440.000.000
“Azərbaycan Respublikasının beynəlxalq təşkilat yanında Daimi Nümayəndəliyi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
1. “Azərbaycan Respublikasının beynəlxalq təşkilat yanında Daimi Nümayəndəliyi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Fərmandan irəli gələn məsələləri öz səlahiyyətləri daxilində həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 iyun 2006-cı il
№ 422
Azərbaycan Respublikası Prezidentinin
2006-cı il 22 iyun tarixli 422 nömrəli Fərmanı ilə
TƏSDİQ EDİLMİŞDİR
|
Azərbaycan Respublikasının beynəlxalq təşkilat yanında Daimi Nümayəndəliyi haqqında
ƏSASNAMƏ
I. ÜMUMİ MÜDDƏALAR
1. Azərbaycan Respublikasının beynəlxalq təşkilat yanında Daimi Nümayəndəliyi (bundan sonra - Daimi Nümayəndəlik) beynəlxalq təşkilatda Azərbaycan Respublikasını təmsil edən diplomatik xidmət orqanıdır. Daimi Nümayəndəlik Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsis edilir. Daimi Nümayəndəlik Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (bundan sonra - Nazirlik) rəhbərlik etdiyi diplomatik xidmət orqanlarının vahid sisteminə daxildir.
2. Daimi Nümayəndəlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununu və digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnaməni, bu Əsasnaməni, Nazirliyin əmr, sərəncam və göstərişlərini, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, eləcə də beynəlxalq hüququn digər tətbiq edilə bilən normalarını, beynəlxalq təşkilatın qaydalarını, beynəlxalq təşkilatın yerləşmə dövləti ilə (bundan sonra - yerləşmə dövləti) sazişi rəhbər tutur və yerləşmə dövlətinin qanunvericiliyini nəzərə alır.
3. Daimi Nümayəndəlik beynəlxalq təşkilatda Azərbaycan Respublikasının vahid xarici siyasət xəttinin həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin edir və bu məqsədlə Azərbaycan Respublikasının dövlət və yerli özünüidarəetmə orqanlarının, idarə, təşkilat və müəssisələrinin nümayəndəliklərinin, nümayəndə heyətlərinin və mütəxəssis qruplarının beynəlxalq təşkilatın orqanlarının fəaliyyətində iştirakını əlaqələndirir və işi üzərində nəzarəti həyata keçirir. Adı çəkilən nümayəndəliklər, nümayəndə heyətləri və mütəxəssis qrupları öz fəaliyyətini Daimi Nümayəndəlik ilə razılaşdırmalı və öz fəaliyyəti barədə Daimi Nümayəndəliyə məlumat verməlidirlər.
4. Daimi Nümayəndəliyin binasında və ya onun ərazisində, Daimi Nümayəndənin iqamətgahında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının Dövlət bayrağı qaldırılır. Daimi Nümayəndəliyin binasında və ya onun ərazisində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və Azərbaycan dilində və beynəlxalq təşkilatın rəsmi dillərindən birində, habelə yerləşmə dövlətinin dövlət dilində (dövlət dillərində) “Azərbaycan Respublikasının (beynəlxalq təşkilatın adı) yanında Daimi Nümayəndəliyi” yazısı olan lövhə vurulur. Daimi Nümayəndənin nəqliyyat vasitəsi üzərində Azərbaycan Respublikasının Dövlət bayrağı yerləşdirilir. Azərbaycan Respublikasının dövlət rəmzlərindən beynəlxalq təşkilatın və yerləşmə dövlətinin protokol təcrübəsi nəzərə alınaraq istifadə olunur.
5. Daimi Nümayəndəlik, Daimi Nümayəndəliyin əməkdaşları və onlarla birlikdə yaşayan ailə üzvləri yerləşmə dövlətində beynəlxalq hüquq normalarına və həmin dövlətin qanunvericiliyinə uyğun olaraq immunitet və imtiyazlardan istifadə edirlər. Daimi Nümayəndəliyin əməkdaşları və onlarla birlikdə yaşayan ailə üzvləri yerləşmə dövlətinin qanunvericiliyinə, adət və ənənələrinə hörmət etməli, yerləşmə dövlətinin daxili işlərinə qarışmaqdan və daxili işlərinə qarışmaq kimi təfsir oluna bilən hərəkətlərdən çəkinməlidirlər.
6. Daimi Nümayəndəlik Nazirlik tərəfindən təsdiq olunmuş Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, ştamplara, blanklara və bank hesablarına malikdir.
7. Azərbaycan Respublikasının mülkiyyəti olan Daimi Nümayəndəliyin torpaq sahələri, binaları, qurğuları və digər əmlakı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada Daimi Nümayəndəliyə təhkim olunur.
8. Daimi Nümayəndəlik ona təhkim olunmuş əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququnu Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada həyata keçirir.
II. DAİMİ NÜMAYƏNDƏLİYİN ƏSAS VƏZİFƏLƏRİ
9. Daimi Nümayəndəliyin əsas vəzifələri aşağıdakılardır:
9.1. öz səlahiyyətləri daxilində beynəlxalq təşkilatda Azərbaycan Respublikasını təmsil etmək;
9.2. beynəlxalq təşkilatda Azərbaycan Respublikasının vahid xarici siyasət xəttini öz səlahiyyətləri daxilində həyata keçirmək;
9.3. beynəlxalq təşkilatda Azərbaycan Respublikasının milli maraqlarını, o cümlədən suverenliyini, təhlükəsizliyini, ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını, siyasi, iqtisadi və digər maraqlarını diplomatik üsul və vasitələrlə öz səlahiyyətləri daxilində təmin etmək və müdafiə etmək;
9.4. yerləşmə dövlətində Azərbaycan Respublikasının, onun vətəndaşlarının və hüquqi şəxslərinin hüquq və maraqlarını öz səlahiyyətləri daxilində müdafiə etmək;
9.5. beynəlxalq təşkilatın fəaliyyətində Azərbaycan Respublikasının iştirakını öz səlahiyyətləri daxilində təmin etmək;
9.6. rəsmi nümayəndə heyətlərinin səfərlərinin hazırlanmasına və həyata keçirilməsinə öz səlahiyyətləri daxilində kömək etmək.
III. DAİMİ NÜMAYƏNDƏLİYİN FUNKSİYALARI
10. Daimi Nümayəndəlik bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir:
10.1. müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının Prezidentini, Azərbaycan Respublikasının Nazirlər Kabinetini və Nazirliyi beynəlxalq təşkilatın fəaliyyət məsələləri üzrə məlumatlandırır;
10.2. beynəlxalq təşkilatda Azərbaycan Respublikasının xarici və daxili siyasəti, ölkənin iqtisadi, sosial və mədəni həyatı haqqında rəsmi məlumatın yayılmasını öz səlahiyyətləri daxilində təmin edir;
10.3. beynəlxalq təşkilat çərçivəsində beynəlxalq müqavilələrin və beynəlxalq təşkilatın fəaliyyətinə aid olan məsələlərə dair digər sənədlərin layihələrinin hazırlanmasında, beynəlxalq təşkilat çərçivəsində beynəlxalq müqavilələrin bağlanması, icrası, ləğv edilməsi və qüvvəsinin dayandırılması barədə təkliflərin hazırlanmasında öz səlahiyyətləri daxilində iştirak edir;
10.4. öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının vətəndaşlarının beynəlxalq təşkilatın və ya onun bölmələrinin katibliklərində, eləcə də beynəlxalq təşkilatın digər yerlərdə fəaliyyət göstərən nümayəndəliklərində işə qəbulu ilə bağlı beynəlxalq təşkilat qarşısında məsələ qaldırır və bu məsələnin müsbət həlli üçün kömək göstərir;
10.5. Azərbaycan Respublikasının üzvü olduğu beynəlxalq təşkilatın məqsəd və prinsiplərinin həyata keçirilməsində, onun qərarlarının və Azərbaycan Respublikasının beynəlxalq təşkilat qarşısında götürdüyü öhdəliklərinin yerinə yetirilməsində və beynəlxalq təşkilat çərçivəsində qəbul edilmiş Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin icrası üzərində ümumi müşahidənin həyata keçirilməsində öz səlahiyyətləri daxilində iştirak edir;
10.6. yerləşmə dövlətində yaşayan azərbaycanlılarla əlaqələrin qurulmasına və əməkdaşlığın inkişafına öz səlahiyyətləri daxilində yardım edir;
10.7. Azərbaycan Respublikasına, onun xarici siyasət təşəbbüslərinə münasibətdə müsbət mövqenin təşəkkül tapmasına öz səlahiyyətləri daxilində kömək göstərir;
10.8. öz səlahiyyətləri daxilində beynəlxalq təşkilatın fəaliyyətini, beynəlxalq təşkilata üzv dövlətlərin və beynəlxalq təşkilat yanında müşahidəçi missiyaların beynəlxalq təşkilat çərçivəsində əməkdaşlığının səviyyəsini və əsas təmayüllərini müəyyən edir və təhlil edir;
10.9. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Nazirliyin tapşırıqlarını yerinə yetirir, həmçinin Nazirliklə razılaşdırılmış Azərbaycan Respublikasının digər dövlət hakimiyyəti orqanlarının müraciətlərinə baxır;
10.10. yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının, idarə, təşkilat və müəssisələrin müraciətlərinə baxır;
10.11. beynəlxalq təşkilatda akkreditə olunmamış üçüncü dövlətin xahişi ilə həmin üçüncü dövlətin və onun vətəndaşlarının maraqlarını beynəlxalq razılaşmalar əsasında müdafiə edir;
10.12. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər funksiyaları həyata keçirir.
IV. DAİMİ NÜMAYƏNDƏLİYİN HÜQUQLARI
11. Daimi Nümayəndəlik öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
11.1. öz səlahiyyətləri daxilində rəsmi nümayəndə heyətlərinin səfərlərinə dair Nazirliyə təkliflər vermək;
11.2. beynəlxalq təşkilatın katibliyi, beynəlxalq təşkilata üzv dövlətlərin daimi nümayəndəlikləri və beynəlxalq təşkilat yanında müşahidəçi missiyaları, habelə Daimi Nümayəndəliyin səlahiyyətlərinə aid məsələlər üzrə yerləşmə dövlətinin dövlət və özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar), elmi və mədəni dairələr, kütləvi informasiya vasitələri, habelə yerləşmə dövlətində fəaliyyət göstərən diplomatik nümayəndəlik, konsulluq və beynəlxalq və regional təşkilatlar ilə işgüzar əlaqələr qurmaq və inkişaf etdirmək;
11.3. Daimi Nümayəndəliyin səlahiyyətinə aid olan məsələlərin həll olunması üçün Azərbaycan Respublikasının dövlət orqanlarından, eləcə də yerli icra hakimiyyəti və özünüidarəetmə orqanları, idarə, təşkilat və müəssisələrindən müəyyən olunmuş qaydada sənədləri, məlumat və digər xarakterli materialları almaq;
11.4. öz səlahiyyətləri daxilində konfranslar, görüşlər və digər tədbirlər təşkil etmək;
11.5. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
V. DAİMİ NÜMAYƏNDƏLİYİN FƏALİYYƏTİNİN TƏŞKİLİ
12. Daimi Nümayəndəliyə Azərbaycan Respublikasının beynəlxalq təşkilat yanında səlahiyyətli nümayəndəsi olan Azərbaycan Respublikasının Daimi Nümayəndəsi başçılıq edir. Daimi Nümayəndə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilir və geri çağırılır. Daimi Nümayəndə beynəlxalq təşkilatda Azərbaycan Respublikasını təmsil edir.
13. Ali təhsilli və üzərinə qoyulmuş vəzifələri yerinə yetirmək üçün müvafiq işgüzar, mənəvi, peşəkar keyfiyyətlərə və sağlamlıq vəziyyətinə malik olan Azərbaycan Respublikasının vətəndaşı Daimi Nümayəndə təyin edilə bilər.
14. Daimi Nümayəndə təyin olunmuş şəxsin yerləşmə dövlətində fasiləsiz iş müddəti, bir qayda olaraq, beş ildir. Daimi nümayəndənin müavini təyin edilmiş şəxsin xaricdə fasiləsiz iş müddəti dörd ildir. Bu müddətlər Azərbaycan Respublikasının Prezidenti tərəfindən uzadıla bilər.
[1]
Daimi Nümayəndə və ya Daimi Nümayəndəliyin digər əməkdaşları xidməti vəzifələrinin kobud şəkildə pozulmasına və ya diplomatik xidmət ilə bir araya sığmayan hərəkətlərə görə, həmçinin Azərbaycan Respublikasının və ya yerləşmə dövlətinin qanunvericiliyinə görə məsuliyyət doğuran əməllər törətməkdə təqsirli bilindikdə, habelə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hallarda vaxtından əvvəl geri çağırıla bilərlər.
[2]
Daimi Nümayəndə və ya Daimi Nümayəndəliyin digər əməkdaşlarının vaxtından əvvəl geri çağırılmasına, onlarla birlikdə yaşayan ailə üzvlərinin yuxarıda göstərilən əməllərin törədilməsində təqsirli bilinməsi də əsas ola bilər.
15. Daimi Nümayəndə Daimi Nümayəndəliyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi üçün şəxsən məsuliyyət daşıyır, göstəriş və tapşırıqların yerinə yetirilməsinə görə Nazirlik qarşısında hesabat verir.
16. Daimi Nümayəndə:
16.1. Daimi Nümayəndəliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
16.2. dövlət sirrinin və qanunla mühafizə edilən digər sirlərin qorunmasını təşkil edir;
16.3. Daimi Nümayəndəliyə ayrılan dövlət vəsaitinin səmərəli sərf olunması və maliyyə intizamına riayət olunması üzərində nəzarəti öz səlahiyyətləri daxilində həyata keçirir;
16.4. öz səlahiyyətləri daxilində Daimi Nümayəndəliyin fəaliyyətinə dair icrası məcburi olan əmrlər, sərəncamlar, göstərişlər verir;
16.5. öz səlahiyyətləri daxilində Daimi Nümayəndəlikdə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və Nazirliyin əmr, sərəncam və göstərişlərinin icrasını təşkil edir və onların yerinə yetirilməsi üzərində nəzarəti həyata keçirir;
16.6. Daimi Nümayəndəliyin əməkdaşlarını lazımi iş şəraiti ilə təmin edir, müəyyən olunmuş qaydada Daimi Nümayəndəliyin fəaliyyəti ilə bağlı Nazirliyə təkliflər irəli sürür;
16.7. Nazirliyin razılığı ilə xidməti ezamiyyətlərə gedir;
16.8. Daimi Nümayəndəliyin xüsusi fərqlənmiş əməkdaşlarının Azərbaycan Respublikasının dövlət təltifləri ilə təltif edilməsi üçün, habelə Daimi Nümayəndəliyin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün Nazirliyə təqdimat verir;
16.9. Daimi Nümayəndəliyin diplomatik xidmət əməkdaşlarının rütbədə və vəzifədə yüksəldilməsi, Daimi Nümayəndəliyin diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərinin xaricdəki iş müddətinin “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq uzadılması haqqında Nazirliyə müəyyən olunmuş qaydada təklif verir;
16.10. Daimi Nümayəndəliyin diplomatik və inzibati-texniki əməkdaşlarının məzuniyyətləri və ezamiyyətləri barədə əmrlər verir;
16.11. Daimi Nümayəndəliyin ştatdankənar vəzifələrinə Nazirlik ilə razılaşdıraraq işə qəbul edir və işdən azad edir, ştatdankənar vəzifələrdə çalışan əməkdaşların məzuniyyətləri və ezamiyyətləri barədə əmrlər verir;
16.12. Daimi Nümayəndəliyin əməkdaşlarının və onlarla birlikdə yaşayan ailə üzvlərinin Azərbaycan Respublikasına və digər ölkələrə səfərləri ilə bağlı məsələləri öz səlahiyyətləri daxilində həll edir;
16.13. öz səlahiyyətləri daxilində Daimi Nümayəndəliyin, onun əməkdaşlarının və onlarla birlikdə yaşayan ailə üzvlərinin təhlükəsizliyinin təmin edilməsi üçün lazımi tədbirlər görür, fövqəladə vəziyyət şəraitində Daimi Nümayəndəliyin işini və yerləşmə dövlətindəki Azərbaycan Respublikasının vətəndaşlarının hərəkətlərini Azərbaycan Respublikasının həmin dövlətdəki Səfirliyi ilə (olduğu halda) əlaqələndirməklə təşkil edir;
16.13-1. mühafizəsi zəruri hesab edilən Daimi Nümayəndəlikdə mühafizə xidmətinin aparılmasına nəzarət edir;
[3]
16.14. beynəlxalq hüquqa və yerləşmə dövlətinin qanunvericiliyinə görə Daimi Nümayəndəliyə, onların əməkdaşlarına və ailə üzvlərinə, diplomatik poçta və onu daşıyan şəxslərə, həmçinin immunitet və imtiyazlara hüququ olan Azərbaycan Respublikasının digər vətəndaşlarına verilən immunitet və imtiyazların təmin olunması məqsədilə öz səlahiyyətləri daxilində lazımi tədbirlər görür;
16.15. Daimi Nümayəndəliyin və yerləşmə dövlətində yerləşən Azərbaycan Respublikasının digər qurumlarının heyətinə beynəlxalq təşkilatda Azərbaycan Respublikasının maraqlarını layiqli təmsil etmələri, eləcə də yerləşmə dövlətinin qanunvericiliyinə, adət və ənənələrinə hörmət etmələri üçün tövsiyələr verir;
16.16. yerləşmə dövlətində keçirilən beynəlxalq konfranslarda və görüşlərdə iştirak edir, habelə qanunvericiliklə nəzərdə tutulmuş qaydada beynəlxalq müqavilələr imzalayır;
16.17. Azərbaycan Respublikasının dövlət orqanlarının nümayəndə heyətlərinin və mütəxəssis qruplarının qərarları və hərəkətləri Azərbaycan Respublikasının maraqlarına cavab vermədiyi halda Nazirliyə məlumat verir və Nazirlik bu məlumat əsasında həmin dövlət orqanlarının nümayəndə heyətlərinin və mütəxəssis qruplarının işinə vaxtından əvvəl xitam verilməsi məsələsi ilə bağlı həmin dövlət orqanları qarşısında məsələ qaldırır;
16.18. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.
17. Daimi Nümayəndə vəzifəsi vakant olduqda və ya Daimi Nümayəndə öz vəzifələrini icra etmək iqtidarında olmadığı halda onun funksiyalarını daimi nümayəndənin müavini icra edir. Həmin funksiyaları daimi nümayəndənin müavininin (Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 408 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə”nin 17-ci bəndinin ikinci yarımbəndində nəzərdə tutulmuş halda səfir müavininin) icra etməsi mümkün olmadıqda isə Azərbaycan Respublikasının xarici işlər naziri tərəfindən təyin olunan Daimi Nümayəndənin səlahiyyətlərini icra edən şəxs yerinə yetirir.
[4]
Əgər Daimi Nümayəndə eyni zamanda yerləşmə dövlətində Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiridirsə, o, hər hansı səbəbdən funksiyalarını icra etmək iqtidarında olmadığı halda, onun səfir funksiyalarını səfir müavini, o olmadıqda isə daimi nümayəndənin müavini icra edir.
[5]
Müvəqqəti işlər vəkilinin və ya Daimi Nümayəndənin səlahiyyətlərini icra edən şəxsin adı Daimi Nümayəndə tərəfindən və ya Daimi Nümayəndə bunu etmək iqtidarında olmadığı halda, Nazirlik tərəfindən müvafiq beynəlxalq təşkilata bildirilir.
[6]
18. Daimi Nümayəndəliyin strukturu və ştat cədvəli Nazirlik tərəfindən təsdiq edilir.
19. Daimi Nümayəndəliyin maddi-texniki təminatı Nazirlik tərəfindən həyata keçirilir.
20. Daimi Nümayəndəliyin əməkdaşlarının hüquq və vəzifələri Azərbaycan Respublikasının qanunvericiliyi, Nazirliyin normativ aktları və vəzifə təlimatları ilə müəyyən olunur. Daimi Nümayəndəliyin əməkdaşları Daimi Nümayəndəyə, o olmadığı halda isə, Daimi Nümayəndənin funksiyalarını icra edən şəxsə tabedir və onun əmr və göstərişlərini yerinə yetirməyə borcludurlar.
[7]
21. Daimi Nümayəndəliyin işi müəyyən olunmuş qaydada Nazirlik tərəfindən təsdiq edilmiş illik iş planı əsasında təşkil olunur.
22. Daimi Nümayəndəliyə qanunvericiliklə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının digər dövlət orqanlarının nümayəndələri ezam oluna bilərlər. Daimi Nümayəndəliyə ezam olunmuş Azərbaycan Respublikasının digər dövlət orqanlarının nümayəndələri öz qərarlarını və hərəkətlərini Daimi Nümayəndə ilə razılaşdırmalıdırlar.
23. Daimi Nümayəndəlikdə Azərbaycan Respublikasının və yerləşmə dövlətinin qanunvericiliyinə uyğun olaraq ümumtəhsil məktəbi və məktəbəqədər müəssisə fəaliyyət göstərə bilər.
24. Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq, həmkarlar ittifaqı istisna olmaqla, Daimi Nümayəndəlikdə siyasi partiyaların, dini təşkilatların və qeyri-hökumət təşkilatlarının (ictimai birliklərin və fondların) bölmələri yaradıla, siyasi partiyaların təşkilatları yerləşdirilə bilməz.
[8]
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
13 noyabr 2012-ci il tarixli 746 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 14 noyabr 2012-ci il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 11, maddə 1106)
2.
28 avqust 2013-cü il tarixli 963 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 30 avqust 2013-cü il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 08, maddə 906)
3.
23 oktyabr 2013-cü il tarixli 7 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 25 oktyabr 2013-cü il, № 234; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 10, maddə 1152)
4.
26 fevral 2016-cı il tarixli 806 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 28 fevral 2016-cı il, № 46; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 270)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
28 avqust 2013-cü il tarixli 963 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 30 avqust 2013-cü il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 08, maddə 906) ilə 14-cü bəndin birinci yarımbəndində ikinci cümlə üçüncü cümlə hesab edilmişdir, ikinci cümlə əlavə edilmişdir və üçüncü cümlədə “müddət” sözü “müddətlər” sözü ilə əvəz edilmişdir.
[2]
26 fevral 2016-cı il tarixli 806 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 28 fevral 2016-cı il, № 46; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 270) ilə “Azərbaycan Respublikasının beynəlxalq təşkilat yanında Daimi Nümayəndəliyi haqqında Əsasnamə”nin 14-cü hissəsinin ikinci abzasına “digər əməkdaşları” sözlərindən sonra “xidməti vəzifələrinin kobud şəkildə pozulmasına və ya diplomatik xidmət ilə bir araya sığmayan hərəkətlərə görə, həmçinin” sözləri əlavə edilmişdir.
[3]
23 oktyabr 2013-cü il tarixli 7 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 25 oktyabr 2013-cü il, № 234; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 10, maddə 1152) ilə "Azərbaycan Respublikasının beynəlxalq təşkilat yanında Daimi Nümayəndəliyi haqqında Əsasnamə"yə yeni məzmunda 16.13-1-ci yarımbənd əlavə edilmişdir.
[4]
28 avqust 2013-cü il tarixli 963 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 30 avqust 2013-cü il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 08, maddə 906) ilə 17-ci bəndin birinci yarımbəndində “funksiyalarını” sözündən sonra “daimi nümayəndənin müavini icra edir. Həmin funksiyaları daimi nümayəndənin müavininin (Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 408 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə”nin 17-ci bəndinin ikinci yarımbəndində nəzərdə tutulmuş halda səfir müavininin) icra etməsi mümkün olmadıqda isə” sözləri əlavə edilmişdir.
[5]
28 avqust 2013-cü il tarixli 963 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 30 avqust 2013-cü il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 08, maddə 906) ilə 17-ci bəndin ikinci yarımbəndi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Əgər Daimi Nümayəndə eyni zamanda yerləşmə dövlətində Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiridirsə, Daimi Nümayəndənin funksiyalarını Azərbaycan Respublikasının müvəqqəti işlər vəkili yerinə yetirir.
[6]
28 avqust 2013-cü il tarixli 963 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 30 avqust 2013-cü il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 08, maddə 906) ilə 17-ci bəndin üçüncü yarımbəndindən “Müvəqqəti işlər vəkilinin və ya” sözləri çıxarılmışdır.
[7]
28 avqust 2013-cü il tarixli 963 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 30 avqust 2013-cü il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 08, maddə 906) ilə 20-ci bəndin ikinci cümləsində “Azərbaycan Respublikasının müvəqqəti işlər vəkilinə və ya Daimi Nümayəndənin səlahiyyətlərini icra edən şəxsə” sözləri “Daimi Nümayəndənin funksiyalarını icra edən şəxsə” sözləri ilə əvəz edilmişdir.
[8]
13 noyabr 2012-ci il tarixli 746 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 14 noyabr 2012-ci il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 11, maddə 1106) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının beynəlxalq təşkilat yanında Daimi Nümayəndəliyi haqqında Əsasnamə”nin 24-cü bəndindən “siyasi partiyaların,” sözləri çıxarılmışdır, həmin bənddə “bilməz” sözündən əvvəl “, siyasi partiyaların təşkilatları yerləşdirilə” sözləri əlavə edilmişdir.