AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
25.03.2002
QEYDİYYAT NÖMRƏSİ
893
ADI
Enerji və su sektorlarında maliyyə intizamının gücləndirilməsi tədbirləri haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-03-2002, Nəşr nömrəsi: 03, Maddə nömrəsi: 138)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
100.000.000
170.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Enerji və su sektorlarında maliyyə intizamının gücləndirilməsi tədbirləri haqqında

Enerji və su sektorlarında maliyyə intizamının gücləndirilməsi tədbirləri haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları və su ilə təminatını yaxşılaşdırmaq və bu sahələrdə maliyyə intizamını gücləndirmək məqsədi ilə qərara alıram:

1. Enerji sektorunda maliyyə intizamının gücləndirilməsi Proqramı" təsdiq edilsin (Əlavə 1).

2. "Su sektorunda maliyyə intizamının gücləndirilməsi Proqramı" təsdiq edilsin (Əlavə 2).

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti aidiyyəti nazirliklər və digər dövlət orqanları ilə birlikdə enerji və su sektorlarında maliyyə intizamının gücləndirilməsi proqramlarında nəzərdə tutulan tədbirlərin tam həyata keçirilməsini təmin etsin.

4. Bu Sərəncam dərc olunduğu gündən qüvvəyə minir.

 

Heydər ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 mart 2002-ci il
                   № 893

 


 

 

Əlavə 1

Azərbaycan Respublikası Prezidentinin

2002-ci il 25 mart tarixli, 893 nömrəli Sərəncamı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Enerji sektorunda maliyyə intizamının gücləndirilməsi

 

Proqramı

1. Problemİn mahİyyətİ

 Son illər ölkədə enerji sektorunun inkişafı sahəsində məqsədyönlü tədbirlər həyata keçirilir. Yalnız 2000-2001-ci illər ərzində Yenikənd Su Elektrik Stansiyasının, Bakı İstilik Elektrik Mərkəzinin, «Etilen-Polietilen» zavodunda buxar generatorunun istismara verilməsi və Mingəçevir Su Elektrik Stansiyasının yenidən qurulması nəticəsində ölkənin generasiya gücü 265,5 mVt artmışdır. Hazırda gücü 400 mVt olan «Şimal» DRES-in və digər yeni elektrik stansiyalarının tikintisi, köhnəlmiş avadanlıqların yeniləşdirilməsi, ötürücü xətlərin quraşdırılması və s. layihələri üzrə işlər davam etdirilir. Bütün bunlar əhalinin və müəssisələrin enerji daşıyıcılarına olan tələbatının tam ödənilməsi üçün əlverişli zəmin yaradır.

 Bununla bərabər, enerji sektorunda bir sıra problemlər də mövcuddur. Onlardan biri də qarşılıqlı ödənməmələr və bunun nəticəsi kimi müəssisələr tərəfindən büdcə öhdəliklərinin yerinə yetirilməməsi problemidir. Problemin əsas mahiyyəti ondan ibarətdir ki, «Azərenerji» və «Azəriqaz» səhmdar cəmiyyətləri tərəfindən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətindən (bundan sonra - SOCAR) alınan neft məhsullarının və qazın haqqının ödənilməməsi səbəbindən SOCAR da, öz növbəsində dövlət büdcəsinə vergiləri tam həcmdə ödəyə bilmir. Nəticədə «Azərenerji» və «Azəriqaz» səhmdar cəmiyyətlərinin büdcədən dolayı şəkildə subsidiya alması prosesi baş verir. [1]

 Hesablamalara görə təkcə 2001-ci ildə elektrik enerjisinin istehsalı üçün SOCAR tərəfindən «Azərenerji» Səhmdar Cəmiyyətinə 1,5 trln. manatlıq (315 mln. ABŞ dolları) yanacaq verilmişdir. Verilmiş yanacağın dəyəri beynəlxalq qiymətlərlə 1,9 trln. manat (396 mln. ABŞ dolları) təşkil edir. [2]

 2001-ci ildə Dövlət Neft Şirkəti tərəfindən «Azəriqaz» Səhmdar Cəmiyyətinə 273 mlrd. manat (57 mln. ABŞ dolları) dəyərində («Azərenerji» Səhmdar Cəmiyyəti üçün nəzərdə tutulmuş qaz istisna olmaqla) qaz verilmişdir. Verilmiş qazın beynəlxalq qiymətlərlə dəyəri 897 mlrd. manat (187 mln. ABŞ dolları) təşkil edir.

 Ümumilikdə, Dövlət Neft Şirkəti tərəfindən haqqı ödənilmədən daxili qiymətlərlə «Azərenerji» və «Azəriqaz» səhmdar cəmiyyətlərinə cəmi 1,8 trln. manatlıq (372 mln. ABŞ dolları), beynəlxalq qiymətlərlə isə cəmi 2,8 trln. manatlıq (583 mln. ABŞ dolları) yanacaq verilmişdir.

 Eyni zamanda əhali və müəssisələr tərəfindən istehlak olunan elektrik enerjisinin və qazın haqqının ödənişi aşağı səviyyədə olmuşdur. 2001-ci ildə elektrik enerjisi üzrə yığımın səviyyəsi 27%, qaz sektoru üzrə isə—30% təşkil etmişdir. Elektrik enerjisinin və qazın istehlakına görə yığılan vəsait əsasən «Azərenerji» və «Azəriqaz» səhmdar cəmiyyətlərinin, elektrik enerjisi və qazın satışı ilə məşğul olan müəssisələrdə işləyənlərin əmək haqlarının və onların istismar xərclərinin ödənilməsinə yönəldilir. Son nəticədə yaranan fərq dövlət büdcəsindən dolayı subsidiyalar hesabına ödənilir. «Azərenerji» və «Azəriqaz» səhmdar cəmiyyətlərinin dövlət büdcəsi, Dövlət Neft Şirkəti qarşısında və xarici kreditlər üzrə öhdəlikləri isə demək olar ki, yerinə yetirilmir. 2001-ci ildə «Azərenerji» Səhmdar Cəmiyyəti aldığı yanacağa görə Dövlət Neft Şirkətinə cəmi 7,5 mlrd. manat (alınan yanacağın dəyərinin 0,5%-i), «Azəriqaz» Səhmdar Cəmiyyəti isə aldığı qaza görə Dövlət Neft Şirkətinə cəmi 3,5 mlrd. manat (alınan qazın dəyərinin 1,3%-i) ödəmişdir. Ödənişlərin belə aşağı səviyyədə olması büdcə təşkilatlarında çalışanların əmək haqlarının, eləcə də təhsilin, səhiyyənin və digər sahələrin daha geniş şəkildə maliyyələşdirilməsi, pensiyaların artırılması imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır.

 İqtisadiyyatın bu mühüm sahəsində yaranmış ödəməmələr probleminin həllini qarşıdakı illərdə iki mərhələdə həyata keçirmək nəzərdə tutulur:

 1-ci mərhələdə əsas vəzifə yeni borcların yaranmasının qarşısını almaqdan ibarətdir. Bu mərhələdə SOCAR-a ödənişlərin 2002-ci ildə 20%, 2003-cü ildə 30%, 2004-cü ildə 45%, 2005-ci ildə 65%, 2006-cı ildə isə 80-100% səviyyəsinə çatdırmaq planlaşdırılır. Bu müddət ərzində ödənilməyən məbləğin qiymətli kağızlar vasitəsi ilə tənzimlənməsi, bu üsulla da borcların həcminin dəqiq uçotunun aparılması və bütövlükdə ödəmələr sahəsində tam şəffaflığın təmin edilməsi nəzərdə tutulur. [3]

 2-ci mərhələdə borcların artımı dayandırıldıqdan sonra keçmiş borcların restrukturizasiyası həyata keçiriləcəkdir.

2. Malİyyə İntİzamının gücləndİrİlməsİ İlə bağlı həyata keçİrİlən tədbİrlər [4]

2.1. Büdcə tədbirləri

 Bu tədbirlər aşağıdakılardan ibarətdir:

 2.1.1. Dolayı subsidiyaların rəsmiləşdirilməsi, yəni «Azərenerji» və «Azəriqaz» səhmdar cəmiyyətləri tərəfindən SOCAR-dan alınan yanacağın haqqının bir hissəsinin dövlət büdcəsi vasitəsi ilə ödənilməsinin tənzimlənməsi. [5]

 Bunun üçün ilkin mərhələdə səhmdar cəmiyyətlərin yanacağa olan tələbatı və buna görə ödəyə biləcəkləri pulun maksimum məbləği müəyyənləşdiriləcək. Alınan yanacağın dəyəri pulla ödənildikdən sonra borcun qalan hissəsi həcmində Maliyyə Nazirliyi tərəfindən Energetika Nazirliyi ilə razılaşdırmaqla «Azərenerji» və «Azəriqaz» səhmdar cəmiyyətlərinə qiymətli kağızlar veriləcək. Nəticədə səhmdar cəmiyyətlər yanacağın haqqını SOCAR-a əsasən, pulla, borcun qalan hissəsini isə qiymətli kağızlarla ödəyəcəklər. Ödəniş sənədi yalnız qarşılıqlı borcun, eləcə də büdcə qarşısında olan öhdəliklərin dəqiq uçotunun aparılması üçün veriləcəkdir. Bu təcrübə kommunal sahələrdə islahatların aparılması və maliyyə imkanlarının möhkəmləndirilməsi ilə bağlı həyata keçirilən digər tədbirlərlə yanaşı tətbiq olunacaq və 100%-li pul ödənişləri təmin edilənədək (2006-ci ilədək) davam etdiriləcəkdir; [6]

 2.1.2. Büdcədən maliyyələşən təşkilatlar üçün kommunal xidmətlərdən istifadə ilə bağlı dövlət büdcəsində dəqiq limitlərin müəyyənləşdirilməsi, kommunal xidmətlərə görə ödənişlərə sərt nəzarətin həyata keçirilməsi və bu xidmətlərdən limitdən artıq istifadə edən təşkilatların şəbəkədən ayrılması.

 Bununla əlaqədar olaraq artıq 2002-ci ilin dövlət büdcəsində limitlər müəyyənləşdirilmiş, qaydaları pozan təşkilatların şəbəkədən açılması ilə əlaqədar kommunal xidməti müəssisələrinə tapşırıqlar verilmişdir. Yalnız bir neçə təşkilat üçün büdcədə ehtiyat məsrəflər nəzərdə tutulur. Bu tədbirlər nəticəsində 2002-ci ildə «Bakıelektrikşəbəkə» Səhmdar Cəmiyyəti tərəfindən yığımın səviyyəsinin 50%-ə çatdırılacağı gözlənilir;

 2.1.3. Kommunal xidmətlərə görə ödənişlərin kart sistemi vasitəsi ilə aparılması.

 Ödəniş kartları bütün kommunal xidmətlərin, habelə metro nəqliyyatında gediş haqqının ödənilməsində tətbiq ediləcəkdir. Bu sistemin tətbiqi nəticəsində yığımın və büdcə gəlirlərinin əhəmiyyətli dərəcədə artırılması təmin ediləcəkdir;

 kommunal xidmətlərə görə verilən kompensasiyaların aidiyyəti üzrə istifadəsini təmin etmək məqsədi ilə onların ödəniş kartları vasitəsi ilə verilməsi nəzərdə tutulur. Həmin ödəniş kartları yalnız kommunal xidmətlərin haqqının ödənilməsində istifadə oluna bilər;

2.2. «Azərenerji» və «Azəriqaz» səhmdar cəmiyyətlərinin maliyyə göstəricilərinin yaxşılaşdırılması tədbirləri

 2.2.1. Yığımın artırılması:

 kommunal xidmətlərə görə ödənişləri həyata keçirməyən təşkilatların şərtsiz şəbəkədən açılması, bu məqsədlə həmin istehlakçıların inventarlaşdırılması və sayğacların məcburi tətbiqi;

 ev təsərrüfatında analoji tədbirlərin həyata keçirilməsi;

 kommunal xidmətlərin haqqının müqavilələrdə göstərilən tarixdə ödənilməsinin təmin edilməsi. Kommunal xidmətlərin haqqının ödənilməsindən yayınma hallarına qarşı sərt inzibati tədbirlərin həyata keçirilməsi, kütləvi təbliğat tədbirlərinin aparılması;

 birinci mərhələnin sonunda (2006-cı il) şəbəkələr tərəfindən yığımın 100%-ə çatdırılması;

 2.2.2. Enerji istehsalının səmərəliliyinin artırılması:

 enerji istehsalında yanacaq sərfinin azaldılması.

 Hazırda 1 kVt saat elektrik enerjisinin istehsalına təxminən 410 q şərti yanacaq sərf edilir ki, bu da olduqca yüksək göstəricidir. Bu, bir tərəfdən alınan yanacağın haqqının ödənilməməsi və yanacaq sərfinin azaldılması üçün heç bir stimulun olmaması, digər tərəfdən isə inhisarçı mövqedən istifadə edərək əsassız tariflərin tətbiqi, texniki itkilərin, sui-istifadə halları üçün şəraitin yaradılması ilə bağlıdır;

 istilik elektrik stansiyalarının iqtisadi və ekoloji cəhətdən daha səmərəli yanacaq növü olan qaza keçidinin təmin edilməsi;

 texniki itkilərin azaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsi;

 «Azərenerji» və «Azəriqaz» səhmdar cəmiyyətlərinin restrukturizasiyası.

2.3. Kommunal xidməti göstərən müəssisələrin restrukturizasiyası və özəlləşdirilməsi (və ya idarəetməyə verilməsi)

 2.3.1. Elektrik və qazpaylayıcı şəbəkələrin özəlləşdirilməsi və ya idarəetməyə verilməsi prosesinin sürətləndirilməsi

 Bu məqsədlə 2002-ci il ərzində «Sumqayıtelektrikşəbəkə»nin, və qazpaylayıcı şəbəkələrin idarəetməyə verilməsi nəzərdə tutulur. [7]

2.4. SOCAR-ın maliyyə göstəricilərinin yaxşılaşdırılması tədbirləri [8]

 2.4.1. SOCAR-ın restrukturizasiyası;

 2.4.2. SOCAR-a daxil olan müəssisələr arasında həyata keçirilən əməliyyatlara görə aparılan hesablaşmaların təkmilləşdirilməsi; [9]

 2.4.3. İstehsal məsrəflərinin azaldılması məqsədi ilə xidmət və digər köməkçi müəssisələrin, sosial-məişət təyinatlı obyektlərin özəlləşdirilməsi və ya digər təşkilatların balansına verilməsi;

 2.4.4. Satınalmalar və satış əməliyyatlarının mövcud qanunvericiliyə uyğun olaraq həyata keçirilməsinə nəzarətin gücləndirilməsi;

 2.4.5. Daxili yanacaq istehlakçılarından ödənişlərin artırılması üzrə tədbirlərin həyata keçirilməsi.

2.5. Qiymət və tariflərin tənzimlənməsi tədbirləri

 2.5.1. Kommunal xidmətlərə görə müəyyən edilmiş tariflərin hərtərəfli təhlil edilməsi

 Hesablamalar göstərir ki, istehlakçılar tərəfindən «Azərenerji» və «Azəriqaz» səhmdar cəmiyyətlərinə ödənişlər hətta tam həyata keçirilsə belə, onlar SOCAR və digər təşkilatlar qarşısında öhdəliklərini təmin edə bilməyəcəklər. Bu problemin həllinə nail olmaq, tariflərin optimal səviyyəsini müəyyənləşdirmək və onların çevik tənzimlənməsini təmin etmək məqsədi ilə Tarif Şurası yaradılmışdır; [10]

 2.5.2. Ortamüddətli perspektivdə neft və neft məhsulları və təbii qazın daxili və beynəlxalq qiymətləri arasında mövcud fərqin tədricən aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsi.

2.6. Digər təşkilati tədbirlər

 2.6.1. İdxal və ixrac edilən elektrik enerjisinin və qazın dəqiq uçotunun aparılması;

 2.6.2. İri tədiyəçilərin, dövlət şirkətlərinin istehsal məsrəflərinin azaldılması və vergilərin vaxtında ödənilməsi məqsədi ilə onların idarəetmə strukturunun təkmilləşdirilməsi, köməkçi xidmət sahələrinin özəlləşdirilməsi, müəssisələrin rentabelliyinin artırılması, onların satınalmalar və satış əməliyyatlarının tam nəzarətə götürülməsi və bu əməliyyatların satınalmalar qanunvericiliyinə uyğun həyata keçirilməsinin təmin edilməsi;

 2.6.3. Əsas enerji istehlakçıları olan digər iri sənaye müəssisələrində restrukturizasiya tədbirlərinin həyata keçirilməsi, idarəetmənin təkmilləşdirilməsi, təsərrüfat hesablı dövlət müəssisələrinin bazasında səhmdar cəmiyyətlərinin yaradılması, onların maliyyə vəsaitinin istifadəsinə, büdcə qarşısındakı öhdəliklərinin yerinə yetirilməsinə nəzarətin gücləndirilməsi;

 2.6.4. SOCAR-da, «Azərenerji» və «Azəriqaz» səhmdar cəmiyyətlərində, digər iri tədiyəçi təşkilatlarda qarşılıqlı borcların, eləcə də büdcə borclarının müəyyənləşdirilməsi, digər maliyyə göstəricilərinin hərtərəfli təhlil edilməsi məqsədi ilə auditin keçirilməsi; [11]

 2.6.5. «Azərenerji» və «Azəriqaz» səhmdar cəmiyyətləri tərəfindən hər ay istehlakçı qruplarına görə debitor borclarının strukturu, yanacaq sərfi, itkilər və maliyyə göstəriciləri barədə hesabatların iqtisadiyyat və sənaye, maliyyə, yanacaq və energetika nazirliklərinə təqdim edilməsi; [12]

 2.6.6. «Azərenerji» və «Azəriqaz» səhmdar cəmiyyətlərində maliyyə, vergilər, yanacaq və energetika nazirlikləri tərəfindən vəsaitin hərəkətinə nəzarətin həyata keçirilməsi;

 2.6.7. Daha az məsrəflərlə elektrik enerjisi istehsal edəcək müasir tipli elektrik stansiyalarının tikintisi. «Şimal» DRES-ində gücü 400 mVt olacaq yeni enerji blokunun, Sumqayıt və Şirvan şəhərlərində hər birinin gücü 400 mVt olacaq 2 müasir tipli elektrik stansiyasının tikintisi, Mingəçevir su elektrik stansiyasında gücü 300 mVt olacaq 9-cu enerji blokunun tikintisinin başa çatdırılması; [13]

 2.6.8. Alternativ enerji mənbələrinin istifadəsi ilə bağlı investisiya layihələrinin həyata keçirilməsi;

 2.6.9. Hər il Azərbaycan Respublikasının yanacaq-enerji balansının hazırlanması və təsdiq edilməsi.

 

3. Tədbirlər planının təqvimi [14]

 

Sıra -si

Tədbirlərin məzmunu

Məqsədi

İcraçılar

İcra müddəti

1

2

3

4

5

Büdcə Tədbirləri

1.

Dövlət büdcəsində “Azərenerji” və “Azəriqaz” səhmdar cəmiyyətləri üçün yanacağın alınması ilə bağlı subsidiyaların nəzərdə tutulması

Dolayı subsidiyaların ləğv edilməsi, borcların artımının qarşısının alınması

 

İqtisadiyyat və Sənaye Nazirliyi, Maliyyə Nazirliyi, Energetika Nazirliyi [15]

2003-cü ildən etibarən

2.

Büdcədən maliyyələşən təşkilatlar üçün kommunal  xidmətlərdən istifadə ilə bağlı limitlər müəyyənləşdirilməsi və limitlərdən artıq xidmətlərdən istifadə edən təşkilatların şəbəkələrdən açılması

Büdcə təşkilatları tərəfindən ödənişləri təmin edilməsi

İqtisadiyyat və Sənaye Nazirliyi, Maliyyə Nazirliyi, Energetika Nazirliyi, kommunal xidmətlər müəssisələri

2002-ci ildən etibarən

3.

Kommunal xidmətlərinin ödənişində kart sisteminin tətbiqi

Sui-istifadə hallarının qarşısının alınması, ödənişlərin təmin edilməsi

İqtisadiyyat və Sənaye Nazirliyi, Maliyyə Nazirliyi, Mərkəzi Bank, kommersiya bankları [16]

2003-cü ildən etibarən

4.

Kommunal xidmətlərə güzəştli hüquqa malik olan vətəndaşlara dövlət büdcəsindən kompensasiyaların verilməsi

Sui-istifadə hallarının qarşısının alınması, ödənişlərin təmin edilməsi

İqtisadiyyat və Sənaye Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi

2002-ci ildən etibarən

Azərenerji” və “Azəriqaz” səhmdar cəmiyyətlərinin maliyyə göstəricilərinin yaxşılaşdırılması

5.

Yanğının artırılması tədbirlərinin həyata keçirilməsi

Ödənişlərin təmin edilməsi

Kommunal xidmətlər müəssisələri

Müntəzəm

 

6.

Ödənişdən yayınma hallarına qarşı inzibati tədbirlərin sərtləşdirilməsi barədə təkliflərin hazırlanması

Ödənişlərin təmin edilməsi

Ədliyyə Nazirliyi

2002-ci il

 

7.

Enerji istehsalının səmərəliliyinin artırılması məqsədi ilə yanacaq sərfinin və texniki itkilərin azaldılması, istilik elektrik stansiyaların qazla iş rejiminə keçməsi

Enerji istehsalının iqtisadi səmərəliyinin təmin edilməsi

Energetika Nazirliyi

2002-ci ildən etibarən

8.

Kommunal xidmət müəssisələrinin restrukturizasiyası və özəlləşdirilməsi (və ya idarəetməyə verilməsi)

Kommunal xidmətlərin keyfiyyətinin və iqtisadi səmərəliliyinin artırılması

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi

2002 - 2003-cü illər

9.

Azərenerji” və “Azəriqaz” səhmdar cəmiyyətlərinin restrukturizasiyası

 

İstehsalın səmərəliyinin artırılması

Nazirlər Kabineti, Sənaye və Energetika Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi

 

 

2002 - 2003-cü illər

1

2

3

4

5

SOCAR-ın strukturunun təkmilləşdirilməsi [17]

10.

SOCAR-ın restrukturizasiyası [18]

SOCAR-ın fəaliyyətinin səmərəliyinin artırılması

Nazirlər Kabineti, Sənaye və Energetika Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi

2002 – 2003-cü illər

Digər təşkilati tədbirlər

11.

İdxal və ixrac edilən elektrik enerjisinin və qazın dəqiq uçotunun aparılması

Elektrik enerjisində və qazdan istifadəyə nəzarətin gücləndirilməsi

Dövlət Gömrük Komitəsi, Energetika Nazirliyi

2002-ci ildən etibarən

12.

Yanacaq-energetika kompleksinə daxil olmayan əsas enerji istehlakçıları olan iri müəssisələrin restrukturizasiyası, idarəetmənin təkmilləşdirilməsi və digər tədbirlərin həyata keçirilməsi

Enerjidən istifadədə qənaət rejiminin təmin edilməsi

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi [19]

2002-ci il

13

Azərenerji” və “Azəriqaz” səhmdar cəmiyyətləri tərəfindən hər ay istehlakçı qruplarına görə debitor borclarının strukturu, yanacaq sərfi, itkilər və maliyyə göstəricilərin barədə hesabatların təqdim edilməsi

Azərenerji” və “Azəriqaz” səhmdar cəmiyyətlərinin maliyyə intizamının möhkəmləndirilməsi

İqtisadiyyat və Sənaye Nazirliyi, Maliyyə Nazirliyi, Energetika Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi [20]

2002-ci ildən etibarən

14.

Alternativ enerji mənbələrinin istifadəsi ilə bağlı investisiya layihələrin həyata keçirilməsi

Enerji istehsalının artırılması

Energetika Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi

Müntəzəm

 

15.

İri tədiyyəçilərin, o cümlədən ilk növbədə SOCAR-ın, “Azenerji”, “Azəriqaz”, “Abşeron Regional Su” səhmdar cəmiyyətlərinin, Dövlət Dəmir Yolunun, Xəzər Dəniz Gəmiçiliyinin, dövlət şirkətlərin idarəetmə strukturunun təkmilləşdirilməsi, köməkçi xidmət sahələrinin özəlləşdirilməsi, müəssisələrin rentabelliyinin artırılması, onların satınalmalar və satış əməliyyatlarının tam nəzarətə götürülməsi və bu əməliyyatların satınalmalar qanunvericiliyinə uyğun həyata keçirilməsinin təmin edilməsi [21]

İstehlakın səmərəliliyinin artırması, dövlət büdcəsi qarşısında öhdəliklərin yerinə yetirilməsi

Nazirlər Kabineti, İqtisadiyyat və Sənaye Nazirliyi, Energetika Nazirliyi, Maliyyə Nazirliyi, Satınalmalar üzrə Dövlət Agentliyi, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi

2002 – 2003-cü illər

16.

SOCAR-da, “Azenerji” və “Azəriqaz” səhmdar cəmiyyətlərində, digər iri tədiyyəçi təşkilatlarda qarşılıqlı borcların, eləcə də büdcə borclarının müəyyənləşdirilməsi, digər maliyyə göstəricilərinin hərtərəfli təhlil edilməsi məqsədi ilə audit keçirilməsi [22]

Maliyyə göstəricilərinin və borcların məbləğinin dəqiqləşdirilməsi, bu proseslərdə şəffaflığın təmin olunması

İqtisadiyyat və Sənaye Nazirliyi, Maliyyə Nazirliyi, Energetika Nazirliyi, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi

2002-ci ildən etibarən

17.

Yeni elektrik stansiyalarının  tikintisi və mövcud olanların modernləşdirilməsi

Elektrik enerjisi istehsalının artırılması

İqtisadiyyat və Sənaye Nazirliyi, Energetika Nazirliyi, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi [23]

Müntəzəm

 

 


 

 

Əlavə 2

Azərbaycan Respublikası Prezidentinin

2002-ci il 25 mart tarixli, 893 nömrəli Sərəncamı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Su sektorunda maliyyə intizamının gücləndirilməsi

Proqramı

 

1. Problemlərİn mahİyyətİ

 Azərbaycan Respublikası dövlət müstəqilliyi əldə etdikdən sonra ölkədə həyata keçirilən iqtisadi islahatlar çərçivəsində su təchizatının yaxşılaşdırılması sahəsində bir sıra əhəmiyyətli işlər görülmüşdür. Bu illər ərzində əsas istehlakçıların yerləşdiyi Bakı şəhərində və Abşeron yarımadasında su təchizatını həyata keçirən Abşeron Regional Səhmdar Su Cəmiyyəti (bundan sonra—ARSSC) yaradılmış, suyun keyfiyyətinin yaxşılaşdırılması və itkilərin azaldılması məqsədi ilə regional nasos stansiyalarının, təmizləyici qurğuların yenidən qurulması, mərkəzdənqaçma nasosların elektrik, xlorlaşdırıcı, laboratoriya avadanlıqlarının, nəqliyyat vasitələrinin, boruların alınması və quraşdırılması işləri həyata keçirilmişdir.

 Son illər su sektorunun maddi-texniki bazasının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına baxmayaraq, bu sahədə islahatları ləngidən bir sıra problemlər də mövcuddur. Onların içərisində həlli vacib olan problemlərdən biri istehlak olunan suyun dəyərinin tam həcmdə yığılmaması və borclar problemidir.

 İstehlakçılara satılan suyun dəyərinin tam həcmdə ödənilməməsi, amortizasiya ayırmalarına və elektrik enerjisinə sərf olunan xərclərin artması, eyni zamanda mövcud olan tariflərin səviyyəsi ARSSC-nin maliyyə vəziyyətinin pisləşməsinə və rentabellik səviyyəsinin aşağı düşməsinə səbəb olmuşdur.

 Təhlil göstərir ki, 2000-ci ildə istehlakçılara 182.5 milyard manat dəyərində verilən suyun yalnız 116.9 milyard manatı (və ya 64 faizi) yığılmışdır. 2001-ci ildə bu göstəricilər müvafiq olaraq 170.8 və 84.9 milyard manat (və ya 50 faiz) təşkil etmişdir. Hesablamalara görə 2002-ci ildə istifadəyə veriləcək suyun dəyərinin yığımı 94.7 milyard manat (və ya 59,4 faiz) səviyyəsində gözlənilir.

 Yaranmış vəziyyət ARSSC-nin büdcə qarşısında öhdəliklərinin yerinə yetirilməməsinə səbəb olmuşdur. Belə ki, 2000-ci ildə hesablanmış 17.3 milyard manat vergilərdən yalnız 13.3 milyard manat (və ya 77 faiz) ödənilmişdir. 2002-ci ilin əvvəlinə isə bu göstəricilər müvafiq olaraq 12.4 milyard manat və 6.6 milyard manat (və ya 53 faiz) təşkil etmişdir.

 Digər tərəfdən Beynəlxalq İnkişaf Assosiasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı ilə bağlanmış kredit sazişlərinə əsasən Böyük Bakının su təchizatı sisteminin yenidən qurulması layihəsinin icrası ilə əlaqədar bu maliyyə institutlarına ARSSC tərəfindən ildə orta hesabla 3.6 milyon ABŞ dolları məbləğində vəsait ödənilməlidir.

2. Su sektorunda malİyyə İntİzamının gücləndİrİlməsİ sahəsİndə tədbİrlər

 Su sektorunda mövcud olan problemlərin aradan qaldırılması, suyun istifadəsində israfçılığın və itkilərin aşağı salınması, yığımın artırılması, dolayı subsidiyaların həcminin azaldılması məqsədi ilə aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:

2.1. İdarəetmə strukturunun təkmilləşdirilməsi

 ARSSC-nın idarəetmə strukturunun təkmilləşdirilməsi məqsədi ilə aşağıdakılar həyata keçiriləcəkdir:

 su sektorunun restrukturizasiya planının hazırlanması və bu məqsədlə nüfuzlu məsləhətçi şirkətin cəlb olunması;

 restrukturizasiya planı çərçivəsində müəssisə, idarə və təşkilatların bazasında açıq tipli səhmdar cəmiyyətlərin yaradılması;

 restrukturizasiya tədbirləri daxilində yaradılmış açıq səhmdar cəmiyyətlərin dövlətsizləşdirmə strategiyasının seçilməsi;

 səhmdar cəmiyyətlərinin uzunmüddətli idarəetməyə verilməsi ilə əlaqədar tenderlərin keçirilməsi.

2.2. Qiymət və tariflərin tənzimlənməsi tədbirləri

 Su təchizatı sektorunda maliyyə mənbələrindən məqsədyönlü istifadəni təmin etmək və səmərəli yığım sisteminin yaradılması üçün aşağıdakı istiqamətlərdə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:

 su təsərrüfatı sistemində mövcud olan tarif dərəcələrinin formalaşdırılması üçün səmərəli dövlət tənzimlənməsinin aparılması;

 satılan suyun tariflərinin təkmilləşdirilməsi, onların yeni diferensial dərəcələrinin tətbiq edilməsi.

2.3. Büdcə tədbirləri

 Dövlət büdcəsi ilə əlaqələrin tənzimlənməsi və büdcə vəsaitindən istifadəyə nəzarətin gücləndirilməsi sahəsində aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:

 büdcə təşkilatları tərəfindən su təchizatına görə ödənişin təmin edilməsi;

 suyun səmərəli istifadəsi üçün büdcə təşkilatlarında su sayğaclarının quraşdırılması;

 istifadə haqqını ödəməyən istehlakçılara qanunvericiliyə uyğun olaraq suyun verilməsinin dayandırılması təcrübəsinin tətbiqi;

 büdcə və sənaye təşkilatlarının debitor borclarının ödənilməsinə ciddi nəzarət mexanizminin tətbiq edilməsi;

 büdcə təşkilatlarının sudan istifadəyə görə yaranmış borclarının vergi borcları ilə əvəzləşdirilməsinə yol verilməməsi.

2.4. Texniki tədbirlər

 Əməliyyat xərclərinin azaldılması, itkilərin qarşısının alınması, kəmər sistemlərinin və qurğuların səmərəli işləməsi və təsərrüfat subyektlərinin rentabellik səviyyəsinin artırılması məqsədi ilə aşağıdakı texniki tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:

 suyun istifadəsində israfçılığın qarşısının alınması və əməliyyat xərclərinin azaldılması məqsədi ilə sayğacların tətbiqinin genişləndirilməsi;

 su təchizatının yaxşılaşdırılması üçün boru sistemlərində itkilərin aradan qaldırılması;

 boru kəmərlərinin səmərəli istifadəsi üçün şəbəkələrdə hidravlika sistemlərinin yaxşılaşdırılması;

 sutəmizləyici, nasos və kanalizasiya stansiyalarında enerji itkilərinin qarşısının alınması;

 texniki xidmətlərin yaxşılaşdırılması və qurğuların istismar müddətinin uzadılması;

 əməliyyat xərclərinin azaldılması məqsədi ilə ayrılmış vəsaitin qənaətlə istifadə olunması;

 işçi qüvvəsindən səmərəli istifadə olunması.

2.5. Digər tədbirlər

 Digər tədbirlər sisteminə aşağıdakılar daxildir:

 ödənişlərin yığılması qaydalarının təkmilləşdirilməsi;

 su kəmərləri xətlərinə qanunsuz və qeydiyyatdan keçməmiş birləşmələrin qarşısının alınması;

 mühasibat sisteminin və maliyyə hesabatının beynəlxalq standartlara uyğunlaşdırılması;

 maliyyə menecmentinin və planlaşdırılmasının yaxşılaşdırılması;

 2002-ci ildən başlayaraq istehlakçıların imtiyazlı təbəqələrinə dövlət büdcəsindən müavinətlərin verilməsi.

2.6. Gözlənilən nəticələr

 Qeyd olunan tədbirlərin həyata keçirilməsi su istehsalının maya dəyərinin aşağı salınmasına, onun satışını tənzimləyən tariflərin iqtisadi cəhətdən əsaslandırılmış artımına, yığım sisteminin təkmilləşdirilməsinə və yığımın səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsinə təsir göstərəcək, ARSSC-nin fəaliyyəti nəticəsində yaranan öhdəliklərin yerinə yetirilməsinə, xüsusilə beynəlxalq maliyyə təşkilatlarına kreditin vaxtında qaytarılmasına, dövlət büdcəsinə və enerji xərclərinə görə borclarının ödənilməsinə imkan yaradacaqdır.

 

3. Tədbirlər planının təqvimi [24]

 

Sıra

- si

Tədbirlər

İcraçılar

İcra müddəti

1

2

3

4

1.

Su təchizatı sektorunun restrukturizasiya planının hazırlanması

İqtisadi İnkişaf Nazirliyi, Abşeron regional Səhmdar Su Cəmiyyəti

2002-ci il

2.

Nüfuzlu məsləhətçi şirkətin cəlb olunması

İqtisadi İnkişaf Nazirliyi, aidiyyət mərkəzi icra hakimiyyəti orqanları

2002-ci il

3.

Restrukturizasiya planı çərçivəsində müəssisə, idarə və təşkilatların bazasında açıq səhmdar cəmiyyətlərinin yaradılması 

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi

2002-ci il

4.

Su sahəsində tənzimləmə məsələləri ilə  bağlı yeni normativ hüquqi aktların hazırlanması və qəbul edilməsi

İqtisadi İnkişaf Nazirliyi, Ədliyyə Nazirliyi, aidiyyət mərkəzi icra hakimiyyəti orqanları

2002-2003-cü illər

5.

Tarif metodologiyasının beynəlxalq norma və standartlara uyğunlaşdırılması və əhalinin sosial vəziyyəti nəzərə alınmaqla tariflərin müəyyən edilməsi

İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Mərkəzi Bank, aidiyyət mərkəzi icra hakimiyyəti orqanları

2002-ci il

6.

Kommunal xidmət haqqının ödənişində kart sisteminin tətbiqi

İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, aidiyyət mərkəzi icra hakimiyyəti orqanları

2003-cü ildən etibarən

7.

Kommunal xidmətlərə görə güzəştli hüquqa malik olan vətəndaşlara dövlət büdcəsindən müavinətlərin verilməsi

İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi

2002-ci il

8.

Yığımın artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsi

Abşeron Regional Səhmdar Su Cəmiyyəti

Müntəzəm

9.

Büdcədən maliyyələşən təşkilatlar üçün su təchizatı ilə bağlı limitlərin müəyyənləşdirilməsi

İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Abşeron Regional Su Cəmiyyəti

 

2002-ci il

10.

İstehlakçılarda su sayğaclarının quraşdırılması

Abşeron Regional Su Cəmiyyəti

2002-ci ildən etibarən

11.

Restrukturizasiya tədbirləri nəticəsində yaranmış açıq səhmdar cəmiyyətlərinin dövlətsizləşdirmə strategiyasının (səhmlərin açıq   satışı vasitəsi ilə özəlləşdirmə, uzunmüddətli idarəetmə, qısamüddətli idarəetmə və s.) seçilməsi 

 

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi

2002-ci il

12.

Səhmdar cəmiyyətlərinin uzunmüddətli idarəetməyə verilməsi ilə əlaqədar tenderin keçirilməsi məqsədi ilə məlumat memorandumu, əsas şərtlər toplusu, təkliflərin qiymətləndirilməsi qaydaları, idarəetmə hüququna dair müqavilə və s. layihələrin hazırlanması

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, aidiyyət mərkəzi icra hakimiyyəti orqanları

2002-2003-cü illər

13.

Su sektorunda fəaliyyət göstərən tanınmış operatorlara müraciətlərin edilməsi

Əmlak Məsələləri Dövlət Komitəsi

2003-cü il

14.

Tenderin elan olunması və keçirilməsi

Əmlak Məsələləri Dövlət Komitəsi

2003-cü il

15.

Tenderin qalibi ilə danışıqların aparılması və idarəetmə müqaviləsinin imzalanması

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, aidiyyət mərkəzi icra hakimiyyəti orqanları

 

16.

İçməli suyun beynəlxalq standartlara uyğun şəkildə sanitariya və gigiyena tələblərinə uyğunlaşdırılması sahəsində tədbirlərin həyata keçirilməsi və bu sahədə istehlakçı birliklərin yaradılması

Əmlak Məsələləri Dövlət Komitəsi, Səhiyyə Nazirliyi

2002-2003-cü illər

17.

Fəaliyyət göstərən səhmdar cəmiyyətləri idarəetməyə götürmüş operatorların fəaliyyətinin əlaqələndirilməsi

Əmlak Məsələləri Dövlət Komitəsi [25]

2004-2005-ci illər

18.

Çirkab və tullantı suların mənfi təsirindən ətraf mühitinin qorunması ilə bağlı tədbirlərin görülməsi

İqtisadi İnkişaf Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi

2004-2005-ci illər

19.

Sahənin səmərəliyinin artırılmasının müəyyən edilməsi ilə bağlı monitorinq keçirilməsi və mənfi halların aradan qaldırılması məqsədi ilə dövlət yardımının göstərilməsi imkanlarının araşdırılması və tətbiqi

İqtisadi İnkişaf Nazirliyi, aidiyyət mərkəzi icra hakimiyyəti orqanları

2003-2005-ci illər

20.

İstifadəyə görə haqqı ödəməyən istehlakçılara qanunvericililiyə uyğun olaraq suyun verilməsinin dayandırılması təcrübəsinin tətbiqi

Abşeron Su Səhmdar Cəmiyyəti

2002-ci ildən etibarən

21.

Büdcə və sənaye təşkilatlarında yığılmış debitor borclarının ödənilməsinə dair ciddi nəzarət mexanizminin yaradılması

Abşeron Su Səhmdar Cəmiyyəti, Maliyyə Nazirliyi

2002-ci il

22.

Ödənişlərin yığılması qaydalarının təkmilləşdirilməsi 

Abşeron Su Səhmdar Cəmiyyəti, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Mərkəzi Bank, kommersiya bankları [26]

2002-ci il

23.

Mühasibat sisteminin və maliyyə hesabatının beynəlxalq standartlara uyğunlaşdırılması

Abşeron Su Səhmdar Cəmiyyəti, Maliyyə Nazirliyi

2002-ci il

24.

Sutəmizləyici, nasos və kanalizasiya stansiyalarında enerji itkinlərin qarşısının alınması

Abşeron Su Səhmdar Cəmiyyəti

2002-ci il

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       3 may 2006-cı il tarixli 1438 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 414)

2.       16 avqust 2007-ci il tarixli 621 nömrəli Azərbaycan Respublikasının Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 769)

3.       6 avqust 2008-ci il tarixli 808 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 8 avqust 2008-ci il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 715)

4.       10 fevral 2010-cu il tarixli 216 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 11 fevral 2010-cu il, № 32, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 2, maddə 80)

5.       2 iyul 2010-cu il tarixli 291 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 4 iyul 2010-cu il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 7, maddə 610)

6.       10 fevral 2014-cü il tarixli 105 nömrəli Azərbaycan Respublikasının Fərmanı (“Respublika” qəzeti, 12 fevral 2014-cü il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 2, maddə 112)

7.       14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101)

8.       20 aprel 2015-ci il tarixli 1180 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 4, maddə 437)

9.       16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384)

10.    4 avqust 2022-ci il tarixli 3409 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 4 avqust 2022-ci il, “Xalq” qəzeti 5 avqust 2022-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 910)

 

SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 20 aprel 2015-ci il tarixli 1180 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 4, maddə 437) ilə “Enerji sektorunda maliyyə intizamının gücləndirilməsi Proqramı”nın 1-ci hissəsinin ikinci bəndin üçüncü cümləsində “(bundan sonra - ARDNŞ)” sözləri “(bundan sonra - SOCAR)” sözləri ilə, “ARDNŞ də” sözləri “SOCAR da” sözləri ilə əvəz edilmişdir.

 

[2] 20 aprel 2015-ci il tarixli 1180 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 4, maddə 437) ilə “Enerji sektorunda maliyyə intizamının gücləndirilməsi Proqramı”nın 1-ci hissəsinin üçüncü bəndin birinci cümləsində “ARDNŞ” abreviaturası “SOCAR” abreviaturası ilə əvəz edilmişdir.

 

[3] 20 aprel 2015-ci il tarixli 1180 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 4, maddə 437) ilə “Enerji sektorunda maliyyə intizamının gücləndirilməsi Proqramı”nın 1-ci hissəsinin yeddinci bəndin birinci yarımbəndinin ikinci cümləsində “ARDNŞ-ə” sözü “SOCAR-a” sözü ilə əvəz edilmişdir.

 

[4] 16 avqust 2007-ci il tarixli 621 nömrəli Azərbaycan Respublikasının Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 769) ilə «Enerji sektorunda maliyyə intizamının gücləndirilməsi Proqramı»nın «2. Maliyyə intizamının gücləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlər» bölməsinin 2.1.1-ci bəndinin ikinci abzasında və «3. Tədbirlər planının təqvimi» bölməsinin 1-ci, 2-ci, 7-ci, 11-ci, 13-cü, 14-cü, 16-cı və 17-ci bəndlərinin «İcraçılar» sütununda «Yanacaq və Energetika Nazirliyi» sözləri «Sənaye və Energetika Nazirliyi» sözləri ilə əvəz edilmişdir.

 

[5] 20 aprel 2015-ci il tarixli 1180 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 4, maddə 437) ilə “Enerji sektorunda maliyyə intizamının gücləndirilməsi Proqramı”nın 2-ci hissəsinin 2.1.1-ci yarımbəndin birinci abzasında “ARDNŞ-dən” sözü “SOCAR-dan” sözü ilə, ikinci abzasın üçüncü cümləsində “ARDNŞ-ə” sözü “SOCAR-a” sözü ilə əvəz edilmişdir.

 

[6] 10 fevral 2014-cü il tarixli 105 nömrəli Azərbaycan Respublikasının Fərmanı (“Respublika” qəzeti, 12 fevral 2014-cü il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 2, maddə 112) ilə “Enerji sektorunda maliyyə intizamının gücləndirilməsi Proqramı”nda 2.1.1-ci yarımbəndin ikinci abzasının ikinci cümləsində “Sənaye və Energetika Nazirliyi” sözləri “Energetika Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

 

[7] 3 may 2006-cı il tarixli 1438 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 414) ilə Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 25 mart tarixli 893 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 3, maddə 138) ilə təsdiq edilmiş 1 nömrəli Əlavə - “Enerji sektorunda maliyyə intizamının gücləndirilməsi Proqramı”nın 2.3.1-ci bəndinin ikinci abzasından “Gəncəelektrikşəbəkə”nin, “Əli Bayramlıelektrikşəbəkə” nin” sözləri çıxarılmışdır.

 

[8] 20 aprel 2015-ci il tarixli 1180 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 4, maddə 437) ilə “Enerji sektorunda maliyyə intizamının gücləndirilməsi Proqramı”nın 2-ci hissəsinin 2.4-cü bəndin adında və 2.4.1-ci yarımbənddə “ARDNŞ-in” sözü “SOCAR-ın” sözü ilə əvəz edilmişdir.

 

[9] 20 aprel 2015-ci il tarixli 1180 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 4, maddə 437) ilə “Enerji sektorunda maliyyə intizamının gücləndirilməsi Proqramı”nın 2-ci hissəsinin 2.4.2-cı yarımbənddə “ARDNŞ-ə” sözü “SOCAR-a” sözü ilə əvəz edilmişdir.

 

[10] 20 aprel 2015-ci il tarixli 1180 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 4, maddə 437) ilə “Enerji sektorunda maliyyə intizamının gücləndirilməsi Proqramı”nın 2-ci hissəsinin 2.5.1-ci yarımbəndin ikinci abzasının birinci cümləsində “ARDNŞ” abreviaturası “SOCAR” abreviaturası ilə əvəz edilmişdir.

 

[11] 20 aprel 2015-ci il tarixli 1180 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 4, maddə 437) ilə “Enerji sektorunda maliyyə intizamının gücləndirilməsi Proqramı”nın 2-ci hissəsinin 2.6.4-cü yarımbənddə “ARDNŞ-də” sözü “SOCAR-da” sözü ilə əvəz edilmişdir.

 

[12] 16 avqust 2007-ci il tarixli 621 nömrəli Azərbaycan Respublikasının Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 769) ilə «Enerji sektorunda maliyyə intizamının gücləndirilməsi Proqramı»nın «2. Maliyyə intizamının gücləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlər» bölməsinin 2.1.1-ci bəndinin ikinci abzasında və «3. Tədbirlər planının təqvimi» bölməsinin 1-ci, 2-ci, 7-ci, 11-ci, 13-cü, 14-cü, 16-cı və 17-ci bəndlərinin «İcraçılar» sütununda «Yanacaq və Energetika Nazirliyi» sözləri «Sənaye və Energetika Nazirliyi» sözləri ilə əvəz edilmişdir.

14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101) ilə “Enerji sektorunda maliyyə intizamının gücləndirilməsi Proqramı”nın 2.6.5-ci yarımbənddə “iqtisadi inkişaf” sözləri “iqtisadiyyat və sənaye” sözləri ilə əvəz edilmişdir və həmin yarımbənddən “yanacaq və” sözləri çıxarılmışdır.

16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384) ilə 2.6.5-ci yarımbənddən “və sənaye” sözləri çıxarılmışdır.

 

[13] 6 avqust 2008-ci il tarixli 808 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 8 avqust 2008-ci il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 715) ilə “Enerji sektorunda maliyyə intizamının gücləndirilməsi Proqramı”nın “2.6. Digər təşkilati tədbirlər” bölməsinin 2.6.7-ci bəndində “Əli Bayramlı” sözləri “Şirvan” sözü ilə əvəz edilmişdir.

 

[14] 16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384) ilə 3-cü hissənin 1-4-cü, 13-cü, 16-cı və 17-ci bəndlərindən “və Sənaye” sözləri çıxarılmışdır.

 

[15] 10 fevral 2014-cü il tarixli 105 nömrəli Azərbaycan Respublikasının Fərmanı (“Respublika” qəzeti, 12 fevral 2014-cü il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 2, maddə 112) ilə “Enerji sektorunda maliyyə intizamının gücləndirilməsi Proqramı”nda “Tədbirlər planının təqvimi”nin 1-ci, 2-ci, 7-ci, 11-ci, 13-cü, 14-cü, 15-ci, 16-cı və 17-ci hissələrinin “İcraçılar” sütununda “Sənaye və Energetika Nazirliyi” sözləri “Energetika Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

 

14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101) ilə “Enerji sektorunda maliyyə intizamının gücləndirilməsi Proqramı”nın 3-cü hissənin 1-ci−4-cü, 13-cü, 14-cü, 16-cı və 17-ci bəndlərində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.

 

[16] 10 fevral 2010-cu il tarixli 216 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 11 fevral 2010-cu il, № 32, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 2, maddə 80) ilə "Enerji sektorunda maliyyə intizamının gücləndirilməsi Proqramı"nın "Tədbirlər planının təqvimi" hissəsinin 3-cü bəndinin "İcraçılar" sütununda "Milli Bank" sözləri "Mərkəzi Bank" sözləri ilə əvəz edilmişdir.

 

[17] 20 aprel 2015-ci il tarixli 1180 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 4, maddə 437) ilə “Enerji sektorunda maliyyə intizamının gücləndirilməsi Proqramı”nın 3-cü hissəsinin “ARDNŞ-in strukturunun təkmilləşdirilməsi” bəndinin adında “ARDNŞ-in” sözü “SOCAR-ın” sözü ilə əvəz edilmişdir.

 

[18] 20 aprel 2015-ci il tarixli 1180 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 4, maddə 437) ilə “Enerji sektorunda maliyyə intizamının gücləndirilməsi Proqramı”nın 3-cü hissəsinin cədvəlin 10-cu sırasında “Tədbirlərin məzmunu” və “Məqsədi” sütunlarında “ARDNŞ-in” sözü “SOCAR-ın” sözü ilə əvəz edilmişdir.

 

[19] 6 iyul 2006-cı il tarixli 426 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 590) ilə “Enerji sektorunda maliyyə intizamının gücləndirilməsi Proqramı”nda 8-ci və 12-ci bəndlərdə “İqtisadi İnkişaf Nazirliyi” sözləri “Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi” sözləri ilə əvəz edilmişdir.

 

[20] 4 avqust 2022-ci il tarixli 3409 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 4 avqust 2022-ci il, “Xalq” qəzeti 5 avqust 2022-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 910) ilə “Enerji sektorunda maliyyə intizamının gücləndirilməsi Proqramı”nın “3. Tədbirlər planının təqvimi”nin 13-cü bəndinin “İcraçılar” sütunundan “, Vergilər Nazirliyi, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi” sözləri, 16-cı və 17-ci bəndlərinin “İcraçılar” sütunundan “, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi” sözləri çıxarılmışdır.

 

[21] 20 aprel 2015-ci il tarixli 1180 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 4, maddə 437) ilə “Enerji sektorunda maliyyə intizamının gücləndirilməsi Proqramı”nın 3-cü hissəsinin cədvəlin 15-ci sırasında “Tədbirlərin məzmunu” sütununda “ARDNŞ-in” sözü “SOCAR-ın” sözü ilə əvəz edilmişdir.

 

[22] 20 aprel 2015-ci il tarixli 1180 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 4, maddə 437) ilə “Enerji sektorunda maliyyə intizamının gücləndirilməsi Proqramı”nın 3-cü hissəsinin cədvəlin 16-cı sırasında “Tədbirlərin məzmunu” sütununda “ARDNŞ-də” sözü “SOCAR-da” sözü ilə əvəz edilmişdir.

 

[23] 6 iyul 2006-cı il tarixli 426 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 590) ilə “Enerji sektorunda maliyyə intizamının gücləndirilməsi Proqramı”nda 9-cu, 10-cu, 13-cü, 14-cü, 16-cı və 17-ci bəndlərə “Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi” sözləri əlavə edilmişdir.

 

[24] 2 iyul 2010-cu il tarixli 291 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 4 iyul 2010-cu il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 7, maddə 610) ilə "Enerji sektorunda maliyyə intizamının gücləndirilməsi Proqramı"nın "Tədbirlər planının təqvimi"nin 13-cü, 14-cü, 16-cı və 17-ci bəndlərinin "İcraçılar" sütununda "Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi" sözləri "Əmlak Məsələləri Dövlət Komitəsi" sözləri ilə əvəz edilmişdir.

 

[25] 6 iyul 2006-cı il tarixli 426 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 590) ilə “Su sektorunda maliyyə intizamının gücləndirilməsi Proqramı”nda nda 3-cü, 11-15-ci və 17-ci bəndlərdə “İqtisadi İnkişaf Nazirliyi” sözləri “Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi” sözləri ilə əvəz edilmişdir.

 

[26] 10 fevral 2010-cu il tarixli 216 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 11 fevral 2010-cu il, № 32, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 2, maddə 80) ilə "Su sektorunda maliyyə intizamının gücləndirilməsi Proqramı"nın "Tədbirlər planının təqvimi" hissəsinin 6-cı və 22-ci bəndlərinin "İcraçılar" sütununda "Milli Bank" sözləri "Mərkəzi Bank" sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status