390.000.000
"İnsan alverinin qurbanı olmuş uşaqların sığınacaqda yerləşdirilməsi və saxlanılması Qaydaları"nın təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 fevral tarixli 133 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı (2009-2013-cü illər)"nın "İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planının həyata keçirilməsi ilə bağlı Tədbirlər Planı (2009-2013-cü illər)"nın 8-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "İnsan alverinin qurbanı olmuş uşaqların sığınacaqda yerləşdirilməsi və saxlanılması Qaydaları" təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ
Bakı şəhəri, 19 noyabr 2009-cu il
№ 180
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2009-cu il 19 noyabr tarixli 180 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
İnsan alverinin qurbanı olmuş uşaqların sığınacaqda yerləşdirilməsi və saxlanılması
QAYDALARI
1. ÜMUMİ MÜDDƏA
Bu Qaydalar Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 fevral tarixli 133 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı (2009-2013-cü illər)"na uyğun olaraq hazırlanmışdır və insan alverinin qurbanı olmuş uşaqların (bundan sonra - uşaqlar) sığınacaqda yerləşdirilməsi və saxlanılması qaydalarının həyata keçirilməsi mexanizmini müəyyən edir.
2. UŞAQLARIN SIĞINACAQDA YERLƏŞDİRİLMƏSİNİN VƏ SAXLANILMASININ ƏSASLARI
2.1. Uşaqların sığınacaqda yerləşdirilməsi və saxlanılması könüllülük, konfidensiallıq, fərdi yanaşma, qurbanların mənafelərinin müdafiəsi, təhlükəsizliyin təmin edilməsi, bərabərlik, qurbanlara hörmət, təxirəsalınmaz yardım, yardımların pulsuz göstərilməsi prinsipləri əsasında həyata keçirilir.
2.2. Uşağa yardım göstərilərkən onun mənafeləri üstün tutulmalı, "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununa, "Uşaq hüquqları haqqında" BMT-nin Konvensiyasına, habelə Azərbaycan Respublikasının digər qanunlarına və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, uşağın hüquqlarının və qanuni maraqlarının qorunması üçün bütün tədbirlər görülməlidir.
2.3. Sığınacaq daxilində nəzərdə tutulmuş bütün xidmət və tədbirlər ilkin olaraq uşaqların maraq və ehtiyaclarına uyğunlaşdırılır.
2.4. Kimliyindən asılı olmayaraq, sığınacağa yerləşdirilmiş bütün uşaqlara münasibətdə heç bir ayrı-seçkiliyə yol verilmir.
2.5. Sığınacağa yerləşdirilmiş uşağın yaşı, kamillik səviyyəsi nəzərə alınmaqla, onların vəziyyəti, hüquqları, göstəriləcək xidmətlərə dair məlumatlar uşaqların dərk edəcəyi formada verilməlidir.
2.6. Sığınacağa yerləşdirilmiş hər bir uşağa və onun valideynlərinə dair məlumatlar Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada konfidensial saxlanılmalıdır.
2.7. Uşaq sığınacaqda yerləşdirilərkən onun hüquq və mənafelərini müdafiə edən şəxsin iştirakı təmin edilməlidir.
3. UŞAQLARIN SIĞINACAQDA YERLƏŞDİRİLMƏSİ
3.1. Uşaqların müdafiəsini təmin etmək məqsədi ilə onlar müvəqqəti yaşamaq üçün yaradılmış sığınacaqda yerləşdirilirlər.
3.2. Sığınacağın rəhbəri uşaq barədə təxirəsalınmaz tədbirlərin görülməsi məqsədi ilə sığınacağın yerləşdiyi ərazinin qəyyumluq və himayə orqanına, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə dərhal məlumat verir.
3.3. Şəxs sığınacağa qəbul edilərkən onun yaşını dəqiq müəyyən etmək mümkün olmadıqda, lakin həmin şəxsin 18 yaşına çatmadığı ehtimal edildikdə, o, uşaq hesab edilir.
3.4. Sığınacaqlarda uşaqlar bir qayda olaraq, ayrıca yerləşdirilirlər. Uşağın mənafeyi nəzərə alınaraq, o, valideynləri (uşağın insan alverinin qurbanı olmasına valideynlərinin səbəb olması güman edilən hallar istisna olmaqla) və ya uşağın psixoloji durumuna müsbət təsir göstərən digər şəxslərlə birlikdə yerləşdirilə bilər.
4. SIĞINACAQDA QALMA MÜDDƏTİ
4.1. Uşaqların sığınacaqda qalma müddəti 60 gündür. Aşağıdakı hallarda sığınacaq verilmə müddəti xüsusi polis qurumunun, qəyyumluq və himayə orqanının və Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın vəsatəti ilə uzadıla bilər:
4.1.1. uşağın həyatı üçün təhlükə aradan qaldırılmadıqda;
4.1.2. uşağın valideynlərinin axtarılması, yaxud barəsində qəyyumluq və ya himayənin müəyyən edilməsi üzrə tədbirlər tamamlanmadıqda;
4.1.3. uşağın fərdi proqram üzrə reabilitasiyası başa çatmadıqda;
4.1.4. cinayət təqibini həyata keçirən orqan tərəfindən uşağın əlavə olaraq dindirilməsinə ehtiyac olduqda;
4.1.5. uşağın mənafeləri onun sığınacaqda qalmasını tələb edən digər hallarda.
4.2. Sığınacaqda qalma müddətinin uzadılmasına dair vəsatət həmin müddətin bitməsinə 10 gün qalmış verilir. Sığınacağın müdiriyyəti vəsatətin verildiyi gündən 3 gün müddətində sığınacaq verilmə müddətinin uzadılmasına dair qərar qəbul edir.
4.3. Uşaqlar sığınacağa yerləşdirilərkən və burada saxlama müddəti uzadılarkən 10 yaşından böyük uşaqların məsələyə dair münasibəti öyrənilir və nəzərə alınır.
5. Sığınacaqda yerləşdİrİlmİş uşağa münasİbətdə Aİlə, Qadın və Uşaq Problemlərİ üzrə Dövlət Komİtəsİnİn, qəyyumluq və hİmayə orqanının və Yetkİnlİk yaşına çatmayanların İşlərİ və hüquqlarının müdafİəsİ üzrə komİssİyanın vəzİfələrİ
5.1. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, qəyyumluq və himayə orqanı və Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya sığınacaqda yerləşdirilmiş uşağın hüquq və mənafelərinin Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq konvensiyalara və müqavilələrə uyğun olaraq qorunmasının təmin edilməsi üçün öz səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görürlər.
5.2. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi:
5.2.1. uşağın sığınacaqda yerləşdirilməsi və saxlanılmasının qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsi ilə bağlı müvafiq qurumlar qarşısında vəsatət qaldırır və təkliflər verir;
5.2.2. uşağın fərdi sosial reabilitasiya planının həyata keçirilməsi ilə tanış olur, məsələyə dair təkliflər verir;
5.2.3. uşağın valideynləri (uşağın insan alverinin qurbanı olmasına valideynlərinin səbəb olması güman edilən hallar istisna olmaqla) ilə reabilitasiya işləri aparır və onlara müvafiq yardım göstərilməsi ilə bağlı müvafiq orqanlar qarşısında vəsatət qaldırır;
5.2.4. sığınacağı tərk edən uşağın gələcək həyat tərzinin müəyyən edilməsi ilə bağlı aidiyyəti orqanlarla əməkdaşlıq çərçivəsində müvafiq tədbirlər görür;
5.2.5. qanunvericilikdən irəli gələn digər məsələləri həll edir.
5.3. Qəyyumluq və himayə orqanı:
5.3.1.uşağın sorğu edilməsində və dindirilməsində nümayəndəsinin iştirakını təmin edir;
5.3.2. tələb olunduqda, uşaq üzərində qəyyumluq və ya himayə müəyyən edir;
5.3.3. uşağa sığınacaq verilməsi müddətinin uzadılmasına dair vəsatət qaldırır;
5.3.4. qanunvericilikdən irəli gələn digər məsələləri həll edir.
5.4. Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya:
5.4.1. insan alverinin qurbanı olmuş uşağın fərdi sosial reabilitasiya planının həyata keçirilməsinə nəzarət edir ;
5.4.2. uşağın saxlanılması şəraiti ilə tanış olur;
5.4.3. uşağın hüquqlarını pozan şəxslərin məsuliyyətə cəlb edilməsi üçün müvafiq dövlət orqanına müraciət edir;
5.4.4. uşağa sığınacaq verilməsi müddətinin uzadılmasına dair vəsatət qaldırır;
5.4.5. qanunvericilikdən irəli gələn digər məsələləri həll edir.
6. UŞAQLARIN SIĞINACAQDA SAXLANILMASI VƏ ONLARA GÖSTƏRİLƏN XİDMƏTLƏR
6.1. Sığınacağa yerləşdirilən uşaqlara zəruri tibbi, psixoloji, hüquqi, sosial yardımlar göstərilir, onlara təhsillərini davam etdirmək imkanı yaradılır.
6.2. Sığınacaqda uşaqların şəxsiyyətinin anonimliyi təmin edilir.
6.3. Sığınacaqda yerləşdirilmiş uşaqlara onların hüquq və mənafelərini müdafiə edən şəxslərlə (həmin şəxsin uşağın insan alverinin qurbanı olmasına səbəb olması güman edilən hallar istisna olmaqla) əlaqə və ünsiyyət saxlamaq imkanı yaradılır.
6.4. Sığınacaqda yerləşdirilən uşaqlara yardım göstərilərkən onların yaşı, cinsi və tələbatları nəzərə alınır və hər bir uşaq barəsində sosial reabilitasiya proqramı hazırlanır.
6.5. Sığınacaqda uşaqlara telefonla danışmaq və tərcüməçinin imkanlarından istifadə etmək imkanı verilir.
6.6. Sığınacaqda yerləşdirilmiş uşaqların təhlükəsizliyi qanunvericiliyə müvafiq şəkildə təmin edilir.
7. SIĞINACAQDA QALMA MÜDDƏTİ BİTMİŞ UŞAQLAR
7.1. Sığınacağın rəhbəri sığınacaqda qalma müddəti bitmiş uşağın yerləşdirilməsi üçün həmin müddətin bitməsinə 10 gün qalmış Daxili İşlər Nazirliyini, uşağın hüquq və mənafelərini müdafiə edən orqanları və şəxsləri bu barədə məlumatlandırır.
7.2. Sığınacaqda qalma müddəti bitmiş uşağın yerləşdirilməsi, onun hüquq və mənafelərinin müdafiəsi, habelə ehtiyaclarının təmin edilməsi üzrə aidiyyəti dövlət orqanlarının vəzifələri müvafiq qanunvericiliklə müəyyən edilir.