220.000.000
370.000.000
Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası haqqında əsasnamənin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işini təşkil etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası haqqında əsasnamə təsdiq edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılsın ki, bu fərmandan irəli gələn maliyyə və təchizat məsələlərini həll etsin.
3. Bu fərman dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 27 yanvar 1997-ci il
№ 546
Azərbaycan Respublikası Prezidentinin
1997-ci il 27 yanvar tarixli 546 nömrəli fərmanı ilə
TƏSDİQ EDİLMİŞDİR
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası haqqında
Ə S A S N A M Ə
1.
ÜMUMİ MÜDDƏALAR
1.1. Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası (bundan sonra “komissiya” adlandırılacaqdır) Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 26 avqust tarixli 485 nömrəli fərmanı ilə yaradılmışdır.
1.2. Komissiya üzərinə düşən vəzifələrin yerinə yetirilməsində Azərbaycan Respublikasının Prezidenti qarşısında məsuldur və fəaliyyəti barədə Azərbaycan Respublikasının Prezidentinə mütəmadi hesabat verir.
1.3. Komissiya öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, habelə bu əsasnaməni rəhbər tutur.
1.4. Komissiya öz fəaliyyətini mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə əlaqəli şəkildə həyata keçirir.
2. KOMİSSİYANIN ƏSAS VƏZİFƏLƏRİ VƏ FUNKSİYALARI
2.1. Komissiyanın əsas vəzifələri narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində Azərbaycan Respublikasının dövlət siyasətinin həyata keçirilməsini təmin etməkdən, bu sahədə dövlət orqanlarının və ictimai birliklərin fəaliyyətini əlaqələndirməkdən ibarətdir.
2.2. Komissiya öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı funksiyaları həyata keçirir:
- narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Ümummilli Proqramı hazırlayır və onun həyata keçirilməsini təmin edir;
- Azərbaycan Respublikasında narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin vəziyyətini və bu sahədə fəaliyyət göstərən təşkilatların tələbatını öyrənir və lazımi tədbirlər həyata keçirir;
- narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dair müvafiq qanunvericilik aktlarının layihələrini hazırlayıb Azərbaycan Respublikası Prezidentinə təqdim edir;
- komissiyanın səlahiyyətinə aid olan məsələlərə dair təkliflər hazırlayıb Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edir;
- narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dair beynəlxalq müqavilələrə Azərbaycan Respublikasında riayət olunmasını təmin edir;
- Azərbaycan Respublikasının dövlət orqanları və ictimai təşkilatları ilə xarici ölkələrin narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə ixtisaslaşdırılmış qurumları arasında əlaqələr yaradılmasına, xarici dövlətlərlə müqavilələr bağlanılmasına kömək göstərir;
- narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində Azərbaycan Respublikasına daxil olan yardımın qəbul olunmasını, uçotu və təyinatı üzrə istifadə edilməsini təşkil edir;
- narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə beynəlxalq proqramlar çərçivəsində keçirilən tədbirlərdə Azərbaycan nümayəndə heyətlərinin və mütəxəssislərin iştirakı barədə təkliflər verir, onların hesabatını dinləyir və müvafiq qərarlar qəbul edir;
- Azərbaycan Respublikasında narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dair elmi-praktiki konfranslar və seminarlar təşkil edir, bu sahədə elmi-tədqiqat işlərinin aparılmasına kömək göstərir;
- narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə ixtisaslanmış xidmətlərin əməkdaşlarının peşə hazırlığının artırılması sahəsində kompleks tədbirlər hazırlayır və müvafiq orqan və təşkilatlarla birlikdə həyata keçirir;
- antinarkotik təbliğatı gücləndirilməsi istiqamətində mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə, ictimai birliklərə birgə tədbirlər hazırlayıb həyata keçirilməsini təmin edir;
- Azərbaycan Respublikasının Prezidenti tərəfindən komissiyaya həvalə edilən digər vəzifələri həyata keçirir.
3. KOMİSSİYANIN HÜQUQLARI
3.1. Komissiya aşağıdakı hüquqlara malikdir:
- səlahiyyətlərinə dair mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, habelə müəssisə, idarə və təşkilatların rəhbərlərindən lazamı materiallar alır, onların məlumatlarını dinləyir;
- komissiya səlahiyyətinə aid məsəllər üzrə qərarlar qəbul edir;
- Azərbaycan Respublikası Prezidentinin razılığı ilə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə məsələlərinə dair beynəlxalq müqavilələr bağlayır;
- komissiyanın fəaliyyətini təmin etmək məqsədi ilə respublika büdcəsi və beynəlxalq təşkilatların ayırdığı vasitələr hesabına maliyyələşdirilən hüquqi şəxs statusu olan və daimi fəaliyyət göstərən işçi qrupu yaradır, ona müvafiq tapşırıqlar verir;
- narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə əlaqədar xarici dövlətlərin və beynəlxalq təşkilatların Azərbaycan Respublikasına ayırdıqları vasitədən mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, habelə idarə və təşkilatların səmərəli istifadə etməsinə nəzarət edir;
- səlahiyyətlərinə aid məsələlərlə bağlı mütəxəssislərin xaricə göndərilməsini və xarici mütəxəssislərin Azərbaycana dəvət edilməsini təmin edir.
Komissiya narkotiklərə nəzarət üzrə proqramın həyata keçirilməsinə yardım edilməsi məqsədi ilə fond yarada bilər.
4. KOMİSSiYANIN İŞİNİN TƏŞKİLİ
4.1. Komissiyanın tərkibini Azərbaycan Respublikasının Prezidenti müəyyən edir.
4.2. Komissiyanın işinə Azərbaycan Respublikası Prezidentinin təyin etdiyi sədr rəhbərlik edir.
4.3. Komissiya öz fəaliyyətini iclaslar vasitəsilə həyata keçirir.
4.4. Komissiyanın iclaslarını bir qayda olaraq 3 ayda bir dəfədən az olmayaraq Komissiyanın sədri çağırır.
4.5. Komissiyanın iclaslarında komissiyanın sədrinin dəvət etdiyi mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, müəssisə, idarə və təşkilatların rəhbərləri, ictimai birliklərin nümayəndələri və digər şəxslər iştirak edə bilərlər.
4.6. Komissiya üzvlərinin yarıdan çoxu iştirak etdikdə komissiyanın iclasları səlahiyyətli sayılır. Komissiyanın qərarları açıq səsvermə yolu ilə və səsvermədə iştirak edən komissiya üzvlərinin səs çoxluğu ilə qəbul edilir. Komissiyanın iclasları protokollaşdırılır.
4.7. Komissiya iclaslarının gündəliyinin müəyyən edilməsini, qərar layihələrinin hazırlanmasını və qəbul edilmiş qərarların yerinə yetirilməsinə nəzarəti komissiyanın işçi qrupu həyata keçirir;
4.8. Komissiyanın fəaliyyəti iş planları əsasında aparılır.
4.9. Komissiyanın qərarı ilə onun üzvləri arasında iş bölgüsü aparılır.
4.10. Azərbaycan Respublikasının Prezidenti komissiyanı ləğv edə və ya onun fəaliyyətini dayandıra bilər.
5. KOMİSSİYANIN SƏDRİ VƏ ONUN MÜAVİNİ
5.1. Komissiyaya onun sədri rəhbərlik edir, komissiyanın işinin təşkili və vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar sədrin aşağıdakı hüquqları vardır:
- komissiyanın iş planını təsdiq etmək;
- komissiyanın iclaslarında sədrlik etmək;
- komissiyanın iclaslarının gündəliyini müəyyənləşdirmək;
- komissiyanın qərarlarını imzalamaq;
- Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla narkotiklərin dövriyyəsi ilə bağlı məsələlərlə əlaqədar xarici ölkələrin müvafiq qurumları ilə müqavilələr bağlamaq;
- müvafiq orqan və təşkilatlarda komissiyanı təmsil etmək;
- komissiyanın qərarlarının icrası ilə əlaqədar müvafiq orqanlara, təşkilatlara, idarələrə müraciət etmək;
- işçi qrupunun strukturunu və say tərkibini müəyyən etmək;
- Azərbaycan Respublikasının Prezidentinin razılığı ilə işçi qrupunun rəhbərini vəzifəyə təyin və vəzifədən azad etmək;
- işçi qrupu rəhbərinin təqdimatı əsasında qrupun işçilərini işə qəbul və işdən azad etmək;
- komissiyanın müsbət rəyi əsasında işçi qrupun xərc smetasını təsdiq etmək;
- işçi qrupu tərəfindən müvafiq qaydada bağlanmış saziş və müqavilələri təsdiq etmək;
- komissiyanın sədri vəzifələrini yerinə yetirmək üçün Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hüquqlardan da istifadə edə bilər.
Komissiyanın sədr müavini sədr tərəfindən müəyyən edilmiş məsələləri həll edir, sədrin tapşırığı ilə onun ayrı-ayrı səlahiyyətlərini həyata keçirir, sədr olmadıqda və ya öz vəzifələrini yerinə yetirə bilmədikdə onu əvəz edir.