430.000.000
"Azərbaycan Respublikası Hökuməti və Kuba Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasportlara malik olan vətəndaşların vizasız gediş gəlişi haqqında" Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. "Azərbaycan Respublikası Hökuməti və Kuba Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasportlara malik olan vətəndaşların vizasız gediş-gəlişi haqqında" 2006-cı il sentyabrın 29-da Havana şəhərində imzalanmış Saziş təsdiq edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 fevral 2007-ci il
№ 233-IIIQ
Azərbaycan Respublikası Hökuməti və Kuba Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasportlara malik olan vətəndaşların vizasız gediş-gəlişi haqqında
S AZ İ Ş
Bundan sonra “Razılığa gələn Tərəflər” adlandırılacaq, Azərbaycan Respublikası Hökuməti və Kuba Respublikası Hökuməti, iki dövlət arasında dostluq münasibətlərinin inkişafını təşviq etmək və hər iki dövlətin xidməti və diplomatik pasportlara malik vətəndaşlarının giriş, çıxış və tranzit qaydalarının təkmilləşdirilməsini arzulayaraq, aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
1. Diplomatik, rəsmi və xidməti pasportlara malik Azərbaycan Respublikası vətəndaşları və Kuba Respublikası vətəndaşları Razılığa gələn Tərəfin dövlətinin ərazisinə 90 (doxsan) təqvim günündən artıq olmamaqla vizasız gələ, orada qala və digər dövlətin ərazisinə tranzit keçə bilərlər.
2. Razılığa gələn Tərəflərin dövlətlərinin vətəndaşlarının qalma müddəti viza tələb olunmayan 90 (doxsan) təqvim gününü keçdiyi təqdirdə, onlar bu müddət ərzində razılığın alınması məqsədilə Razılığa gələn Tərəflərin müvafiq orqanlarına rəsmi müraciət etməlidirlər.
Maddə 2
1. Razılığa gələn bir Tərəfin dövlətinin ərazisinə daxil olan və etibarlı diplomatik rəsmi və xidməti pasportlara malik olan, Razılığa gələn bir Tərəfin dövlətinin vətəndaşları müvafiq diplomatik missiyada, konsulluq müəssisəsində və ya beynəlxalq təşkilat yanında akkreditə edilmiş daimi missiyada öz vəzifələrini yerinə yetirmək üçün qəbul edən ölkənin Xarici İşlər Nazirliyində akkreditə edilir.
2. Bu maddənin birinci bəndinin müddəaları həmçinin diplomatik və xidməti pasportlara malik olan şəxslərin yaxın ailə üzvlərinə münasibətdə də tətbiq edilir.
3. Razılığa gələn Tərəflərdən birinin etibarlı diplomatik, rəsmi və xidməti pasportlara malik Razılığa gələn digər Dövlətin ərazisinə səyahət edən vətəndaşları müvafiq diplomatik missiyada, konsulluq müəssisəsində və ya Razılığa gələn digər Tərəfin ərazisində yerləşən beynəlxalq təşkilat yanında akkreditə edilmiş daimi missiyada çalışarkən qəbul edən Tərəfin Xarici İşlər Nazirliyində akkreditə olunmalı və Razılığa gələn Tərəfin ərazisinə daxil ola,
qala, tranzit keçə, tərk edə və bütün missiya ərzində viza tələbi olmadan qala bilər.
4. Bu maddənin 1-ci bəndinin müddəaları diplomatik, rəsmi və xidməti pasportlara malik olan şəxslərin ailə üzvlərinə də şamil olunur.
5. Təyin etmə, gəliş, gediş və funksiyaları başa vurma 1-ci və 2-ci bəndlərdə göstərilən şəxslərin əvvəlcədən qəbul edən Tərəfin Xarici İşlər Nazirliyinə bildirilməlidir.
6. Bu Sazişin 2-ci maddəsinin 1-ci və 2-ci bəndlərində göstərilənlər istisna olunmaqla, viza tələblərindən azad olunma o demək deyil ki, bu Sazişdə göstərilən pasportların sahiblərinə Razılığa gələn digər Tərəfin ərazisində işləmək hüququ verilir. 90 (doxsan) təqvim günündən artıq işləmək, ixtisasartırma, təhsil və qalma məqsədilə gələn vətəndaşlar əvvəlcədən viza üçün
müraciət qaydalarına əməl etməlidirlər.
Maddə 3
Diplomatik, rəsmi və xidməti pasportlara malik Razılığa gələn Tərəflərin vətəndaşları Razılığa gələn digər Tərəfin sərnişinlərinin gəlmə , tranzit və qalma qanun və qaydalarının tələblərinə əməl etməklə, Razılığa gələn digər Tərəfin ərazisinə beynəlxalq sərnişin yolları üçün açıq olan istənilən sərhəd buraxılış məntəqələrindən daxil ola və oradan gedə bilərlər.
Maddə 4
1. Razılığa gələn Tərəfin etibarlı diplomatik, rəsmi və xidməti pasportlara malik vətəndaşları Razılığa gələn digər Tərəfin ərazisində pasportlarını itirdikdə, onun sahibi bu barədə Razılığa gələn həmin Tərəfin müvafiq orqanlarını bu halın təsdiq olunması və müvafiq sənəd verilməsi üçün məlumatlandırır.
2. Bu maddənin 1-ci bəndində göstərilən hal baş verdikdə, bu şəxsin mənsub olduğu dövlətin diplomatik missiyası və ya konsulluğu öz vətəndaşlarını Razılığa gələn digər Tərəfin ərazisini tərk etmək üçün müvəqqəti səyahət sənədi ilə təmin edir.
Maddə 5
Razılığa gələn bir Tərəfin dövlətinin diplomatik, rəsmi və xidməti pasportlara malik vətəndaşları Razılığa gələn digər Tərəfin dövlətinin ərazisinə daxil olarkən, orada qalarkən, tranzit keçərkən və onun ərazisini tərk edərkən qüvvədə olan qanun və qaydalara riayət etməlidirlər.
Maddə 6
Razılığa gələn Tərəflərin milli təhlükəsizliyinin təmin edilməsi, ictimai asayişin qorunması üçün və ya vətəndaşların sağlamlığına təhlükə olduqda, bu Sazişin və ya onun hər hansı maddələrinin qüvvəsini müvəqqəti, tamamilə və ya qismən dayandıra bilərlər. Bu Sazişin müddəalarını tətbiqinin qismən və ya tam dayandırılmasını bildirən Razılığa gələn Tərəf dərhal Razılığa gələn digər Tərəfə belə bildiriş alındığı tarixdən 30 gün sonra qüvvəyə minən notanı dərhal diplomatik kanallar vasitəsilə göndərməlidir.
Maddə 7
1. Razılığa gələn Tərəflər bu Sazişdən yararlanaraq, daxili təhlükəsizliyi, ictimai asayişi, sağlamlığı təmin etmək məqsədilə və ya arzuolunmaz şəxs elan olunduqda, onun Razılığa gələn digər Tərəfin ərazisinə girişinə etiraz edə, öz ərazisində qalma müddətini məhdudlaşdıra və ya bitirə bilərlər.
2. Razılığa gələn Tərəflər digər Tərəfin dövlətinin ərazisindəki keçmə və qalmağa dair hüquqi tələblərə və qaydalara riayət etməyən vətəndaşların hər hansı birinin xüsusi rəsmiyyət olmadan ölkəyə yenidən qəbuluna icazə verə bilər.
Maddə 8
1. Razılığa gələn Tərəflər bu Saziş qüvvəyə mindikdən sonra 30 gün ərzində diplomatik kanallar vasitəsilə Sazişdə göstərilən etibarlı pasportların nümunələrinin mübadiləsini aparmalıdırlar.
2. Diplomatik kanallar vasitəsilə bu müqavilədə göstərilən pasport formatına dəyişikliklər haqqında hər iki tərəf qısa müddət ərzində və müvafiq qaydada məlumatlandırılmalıdır, bu halda yeni nümunələr digər Tərəfə göndərilməlidir.
Maddə 9
Bu müqavilənin icrası, təfsiri və tətbiqi zamanı hər hansı bir mübahisə və fikir ayrılığı yaranarsa, Razılığa gələn Tərəflər arasında diplomatik kanallar vasitəsilə danışıqlar və məsləhətləşmələr yolu ilə həll edilməlidir.
Maddə 10
Bu Sazişə Razılığa gələn Tərəflərin hər hansı dəyişiklikləri Sazişin ayrılmaz tərkib hissəsi olan əlavə protokollarla rəsmiləşdirilir və digər Tərəfin razılığı barədə bildiriş alındığı tarixdən qüvvəyə minir.
Maddə 11
Bu Saziş qeyri-müəyyən müddətə bağlanılır və Razılığa gələn Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurları yerinə yetirdikləri barədə bir-birlərinə diplomatik kanallar vasitəsilə göndərdikləri sonuncu yazılı bildirişin alındığı tarixdən 30 (otuz) gün sonra qüvvəyə minir.
Razılığa gələn Tərəflərdən biri bu Sazişin qüvvəsini ləğv etmək niyyətində olduqda, bu barədə digər Tərəfə diplomatik kanallarla, yazılı şəkildə bildirir. Saziş belə bildirişin alındığı tarixdən 30 (otuz) gün sonra qüvvədən düşür.
Bu Saziş Havana şəhərində 2006-cı il 29 sentyabr tarixində Azərbaycan, ispan və ingilis dillərində iki əsl nüsxədə imzalanmışdır və bütün mətnlər autentikdir. Bu Sazişin təfsiri zamanı fikir ayrılığı yarandıqda, ingilis dilindəki mətndən istifadə ediləcəkdir.
Azərbaycan Respublikası Kuba Respublikası
Hökuməti adından Hökuməti adından
(imza) (imza)