430.000.000
“Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında sadələşdirilmiş viza rejimi haqqında” Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. “Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında sadələşdirilmiş viza rejimi haqqında” 2005-ci il sentyabrın 23-də Sofiya şəhərində imzalanmış Saziş təsdiq edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 dekabr 2005-ci il
№ 28-IIIQ
Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında sadələşdirilmiş viza rejimi haqqında
SAZİŞ
Bundan sonra “Razılığa gələn Tərəflər” adlandırılacaq Azərbaycan Respublikasının Hökuməti və Bolqarıstan Respublikasının Hökuməti, iki dövlət arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi və əməkdaşlığın möhkəmləndirilməsi istəyini rəhbər tutaraq, hər iki dövlətin vətəndaşlarının Azərbaycan Respublikası və Bolqarıstan Respublikası ərazisinə giriş, çıxış, tranzit və müvəqqəti qalma məsələlərini tənzimləmək məqsədinə əsaslanaraq, aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
1. Razılığa gələn Tərəfin birinin vətəndaşları viza ilə və hazırkı Sazişin əlavəsində əks olunmuş etibarlı sənədlərdən biri mövcud olduqda, bu Sazişin 4 və 5-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, Razılığa gələn digər Tərəfin dövlətinin ərazisinə daxil olur, tranzitlə keçir, qalır və tərk edir.
2. Razılığa gələn Tərəflərdən birinin vətəndaşları Razılığa gələn digər Tərəfin dövlətinin ərazisinə beynəlxalq sərnişin nəqliyyatı üçün açıq olan dövlət sərhədlərindəki buraxılış məntəqələri vasitəsilə daxil olur və oranı tərk edirlər.
3. Əgər bu Sazişdə başqa hallar nəzərdə tutulmayıbsa, əcnəbilərin girişi, qalması və çıxışı qaydaları Razılığa gələn hər iki Tərəfin daxili qanunvericiliyi ilə müəyyən olunur.
Maddə 2
1. Razılığa gələn Tərəflərdən birinin vətəndaşları Razılığa gələn digər Tərəfin ərazisinə daxil olarkən bu dövlətin qanunlarına riayət etməlidirlər.
2. Razılığa gələn Tərəflərin vətəndaşları bu Sazişin müddəalarını və ya Razılığa gələn Tərəflərin hər hansı birinin ərazisinə gəlmə qaydalarını pozduqda qəbul edən dövlətin qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.
Maddə 3
Razılığa gələn Tərəflərin vətəndaşları viza almaq üçün Razılığa gələn digər Tərəfin diplomatik və ya konsulluq nümayəndəliyinə müəyyən olunmuş qaydada rəsmiləşdirilmiş və qəbul edən dövlətin müvafiq hüquqi və fiziki şəxslərindən alınan dəvətnaməni təqdim etməlidirlər.
Maddə 4
1. Razılığa gələn Tərəflərin dövlətlərinin etibarlı diplomatik və xidməti pasportlara malik olan vətəndaşları mənfəət gətirən fəaliyyətlə məşğul olmaq hüququ olmadan, ilk giriş tarixindən hesablanaraq 6 (altı) ay çərçivəsində 90 (doxsan) gündən çox olmayan müddət ərzində Razılığa gələn digər Tərəfin dövlətinin ərazisinə vizasız daxil ola, tranzitlə keçə, qala və oranı tərk edə bilərlər.
2. 1-ci bənddə göstərilən müddətdən daha uzun müddətə qalmaq üçün Razılığa gələn Tərəflərin vətəndaşları viza almalıdırlar.
Maddə 5
1. Razılığa gələn Tərəflərin etibarlı diplomatik pasportlara malik olan və Razılığa gələn digər Tərəfin ərazisində yerləşən diplomatik və ya konsul nümayəndəliklərində, beynəlxalq təşkilatlarda və ticarət nümayəndəliklərində əməkdaş qismində akkreditə olunan vətəndaşları onların rəsmi statusunu təsdiq edən sənəd əsasında bütün akkreditasiya müddəti ərzində, Razılığa gələn digər Tərəfin ərazisinə vizasız daxil ola, orada qala və oranı tərk edə bilərlər.
Bu əməkdaşların təyinatı haqqında göndərən dövlət diplomatik kanallar vasitəsilə Razılığa gələn digər Tərəfi əvvəlcədən xəbərdar edir.
2. Razılığa gələn Tərəflərin diplomatik pasporta malik olmayan və Razılığa gələn digər Tərəfin ərazisində yerləşən diplomatik və ya konsul nümayəndəliklərinin, beynəlxalq təşkilatların və ya ticarət nümayəndəliklərinin əməkdaşı olan vətəndaşları bu maddənin 1-ci bəndində nəzərdə tutulmuş hüquqlardan istifadə edirlər və həmin şəxslər qəbul edən dövlətin ərazisinə ilk giriş günündən hesablanan 6 (altı) ay ərzində 90 (doxsan) gün müddətinə pulsuz birdəfəlik viza alırlar.
3. 1-ci və 2-ci maddələrin qeyd olunan müddəaları şəxslərin rəsmi gəlmə müddəti ərzində onlarla birgə yaşayan və diplomatik və ya xidməti pasportlara malik olan ailə üzvlərinə də şamil edilir.
4. 3-cü bənddə göstərilən şəxslər olduqları ölkədə kommersiya və ya əmək fəaliyyəti ilə məşğul ola bilməzlər.
Maddə 6
1. Razılığa gələn Tərəflərin səlahiyyətli orqanları qarşılıqlı əsaslarla aşağıda qeyd olunan şəxslərə hər biri 90 (doxsan) gün olmaqla 1 (bir) illik müddətə pulsuz çoxdəfəli giriş vizaları verirlər:
a) ikitərəfli razılaşma əsasında Razılığa gələn Tərəflərin ərazisindən avtomobil
nəqliyyatı ilə sərnişinlərin və yüklərin daşınması üçün müntəzəm səfərlər edən şəxslərə;
b) ikitərəfli razılaşma əsasında Razılığa gələn Tərəflərin ərazisindən üçüncü ölkələrə sərnişin və yüklərin müntəzəm beynəlxalq daşınmasını həyata keçirən şəxslərə.
Maddə 7
1. Razılığa gələn Tərəflərdən hər biri ictimai qaydaya, milli təhlükəsizliyə və ictimai sağlamlığa təhlükə törədə bilən Razılığa gələn digər Tərəfin vaətəndaşlarını səbəbi göstərilmədən öz ərazisinə buraxmaqdan imtina edə bilərlər.
2. Razılığa gələn Tərəflər müvafiq tərəfin qanunvericiliyinə uyğun olaraq öz ölkələrinin ərazilərdən çıxışı məhdudlaşdırılmış şəxslərin, onların gedişinə mane olan hallar aradan qaldırılanadək üçüncü dövlətə keçmələrinin qarşısının alınması üçün tədbirlər görürlər.
Maddə 8
Razılığa gələn Tərəflərin xarici işlər nazirlikləri bu Sazişin imzalanmasından sonra onun qüvvəyə minməsinə ən azı 30 (otuz) gündən gec olmayaraq, bu Sazişin məqsədləri üçün və ya bu Sazişə əlavədə əks olunmuş etibarlı sənədlərin nümunələrini diplomatik kanallar vasitəsilə mübadilə edirlər, həmçinin yeni pasportların dövriyyəyə buraxılmasına ən azı 30 (otuz) gün qalmış bir-birilərinə həmin pasportların nümunələrini və onların dövriyyəyə daxil edilməsi qaydaları haqqında məlumat verirlər.
Maddə 9
1. Razılığa gələn Tərəflərin vətəndaşları Razılığa gələn digər Tərəfin ərazisinə daxil olmağa və orada qalmağa imkan verən pasportu və ya digər etibarlı sənədi itirdikdə bu barədə dərhal qəbul edən Razılığa gələn Tərəfin səlahiyyətli orqanlarına məlumat verməli və onlar da öz növbəsində heç bir rüsum almadan həmin şəxsləri müraciətlərini təsdiq edən sənədlə təmin etməlidirlər.
2. Bu maddənin 1-ci bəndində göstərilən hallarda, Razılığa gələn Tərəflərdən birinin Razılığa gələn digər Tərəfin ərazisində diplomatik və ya konsul nümayəndəliyi olmadıqda, qəbul edən Razılığa gələn Tərəfin səlahiyyətli orqanları Razılığa gələn digər Tərəfin səlahiyyətli orqanları ilə razılaşdıqdan sonra bu şəxslərə qəbul edən dövlətin qanunvericiliyinə uyğun olaraq onun sərhədlərini tərk etməyə imkan verən yeni keçid sənədi verirlər.
3. Vətəndaşın məxsus olduğu dövlətin diplomatik və ya konsul nümayəndəliyi itirilmiş sənədin əvəzinə həmin şəxsə onun pasportunu müvəqqəti əvəz edən sənəd verir. Həmin vətəndaş qəbul edən dövlətin ərazisini onun qanunvericiliyinə uyğun olaraq tərk edir.
Maddə 10
Bu Sazişin tətbiqi prosesində mübahisə və fikir ayrılığı yarandığı təqdirdə Razılığa gələn Tərəflər onları danışıqlar və diplomatik kanallarla aparılan məsləhətləşmələr vasitəsilə həll edəcəklər.
Maddə 11
Razılığa gələn Tərəflərin qarşılıqlı razılığı əsasında ayrıca protokolla rəsmiləşdirilən və onun ayrılmaz hissəsi olan və bu Sazişin 13-cü maddəsində nəzərdə tutulmuş qaydada qüvvəyə minən dəyişiklik və əlavələr edilə bilər.
Maddə 12
1. Razılığa gələn Tərəflərdən hər biri müstəsna hallarda, milli təhlükəsizlik, ictimai qayda və sağlamlıq maraqları naminə bu Sazişin qüvvəsini müvəqqəti olaraq tam və ya qismən dayandıra bilər. Sazişin dayandırılması dərhal qüvvəyə minir.
2. Bu maddənin 1-ci bəndinə uyğun tədbirlər həyata keçirən Razılığa gələn Tərəf diplomatik kanallar vasitəsilə 24 (iyirmi dörd) saatdan gec olmayaraq mümkün qədər qısa müddət ərzində bu tədbirlər barədə və müvafiq olaraq onların ləğvi barədə Razılığa gələn digər Tərəfə məlumat verməlidir.
Maddə 13
1. Bu Saziş qeyri-müəyyən müddətə bağlanılır və Razılığa gələn Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurları yerinə yetirməsi barədə diplomatik kanallar vasitəsilə göndərdikləri sonuncu yazılı bildirişin alındığı gündən sonra 30-cu (otuz) gün qüvvəyə minir.
2. Razılığa gələn Tərəflərdən hər hansı biri Razılığa gələn digər Tərəfə diplomatik kanallar vasitəsilə yazılı bildiriş göndərməklə hazırkı Sazişin qüvvəsini dayandıra bilər. Saziş belə bildirişin alındığı tarixdən 60 (altmış) gün sonra qüvvəsini itirir.
3. Şengen Müqaviləsinin Bolqarıstan Respublikasına münasibətdə qüvvəyə minməsindən sonra bu Sazişə yenidən baxılacaqdır.
Sofiya şəhərində 23 sentyabr 2005-ci ildə Azərbaycan, bolqar və rus dillərində iki əsl nüsxədə tərtib edilmişdir, bütün mətnlər eyni qüvvəyə malikdir.
Bu Sazişin müddəalarının tətbiqində fikir ayrılığı yarandığı təqdirdə rus dilindəki mətnə üstünlük veriləcəkdir.
Azərbaycan Respublikası Bolqarıstan Respublikası Hökuməti adından Hökuməti adından (imza) (imza)
ƏLAVƏ
Bu Sazişin məqsədləri üçün aşağıdakı sənədlər etibarlı sayılır:
1. Azərbaycan Respublikasının vətəndaşları üçün a) Diplomatik pasport;
b) Xidməti pasport;
c) Ümumvətəndaş pasportu;
ç) Dənizçi pasportu (gəmidə tutduğu vəzifəsi və ondan çıxarışla);
e) Azərbaycan Respublikasına qayıdış üçün şəhadətnamə.
2. Bolqarıstan Respublikasının vətəndaşları üçün a) Pasport;
b) Diplomatik pasport;
c) Xidməti pasport;
ç) Dənizçi pasportu;
e) Bolqarıstan Respublikasına qayıdış üçün müvəqqəti sənəd.