AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
08.01.2010
QEYDİYYAT NÖMRƏSİ
4
ADI
"Məktəbə hazırlığın təşkili Qaydaları"nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-01-2010, Nəşr nömrəsi: 01, Maddə nömrəsi: 50)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
08.01.2010
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
190.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Məktəbə hazırlığın təşkili Qaydaları"nın təsdiq edilməsi haqqında

"Məktəbə hazırlığın təşkili Qaydaları"nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

 "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 1.8-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Məktəbə hazırlığın təşkili Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 Azərbaycan Respublikasının Baş naziri   A.RASİZADƏ

 

Bakı şəhəri, 8 yanvar 2010-cu il

                       № 4

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2010-cu il 8 yanvar tarixli 4 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Məktəbə hazırlığın təşkili

 

QAYDALARI

 

1. ÜMUMİ MÜDDƏALAR

 

1.1. Bu Qaydalar "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun hazırlanmışdır və məktəbə hazırlığın təşkili məsələlərini tənzimləyir.

1.2. Məktəbəqədər təhsil təhsilin ilk pilləsi olmaqla, uşaqların intellektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini təmin edir.

1.3. Beş yaşlı uşaqlar üçün məktəbə hazırlıq zəruridir.

1.4. Məktəbəqədər yaşlı uşağın təhsili onun inkişafının süni surətdə tezləşməsinə deyil, zənginləşdirilməsinə istiqamətləndirilməlidir.

1.5. Məktəbəqədər təhsil müəssisələrində məktəbəhazırlıq qrupları 5 yaşdan 6 yaşadək uşaqları əhatə edir və mülkiyyət formasından asılı olmayaraq, bütün məktəbəqədər təhsil müəssisələrində ehtiyac olduğu halda, 5 yaşlı uşaqlar üçün məktəbəhazırlıq qrupları təşkil olunmalıdır.

1.6. Beşyaşlıların məktəbə hazırlığı "Məktəbəqədər müəssisələrdə tərbiyə və təlim Proqramı" əsasında (məktəbəqədər təhsil üzrə kurikulum) həyata keçirilir. Eyni zamanda yeni alternativ proqramlardan da istifadə oluna bilər.

1.7. Beşyaşlıların məktəbə hazırlığı məktəbəqədər təhsil müəssisələrində, ümumtəhsil müəssisələrinin müvafiq strukturlarında, ailədə və qısamüddətli təlim qruplarında aparıla bilər. Uşaqları məktəbəqədər təhsil müəssisələrinə getməyən valideynlər üçün uşaqlarını məktəbə hazırlamaq istiqamətində maarifləndirilmək məqsədi ilə müxtəlif xidmətlər təşkil edilə bilər.

1.8. Məktəbəqədər təhsil müəssisələrində uşaqların fiziki, əqli və psixoloji cəhətdən məktəbə hazırlığını müəyyənləşdirmək məqsədi ilə onların diaqnostikası həyata keçirilməlidir.

 

2. MƏKTƏBƏ HAZIRLIĞIN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ

 

2.1. Məktəbə hazırlığın əsas məqsədi beşyaşlı uşaqların tələb və imkanlarını nəzərə almaqla onların məktəbə hazırlıq mərhələsində inkişafı, tərbiyəsi və təhsili prosesini təşkil etməkdir.

2.2. Məktəbə hazırlığın vəzifələri uşaqlarda oxumaq həvəsinin, onların məktəbə müsbət emosional münasibətinin inkişaf etdirilməsi və möhkəmləndirilməsi, uşaqların məktəbə müvəffəqiyyətlə adaptasiya olunması üçün onlarda şəxsi-sosial xüsusiyyətlərin formalaşdırılmasıdır.

 

3. MƏKTƏBƏ HAZIRLIĞIN TƏŞKİLİ ÜÇÜN QOYULAN TƏLƏBLƏR

 

Məktəbə hazırlığın təşkili üçün aşağıdakı tələblər qoyulur:

məktəb təliminə hazırlanan uşaqların psixoloji və psixofizioloji xüsusiyyətlərinin öyrənilməsi;

məktəbəqədər yaşlı uşaqların müvəffəqiyyətli təhsil və tərbiyəsinin təşkili əsaslarının müəyyənləşdirilməsi;

gələcək birinci sinif şagirdlərinin şəxsi keyfiyyətlərinin aşkara çıxarılması;

uşaqların inkişafının izlənilməsi üçün müşahidə gündəliklərinin aparılması;

istedadlı uşaqların aşkara çıxarılması, onların potensial imkanlarının inkişaf etdirilməsi məqsədi ilə hər bir uşağın fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi istiqamətində müvafiq işlərin aparılması;

uşağın məktəb təliminə hazırlığı zamanı hər şeydən əvvəl onun aşağıdakıları əhatə edən fiziki, şəxsiyyətyönümlü, intellektual və sosial hazırlığı nəzərdə tutulmalıdır:

 

fiziki hazırlıq:

uşağın sağlamlığının vəziyyəti, uşaq orqanizminin morfofunksional yetişkənliyi;

hərəki fəaliyyətin, xüsusilə xırda motorikanın koordinasiyasının inkişafı;

fiziki və əqli qabiliyyətin inkişafı;

şəxsiyyətyönümlü hazırlıq:

müstəqillik, məsuliyyətlilik, fəallılıq, təşəbbüskarlıq;

başqasını dinləmək və öz hərəkətlərini onunla razılaşdırmağı bacarmaq;

müəyyən edilmiş qaydalara riayət etmək, qruplarda çalışmağı bacarmaq;

ünsiyyətin, özünüqiymətləndirmənin formalaşması;

intellektual hazırlıq:

obrazlı təfəkkürün, təxəyyülün, yaradıcılığın, məntiqi təfəkkürün inkişafı;

idrakı fəaliyyət vasitələrinə (müqayisə etmə, analiz, klassifikasiya, ümumiləşdirmə), ana dilinə və nitqin əsas formalarına (dialoq, monoloq), digər spesifik uşaq fəaliyyəti növlərinin daxilində təlim elementlərinə (quraşdırma, rəsm, yapma və müxtəlif oyunlar) yiyələnmək;               

prosesləri (obyektləri) müqayisə etmək, ümumiləşdirmək, qruplaşdırmaq, əlamətlərinə görə ayırmaq, nəticə çıxarmağı bacarmaq.

 

 sosial hazırlıq:

yüksək əxlaqi təsəvvürlərin və vətəndaşlıq hisslərinin (vətənpərvərlik, humanistlik, digər millətlərə hörmət) inkişafı;

böyüklərlə və yaşıdları ilə ünsiyyətin qurulmasında yüksək mədəni davranış qaydalarının mənimsənilməsi;

öz hərəkətlərində əxlaq normalarının rəhbər tutulması və onlara riayət olunması.

 

4. UŞAQLARIN MƏKTƏBƏ HAZIRLIĞININ TƏŞKİLİ [1]

 

4.1. Uşaqların məktəbə hazırlığının səmərəliliyini artırmaq üçün təlim məşğələlərində müxtəlifformalı inkişafyönlü didaktik oyunların tətbiqi prioritet hesab olunur.

4.2. Məktəbəhazırlıq qruplarında həftə ərzində 12 məşğələ təşkil edilir. O cümlədən:

 

Məşğələlər

Kütləvi qruplarda

Azsaylı xalqların uşaqlarından ibarət qruplarda

Ətraf aləmlə tanışlıq

1

1

Savad təliminə hazırlıq və nitq inkişafı

2

4

Bədii təfəkkürün inkişafı

1

1

Məntiqi və riyazi təfəkkürün inkişafı

2

2

Təsviri fəaliyyət

2

1

Musiqi

2

1

Fiziki mədəniyyət

2

2

 

4.3. Məktəbəhazırlıq qruplarında bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyən edilir. Zehni gərginlik tələb edən məşğələlərdə, bir qayda olaraq, 3 idman dəqiqəsi keçirilir.


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       11 oktyabr 2016-cı il tarixli 404 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 14 oktyabr 2016-cı il, № 226, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1722)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 11 oktyabr 2016-cı il tarixli 404 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 14 oktyabr 2016-cı il, № 226, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1722) ilə “Məktəbə hazırlığın təşkili Qaydaları”nın 4-cü hissəsinin mətni yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

4.1. Uşaqların məktəb təliminə hazırlığının effektivliyini artırmaq məqsədi ilə təlim məşğələlərində didaktik oyunların tətbiq edilməsi faydalıdır. Tərbiyəçi uşağın oyuna olan marağından istifadə edərək, didaktik oyunu təlim məqsədinə yönəltməlidir. Didaktik oyunlar təlimi uşaqlar üçün əlverişli və cəlbedici formada həyata keçirməyə imkan verir, bu zaman təlim vəzifəsi həm də uşağın oyun vəzifəsi olur.

4.2. Məktəbəqədər təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında həftəlik məşğələlərin sayı 12 olmalıdır.

 

O cümlədən:

Ana dili və bədii ədəbiyyat üzrə iş  - 1 məşğələ

Savad təliminə hazırlıq və nitq inkişafı  - 1 məşğələ

Ətraf aləmlə tanışlıq (təbiət və ictimai həyat hadisələrinə marağın tərbiyə edilməsi)  - 1 məşğələ

Azərbaycan (rus) dili - 2 məşğələ

Sadə riyazi təsəvvürlərin inkişafı  - 1 məşğələ

Təsviri sənət və kəsib yapışdırma (həftəaşırı)       - 1 məşğələ

Quraşdırma, gil işi (həftəaşırı)      - 1 məşğələ

Musiqi - 2 məşğələ

Fiziki mədəniyyət  - 2 məşğələ.

Hər məşğələnin müddəti 25-30 dəqiqədir. Məşğələlər arasında fasilə 10 dəqiqədir. Zehni gərginlik tələb edən məşğələlərdə 11 dəqiqədən bir idman dəqiqəsi keçirilir.

4.3. Gün rejimi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilən "Məktəbəqədər müəssisələrdə tərbiyə və təlim Proqramı"na uyğun olaraq təşkil olunur.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status