280.000.000
“Azərbaycan Respublikasında sudan pullu istifadə qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 25 iyun tarixli 277 nömrəli Sərəncamına və "Meliorasiya və irriqasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun icrası ilə əlaqədar əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 dekabr tarixli 165 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
[1]
1.
"Azərbaycan Respublikasında sudan pullu istifadə qaydaları haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).
2.
“Azərbaycan Respublikasında sudan pullu istifadə qaydaları haqqında Əsasnamənin və sudan istifadə tariflərinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 17 iyun tarixli 97 nömrəli qərarı (tariflərə dair müddəaları istisna olmaqla) qüvvədən düşmüş hesab edilsin.
3.
Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ
Bakı şəhəri, 18 mart 2006-cı il
№ 84
|
Azərbaycan Respublikasında sudan pullu istifadə qaydaları haqqında
ƏSASNAMƏ
1. ÜMUMİ MÜDDƏALAR
1.1. Bu Əsasnamə "Meliorasiya və irriqasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 25 iyun tarixli 277 nömrəli Sərəncamının, "Meliorasiya və irriqasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun icrası ilə əlaqədar əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 dekabr tarixli 165 nömrəli Fərmanının və "Aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 23 oktyabr tarixli 467 nömrəli Sərən-camının icrası məqsədilə Azərbaycan Respublikasının Su Məcəlləsinə, Azərbaycan Respublikasının digər müvafiq qanunlarına və bu qanunlar əsasında qəbul edilmiş normativ hüquqi sənədlərə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra - Cəmiyyət) su təsərrüfatı istismar təşkilatlan ilə respublika ərazisində yerləşən su istehlakçıları (Sudan İstifadəedənlər Birlikləri istisna olmaqla) arasında sudan pullu istifadə ilə bağlı yaranan qarşılıqlı münasibətləri tənzimləyir.
1.2. Cəmiyyətin su təsərrüfatı istismar təşkilatları ilə Sudan İstifadəedənlər Birlikləri arasında sudan pullu istifadə ilə bağlı yaranan qarşılıqlı münasibətləri "Meliorasiya və irriqasiya haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin tələblərinə əsasən aşağıdakı qaydada tənzimlənir.
Sudan İstifadəedənlər Birliklərinin suvarma suyu ilə təchiz edilməsi Cəmiyyətin su təsərrüfatı istismar təşkilatları ilə 10 ildən az olmayan müddətə bağlanan sazişə əsasən həyata keçirilir. Su mənbələrində suyun bolluğu səviyyəsinə mütənasib olaraq veriləcək suyun həcminin yuxarı və aşağı hədləri həmin sazişdə müəyyən olunur. Əkinlərin növündən və sahəsindən asılı olaraq tələb olunan suyun həcmi və suyun verilməsi qrafiki bu hədlər daxilində illik müqavilələrlə müəyyən edilir. Sazişlərin və illik müqavilələrin formaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
1.3.
Cəmiyyətin su təsərrüfatı istismar təşkilatları ilə su istehlakçıları arasında sudan pullu istifadəyə dair hesablaşmalar sudan istifadənin təsdiq olunmuş tarifləri əsasında aparılır.
1.4.
Cəmiyyətin su təsərrüfatı istismar təşkilatları su mənbələrinin təsdiq edilmiş limitlərinə və sudan istifadə planlarına əsasən su istehlakçılarına nəzərdə tutulmuş həcmdə və müddətlərdə suyun verilməsini təmin etməlidir.
1.5.
Su istehlakçıları meliorasiya və irriqasiya sistemlərini və onların üzərindəki hidrotexniki qurğuları qoruyub saxlamalı, onların korlanmasına və dağıdılmasına yol verməməli, sudan səmərəli və qənaətlə istifadə etməli, vaxtında aqrotexniki tədbirlər həyata keçirməklə torpaqların meliorativ vəziyyətinin pisləşməsinə yol verməməlidirlər.
1.6.
Meliorasiya və irriqasiya sistemləri və qurğularında qəza baş verərsə, onların aradan qaldırılmasında Cəmiyyətin su təsərrüfatı istismar təşkilatları ilə birlikdə su istehlakçıları da iştirak edə bilərlər.
Əgər qəza hər hansı təşkilat və ya şəxs tərəfindən törədilibsə, dəymiş zərər günahkar tərəfindən Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq ödənilir.
1.7. Cəmiyyətin su təsərrüfatı istismar təşkilatlarının razılığı olmadan su mənbələrindən suyun özbaşına götürülüb istifadə edilməsi qadağandır.
2. SUDAN İSTİFADƏ TARİFLƏRİ
2.1.
Su ehtiyatlarının mənbələrdən götürülməsi, nəqli və istehlakçılara çatdırılması ilə əlaqədar olan xərclər vergi qanunvericiliyinə və ondan irəli gələn normativ aktlara uyğun iqtisadi cəhətdən əsaslandırılır.
2.2.
Cəmiyyət tərəfindən satılan suyun tarifləri onun keyfiyyətindən, istifadə edilməsi təyinatından (içməli su, texniki su, suvarma suyu və s.), su təsərrüfatı obyektlərinin texniki səviyyəsindən, suyun götürülmə və nəql edilmə üsullarından və istehsal xərclərinin həcminə təsir edən digər amillərdən asılı olaraq ayrı-ayrı su təsərrüfatı sistemləri üzrə diferensiallaşdırıla bilər. Sudan İstifadəedənlər Birliklərinə, bələdiyyələrə, kənd təsərrüfatı su istehlakçılarına, sənaye, kommunal-məişət və digər məqsədlər üçün verilən suyun tarifi verilmiş suyun həcminə görə (kub metr), qış otlaq sahələrinə və örüşlərə verilən sudan istifadənin tarifi isə su ilə təmin edilmiş sahənin ölçüsünə görə (hektarla) müəyyənləşdirilir.
2.3.
Sudan istifadənin tarif layihələri Cəmiyyət tərəfindən hazırlanır və Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasına təqdim edilir.
2.4.
Sudan İstifadəedənlər Birliklərinə, bələdiyyələrə və kənd təsərrüfatı su istehlakçılarına verilən suvarma suyunun, habelə qış otlaq sahələrinə və örüşlərə verilən suyun tarifləri güzəştli, sənaye, kommunal-məişət və digər məqsədlər üçün sudan istifadənin tarifləri isə verilən suyun istehsalına çəkilən faktiki xərclər əsasında Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilir.
2.5.
Sudan İstifadəedənlər Birliklərinin öz üzvlərinə və üzvü olmayan şəxslərə verdiyi suya görə haqları Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müəyyən etdiyi su tarifləri, habelə istifadəsində olan meliorasiya və irriqasiya sistemlərinin saxlanmasına, istismarına, yaxşılaşdırılmasına və inkişafına tələb olunan xərclər nəzərə alınmaqla, Birlik müəyyən edir.
2.6.
Bələdiyyələrin su təsərrüfatı obyektində sudan istifadə haqqı və onun diferensiallaşdırılması suyun keyfiyyətindən, istifadəyə görə təyinatından (içməli, texniki, suvarma və s.) su ehtiyatlarının və ona tələbatın fəsillər üzrə dəyişkənliyindən, su təsərrüfatı obyektlərinin texniki səviyyəsindən, suyun götürülmə və nəql edilmə üsullarından və istehsal xərclərinin həcminə təsir edən digər amillərdən asılı olaraq bələdiyyələr tərəfindən müəyyən edilir.
2.7.
Xüsusi mülkiyyətdə olan su obyektlərində sudan istifadə haqqı mülkiyyətçilərlə su istehlakçıları arasında bağlanmış müqavilə əsasında müəyyən olunur.
2.8.
Suyun ölçülməsi və uçotu "Suların dövlət uçotu Qaydasının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 17 yanvar tarixli 7 nömrəli qərarına əsasən aparılır.
4.
SUDAN İSTİFADƏ HAQQININ ÖDƏNİLMƏSİ
3.1.
Sudan pullu istifadə Cəmiyyətin su təsərrüfatı istismar təşkilatları ilə su istehlakçıları (Sudan İstifadəedənlər Birlikləri istisna olmaqla) arasında bağlanmış müqavilələr və aktlar əsasında həyata keçirilir (1, 2 və 3 nömrəli əlavələr).
3.2.
Cəmiyyətin su təsərrüfatı istismar təşkilatları və su istehlakçıları tərəfindən təyin edilmiş şəxslər suyun verilməsini, alınmasını və ondan istifadə olunmasını göstərən və hər iki tərəfin imzaları ilə təsdiq olunan hesabat aparırlar. Bu hesabatlar əsasında ayda bir dəfə və hər suvarmadan sonra bu Əsasnaməyə əlavə edilmiş formada aktlar tərtib olunur.
3.3. Su istehlakçıları götürüləcək suyun dəyərinin hər ayın əvvəlində avans şəklində 30 faizini, qalan hissəsini isə sonrakı ayın 5-dək ödəyirlər.
3.4. Su istehlakçıları tərəfindən sudan istifadə haqqının su təsərrüfatı istismar idarələrinə natura şəklində ödənilməsinə icazə verilmir.
4. SU İSTEHLAKÇILARINA SUYUN VERİLMƏSİ
4.1. Cəmiyyətin su təsərrüfatı istismar təşkilatları tərəfindən su istehlakçılarına suyun verilməsi müəyyən edilmiş norma və normativlərə uyğun olaraq aşağıdakı hədlərdə təmin olunur:
4.1.1.
sərhəd və sərhədyanı çaylardan - Azərbaycan Respublikasının qonşu dövlətlərlə bağladığı sazişlərdə müəyyən edilmiş su limitləri həddində;
4.1.2.
respublikanın çaylarından - 75 faiz təminatlı illik su axımı həddində;
4.1.3.
digər su mənbələrindən - təsdiq olunmuş limitlər həddində.
4.2.
Əgər su təminatı bu Əsasnamənin 4.1-ci bəndində göstərilmiş hədlərdən aşağı olarsa, o zaman Cəmiyyətin su təsərrüfatı istismar təşkilatları su istehlakçılarını əvvəlcədən xəbərdar etməklə, verilən suyun miqdarını mütənasib olaraq azaldırlar.
4.3.
Mənbədə suyun çatışmadığı hallarda, Cəmiyyətin su təsərrüfatı istismar təşkilatlan su istehlakçılarını xəbərdar edərək suyun verilməsini müvafiq qaydada azaldır və bərabər təminat prinsipinə əsaslanaraq buraxılmasını təmin edirlər.
4.4.
Cəmiyyətin su təsərrüfatı istismar təşkilatlan tərəfindən su istehlakçılarına üzürlü səbəb olmadan müqavilədə göstərilən miqdardan az su verildikdə, yaxud heç verilmədikdə, onların arasında yaranmış mübahisələrə, o cümlədən su istehlakçılarına dəymiş zərərlə əlaqədar məsələlərə su istehlakçılarının iştirakı ilə Cəmiyyət və yerli icra hakimiyyəti orqanları tərəfindən yerində birgə baxılır və məsələnin həlli üzrə tədbir görülür.
4.5.
Suyun verilməsi, qəbul edilməsi və ondan istifadə olunması Cəmiyyətin su təsərrüfatı istismar təşkilatlan ilə su istehlakçıları arasında razılaşdırılmış qrafik əsasında həyata keçirilir.
4.6.
Su istehlakçılarına veriləcək suyun həcmi su mənbəyinin və suvarma sisteminin imkanları nəzərə alınmaqla, sudan istifadə qrafikinə əsasən müəyyən edilir və tərəflər arasında bağlanmış müqavilədə göstərilir.
4.7.
Su istehlakçısı götürülən suyun həcminin dəyişməsi ilə əlaqədar təkliflərini su verilməsinə başlanmazdan ən azı 10 gün əvvəl Cəmiyyətin su təsərrüfatı istismar təşkilatına təqdim etməlidir. Əks təqdirdə, sifarişin yerinə yetirilməsinə Cəmiyyətin su təsərrüfatı istismar təşkilatı zəmanət verməyə bilər.
4.8.
Müəyyən müddət ərzində verilən suyun həcmi müqavilədə nəzərdə tutulduğundan az və ya çox olduğu hallarda tərəflərə sonrakı dövrlərdə bu fərqin aradan götürülməsini tələb etmək hüququ verilir.
4.9.
Cəmiyyətin su təsərrüfatı istismar təşkilatlarının müqavilədə nəzərdə tutulduğundan artıq su vermək imkanı olduğu halda, yeni müddət və şərtlərlə bağlı dəyişikliklər tərəflər arasında əlavə razılaşma əsasında aparılır.
5. SUYUN ÇATIŞMAMASI NƏTİCƏSİNDƏ YARANMIŞ
MÜBAHİSƏLƏRİN HƏLLİ
5.1.
Təbii şəraitdən asılı olaraq (təbii fəlakət, quraqlıq, daşqınlar, sellər və s.) mənbədə suyun azalması nəticəsində (bu Əsasnamənin 4.1-ci və 4.2-ci bəndləri) su istehlakçılarına dəymiş zərər, əkinlər sığorta edilibsə, müəyyən olunmuş qaydada müvafiq sığorta idarələri tərəfindən ödənilir.
5.2.
Suvarılan sahə və suyun həcmi barədə tərəflər arasında yaranan mübahisələr qüvvədə olan qanunvericiliyə əsasən tənzimlənir.
5.3.
Su istehlakçıları verilən sudan təyinatlı və səmərəli istifadə etməyərək suyun kanallara, kollektor-drenaj şəbəkələrinə və s. axıdılmasına və səlahiyyətli su təsərrüfatı istismar təşkilatlarının müəyyən olunmuş qaydada razılığı olmadan mənbələrdən özbaşına su götürülməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə məsuliyyət daşıyırlar.
|
|
|
|
|
|
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
17 mart 2022-ci il tarixli 95 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 29 mart 2022-ci il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 272)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
17 mart 2022-ci il tarixli 95 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 29 mart 2022-ci il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 272) ilə (2-ci hissə istisna olmaqla) ləğv edilmişdir.