"Dövlət qeydiyyatına alınmışdır"
Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi
Qeydiyyat № 3230
"07" iyul 2006-cı il
Nazir______________ Fikrət Məmmədov
|
"Təsdiq edilmişdir"
Azərbaycan Respublikası
Milli Bankı İdarə Heyətinin
"28" iyun 2006-cı il
tarixli qərarı ilə Protokol №17
İdarə Heyətinin Sədri
____________________ Elman Rüstəmov
|
BANKLARIN VƏ XARİCİ BANKLARIN YERLİ FİLİALLARININ MƏCBURİ LƏĞVİNƏ DAİR TƏLİMAT
1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, "Azərbaycan Respublikasının Milli Bankı haqqında" və "Banklar haqqında" Azərbaycan Respublikasının Qanunlarına uyğun hazırlanmış bu Təlimat bankların və xarici bankların yerli filiallarının (bundan sonra-bankların) məcburi ləğvi qaydalarmı müəyyən edir.
1.2. Bu Təlimat könüllü ləğv olunan və müflis elan olunmuş banklara şamil edilmir.
2. Anlayışlar
Bu Təlimatda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
Müvəqqəti inzibatçı - Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş əsaslarla Milli Bank tərəfindən problemli banka təyin edilmiş müvəqqəti idarəetməyə rəhbərlik edən şəxsdir.
Ləğvedici - bankın məcburi ləğv edilməsi barədə Milli Bankın müraciətinə əsasən məhkəmə tərəfindən təyin edilən və ləğv edilən bankın kreditorları ilə hesablaşmaları başa çatdırmaq məqsədilə ləğvetmə prosesində bankın idarə olunması üzrə səlahiyyətləri yerinə yetirən şəxsdir.
Bankın kreditoru - ləğv edilən bankın öhdəlikləri üzrə ona qarşı tələbləri olan şəxsdir.
Aralıq ləğvetmə balansı - ləğv edilən ban-km əmlakının tərkibi, kreditorların irəli sürdükləri tələblərinin siyahısı, habelə bu tələblərə baxılması nəticələri haqqında məlumatlan əks etdirən və məhkəmə tərəfindən təsdiqlənmiş hesabatdır.
Ləğvetmə balansı - kreditorlarla hesablaşmalar başa çatdıqdan sonra hazırlanan və məhkəmə tərəfindən təsdiqlənmiş hesabatdır.
3. Bankın məcburi ləğvi üçün əsaslar
3.1. Aşağıdakı bir və ya bir neçə əsas üzrə lisenziyası ləğv edilmiş bank məcburi ləğv edilir:
3.1.1. banka lisenziya alınması üçün ərizə verilərkən təqdim edilmiş məlumatların yanlış olduğu müəyyən edildikdə;
3.1.2. bank lisenziyasının qüvvəyə mindiyi gündən on iki ay müddətində bank həmin lisenziyaya müvafiq olaraq fəaliyyətə başlamadıqda və ya Milli Bank tərəfindən bankın altı ay müddətində depozitlər və ya digər qaytanlan vəsait cəlb etmədiyi və ya kreditlər vermədiyi müəyyən edildikdə;
3.1.3. bankın nizamnamə kapitalının və ya məcmu kapitalının miqdarı müvafiq olaraq Milli Bankın banklar üçün müəyyən etdiyi nizamnamə kapitalının və ya məcmu kapitalın (xarici bankın yerli filialının məcmu kapitalına bərabər tutulmuş vəsaitinin) minimum miqdarından az olduqda;
3.1.4. bank ona həvalə olunmuş aktivlərin təhlükəsizliyini təmin edə bilmədikdə;
3.1.5. bank idarəetməni və ya cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədikdə və ya "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun, Milli Bankın normativ xarakterli aktlarının tələblərini iki dəfədən artıq halda pozduqda;
3.1.6. bank lisenziyasında və ya icazədə nəzərdə tutulmayan fəaliyyət növlərini həyata keçirdikdə;
3.1.7. Milli Bankın icazəsi olmadan bank başqa bankın törəmə bankına çevrildikdə;
3.1.8. yerli törəmə bankı və ya filialı olan xarici bank və ya xarici bank holdinq şirkətinin lisenziyası ləğv edildikdə;
3.1.9. bankın yenidən təşkili Milli Bankın icazəsi olmadan həyata keçirildikdə;
3.1.10. xarici bank və xarici bank holdinq şirkətinə, habelə şirkətlər qrupunun üzvü olan banka yerləşdiyi ölkənin bank tənzimlənməsi və nəzarəti orqanı tərəfindən lazımınca nəzarətin təmin edilməməsi səbəbindən Milli Bank onların törəmə banklarına nəzarəti həyata keçirə bilmədikdə;
3.1.11. bank tərəfindən bilərəkdən Milli Banka yanlış hesabat və məlumat verildiyi faktları müəyyənləşdirildikdə;
3.1.12. bank tərəfindən sonuncu üç hesabat tarixinə Milli Banka aylıq hesabat təqdim edilmədikdə;
3.1.13. bank "Banklar haqqında" Azərbaycan Respublikasının Qanununa və Milli Bankın normativ xarakterli aktlarına uyğun olaraq Milli Bankın ona verdiyi sərəncamları və ya digər yazılı göstərişləri yerinə yetirmədikdə;
3.1.14. mühüm iştirak paylarının sahibi olan bir və ya bir neçə təsisçisinin banka təsirinin onun etibarlı və prudensial idarə olunması üçün təhlükə törədəcəyinə əsaslar verən faktlar müəyyən edildikdə;
3.1.15. bank ilə mühüm iştirak payı olan xarici bank və ya xarici bank holdinq şirkəti arasında münasibətlər Milli Bankın nəzarət funksiyalarını həyata keçirməsinə mane olduqda, həmçinin bu ölkənin bank tənzimləməsi və nəzarəti orqanları Milli Bankla əməkdaşlıq etmədikdə;
3.1.16. mühüm iştirak paylarının sahibləri olan fiziki şəxslər və hüquqi şəxslərin icra orqanlarının rəhbərləri məqbul və lazımi keyfiyyətlərə malik şəxslər olmadıqda;
3.1.17. bankın inzibatçıları "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun müvafiq tələblərinə cavab vermədikdə;
3.1.18. bankın və ya xarici bankın yerli filialının daxili idarəetmə və nəzarət prosedurları adekvat olmadıqda;
3.1.19. bank biznes-planına uyğun fəaliyyət göstərmədikdə, o cümlədən maliyyə proqnozlarmı yerinə yetirmədikdə.
4. Ləğvedicilərin təyin edilməsi və tərkibi
4.1. Məcburi ləğv edilən bankda görüləcək işin həcmi və xarakterindən, habelə bankın törəmə cəmiyyətlərinin, filiallarının, şöbələrinin və nümayəndəliklərinin sayından asılı olaraq bir və ya bir neçə fiziki və/və ya hüquqi şəxsin namizədliyi ləğvedici qismində təsdiq edilməsi üçün Milli Bank tərəfindən məhkəməyə təklif olunur.
4.2. Ləğvedici (ləğvedicilər) bu vəzifəyə onların razılığı əsasında təyin edilir.
4.3. Aşağıdakı şəxslər bankın ləğvedicisi ola bilməzlər:
4.3.1. banka aidiyyəti şəxslər və aidiyyəti şəxs adından hərəkət edən şəxslər;
4.3.2. Milli Bank istisna olmaqla bankın kreditorları və borcluları.
4.4. Ləğvedicilərin əmək haqlarının ödənilməsi şərtləri Milli Bankın təklifi əsasında
məhkəmə tərəfindən müəyyən edilir.
4.5. Ləğvedicilər Milli Bankın işçiləri sırasından təyin edildikdə onlar ləğvetmə
fəaliyyəti dövründə əsas iş yerində vəzifə öhdəliklərinin yerinə yetirilməsindən azad edilir. Onların vəzifəsi, əsas iş yeri üzrə təyin edilmiş əmək haqqı və digər ödənişləri saxlanılır.
5. Bankın məcburi ləğvinin məqsədi və ləğvedicinin səlahiyyətləri
5.1. Bankın məcburi ləğvinin həyata keçirilməsində başlıca məqsəd ləğv edilən bankın kreditorlarının tələblərinin qısa müddət ərzində ödənilməsini təmin etməkdir.
5 2. Bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi haqqında məhkəmənin qərarı qüvvəyə mindiyi andan bankın ləğv edilməsi prosesi başa çatanadək:
5.2.1. bankın səhmdarlarının ümumi yığıncağının, digər idarəetmə orqanlarının və vəzifəli şəxslərinin əmlak və öhdəliklərin ödənilməsi barədə sərəncam vermək hüququ da daxil olmaqla bankın idarə edilməsi üzrə bütün səlahiyyətləri ləğvediciyə keçir;
5.2.2. bank inzibatçılarının və ya səhmdarlarının bank adından etdikləri hərəkətlər hüquqi qüvvəyə malik olmur;
5.2.3. bank aktivlərinin mühafizəsi və məhkəmə qərarlarının icrası məqsədilə aktivlərin üzərinə qoyulmuş bütün həbslər hüquqi qüvvəsini itirir;
5.2.4. bankın girov (ipoteka) məbləği həddində təmin etdiyi öhdəlikləri istisna olmaqla qalan aktivlər həbsdən və ya icraatdan müdafiə edilir.
6. Ləğvedicilərin vəzifələri
6.1. Bankın məcburi ləğvi dövründə ləğvedici (ləğvedicilər) aşağıdakı vəzifələri həyata keçirir:
6.1.1. bankın aktivlərini, o cümlədən bütün əmlakını və sənədlərini məhkəmə tərəfindən
təsdiq edilmiş təhvil aktı ilə qəbul edir;
6.1.2. bankın aktiv və passivlərinə nəzarət edir;
6.1.3. bank işini idarə edir;
6.1.4. kreditorların tələblərinin banka təqdim edilməsi qaydasını və müddətini müəyyən edir;
6.1.5. ləğvetmə hesablarına sərəncam verir;
6.1.6. ləğvetmə prosesini əks etdirən hesabatları tərtib edir;
6.1.7. bankın əmlakını qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirir və zəruri hallarda bu prosesə müvafiq mütəxəssisləri cəlb edir;
6.1.8. bankın məcburi ləğvi barədə kütləvi informasiya vasitələrində məlumat dərc etdirir;
6.1.9. bankın məcburi ləğvi prosesinin başlanması və ləğvedicinin təyin olunması ilə əlaqədar bankın Müşahidə Şurasına və İdarə Heyətinə müvafiq bildiriş göndərir;
6.1.10. müştərilərə xidmət göstərilən yerlərdə bankın ləğvi prosesinin başlanması və ləğvedicinin təyin olunması haqqında yazılı elan yerləşdirir;
6.1.11. bankın adına "ləğv prosesində olan" sözləri əlavə edir və bankın möhürünün dəyişdirilməsini təmin edir;
6.1.12. Azərbaycan Respublikasının Milli Bankında ləğvetmə hesablarını açır və ona hesabat verir;
6.1.13. bankın sənədlərinin və əmlakının, həmçinin girov (ipoteka) təminatı kimi qəbul etdiyi digər əmlakların saxlanılmasını təmin etmək üçün tədbirlər görür;
6.1.14. bankın kreditorlarının aşkar edilməsi və debitor borcunun alınması üçün tədbirlər görür;
6.1.15. məhkəmə tərəfindən müəyyən olunmuş müddətlərdə məcburi ləğv olunan ban aralıq ləğvetmə balansı, ləğvetmə tədbirlərinin və öhdəliklərin yerinə yetirilməsi barədə hesabatı, habelə ləğvetmə balansını tərtib edir və təsdiqlənməsi üçün məhkəməyə təqdim edir;
6.1.16. ləğvetmə prosesində sui-istifadə və digər qanun pozuntuları halları aşkarlandıqda bu barədə hüquq mühafizə orqanlarına və Milli Banka xəbər verir;
6.1.17. başqası ilə əvəz edildiyi bütün hallarda mühasibat uçotu və hesabatı sənədlərini və sərəncamında olan bankın aktivlərini, habelə bankın ləğvi prosesində ləğvedicinin bank barədə hazırladığı mühasibat uçotu və hesabat sənədlərini təhvil-təslim aktı əsasında yeni ləğvediciyə verir;
6.1.18. öz səlahiyyətlərini yerinə yetirərkən iş prosesində ona məlum olan məxfi məlumatları açıqlamır;
6.1.19. məhkəmənin müəyyən etdiyi müddətlərdə ləğvetmə tədbirlərinin və öhdəliklərin yerinə yetirilməsi barədə məhkəməyə hesabat verir;
6.1.20. məcburi ləğv edilən bankın işini tamamlayır, kreditorlarla hesablaşmaları başa çatdırır;
6.1.21. Azərbaycan Respublikasının qanunvericiliyinə və bu Təlimata zidd olmayan digər səlahiyyətləri həyata keçirir.
6.2. Ləğvedicilər məhkəmənin nəzarəti altında və Milli Bankla sıx qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərir.
7. Ləğvedicinin işə başlaması
7.1. Ləğv edilən bankın məcburi ləğvini həyata keçirən ləğvedici Azərbaycan Respublikası qanunlarına, Azərbaycan Respublikası Milli Bankının normativ xarakterli aktlarına, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına və bu Təlimata müvafiq fəaliyyət göstərir.
7.2. Azərbaycan Respublikası ərazisindən kənarda fəaliyyət göstərən ləğvedici öz fəaliyyətində Azərbaycan Respublikasının qanunvericiliyi ilə yanaşı, ləğv edilən bankın struktur bölməsinin fəaliyyət göstərdiyi ölkənin qanunvericiliyini də rəhbər tutur. Bu məqsədlə (həmçinin də xarici bankların yerli filiallarının məcburi ləğvi zamanı) qarşılıqlı təmsilçiliyə malik olan ölkənin bank tənzimlənməsi və nəzarəti orqanı ilə əməkdaşlıq edilir.
7.3. Ləğvedici ləğv olunan bankın dövlət qeydiyyatı haqqında məlumatın dərc edildiyi mətbuat orqanlarında onun ləğv edilməsi və kreditorlarının tələblərinin bildirilməsi qaydası və müddəti haqqında məlumat dərc etdirir. Tələblərin təmin edilməsi məqsədilə kreditorların məcburi ləğv olunan banka müraciəti üçün verilən müddət bankın ləğv edilməsi haqqında məlumatın dərc edildiyi gündən etibarən iki aydan az ola bilməz.
7.4. Ləğvedici kreditorları aşkar etmək və debitor borclarını almaq üçün tədbirlər görür,
habelə bankın ləğvi haqqında onun kreditorlarına bildiriş göndərir.
7.5. Ləğvedici kreditorların tələblərinin ödənilməsi, onların maraqlarını təmin etmək
məqsədilə kreditorların tələblərinin reyestrini tərtib edir. Kreditorların tələblərinin reyestrində
hər bir kreditor barədə, onun pul öhdəlikləri və/və ya məcburi ödənişləri üzrə tələblərin
məbləği, hər bir tələbin ödənilməsinin növbəliyi barədə məlumatlar göstərilir.
7.6. Kreditorların tələblərinin irəli sürülməsi müddəti qurtardıqdan sonra ləğvedici aralıq ləğvetmə balansı tərtib edir. Balansa ləğv edilən bankın əmlakının tərkibi, kreditorların irəli sürdükləri tələblərin siyahısı, habelə bu tələblərə baxılması nəticələri haqqında məlumatlar daxil edilir.
7.7. Kreditorların tələblərinin reyestrinə hesabatlarda əks olunmuş, həmçinin müraciət
olunmuş mübahisəsiz tələblər daxil edilir. Ləğv edilən banka qarşı məhkəmənin qanuni
qüvvəyə minmiş qərarları üzrə icra sənədləri kreditorların təsdiq edilmiş tələbləri hesab edilir
və uçota alınır.
7.8. Ləğvedici işə başladığı gündən 2 (iki) iş günü ərzində Milli Bankda xüsusi ləğvetmə
(milli və xarici valyutada) hesablan açır. Bankın pul vəsaitləri və aktivlərin satışından əldə olunan bütün daxilolmalar müvafiq olaraq bu hesablara köçürülür.
8. Ləğvetmə prosesinin mərhələləri
8.1. Bankın məcburi ləğvi aşağıdakı mərhələlərdən ibarətdir:
8.1.1. bankın bina və sənədləri üzərində nəzarətin əldə edilməsi;
8.1.2. aktivlərin və öhdəliklərin inventarlaşdırılması;
8.1.3. aktivlərin qiymətləndirilməsi və satışı;
8.1.4. kreditorların tələblərinin təmin edilməsi.
9. Bankın binası və sənədləri üzərində nəzarətin əldə edilməsi
9.1. Ləğvedici bankın inzibatçılarını ləğvetmə ilə bağlı məhkəmə qərarı ilə tanış etdikdən sonra təhlükəsizlik xidmətindən, polis orqanlarından və digər mümkün vasitələrdən istifadə etməklə bankın binası və sənədləri üzərində fiziki nəzarəti əldə edir.
9.2. Ləğvedici həmçinin bankın və onun struktur bölmələrinin bütün qıfıllarının və kodlarının, bankın sənədlərinə və əmlakına nəzarət məqsədilə mühafizənin dəyişdirilməsini də təmin edir.
9.3. Bankın ayrı-ayı sahələrinə aid qeyri-müəyyənliyin aradan qaldırılması üçün ləğvedici bankın əməkdaşları ilə görüş keçirir. Görüşdə davranış qaydalarına riayət olunmalı və məsələlər mahiyyəti üzrə araşdırılmalıdır.
9.4. Ləğvedici müştərilərin və digər kreditorların telefon zənginə cavab vermək üçün əməkdaş ayırır.
10. Aktivlərin və öhdəliklərin inventarlaşdırılması
10.1. Ləğvedici məcburi ləğv olunan bankın aktiv və öhdəliklərinin inventarizasiyasını aparır və yoxlamanın nəticəsinə uyğun olaraq akt tərtib edir.
10.2. Ləğv edilən bankın aktivləri nağd pul vəsaitlərindən, hüquqi və fiziki şəxslərə verilmiş borclardan, bankın əmlakından və digər tələblərindən ibarətdir.
10.3. Bankm aktivlərinin yoxlanılması çərçivəsində bütün nağd vəsaitlər sayılır. Milli və xarici valyutada olan pul vəsaitləri, o cümlədən metal pullar ayrı - ayrılıqda yerləşdirilir.
Nağd vəsait hesab olunmayan bütün vəsaitlər ayrılmalı və aktda göstərilməlidir. Daha sonra
nağd pul vəsaitlərinin qalıq məbləği barədə hesabat tərtib olunur və ayın tarixi göstərilməklə iki məsul şəxs tərəfindən imzalanır (bunlardan biri ləğvedici, digəri isə onun təyin etdiyi şəxs olmalıdır).
10.4. Ləğvedici kreditlərin yoxlanılması çərçivəsində kredit müqavilələrini və kredit dosyelərini toplayır. Bankın məcburi ləğv edilməsi barədə məhkəmə qərarı qüvvəyə mindiyi gündən icrası başa çatmamış kredit müqavilələri və onların ödənilməsi perspektivləri təhlil olunur. Kredit qalıqları bankın balans göstəriciləri ilə üzləşdirilir. Fərq olduğu halda fərqin səbəbləri tədqiq edilir.
10.5. Bütün kredit sənədləri, o cümlədən kredit və digər verilmiş borclar üzrə müqavilələr siyahıya alındıqdan sonra uçot-qeydiyyat sənədləri ilə tutuşdurulur. Sənədlər mövcud olmadıqda və ya uyğunsuzluqlar aşkar edildikdə, bu barədə səbəbləri göstərilməklə müvafiq akt tərtib edilir.
10.6. Bank tərəfindən dövriyyəyə plastik kartlar emissiya olunmuşsa, bankın üzv olduğu prossesinq şirkətinə (şirkətlərə) plastik kartlar üzrə əməliyyatın dayandırılması barədə bildiriş gönədilir. Ləğvedici həmçinin həm fiziki şəxslərdən, həm də korporativ müştərilərdən kredit kartlarının yığılması istiqamətində işlər aparır.
10.7. Kreditlər üzrə ödənişlər ləğvedicinin nəzarəti altında saxlanılır.
10.8. Alınmış qiymətli kağızların reyestri nəzarətə götürülür, onların siyahısı hazırlanır və reallaşdırılması üzrə işlər aparılır.
10.9. Ləğvedici əmlakın bankın mülkiyyətində və ya icarədə olub-olmamasını müəyyən edir. İcarəyə götürülmüş bütün emlakların siyahısı tərtib olunur və bütün icarə müqavilələrinin, aktların və qiymətləndirmənin nüsxələri götürülür. Bankın mülkiyyətində olan və olmayan əmlakların bankın fəaliyyəti üçün gərəkli olub-olmaması müəyyən edilir. Bank işində istifadə olunmayan icarəyə götürülən əmlaklar barədə müqavilələr qanunvericiliyə müvafiq qaydada ləğv edilir.
10.10. Məcburi ləğv edilən bankın öhdəlikləri bank sənədləri ilə üzləşdirilir və ödəniş növbəliyi üzrə kateqoriyalara bölünür. Aşkar edilmiş fərq rəsmiləşdirilir.
10.11. Ləğvetmə prosesinin başlanmasından əvvəl bankın balansında öz əksini tapmamış və inventarizasiya keçirilən zaman aşkar edilmiş aktivlər ləğv edilən bankın aralıq ləğvetmə balansında öz əksini tapmalıdır.
11. Aktivlərin qiymətləndirilməsi və satışı
11.1. Bank aktivlərinin satışı və bankın öhdəlikləri üzrə hesablaşmaların həyata keçirilməsi üçün ləğvedici aktivlərin qiymətləndirilməsini təşkil edir.
11.2. Bankın aktivləri qiymətləndirilərkən maliyyə və qeyri-maliyyə aktivləri bir-birindən fərqləndirilir.
11.3. Maliyyə aktivlərinə aşağıdakılar aiddir:
§ pul vəsaitləri;
§ qiymətli kağızlar;
§ kreditlər;
§ valyuta qiymətliləri.
11.4. Qeyri-maliyyə aktivlərinə aşağıdakılar aiddir:
§ bina və tikililər;
§ nəqliyyat vasitələri;
§ mebel, avadanlıqlar və digər əmlaklar.
11.5. Xarici və milli valyutada olan kağız və metal pullar, habelə müxbir bank hesabı formasında olan maliyyə aktivləri nominal dəyərlə qiymətləndirilir.
11.6. Qiymətli kağızlar qiymətli kağızlar bazarının vəziyyətindən asılı olaraq qiymətləndirilir.
11.7. Aktivlərin satışı zamanı ədalətli satışa nail olunur.
11.8. "Standart" kredit kimi təsnifləşdirilmiş kreditlərin satışı bazar dəyəri ilə aparılır.
11.9. Problemli kreditlər satılarkən aşağıdakı prinsiplərə əməl edilir:
11.9.1. kredit qalıq borc (əsas məbləğ və faizlər) dəyəri ilə satılmalıdır;
11.9.2. borc digər alıcıya satılmadıqda müştərinin özünə nominal dəyərdən aşağı qiymətlə satıla bilər. Ləğvedici hər bir belə halı ləğvetmə hesabatında əsaslandırmalıdır;
11.9.3. problemli kreditin satılması mümkün olmadıqda ləğvedici girov (ipoteka) əmlakının qanunvericiliyə uyğun olaraq satılması barədə tədbirlər görür.
11.10. Qeyri-maliyyə aktivlərinin qiymətləndirilməsi qanunvericiliyə uyğun həyata keçirilir.
11.11. Məcburi ləğv olunan bankın digər debitorları bank qarşısında öhdəliklərini yerinə
yetirmədikdə, ləğvedici girov (ipoteka) predmetinə qanunvericiliyə uyğun tutmanın yönəldilməsi prosedurlarına başlayır.
11.12. Ləğv edilən bankın pul vəsaitləri kreditorların tələblərini ödəmək üçün yetərli olmadıqda, ləğvedici bankın əmlakmı açıq hərracda satır.
11.13. Satışa çıxarılan qeyri-maliyyə aktivlərinin ilkin qiyməti dəyişə bilər. Aktivlər hesablanmış dəyərdən olduqca aşağı qiymətlə satıldıqda, ləğvedici səbəbləri sənədləşdirir və hesabatda göstərir.
12. Kreditorların tələblərinə baxılması
12.1. Ləğv edilən bankın kreditorları tələblərinin təmin edilməsi məqsədi ilə ləğvediciyə ərizə ilə müraciət edir. Ərizəyə tələbləri təsdiq edən sənədlər əlavə olunur.
12.2. Ləğvedici tərəfindən ərizəyə daxil olduğu gündən 15 (on beş) gün ərzində baxılır.
12.3. Ərizəyə baxarkən ləğvedici tələbin qanunuliyini və əsaslı olmasını yoxlayır. Ərizəyə müvafiq sənədlər qoşulmadıqda, ləğvedici kreditordan həmin sənədlərin 5 (beş) iş günü müddətində təqdim edilməsini tələb edir. Bu müddət ərzində sənədlər müxtəlif səbəblərdən (itirildikdə, oğurlandıqda və ya digər səbəblərdən məhv edildikdə) təqdim olunmadıqda ləğvedici bankda olan məlumatlara əsaslanaraq ərizəyə baxır.
12.4. Ləğvedici kreditorların ərizələrinə baxdıqdan sonra nəticəsi barədə onlara yazılı məlumat verir. Bu məlumata aşağıdakılar daxil edilir:
12.4.1. kreditorun və ləğvedicinin tam adı və poçt rekvizitləri, habelə cavablanan ərizənin tarixi və nömrəsi;
12.4.2. ərizədəki tələb tam və ya qismən təsdiq olunduqda - təsdiq olunmuş məbləğ və onun ödəniləcəyi tarix;
12.4.3. ərizədəki tələbə tam və ya qismən etiraz edildikdə - etiraz etmənin səbəbləri;
12.4.4. məlumata qoşulmuş sənədlərin siyahısı.
12.5. Kreditorların tələblərinə etiraz edildikdə ərizəyə qoşulmuş sənədlər ərizəçiyə qaytarılır.
12.6. Tələblərin qəbul edilməsi üzrə müddət başa çatdıqdan sonra ən geci 30 (otuz) gün ərzində aktiv və öhdəliklərin inventarizayasının nəticələrini nəzərə almaqla aralıq ləğvetmə balansı tərtib edilir.
12.7. Tabeli struktura malik olan bankın aralıq ləğvetmə balansı həmin bölmələrin aralıq
ləğvetmə balansı nəzərə alınmaqla tərtib edilir.
12.8. Ərizə ilə müraciət edən kreditor eyni zamanda bankın borcalanı olduqda, bu zaman iddiaya (ərizəyə) baxarkən ləğvedici (ləğvedicilər) aralıq ləğvetmə balansı təsdiq olunanadək təqdim olunmuş sənədlərə uyğun olaraq qarşılıqlı tələblərin əvəzləşdirilməsinin aparılması məsələsinə baxır və nəticəni aralıq ləğvetmə balansına daxil edir.
13. Tələblərin təmin edilməsi
13.1. Ləğv edilən bankın kreditorlarına pul vəsaiti bankın ləğvedicisi tərəfindən aralıq ləğvetmə balansı məhkəmə tərəfindən təsdiq edildiyi gündən başlayaraq Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq aşağıdakı növbəliliklə ödənilir:
13.1.1. bankın əmlakının girov (ipoteka) qoyulması ilə təmin edilmiş öhdəliklər üzrə kreditorların tələbləri;
13.1.2. həyata və ya sağlamlığa zərər vurulması ilə əlaqədar bankın fiziki şəxslər qarşısında məsuliyyət daşıdığı kapitallaşdırılmış vədəli ödənişləri;
13.1.3. işdənçıxma müavinətlərinin və əmək müqaviləsi üzrə işləyən şəxslərin əməyinin ödənilməsi, müəlliflik müqavilələrinə əsasən haqların ödənilməsi üzrə tələblər;
13.1.4. büdcəyə məcburi ödənişlər və büdcədənkənar dövlət fonduna məcburi dövlət sosial sığorta haqlan üzrə borclar;
13.1.5. digər kreditorlar ilə hesablaşmalar.
13.2. Hər bir növbənin tələbləri əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra aparılır. Növbə yaxınlaşdıqda kreditorun tələbi onun razılığı ilə hesablaşmanın pul formasında və/və ya əmlakın natural formasında ötürülməsi vasitəsi ilə təmin edilə bilər.
13.3. Kreditorun tələblərinin təmin edilməsindən imtina olunduqda bu barədə kreditora yazılı məlumat göndərilir.
13.4. Kreditorun tələbinin təmin edilməsindən imtina olunduqda və ya ona baxılmaqdan boyun qaçırıldıqda, kreditor bankın ləğvetmə balansı təsdiq edilənədək ləğvediciyə qarşı iddia ilə məhkəməyə müraciət edə bilər.
13.5. Bankın ləğvedicisi tərəfindən müəyyən edilmiş müddət qurtardıqdan sonra kreditorun bildirdiyi tələblər, vaxtında bildirilmiş tələblər ödənildikdən sonra bankın qalan əmlakından ödənilir.
13.6. Bankın ləğvedicisi tərəfindən müəyyən edilmiş müddətdə kreditor tərəfindən tələb edilməmiş, lakin ödənilməsi barədə məhkəmə qərarı olan tələb kreditorla hesablaşmaq üçün növbəlik qaydasında yerinə yetirilir.
13.7. Aşağıdakı hallar kreditorun tələbinin ödənilmiş hesab edilməsinə əsas verir:
13.7.1. qəbul edilməmiş tələbləri barədə kreditor bankın ləğvetmə balansı təsdiq edilənədək iddia ilə məhkəməyə müraciət etmədikdə;
13.7.2. məhkəmə qərarı ilə kreditora tələbinin ödənilməsindən imtina edildikdə.
13.8. Bankın dəyərinin onun kreditorları üçün artırılması məqsədilə ləğvedici bankın satılması və ya ayrı-ayrı aktivlərin və öhdəliklərin satılması barədə Milli Bank qarşısında vəsatətlə çıxış edə bilər.
13.9. Kreditorun və ləğv edilən bankın qarşılıqlı öhdəlikləri olduqda, aşağıdakı hallarda tələblərin əvəzləşdirlməsinə yol verilir:
13.9.1. müddəti başa çatmış qarşılıqlı öhdəliklər olduqda;
13.9.2. öhdəliyin birinin icra müddəti hələ başa çatmadıqda, lakin bu tələbə hüququ olan tərəf əvəzləşdirməyə tərəfdar olduqda.
13.10. Tələblərin əvəzləşdirilməsinin yol verilmədiyi hallar Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunur.
13.11. Tələblərin əvəzləşdirilməsi zamanı aşağıdakılara riayət olunmalıdır:
13.11.1. heç bir öhdəlik iddialı olmamalı;
13.11.2. əvəzləşdirmə yazılı surətdə razılaşdırılmalı;
13.11.3. müxətlif valyutalarda olan öhdəliklərin əvəzləşdirilməsi həmin günə Milli Bankın rəsmi məzənnəsi ilə aparılmalı.
13.12. İstisna hal kimi bankın debitoru tərəfindən likvid əmlak vasitəsi ilə borcun ödənilməsinə yol verilə bilər. Bu halda banka verilməli olan əmlakın həmin tarixə müstəqil qiymətləndiricilər tərəfindən qiymətləndirməsi barədə akt olmalı və əmlakın dəyəri borcun ümumi dəyərindən az olmamalıdır.
13.13. Ləğvedici tərəfindən qəbul edilmiş öhdəliklərin kreditorlardan asılı olan səbəblərdən (kreditorla əlaqə saxlamaq mümkün olmadıqda və ya o, banka gəlmədikdə) yerinə yetirilməsi mümkün olmadıqda, ləğvedici müvafiq öhdəliklər qrupu üzrə hesablaşmalar qurtardıqdan sonra kreditora ödənilməmiş məbləği qanunvericiliyə uyğun
olaraq notariusun depozit hesabına köçürür.
13.14. Bankın nizamnaməsində digər hallar nəzərdə tutulmadıqda, onun kreditorları ilə hesablaşmalar başa çatdıqdan sonra ləğvedici yerdə qalan əmlakı bankın səhmdarları arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bölüşdürür, bu şərtlə ki, səhmdarlar buna öz
razılığını bildirsinlər. Razılıq əldə edilib-edilməməsindən asılı olmayaraq, məcburi ləğv
edilən bankın kreditorları ilə hesablaşmalar başa çatdıqdan sonra ləğvedici ləğvetmə balansını
tərtib edir və təsdiqlənmək üçün məhkəməyə təqdim edir.
14. Ləğvedicinin Milli Bankla əməkdaşlığı
14.1. Bankın məcburi ləğvi dövründə ləğvedici Milli Bankla sıx qarşılıqlı əlaqə qurmaqla fəaliyyət göstərir. Ləğvedici öz fəaliyyəti haqqında Milli Banka onun müəyyənləşdirdiyi formada və müddətlərdə hesabat verir, habelə Milli Bankın tələb etdiyi sənədləri və informasiyanı təqdim edir.
14.2. Ləğvedici məcburi ləğv tədbirlərini həyata keçirərkən aşağıdakılardan hər hansı
birinin mövcudluğunu aşkar etdikdə bank barəsində iflas proseduruna başlanmasına dair
əsaslandırılmış vəsatətlə Milli Banka müraciət edir:
14.2.1. bankın məcmu kapitalının miqdarı banklar üçün müəyyən edilmiş məcmu kapitalın minimum miqdarının 25 (iyirmi beş) faizindən və ya məcmu kapitalın adekvatlıq əmsalı 3 faizdən az olduqda;
14.2.2. bank öz maliyyə öhdəliklərini onların icra vaxtı çatdıqda yerinə yetirməyə qadir
olmadıqda;
14.2.3. bank vaxtı çatmış maliyyə öhdəliklərini kreditorlar tərəfindən tələblər irəli sürüldükdə ödəməyə qadir olmadıqda.
15. Ləğvedicinin məhkəmə orqanları ilə əlaqəsi
15.1. Leğvedici bankın məcburi ləğvi prosesində bu Təlimata uyğun olaraq məhkəmə orqanları ilə əməkdaşlıq edir, məhkəmə icraatında etibarnaməsiz bankı təmsil edir, tələb olunan prosessual hərəkətləri həyata keçirir.
15.2. Məhkəmə orqanlarına müraciət qaydalarında və bu Təlimatda nəzərdə tutulmayan
hallarda məhkəmə orqanları ilə iş prinsipləri, o cümlədən məhkəməyə müraciət halları
Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.
16. Məcburi ləğv prosedurunun başa çatması
16.1. Ləğvedici bankın ləğvini başa çatdırdıqdan və müvafiq hesabatı məhkəməyə təqdim etdikdən sonra məhkəmənin qərarı ilə öz vəzifəsindən azad edilir. Bankın mühasibat və digər sənədləri məhkəmənin qərarına əsasən bankın səhmdarlarına və ya digər idarəetmə orqanlarına, habelə qanunvericiliyə müvafiq qaydada Dövlət Arxivinə təhvil verilir.
16.2. Bank barəsində məcburi ləğv prosedurunun başa çatmasına dair məhkəmənin qərarı hüquqi şəxslərin dövlət qeydiyyatmı həyata keçirən orqana göndərilir.
17. Yekun müddəalar
17.1. Bu Təlimatla tənzimlənməyən məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həll edilir.
17.2. Bu Təlimat dövlət qeydiyyatına alındığı tarixdən qüvvəyə minir.