440.000.000
“Azərbaycan Respublikası Hökuməti və Suriya Ərəb Respublikası Hökuməti arasında diplomatik, xidməti və ya xüsusi pasportlara malik şəxslərin viza tələbindən azad olunması haqqında” sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
“Azərbaycan Respublikası Hökuməti və Suriya Ərəb Respublikası Hökuməti arasında diplomatik, xidməti və ya xüsusi pasportlara malik şəxslərin viza tələbindən azad olunması haqqında” 2009-cu il iyulun 8-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 sentyabr 2009-cu il.
№ 872-IIIQ
Azərbaycan Respublikası Hökuməti və Suriya Ərəb Respublikası Hökuməti
arasında diplomatik, xidməti və ya xüsusi pasportlara malik şəxslərin viza
tələbindən azad olunması haqqında Saziş
Bundan sonra ayrılıqda "Razılığa gələn Tərəf", birlikdə isə "Razılığa gələn Tərəflər" adlandırılacaq Suriya Ərəb Respublikasının Hökuməti və Azərbaycan Respublikasının Hökuməti,
Dostluq münasibətlərinin möhkəmləndirməkdə hər iki ölkənin marağım nəzərə alaraq və
Diplomatik, xidməti və ya xüsusi pasportlara malik olan Azərbaycan Respublikası vətəndaşlarının və Suriya Ərəb Respublikası vətəndaşlarının digər Razılığa gələn Tərəfin ölkəsinə daxil olmasını asanlaşdırmaq məqsədilə,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Bu Sazişdə istifadə olunan terminlər aşağıdakı mənaya malikdir:
"Diplomatik pasportlar": Azərbaycan Respublikasının diplomatik pasportları və Suriya Ərəb Respublikasının diplomatik pasportları;
"Xidməti pasportlar": Azərbaycan Respublikasının xidməti pasportları və Suriya Ərəb Respublikasının xidməti pasportları;
"Xüsusi pasportlar": Suriya Ərəb Respublikasının xüsusi pasportları.
Maddə 2
1. Bir Razılığa gələn Tərəfin dövlətinin diplomatik, xidməti və ya xüsusi pasportlara malik vətəndaşı beynəlxalq giriş/çıxış məntəqələri vasitəsilə digər Razılığa gələn Tərəfin ərazisinə vizasız daxil ola, çıxa və tranzit keçə biləcəkdir.
2. Bir Razılığa gələn Tərəfin dövlətinin diplomatik, xidməti və ya xüsusi pasportlara malik vətəndaşı digər Razılığa gələn Tərəfin ərazisində vizasız 30 gün müddətində qala biləcəkdir.
Maddə 3
1. Bir Razılığa gələn Tərəfin dövlətinin diplomatik, xidməti və ya xüsusi pasportlara malik olan və digər Razılığa gələn Tərəfin ərazisində yerləşən diplomatik və ya konsulluq nümayəndəliyinə təyin olunmuş və ya həmin Razılığa gələn Tərəfin Xarici İşlər Nazirliyində akkreditə olunmuş vətəndaşı həmin Razılığa gələn Tərəfin ərazisində akkreditə olunduğu bütün müddət ərzində vizasız qala bilər və aidiyyəti diplomatik və ya konsulluq nümayəndəliyinin diplomatik, xidməti və ya xüsusi pasportlara malik olan şəxsin ölkəyə gəlməsindən 60 gün ərzində edilən müraciəti əsasında həmin şəxs rəsmi qaldığı müddət üçün viza ilə təmin ediləcəkdir.
2. Bir Razılığa gələn Tərəfin dövlətinin yuxarıda qeyd edilmiş pasportlardan birinə malik olan və digər Razılığa gələn Tərəfin ərazisində yerləşən beynəlxalq təşkilatda ölkəsinin təmsilçisi olan vətəndaşı bu maddənin 1-ci bəndində göstərilən imtiyazlardan istifadə edəcəkdir.
3. Bir Razılığa gələn Tərəfin dövlətinin diplomatik, xidməti və ya xüsusi pasportlara malik olan vətəndaşı beynəlxalq təşkilat, orqan, agentlik və ya digər oxşar qurumda işlədikdə, digər Razılığa gələn Tərəfin dövlət ərazisinə rəsmi və ya şəxsi səfərlə daxil olmazdan əvvəl viza almaq tələb olunur.
4. Bu maddənin 1 və 2-ci bəndlərində göstərilən imtiyazlar diplomatik və ya konsulluq nümayəndəliklərinin və ya beynəlxalq təşkilatlar yanında nümayəndəliklərin üzvlərinin ərinə / arvadına, onların uşaqlarına və onların himayəsində olan valideynlərinə həmin şəxslərin diplomatik, xidməti və ya xüsusi pasportlara malik olduğu və ya uşaqların adlarının onların valideynlərinin pasportuna daxil edildiyi təqdirdə şamil olunur.
Maddə 4
1. Bir Razılığa gələn Tərəfin dövlətinin diplomatik, xidməti və ya xüsusi pasportlara malik olan vətəndaşı digər Razılığa gələn Tərəfin ərazisində beynəlxalq təşkilat və ya Hökumət tərəfindən təşkil edilən iclasda və ya konfransda iştirak etdiyi təqdirdə, həmin Razılığa gələn Tərəfin ərazisinə vizasız daxil olmaq və orada qalmaq hüququna malikdir.
2. Hər bir Razılığa gələn Tərəf bu maddənin 1-ci bəndində göstərilən şəxslərin ölkəyə daxil olma və təyin edilmə tarixlərindən əvvəl digər Razılığa gələn Tərəfi diplomatik kanallar vasitəsilə xəbərdar edəcəkdir.
Maddə 5
Bir Razılığa gələn Tərəfin dövlətinin diplomatik, xidməti və ya xüsusi pasportlara malik olan vətəndaşı digər Razılığa gələn Tərəfin sərhədlərini keçərkən və onun ərazisində olduğu müddət ərzində həmin Razılığa gələn Tərəfin qanun və qaydalarına əməl edəcəkdir.
Maddə 6
1. Hər bir Razılığa gələn Tərəf digər Razılığa gələn Tərəfin arzuolunmaz hesab etdiyi vətəndaşının öz ərazisinə daxil olmasına icazə verməkdən imtina və ya həmin şəxsin öz ərazisində qalma müddətini qısaltmaq hüququnu özündə saxlayır.
2. Bir Razılığa gələn Tərəfin dövlətinin vətəndaşı digər Razılığa gələn Tərəfin ərazisində pasportunu itirdiyi təqdirdə, həmin qəbul edən dövlətin aidiyyəti orqanlarına müvafiq tədbirlərin görülməsi üçün məlumat verəcəkdir. Diplomatik nümayəndəlik və ya aidiyyəti konsulluq öz vətəndaşına yeni pasport və ya səyahət sənədi verəcək və qəbul edən dövlətin aidiyyəti orqanlarına məlumatlandıracaqdır.
Maddə 7
Hər bir Razılığa gələn Tərəf təhlükəsizlik, ictimai asayiş və ya ictimai sağlamlıq səbəblərindən bu Sazişin həyata keçirilməsini tamamilə və ya qismən müvəqqəti olaraq dayandıra bilər. Sazişin həyata keçirilməsinin dayandırılması digər Razılığa gələn Tərəfə diplomatik kanallar vasitəsilə bildiriş verildikdən 48 saat sonra qüvvəyə minəcəkdir.
Maddə 8
1. Bu Sazişə danışıqlar, məsləhətləşmələr və rəsmi notalar vasitəsilə Razılığa gələn Tərəflər arasında əldə olunan qarşılıqlı razılıq əsasında əlavələr və düzəlişlər edilə bilər. Razılığa gələn Tərəflər arasında razılaşdırılmış istənilən əlavələr və düzəlişlər qarşılıqlı razılaşdırılmış tarixdə qüvvəyə minəcək və bu Sazişin bir hissəsi olacaqdır.
2. Bu Sazişin tətbiqi və ya təfsiri ilə bağlı meydana çıxan istənilən mübahisə hər hansı üçüncü tərəfə və ya beynəlxalq məhkəmə və ya arbitraj orqanına müraciət etmədən Razılığa gələn Tərəflər arasında məsləhətləşmələr və ya danışıqlar vasitəsilə həll ediləcəkdir.
Maddə 9
1. Bu Sazişin məqsədləri üçün, hər bir Razılığa gələn Tərəf bu Sazişin qüvvəyə minməsindən on azı 30 (otuz) gün əvvəl diplomatik, xidməti və ya xüsusi pasportların nümunələrini həmin pasportların istifadə qaydaları ilə birlikdə diplomatik kanallar vasitəsilə digər Razılığa gələn Tərəfə göndərəcəkdir.
2. Hər bir Razılığa gələn Tərəf qeyd olunan pasportlara edilən dəyişikliklər barədə digər Razılığa gələn Tərəfi xəbərdar edəcək və hazırda istifadə olunan belə sənədlərin təfsilatlı təsviri də daxil olmaqla yeni pasportların nümunələrini yeni pasportların dövriyyə buraxılmasından ən azı otuz (30) gün əvvəl diplomatik kanallar vasitəsilə digər Razılığa gələn Tərəfə göndərəcəkdir. Yeni pasportlar dəyişiklik edilmiş pasportun qəbul edildiyi tarixdən etibarən işləyəcəkdir.
Maddə 10
1. Bu Saziş onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Razılığa gələn Tərəflərin sonuncu yazılı bildirişinin alındığı tarixdən 30 (otuz) gün sonra qüvvəyə minəcəkdir.
2. Bu Saziş qeyri-müəyyən müddətə bağlanılır və bir Razılığa gələn Tərəfin bu Sazişə xitam vermək niyyəti barədə diplomatik kanallar vasitəsi ilə digər Razılığa gələn tərəfə yazılı bildiriş verməsinə qədər qüvvədə qalacaqdır. Bu halda, Saziş belə bildirişin alındığı tarixdən 60 gün sonra xitam olunacaqdır.
Bakı şəhərində, "8" iyul 2009-cu il tarixində Azərbaycan, ərəb və ingilis dillərində olmaqla iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Təfsir zamanı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilində olan mətndən istifadə ediləcəkdir.
Azərbaycan Respublikası
|
Suriya Ərəb Respublikası
|
Hökuməti adından
|
Hökuməti adından
|