Dövlət su kadastrının aparılması qaydaları haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası Su Məcəlləsinin 26-cı maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:
[1]
[2]
1. Azərbaycan Respublikası dövlət su kadastrının aparılması Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə (yerüstü və yeraltı sular bölmələri üzrə) və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə (sulardan istifadə bölməsi üzrə) həvalə edilsin.
[3]
Dövlət su kadastrı özündə suların kəmiyyət və keyfiyyət göstəricilərinin uçotu, sudan istifadənin qeydiyyatı və uçotu barədə məlumatları əks etdirməklə respublika üzrə vahid sistemdə aparılsın.
2. Müəyyən edilsin ki, dövlət su kadastrının tərkibi və çap olunacaq kadastr məlumatları, onların forması və nəşr edilmə müddəti respublikanın əlaqədar nazirlik, komitə, şirkət, konsern, birlik, müəssisə, təşkilat və s. strukturlarının təklifləri nəzərə alınmaqla, Dövlət torpaq kadastrının tələblərin (torpaq fondu hissəsində) gözləmək şərti ilə təyin edilir və Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən təsdiq olunur.
[4]
3. Dövlət su kadastrını apararkən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi (yerüstü və yeraltı sular bölmələri üzrə), Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti (sulardan istifadə bölməsi üzrə) aşağıdakı funksiyaları həyata keçirirlər:
a) respublika xalq təsərrüfatının tələbatını su obyektləri, su resursları, suların rejimi, keyfiyyəti, istifadə olunması və isthlakçıları barədə dolğun məlumatlarla təmin etmək məqsədilə Dövlət su kadastrının aparılmasına dair elmi prinsiplərin, metodik göstərişlərin, təlimatların və çap olunan məlumatların nəşr formalarının hazırlanmasını;
b) su obyektləri, su resursları, suların rejimi, keyfiyyəti, istifadəsi və istehlakçıları haqqında olan məlumatların sistemləşdirilməsi, analizi və saxlanılmasını;
v) dövlət su kadastrının məlumat fondunun yaradılması və aparılmasını;
q) dövlət su kadastrı məlumatlarının çapa hazırlanması və onların nəşr edilməsini;
ğ) respublikanın aidiyyatı olan müəssisə və təşkilatlarının dövlət su kadastrının məlumatları ilə təmin olunmasını;
e) aşağıdakı məsələlərin cari və perspektiv qiymətləndirilməsini:
çay və dəniz hövzələri, onların ayrı-ayrı sahələri, iqtisadi rayonlar, Naxçıvan Muxtar Respublikası və ümumrespublika su balansları əsasında yerüstü suların ehtiyatlarının və keyfiyyətinin;
hidrogeoloji rejionlar, iqtisadi rayonlar, Naxçıvan Muxtar Respublikası və ümumrespublika üzrə yeralta ehtiyatlarının keyfiyyətinin;
suyun istifadə növləri, xalq təsərrüfatı sahələri, çay və dəniz hövzələri, onların ayrı-ayrı sahələri (yeraltı sular üçün hidrogeoloji regionlar üzrə), iqtisadi rayonlar, Naxçıvan Muxtar Respublikası və ümumrespublika üzrə sudan istifadə edilməsinin.
4. Respublikanın nazirlik, komitə, şirkət, konsern, birlik, müəssisə, təşkilat və s. strukturlarına tapşırılsın ki, dövlət su kadastrının müasir tələblərə uyğun aparılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə, onların müraciəti əsasında tələb olunan məlumatların təqdim edilməsini təmin etsinlər.
5. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Meliorasiya və Su Təsərrüfatı Komitəsinə tapşırılsın ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 20 iyun tarixli 244 saylı “Azərbaycan Respublikasında iqtisadiyyatın sabitləşdirilməs və iqtisadi islahatların həyata keçirilməsi sahəsində hazırlanması nəzərdə tutulan sənədlər haqqında” qərarına əsasən hazırlanmış dövlət su kadastrının aparılması qaydaları haqqında Əsasnaməni müəyyən olunmuş qaydada təsdiq etsinlər və rəhbərlik üçün respublikanın əlaqədar nazirlik, komitə, şirkət, konsern, birlik, müəssisə və təşkilatlarına göndərilməsini təmin etsinlər.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1977-ci il 23 sentyabr tarixli 336 saylı “Dövlət su kadastrının aparılması qaydaları haqqında” SSRİ Nazirlər Sovetinin 1977-ci il 1 avqust tarixli 707 saylı qərarı barədə” qərarı qüvvəsini itirmiş hesab edilsin.
Azərbaycan Respublikasının Baş nazirin birinci müavini A. ABBASOV.
Bakı şəhəri, 5 dekabr 1995-ci il
№ 261
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
7 yanvar 2005-ci il tarixli 5 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 370)
2.
29 iyun 2005-ci il tarixli 122 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 558)
3.
8 aprel 2006-cı il tarixli 100 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 370)
4.
10 may 2012-ci il tarixli 106 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 13 may 2012-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 05, maddə 480)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
10 may 2012-ci il tarixli 106 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 13 may 2012-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 05, maddə 480) ilə preambulada “42 və 45-ci maddələrinə” sözləri “26-cı maddəsinə” sözləri ilə əvəz edilmişdir.
[2]
10 may 2012-ci il tarixli 106 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 13 may 2012-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 05, maddə 480) ilə 1-ci hissədə “Nazirliyinə” sözündən sonra “və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə” sözləri əlavə edilmişdir.
[3]
7 yanvar 2005-ci il tarixli 5 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 370) ilə 1-ci bəndində "Azərbaycan Respublikası Dövlət Hidrometeorologiya Komitəsinə (yerüstü sular bölməsi üzrə), Azərbaycan Respublikası Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinə (yeraltı sular bölməsi üzrə)" sözləri ilə və 3-cü bəndində "Dövlət Hidrometeorologiya Komitəsi (yerüstü sular bölməsi üzrə), Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi (yeraltı sular bölməsi üzrə)" sözləri ismin müvafiq hallarında "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi (yerüstü və yeraltı sular bölmələri üzrə)" sözləri ilə əvəz edilmişdir.
29 iyun 2005-ci il tarixli 122 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 558) ilə qərarın 1-4-cü bəndlərində "Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsinə", "Meliorasiya və Su Təsərrüfatı Komitəsi" və "Meliorasiya və Su Təsərrüfatı Komitəsinə" sözləri ismin müvafiq hallarında "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi" sözləri ilə əvəz edilmişdir.
8 aprel 2006-cı il tarixli 100 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 370) ilə qərarın 1-4-cü bəndlərində ismin müvafiq hallarında "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi" sözləri ismin müvafiq hallarında "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti" sözləri ilə əvəz edilmişdir.
[4]
7 yanvar 2005-ci il tarixli 5 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 370) ilə 2-ci, 4-cü və 5-ci bəndlərində ismin müvafiq hallarında "Dövlət Hidrometeorologiya Komitəsi, Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi" sözləri ismin müvafiq hallarında "Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir.