430.000.000
Terrorizm, mütəşəkkil cinayətkarlıq, narkotiklərin yayılması və digər təhlükəli növ cinayətlərlə mübarizə üzrə GUAM-ın Dövlətlərarası İnformasiya-Təhlil Sisteminin Milli İnformasiya-Təhlil Mərkəzinin fəaliyyətinin təmin edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikasının 2004-cü il 21 may tarixli 665-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Terrorizm, mütəşəkkil cinayətkarlıq, narkotiklərin yayılması və digər təhlükəli növ cinayətlərlə mübarizə üzrə GUÖAM-ın Virtual Mərkəzinin və GUÖAM-ın Dövlətlərarası İnformasiya-Təhlil Sisteminin (DİTS) yaradılması haqqında" Sazişin həyata keçirilməsi, terrorizm, mütəşəkkil cinayətkarlıq, narkotiklərin yayılması və digər cinayətlərə qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığının gücləndirilməsi məqsədilə qərara alıram:
1. Terrorizm, mütəşəkkil cinayətkarlıq, narkotiklərin yayılması və digər təhlükəli növ cinayətlərlə mübarizə üzrə GUAM-ın Dövlətlərarası İnformasiya-Təhlil Sisteminin Milli İnformasiya-Təhlil Mərkəzinin fəaliyyətini təmin etmək üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti bir ay müddətində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və digər aidiyyəti dövlət orqanlarının nümayəndələrindən ibarət Milli İnformasiya-Təhlil Mərkəzinin İşçi Qrupunu yaratsın.
2.
Milli İnformasiya-Təhlil Mərkəzinin İşçi Qrupunun fəaliyyətinin əlaqələndirilməsi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə həvalə edilsin.
3.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
4.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 aprel 2006-cı il
№ 1409