Sazişin qüvvəsini müvəqqəti olaraq tamamilə və ya qismən dayandırmaq hüququ vardır.
Bu Sazişin qüvvəsinin dayandırılması, eləcə də onun qüvvəsinin bərpası haqqında qərar qəbul etmiş Tərəf belə qərarın qəbul edilməsindən sonra 72 saatdan gec olmayaraq bu barədə digər Tərəfə diplomatik kanallar vasitəsilə məlumat verir.
Maddə 9
Bu Saziş Tərəflərin iştirakçısı olduqları digər beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərinə toxunmur.
Maddə 10
Bu Saziş qeyri-müəyyən müddətə bağlanılır və onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir.
Tərəflərdən hər biri diplomatik kanallar vasitəsilə yazılı bildiriş təqdim etməklə bu Sazişin qüvvəsinə xitam verə bilər. Bu halda Saziş belə bildirişin alındığı tarixdən 90 gün sonra qüvvədən düşmüş hesab edilir.
Bu Saziş Bakı şəhərində 2009-cu il 2 oktyabr tarixində, hər biri Azərbaycan, qazax və rus dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir.
Bu Sazişin müddəalarının təfsirində fikir ayrılığı yarandığı təqdirdə, Tərəflər rus dilindəki mətndən istifadə edəcəklər.
Azərbaycan Respublikası
|
Qazaxıstan Respublikası
|
Hökuməti adından
|
Hökuməti adından
|
(imza)
|
(imza)
|
Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan
Respublikası Hökuməti arasında vətəndaşlann
qarşılıqlı vizasız gediş-gəlişi haqqında Sazişə
ƏLAVƏ 1
Qazaxıstan Respublikasının ərazisinə girmə, çıxma, tranzitlə keçmə, qalma və hərəkətetmə üçün Azərbaycan Respublikası vətəndaşlarının sənədlərinin
SİYAHISI
1. Azərbaycan Respublikasının ümumvətəndaş pasportu.
2. Xidməti pasport.
3. Diplomatik pasport.
4. Dənizçi kitabçası (dənizçinin şəxsiyyətini təsdiq edən sənəd, gəminin şəxsi heyətinin siyahısı və ya ondan çıxarış olduqda).
5. Hava gəmisinin ekipaj üzvünün vəsiqəsi (uçuş tapşırığında müvafiq qeydlə).
6. Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi (yalnız Azərbaycan Respublikasına qayıdış üçün).
Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan
Respublikası Hökuməti arasında vətəndaşların
qarşılıqlı vizasız gediş-gəlişi haqqında Sazişə
ƏLAVƏ 2
Azərbaycan Respublikasının ərazisinə girmə, çıxma, tranzitlə keçmə, qalma və hərəkətetmə üçün Qazaxıstan Respublikası vətəndaşlarının sənədlərinin
SİYAHISI
1. Qazaxıstan Respublikası vətəndaşının pasportu.
2. Xidməti pasport.
3. Diplomatik pasport.
4. Dənizçi pasportu (dənizçinin şəxsiyyətini təsdiq edən sənəd, gəminin şəxsi heyətinin siyahısı və ya ondan çıxarış olduqda).
5. Hava gəmisinin ekipaj üzvünün vəsiqəsi (uçuş tapşırığında müvafiq qeydlə).
6. Qazaxıstan Respublikasına qayıdış şəhadətnaməsi (yalnız Qazaxıstan Respublikasına qayıdış üçün).