AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
03.06.2009
QEYDİYYAT NÖMRƏSİ
101
ADI
“Xüsusi iqtisadi zonalar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 06-06-2009, Nəşr nömrəsi: 121), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2009, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 413)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
06.06.2009
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.000.000
100.000.000
110.000.000
120.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Xüsusi iqtisadi zonalar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

“Xüsusi iqtisadi zonalar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

“Xüsusi iqtisadi zonalar haqqında” Azərbaycan Respublikasının 2009-cu il 14 aprel tarixli 791-IIIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, üç ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının “Xüsusi iqtisadi zonalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. həmin Qanunun 9.3-cü maddəsində nəzərdə tutulmuş xüsusi iqtisadi zonanın operatorunun seçilməsi üzrə müsabiqənin keçirilməsi qaydalarının layihəsini hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.4. həmin Qanunun 11.0.2-ci maddəsinə uyğun olaraq xüsusi iqtisadi zonanın rezidentlərinin qeydiyyatının və reyestrinin aparılması qaydasını və xüsusi iqtisadi zonanın qeydiyyat şəhadətnaməsinin formasını təsdiq etsin;

1.5. həmin Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş hüquqi və fiziki şəxslərin xüsusi iqtisadi zonanın administrasiyasında qeydiyyatdan keçmək üçün təqdim etdikləri ərizənin nümunəvi formasını və ərizəyə əlavə edilən sənədlərin siyahısını təsdiq etsin;

1.6. həmin Qanunun 14.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi iqtisadi zonanın ərazisində ayrıca hüquqi şəxs yaratmadan filiallar, nümayəndəliklər vasitəsilə təsərrüfat fəaliyyəti ilə məşğul olan rezidentlərin fəaliyyəti barədə balansın tərtib edilmə qaydasını və formasını təsdiq etsin;

1.7. həmin Qanunun 17.7-ci maddəsində nəzərdə tutulmuş xüsusi iqtisadi zonanın sərhədlərində gömrük nəzarətinin, gömrük məntəqələrinin fəaliyyətinin, malların gömrük rəsmiləşdirilməsinin, nəqliyyat vasitələrinin və fiziki şəxslərin sərhəddən buraxılma rejiminin sadələşdirilmiş qaydalarını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.8. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi ilə birlikdə prioritet istiqamətlərə uyğun olaraq xüsusi iqtisadi zonaların yaradılması və yerləşəcək ərazilərinə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.9. öz səlahiyyətləri daxilində “Xüsusi iqtisadi zonalar haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi üç ay müddətində:

2.1. həmin Qanunun 11.0.5-ci maddəsinə uyğun olaraq xüsusi iqtisadi zonanın rezidentlərinin fəaliyyəti haqqında hesabat-statistik məlumatların alınması, onların fəaliyyətinə monitorinqin həyata keçirilməsi qaydasını təsdiq etsin;

2.2. həmin Qanunun 12.3.7-ci maddəsinə uyğun olaraq operator tərəfindən xüsusi iqtisadi zonanın inkişafı və fəaliyyəti barədə onun administrasiyasına hesabatların, o cümlədən kənar audit hesabatlarının təqdim olunma qaydasını təsdiq etsin;

2.3. həmin Qanunun 13.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi iqtisadi zonada fəaliyyət göstərmək üçün hüquqi və fiziki şəxslərlə operator arasında bağlanılan niyyət sazişinin nümunəvi formasını təsdiq etsin;

2.4. həmin Qanunun 13.7-ci maddəsində nəzərdə tutulmuş sahibkarlıq fəaliyyətinin aparılması məqsədilə xüsusi iqtisadi zonanın rezidenti ilə operator arasında bağlanan sazişin nümunəvi formasını təsdiq etsin;

2.5. həmin Qanunun 15.2-ci maddəsində nəzərdə tutulmuş xüsusi iqtisadi zonanın administrasiyası ilə operator və xüsusi iqtisadi zonanın administrasiyası ilə rezident arasında bağlanan xüsusi iqtisadi zonada dövlət mülkiyyətində olan torpaq sahəsinin icarə müqavilələrinin nümunəvi formasını təsdiq etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi “Xüsusi iqtisadi zonalar haqqında” Azərbaycan Respublikasının Qanununun 18.2-ci maddəsində nəzərdə tutulmuş xüsusi iqtisadi zonanın ərazisində sahibkarlıq fəaliyyəti göstərən, qeydiyyatdan keçmiş rezidentlərin malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən əldə etdikləri vəsaitin məbləğindən (ümumi hasilatın həcmindən) və satışdan kənar gəlirlərindən ödənilməli olan verginin (sadələşdirilmiş verginin) məbləği barədə vergi orqanlarına verilən bəyannamənin formasını təsdiq etsin. [1]

4. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi ilə razılaşdırmaqla bir ay müddətində “Xüsusi iqtisadi zonalar haqqında” Azərbaycan Respublikası Qanununun 17.6-cı maddəsinə uyğun olaraq xüsusi iqtisadi zonada mallarla əməliyyat aparan rezidentlər tərəfindən gətirilən, aparılan, saxlanılan, hazırlanan, emal edilən, satın alınan və satılan mallar barədə hesabatın formasını təsdiq etsin.

5. Müəyyən edilsin ki:

5.1. “Xüsusi iqtisadi zonalar haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci, 5.3-cü, 8.1-ci, 8.2-ci, 9.3-cü və 10.0.2-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

5.2. həmin Qanunun 10.0.8-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

5.3. həmin Qanunun 13.2-ci, 14.4-cü (hər iki halda) və 17.7-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

5.4. həmin Qanunun 1.0.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi həyata keçirir; [2]

5.5. həmin Qanunun 13.8-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi həyata keçirir; [3]

5.6. həmin Qanunun 16.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir; [4]

5.7. həmin Qanunun 17.6-cı maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi həyata keçirir;

5.7-1. həmin Qanunun 18.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir. [5]

6. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 3 iyun 2009-cu il

    № 101

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101)

  1. 16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384)
  2. 4 avqust 2022-ci il tarixli 1807 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 4 avqust 2022-ci il, “Xalq” qəzeti 5 avqust 2022-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 867)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 4 avqust 2022-ci il tarixli 1807 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 4 avqust 2022-ci il, “Xalq” qəzeti 5 avqust 2022-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 867) ilə 3-cü hissədə “Vergilər” sözü “İqtisadiyyat” sözü ilə əvəz edilmişdir.

 

[2] 14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101) ilə 5.4-cü və 5.5-ci bəndlərində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat Sənaye” sözləri ilə əvəz edilmişdir.

 

[3] 16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384) ilə 5.4-cü və 5.5-ci bəndlərdən “və Sənaye” sözləri çıxarılmışdır.

4 avqust 2022-ci il tarixli 1807 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 4 avqust 2022-ci il, “Xalq” qəzeti 5 avqust 2022-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 867) ilə 5.5-ci bənddən “, Azərbaycan Respublikasının Vergilər Nazirliyi” sözləri çıxarılmışdır.

 

[4] 4 avqust 2022-ci il tarixli 1807 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 4 avqust 2022-ci il, “Xalq” qəzeti 5 avqust 2022-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 867) ilə 5.6-cı bənd yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

5.6. həmin Qanunun 16.2-ci və 18.2-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir;

 

[5] 4 avqust 2022-ci il tarixli 1807 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 4 avqust 2022-ci il, “Xalq” qəzeti 5 avqust 2022-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 867) ilə 5.7-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunmuşdur və yeni məzmunda 5.7-1-ci bənd əlavə edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status