440.000.000
"Azərbaycan Respublikası hökuməti və Meksika Birləşmiş Ştatları hökuməti arasında diplomatik pasporta malik vətəndaşların vizadan azad olunması haqqında" Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. "Azərbaycan Respublikası Hökuməti və Meksika Birləşmiş Ştatları Hökuməti arasında diplomatik pasporta malik vətəndaşların vizadan azad olunması haqqında" 2008-ci il sentyabrın 26-da Nyu-York şəhərində imzalanmış Saziş təsdiq edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 dekabr 2008-ci il
№ 722-IIIQ
Azərbaycan Respublikası Hökuməti və Meksika Birləşmiş Ştatları Hökuməti arasında diplomatik pasporta malik vətəndaşların vizadan azad olunması haqqında
SAZİŞ
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Meksika Birləşmiş Ştatları Hökuməti,
iki dövlət arasında dostluq münasibətlərinin inkişafını təşviq etməyi arzu edərək,
öz ölkələrində diplomatik pasporta malik olan vətəndaşların ölkəyə daxil olmasının, getməsinin və tranzit keçməsinin asanlaşdırılması arzusunda olaraq,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
1. Etibarlı diplomatik pasporta malik olan Azərbaycan Respublikası və Meksika Birləşmiş Ştatları vətəndaşları digər Tərəfin ərazisinə bir təqvim ili ərzində 90 (doxsan) gündən çox olmayan müddətdə vizasız daxil ola, orada qala və tranzit qaydada həmin ərazidən keçə bilərlər.
2. Tərəflərin vətəndaşlarının qalma müddəti bir təqvim ili ərzində viza tələb olunmayan 90 (doxsan) gündən çox olduğu təqdirdə, digər Tərəfin səlahiyyətli orqanlarının icazəsindən asılı olaraq, rəsmi müraciət edilməlidir.
Maddə 2
Bu Saziş 1-ci maddədə göstərilən pasporta malik vətəndaşları Tərəflərin səlahiyyətli orqanları tərəfindən müəyyən olunmuş miqrasiya qaydalarına əməl etmək öhdəliyindən azad etmir.
Maddə 3
Tərəflərin etibarlı diplomatik pasporta malik olan vətəndaşları digər Tərəfin ərazisində Səfirlik, Konsulluq və Daimi Nümayəndəliyə təyin olunduqda, təyinat ölkəsinə daxil olmazdan əvvəl həmin şəxslərin viza alması tələb olunmayacaqdır, lakin onlar ölkəyə daxil olduqdan sonra otuz (30) gün ərzində Xarici İşlər Nazirliyində akkreditasiya edilməlidirlər və bu halda, ölkədə yerləşən xarici missiyaların heyətinə şamil olunan qanunlara uyğun olaraq, həmin şəxslərə miqrant statusu veriləcəkdir. Bu qayda qeyd edilən şəxslərin diplomatik pasportlara malik həyat yoldaşına və onlarla birgə yaşayan uşaqlarına da şamil olunacaqdır.
Maddə 4
Hər iki Tərəfin etibarlı diplomatik pasporta malik olan vətəndaşları digər Tərəfin ərazisinə istənilən beynəlxalq sərhəd-buraxılış məntəqələrindən daxil ola və oradan gedə bilərlər.
Maddə 5
Tərəflər təhlükəsizlik səbəblərindən, ictimai asayişin və sağlamlığın qorunması məqsədilə bu Sazişin tətbiqini Tərəflərin zəruri hesab etdikləri müddətə tamamilə və ya qismən dayandırmaq hüququna malik olacaqlar. Bu Sazişin tətbiqinin dayandırılması və onun yenidən tətbiq olunması haqqında qərar barədə müvafiq qərarın qüvvəyə mindiyi tarixdən sonra dərhal diplomatik kanallar vasitəsilə digər Tərəfə məlumat veriləcəkdir.
Maddə 6
Bu Saziş Tərəflərin səlahiyyətli orqanlarının non grata hesab olunan şəxslərə öz ərazisinə daxil olmağa və orada qalmağa icazə verməkdən imtina etmək hüququna xələl gətirmir.
Maddə 7
1. Tərəflər bu Sazişin qüvvəyə minməsindən əvvəl 30 gün ərzində diplomatik kanallar vasitəsilə öz pasportlarının nümunələrini mübadilə edəcəklər.
2. Hər iki Tərəf bu Sazişdə göstərilən pasportlara dəyişikliklər olduqda, bu barədə diplomatik kanallar vasitəsilə bir-birinə dərhal və müvafiq qaydada məlumat verəcəklər və həmin pasportların dövriyyəyə buraxılmasından ən azı otuz (30) gün əvvəl müvafiq nümunələrlə bir-birlərini təmin edəcəklər.
Maddə 8
Bu Sazişin yerinə yetirilməsində və tətbiq edilməsində yarana bilən hər hansı anlaşılmazlıq və ya mübahisə Tərəflər arasında diplomatik kanallar vasitəsilə aparılan danışıqlar və məsləhətləşmələr yolu ilə həll ediləcəkdir.
Maddə 9
Tərəflərin qarşılıqlı razılığı əsasında bu Sazişə qüvvədə olma tarixi göstərilməklə və yazışmalarla rəsmiləşdirilən əlavələr və dəyişikliklər edilə bilər.
Maddə 10
Bu Saziş Azərbaycan Respublikası Hökumətinin daxili hüquqi prosedurların yerinə yetirilməsi barədə Meksika Birləşmiş Ştatları Hökumətinə diplomatik kanallar vasitəsilə bildiriş verdiyi tarixdən 90 (doxsan) gün sonra qüvvəyə minəcəkdir.
Bu Saziş qeyri-müəyyən müddətə bağlanılır. Hər bir Tərəf diplomatik kanallar vasitəsilə 30 (otuz) gün əvvəlcədən digər Tərəfə yazılı bildiriş verməklə bu Sazişi ləğv edə bilər.
Bu Saziş Nyu-York şəhərində 26 sentyabr 2008-ci il tarixində, ik əsl nüsxədə Azərbaycan, ispan və ingilis dillərində imzalanmışdır və bütün mətnlər bərabər autentikdir. Bu Sazişin müddəalarının təfsiri və ya tətbiqi zamanı fikir ayrılığı yarandıqda, ingilis dilindəki mətndən istifadə ediləcəkdir.
Azərbaycan Respublikası
|
Meksika Birləşmiş Ştatları
|
Hökuməti adından
|
Hökuməti adından
|
(imza)
|
(imza)
|