×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
22.10.2002
QEYDİYYAT NÖMRƏSİ
372-IIQ
ADI
"Sərhəddən keçən sü axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında" 1992-ci il tarixli BMT Konvensiyasının "Su və sağlamlıq haqqında" 1999-cu il 17 iyun tarixli Protokoluna qoşulmaq barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2002, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 700)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
280.000.000
430.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Sərhəddən keçən sü axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında" 1992-ci il tarixli BMT Konvensiyasının "Su və sağlamlıq haqqında" 1999-cu il 17 iyun tarixli Protokoluna qoşulmaq barədə

"Sərhəddən keçən sü axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında" 1992-ci il tarixli BMT Konvensiyasının "Su və sağlamlıq haqqında" 1999-cu il 17 iyun tarixli Protokoluna qoşulmaq barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikası "Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında” 1992-ci il tarixli BMT Konvensiyasının "Su və sağlamlıq haqqında" 1999-cu il 17 iyun tarixli Protokoluna qoşulsun.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 oktyabr 2002-ci il
                  № 372-II Q

 

“Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında 1992-ci il tarixli BMT Konvensiyasının “Su və sağlamlıq haqqında”

ProtokolU

 

 İcra edilib Londonda, 17 iyun 1999-cu ildə

 

 Bu Protokolun Tərəfləri,

 suyun həyatı davam etdirmək üçün zəruriliyi və insanın əsas tələbatını ödəməkdən ötrü lazımi miqdarda və keyfiyyətdə su ehtiyatı olmasının insanların sağlamlığının möhkəmləndirilməsi və davamlı inkişafı üçün əsas şərtlərdən biri olduğunu dərk edərək;

 keyfiyyətli təmiz suyun və harmonik və lazımi qaydada fəaliyyət göstərən su mühitinin insanın sağlamlığı və rifahi üçün xeyrini təsdiq edərək;

 səth sularının və yeraltı suların bərpa oluna bilən, insan fəaliyyəti onların miqdarına və keyfiyyətinə mənfi təsir etdiyi halda isə bərpa olunma qabiliyyəti məhdud olan təbii ehtiyatlar olduğunu, uyğun keyfiyyət və kəmiyyət hüdudlarının istənilən cür pozulmasının həmin təbii ehtiyatlardan asılı olan insanların sağlamlığı və rifahı üçün qısamüddətli və uzunmüddətli arzuolunmaz nəticələrə gətirib çıxara biləcəyini, və nəticədə, hidroloji dövrün dayanıqlı idarə edilməsinin həm insan tələbatının təmin olunması üçün, həm də ətraf mühitin mühafizəsi üçün zəruriliyini nəzərə alaraq;

 eləcə də, insanların əsas tələblərini ödəmək üçün lazımi miqdarda və keyfiyyətdə su çatışmazlığı səbəbindən əhalinin sağlamlığı üçün yaranan arzuolunmaz nəticələri və bu çatışmazlığın xüsusilə zəif, ağır vəziyyətdə olan və sosial tənhalıq şəraitində yaşayan insanlar üçün ciddi nəticələrini nəzərə alaraq;

 su ilə əlaqədar xəstəliklərin yayılmasının qarşısının alınması, onların yayılma dərəcəsinin məhdudlaşdırılması və azaldılması məsələlərinin həlli vacib və təxirəsalınmaz məsələlər olduğunu və bu məsələlərin ancaq hər bir ölkənin öz daxilində, eləcə də dövlətlər arasında bütün səviyyələrdə və bütün bölmələr arasında daha sıx əməkdaşlıq əsasında qənaətbəxş həll oluna biləcəyini başa düşərək;

 eləcə də, su ilə əlaqədar xəstəliklərə nəzarət və xəstəliklər haqqında erkən xəbərdarlıq və onlara cavabvermə sistemlərinin yaradılmasının, o xəstəliklərin qarşısını almağın, onların yayılma dərəcəsini məhdudlaşdırmağın və azaltmağın əsas aspektləri olduğunu başa düşərək;

 Birləşmiş Millətlər Təşkilatının ətraf mühit və inkişafa dair Konfransının nəticələrinə (Rio-de-Janeyro, 1992-ci il), o cümlədən ətraf mühitə və inkişafa dair Rio-de-Janeyro bəyannaməsinə və XXI əsr üçün Gündəliyə və eləcə də XXI əsr üçün Gündəliyin sonradan həyata keçirilmə proqramına (Nyu-York, 1997-ci il) və dayanıqlı inkişaf məsələləri üzrə Komissiyanın şirin su ehtiyatlarının dayanıqlı idarə edilməsi haqqında sonrakı qərarına (Nyu-York, 1998-ci il) əsaslanaraq;

 sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə 1992-ci il Konvensiyasının uyğun müddəalarına əsaslanaraq və həm bu müddəaların daha geniş tətbiqinə kömək etməyin, həm də əhalinin sağlamlığının mühafizəsinin möhkəmləndirilməsinə dair sonrakı tədbirlərin Konvensiyaya əlavə edilməsinin zəruriliyini qeyd edərək;

 ətraf mühitə təsirin sərhədlərarası kontekstdə qiymətləndirilməsinə dair 1991-ci il Konvensiyasını, Sənaye qəzalarının ətraf mühitə sərhəddən keçən təsirinə dair 1992-ci il Konvensiyasını, Birləşmiş Millətlər Təşkilatının beynəlxalq su axınlarından gəmi işləyə bilməyən tərzdə istifadə hüququ haqqında 1997-ci il Konvensiyasını və İctimayyətin məlumatdan istifadə edə bilməsinin mümkünlüyü, onun qərar qəbuletmə prosesində iştirakı və ətraf mühitə dair məsələlərlə ədalət məhkəməsinə müraciət etməyin mümkünlüyü haqqında 1998-ci il Konvensiyasını nəzərə alaraq;

 eləcə də, ətraf mühitə və səhiyyəyə dair 1989-ci il Avropa xartiyasında, ətraf mühitə və səhiyyəyə dair 1994-cü il Helsinki bəyannaməsində və nazirlərin «Avropa üçün ətraf mühit» prosesinə dair bəyannamələrində, tövsiyyələrində və qətnamələrində olan uyğun prinsipləri, məqsədləri və tövsiyələri nəzərə alaraq;

 Avropadakı digər ekoloji təşəbbüslərin, sənədlərin və proseslərin, eləcə də ətraf mühit və səhiyyə sahəsində milli fəaliyyət planlarının işlənib hazırlanmasının və həyata keçirilməsinin və ətraf mühitə dair milli fəaliyyət planlarının əsaslandırılmış və münasib olduğunu təsdiq edərək;

 Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının və Ümumdünya Səhiyyə Təşkilatının Avropa regional bürosunun su ilə əlaqədar xəstəliklərin yayılmasının qarşısını almaq, onların yayılma dərəcəsini məhdudlaşdırmaq və azaltmaq məqsədi ilə ikitərəfli və çoxtərəfli əməkdaşlıqları möhkəmləndirmək üçün artıq göstərilməkdə olan səylərini yüksək qiymətləndirərək;

 Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının və Ümumdünya Səhiyyə Təşkilatının Avropa regional komitəsinin üzvü olan dövlətlərin ətraf mühitin çirkləndirilməsinə qarşı mübarizəsi və insanların sağlamlığının və rifahının mühafizə olunmasına kömək edə biləcək su mühitini qoruyub saxlamaq və bərpa etmək sahəsində əldə etdikləri çoxsaylı müsbət nəticələrdən ruhlanaraq;

 aşağıda göstərilənlər barədə razılığa gəldilər:

 

Maddə 1

Məqsəd

 

 Bu Protokolun məqsədi insanların sağlamlığının və rifahının mühafizəsinə həm fərdi, həm də kollektiv əsasda bütün uyğun səviyyələrdə, daha doğrusu, ümumdövlət miqyasında, eləcə də sərhədlərarası və beynəlxalq kontekstdə, dayanıqlı inkişaf çərçivəsində su təsərrüfatının fəaliyyətinin idarə edilməsini təkmilləşdirmək yolu ilə, su ekosistemlərinin mühafizəsi və su ilə əlaqədar xəstəliklərin qarşısının alınması, onların yayılma dərəcəsinin məhdudlaşdırılması və azaldılması daxil olmaqla, imkan yaratmaqdan ibarətdir.

 

Maddə 2

Terminlərin izahı

 

 Bu Protokolun məqsədləri üçün:

 1. «Su ilə əlaqədar xəstəliklər» istənilən suların miqdarında və keyfiyyətində əmələ gələn dəyişikliklərin bilavasitə və ya dolayı yolla səbəb olduğu ölüm hadisəsi, əlillik, xəstəlik yaxud sağlamlıq pozuntuları kimi insan sağlamlığı üçün hər hansı çox mənfi nəticələr deməkdir.

 2. «İçməli su» insanların içməli su kimi, yeyinti məhsullarını təmizləmək və yemək hazırlamaq üçün, şəxsi gigiyena yaxud analoji məqsədlər üçün istifadə etdikləri və ya həmin məqsədlər üçün təyin edilən su deməkdir.

 3. «Yeraltı sular» yer səthindən aşağıdakı hopma layında olan və torpaqla yaxud torpaqaltı qatla bilavasitə təmasda olan hər hansı sular deməkdir.

 4. «Qapalı sular» binanın həm daxilində, həm də xaricində yerüstü şirin yaxud sahilboyu sulardan ayrılmış, süni surətdə yaradılmış hovuzlar deməkdir.

 5. «Sərhəddən keçən sular» iki ya da daha çox dövlət arasındakı sərhədi göstərən və ya sərhədi kəsib keçən səth suları yaxud yeraltı sular deməkdir; sərhəddən keçən sular bilavasitə dənizə töküldüyü hallarda həmin sərhəddən keçən suların hüdudları o suların mənsəbini kəsib keçən, suyun sahillərindəki kiçik dərinliklər xətti üzərində yerləşən nöqtələr arasındakı düz xətt ilə məhdudlaşır.

 6. «Su ilə əlaqədar xəstəliklərin sərhəddən keçən nəticələri» bir Tərəfin tabeliyində olan rayonda baş verən, digər Tərəfin tabeliyində olan rayondakı suların miqdarının, ya da keyfiyyətinin dəyişməsinin bilavasitə və ya dolayı yolla səbəb olduğu ölüm, əlillik, xəstəlik yaxud səhhət pozuntuları kimi insan sağlamlığı üçün çox zərərli nəticələr - bu nəticələrin sərhəddən keçən təsir olub olmamasından asılı olmayaraq – deməkdir.

 7. «Sərhəddən keçən təsir» fiziki mənbəyi bütünlüklə yaxud qismən Konvensiyanın bu və ya digər Tərəfinin tabeliyində olan rayonda yerləşən sərhəddən keçən suların keyfiyyətinin və miqdarının insan fəaliyyətinin təsiri dəyişməsi nəticəsində Konvensiyanın digər Tərəfinin tabeliyində yerləşən rayonun ətraf mühiti üçün yaranan hər hansı çox zərərli nəticə deməkdir. Ətraf mühit üçün zərərli olan bu nəticələrə insan sağlamlığı və təhlükəsizliyi, bitki və heyvanat aləmi, torpaq, hava, su, iqlim, landşaft və tarixi abidələr yaxud digər maddi obyektlər üçün zərərli olan amillər və ya bu amillərin qarşılıqlı təsiri aiddir; bu amillərin dəyişməsi nəticəsində yaranan, mədəni irs üçün yaxud sosial-iqtisadi şərait üçün zərərli olan nəticələr də yuxarıda göstərilənlərə aiddir.

 8. «Sanitariya-profilaktika tədbirləri» insanın həyat fəaliyyətinin və ya məişət sularının ya kollektiv sistemlər, ya da ayrı-ayrı ev təsərrüfatlarına və ya müəssisələrə xidmət edən qurğular vasitəsi ilə yığılması, nəql olunması, emalı və xaric edilməsi, ya da yenidən istifadə edilməsi deməkdir.

 9. «Kollektiv sistem»:

 a) bir sıra ev təsərrüfatlarını, ya da müəssisələri içməli su ilə təchiz etmək üçün olan sistem və/ya ya

 b) bir sıra ev təsərrüfatlarına, ya da müəssisələrə xidmət edən və elecə də, lazım olduqda, sənaye çirkab sularının yığılmasını, nəqlini, tənzimlənməsini və xaric edilməsini və ya yenidən istifadə edilməsini təmin edən və işləməsi dövlət sektorunun idarəsi, xüsusi sektorun müəssisəsi, ya da bu iki sektor arasındakı partnyorluq vasitəsi ilə təmin olunan sistem deməkdir.

 10. «Su təsərrüfatının fəaliyyətinin idarə edilməsi planı» yeraltı suların qidalandığı zona yaxud ərazi hüdudlarındakı konkret su ehtiyatlarının və obyektlərinin mənimsənilməsi, istismarı, mühafizəsi - onların ekosistemlərinin mühafizəsi də daxil olmaqla – deməkdir.

 11. «İctimaiyyət» bir və ya bir neçə fiziki yaxud hüquqi şəxs və milli qanunvericiliyə yaxud təcrübəyə uyğun olaraq, onların cəmiyyəti, təşkilatı və qrupları deməkdir.

 12. «Dövlət orqanı»:

 a) milli, regional və digər səviyyələrdə inzibati idarə;

 b) milli qanunvericiliyə uyğun olaraq, dövləti, inzibati funksiyaları, ətraf mühitə, səhiyyəyə, sanitariya-profilaktika tədbirlərinə, su təsərrüfatının idarə edilməsinə və ya su təchizatına aid olan konkret vəzifələri, fəaliyyətləri və xidmətləri yerinə yetirən fiziki və ya hüquqi şəxslər;

 c) dövlət vəzifələrini yaxud funksiyalarını yerinə yetirən, ya da yuxarıdakı a) yaxud b) yarımbəndlərində göstərilən idarələrin və ya şəxslərin nəzarəti altında əhaliyə xidmət göstərən hər hansı digər fiziki və hüquqi şəxs;

d) 21-ci maddədə göstərilən, Tərəf olan, istənilən regional iqtisadi inteqrasiya təşkilatının idarələri deməkdir. Bu izahata məhkəmə və ya qanunverici orqan kimi fəaliyyət göstərən orqanlar və idarələr daxil deyil.

 13. «Yerli», dövlət səviyyəsindən aşağıda olan ərazi vahidlərinin bütün uyğun səviyyələri deməkdir.

 14. «Konvensiya» Helsinkidə 1992-ci il martın 17-də qəbul edilən, sərhəddən keçən suların və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə Konvensiya deməkdir.

 15. «Konvensiya Tərəflərinin Müşavirəsi», Konvensiya Tərəflərinin 17-ci maddəyə uyğun olaraq təsis etdikləri orqan deməkdir.

 16. «Tərəf», əgər mətndə başqa cür göstərilməyibsə, öz tərəfindən həmin Protokolla bağlı olmağa razılıq vermiş yaxud bu Protokolla bağlı olan və onun üçün bu Protokolun qüvvəyə minmiş olduğu dövlət və ya 21-ci maddədə göstərilən regional iqtisadi inteqrasiya təşkilatı deməkdir.

 17. «Tərəflərin Müşavirəsi» Tərəflərin 16-cı maddəyə uyğun olaraq təsis etdikləri orqan deməkdir.

 

Maddə 3

Fəaliyyət sahəsi

 

 Bu Protokolun müddəaları:

 a) şirin səth sularına;

 b) yeraltı sulara;

 c) estuarilərə;

 d) bərpa məqsədi ilə, ya da akvakultura metodu ilə balıq istehsalı yaxud molyuskların və xərçəngkimilərin yığılması və ya istehsalı üçün istifadə olunan sahilboyu sulara;

 e) çimmək üçün münasib olan qapalı sulara;

 f) yığılma, nəql olunma, təmizlənmə və ya təchiz edilmə prosesində olan sulara;

 g) yığılma, nəql olunma, təmizlənmə, atılma və ya təkrar istifadə edilmə prosesində olan çirkab sularına şamil olunur.

 

Maddə 4

Ümumi müddəalar

 

 1. Tərəflər su ilə əlaqədar xəstəliklərin qarşısını almaq, onların yayılma dərəcəsini məhdudlaşdırmaq və azaltmaq üçün, məqsədi su ehtiyatlarının dayanıqlı istifadəsi, ətraf mühitdə insan sağlamlığı üçün təhlükəli olmayan keyfiyyətli suyun təmin olunması və su ekosistemlərinin mühafizəsindən ibarət olan su təsərrüfatının fəaliyyətinin kompleks idarə edilməsi sistemləri çərçivəsində bütün uyğun tədbirləri görürlər.

 2. Tərəflər, o cümlədən aşağıdakıları təmin etmək məqsədi ilə bütün uyğun tədbirləri görürlər:

 a) tərkibində insan sağlamlığı üçün təhlükə yarada biləcək miqdarda yaxud konsentrasiyada hər hansı bir mikroorqanizimlər, parazitlər və maddələr olmayan keyfiyyətli içməli su ilə eyni miqdarda təchizat. Buraya içməli su mənbəyi kimi istifadə olunan su ehtiyatlarının mühafizəsi, suyun təmizlənməsi və kollektiv sistemlərin yaradılması, onların təkmilləşdirilməsi və normal işlənməsinin təmin edilməsi daxildir;

 b) insan sağlamlığını və ətraf mühitin mühafizəsini lazımi səviyyədə təmin edən standarta uyğun sanitariya-profilaktika tədbirlərin görülməsi. Buna, əsasən, kollektiv sistemlərin yaradılması, onların təkmilləşdirilməsi və normal işlənməsinin təmin edilməsi vasitəsi ilə nail olunur;

 c) içməli su mənbəyi kimi istifadə olunan su ehtiyatlarının və onların uyğun ekosistemlərinin, digər mənbələrdən kənd təsərrüfatı, sənaye və başqa tullantılar və təhlükəli maddələrin atılması daxil olmaqla, çirkləndirilməsindən effektiv mühafizə edilməsi. Bu tədbir insan sağlamlığı və su ekosistemləri üçün təhlükəli hesab olunan maddələrin tullanmasının və atılmasının effektiv azaldılmasına və aradan götürülməsinə yönəldilmişdir;

 d) insanların sağlamlığını suyun bərpa məqsədi ilə akvakultura üçün istifadə olunması, suyun molyuskaların və xərçəngkimilərin istehsalı və yığılması üçün, çirkab sularından suvarma üçün istifadə olunması, ya da çirkab suların emalından alınan tullantıların kənd təsərrüfatında və ya akvakulturada istifadə olunması nəticəsində yaranan, su ilə əlaqədar xəstəliklərdən mühafizə etmək üçün lazımi tədbirlərin görülməsi;

 e) su ilə əlaqədar xəstəliklərin alışmasına yaxud o xəstəliklərin yaranması hadisələrinə səbəb olan şəraiti izləmək, bu cür alışmalara və hadisələrə və onların təhlükəsinə cavab vermək üçün effektiv sistemlərin yaradılması.

 3. Bundan sonra bu Protokolda «içməli su» və «sanitariya-profilaktika tədbirləri» qeyd edərkən bu maddənin 2-ci bəndinin tələblərinə cavab verən içməli su və sanitariya-profilaktika tədbirlər nəzərdə tutulur.

 4. Tərəflər bütün bu cür tədbirləri, təklif olunan istənilən tədbirin verəcəyi nəticələri nəzərə alaraq, onların:

 a) insan sağlamlığı,

 b) su ehtiyatları və

 c) dayanıqlı inkişaf

üçün üstünlükləri, nöqsanları və xərclər daxil olmaqla, qiymətləndirmək əsasında həyata keçirirlər.

 5. Tərəflər dayanıqlı olan və əldə olan imkanların həyata keçirilməsinə təkan verən və çərçivələri daxilində dövlət, xüsusi və könüllü sektorların hər birinin özünəməxsus xüsusiyyətlərilə su ilə əlaqədar xəstəliklərin qarşısının alınması, onların yayılma dərəcəsinin məhdudlaşdırılması və azaldılması məqsədi ilə su təsərrüfatının fəaliyyətinin idarə edilməsinin təkmilləşdirilməsi məsələsini zənginləşdirə bilən hüquqi, inzibati və iqtisadi şəraitin yaranması üçün bütün uyğun əməliyyatları həyata keçirirlər.

 6. Tərəflər bu Protokolun fəaliyyət sahəsinə düşən hər hansı su mühitinə əhəmiyyətli dərəcədə təsir edə biiəcək tədbirlərin görülməsi imkanına baxan yaxud digər subyektlər tərəfindən tədbirlərin görülməsinə icazə verən dövlət orqanlarından, bu tədbirlərin insan sağlamlığına istənilən hər hansı potensial təsirini lazımi qaydada nəzərə almağı tələb edirlər.

 7. Tərəf, ətraf mühitə təsirin sərhədlərarası kontekstdə qiymətləndirilməsinə dair Konvensiyanın Tərəfi olarkən, həmən Tərəfin dövlət orqanlarının Konvensiyanın planlaşdırılan tədbir barəsində tələblərinə riayət etmələri, bu maddənin 6-cı bəndində həmin tədbir barəsində nəzərdə tutulmuş tələbini də təmin etməlidir.

 8. Bu Protokolun müddəaları Tərəfin həmin Protokolda şərh olunan tədbirlərdən daha ciddi tədbirlər həyata keçirməyi davam etdirmək, tədbirlər görmək və həyata keçirməyə başlamaq hüququna toxunmur.

 9. Bu Protokolun müddəaları Protokolun istənilən Tərəfinin Konvensiyadan və ya hər hansı digər mövcud beynəlxalq sazişdən irəli gələn hüquq və vəzifələrinə, bu Protokolda nəzərdə tutulan tələblər Konvensiyanın və ya yuxarıda göstərilən digər mövcud beynəlxalq sazişin nəzərdə tutduğu uyğun tələblərdən daha ciddi olan hallar istisna olmaqla, toxunmur.

 

Maddə 5

Prinsiplər və üsullar

 

 Tərəflər bu Protokolu həyata keçirmək üçün tədbirlər görərkən o cümlədən aşağıdakı prinsiplər və üsullara əsaslanırlar:

 a) ehtiyat tədbirlərinin görülməsi prinsipi — bu prinsipə görə, su ilə əlaqədar xəstəliklərin qarşısının alınması, onların yayılma dərəcəsinin məhdudlaşdırılması və azaldılması ilə bağlı tədbirlər, bir tərəfdən həmin tədbirlərin yönəldildiyi amil və digər tərəfdən bu amilin xəstəliyin yayılmasına potensial və/ və ya onun sərhəddən keçən təsiri arasındakı səbəb-nəticə əlaqəsi elmi tədqiqat işləri ilə tam müəyyən edilmədiyi səbəbindən, təxirə salınmamalıdır;

 b) «xərcləri çirkləndirən ödəyir» prinsipi — bu prinsipə görə, çirklənmənin qarşısının alınmasına, məhdudlaşdırılmasına və azaldılmasına sərf olunan xərcləri çirkləndirən ödəyir;

 c) Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq, dövlətlərin öz təbii ehtiyatlarını özlərinin ətraf mühit və inkişaf sahəsindəki siyasətinə uyğun olaraq işlətməyə suveren hüquqları vardır və onlar, öz tabeliyi və ya nəzarəti çərçivəsindəki fəaliyyəti ilə digər dövlətlərin yaxud onların milli tabeliyindən kənarda yerləşən rayonların ətraf mühitinə ziyan yetirilməsini təmin etmək üçün məsuliyyət daşıyırlar;

 d) su ehtiyatlarının idarə edilməsi elə həyata keçirilir ki, indiki nəsillərin tələbatları, gələcək nəsillərin öz şəxsi tələbatlarını təmin etmələrinin mümkünlüyünə ziyan yetirmədən təmin olunsun;

 e) su ilə əlaqədar xəstəliklərin alışmasının və yayılması hallarının qarşısını almaq və içməli su mənbəyi kimi istifadə olunan su ehtiyatlarının mühafizəsi üçün profilaktik tədbirlər görmək lazımdır, çünki bu cür tədbirlər zərərli nəticələrə qarşı daha təsirlidir və vəziyyəti düzəltmək üçün görülən tədbirlərdən, sərf olunan xərc baxımından daha effektivdir;

 f) su ehtiyatlarının idarə edilməsi tədbirləri ən aşağı uyğun inzibati səviyyədə həyata keçirilməlidir;

 g) su ictimai, iqtisadi və ekoloji dəyərə malikdir, ona görə də su təsərrüfatının fəaliyyətinin idarə edilməsini elə həyata keçirmək lazımdır ki, bu dəyərlərin ən münasib və dayanıqlı uzlaşması təmin olunsun;

 h) suyun effektiv istifadə olunmasına iqtisadi vasitələrlə və məlumatlılığı gücləndirmək vasitəsi ilə nail olunmalıdır;

 i) ictimaiyyətin məlumatdan istifadə etmək hüququ və su və sağlamlıq məsələləri üzrə qərar qəbuletmə prosesində iştirakı, qəbul edilən qərarların keyfiyyətini yüksəltmək və onların həyata keçirilməsinə yardım etmək, ictimaiyyətin uyğun məsələlər barədə məlumatlılığını təmin etmək, ictimaiyyətə öz narahatlığını bildirmək imkanı vermək və dövlət orqanlarına bu narahatlığı lazımi qaydada nəzərə almaq imkanı vermək məqsədi ilə vacibdir. Uyğun qərarlar məhkəmə yolu ilə və inzibatı yolla yenidən baxılması hüququ bu hüquqlara əlavə edilməlidir;

 j) su ehtiyatlarının idarə edilməsi sosial-iqtisadi inkişafla təbii ekosistemlərin mühafizəsi arasında sıx əlaqəni təmin etmək, eləcə də su ehtiyatlarının idarə edilməsini ətraf mühitin digər aspektlərinin keyfiyyətinin tənzimlənməsi üzrə qanunvericilik tədbirləri ilə əlaqələndirmək məqsədi ilə, mümkün qədər kompleks şəkildə, suaşıran sahələr əsasında həyata keçirilməlidir. Bu kompleks üsul, suaşıran sahənin sərhəddən keçən olub-olmamasından asılı olmayaraq, bütün ərazisində (onunla əlaqəsi olan sahilyanı sular, yeraltı suların qidalandığı zona bütünlüklə və ya bu cür suaşıranın yaxud yeraltı suların qidalandığı zonanın uyğun hissələri daxil olmaqla) tətbiq olunur:

 k) su ilə əlaqədar xəstəliklər qarşısında daha zəif olan insanların qorunmasına xüsusi fikir verilməlidir;

 l) cəmiyyətin bütün üzvlərinə, xüsusilə, ağır vəziyyətdə yaşayan və ya sosial tənhalıqdan əzab çəkən insanlara sudan istifadə etmək üçün həm eyni miqdarda, həm də eyni keyfiyyətdə su nöqtəyi-nəzərindən, bərabər hüquq verilməlidir;

 m) fiziki və hüquqi şəxslər və idarələr həm dövlət sektorunda həm də xüsusi sektorda özlərinin su ilə əlaqədar, xüsusi və ictimai qanunlarla təsbit edilmiş hüquq və səlahiyyətlərini yerinə yetirərkən, cavab tədbiri kimi su mühitinin mühafizəsinə və su ehtiyatlarının qorunub saxlanılmasına imkan yaratmalıdırlar; və

 n) bu Protokol yerinə yetirilərkən, yerli problemlər, tələbatlar və biliklər lazımı qaydada nəzərə alınmalıdır.

 

Maddə 6

Məqsəd göstəriciləri və nəzarət müddətləri

 

 1. Bu Protokolun məqsədinə nail olmaq üçün Protokolun Tərəfləri çalışırlar ki:

 a) içməli sudan istifadə etmək hamı üçün mümkün olsun;

 b) sanitariya-profilaktika tədbirləri, məqsədi su ehtiyatlarından dayanıqlı istifadə, ətraf mühitdə keyfiyyəti insan sağlamlığı üçün təhlükəli törəməyən suyun mövcudluğunu təmin etmək və su ekosistemlərinin mühafizəsi olan, su təsərrüfatının fəaliyyətinin kompleks idarə edilməsi sistemləri çərçivəsində hamı üçün həyata keçirilsin.

 2. Həmin məqsədlərlə, Tərəflərin hər biri su ilə əlaqədar xəstəliklərdən yüksək səviyyədə qorunmanı təmin etmək üçün, əldə edilməsi və saxlanılması zəruri olan səmərəlilik normalarına və səviyyələrinə dair milli və/ və ya yerli məqsəd göstəricilərini müəyyən edir və dərc edir. Bu məqsəd göstəriciləri vaxtaşırı yenidən müzakirə edilir. Bununla yanaşı, onlar ictimaiyyətin şəffaf və ədalətli əsasda iştirak etməsi üçün uyğun əməli və/ və ya digər tədbirlər nəzərdə tuturlar və ictimaiyyətin iştirakının nəticələrinin lazımı dərəcədə nəzərə alınmasını təmin edirlər. Ümumdövlət və ya yerli şərait məqsəd göstəricilərini su ilə əlaqədar xəstəliklərin qarşısının alınması, onların yayılma dərəcəsinin məhdudlaşdırılması və azaldılması üçün lazımsız etdiyi hallar istisna edilməklə, bu cür məqsəd göstəriciləri qeyriləri ilə birlikdə aşağıdakıları əhatə edir:

 a) Ümumdünya Səhiyyə Təşkilatının içməli suyun nəzarət üzrə işləyib hazırladığı Təlimatı nəzərə almaqla, təchiz edilən suyun keyfiyyəti;

 b) su ilə əlaqədar xəstəliklərin alışmasının və xəstəlik hadisələrinin miqyasının kiçildilməsi;

 c) kollektiv içməli su təchizatı sistemləri vasitəsi ilə xidmət olunmalı yaxud içməli su ilə təchizatı digər vasitələrlə yaxşılaşdırılmalı olan ərazidəki rayon və ya əhalinin sayı yaxud əhali qruplarının bir hissəsi;

 d) kollektiv sanitariya-profilaktika tədbirləri sistemləri vasitəsi ilə xidmət edilməli və ya digər vasitələrlə sanitariya-profilaktika tədbirləri sistemi yaxşılaşdırılmalı olan ərazidəki rayonu və ya əhalinin sayı yaxud əhali qruplarının bir hissəsi;

 e) bu cür kollektiv sistemlər və uyğun olaraq, digər su təchizatı vasitələri və sanitariya-profilaktika tədbirləri sistemləri vasitəsi ilə əldə edilməli olan elektrik səviyyələri;

 f) içməli su mənbələri kimi istifadə olunan suların mühafizəsi daxil olmaqla, su təchizatının və sanitariya-profilaktika tədbirləri sisteminin idarə edilməsi sahəsində qəbul edilmiş uyğun iş təcrübəsinin tətbiqi;

 g) I. təmizlənməmiş çirkab sularının və

 II. leysan sularının təmizlənməmiş axınlarının çirkab sular üçün olan kollektor sistemlərindən bu Protokolun fəaliyyət sahəsindəki sulara atılma tezliyi;

 h) çirkab sularını təmizləyən qurğudan bu Protokolun fəaliyyət sahəsindəki sulara atılan çirkab sularının keyfiyyəti;

 i) çirkab su töküntülərinin kollektiv sanitariya-profilaktika tədbirləri sistemlərindən və ya digər sanitariya-təmizləyici qurğulardan çıxarılması və ya təkrar istifadə olunması və çirkab sularından və insanın həyat fəaliyyəti tullantılarından kənd təsərrüfatında və akvakulturada təhlükəsiz istifadə edilməsi barədə Ümumdünya Səhiyyə Təşkilatının rəhbər müddəalarını və Birləşmiş Millətlər Təşkilatının ətraf mühitə dair Proqramını nəzərə almaqla, suvarma üçün istifadə edilən çirkab sularının keyfiyyəti;

 j) içməli su mənbəyi kimi istifadə edilən, çimmək üçün münasib olan və ya akvakultura üçün yaxud molyuskların və xərçəngkimilərin çoxaldılması və yığılması üçün istifadə edilən suların keyfiyyəti;

 k) çimmək üçün münasib olan qapalı suların idarə edilməsi sahəsində qəbul edilmiş uyğun iş təcrübəsinin tətbiqi;

 l) su ehtiyatlarına və bu Protokolun fəaliyyət sahəsinə düşən obyektlərə mənfi təsir edən yaxud edə biləcək və beləliklə, su ilə əlaqədar xəstəliklərin yaranması təhlükəsinin mənbəyi olan, xüsusən çirklənmiş yerlərin aşkar edilməsi və qaydaya salınması;

 m) su ehtiyatlarının səmərəli istismarı, işlədilməsi, mühafizəsi və istifadə edilməsi sistemlərinin effektliliyi (istənilən növ mənbədən çirklənmənin məhdudlaşdırılması sahəsində qəbul edilmiş uyğun iş təcrübəsinin tətbiqi daxil olmaqla);

 n) həmin bənddə göstərilən məqsəd göstəricilərinə aid olan, təchiz edilən içməli suyun və digər suların keyfiyyətinə dair məlumatın, 7-ci maddənin 20-ci bəndində nəzərdə tutulan məlumatın dərc edildiyi müddət arasında dərc olunmasının dövriliyi.

 3. Hər bir Tərəf bu Protokolun Tərəfi statusu alan andan başlayaraq iki il müddətində bu maddənin 2-ci bəndində qeyd edilən məqsəd göstəricilərini, eləcə də onlara nail olmanın nəzarət müddətlərini müəyyən edir və dərc edir.

 4. Əgər məqsəd göstəricisinə nail olmaq üçün uzunmüddətli həyata keçirmə prosesi tələb olunursa, bu halda aralıq yaxud mərhələli məqsəd göstəriciləri müəyyən edilir.

 5. Bu maddənin 2-ci bəndində göstərilən məqsəd göstəricilərinə nail olunmasına yardım etmək məqsədi ilə Tərəflərin hər biri:

 a) özünün səlahiyyətli orqanlarının işlərini əlaqələndirmək üçün milli yaxud yerli səviyyədə mexanizmlər yaradır;

 b) sərhədlərarası, milli və/ və ya yerli səviyyədə, suaşıran sahələrə və yeraltı suların qidalandığı zonalara üstünlük verərək, su təsərrüfatının fəaliyyətinin idarə edilməsi planlarını işləyib hazırlayır. Eyni zamanda Tərəflər onlar ictimaiyyətin şəffaf və ədalətli əsasda iştirakı üçün uyğun əməli və/ və ya digər tədbirlər nəzərdə tuturlar və ictimaiyyətin iştirakının nəticələrinin lazımi dərəcədə nəzərə alınmasını təmin edirlər. Bu cür planlar başqa məqsədlərlə işlənib hazırlanmaqda olan digər uyğun planların, proqramların ya da sənədlərin tərkib hissəsi ola bilər, bu şərtlə ki, tərəflər ictimaiyyətin bu maddədə qeyd olunan məqsəd göstəricilərinə nail olmağa dair təkliflər və uyğun nəzarət müddətləri haqqında tam xəbərdar olmalarını təmin etsinlər;

 c) içməli suyun keyfiyyət standartlarına riayət edilməsinə nəzarət və təmin etmək üçün hüquqi və təşkilati əsas yaradır və onu müdafiə edir;

 d) nail olmağa yardım və lazım olduqda bu maddənin 2-ci bəndində qeyd olunan məqsəd göstəricilərinin müəyyən edən səmərəliliyin digər norma və səviyyələrinə riayət olunmasının təminatı mexanizmlərini, müvafiq hallarda, nəzarət məqsədi ilə hüquqi və təşkilati mexanizmləri yaradır və onları müdafiə edir.

 

Maddə 7

Müzakirə və tərəqqinin qiymətləndirilməsi

 

 1. Tərəflərdən hər biri aşağıda göstərilənlərə aid məlumatı toplayır və qiymətləndirir:

 a) özünün, 6-cı maddənin 2-ci bəndində qeyd olunan məqsəd göstəricilərinə nail olma istiqamətində tərəqqisi;

 b) həmin tərəqqinin su ilə əlaqədar xəstəliklərin qarşısının alınmasına, onların yayılma dərəcəsinin məhdudlaşdırılmasına və azaldılmasına nə dərəcədə səbəb olduğunu qiymətləndirməyə imkan verən göstəricilər.

 2. Tərəflərin hər biri məlumatın toplanmasının və qiymətləndirilməsinin nəticələrini vaxtaşırı dərc edir.

 3. Tərəflərin hər biri bu cür məlumatların toplanması məqsədi ilə sudan və axımlardan nümunə götürmənin nəticələrinin ictimaiyyətə çatdırılmasını təmin edir.

 4. Bu cür məlumatın toplanması və qiymətləndirilməsi əsasında, Tərəflərdən hər biri 6-cı maddənin 2-ci bəndində qeyd olunan məqsəd göstəricilərinə nail olunmasında tərəqqinin vaxtaşırı müzakirəsini keçirir və bu tərəqqinin qiymətləndirilməsinin nəticələrini dərc edir. Bu cür müzakirələrin dövriliyini Tərəflərin Müşavirəsi müəyyən edir. Bu bənddə qeyd olunan müzakirələrə 6-cı maddənin 2-ci bəndinə uyğun olaraq, daha tez-tez müzakirə aparmaq imkanına ziyan yetirmədən 6-cı maddənin 2-ci bəndinə qeyd olunan məqsəd göstəriciləri, elmi və texniki bilikləri nəzərə alaraq dəqiqləşdirilməklə, daxildir.

 5. Hər bir Tərəf 17-ci maddədə qeyd olunan katibliyə digər Tərəflər arasında yaymaq üçün, toplanmış və təhlil edilmiş məlumat və əldə olunmuş tərəqqinin qiymətləndirilməsinə aid qısa məruzə təqdim edir. Bu cür məruzələr Tərəflərin Müşavirəsinin müəyyən etdiyi rəhbər prinsiplərə uyğun olmalıdır. Bu rəhbər prinsiplər nəzərdə tuturlar ki, Tərəflər bu məqsədlə digər beynəlxalq forumlar üçün hazırlanmış uyğun məlumatı əhatə edən məruzələrdən istifadə edə bilərlər.

 6. Tərəflərin Müşavirəsi bu Protokolun həyata keçirilməsində nail olunan tərəqqini bu cür qısa məruzələr əsasında qiymətləndirilir..

 

Maddə 8

Cavabvermə sistemləri

 

 1. Tərəflərdən hər biri:

 a) aşağıda göstərilənlər:

 i. su ilə əlaqədar xəstəliklərin alışmasının və ya bu cür alışmaların və hadissələrin ciddi təhlükələrinin, eyni zamanda suların çirklənməsi yaxud fövqəladə təbiət hadisələri nəticəsində bu cür alışmaların və hadisələrin baş verməsinin aşkar edilməsi;

 ii. bu cür alışmalar, hadisələr yaxud təhlükələr haqqında uyğun dövlət orqanlarına tez və dəqiq xəbərdarlıq;

 iii. su ilə əlaqədar xəstəliklərin insan sağlamlığı üçün törədə biləcəyi istənilən labüd təhlükə halında, təhlükəyə məruz qala biləcək əhali arasında, dövlət orqanlarının sərəncamında olan və əhaliyə ziyanın qarşısını almaq və azaltmaq üçün tədbirlər görməkdə kömək edə biləcək bütün məlumatın yayılması;

 iv. profilaktik və bərpa tədbirlərinə dair tövsiyyələrin müzakirə edilmək üçün uyğun dövlət orqanlarına və müvafiq hallarda ictimaiyyətə verilməsi üçün kompleks milli və/və ya yerli nəzarət və erkən xəbərdarlıq sistemlərinin yaradılmasını və təkmilləşdirilməsini;

 b) bu cür alışmalar, hadisələr və təhlükələr baş verdiyi hallarda cavab vermək üçün fövqəladə şəraitdə kompleks milli və yerli fəaliyyət planlarının əsaslı surətdə və vaxtında hazırlanmasını;

 c) uyğun dövlət orqanlarına, fövqəladə şəraitdə konkret fəaliyyət planına uyğun olaraq, risklə bağlı bu cür alışmalara, hadisələrə yaxud vəziyyətlərə cavab vermək üçün imkanların verilməsini lazımi qaydada təmin edir.

 2. Nəzarət və erkən xəbərdarlıq sistemləri, fövqəladə şəraitlərdə fəaliyyət planları və su ilə əlaqədar xəstəliklərin baş verməsinə cavabvermə imkanları digər sahələrə aid olan analoji mexanizmlərlə uyğunlaşdırıla bilər.

 3. Bu Protokolun Tərəfi statusunu alan andan üç il müddətində hər bir Tərəf nəzarət və erkən xəbərdarlıq sistemlərini, fövqəladə şəraitlərdə fəaliyyət planlarını işə salır və həmin maddənin 1-ci bəndində qeyd olunan cavab vermə imkanlarını təmin edir.

 

Maddə 9

İctimaiyyətin məlumatlılığı, təlim verilmə, hazırlıq, elmi tədqiqat və təcrübə-konstruktor işləri və məlumat

 

 1. Tərəflər əhalinin bütün qruplarının aşağıda göstərilənlər:

 a) su təsərrüfatının fəaliyyətinin və səhiyyənin, onlar arasındakı qarşılıqlı əlaqənin idarə edilməsi imkanı;

 b) fiziki və hüquqi şəxslərin həm dövlət, həm də xüsusi sektorun idarələrinin, xüsusi və ictimai hüquqla təsbit edilmiş və suya aid hüquq və səlahiyyətləri, eləcə də, onların su mühitinin mühafizəsinə və su ehtiyatlarının qorunub saxlanmasına kömək etmək sahəsində mənəvi vəzifələri haqqında məlumatlılığını yüksəltməyə yönəldilmiş tədbirlər görürlər.

 2. Tərəflər imkan yaradırlar ki:

 a) su təsərrüfatının fəaliyyətinin idarə edilməsi, su təchizatı və sanitariya-profilaktika tədbirləri üçün məsuliyyət daşıyan şəxslər işlərinin insan sağlamlığının mühafizəsinə aid olan aspektlərini başa düşsünlər;

 b) insan sağlamlığının mühafizəsi üçün məsuliyyət daşıyan şəxslər su təsərrüfatının fəaliyyətinin, su təchizatının və sanitariya-profilaktika tədbirləri sisteminin idarə edilməsinin əsas prinsiplərini başa düşsünlər.

 3. Tərəflər su ehtiyatlarının idarə edilməsi, su təchizatı sistemlərinin istismarı və sanitariya-profilaktika tədbirləri sistemlərinin həyata keçirilməsi üçün lazım olan peşəkar və texniki kadrların təhsil almasını və hazırlanmasını, eləcə də, onların yenidən hazırlanmasını, biliklərinin və təcrübələrinin təkmilləşdirilməsini təşviq edirlər.

 4. Tərəflər

 a) elmi tədqiqat işlərinin aparılmasını və su ilə əlaqədar xəstəliklərin qarşısının alınması, onların yayılma dərəcəsinin məhdudlaşdırılması və azaldılmasının az xərc tələb edən vasitələrinin və metodlarının işlənib hazırlanmasını;

 b) uzunmüddətli tendensiyalara, narahatlıq yaradan mövcud amillərə və keçmişdə baş vermiş problemlərə, eləcə də, onların müvəffəqiyyətlə həll olunması yollarına dair məlumatı işləyib hazır şəklə salmağa imkan verən kompleks məlumat sistemlərinin işlənib hazırlanmasını və bu məlumatın səlahiyyətli orqanlara verilməsini təsdiq edirlər.

 

Maddə 10

İctimaiyyətin məlumatlandırılması

 

 1. Bu Protokolun Tərəflərdən konkret məlumat yaxud sənəd dərc etdirmək barədə tələblərinə əlavə olaraq, hər bir Tərəf ictimaiyyətin öhdəsinə o məlumatın verilməsi üçün öz qanunvericiliyi çərçivəsində tədbirlər görür ki, həmin məlumat dövlət orqanlarında olsun və ona aşağıda göstərilən məsələləri geniş müzakirə etmək üçün məntiqi - zəruri məlumat almağa imkan versin:

 a) məqsəd göstəricilərinin və onlara nail olmağın nəzarət müddətlərinin müəyyən olunması və 6-cı maddəyə uyğun olaraq, su təsərrüfatının fəaliyyətinin idarə edilməsi planlarının qəbul edilməsi;

 b) 8-ci maddəyə uyğun olaraq, nəzarət və erkən xəbərdarlıq sistemlərinin yaradılması, təkmilləşdirilməsi, onlara texniki xidmət edilməsi və fövqəladə şəraitlərdə fəaliyyət planlarının qəbul edilməsi;

 c) 9-cu maddəyə uyğun olaraq, ictimaiyyətin məlumatlığının yüksəldilməsinə, təhsilə, hazırlığa, elmi-tədqiqat işlərinə, təcrübə-konstruktor işlərinə və məlumat alınmasına yardım.

 2. Hər bir Tərəf təmin edir ki, dövlət orqanları bu Protokola riayət olunmasına dair digər məlumatın verilməsi xahişinə cavab olaraq, ictimaiyyətə bu cür məlumatı milli qanunvericilik çərçivəsində münasib müddətdə versinlər.

 3. Tərəflər 7-ci maddənin 4-cü bəndində və həmin maddənin 1-ci bəndində qeyd olunan məlumatı yoxlamaq məqsədi ilə, ictimaiyyəti həmin məlumatla münasib müddətdə pulsuz tanış olmasına imkan yaradır və ictimaiyyət nümayəndələrinə bu cür məlumatın surətini Tərəflərdən münasib qiymətə almaq üçün praktiki imkanlar verirlər.

 4. Bu Protokolda heç bir şey dövlət orqanlarından məlumatı dərc etməyi yaxud məlumatın ictimaiyyətə verilməsini tələb etmir, əgər:

 a) dövlət orqanlarında həmən məlumat yoxdursa;

 b) məlumatın alınması haqqında xahiş açıq-aşkar əsassızdırsa, ya da həddindən artıq ümumi şəkildə ifadə olunmuşdursa; və ya

 c) məlumat hazırlığın son mərhələsində olan materiallara yaxud dövlət orqanlarının daxili yazışması materiallarına aiddirsə; o şərtlə ki, bu cür istisna milli qanunvericiliklə, ya da yaranmış təcrübə ilə, ictimaiyyətin onu hamıya bildirməkdə maraq nəzərə alınmaqla, nəzərdə tutulsun.

 5. Əgər bu cür məlumatın hamıya bildirilməsi aşağıda göstərilənlərə mənfi təsir edəcəkdirsə, bu Protokolda heç bir şey dövlət orqanından məlumatı dərc etməyi, ya da məlumatı ictimaiyyətə verməyi tələb etmir;

 a) dövlət orqanlarının işinin məxfiliyinə (bu cür məxfilik milli qanunvericiliklə nəzərə alındığı hallarda);

 b) beynəlxalq münasibətlərə, milli müdafiə yaxud dövlət təhlükəsizliyinə;

 c) ədalət məhkəməsinin icrasına, şəxslər üçün ədalətli məhkəmə istintaqının mümkünlüyünə və ya dövlət orqanlarının cinayət və ya inzibati xarakterli araşdırmalar aparmaq bacarığına;

 d) ticarət və sənaye məlumatlarının məxfiliyinə, (bu cür məxfiliyin qanuni iqtisadi maraqların müdafiəsi məqsədi ilə qanunla qorunduğu hallarda);

 e) intellektual mülkiyyət hüquqlarına;

 f) fiziki şəxsə aid şəxsi məlumatın və/ və ya arxivlərin məxfiliyinə, (milli qanunvericiliyin müddəalarına uyğun olaraq, uyğun şəxsin bu cür məlumatın ictimaiyyətə verilməsinə razılıq vermədiyi hallarda);

 g) tələb olunan məlumatı verən üçüncü tərəfin maraqlarına (əgər həmin tərəf bu cür hərəkət etmək üçün qanuni öhdəliklə bağlı deyilsə yaxud həmən tərəfin üzərinə bu cür öhdəlik qoyula bilməzsə və həmin tərəf uyğun materialın hamıya bildirməsinə razılıq vermirsə); ya da

 h) həmən məlumatın aid olduğu ətraf mühit, məsələn, nadir növlərin çoxaldıldığı yerlərdir.

 İmtina edilmə üçün yuxarıda qeyd olunan əsaslar, ictimaiyyətin həmən məlumatı hamıya bildirməkdə marağını nəzərə almaqla və tələb olunan məlumatın ətraf mühitə tullantılara və atılmalara aid olub olmadığını nəzərə almaqla, məhdud şərh olunur.

 

Maddə 11

Beynəlxalq əməkdaşlıq

 

 Tərəflər əməkdaşlıq edirlər və lazım olduqda bir-birinə:

a) bu Protokolun məqsədlərini müdafiə edən beynəlxalq fəaliyyətin həyata keçirilməsində;

b) bu Protokolu yerinə yetirmək üçün milli və yerli planların, uyğun tələblər olduqda, həyata keçirilməsində yardım göstərirlər.

 

Maddə 12

Birgə və razılaşdırılmış beynəlxalq fəaliyyət

 

 11-ci maddənin a) yarımbəndinə uyğun olaraq, Tərəflər aşağıda göstərilənlərə dair beynəlxalq fəaliyyət sahəsində əməkdaşlığa imkan yaradırlar:

 a) 6-cı maddənin 2-ci bəndində qeyd olunan məsələlər üzrə birgə razılaşdırılmış məqsəd göstəricilərinin işlənib hazırlanması;

 b) su ilə əlaqədar xəstəliklərin qarşısının alınması, onların yayılma dərəcəsinin məhdudlaşdırılması və azaldılması ilə əlaqədar fəaliyyətin nə dərəcədə müvəffəqiyyətli olduğunu aydın göstərmək üçün 7-ci maddənin 1b bəndinin məqsədləri üçün göstəricilərin işlənib hazırlanması;

 c) su ilə əlaqədar xəstəliklərin alışmasına və xəstələnmə hadisələrinə, xüsusilə suyun çirklənməsi, ya da fövqəladə təbiət hadisələrinin ciddi təhlükəsinə cavab vermək məqsədi ilə,  8-ci maddəyə uyğun olaraq təmin olunan milli sistemlər və ya onlara cavab çərçivəsində, birgə yaxud razılaşdırılmış nəzarət sistemlərinin, erkən xəbərdarlıq sistemlərinin, fövqəladə şəraitlərdə fəaliyyət planlarının və cavabvermə imkanlarının yaradılması;

 d) su ilə əlaqədar xəstəliklərin alışmasına və xəstələnmə hallarına və xüsusilə suyun çirklənməsi ya da fövqəladə təbiət hadisələri ilə əlaqədar olaraq, bu cür alışmaların və hadisələrin ciddi təhlükəsinin olmasına cavabvermə sahəsində qarşılıqlı yardım;

 e) kompleks məlumat sistemlərinin və məlumat bazalarının işlənib hazırlanması, məlumat mübadiləsi, eləcə də, texniki və hüquqi biliklər və təcrübə mübadiləsi;

 f) bir Tərəfin səlahiyyətli orqanlarının aşağıda göstərilənlərə məruz qala biləcək digər Tərəfin uyğun orqanlarına operativ surətdə və dəqiq xəbərdarlığı:

 i. su ilə əlaqədar xəstəliyin alışmaları və hadisələri, və

 ii. aşkar olunmuş bu cür alışmaların və xəstələnmə hadisələrinin ciddi təhlükəsi;

 g) ictimaiyyət arasında su ilə əlaqədar xəstəliklər barədə məlumatın yayılmasının effektiv vasitələri haqqında məlumat mübadiləsi.

 

Maddə 13

Sərhəddən keçən sularla əlaqədar əməkdaşlıq

 

 1. Hər hansı Tərəflər eyni sərhəddən keçən sularla həmsərhəd olduqları hallarda özlərinin 11 və 12-ci maddələrə görə digər öhdəliklərinə əlavə olaraq, su ilə əlaqədar xəstəliklərin sərhəddən keçən nəticələrinin qarşısının alınmasında, məhdudlaşdırılmasında və azaldılmasında əməkdaşlıq edirlər və lazım olduqda bir-birinə yardım edirlər. O cümlədən, onlar:

 a) sərhəddən keçən sular və onlarla bağlı problemlər və risklər barədə, həmin sularla həmsərhəd olan digər Tərəflərlə məlumat və bilgilər mübadiləsi edirlər;

 b) eyni sərhəddən keçən sularla həmsərhəd olduqları digər Tərəflərlə birlikdə 6-cı maddələrinin 5-ci bəndinə uyğun olaraq, su təsərrüfatının fəaliyyətinin idarə edilməsinin birgə və razılaşdırılmış planlarını və 8-ci maddənin 1-ci bəndinə uyğun olaraq, su ilə əlaqədar xəstəliklərin alışmasına və xəstəlik hadisələrinə, xüsusilə suyun çirklənməsi və ya fövqəladə hava hadisələri ilə əlaqədar bu cür alışmaların və hadisələrin ciddi təhlükələrinin mövcudluğuna cavab vermək məqsədi ilə, nəzarət və erkən xəbərdarlıq sistemlərini və fövqəladə şəraitlər üçün fəaliyyət planlarını həyata keçirməyə çalışırlar;

 c) bərabərlik və qarşılıqlıq əsasında, bu Protokolun əsas prinsipləri ilə istənilən ziddiyyətləri aradan götürmək və bu Protokolun məqsədlərinə münasibətdə özlərinin qarşılıqlı münasibətlərini və hərəkətlərini müəyyən etmək məqsədi ilə, həmsərhəd olduqları sərhəddən keçən sular barədə özlərinin saziş və müqavilələrini uyğunlaşdırırlar;

 d) istənilən Tərəfin xahişi ilə, su ilə əlaqədar uyğun xəstəliyin insan sağlamlığına edə biləcəyi mənfi təsirin ciddiliyi haqqında bir-biri ilə məsləhətləşirlər.

 2. Protokolun müvafiq Tərəfləri Konvensiyanın Tərəfləri olduqları hallarda, su ilə əlaqədar xəstəliklərin sərhəddən keçən təsir olan, istənilən sərhəddən keçən nəticələri ilə əlaqədar bu cür əməkdaşlıq və yardım Konvensiyanın müddəalarına uyğun olaraq həyata keçirilir.

 

Maddə 14

Milli fəaliyyət beynəlxalq tərəfdarlıq

 

 Tərəflər 11-ci maddənin b) yarımbəndinə uyğun olaraq, milli və yerli planlarını həyata keçirməkdə bir-biri ilə əməkdaşlıq və bir-birinə kömək etdikləri zaman, o cümlədən, aşağıda göstərilənlərə kömək məqsədi ilə ən yaxşı yardım yolunu seçmək məsələsinə baxırlar:

 a) su təsərrüfatının fəaliyyətinin sərhəddən keçən milli və/və ya yerli kontekstə idarə edilməsi planlarının və su təchizatı və sanitariya-profilaktika tədbirləri sxemlərinin hazırlanmasına;

 b) maliyyələşdirmə mənbələrindən istifadə etməyi asanlaşdırmaq məqsədi ilə, bu cür planlara və sxemlərə uyğun olaraq, layihələrin, xüsusilə, infrastrukturun inkişafı layihələrinin işlənib hazırlanmasının təkmilləşdirilməsinə;

 c) bu cür layihələrin effektiv yerinə yetirilməsinə;

 d) nəzarət və erkən xəbərdarlıq sistemlərinin yaradılmasına, fövqəladə şəraitlərdə fəaliyyət planlarının işlənib hazırlanması və su ilə əlaqədar xəstəliklərin baş verməsi hallarında cavabvermə imkanlarının yaradılmasına;

 e) bu Protokolun həyata keçirilməsini dəstəkləmək üçün lazım olan qanunvericiliyin hazırlanmasına;

 f) ən əsas peşəkar və texniki kadrların təhsilinə və hazırlanmasına;

 g) elmi tədqiqatlara və su ilə əlaqədar xəstəliklərin qarşısının alınması, onların yayılma dərəcəsinin məhdudlaşdırılması və azaldılmasının az xərc tələb edən vasitələrinin və üsullarının işlənib hazırlanmasına;

 h) effektiv monitorinq şəbəkələrinin işlənməsinə və su təsərrüfatı idarələrinin işinin effektivliyinin və keyfiyyətinin qiymətləndirilməsinə və kompleks məlumat bazalarının və məlumat sistemlərinin inkişafına;

 i) monitorinq üzrə fəaliyyətin zəmanət verilmiş keyfiyyətinin təmin olunmasına (laboratoriyalararası müqayisəetmələr daxil olmaqla).

 

 

Maddə 15

Riayət edilməyə nəzarət

 

 Tərəflər 7-ci maddədə qeyd olunan müzakirələr və qiymətləndirilmələr əsasında, Tərəfləri bu Protokolun müddəalarına riayət etmələrini nəzərdən keçirirlər. Riayət edilməyə nəzarət üzrə münaqişə və məhkəmə xarakterli deyil, məsləhətləşmə xarakteri daşıyan çoxtərəfli tədbirləri Tərəflər özlərinin birinci müşavirəsində müəyyən edirlər. Bu tədbirlər ictimaiyyətin lazımi iştirakını təmin etməlidir.

 

Maddə 16

Tərəflərin müşavirəsi

 

 1. Tərəflərin birinci müşavirəsi bu Protokolun qüvvəyə mindiyi gündən on səkkiz aydan gec olmayaraq çağırılır. Sonralar növbəti müşavirələr Tərəflərin təyin etdiyi müntəzəm fasilələrlə üç ildə bir dəfədən kec olmayaraq, bu maddənin 2-ci bəndinin məqsədlərinə nail olmaq üçün müşavirə çağırılması zəruri olan hallar istisna olmaqla, çağırılır. Əgər Tərəflər növbəti müşavirələrində növbədənkənar müşavirə keçirmək haqqında qərar qəbul edirlərsə, ya da Tərəflərdən biri yazılı xahişlə müraciət edirsə və bu xahişi bütün Tərəflərə xəbərdarlıq edilən gündən altı ay müddətində Tərəflərin üçdə birindən az olmayan hissəsi dəstəkləyirsə, Tərəflər növbədənkənar müşavirələr keçirirlər.

 2. Tərəflərin növbəti müşavirələri, imkan daxilində, Konvensiyanın Tərəflərinin müşavirələri vaxtı keçirilir.

 3. Tərəflər öz müşavirələrində bu Protokolun yerinə yetirilməsinə nəzarət edirlər və bu məqsədi nəzərə alaraq:

 a) su ilə əlaqədar xəstəliklərin qarşısının alınması, onların yayılma dərəcəsinin məhdudlaşdırılması və azaldılması üzrə siyasətə və metodoloji üsullara baxılmasını həyata keçirirlər onların uyğunlaşdırılmasına kömək edirlər və 11, 12, 13 və 14-cü maddələrə uyğun olaraq, sərhədlərarası və beynəlxalq əməkdaşlığı möhkəmləndirirlər;

 b) bu Protokolun həyata keçirilməsi sahəsindəki tərəqqini Tərəflərin Müşavirəsinin müəyyən etdiyi rəhbər prinsiplərə uyğun olan, Tərəflərin təqdim etdikləri məlumat əsasında qiymətləndirirlər;

 c) Konvensiyanın həyata keçirilməsində nail olunan tərəqqi haqqında məlumat alırlar;

 d) Konvensiyanın Tərəflərinin Müşavirəsi ilə məlumat mübadiləsi edirlər yə onunla birgə fəaliyyətin həyata keçirilməsinin mümkünlüyunü müzakirə edirlər;

 e) lazım olduqda, Avropa iqtisadi komissiyasının və Ümumdünya Səhiyyə təşkilatının Avropa regional komitəsinin müvafiq orqanlarının xidmətlərindən istifadə edirlər;

 f) digər səlahiyyətli beynəlxalq hökumət və qeyri-hökumət orqanlarının bütün müşavirələrdə və bu Protokolun məqsədlərinə çatmaqla əlaqədar olan digər fəaliyyət növlərində iştirakının şərtlərini təyin edirlər;

 g) məlumatdan istifadə etmək hüququna, ictimaiyyətin qərar qəbuletmə prosesində iştirakına və ictimaiyyətin qərarlara məhkəmə və inzibati qaydada yenidən baxılması üsullarından istifadə etmək hüquqlarına aid sonrakı tədbirlərin görülməsinin zəruriliyinə bu Protokol çərçivəsində, həmin məsələlər üzrə digər beynəlxalq forumlarda qazanılmış təcrübəni nəzərə alaraq, baxırlar;

 h) bu Protokola və Konvensiyaya uyğun olaraq, birgə həyata keçirilməli olan işin, layihələr daxil olmaqla, proqramını işləyib hazırlayırlar və bu iş proqramının həyata keçirilməsi üçün lazım olan istənilən orqanları yaradırlar;

 i) bu Protokolun müddəalarının həyata keçirilməsinə imkan yaradan rəhbər prinsipləri və tövsiyyələri müzakirə edirlər və qəbul edirlər;

 j) birinci müşavirədə konsensus yolu ilə öz müşavirələrinin prosedur qaydalarını müzakirə edirlər və qəbul edirlər. Həmin prosedur qaydalarında Konvensiya Tərəflərinin Müşavirəsi ilə harmonik əməkdaşlığa imkan yaratmağa yönədilmiş müddəa vardır;

 k) bu Protokola düzəlişlər etmək haqqında təklifləri müzakirə edirlər və qəbul edirlər;

 l) bu Protokolun məqsədlərinə nail olmaq üçün tələb oluna biləcək istənilən əlavə tədbirləri müzakirə edirlər və həyata keçirirlər.

 

Maddə 17

Katiblik

 

 1. Avropa İqtisadi Komissiyasının icraçı katibi və Ümumdünya Səhiyyə Təşkilatının Avropa regional bürosunun regional direktoru həmin Protokolla əlaqədar aşağıdakı katiblik funksiyalarını yerinə yetirirlər:

 a) Tərəflərin Müşavirəsini hazırlayır və çağırırlar;

 b) bu Protokolun müddəalarına uyğun olaraq, alınmış məruzələri və digər məlumatları Tərəflərə verirlər;

 c) əldə olan vəsaitələrə əsasən Tərəflərin Müşavirəsinin təyin edə biləcəyi digər bu cür funksiyaları həyata keçirirlər.

 2. Avropa İqtisadi Komissiyasının icraçı katibi və Ümumdünya Səhiyyə Təşkilatının Avropa regional bürosunun regional direktoru:

 a) özlərinin qarşılıqlı anlaşma haqqında Memorandumdakı funksiyalarının dürüst müəyyən edilməsi mexanizmlərini dəqiqləşdirirlər;

 b) Tərəflərə 16-ci maddənin 3-cü bəndində qeyd edilən iş proqramının yerinə yetirilməsinin elementləri və şərtləri haqqında xəbər verirlər.

 

Maddə 18

Protokola düzəlişlər

 

 1. İstənilən Tərəf bu Protokola düzəlişlər təklif edə bilər.

 2. Bu Protokola düzəlişlər barədə təkliflərə Tərəflərin Müşavirəsində baxılır.

 3. Bu Protokola təklif olunan istənilən düzəlişin mətni yazılı şəkildə katibliyə təqdim olunur, o da təkliflərin qəbul olunacağı müşavirənin başlanmasına doxsan gün qalmışdan gec olmayaraq, təklif barədə bütün Tərəflərə xəbər verir.

 4. Bu Protokola düzəliş müşavirədə iştirak edən Tərəflərin nümayəndələrinin konsensusu ilə qəbul edilir. Qəbul edilmiş düzəlişi katiblik Depozitariyə göndərir, o da öz növbəsində düzəlişi qəbul edilmək üçün bütün Tərəflər arasında yayır. Düzəliş, onu qəbul etmiş Tərəflər üçün, bu Tərəflərin üçdən ikisinin verilmiş düzəlişi qəbul etdikləri haqqında öz sənədlərini Depozitariya saxlamaq üçün verdiyi gündən başlayaraq, doxsanıncı gün qüvvəyə minir. Düzəliş istənilən digər Tərəf üçün, həmin Tərəfin düzəlişi qəbul etdiyi haqqında öz sənədini saxlanılmağa verdiyi gündən başlayaraq doxsanıncı gün qüvvəyə minir.

 

Maddə 19

Səs hüququ

 

 1. Bu maddənin 2-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, hər Tərəf bir səsə malikdir.

 2. Regional iqtisadi inteqrasiya təşkilatları, onların üzvü olan Tərəf - dövlətlərin sayına bərabər səs hüququna malik olaraq, səlahiyyətləri daxilindəki məsələlər üzrə öz səs hüquqlarını həyata keçirirlər. Əgər üzv olan dövlətlər özlərinin səs hüquqlarını həyata keçirirlərsə, bu cür təşkilatlar öz səs hüquqlarını itirirlər və əksinə.

 

Maddə 20

Mübahisələrin nizama salınması

 

 1. İki və ya daha çox Tərəflər arasında bu Protokolun şərh olunması yaxud onun tətbiq edilməsi barədə mübahisə baş verdikdə, onlar mübahisəni danışıqlar yolu ilə və ya mübahisədə iştirak edən Tərəflər üçün münasib olan istənilən digər yolla nizama salmağa çalışırlar.

 2. Bu Protokolun imzalanması, ratifikasiya edilməsi, qəbul edilməsi yaxud təsdiq edilməsi, ya da ona qoşulma zamanı və ya bundan sonra istənilən vaxt istənilən Tərəf Depozitariyə yazılı şəkildə elan edə bilər ki, bu maddənin 1-ci bəndinə uyğun olaraq, nizama salınmamış mübahisəyə görə o, mübahisənin nizama salınma vasitələrindən aşağıda göstərilən birini, öz üzərinə onun kimi öhdəlik götürmüş istənilən Tərəf üçün zəruri vasitə kimi qəbul edir:

 a) mübahisənin Konvensiyanın Konvensiya ilə əlaqədar baş verən mübahisələrin nizama salınmasına dair müddəalarına uyğun olaraq nizama salınması (əgər Protokolun Tərəfləri Konvensiyanın Tərəfləridirlərsə və Konvensiyada nəzərdə tutulan, mübahisənin nizama salınması vasitələrindən birini və ya hər ikisini özlərinin hər birinə görə zəruri vasitə kimi qəbul etməyə razı olublarsa);

 b) istənilən digər hallarda, əgər Tərəflər arbitraj barədə və yaxud mübahisənin hər hansı digər nizama salınması üsulu barədə razılığa gəlməzlərsə, mübahisənin baxılmaq üçün Beynəlxalq Məhkəməyə verilməsi.

 

Maddə 21

İmzalanma

 

 Bu Protokol Londonda 1999-cu il iyunun 17 və 18-də nazirlər səviyyəsində üçüncü «Ətraf mühit və sağlamlıq» Konfransının keçirilməsi münasibəti ilə, sonra da Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Mərkəzi idarələrində 2000-ci il iyunun 18-ə kimi Avropa İqtisadi Komissiyasının üzvü olan dövlətlər, Ümumdünya Səhiyyə Təşkilatının Avropa regional Komitəsinin üzvü olan dövlətlər, İqtisadi və İctimai Şuranın 1947-ci il 28 mart tarixli, 36 nömrəli (IV) qətnaməsinin 8-ci bəndinə uyğun olaraq, Avropa İqtisadi Komissiyasının və ya Ümumdünya Səhiyyə Təşkilatının Avropa regional komitəsinin üzvü olan suveren dövlətlərin yaratdıqları və bu Protokolla tənzimlənən məsələlərə görə səlahiyyət verdikləri, həmən məsələlərə dair müqavilələr bağlamaq sələhiyyətləri daxil olmaqla, regional iqtisadi inteqrasiya təşkilatları tərəfindən imzalanmaq üçün açıqdır.

 

Maddə 22

Ratifikasiya etmə, qəbul etmə, təsdiq etmə və ya qoşulma

 

 1. Bu Protokol onu imzalamış dövlətlər və regional iqtisadi inteqrasiya təşkilatları tərəfindən ratifikasiya edilməli, qəbul edilməli yaxud təsdiq edilməlidir.

 2. Bu Protokol 21-ci maddədə göstərilmiş dövlətlərin və təşkilatların qoşulması üçün açıqdır.

 3. 21-ci maddədə göstərilən istənilən təşkilat Tərəf olduqda, bu təşkilatın üzvü olan dövlətlərdən heç biri Tərəf deyildirsə, o, bu Protokolda nəzərdə tutulan bütün öhdəçiliklərlə bağlıdır. Bu cür təşkilatların üzvü olan bir və ya bir neçə dövlət Tərəf olduqda, həmən təşkilat və onun üzvü olan dövlətlər özlərinin bu Protokol üzrə öhdəliklərini yerinə yetirməyə görə uyğun vəzifələri barədə qərar qəbul edirlər. Belə hallarda həmin təşkilat və üzv olan dövlətlər bu Protokolda nəzərdə tutulan hüquqlardan eyni zamanda istifadə edə bilməzlər.

 4. 21-ci maddədə göstərilən regional iqtisadi inteqrasiya təşkilatları özlərinin ratifikasiya etmə, qəbul etmə, təsdiq etmə və ya qoşulma haqqında sənədlərində həmin Protokolla tənzim olunan məsələlərlə əlaqədar səlahiyyətlərinin hüdudları haqqında məlumat verirlər. Bu təşkilatlar, eləcə də, öz səlahiyyətlərinin hüdudlarının istənilən ciddi dəyişməsi haqqında Depozitariyə xəbər verirlər.

 5. Ratifikasiya etmə, qəbul etmə, təsdiq etmə və ya qoşulma haqqında sənədlər saxlanılmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş katibinə təhvil verilir.

 

Maddə 23

Qüvvəyə minmə

 

 1. Bu Protokol ratifikasiya etmə, qəbul etmə, təsdiq etmə və ya qoşulma haqqında on altıncı sənəd saxlanılmağa veriləndən sonra, doxsanıncı gün qüvvəyə minir.

 2. Bu maddənin 1-ci bəndindəki məqsədlər üçün regional iqtisadi inteqrasiya təşkilatının təhvil verdiyi istənilən sənəd bu cür təşkilatın üzvü olan dövlətlərin saxlanılmaq üçün təhvil verdikləri sənədlərə əlavə kimi sayılmır.

 3. Ratifikasiya etmə, qəbul etmə, təsdiq etmə və ya qoşulma haqqında on altıncı sənəd saxlanılmaq üçün təhvil veriləndən sonra bu Protokolu ratifikasiya edən, qəbul edən, təsdiq edən və ya ona qoşulan, 21-ci maddədə göstərilən hər bir dövlət ya da təşkilat üçün Protokol, bu cür dövlətin ya da təşkilatın özünün ratifikasiya etmə, qəbul etmə, təsdiq etmə və ya qoşulma haqqında sənədini saxlanılmaq üçün təhvil verəndən sonra doxsanıncı gün qüvvəyə minir.

 

Maddə 24

Protokoldan çıxma

 

 Bu Protokol hər hansı bir Tərəf üçün qüvvəyə minən gündən, üç il ərzində həmin Tərəf istənilən vaxt Depozitariyə yazılı xəbərdarlıq göndərməklə Protokoldan çıxa bilər. İstənilən bu cür Protokoldan çıxma Depozitarinin o barədə xəbərdarlıq aldığı gündən sonra doxsanıncı gün qüvvəyə minir.

 

Maddə 25

Depozitari

 

 Bu Protokolun Depozitarisi kimi Birləşmiş Millətlər Təşkilatının Baş katibi çıxış edir.

 

Maddə 26

Həqiqi mətnlər

 

 İngilis, alman, rus və fransız mətnləri eyni dərəcədə mötəbər olan bu Protokolun əsli Birləşmiş Millətlər Təşkilatının Baş katibinə saxlanılmaq üçün təhvil verilir.

 Bunu təsdiq edərək, buna görə lazımı səviyyədə səlahiyyət verilmiş aşağıda imza edənlər bu Protokolu imzaladılar.

 Londonda iyunun on yeddisindən, min doqquz yüz doxsan doqquzuncu ildə icra edilib.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status