Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Birgə Bəyannamənin təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında 2007-ci il noyabrın 6-da Bakı şəhərində imzalanmış Birgə Bəyannamə təsdiq edilsin.
II. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 fevral 2008-ci il
№ 530-IIIQ
Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında
BİRGƏ BƏYANNAMƏ
Bundan sonra «Tərəflər» adlandırılan Azərbaycan Respublikası və Türkiyə Respublikası,
Türkiyə Respublikasının Prezidenti cənab Abdullah Gülün 2007-ci il 6-8 noyabr tarixlərində Azərbaycan Respublikasına hazırkı səfərinin iki ölkə arasında dostluq və əməkdaşlığın dərinləşməsinə və daha da genişlənməsinə töhfə verəcəyinə əminlik ifadə edərək,
iki qardaş ölkə arasında tarixən mövcud olan dərin qardaşlıq münasibətlərinin yeni dövrünün 15-ci ildönümünə təsadüf edən bu səfərin tarixi bir addım olduğunu və səfərin nəticələrinin keçən 15 ilin təcrübəsinin hərtərəfli qiymətləndirilib gələcəyə ortaq baxışın formalaşdırılmasına töhfə verəcəyini qeyd edərək,
Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hərtərəfli inkişaf etdirilməsi əzmində olaraq,
beynəlxalq münasibətlərin hazırkı inkişafı kontekstində ikitərəfli siyasi dialoqun əhəmiyyətini vurğulayaraq,
Azərbaycan-Türkiyə dostluğunun və strateji əməkdaşlığının inkişaf etdirilməsinin regionda sülhün və sabitliyin möhkəmləndirilməsinə töhfə verəcəyində əminliklərini ifadə edərək,
qarşılıqlı maraq kəsb edən mühüm və aktual beynəlxalq məsələlərdə eyni mövqedən çıxış edərək və müxtəlif beynəlxalq və regional təşkilatlar və qurumlar çərçivəsində iki ölkə arasında əməkdaşlığın əhəmiyyətini vurğulayaraq,
qlobal enerji təhlükəsizliyinin təmin edilməsində hər iki dövlətin mühüm rol oynadığını nəzərə alaraq,
mövcud saziş və digər sənədlərin iki ölkə arasındakı münasibət və əməkdaşlığın hüquqi çərçivəsini təşkil etdiyini, bu Birgə Bəyannamənin və hazırkı səfər zamanı imzalanan müxtəlif sazişlərin də bu çərçivəni daha da dərinləşdirəcəyini və zənginləşdirəcəyini vurğulayaraq,
region ölkələri arasında çoxtərəfli əlaqələrin inkişaf etməsinə, iqtisadi və digər sahələrdəki əməkdaşlıq fəaliyyətlərinə maneə yaradan Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində yaranan vəziyyətdən narahatlıqlarını ifadə edərək və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə yönəlmiş səylərin artırılması əzmində olduqlarını bildirərək,
Azərbaycan və Türkiyə arasında ikitərəfli siyasi, iqtisadi, humanitar, mədəni və s. əlaqələrin hər iki dövlətin potensialına uyğun olaraq inkişaf etdirilməsinin yararını qeyd edərək,
iki ölkə arasında iqtisadi əməkdaşlığın bütün sahələrdə gücləndirilməsi və dərinləşdirilməsi məqsədilə Azərbaycan və Türkiyə arasında ticarət mübadiləsinin və sərmayələrin artırılması və diversifikasiyasının vacibliyini və bu sahələrdə səfər zamanı razılaşdırılan məsələlərin və imzalanan sazişlərin əhəmiyyətini vurğulayaraq,
diplomatik əlaqələrin yaranmasının 15-ci ildönümünə təsadüf edən bu tarixi dövrdə, hazırkı zamana qədər ikitərəfli və regional səviyyədə nümunəvi əməkdaşlıq həyata keçirdiklərini vurğulayaraq, bu çərçivədə:
ikitərəfli səviyyədə iqtisadiyyat və ticarətdən mədəniyyət və informasiyaya qədər bütün sahələrdə geniş əməkdaşlığı,
regional səviyyədə Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəməri və Bakı-Tbilisi-Ərzurum (BTƏ) təbii qaz boru kəməri layihələri kimi qlobal əhəmiyyətə malik olan enerji layihələrini
müvəffəqiyyətlə həyata keçirdiklərini vurğulayaraq,
ikitərəfli və regional səviyyədə ortaq fikir və baxışlar əsasında, qarşılıqlı münasibətlərin hazırkı dövrünü və gələcəyini əhatə edən əməkdaşlığı özündə əks etdirən bu Birgə Bəyannaməyə uyğun olaraq, gələcəkdə
Tarixi İpək Yolunun bərpa edilməsində əsas olacaq Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi,
Xəzərdən keçən fiber-optik kabel əlaqəsinin yaradılması,
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRASEKA) inkişaf etdirilməsi,
Azərbaycan təbii qazının Türkiyə üzərindən Avropaya ixrac olunmasının təmin edilməsi,
Xəzər hövzəsi enerji ehtiyatlarının Türkiyə və Azərbaycan üzərindən dünya bazarlarına çatdırılması kimi layihələrin də həyata keçirilməsi arzusunda olduqlarını ifadə edərək,
bütün bu layihələrin və gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan məqsədlərin region ölkələri arasında ortaq sahələri təşkil etdiyini məmnuniyyətlə qeyd edərək,
ikitərəfli səviyyədə olduğu kimi, inkişaf etdirilməsinə böyük əhəmiyyət verdikləri regional əməkdaşlığın və çoxtərəfli layihələrin regionda sülhə, ölkələrin suverenliyi, ərazi bütövlüyünə hörmət, sərhədlərin toxunulmazlığı və mübahisələrin sülh yolu ilə həll edilməsi kimi əsas beynəlxalq prinsiplərə hörmət edən, regionda sülhə, rifaha və sabitliyə yardım etmək niyyətində olan və qonşuları ilə qarşılıqlı əməkdaşlıq əsasında xoş münasibətləri inkişaf etdirmək arzusunda olan bütün region ölkələrinə açıq olduğunu bir daha təsdiq edərək,
aşağıdakıları bəyan etdilər:
I
Tərəflər, iki dost və qardaş ölkə arasındakı strateji əməkdaşlığın səmərəli şəkildə inkişaf etdirilməsindən və yüksək səviyyədə uğurla həyata keçirilməsindən məmnunluq ifadə etdilər.
Tərəflər strateji əməkdaşlığı gücləndirmək məqsədilə siyasi məsləhətləşmələrin, regional və qlobal təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn müzakirələrin və birgə fəaliyyətin həyata keçirilməsinə, qarşılıqlı əlaqələrin və əməkdaşlığın, başda təhlükəsizlik sahəsi olmaqla bütün sahələrdə inkişaf etdirilməsinə verdikləri dəstəyi davam etdirəcəklərini qeyd etdilər.
Tərəflər ikitərəfli əlaqələrin bütün sahələrdə dərinləşdirilməsinə, bu məqsədlə qarşılıqlı səfərlərin həyata keçirilməsinə, iki ölkənin qanunverici və icra orqanları arasında müxtəlif sahələrdə əməkdaşlığa və təcrübə mübadiləsinə mühüm əhəmiyyət verirlər.
Tərəflər inkişaf etdirilən müqavilə-hüquq bazasının onlar arasındakı münasibətlərin hərtərəfli inkişafının təmin edilməsi üçün etibarlı əsas olduğunu məmnunluqla qeyd etdilər.
Tərəflər terrorçuluq, ekstremizmin bütün forma və təzahürləri və aqressiv separatizm, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qeyri-qanuni dövriyyəsi, transmilli mütəşəkkil cinayətkarlıq, insan və qanunsuz silah alveri, kütləvi qırğın silahlarının yayılması kimi beynəlxalq təhlükəsizlik və sabitliyə təhlükə törədən ümumi təhdidlərə qarşı mübarizə sahəsində beynəlxalq səylərin artırılması zəruriliyindən çıxış etdilər.
Tərəflər terrorçuluqla mübarizədə beynəlxalq səylərin artırılmasını və qətiyyətli addımların atılmasının vacibliyini qeyd edərək, terrorçuluqla mübarizədə əməkdaşlığın inkişaf etdirilməsində qətiyyətli olduqlarını bir daha təsdiq etdilər.
Tərəflər Avropada təhlükəsizliyin təmin edilməsinin vacibliyini vurğulayaraq və beynəlxalq tanınmış sərhədlərin zorla dəyişdirilməsinin qəbuledilməz olmasına dair öz mövqelərini təsdiq edərək, beynəlxalq sülh və sabitliyə təhlükə yaradan təcavüz aktlarına, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə yönəlmiş təhlükələrə qarşı beynəlxalq birliyin, o cümlədən Avropa dövlətlərinin səylərinin birləşdirilməsinin qlobal təhlükəsizliyin təmin edilməsində mühüm amil olduğunu bildirdilər.
Tərəflər Ermənistanın işğal etdiyi və hələ də işğal altında saxladığı Azərbaycan torpaqlarını azad etməsinə və bu təcavüz və işğal nəticəsində torpaqlarını tərk etmək məcburiyyətində qalmış qaçqın və məcburi köçkünlərin yurdlarına qayıtmasının təmin edilməsinə yönəlmiş tələb və çağırışlarını bir daha ifadə etdilər.
Tərəflər Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha vurğulayaraq, Cənubi Qafqazda davamlı sülh və sabitliyin təmin edilməsinə mane olan əsas amillərdən biri olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquqa, BMT və İslam Konfransı Təşkilatının qətnamələrinə, ATƏT-in Lissabon sammitinin prinsiplərinə uyğun olaraq, Azərbaycanın suverenliyi, ərazi bütövlüyünə hörmət, sərhədlərinin toxunulmazlığı əsasında tezliklə və sülh yolu ilə həll edilməsinin vacibliyini bir daha israrla vurğuladılar və əlaqədar beynəlxalq təşkilatları bu problemin həlli istiqamətində effektiv və qətiyyətli addımlar atmağa çağırdılar.
Tərəflər 1915-ci il hadisələrinə tarixin saxtalaşdırılması baxımından yanaşan addımları, baxış və fəaliyyətləri pislədiklərini, tarixi mühakimə etməyin parlamentlərin işi olmadığını, tarixlə bağlı araşdırmaların tarixçilərə buraxılmasının gərəkli olduğunu bildirərək, bu ortaq anlaşmalar çərçivəsində Türkiyənin bütün əlaqədar dairələrə yönəlmiş çağırışlarına bir daha dəstək verdiklərini ifadə etdilər.
Tərəflər 1915-ci il hadisələrinin hərtərəfli araşdırılması istiqamətində Türkiyə və Ermənistan arasında Birgə Tarix Komissiyasının yaradılması barədə Türkiyənin təklifini dəstəkləyirlər. Komissiyanın araşdırmalarının nəticələrini beynəlxalq ictimaiyyətlə bölüşməsi təklifini dəstəkləyirlər.
Tərəflər Birgə Tarix Komissiyasının qurulması istiqamətində təşviqedici çağırışlarım davam etdirəcəklərini bildirirlər.
Tərəflər bu çərçivədə Türkiyə və Azərbaycan elm adamlarının da birgə çalışmalarının və fəaliyyətlərinin faydalı olduğunu qeyd edərək, bunların hərtərəfli təşviq ediləcəyini bildirdilər.
Tərəflər BMT çərçivəsində Kipr probleminin BMT tərəfindən qəbul edilmiş parametrlər əsasında həllinə yönəlmiş səyləri dəstəkləyirlər. Tərəflər, Kipr türk xalqının təcrid olunmasının aradan qaldırılmasına yönəlmiş humanitar, mədəni, iqtisadi və ticarət əlaqələrinin həyata keçirilməsi istiqamətindəki qətiyyətlərini ifadə etdilər.
II
Tərəflər Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, İslam Konfransı Təşkilatı və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığı yüksək qiymətləndirirlər və bu çərçivədə əlaqələrin və birgə fəaliyyətin səmərəliliyinin artırılması məqsədilə tədbirlər görülməsinə dair qətiyyətlərini bildirirlər. Tərəflər BMT islahatları ilə əlaqədar inanırlar ki, əsas diqqət təşkilatın beynəlxalq məsələlərdə mərkəzi rolunun gücləndirilməsinə, təşəkkül tapmış dünya qaydalarına yeni təhlükə və çağırışlar qarşısında onun potensialından çevik və səmərəli istifadə edilməsinin artırılmasına yetirilməlidir.
Türkiyə tərəfi bu çərçivədə 2009-2010-cu illər üzrə BMT Təhlükəsizlik Şurasına müvəqqəti üzvlük namizədliyinə Azərbaycan tərəfindən göstərilən dəstəyə görə öz minnətdarlığını bildirdi və 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvlüyünə Azərbaycanın namizədliyini öz növbəsində dəstəkləyəcəyini qeyd etdi.
Tərəflər Avro-Atlantik Tərəfdaşlıq Şurası, NATO-nun «Sülh Naminə Tərəfdaşlıq» Proqramı və Azərbaycanın təqdim etdiyi «Fərdi tərəfdaşlıq üzrə fəaliyyət planı» çərçivəsində sıx əməkdaşlığı dəstəklədiklərini bildirirlər.
Tərəflər Azərbaycanın NATO ilə əlaqələrinin genişlənməsi üçün məsləhətləşmələr keçirəcək və birgə səylər göstərilməsini davam etdirəcəklər. Bu məqsədlə, Türkiyə-Avro-Atlantik strukturlara inteqrasiyası prosesində öz dövlət təsisatlarının qazandıqları təcrübəni Azərbaycanla bölüşməyə hazır olduğunu ifadə etdi.
Tərəflər silahlı qüvvələr və təhlükəsizlik orqanları arasındakı sıx əməkdaşlıqdan məmnunluğunu, ikitərəfli hərbi və hərbi-texniki əməkdaşlığın daha da gücləndirilməsi əzmini ifadə etdilər və bu çərçivədə hər iki dövlətin müvafiq qurumları arasında qarşılıqlı fəaliyyətin genişlənməsinə və dərinləşməsinə yardımı göstərəcəklərini qeyd etdilər.
Tərəflər Avropa Qonşuluq Siyasətinin həyata keçirilməsinin və Aİ ilə Azərbaycan Respublikası arasındakı Fəaliyyət Planının qəbul edilməsinin Aİ ilə Azərbaycan Respublikası arasındakı dialoq və yaxınlaşmanın daha da inkişaf etdirilməsi üçün faydalı bir əsas təşkil etdiyini vurğuladılar və bu sahədə Aİ ilə üzvlük müzakirələrini davam etdirən Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında effektiv əməkdaşlığı dəstəklədiklərini bildirdilər.
III
Tərəflər 2007-ci il 14 iyun tarixində Bakıda imzalanmış «Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzv olmasına dair İkitərəfli Protokol»un iki ölkə arasında iqtisadi əlaqələrə töhfə verəcəyini təsdiq etdilər.
Tərəflər ölkələrinin sürətli və dinamik şəkildə inkişaf edən iqtisadiyyatlarının bir çox sahələrdə əməkdaşlıq imkanı yaratdığını vurğulayaraq, iki ölkə arasındakı iqtisadi, ticarət, elmi və texniki əməkdaşlığın iki ölkənin potensialına cavab verəcək səviyyədə qaldırılması məqsədilə zəruri addımların atılacağını qeyd etdilər.
Tərəflər iki ölkə arasında iqtisadiyyat, ticarət, informasiya, turizm, səhiyyə, elm, təhsil, mədəniyyət, ətraf mühitin mühafizəsi və digər sahələrdə əlaqələrin və texniki əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə «Tərəfdaşlıq və Əməkdaşlığa dair Saziş»lə «Uzunmüddətli iqtisadi və ticarət əməkdaşlığı proqramı və İcra Planı»nda əks olunan məsələlər başda olmaqla, lazımi tədbirləri həyata keçirəcəklərini bildirdilər.
Tərəflər ticarət həcminin artırılması üçün Preferensial Ticarət Sazişi də daxil olmaqla, bütün lazımi hüquqi tənzimləmələrin həyata keçirilməsi məqsədilə müzakirələrə başlayacaqlarını bəyan etdilər.
Tərəflər qarşılıqlı investisiyaların iqtisadi əməkdaşlığın ən əsas ünsürlərindən biri olduğunu qeyd edərək, başqa enerji, ticarət, neft-kimya, ağır sənaye, trikotaj, maşınqayırma, kənd təsərrüfatı, nəqliyyat və kommunikasiya infrastrukturu sahələrində investisiyaların və əməkdaşlığın inkişaf etdirilməsi üçün səy göstərəcəklərini vurğuladılar.
Tərəflər iki ölkə arasındakı iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsində Azərbaycan-Türkiyə Birgə İqtisadi Komissiyasının əhəmiyyətini qeyd edərək, bu günə qədər həmin Komissiya çərçivəsində həyata keçirilən əməkdaşlığın ikitərəfli münasibətlərə töhfə verdiyini bildirdilər və Birgə İqtisadi Komissiyanın iclaslarının effektiv şəkildə həyata keçirilməsinin əhəmiyyətini vurğuladılar.
Tərəflər Türkiyə, Azərbaycan və Gürcüstan arasında təsis edilən və Bakı-Tbilisi-Ceyhan (BTC), Bakı-Tbilisi-Ərzurum (BTƏ) və Bakı-Tbilisi-Qars (BTQ) kimi qlobal və regional əhəmiyyətə malik olan enerji və nəqliyyat layihələri əsasında möhkəmlənən üçtərəfli əməkdaşlığın regionda sülhə, sabitliyə və rifaha töhfə verdiyini təsdiq edərək, sözügedən üçtərəfli əməkdaşlığın gələcəyə yönəlmiş perspektivlə dərinləşdirilməsinin vacibliyi barədə razılığa gəldilər.
Tərəflər regional əməkdaşlığın kommunikasiya sahəsində də davam etdirilməsinin vacibliyini vurğulayaraq, Azərbaycanın kommunikasiya sahəsində Avropa ilə Türkiyə vasitəsilə, Türkiyənin də Mərkəzi Asiya ilə Azərbaycan vasitəsilə əlaqələndirilməsinin əhəmiyyətini vurğuladılar, Türkiyə, Gürcüstan, Azərbaycan və Qazaxıstan arasında Xəzər dənizinin dibindən fıber-optik kabel çəkilməsi ilə əlaqədar nazirlər görüşünün ən yaxın zamanda təşkil edilməsi üçün səylərini artıracaqlarını bildirdilər.
Tərəflər ticarət əlaqələrinin inkişaf etməsini təmin edəcək əsas amillərdən birinin ucuz, sürətli və etibarlı ikitərəfli nəqliyyat sisteminin təsis edilməsi olduğunu qeyd edərək, bu sahədə səylərin artırılacağını vurğuladılar.
Tərəflər bank sektorunda münasibətlərin inkişaf etdirilməsinin iki ölkə arasında iqtisadi münasibətlərin infrastrukturunu möhkəmləndirəcəyini qeyd edərək, maliyyə sektorundakı təsisatların qarşılıqlı fəaliyyətlərinin inkişaf etdirilməsini, hər iki ölkədə nümayəndəlik və şöbələrin açılmasını, birgə investisiya layihələrinin həyata keçirilməsini təşviq edəcəklərini bildirdilər.
Tərəflər enerji, nəqliyyat, informasiya və kommunikasiya sahələrində əməkdaşlığın inkişaf etdirilməsində qətiyyətli olduqlarını bildirdilər, bu çərçivədə xüsusilə peyk rabitəsi və telekommunikasiya sistemlərinin idarə edilməsi sahələrində əməkdaşlığın əhəmiyyətini vurğuladılar.
Tərəflər regional və qlobal səviyyələrdə ətraf mühitin mühafizəsi problemləri üzrə ikitərəfli qarşılıqlı fəaliyyəti təşviq edəcəklər.
Tərəflər Avropa enerji təhlükəsizliyinin təmin edilməsində Türkiyənin və Azərbaycanın vacibliyini vurğuladılar və bununla əlaqədar Xəzər dənizi regionunun enerji ehtiyatlarının Avropanın ehtiyatlarının Avropanın enerji tələbatının təmin edilməsində artan rolunu qeyd etdilər. Bu kontekstdə, Tərəflər Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft boru kəməri və Bakı-Tbilisi-Ərzu-rum (BTƏ) təbii qaz boru kəmərinin işə düşməsinin strateji əhəmiyyətini qeyd edərək, onların qlobal enerji təhlükəsizliyinə töhfə verəcəklərinə, region ölkələrinin davamlı iqtisadi inkişafına xidmət edəcəklərinə əminliklərini bildirdilər.
Tərəflər Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRASEKA) inkişaf etdirilməsi üçün iki ölkə arasında nəqliyyat və yük daşıması sahəsində istər regional, istərsə də ikitərəfli səviyyədə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğuladılar və Şərq-Qərb dəhlizinin bir hissəsini təşkil edən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin qlobal səviyyəli olaraq regionun iqtisadi inkişafına, təhlükəsizliyinə və sabitliyinə də əhəmiyyətli töhfə verəcəyini ifadə etdilər.
IV
Tərəflər iki ölkə arasında humanitar sahədə əlaqələrin və əməkdaşlığın inkişaf etdirilməsinin, hər iki ölkə xalqlarının tarixi və mədəni yaxınlığını nəzərə almaqla, möhkəm və obyektiv əsasa malik olduğunu təsdiq etdilər.
Tərəflər gənclər və tələbələr mübadiləsini, kütləvi informasiya vasitələri arasında əlaqələri genişləndirməklə humanitar təmasların artırılmasına yardım edəcəklər.
Tərəflər tələbə və şagirdlərin təhsili, mütəxəssislərin hazırlanması və ixtisasartırması üzrə birgə proqramların işlənib hazırlanması, təhsil proqramlarının mübadiləsi vasitəsilə milli təhsil sistemləri sahəsində qarşılıqlı fəaliyyət göstərəcəklər.
Tərəflər 2008-ci ildə Azərbaycan Demokratik Cümhuriyyətinin qurulmasının 90-cı ildönümü və Türkiyə Cümhuriyyətinin 85-ci ildönümü, o cümlədən Qafqaz İslam Ordusunun Azərbaycana gəlişinin 90-cı ildönümü münasibətilə iki qardaş ölkə xalqları arasında ortaq tarixlərin öyrənilməsi və xüsusilə yeni nəsillərə çatdırılması məqsədilə birgə tədbir hazırlamağı və bu məqsədlə müvafiq təşkilatlar tərəfindən lazımi hazırlıq işlərinin başladılmasını qərarlaşdırdılar.
Tərəflər turizm sahəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini bildirdilər və iki ölkə arasında idman sahəsində əlaqələrin inkişafı üçün qarşılıqlı imkanlar yaradılmasına verdikləri əhəmiyyəti bir daha təsdiq etdilər.
Bu Birgə Bəyannamənin Azərbaycanla Türkiyə arasındakı ikitərəfli münasibətlərin və əməkdaşlığın intensivləşdirilməsinə və hərtərəfli genişlənməsinə təkan verəcəyinə əminliklərini ifadə edirlər.
Türkiyə Prezidenti Abdullah Gül, səfər zamanı özünə və nümayəndə heyətinə göstərilən isti və səmimi münasibətə və qonaqpərvərliyə görə təşəkkür etmiş, Azərbaycan Prezidenti İlham Əliyevi Türkiyəyə dəvət etmişdir. Prezident İlham Əliyev bu dəvəti məmnuniyyətlə qəbul etdiyini bildirmişdir.
Bakı şəhərində 2007-ci il 6 noyabr tarixində iki əsl nüsxədə, Azərbaycan və türk dillərində imzalanmışdır.
Azərbaycan Respublikasının Türkiyə Respublikasının
Prezidenti Prezidenti
İlham ƏLİYEV Abdullah GÜL