×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
12.01.2006
QEYDİYYAT NÖMRƏSİ
8
ADI
"İnsan alveri qurbanlarına kömək Fondu haqqında Əsasnamə"nin təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-01-2006, Nəşr nömrəsi: 01, Maddə nömrəsi: 39)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
12.01.2006
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
390.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"İnsan alveri qurbanlarına kömək Fondu haqqında Əsasnamə"nin təsdiq edilməsi haqqında

"İnsan alveri qurbanlarına kömək Fondu haqqında Əsasnamə"nin təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"İnsan alverinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 avqust tarixli 272 nömrəli Fərmanının 1.6-cı bəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "İnsan alveri qurbanlarına kömək Fondu haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 12 yanvar 2006-cı il

           № 8

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2006-cı il 12 yanvar tarixli 8 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

İnsan alveri qurbanlarına kömək Fondu haqqında

 

ƏSASNAMƏ

 

I. ÜMUMİ MÜDDƏALAR

 

1.1. Bu Əsasnamə "İnsan alverinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 22.3-cü maddəsinə əsasən və "İnsan alverinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 avqust tarixli 272 nömrəli Fərmanının 1.6-cı bəndinin icrası məqsədilə hazırlanmışdır və xüsusi yaradılmış İnsan alveri qurbanlarına kömək Fondunun fəaliyyətinin hüquqi əsaslarını müəyyən edir.

1.2. İnsan alveri qurbanlarına kömək Fondu bundan sonra-Fond Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nəzdində yaradılır və fəaliyyət göstərir.

1.3. Fond insan alveri qurbanlarının zəruri xərclərinin ödənilməsi işlərinin maliyyələşdirilməsini həyata keçirir.

1.4. Fond öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, digər müvafiq qanunvericilik aktlarını, habelə bu Əsasnaməni rəhbər tutur.

1.5. Fond qeyri-kommersiya qurumudur.

1.6. Fond müstəqil balansı, bank hesabları, üzərində Dövlət gerbinin təsviri, Azərbaycan və ingilis dillərində adı yazılmış möhürü, ştampı, blankları və digər atributları olan hüquqi şəxsdir.

1.7. Fondun aparatının saxlanılması dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir.

1.8. Fond Bakı şəhərində yerləşir.

 

II. FONDUN ƏSAS VƏZİFƏSİ

 

 2.1. Fondun əsas vəzifəsi Azərbaycan Respublikasında insan alveri qurbanlarının xərclərinin ödənilməsi, onlara yardım göstərilməsi və insan alveri qurbanlarının sosial reabilitasiyası ilə bağlı digər işlərin öz səlahiyyətləri çərçivəsində maliyyələşdirilməsini təmin etməkdir.

2.2. Fond insan alveri qurbanlarının sosial müdafiəsinə dair normativ hüquqi aktlardan irəli gələn vəzifələrin həyata keçirilməsində və insan alveri qurbanlarının sosial müdafiəsi sisteminin təkmilləşdirilməsi tədbirlərində öz səlahiyyətləri çərçivəsində iştirak edə bilər.

2.3. Fond könüllülük əsasında vəsait cəlb edilməsi üçün kütləvi informasiya vasitələrində təbliğat aparılmasını, daxil olmuş vəsaitin təyinatı üzrə bölüşdürülməsini həyata keçirir.

2.4. Fond ona həvalə olunmuş vəzifələri həyata keçirərkən dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əməkdaşlıq edir və fəaliyyətinin məqsədi haqqında müvafiq məlumatlar verir.

 

III. FONDUN HÜQUQLARI

 

3.1. Fond hüquqi şəxs kimi öz məqsədi və vəzifəsinə müvafiq surətdə və qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakı hüquqlara malikdir:

3.1.1. məhkəmələrdə iddiaçı və cavabdeh kimi çıxış etmək;

3.1.2. hüquqi və fiziki şəxslərlə qanunvericiliyə uyğun münasibətlər qurmaq;

3.1.3. Azərbaycan Respublikasının dövlət bankında hesablar açmaq;

3.1.4. öz vəzifələrinə uyğun olaraq ölkədə və xaricdə seminarlarda və digər tədbirlərdə iştirak etmək.

 

IV. FONDUN VƏSAİT MƏNBƏYİ

 

 4.1. Fondun vəsaiti qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmənin qərarı ilə müsadirə olunmuş və Fondun hesabına keçirilmiş insan alverindən əldə edilmiş bütün əmlakdan (daşınmaz əmlak, pul vəsaitləri, qiymətli kağızlar və sair əmlak) ibarətdir.

4.2. Hüquqi şəxs (onun filialı, nümayəndəliyi) insan alveri ilə əlaqəsinə görə ləğv edilərkən, ona mənsub olan vəsait məhkəmənin qərarı ilə Fondun hesabına keçirilir.

4.3. İdarə, müəssisə və təşkilatlar, fiziki şəxslər və beynəlxalq qurumlar Fonda ianələr və qrantlar verə bilər.

 

V. FONDUN VƏSAİTİNİN YÖNƏLDİLMƏSİ

 

5.1. Fondda toplanmış vəsaitlər aşağıdakı məqsədlərə yönəldilir:

5.1.1. insan alveri qurbanlarına kompensasiyaların ödənilməsinə;

5.1.2. insan alveri qurbanlarının sosial reabilitasiyasına;

5.1.3. insan alveri qurbanlarına tibbi və digər zəruri xərclərin ödənilməsinə;

5.1.4. məhkəmənin qərarına əsasən insan alveri qurbanlarına dəymiş maddi və mənəvi ziyanın ödənilməsinə.

5.2. Fondun vəsaitlərinin idarə edilməsində və xərclənməsində şəffaflıq təmin edilir. Bu sahədə görülən tədbirlər və onların nəticəsi barədə məlumatlar dərc edilməsi üçün kütləvi informasiya vasitələrinə verilir.

5.3. Hər bir insan alveri qurbanının müvafiq xərclərinin ödənilməsinə dair Fondun hesabından xərclənmiş vəsaitin qeydiyyatı aparılır.

5.4. Qeydiyyatın düzgün, dolğun və obyektiv aparılması üçün Fondun sədrinin əmri ilə məsul şəxs təyin edilir və xüsusi qeydiyyat kitabı açılır. Qeydiyyat kitabı Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş kargüzarlıq qaydalarına uyğun aparılmalıdır.

5.5. Qeydiyyat kitabında Fondun hesabından vəsait xərclənmiş hər bir insan alverinin qurbanı barəsində aşağıdakı məlumatlar öz əksini tapmalıdır:

5.5.1. adı, soyadı və atasının adı;

5.5.2. doğulduğu il və yer;

5.5.3. yaşadığı ünvan;

5.5.4. xərclənmiş vəsaitin məbləği və təyinatı; [1]

5.5.5. müraciətin tarixi. [2]

5.6. İnsan alveri qurbanlarına Fondun hesabından vəsaitin ödənilməsi barədə xüsusi blank tərtib edilir. Blankda aşağıdakılar göstərilir:

5.6.1. Fondun adı və ünvanı;

5.6.2. vəsait alan insan alveri qurbanının adı, soyadı və atasının adı;

5.6.3. ödənilməli olan vəsaitin məbləği və təyinatı; [3]

5.6.4. vəsaiti ödəməli olan bankın (onun filialı və ya şöbəsinin) adı və ünvanı;

5.6.5. blankın verilmə tarixi.

5.7. Blank Fondun sədri və mühasibi tərəfindən imzalanır və möhürlə təsdiq edilir.

5.8. İnsan alveri qurbanları tərəfindən təqdim edilən müvafiq sənədlər, habelə insan alveri qurbanlarına Fondun hesabından vəsaitin ödənilməsi barədə tərtib edilmiş xüsusi blank qovluqda saxlanılmalıdır. Göstərilən sənədlərin saxlanılması Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş kargüzarlıq qaydalarına uyğun aparılmalıdır.

5.9. Fondun bütün xərcləri Fondun sədri tərəfindən təsdiq edilən xərclər proqramı çərçivəsində həyata keçirilir.

5.10. Fondun hesabları üzrə pul vəsaitlərinin verilməsi və köçürülməsi Fondun sədri tərəfindən həyata keçirilir.

5.11. Fond qeyri-kommersiya qurumu kimi maliyyə vəsaitlərini yalnız öz məqsədinə uyğun olan fəaliyyəti həyata keçirməyə sərf edə bilər. Fondun bilavasitə öz məqsədilə bağlı olmayan kommersiya fəaliyyəti qadağandır.

 

VI. FONDUN STRUKTURU VƏ İDARƏ EDİLMƏSİ

 

 6.1. Fondun strukturu və ştat sayı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

6.2. Azərbaycan Respublikasının daxili işlər naziri Fondun sədrini işə təyin və işdən azad edir.

6.3. Fondun sədri aşağıdakıları həyata keçirir:

6.3.1. Fondun fəaliyyətini təşkil edir;

6.3.2. hüquqi və fiziki şəxslərlə münasibətlərdə Fondu təmsil edir;

6.3.3. Fondun vəsaitləri də daxil olmaqla Fondun əmlakı ilə bağlı verilmiş sərəncamın icrasını həyata keçirir;

6.3.4. Fondun cari fəaliyyətinə aid məsələlər üzrə əmr və sərəncamlar verir;

6.3.5. əmək qanunvericiliyinə uyğun olaraq əmək müqavilələri bağlayır və onlara xitam verir;

6.3.6. Fondun adından tələb və iddialar irəli sürür;

6.3.7. Fondun vəsaitinin istifadə olunması ilə bağlı xərclər smetasının layihəsini hazırlayır və təsdiq edir;

6.3.8. Fondun fəaliyyəti ilə bağlı zəruri analitik sənədlər, habelə daxil olmuş vəsaitin təyinatı üzrə düzgün və səmərəli istifadə olunması barədə arayışlar hazırlayır və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir;

6.3.9. Azərbaycan Respublikasının qanunvericiliyinə və bu Əsasnaməyə müvafiq olaraq digər səlahiyyətləri həyata keçirir.

6.4. Fondda müəyyən edilmiş qaydada uçot və hesabat aparılmasına və onun dürüstlüyü üçün Fondun sədri məsuliyyət daşıyır.

6.5. Fondun sədri bu Əsasnamənin 3.1.1-ci və 6.3.6-cı yarımbəndlərində nəzərdə tutulan işlər üzrə hüquqi yardım göstərilməsi haqqında müqavilə bağlayır və ona xitam verir. [4]

 

VII. FONDUN MƏSULİYYƏTİ

 

7.1. Dövlət Fondun, öz növbəsində Fond da dövlətin üzərinə götürdüyü öhdəliklərə görə cavabdehlik daşımır.

7.2. Dövlət Fondun qanuni mənafelərinin qorunmasını təmin edir və onun fəaliyyətinin həyata keçirilməsi üçün şərait yaradılmasına təminat verir.

 

VIII. FONDUN YENİDƏN TƏŞKİLİ VƏ LƏĞV EDİLMƏSİ

 

8.1. Fondun yenidən təşkili və ləğv edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən mövcud qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir.

8.2. Fond ləğv edildikdə, onun qalan əmlakı dövlətin sərəncamına keçir.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       25 iyun 2015-ci il tarixli 243 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 7 iyul 2015-ci il, № 144; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 07, maddə 877)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 25 iyun 2015-ci il tarixli 243 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 7 iyul 2015-ci il, № 144; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 07, maddə 877) ilə 5.5.4-cü yarımbənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

5.5.4. xərclənmiş vəsaitin məbləği.

 

[2] 25 iyun 2015-ci il tarixli 243 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 7 iyul 2015-ci il, № 144; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 07, maddə 877) ilə yeni məzmunda 5.5.5-ci yarımbənd əlavə edilmişdir.

 

[3] 25 iyun 2015-ci il tarixli 243 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 7 iyul 2015-ci il, № 144; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 07, maddə 877) ilə 5.6.3-cü yarımbənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

5.6.3. ödənilməli olan vəsaitin məbləği;

 

[4] 25 iyun 2015-ci il tarixli 243 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 7 iyul 2015-ci il, № 144; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 07, maddə 877) ilə yeni məzmunda 6.5-ci bənd əlavə edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status