430.000.000
"Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında vətəndaşların qarşılıqlı vizasız gediş-gəlişi haqqında" Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. "Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında vətəndaşların qarşılıqlı vizasız gediş-gəlişi haqqında" 2007-ci il martın 15-də Düşənbə şəhərində imzalanmış Saziş təsdiq edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 iyun 2007-ci il
№ 365-IIIQ
Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında vətəndaşların qarşılıqlı vizasız gediş-gəlişi haqqında
SAZİŞ
Bundan sonra "Tərəflər" adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti,
iki dövlət arasında dostluq münasibətlərini gələcəkdə inkişaf etdirmək məqsədilə,
öz dövlətlərinin vətəndaşlarının qarşılıqlı surətdə gediş-gəlişinin hüquqi tənzimlənməsinə səy göstərərək,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
1. Bir Tərəfin dövlətinin vətəndaşları, o cümlədən üçüncü dövlətlərdə daimi yaşayan və ya müvəqqəti qalan vətəndaşları, xaricə getmək üçün etibarlı sayılan sənədlər əsasında gəldiyi dövlətin dövlət sərhədini keçdiyi gündən etibarən 90 (doxsan) gün müddətində vizasız digər Tərəfin dövlətinin ərazisinə gələ, tranzit keçə, gedə və orada qala bilərlər.
2. Bu maddənin 1-ci bəndində göstərilən qalma müddəti Tərəflərdən hər birinin dövlətinin milli qanunvericiliyinə uyğun olaraq uzadıla bilər.
Maddə 2
1. Bu Sazişin anlamında xaricə getmək üçün etibarlı sayılan sənədlər aşağıdakılardan ibarətdir:
a) Azərbaycan Respublikası vətəndaşları üçün:
diplomatik pasport;
xidməti pasport;
Azərbaycan Respublikasının ümumvətəndaş pasportu;
dənizçi kitabçası (gəminin şəxsi heyətinin siyahısı və ya ondan çıxarış olduğu təqdirdə);
hava gəmisinin heyət üzvünün uçuş şəhadətnaməsi (müvafiq ümumi bəyannamə və ya uçuş tapşırığı olduğu təqdirdə);
Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi (yalnız Azərbaycan Respublikasına qayıdış üçün);
b) Tacikistan Respublikası vətəndaşları üçün:
diplomatik pasport;
xidməti pasport;
ümumvətəndaş xarici pasportu;
dənizçi kitabçası (gəminin şəxsi heyətinin siyahısı və ya ondan çıxarış olduğu təqdirdə);
hava gəmisinin heyət üzvünün uçuş şəhadətnaməsi (müvafiq ümumi bəyannamə və ya uçuş tapşırığı olduğu təqdirdə);
Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi (yalnız Tacikistan Respublikasına qayıdış üçün).
2. Yetkinlik yaşına çatmamış Azərbaycan Respublikasının vətəndaşları (18 yaşa qədər) və Tacikistan Respublikasının vətəndaşları (16 yaşına qədər) ümumvətəndaş pasportları və ya valideynlərinin və ya öz qanuni nümayəndələrinin pasportlarına məlumatların daxil edilməsi əsasında, həmçinin valideynlərinin və ya öz qanuni nümayəndələrinin notarial qaydada təsdiq edilmiş razılığına malik şəxsin müşayiəti ilə xaricə gedirlər.
3. Tərəflər qüvvədə olan sənədlərə dəyişikliklərin edilməsi, həmçinin xaricə getmək üçün etibarlı sayılan yeni sənədlərin dövriyyəyə buraxılması haqqında 30 (otuz) gündən gec olmayaraq bir-birini diplomatik kanallar vasitəsilə məlumatlandıracaqlar və onların nümunələrini mübadilə edəcəklər.
4. Xaricə getmək üçün etibarlı sayılan sənədlərin siyahısına dəyişikliklər və əlavələr ayrıca Protokol vasitəsilə bu Sazişin 9-cu maddəsində nəzərdə tutulan qaydada rəsmiləşdirilir.
Maddə 3
1. Diplomatik və ya xidməti pasportlara malik bir Tərəfin dövlətinin vətəndaşları digər Tərəfin dövlətinin ərazisində yerləşən diplomatik nümayəndəliklər və konsulluqların əməkdaşları və işçiləri və ya diplomatik missiya, ya da onların nümayəndəlikləri statusunu daşıyan beynəlxalq təşkilatların əməkdaşları kimi öz xidməti vəzifələrinin icrasının tam müddəti ərzində bu dövlətin ərazisinə vizasız gələ, gedə və qala bilərlər.
2. Bu maddənin 1-ci bəndinin müddəaları yuxarıda qeyd olunan şəxslərin
onlarla birlikdə yaşayan ailə üzvlərinə də şamil edilir.
Maddə 4
Bir Tərəfin dövlətinin vətəndaşları digər Tərəfin dövlətinin ərazisinə beynəlxalq gediş-gəliş üçün açıq olan sərhəd-buraxılış məntəqələrindən gəlir, gedir və oradan tranzit keçirlər.
Maddə 5
1. Bir Tərəfin dövlətinin vətəndaşları digər Tərəfin dövlətinin ərazisində olarkən bu dövlətin milli qanunvericiliyinə riayət etməyə borcludurlar.
2. Bir Tərəfin dövlətinin vətəndaşları digər Tərəfin dövlətinin ərazisində olarkən onun qanunvericiliyini pozarlarsa, qaldıqları dövlətin qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyacaqlar.
Maddə 6
Bu Saziş Tərəflərin digər Tərəfin dövlətinin öz ərazisində qalması arzu-olunmaz sayılan vətəndaşlarına ölkəyə gəlməkdən imtina etmək və ya qalma müddətini qısaltmaq hüquqlarını məhdudlaşdırmır.
Maddə 7
1. Bir Tərəfin dövlətinin vətəndaşları digər Tərəfin dövlətinin ərazisində bu Sazişin 2-ci maddəsində qeyd olunan sənədləri itirdikləri halda, bu barədə qaldıqları dövlətin sənədlərin itirilməsi faktını təsdiq edən arayış verən səlahiyyətli orqanlarına təcili surətdə bildirməlidirlər.
2. Diplomatik nümayəndəliklər və konsulluqlar bu maddənin 1-ci bəndində qeyd olunan şəxslərə vətənə qayıdış şəhadətnaməsi verirlər.
Maddə 8
Tərəflər gəlmək, qalmaq və getmək şərtlərində dəyişikliklər barədə 30 gündən gec olmayaraq diplomatik kanallar vasitəsilə bir-birinə məlumat verəcəklər.
Maddə 9
Tərəflər qarşılıqlı razılıq əsasında bu Sazişə onun ayrılmaz hissəsi olan və bu Sazişin 12-ci maddəsinə uyğun olaraq qüvvəyə minən ayrı-ayrı protokollar vasitəsilə tərtib edilən dəyişikliklər və əlavələr edə bilər.
Maddə 10
Bu Sazişin təfsiri və icrası ilə bağlı olan mübahisəli məsələlər Tərəflər arasında məsləhətləşmələr və danışıqlar yolu ilə tənzimlənir.
Maddə 11
1. Tərəflərdən hər biri dövlət təhlükəsizliyinin, ictimai asayişin təmin edilməsi və ya öz dövlətinin əhalisinin sağlamlığının qorunması üçün zəruri olarsa, bu Sazişin qüvvəsini bütövlükdə və ya qismən dayandırmaq hüququna malikdir.
2. Tərəflər bu maddənin 1-ci bəndində nəzərdə tutulan tədbirlərin görülməsi və ya ləğv edilməsi barəsində təxirə salmadan bir-birinə məlumat verəcəklər.
Maddə 12
1. Bu Saziş qeyri-müəyyən müddətə bağlanılır və Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə diplomatik kanallar vasitəsilə sonuncu yazılı bildirişinin alındığı tarixdən qüvvəyə minir.
2. Tərəflərdən hər biri digər Tərəfə bildirməklə bu Sazişin qüvvəsini ləğv edə bilər. Bu halda Saziş digər Tərəfin belə bildirişini aldığı tarixdən 90 (doxsan) gün bitdikdən sonra qüvvəsini itirir.
Bu Saziş Düşənbə şəhərində 2007-ci il martın 15-də iki nüsxədə, hər biri Azərbaycan, tacik və rus dillərində imzalanmışdır, bütün mətnlər autentikdir. Bu Sazişin müddəalarının təfsirində fikir ayrılığı yarandığı təqdirdə rus dilindəki mətndən istifadə edilir.
Azərbaycan Respublikası Tacikistan Respublikası
Hökuməti adından Hökuməti adından
(imza) (imza)