AKTIN NÖVÜ
Mərkəzi bankın qərarı
QƏBUL EDİLDİYİ TARİX
20.11.2009
QEYDİYYAT NÖMRƏSİ
33
ADI
Bankların likvidliyinin idarə olunması haqqında Qaydalar
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikası Normativ Aktlarının Bülleteni (Dərc olunma tarixi: 31-12-2009, Nəşr nömrəsi: 11-12)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
3484
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
“Dövlət qeydiyyatına alınmışdır”

“Dövlət qeydiyyatına alınmışdır”

“Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Azərbaycan Respublikası

Ədliyyə Nazirliyi

Mərkəzi Bankının İdarə Heyəti

Qeydiyyat 3484

Protokol 33

01 dekabr 2009-cu il

20 noyabr 2009-cu il

Nazir müavini________ Toğrul Musayev

Mərkəzi Bankın sədri _____Elman Rüstəmov

 

Bankların likvidliyinin idarə olunması haqqında Qaydalar

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” və “Banklar haqqında” Azərbaycan Respublikası qanunlarına, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına, Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank) normativ xarakterli aktlarına, habelə beynəlxalq təcrübəyə uyğun olaraq hazırlanmışdır.

1.2. Bu Qaydalar respublikada fəaliyyət göstərən kommersiya banklarının və xarici bankların yerli filiallarının (bundan sonra - banklar) likvidlik riski və likvidliyin idarə olunması üzrə bankların daxili siyasət, qayda və prosedurlarına dair minimum tələbləri müəyyən edir.

1.3. Hər bir bank fəaliyyətinin xüsusiyyətinə və əməliyyatlarının həcminə uyğun olaraq likvidlik riskinin müəyyən edilməsi, qiymətləndirilməsi və idarə olunması siyasətini, müvafiq bankdaxili qayda və prosedurları işləyib hazırlamalıdır. Siyasət, qayda və prosedurların hazırlanması zamanı likvidliyə təsir göstərən kredit, bazar, əməliyyat və digər risklər də nəzərə alınmalıdır.

1.4. Likvidliyin idarə olunması üzrə bankın siyasəti, daxili qayda və prosedurları İdarə Heyəti tərəfindən müvafiq komitələrlə birlikdə hazırlanmalı və Müşahidə Şurası tərəfindən təsdiq edilməlidir.

1.5. Bankın təsdiq edilmiş siyasət, bankdaxili qayda və prosedurları sənədləşdirilməli, müvafiq struktur bölmələrə və əməkdaşlara çatdırılmalıdır.

1.6. Siyasət, bankdaxili qayda və prosedurlara ən azı ildə bir dəfədən az olmayaraq yenidən baxılmalıdır.

 

2. Likvidlik və likvidlik riski haqqında ümumi anlayışlar

 

2.1. Likvidlik – bankın balans və balansarxası öhdəliklərini (bundan sonra - öhdəliklər) yerinə yetirmək, cəlb olunmuş vəsait mənbələrində baş vermiş və/və ya gözlənilən dəyişiklikləri effektiv tənzimləmək, habelə əlavə xərclərə yol vermədən aktivlərin planlaşdırılmış artımını maliyyələşdirmək qabiliyyətidir.

2.2. Likvidlik riski – planlaşdırılmış və gözlənilməyən öhdəliklərin vaxtında və effektiv yerinə yetirilə bilməməsi, əlavə likvid vəsaitin əldə edilməsi, həmçinin bankın aktivlərinin minimal zərərlə dərhal satılması üzrə imkanların azalması riskidir.

2.3. Likvidliyin təhlil edilməsi üçün ödəniş müddətlərinin bölgüsü - ödəniş müddəti eyni dövrə düşən aktiv və öhdəliklərin bölgüsüdür.

2.4. Likvidlik «qəpi» - eyni ödəniş müddətinə aid olan aktiv və öhdəliklərin fərqidir. Aktivlərin məbləği öhdəliklərin məbləğindən çox və ya az olduqda müsbət və ya mənfi likvidlik «qəpi» yaranır.

 

3. Likvid aktiv və öhdəliklərin təsnifatı

 

3.1. Aktivin likvidlik göstəricisi, onun yüksək likvidli aktivə çevrilməsinə sərf edilən müddətə və bu zaman yarana bilən zərərə əsasən müəyyən edilir.

Aktivlər aşağıdakı likvidlik kateqoriyaları üzrə təsnifləşdirilir:

3.1.1. Yüksək likvidli aktivlər – bu kateqoriyaya milli və sərbəst dönərli xarici valyutada olan nağd vəsaitlər, Azərbaycan hökuməti və Mərkəzi Bankı tərəfindən buraxılmış qiymətli kağızlar, Mərkəzi Bankın nəzdində Azərbaycan İpoteka Fondunun buraxdığı təmin edilmiş qiymətli kagızlar, Mərkəzi Bankda saxlanılan normadan artıq məcburi ehtiyatlar, Mərkəzi Bankda, habelə bütün yerli banklarda və yüksək reytinqə malik olan xarici banklarda olan müxbir hesablar, “overnayt” depozitləri aid edilir.

3.1.2. Orta likvlidli aktivlər – bu aktivlərə banklararası bazarın qısamüddətli maliyyə alətləri, yerli və xarici banklarda, digər maliyyə institutlarında yerləşdirilmiş depozitlər, bank metalları, yerli bankların, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (bundan sonra-İƏİT) ölkələrinin hökumətlərinin və mərkəzi banklarının buraxdıqları qiymətli kağızlar, habelə investisiya reytinqinə malik olan və repo əməliyyatları üzrə alınmış qiymətli kağızlar, müddəti 30 günədək olan kreditlər aid edilir.  

3.1.3. Aşağı likvidli aktivlər - qısa müddət ərzində minimal zərərlə yüksək likvidli aktivə çevrilə bilməyən aktivlər aid edilir (orta likvidli aktivlərə aid edilən kreditlər istisna olmaqla verilmiş digər kreditlər, yüksək və orta likvidli aktivlərə aid edilən qiymətli kağızlar istisna olmaqla digər qiymətli kağızlar, əsas vəsaitlər, digər hüquqi şəxslərdə iştirak payı və s.).

3.2. Öhdəliklərin likvidlik göstəricisi öhdəliklərin yerinə yetirilmə ehtimalına, həmçinin öhdəliklərin sahibinin banka verilmiş vəsaitləri tələb etmək hüququna əsasən müəyyən edilir. Bank tərəfindən cəlb edilmiş vəsaitlərin geri tələb edilməsi ehtimalı və hüququ nə qədər çox olarsa, öhdəliklərin likvidlik göstəricisi də bir o qədər yüksək olur. Öhdəliklər aşağıdakı likvidlik kateqoriyaları üzrə təsnifləşdirilir:

3.2.1. Yüksək likvidli (cari) öhdəliklər - bu öhdəliklərə bankların müxbir hesabları və “overnayt” depozitləri də daxil olmaqla bütün cari hesablar; tələbli depozitlər, ödəniş müddəti 30 gün və ya bundan az olan müddətli öhdəliklər (o cümlədən, bankın buraxdığı qiymətli kağızlar), icra müddəti başa çatmış öhdəliklər, müqaviləyə əsasən vəsaitlərdən istifadəyə başlanması tarixinə məhdudiyyət qoyulmayan və geri çağırıla bilinməyən açılmış kredit xətləri aid edilir.

Mərkəzi Bankdan cəlb edilmiş borc vəsaitləri yüksək likvidli (cari) öhdəliklərə aid edilmir.

Müddəti başa çatmış öhdəliyin icrası bankdan tələb edilmədikdə və tərəflər arasında bağlanmış müqavilə şərtləri əsasında eyni müddətə uzadılmış hesab edildikdə, həmin öhdəlik yüksək likvid (cari) öhdəliklərə aid edilmir.

3.2.2. Orta likvidli öhdəliklər – bu öhdəliklərə müddəti 30 gündən 365 günədək olan müddətli öhdəliklər (o cümlədən, bankın buraxdığı qiymətli kağızlar), ödəniş müddəti bir ildən çox olan, lakin müqaviləyə əsasən kreditora həmin öhdəliyi vaxtından əvvəl tələb etmək hüququ verən borc öhdəlikləri aid edilir.

3.2.3. Aşağı likvidli öhdəliklər – bu öhdəliklərə müddəti 365 gündən çox olan öhdəliklər aiddir.

 

4. Likvidlik riski və likvidliyin idarə olunması üzrə bankdaxili siyasət və qaydalar

 

4.1. Bankın ümümi strategiyası nəzərə alınmaqla likvidliyin idarə olunması siyasətində bankın aktiv və öhdəliklərinin tərkibi, müddəti və idarə olunması metodları, maliyyələşdirilmə mənbələrinin müxtəlifliyi və sabitliyi, müxtəlif valyutalarda likvidliyin idarə olunmasına yanaşma, bank məhsullarının çeşidi, aktivlərin realizasiyasına dair fərziyyələr və s. öz əksini tapmalıdır.

4.2. Likvidliyin idarə olunması siyasətində bankın filial, törəmə struktur və törəmə banklarına, rəhbərlik tərəfindən müəyyən edilmiş limitlər çərçivəsində öz likvidliyini idarə etmək hüququ verilə bilər.

4.3. Hər bir bankda həyata keçirilən əməliyyatların xarakteri və mürəkkəbliyi nəzərə alınaraq likvidliyin idarə olunması üzrə bankdaxili qaydalar hazırlanmalıdır. Bu qaydalar bankın likvidlik riski yaradan fəaliyyətini və likvidliyin idarə olunması prosesini hərtərəfli tənzimləməli və bankın likvidlik siyasətinin həyata keçirilməsi zamanı rəhbər tutulmalıdır.

4.4. Bankdaxili qaydalarda likvidliyin idarə olunması üzrə bankın konsolidasiya edilmiş likvidlik mövqeyinə mərkəzləşdirilmiş nəzarəti həyata keçirən struktur bölmə və ya məsul şəxs müəyyən edilməli, onun səlahiyyətləri və tabeçiliyi, habelə hesabatların təqdim edilməsi prosedurları və bankın digər struktur bölmələri ilə əlaqələri müəyyən olunmalıdır.

 

5. Likvidliyin idarə olunması prosesi

 

5.1. Bank tərəfindən onun fəaliyyətinin müxtəlif sahələrinin idarə edilməsi və nəzarəti üzrə ən azı aşağıdakıları əhatə edən likvidliyin idarə olunması prosesi formalaşdırılmalıdır:

5.1.1. Aktivlərin idarə olunması üzrə:

- müxbir hesablardakı qalıqların monitorinqi;

- kreditləşmə həcminin monitorinqi;

- kredit portfelinin keyfiyyətinin monitorinqi;

- kreditlər üzrə faiz dərəcəsinin monitorinqi;

- bankın qiymətli kağızlar portfelinin monitorinqi;

- repo əməliyyatları üzrə alınmış qiymətli kağızların monitorinqi;

- təminat qismində istifadə oluna bilən aktivlərin monitorinqi;

- likvidliyin adekvat səviyyədə saxlanması məqsədilə satıla bilən əsas və digər qeyri-likvid vəsaitlərin monitorinqi.

5.1.2. Öhdəliklərin idarə olunması üzrə:

- son illərin tendensiyaları, mövsümi amillər, faiz dərəcəsinin dəyişdirilməsinə həssaslıq və digər makroiqtisadi amillər nəzərə alınmaqla, bank tərəfindən cəlb edilmiş vəsaitlərin həcminin monitorinqi;

- depozitlərin həcminin monitorinqi (o cümlədən, bankların və digər hüquqi şəxslərin depozitləri, “overnayt” əməliyyatları);

- depozit və digər öhdəliklər üzrə ödəmə müddətlərinin monitorinqi;

- bankın əsas öhdəliklərinin kreditorları üzrə daimi monitorinqin aparılması və onlarla əlaqələrin dəstəklənməsi;

- öhdəliyin növü, öhdəlik üzrə kreditor və onun yerləşdiyi ərazi nəzərə alınaraq öhdəliyin mənbələri üzrə cəmləşmənin monitorinqi;

- balansarxası öhdəliklərin monitorinqi.

5.2. Likvidlik “qəp”lərinin bankdaxili təhlili. Bankın fəaliyyətinin xüsusiyyətləri, aktiv və öhdəliklərinin strukturu və tərkibi, onların dinamikasındakı tarixi meyllər, habelə mövsümi və digər amillər nəzərə alınaraq likvidlik “qəp”lərinin bankdaxili təhlili ayda bir dəfədən az olmamaq şərti ilə aşağıdakı kimi aparılmalıdır:

5.2.1. Bankdaxili “qəp” təhlili üçün istifadə edilən ödəniş müddətləri ən azı ani, 1-7, 8-15, 15-30, 30 gündən bir ilədək aylıq dövrləri, həmçinin illik olaraq 1-2, 2-3, 3-5 illik və 5 ildən çox olan dövrləri əhatə etməlidir. Qeyd olunmuş ödəniş müddətlərinin bölgüsü zəruri hallarda bank tərəfindən daha qısa müddətlərlə müəyyən edilə bilər.

5.2.2. Aktiv və öhdəliklərin ödəniş müddətləri üzrə bölüşdürülməsi müvafiq müqavilələrdə qeyd olunan müddətlərə, aktivlərin satışı imkanlarına konservativ baxışa, cəlb olunmuş vəsaitlərin həcminin dinamikasına dair fərziyyələrə əsaslanmalıdır. “Qəp” təhlili aparılarkən aktiv və öhdəliklərin yalnız əsas məbləği (faizlər istisna olmaqla) nəzərə alınmalıdır.

5.2.3. Bankın milli və xarici valyutada olan nağd vəsaitləri tam məbləğdə “ani” ödəniş müddətinə aid edilməlidir. Mərkəzi Bankda və digər banklarda olan müxbir hesablar, banklarda yerləşən “overnayt” depozitləri kimi aktivlər və bankda digər bankların müxbir hesabları, hüquqi və fiziki şəxslərin tələbli depozitləri, bankların “overnayt” depozitləri kimi öhdəlikləri tam məbləğdə “ani” ödəniş müddətinə aid edilə və ya aktiv/öhdəliklərin hər bir növü üzrə bankın müəyyən etdiyi meyarlara uyğun hesablanmış həcmdə bir neçə ödəniş müddətləri arasında bölüşdürülə bilər. Qeyd olunan meyarlar keçmiş dövrlərin statistik məlumatlarına və tarixi meyllərin təhlilinə əsaslanmalıdır.

5.2.4. “Qəp” təhlilinin aparılması zamanı bank müddətli öhdəlikləri müvafiq müddətlərə tam məbləğdə və ya onların dəyərinin real likvid həcmində aid edə bilər. Bank öhdəliyinin müvafiq ödəniş müddətində real likvid həcmi onun həmin müddətdə bankın hesab etdiyi ən yüksək ehtimalla icra oluna biləcək hissəsidir. Öhdəliklərin real likvid həcminin müəyyən edilməsi üçün bank öhdəliklərin hər bir növü üzrə müvafiq meyarlara, keçmiş dövrlərin statistik məlumatlarına və tarixi meyllərin təhlilinə əsaslanmalıdır. Meyarların adekvatlığının təmin edilməsi üçün onlara bankın rəhbərliyi tərəfindən mütəmadi olaraq yenidən baxılmalıdır.

5.2.5.Vaxtı keçmiş kreditlər, əsas vəsaitlər, qeyri-maddi aktivlər, digər hüquqi şəxslərdə investisiyalar, digər müddətsiz aktivlər və bankın kapitalının tərkib maddələri “qəp” təhlilində sonuncu (ən uzunmüddətli) ödəniş müddətinə aid edilməlidir.

5.2.6. bank xarici valyutada olan likvidlik mövqeyinə nəzarəti həyata keçirmək məqsədilə xarici valyuta üzrə ayrıca “qəp” təhlili aparmalı, ödəniş müddətlərinin bölgüsü cədvəlində manat ekvivalentində əks etdirməli, habelə xarici valyutaya olan ümumi tələbatı qiymətləndirməlidir.

Xarici valyuta üzrə “qəp” təhlilinin nəticələrini nəzərə alaraq bank xarici bazarlardan borc vəsaitlərini əldə etmə imkanına, yerli bazarda müvafiq valyutanın mənbəsinin mövcud olmasına, bir valyutanın digər valyutaya dərhal konvertasiya edilməsi imkanlarına, məzənnənin dəyişməsinə və bununla bağlı aktivlərin qiymətində baş verən mənfi meyllərə daimi monitorinqi həyata keçirməlidir.

5.2.7. “Qəp” təhlili aparılarkən fərdi və kumulyativ mənfi likvidlik qəpləri təhlil olunmalı və bank tərəfindən bu Qaydaların tələblərinə əsasən müəyyən edilmiş limitlərlə müqayisə edilməlidir.

5.2.8. “Qəp” təhlilinin nəticələri müvafiq qaydada sənədləşdirilməli və rəhbərliyə təqdim edilməlidir. “Qəp” təhlilinin nəticələrinə əsasən müvafiq tədbirlərin həyata keçirilməsinə dair qərarlar bankın səlahiyyətli şəxsi/bölməsi tərəfindən hazırlanmalı və təsdiq edilməsi üçün bankın İdarə Heyətinə təqdim edilməlidir.

5.3. Ani likvidlik əmsalı üzrə normativ. Hər bir bank yüksək likvidli aktivlərin orta gündəlik qiymətinin yüksək likvidli (cari) öhdəliklərin orta gündəlik məbləğinə olan nisbət əmsalını ən azı 30 faiz səviyyəsində saxlamalıdır.

Yüksək likvidli (cari) öhdəliklər kimi təsnifləşdirilmiş ödəniş müddəti 8 gündən 30 günədək olan öhdəliklər (o cümlədən, bankın buraxdığı qiymətli kağızlar) bankın ani likvidlik əmsalının hesablanmasında nəzərə alınmır.

Bankın kreditorları və depozitorları (Mərkəzi Banka və digər banklara olan bütün borclar daxil olmaqla) qarşısında vaxtı keçmiş öhdəlikləri mövcud olduqda, ani likvidlik normativinə riayət etməsindən asılı olmayaraq, bankın ani likvidlik üzrə normativi pozulmuş hesab edilir.

5.4. Limitlərin müəyyən edilməsi. Bankdaxili qaydalarda bankın həcminə (aktivlər, kapital, müştəri bazası, əməliyyatlarına əsasən müəyyənləşir), xüsusiyyətlərinə və maliyyə vəziyyətinə uyğun adekvat likvidliyin təmin edilməsi məqsədilə ən azı aşağıdakı limitlər müəyyən edilməlidir:

- ən azı 0-7, 0-30, 0-90, 0-180, 0-365 gün və bir ildən çox ödəniş müddətləri üzrə kumulyativ mənfi likvidlik “qəpi”nin ümumi aktivlərə nisbəti üzrə limit;

- öhdəliklər üzrə bir kreditorun və ya əlaqəli kreditorlar qrupunun (fiziki və hüquqi şəxslər, banklar, beynəlxalq və digər maliyyə institutları) üzərinə düşən bank öhdəliklərinin maksimal məbləği və ya ümumi öhdəliklərə nisbətinin maksimal həddi;

- bankın ödəniş müddəti bir ildən çox olan bütün öhdəlikləri üzrə əsas borcla bağlı illik ödənişlərin bu öhdəliklərin ümumi məbləğinə nisbətinin maksimal həddi.

Bankdaxili qaydalarda limitlərə riayət olunmasına nəzarət prosedurları, o cümlədən aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması üzrə prosedurlar, habelə müəyyən olunmuş limitlərin likvidliyin faktiki göstəriciləri ilə müqayisə edilməsinin dövriliyi öz əksini tapmalıdır. Bankın cari və proqnozlaşdırılmış likvidlik mövqeyinin adekvatlığının təmin edilməsi məqsədilə bankdaxili qaydalarla müəyyən edilmiş limitlərə mütəmadi olaraq yenidən baxılmalıdır.

Limitlərin pozulması halları onların səbəbləri göstərilməklə sənədləşdirilməli və bankın rəhbərliyinə təqdim edilməlidir. Bankdaxili qaydalarda limitlərin pozulması səviyyəsindən asılı olaraq bankın likvidliyinin idarə olunması prosedurlarının dəyişdirilməsi üzrə görüləcək tədbirlər müəyyən edilməlidir.

5.5. Likvidlik əmsallarının təhlili. Likvidlik riskinin profilindən asılı olaraq likvidlik mövqeyinin və likvid vəsaitlərə tələbatın qiymətləndirilməsi, hərtərəfli təhlili, habelə təhlilin nəticələrinin rəhbərliyə təqdim edilməsi üzrə bank tərəfindən prosedurlar müəyyən edilməlidir. Bank öz likvidliyinin təhlili üçün bu Qaydaların 5.3 və 5.4-cü bəndlərində qeyd olunmuş normativ və limitlərə əlavə olaraq aşağıdakı likvidlik əmsallarından istifadə edə bilər:

- Əmsal 1: Yüksək likvidli aktivlərin ümumi aktivlərin məbləğinə olan nisbəti.

- Əmsal 2: Cari aktivlərin yüksək likvidli (cari) öhdəliklərə olan nisbəti (cari likvidlik əmsalı). Cari aktivlərə yüksək likvidli aktivlərdən əlavə ödəniş müddəti 30 gün, yaxud bundan az olan aktivlər daxildir.

1-ci və 2-ci əmsalların azalma meylləri yüksək keyfiyyətli aktivlərin azalmasını, yaxud bankın adətən qısa müddətlərə cəlb edilmiş dəyişkən vəsait mənbələrinə daha çox arxalanmasını göstərir. Bu azalma təkcə likvidlik vəziyyətinin pisləşməsi meylini deyil, həmçinin maliyyələşdirmə strategiyasında baş vermiş məqbul hesab edilən dəyişiklikləri də göstərə bilər.

- Əmsal 3: Yüksək likvidli (cari) öhdəliklərin aktivlərin ümumi məbləğinə olan nisbəti. Bu əmsal aktivlərin qısamüddətli öhdəliklərlə maliyyələşdirilməsi səviyyəsini ölçür. Bu rəqəmin yüksək olması bankın qeyri-sabit maliyyələşmə mənbələrindən yüksək asılı olmasını göstərir.

- Əmsal 4: Yüksək likvidli (cari) öhdəliklərin ümumi öhdəliklərin məbləğinə olan nisbəti. Bu əmsal ilk problemlər yarandıqda bankı tərk edə biləcək vəsaitləri qiymətləndirir. Əgər bankda iri məbləğdə yüksək likvid öhdəliklər mövcuddursa, bank daha ciddi fövqalədə likvidlik planı hazırlamalıdır.

- Əmsal 5: Kreditlərin depozitlərə olan nisbəti. Bu əmsalda kreditlərə banklararası kreditlər istisna olmaqla digər müştərilərə verilmiş xalis kreditlər (zərərin ödənilməsi üçün yaradılmış məqsədli ehtiyatlar çıxılmaqla), depozitlərə isə bankların depozitləri istisna olmaqla bankda olan müştərilərin depozitləri aiddir. Bu əmsal bankın hesabına kredit portfelinin maliyyələşdirilməsi səviyyəsini qiymətləndirir. Əmsalın artımı bankın daha çox qeyri-sabit maliyyələşmə mənbələrinə (məsələn, qısamüddətli borclar) üstünlük verdiyini göstərir.

- Əmsal 6: Girov qoyulmuş qiymətli kağızların bütün qiymətli kağızlara olan nisbəti. Bu əmsal likvidliyə olan tələbatı ödəmək üçün istifadə edilə bilməyən, girov qoyulmuş qiymətli kağızların faizlə ifadəsini göstərir.

- Əmsal 7: Yerli maliyyə bazarlarından cəlb olunmuş vəsaitlərin cəminin xarici bazarlardan cəlb olunmuş vəsaitlərin cəminə olan nisbəti. Bu əmsal bankın yerli və xarici bazarlardan cəlb edilmiş vəsaitlərinin cəmləşməsinin tənzimlənməsi üçün nəzərdə tutulur.

- Əmsal 8: Tələbli depozitlərin və bankların müxbir hesablarının sabit qalıqlarının cəminin öhdəliklərin ümumi məbləğinə nisbəti. Bu əmsal tələbli depozitlərin və müxbir hesabların sabit qalıqlarının öhdəliklərin hansı hissəsini təşkil etdiyini müəyyən edir. Sabit qalıq dedikdə bir il ərzində hesabda sabit olaraq qalan və hesabdan çıxarılmayan məbləğ başa düşülür.

5.6. Erkən xəbərdarlıq sistemi. Bank mümkün kritik vəziyyətləri təhlil edən, likvidlik mövqeyinin mənfi dəyişməsi riskinin artmasını və əlavə maliyyələşdirməyə tələbatın yaranmasını müəyyən edən və izləyən erkən xəbərdarlıq sisteminə və prosedurlara malik olmalıdır.

 Erkən xəbərdarlıq sistemi daim nəzarət altında olan kəmiyyət və keyfiyyət meyarlarından ibarət olmalıdır. Erkən xəbərdarlıq sistemi ən azı aşağıdakı meyarları əhatə etməlidir:

- aşağı likvidli və/və ya qeyri-likvid aktivlərin, xüsusən də yüksək likvidli öhdəliklər hesabına maliyyələşən aktivlərin izafi artımı;

- aktiv və öhdəliklərin növləri üzrə cəmləşmənin artımı;

- likvidlik “qəp”lərinin artımı;

- öhdəliklər üzrə ödənişlərin orta ölçülmüş müddətinin azalması;

- müəyyən edilmiş limitlərdə mütəmadi müşahidə olunan yaxınlaşma, daxili və prudensial limitlərin pozulması;

- bankın gəlirlik göstəricilərinin kəskin aşağı düşməsi, aktivlərin keyfiyyətinin və ümumi maliyyə vəziyyətinin pisləşməsi;

- bankın səhmlərinin, istiqrazlarının və digər qiymətli kağızlarının qiymətlərinin aşağı düşməsi;

- bank tərəfindən vəsaitlərin cəlb olunması ilə bağlı xərclərin artması;

- bankın kreditorları tərəfindən əlavə təminat barədə tələbin irəli sürülməsi;

- banka açılmış kredit xətlərinin bağlanması;

- müddətləri başa çatmamış depozitlər də daxil olmaqla depozitlərin geri çağırılması;

- uzunmüddətli vəsaitlərin cəlb edilməsində çətinliklər;

- qısamüddətli öhdəliklərin yerləşdirilməsində çətinliklər;

- banka mənfi təsir göstərə bilən ictimai məlumat;

- reytinq agentlikləri tərəfindən verilmiş reytinqlərin aşağı düşməsi;

- bankın reputasiyasının pisləşməsi.

5.7. Stress-test və ssenarilərin təhlili. Bankın likvidlik mövqeyinin effektiv proqnozlaşdırılması üçün bank ayda bir dəfədən az olmayaraq likvidlik vəziyyətinin stress-testini həyata keçirməlidir.

Stress-testin ssenarisinin hazırlanmasında banka və onun fəaliyyətinin xüsusiyyətlərinə (bank əməliyyatlarının və məhsullarının növünə, cəlb edilmiş vəsaitlərin mənbələrinə) aid olan, bazarda cari və proqnozlaşdırılan vəziyyətlə bağlı fərziyyələr, habelə reytinq agentlikləri tərəfindən verilmiş reytinqlərin təsiri kimi meyarlar əsas götürülməlidir.

Stress-testin keçirilməsi zamanı müqavilə ilə müəyyən edilən müddətli aktiv və öhdəliklərin məbləğlərinin hər zaman onların likvid dəyərini real əks etdirmədiyi nəzərə alınmalıdır.

Stress-test üçün fərziyyələr aşağıdakılardan ibarət ola bilər:

- Aktivlər üzrə stress-test:

- kreditlərin vaxtında qaytarılmaması və ya gecikdirilməsi (kredit riski ilə əlaqədar yaranan likvidlik riski);

- mərkəzi Bank tərəfindən məcburi ehtiyat normasının dəyişdirilməsi;

- bankda likvid aktivlərin həcminin azalması;

- bazarda likvid aktivlərin dəyərində dəyişikliklərin müşahidə olunması.

- Öhdəliklər üzrə stress-test:

- müddətli öhdəliklərin sahibləri tərəfindən vəsaitlərin vaxtından əvvəl geri götürülməsi;

- cari və müxbir hesablarda vəsaitlərin azalması;

- müştərilərin depozitlərinin valyutasının dəyişdirilməsi;

- iri depozitlərin geri çağırılması;

- banklar və digər maliyyə qurumlarından alınmış vəsaitlərin vaxtından əvvəl geri çağırılması;

- kredit xətləri üzrə müqavilə şərtlərinin pozulması (vaxtından əvvəl bağlanması, nəzərdə tutulmuş vəsaitlərin tam həcmdə və ya vaxtında ayrılmaması).

- Aktiv və öhdəliklərə təsir edən fərziyyələr:

- faiz dərəcəsinin dəyişməsi;

- inflyasiya dərəcəsinin dəyişməsi;

- valyuta məzənnəsinin kəskin dəyişməsi.

Bankın xaricdə yerləşən filial, törəmə struktur və törəmə banklarının likvidliyi üzrə stress-test bank tərəfindən əvvəlcədən müəyyən edilmiş qaydada ayrıca olaraq həyata keçirilə bilər. Belə halda stress-testin nəticələri bankın baş ofisinə təqdim olunmalıdır.

Bank tərəfindən likvidlik vəziyyətinin dəyişməsinin inkişafının “ən pis”, “ən yaxşı” və “ehtimal olunan” ssenariləri tərtib olunmalı və yuxarıda qeyd olunan fərziyyələr daxil olmaqla hər bir ssenari üçün ayrıca meyarlar müəyyən edilməlidir.

Hər bir ssenari bütün balans və balansarxası maddələrə tətbiq edilməlidir. Maddələrdə baş verən dəyişikliklər təhlil olunmalı və bankın likvidliyinin və maliyyə göstəricilərinin proqnozlaşdırılmasında nəzərə alınmalıdır.

Stress-testdə irəli sürülən fərziyyələr bankın müvafiq komitəsi tərəfindən təsdiq edilməlidir. Stress-testin və ssenari təhlilinin nəticələri bank rəhbərliyinə və bankın digər əlaqəli əməkdaşlarına təqdim edilməlidir.

Stress-testin və ssenari təhlilinin nəticələrinə əsasən bankın strateji planına, habelə limitlərə və likvidliyin idarə olunması qayda və prosedurlarına zəruri dəyişikliklərin edilməsinə dair qərarlar bankın müvafiq komitəsi tərəfindən hazırlanmalı, Müşahidə Şurası tərəfindən təsdiq edilməlidir.

5.8. Likvidliyin təmin edilməsi üzrə fövqəladə hallar planı. Bankın davamlı fəaliyyətinin təmin olunması məqsədi ilə bankda fövqəladə hallarda likvid vəsaitlərin cəlb edilməsi və aktivlərin minimal zərərlə likvid vəsaitlərə çevrilməsi prosedurlarını özündə əks etdirən plan olmalıdır (bundan sonra- “fövqəladə plan”).

Bu plan bankın strukturuna, fəaliyyətinin xüsusiyyətlərinə, risk profilinə, əməliyyatlarının həcminə, fəaliyyət göstərdiyi regiona uyğun müəyyənləşdirilməlidir. Bankın likvid vəsaitlərə tələbatı, habelə bank üçün əhəmiyyətli ödənişlər və onların həyata keçirilməsində prioritetlər nəzərə alınmaqla fövqəladə planda likvid vəsaitlərin gözlənilməz çatışmazlığı zamanı potensial maliyyələşmə mənbələri dəqiq müəyyən edilməli, bankın real əldə edə biləcəyi vəsaitlər, bunun üçün tələb olunan müddət və xərclər göstərilməlidir.

Fövqəladə plan bankın bir çox əlaqəli struktur bölmələrinin (Riskləri idarəetmə komitəsi, Xəzinədarlıq, Aktiv və passivləri idarəetmə komitəsi, İnformasiya texnologiyaları, ödəniş sistemləri və maliyyə xidməti) iştirakı ilə hazırlanmalı və Müşahidə Şurası tərəfindən təsdiq edilməlidir. Planda fövqəladə vəziyyətə reaksiya vermə prosedurları və bu vəziyyətdə bankın daxilində dəqiq vəzifə və səlahiyyət bölgüsü öz əksini tapmalıdır.

Mövcud şəraitə uyğunluğu baxımından fövqəladə plana rübdə bir dəfədən az olmayaraq yenidən baxılmalı və təsdiq edilməlidir. Planın aktuallığının təsdiqlənməsi üçün planda öz əksini tapmış fərziyyələr stress-testləşməlidir.

Likvidliyin idarə olunması üzrə fövqəladə planda aşağıdakılar öz əksini tapmalıdır:

- cəlb edilmiş vəsaitlərdən ən sabit hesab olunan vəsaitlərin həcmi və tərkibi;

- likvid vəsaitlərin gözlənilməz çatışmazlığı ilə əlaqədar bankın cəlb olunmuş vəsait mənbələrinin azalmasının ehtimal olunan dərəcələri baxımından həmin vəsait mənbələrinin təsnifatı;

- likvid vəsaitlərin gözlənilməz çatışmazlığı vəziyyətinin ilkin əlamətləri yarandıqda təxirəsalmadan azalması gözlənilən müddətli və müddətsiz öhdəliklər;

- bankın əlavə vəsaitlər, o cümlədən əlavə kapital cəlb etməsi mənbələri və imkanları (prudensial normativ və bankdaxili limitlərə riayət edilməsi və digər tələblərin yerinə yetirilməsi nəzərə alınmaqla);

- likvid vəsaitlərin gözlənilməz çatışmazlığı yarandıqda bankın fasiləsiz fəaliyyətinin davam etdirilməsi üçün ehtimal olunan maksimal müddət.

Planda təminat qismində istifadə oluna və ya dərhal satıla bilən aktivlər müəyyən edilməlidir.

5.9. Cəlb olunmuş vəsaitlərin mənbələrinin diversifikasiyası. Bank öz fəaliyyətinin xüsusiyyətlərindən, məhsullarının və fəaliyyət göstərdiyi bazarların növündən asılı olaraq vəsait mənbələrini diversifikasiya etməlidir. Cəlb olunmuş vəsaitlərin diversifikasiyası aşağıdakı kimi olmalıdır:

- depozitlərin müxtəlif növləri üzrə;

- depozitlər istisna olmaqla, digər cəlb olunan vəsaitlərin müxtəlif növlərinin (məsələn, bankın kommersiya qiymətli kağızları) bankın öhdəliklərinin təminatı qismində istifadə edilməsi üzrə;

- əmanətçilərin/kreditorların (fiziki və hüquqi şəxslər, Mərkəzi Bank, digər dövlət təşkilatları, banklar və digər maliyyə institutları və s.) müxtəlif növləri üzrə;

- coğrafi yerləşmə, ölkə, region üzrə.

Diversifikasiya komponentlərinin mövcud şəraitlərə adekvat olunmasının təmin edilməsi məqsədilə onlara rübdə bir dəfədən az olmayaraq yenidən baxılmalıdır.

5.10. Təminatların idarə olunması. Balans və balansarxası əməliyyatlar üzrə əlavə vəsaitlərin cəlb olunmasına zərurət yarandıqda təminat qismində istifadə oluna bilən aktivlərin daimi monitorinqi həyata keçirilməlidir. Bank bu aktivlərin dərhal, mümkün qədər az zərərlə istifadəsinə heç bir hüquqi, normativ və ya bankdaxili məhdudiyyətlərin olmamasını təmin etməlidir.

5.11. Filialların likvidliyi. Bankın filialı tərəfindən həyata keçirilən əməliyyatların həcmi və məbləği nəzərə alınaraq bankdaxili qaydalarda filialların likvidliyinə qarşı tələblər, onların likvid vəsaitlərinin idarə olunması üzrə prosedurlar və likvidlik mövqelərinə dair hesabatlıq sistemi müəyyən edilməlidir.

Filialların likvidliyinin idarə olunması sistemi bankın müəyyən etdiyi ödəniş müddətləri ərzində likvid vəsaitlərə tələbatın planlaşdırılmasını, habelə filialın likvid vəsaitlərinin səviyyəsinin təmin edilməsi və/və ya artırılması məqsədilə bankın baş ofisi və digər filialları ilə qarşılıqlı əməkdaşlıq mexanizmlərini əhatə etməlidir.

 

6. Hesabatlıq sistemi və hesabatların təqdim edilməsi

 

6.1. Bankdaxili hesabatlıq sistemi. Bankın rəhbərliyi likvidliyin vəziyyəti barədə mütəmadi, gözlənilməz hallar baş verdikdə isə dərhal məlumatlandırılmalıdır.

Bankın hesabatlıq sistemində bu Qaydaların 5-ci bəndində qeyd olunmuş likvidliyin idarə olunması prosesləri əhatə olunmalıdır. Bundan əlavə bank rəhbərliyinin, habelə müvafiq səlahiyyətli əməkdaşlarının məlumatlandırılması məqsədilə hesabatlıq sistemi aşağıdakı məlumatları özündə cəmləşdirməlidir:

- öhdəliklərin cəmləşməsi barədə məlumat: ən iri vəsait təminatçıları/öhdəliklərin sahibləri, onların fəaliyyət sahələri və coğrafi ərazi üzrə toplanması, resursların növü (cari hesab, müddətli depozit, banklararası kredit), vəsaitin məbləği, faiz dərəcəsi və digər məlumatlar;

- ən qısa müddət ərzində satıla bilən aktivlərin siyahısı;

- hazırda təminat qismində yerləşdirilmiş və əlavə vəsaitlər tələb olunarsa təminat qismində yerləşdirilə və ya gələcəkdə yenidən maliyyələşdirilə bilən aktivlərin siyahısı;

- kreditlərin və digər öhdəliklərin geri qaytarılması, gələcəkdə əldə ediləcək əsas vəsaitlərin və uzunmüddətli investisiyaların maliyyələşdirilməsi üzrə plan (bankdaxili) və proqnozlar (bankdankənar təsir nəzərə alınmaqla);

- aktivlərin gəlirliyi və bank əməliyyatlarının aparılması üçün müxtəlif resursların dəyəri (maliyyələşmə mənbələri üçün mövcud olan və proqnozlaşdırılan qiymətlər);

- bazarda mövcud vəziyyətin, habelə öhdəliklərinin diversifikasiyası məqsədilə bankın bazara çıxış imkanlarının və qısa müddət ərzində aktivlərin satılmasını təmin edə bilmək bacarığının qiymətləndilməsi üzrə mütəmadi məlumat.

6.2. Menecment İnformasiya Sistemi (MİS). Aşağıdakıların həyata keçirilməsi məqsədi ilə bankda adekvat informasiya sistemi yaradılmalıdır:

- gündəlik likvidlik riskinin ölçülməsi, izlənməsi və ona nəzarət olunması;

- likvidliyin təhlili üçün ödəniş müddətlərinin təyin edilməsi və dəyişdirilməsi;

- müəyyən edilmiş prosedurlara və limitlərə riayət olunmasının yoxlanılması;

- likvidlik göstəricilərindəki meyllərin izlənməsi;

- normativ tələblərlə və bankdaxili qaydalarla müəyyən edilmiş formada müxtəlif hesabatların hazırlanması.

MİS erkən xəbərdarlıq sistemində qeyd olunmuş meyarların dinamikasını izləmək və hər hansı bir göstərici kritik həddə çatdıqda bank rəhbərliyini məlumatlandırmaq imkanına malik olmalıdır.

MİS hər bir valyuta növü üzrə, habelə bankın ümumi valyutalarının cəmi üzrə likvidlik mövqeyinin hesablanmasına imkan yaratmalıdır.

MİS tərəfindən hazırlanan hesabatlar mütəmadi olaraq bankın Müşahidə Şurasına, İdarə Heyətinə və müvafiq əməkdaşlarına təqdim olunmalıdır.

6.3. Likvidlik riskinin idarə olunmasına daxili nəzarət. Bankın daxili nəzarət sistemi likvidliyin idarə olunması proseslərinə adekvat nəzarətin həyata keçirilməsini təmin etməlidir. Daxili nəzarət sisteminin əsas komponenti likvidliyin idarə olunması sisteminin səmərəliyinin mütəmadi müstəqil qiymətləndirilməsi və bu sistemə zəruri dəyişikliklərin edilməsi barədə tələblərin irəli sürülməsidir. Belə qiymətləndirmələrin nəticələri müvafiq qaydada sənədləşdirilməli və bankın rəhbərliyinə təqdim edilməlidir.

6.4. Mərkəzi Banka hesabatların təqdim edilməsi. Bankın likvidlik mövqeyinə dair məlumat, o cümlədən ödəniş müddətlərinin bölgüsü və ani likvidlik üzrə hesabatlar prudensial hesabatlıq sistemində nəzərdə tutulmuş forma və qaydada hazırlanmalı və prudensial hesabatın tərkibində Mərkəzi Banka təqdim olunmalıdır.

6.5. Məlumatların istifadəçilərə təqdim edilməsi. Bankın likvidlik riski üzrə məlumatın istifadəçilərə təqdim edilməsi Mərkəzi Bankın müvafiq normativ xarakterli aktı ilə tənzimlənir. Bununla yanaşı bankdaxili qaydalarda bankın sabitliyi barədə əlavə məlumatların açıqlanmasına dair tələblər müəyyən edilə bilər.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status