090.000.000
100.000.000
120.000.000
440.000.000
İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi ilə bağlı bəzi normativ hüquqi sənədlərin təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli 83 nömrəli Fərmanının 1.4-cü, 1.5-ci, 1.6-cı və 1.7-ci bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "İxrac məqsədli neft-qaz fəaliyyətinin həyata keçirilməsi ilə bağlı podratçıların və subpodratçıların əmək müqaviləsi əsasında cəlb etdikləri Azərbaycan Respublikasının vətəndaşlarının "İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş nisbətdən fərqli olan digər nisbətinə əcnəbi işçi cəlb etmələrinə razılığın verilməsi üçün tələb olunan sənədlərin Siyahısı", "Xüsusi iqtisadi rejimdən istifadə üçün şəhadətnamənin alınması məqsədi ilə podratçı (subpodratçı) tərəfindən təqdim edilən Ərizənin Forması", "Xüsusi iqtisadi rejimdən istifadə üçün şəhadətnamənin alınması məqsədi ilə podratçı (subpodratçı) tərəfindən təqdim edilən ərizəyə əlavə edilən sənədlərin Siyahısı", "Xüsusi iqtisadi rejimdən istifadə üçün şəhadətnamənin alınması məqsədi ilə podratçı (subpodratçı) tərəfindən təqdim edilən sənədlərin araşdırılması üçün ekspertin (mütəxəssisin) təyin edilməsi və ekspertizanın aparılması Qaydaları", "İxrac məqsədli neft-qaz fəaliyyəti üçün podratçılara və subpodratçılara xüsusi iqtisadi rejimin tətbiqi haqqında Şəhadətnamənin Forması" və "İxrac məqsədli neft-qaz fəaliyyətinin həyata keçirilməsi ilə bağlı podratçılara və subpodratçılara xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi, müddətinin uzadılması və ləğv edilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ
Bakı şəhəri, 6 noyabr 2009-cu il
№ 174
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2009-cu il 6 noyabr tarixli 174 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
İxrac məqsədli neft-qaz fəaliyyətinin həyata keçirilməsi ilə bağlı podratçıların və subpodratçıların əmək müqaviləsi əsasında cəlb etdikləri Azərbaycan Respublikasının vətəndaşlarının "İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş nisbətdən fərqli olan digər nisbətinə əcnəbi işçi cəlb etmələrinə razılığın verilməsi üçün tələb olunan sənədlərin
S İ Y A H I S I
1. Podratçı və ya subpodratçı tərəfindən ixrac məqsədli neft-qaz fəaliyyətinin həyata keçirilməsini təsdiq edən şəhadətnamənin surəti.
2. Cəlb olunan əcnəbilərin şirkətdə çalışan bütün işçilərin ümumi sayının 20 faizindən artıq olması zərurəti barədə "İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında" Azərbaycan Respublikası Qanununun 6.2.1-ci, 6.2.2-ci və 6.2.3-cü maddələri nəzərə alınmaqla əsaslandırılmış arayış.
3. Siyahının 2-ci bəndində göstərilən arayışdakı əsaslandırma ilə bağlı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəyi.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2009-cu il 6 noyabr tarixli, 174 nömrəli qərarı ilə
təsdiq edilmişdir
Xüsusi iqtisadi rejimdən istifadə üçün şəhadətnamənin alınması məqsədi ilə podratçı (subpodratçı) tərəfindən təqdim edilən
ƏRİZƏNİN FORMASI
[1]
-----------------------------------------------------------------------------------------------
kəsilmə xətti
-----------------------------------------------------------------------------------------------
|
Xüsusi iqtisadi rejimdən istifadə üçün şəhadətnamənin alınması məqsədi ilə podratçı (subpodratçı) tərəfindən təqdim edilən ərizənin qəbul edilməsi haqqında
BİLDİRİŞ
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2009-cu il 6 noyabr tarixli 174 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Xüsusi iqtisadi rejimdən istifadə üçün şəhadətnamənin alınması məqsədi ilə podratçı (subpodratçı) tərəfindən təqdim edilən ərizəyə əlavə edilən sənədlərin
S İ Y A H I S I
1. Vergi orqanları tərəfindən hüquqi şəxsin dövlət qeydiyyatını təsdiq edən və vergi uçotuna alınması haqqında sənədin surəti.
2. Fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin və vergi orqanları tərəfindən vergi uçotuna alınması haqqında sənədin surəti.
3. Birbaşa və ya əlaqəli müqavilənin (onu əvəz edən sənədin) surəti.
4. Gömrük orqanları tərəfindən verilən tətbiq olunan gömrük proseduru barədə sənədin surəti.
[2]
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2009-cu il 6 noyabr tarixli 174 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Xüsusi iqtisadi rejimdən istifadə üçün şəhadətnamənin alınması məqsədi ilə podratçı (subpodratçı) tərəfindən təqdim edilən sənədlərin araşdırılması üçün ekspertin (mütəxəssisin) təyin edilməsi və ekspertizanın aparılması
Q A Y D A L A R I
1. Bu Qaydalar "İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli 83 nömrəli Fərmanının 1.6-cı bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və xüsusi iqtisadi rejimdən istifadə üçün şəhadətnamənin alınması məqsədi ilə podratçı (subpodratçı) tərəfindən təqdim edilən sənədlərin araşdırılması üçün ekspertin (mütəxəssisin) təyin edilməsi və ekspertizanın aparılması qaydalarını müəyyən edir.
2. Xüsusi iqtisadi rejimdən istifadə üçün şəhadətnamənin alınması məqsədi ilə podratçı (subpodratçı) tərəfindən təqdim edilən sənədlərin araşdırılması üçün ekspertin (mütəxəssisin) təyin edilməsi Azərbaycan Respublikasının Energetika Nazirliyi (bundan sonra - Energetika Nazirliyi) tərəfindən həyata keçirilir.
3. Energetika Nazirliyi podratçı (subpodratçı) tərəfindən təqdim olunan sənədləri 2 (iki) iş günü müddətində ekspert (mütəxəssis) rəyinin bildirilməsi üçün Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (bundan sonra - ekspert (mütəxəssis) təqdim edir.
4. Ekspert (mütəxəssis) Energetika Nazirliyindən daxil olmuş sənədlərin "İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunluğunu araşdırır və 15 (on beş) gündən gec olmayaraq yazılı rəyini Energetika Nazirliyinə təqdim edir.
[3]
5. Ekspert (mütəxəssis) "İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə və bu Qaydalarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmək üçün aşağıdakı sənədləri və məlumatları, podratçıdan (subpodratçıdan) tələb edə bilər:
5.1. podratçının (subpodratçı) təsis sənədlərinin notarial qaydada təsdiq edilmiş (müvafiq qaydada apostil və ya leqallaşdırılmış) surəti;
5.2. podratçı (subpodratçı) tərəfindən təqdim olunan idxal siyahısı üzrə dəqiqləşdirmələr aparmaq tələb olunduğu təqdirdə idxal siyahısı üzrə avadanlıq və ya materialların dəyərinin podratçı (subpodratçı) hesabına qiymətləndirilməsi;
5.3. podratçının (subpodratçının) ana şirkətləri daxil olmaqla, beynəlxalq biznes məkanında şəffaflıq tələblərinə uyğun olaraq fəaliyyətinin şəffaflığını təsdiq edən sənədləri və ya arayışları;
5.4. podratçının (subpodratçı) neft və qaz fəaliyyətində iştirak etməsini təsdiqləyən məktub;
5.5. podratçı (subpodratçı) tərəfindən təqdim olunan sənədlər xarici dildə olduqda onların Azərbaycan dilinə tərcüməsi;
5.6. "İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında" Azərbaycan Respublikası Qanunu ilə və bu Qaydalara əsasən tələb olunan sənədlərdən əlavə rəy təqdim etmək üçün Podratçıdan (subpodratçıdan) onun fəaliyyətinə dair əlavə sənədlər.
Qeyd. Bu Qaydalar, həmçinin "İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında" Azərbaycan Respublikası Qanununun 7.7-ci maddəsində nəzərdə tutulan podratçılara da şamil edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2009-cu il 6 noyabr tarixli, 174 nömrəli qərarı ilə
təsdiq edilmişdir
İxrac məqsədli neft-qaz fəaliyyəti üçün podratçılara və subpodratçılara xüsusi iqtisadi rejimin tətbiqi haqqında
ŞƏHADƏTNAMƏNİN FORMASI
[4]
№ ___________
Azərbaycan Respublikasının
Energetika Nazirliyi
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2009-cu il 6 noyabr tarixli 174 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
İxrac məqsədli neft-qaz fəaliyyətinin həyata keçirilməsi ilə bağlı podratçılara və subpodratçılara xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi, müddətinin uzadılması və ləğv edilməsi
Q A Y D A L A R I
[5]
1. ÜMUMİ MÜDDƏALAR
1.1. Bu Qaydalar "İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli 83 nömrəli Fərmanının 1.7-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və ixrac məqsədli neft-qaz fəaliyyətinin həyata keçirilməsi ilə bağlı podratçılara və ya subpodratçılara xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin (bundan sonra - şəhadətnamə) verilməsini, müddətinin uzadılmasını və ləğv edilməsini tənzimləyir.
1.2. Şəhadətnamə Azərbaycan Respublikasının Energetika Nazirliyi (bundan sonra - Energetika Nazirliyi) tərəfindən verilir.
1.3. Energetika Nazirliyi tərəfindən verilən şəhadətnamə ixrac məqsədli neft-qaz fəaliyyətinin həyata keçirilməsi ilə məşğul olan podratçılara və ya subpodratçılara xüsusi iqtisadi rejimin tətbiq olunmasını təsdiq edir.
2. ŞƏHADƏTNAMƏNİN VERİLMƏSİ
2.1. Hüquqi və ya fiziki şəxslər (bundan sonra - ərizəçi) şəhadətnamə almaq üçün Energetika Nazirliyinə müəyyən edilmiş formada ərizə və ona əlavə olunan sənədlər ilə müraciət edirlər. Təqdim edilən sənədlər Azərbaycan dilində tərtib olunmalıdır.
2.2. Ərizəçidən bu Qaydalarda nəzərdə tutulmayan sənədlərin tələb olunması qadağandır.
2.3. Şəhadətnamə bu Qaydaların 2.1-ci bəndində nəzərdə tutulmuş sənədlər təqdim edildikdən və qanunvericilikdə nəzərdə tutulmuş prosedurlar keçildikdən sonra ərizəçiyə verilir.
2.4. Şəhadətnamə almaq üçün təqdim edilən sənədlər şəhadətnamə verən orqan tərəfindən qəbul edildiyi gündən 2 (iki) iş günü müddətində ekspert (mütəxəssis) rəyinin bildirilməsi üçün Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (bundan sonra - ekspert (mütəxəssis) təqdim edilir. Ekspert (mütəxəssis) sənədləri araşdırır və 15 (on beş) gündən gec olmayaraq yazılı rəyini şəhadətnamə verən orqana təqdim edir. Ekspertin (mütəxəssisin) rəyi müsbət olduqda, Energetika Nazirliyi tərəfindən ekspertin (mütəxəssisin) rəyi daxil olduğu gündən etibarən 3 (üç) iş günü müddətində ərizəçiyə şəhadətnamə verilir.
2.5. Şəhadətnamədə aşağıdakı məlumatlar göstərilir:
2.5.1. şəhadətnaməni verən orqanın adı;
2.5.2. podratçının və ya subpodratçının tam adı və hüquqi ünvanı (olduğu yer);
2.5.3. podratçının və ya subpodratçının vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;
2.5.4. birbaşa və ya əlaqəli müqavilənin (onu əvəz edən sənədin) tarixi, nömrəsi, tərəfləri və müqavilənin qüvvədə olduğu müddət.
2.5.5. şəhadətnamənin qüvvədə olma müddəti;
2.5.6. şəxsin podratçı və ya subpodratçı olması barədə sənəd;
2.5.7. podratçı və ya subpodratçının kontragentinin tam adı və VÖEN (olduğu halda);
2.5.8. tətbiq edilən vergi rejimi;
2.5.9. gömrük proseduru (gömrük orqanları tərəfindən tətbiq olunan gömrük proseduru barədə arayış əsasında doldurulur);
[6]
2.5.10. şəhadətnamənin verildiyi tarix və nömrəsi;
2.5.11. şəhadətnaməni verən orqanın vəzifəli şəxsinin vəzifəsi, soyadı, adı, imzası və möhür.
2.6. Şəhadətnamə müqavilə (onu əvəz edən sənəd) olmadan verildiyi halda, şəhadətnamə verildiyi gündən 90 (doxsan) gün ərzində müqavilə (onu əvəz edən sənəd) təqdim edildikdən sonra dövlət orqanı tərəfindən şəhadətnaməyə əlavə məlumatlar daxil edilir.
2.7. Şəhadətnamədə dəyişiklik və düzəlişlərin aparılmasına yol verilmir.
2.8. Şəhadətnamədən yalnız şəhadətnamənin sahibi istifadə edə bilər.
2.9. Şəhadətnamə seriya və nömrəsi göstərilməklə gizli mühafizə nişanları olan xüsusi blanklarda tərtib edilir. Verilən şəhadətnamənin seriyasında "PT" (podratçı tərəf) hərfləri, subpodratçılara verilən şəhadətnamənin seriyasında isə müvafiq podratçının VÖEN-i göstərilir və tire işarəsi qoyulmaqla podratçı və ya subpodratçının qeydiyyatının sıra sayını göstərən rəqəmlər yazılır. Şəhadətnamə onu verən orqanın rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanır və imza həmin orqanın möhürü ilə təsdiqlənir.
2.10. Şəhadətnamə Azərbaycan dilində tərtib edilir.
2.11. Şəhadətnamənin verilməsindən imtina edildikdə, bu barədə ərizəçiyə, imtinanın səbəbləri göstərilməklə 3 (üç) iş günü müddətində yazılı məlumat verilir.
2.12. Şəhadətnamənin verilməsindən aşağıdakı hallarda imtina edilir:
bu qaydalarda nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə;
ərizəçinin təqdim etdiyi sənədlərdə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar olduqda;
ekspertin rəyi mənfi olduqda.
Şəhadətnamənin verilməsindən imtina barədə qərardan qanunvericiliyə uyğun olaraq məhkəməyə şikayət verilə bilər.
2.13. Ərizəçi ləğv edildikdə və ya vəfat etdikdə, habelə qanunvericilikdə nəzərdə tutulmuş qaydada onların fəaliyyətinə xitam verildikdə şəhadətnamə hüquqi qüvvəsini itirir.
2.14. Ərizəçinin statusunda və ya adında dəyişiklik baş verərsə və ya onlar yenidən təşkil olunarsa, ərizəçi yeni şəhadətnamənin alınması üçün Energetika Nazirliyinə ərizə ilə müraciət etməlidir. Müraciətə şəhadətnamə və dəyişikliyi təsdiq edən sənədlərin surəti əlavə olunur.
2.15. Şəhadətnamənin yenidən rəsmiləşdirildiyi müddətdə ərizəçi öz fəaliyyətini əvvəlki şəhadətnamə əsasında, şəhadətnamə itirildikdə isə Energetika Nazirliyi tərəfindən verilən dublikat əsasında həyata keçirir. Şəhadətnamə itirildiyi halda bu barədə kütləvi informasiya vasitələrində məlumat verilir.
2.16. Şəhadətnamənin dublikatı Energetika Nazirliyinin rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanır və imza həmin orqanın möhürü ilə təsdiqlənir.
2.17. Energetika Nazirliyi verdiyi, qeydiyyata aldığı, müddətini uzatdığı və ləğv etdiyi şəhadətnamələrin reyestrini aparır və bu barədə məlumatları elektron və ya digər formada Azərbaycan Respublikasının Vergilər Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə göndərir.
3. ŞƏHADƏTNAMƏNİN MÜDDƏTİNİN UZADILMASI
3.1. İxrac məqsədli neft-qaz fəaliyyətini həyata keçirmək üçün əsas olan müqavilədə (onu əvəz edən sənəddə) nəzərdə tutulmuş müddət başa çatdıqda, podratçı və ya subpodratçı bu Qaydaların 2.1-ci bəndinə uyğun olaraq şəhadətnamənin müddətinin uzadılması üçün ərizə ilə Energetika Nazirliyinə müraciət etməlidir.
Ərizəyə müddətin uzadılmasına əsas olan müqavilə və vaxtı ötmüş şəhadətnamə əlavə olunur.
3.2. İxrac məqsədli neft-qaz fəaliyyətinin həyata keçirilməsi ilə bağlı podratçılara və ya subpodratçılara tətbiq olunan xüsusi iqtisadi rejimin müddətinin uzadılması ilə əlaqədar ərizəçiyə yeni şəhadətnamə verilir.
4. ŞƏHADƏTNAMƏNİN LƏĞV EDİLMƏSİ
4.1. Şəhadətnamə Energetika Nazirliyinin qərarı ilə aşağıdakı hallarda ləğv edilir:
4.1.1. podratçı və ya subpodratçı ləğv edildikdə;
4.1.2. ixrac məqsədli neft-qaz fəaliyyətini həyata keçirmək üçün əsas olan müqavilə (onu əvəz edən sənəd) və ya həmin müqavilənin (onu əvəz edən sənədin) müvafiq hissəsi qüvvədən düşdükdə;
4.1.3. podratçının və ya subpodratçının təqdim etdiyi sənəd və məlumatlarda təhrif(lər) aşkar edildikdə;
4.1.4. podratçı və ya subpodratçı tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş xüsusi iqtisadi rejimin pozulması halları nəticəsində dövlətə külli miqdarda ziyan vurulduqda;
4.1.5. müdafiə və milli təhlükəsizlik mülahizələrinə əsasən;
4.1.6. podratçıya və ya subpodratçıya müqavilə olmadığı təqdirdə verilmiş şəhadətnamə ixrac məqsədli neft-qaz fəaliyyətinin həyata keçirilməsinə əsas verən müqavilə 90 (doxsan) gün ərzində təqdim edilmədikdə.
4.2. Ləğv edilmiş şəhadətnamə onu vermiş dövlət orqanına qaytarılmalıdır. Şəhadətnamə verən dövlət orqanı şəhadətnamənin ləğv edilməsi haqqında qərar qəbul etdiyi andan 3 (üç) gün müddətində bu barədə məlumatları elektron və ya digər formada Azərbaycan Respublikasının Vergilər Nazirliyini və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsini məlumatlandırır.
4.3. Energetika Nazirliyi şəhadətnamənin verilməsi, vaxtının uzadılması və ləğv edilməsi barədə məlumatları kütləvi informasiya vasitələri ilə yayır.
5. ŞƏHADƏTNAMƏ VERƏN ORQANIN VƏZİFƏLİ ŞƏXSLƏRİNİN VƏ ƏRİZƏÇİLƏRİN MƏSULİYYƏTİ
5.1. Energetika Nazirliyinin vəzifəli şəxsləri həmin sənədin verilmə qaydalarını pozduqda qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.
5.2. Ərizəçilər təqdim etdikləri sənədlərin və sənədlərdə göstərilən məlumatların düzgünlüyünə görə, habelə saxta sənədlərin təqdim edilməsinə görə qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.
5.3. Energetika Nazirliyinin qəbul etdiyi qərarlardan və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) müəyyən edilmiş qaydada məhkəməyə şikayət verilə bilər.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
13 sentyabr 2012-ci il tarixli 204 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 15 sentyabr 2012-ci il, № 206, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 09, maddə 930)
2.
24 yanvar 2014-cü il tarixli 20 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 31 yanvar 2014-cü il, № 20, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 1, maddə 69)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
24 yanvar 2014-cü il tarixli 20 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 31 yanvar 2014-cü il, № 20, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 1, maddə 69) ilə “Xüsusi iqtisadi rejimdən istifadə üçün şəhadətnamənin alınması məqsədi ilə podratçı (subpodratçı) tərəfindən təqdim edilən ərizənin forması”nın mətnində “Sənaye və Energetika” sözləri “Energetika” sözü ilə əvəz edilmişdir.
[2]
13 sentyabr 2012-ci il tarixli 204 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 15 sentyabr 2012-ci il, № 206, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 09, maddə 930) ilə "Xüsusi iqtisadi rejimdən istifadə üçün şəhadətnamənin alınması məqsədi ilə podratçı (subpodratçı) tərəfindən təqdim edilən ərizəyə əlavə edilən sənədlərin Siyahısı"nın 4-cü hissəsində "rejimi" sözü "proseduru" sözü ilə əvəz edilmişdir.
[3]
24 yanvar 2014-cü il tarixli 20 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 31 yanvar 2014-cü il, № 20, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 1, maddə 69) ilə “Xüsusi iqtisadi rejimdən istifadə üçün şəhadətnamənin alınması məqsədi ilə podratçı (subpodratçı) tərəfindən təqdim edilən sənədlərin araşdırılması üçün ekspertin (mütəxəssisin) təyin edilməsi və ekspertizanın aparılması Qaydaları”nın 2-ci-4-cü hissələrində “Sənaye və Energetika” sözləri “Energetika” sözü ilə əvəz edilmişdir.
[4]
24 yanvar 2014-cü il tarixli 20 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 31 yanvar 2014-cü il, № 20, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 1, maddə 69) ilə “İxrac məqsədli neft-qaz fəaliyyəti üçün podratçılara və subpodratçılara xüsusi iqtisadi rejimin tətbiqi haqqında Şəhadətnamənin forması”nın mətnində “Sənaye və Energetika” sözləri “Energetika” sözü ilə əvəz edilmişdir.
[5]
24 yanvar 2014-cü il tarixli 20 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 31 yanvar 2014-cü il, № 20, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 1, maddə 69) ilə “İxrac məqsədli neft-qaz fəaliyyətinin həyata keçirilməsi ilə bağlı podratçılara və subpodratçılara xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi, müddətinin uzadılması və ləğv edilməsi Qaydaları”nın 1.2-ci, 1.3-cü, 2.1-ci, 2.4-cü, 2.14-cü-2.17-ci, 3.1-ci, 4.1-ci, 4.3-cü, 5.1-ci və 5.3-cü bəndlərində “Sənaye və Energetika” sözləri “Energetika” sözü ilə əvəz edilmişdir.
[6]
13 sentyabr 2012-ci il tarixli 204 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 15 sentyabr 2012-ci il, № 206, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 09, maddə 930) ilə "İxrac məqsədli neft-qaz fəaliyyətinin həyata keçirilməsi ilə bağlı podratçılara və subpodratçılara xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi, müddətinin uzadılması və ləğv edilməsi Qaydaları"nın 2.5.9-cu yarımbəndində hər iki halda "rejimi" sözü "proseduru" sözü ilə əvəz edilmişdir.