Texniki yardım və qrant alınmasına dair sazişlərin bağlanması və təsdiq edilməsi Qaydalarının təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları və dövlətə məxsus hüquqi şəxsləri tərəfindən alınan qrant və texniki yardımlara dair sazişlərin bağlanması praktikasını təkmilləşdirmək məqsədi ilə qərara alıram:
[1]
1. "Texniki yardım və qrant alınmasına dair sazişlərin bağlanması və təsdiq edilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
3. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 aprel 2006-cı il
№ 388
|
Azərbaycan Respublikası Prezidentinin
2006-cı il 17 aprel tarixli 388 nömrəli Fərmanı ilə
TƏSDİQ EDİLMİŞDİR
|
Texniki yardım və qrant alınmasına dair sazişlərin bağlanması və təsdiq edilməsi
QAYDALARI
I. ÜMUMİ MÜDDƏALAR
1.1.
Bu Qaydalar Azərbaycan Respublikasının adından və ya Azərbaycan Respublikası Hökuməti adından texniki yardım və ya qrant alınmasına dair sazişlərin (bundan sonra - sazişlər) bağlanması və təsdiq edilməsi prosedurunu tənzimləyir.
1.2.
Bu Qaydaların əsas məqsədi 1.1-ci bənddə nəzərdə tutulan sazişlərin mühüm əhəmiyyət kəsb edən iqtisadi-sosial, institusional və struktur dəyişikliklərinə yönəldilməsini, habelə hərtərəfli əsaslandırılmış layihələrin hazırlanmasını təmin etməkdən ibarətdir.
1.3.
Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dəstəklənməsi məqsədilə bu Qaydaların 1.1-ci bəndində nəzərdə tutulan sazişlərin bağlanması bu Qaydalara və “Sahibkarlığın dəstəklənməsi məqsədilə xarici dövlətlərin və beynəlxalq təşkilatların maliyyələşdirdikləri proqramların (layihələrin) əlaqələndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 2 iyul tarixli 768 nömrəli Fərmanına uyğun olaraq həyata keçirilir.
[2]
II. SAZİŞLƏRİN BAĞLANMASI VƏ TƏSDİQ EDİLMƏSİ
2.1.
Mərkəzi icra hakimiyyəti orqanları və dövlətə məxsus hüquqi şəxslər tərəfindən sazişlərə dair danışıqlara başlanması haqqında təkliflər həmin sazişlərin layihələri əlavə olunmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir.
[3]
2.2.
Bu Qaydaların 2.1-ci bəndində nəzərdə tutulan təkliflərə sazişlərin bağlanmasının məqsədəuyğunluğunu təsdiqləyən və bu sazişlərin bağlanmasının maliyyə-iqtisadi və ya institusional-texniki nəticələrini qiymətləndirən sənədlər və əldə olunacaq nəticələrə dair məlumatlar da əlavə olunur.
2.3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Qaydaların 2.1-ci və 2.2-ci bəndlərində göstərilən təkliflərə bir ay müddətində baxır.
2.4.
Bu Qaydaların 2.3-cü bəndində göstərilən müddətdə Azərbaycan Respublikasının Nazirlər Kabineti layihələri iqtisadi və hüquqi ekspertizaya göndərir. Layihələrin iqtisadi və hüquqi ekspertizaları müvafiq olaraq Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir. Zərurət olduqda, göstərilən nazirliklər iqtisadi və hüquqi ekspertizanın keçirilməsi üçün müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının, habelə bu sahədə ixtisaslaşmış təşkilatların xidmətlərindən istifadə edə bilərlər.
[4]
2.5.
Azərbaycan Respublikasının Nazirlər Kabineti texniki yardım və ya qrant alınmasını məqsədəuyğun hesab edərsə, müvafiq icra hakimiyyəti orqanlarının və dövlətə məxsus hüquqi şəxslərin rəhbərlərinə müvafiq donorla danışıqlara başlanmasına dair razılıq verir.
[5]
2.6.
Layihələr Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olmalı, ölkənin qanunları və digər qanunvericilik aktları ilə əsasən ziddiyyət təşkil etməməlidir.
2.7.
Saziş layihələri tərəflərlə razılaşdırıldıqdan sonra layihənin yekun mətni Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir.
2.8.
Sazişi imzalamaq səlahiyyəti Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müvafiq icra hakimiyyəti orqanının və dövlətə məxsus hüquqi şəxsin rəhbərinə verilir.
[6]
2.9.
Müvafiq qaydada tərəflər arasında imzalanmış saziş onu imzalamış mərkəzi icra hakimiyyəti orqanının və dövlətə məxsus hüquqi şəxsin rəhbəri tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir və bu Qaydaların 2.10-cu və 2.11-ci bəndlərində müəyyən edilmiş tələblər gözlənilməklə, bir ay ərzində Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunur.
[7]
2.10.
Texniki yardım və qrant alınmasına dair sazişdə Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydalardan fərqli qaydalar nəzərdə tutularsa, saziş Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir. Həmin saziş Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilir.
2.11.
Texniki yardım və qrant alınmasına dair sazişdə Azərbaycan Respublikası Prezidentinin fərmanları ilə müəyyən edilmiş qaydalardan fərqli qaydalar nəzərdə tutularsa, həmin saziş Azərbaycan Respublikası Nazirlər Kabinetinin təqdimatı ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilir.
2.12. Azərbaycan Respublikasının Nazirlər Kabineti texniki yardım və qrantların məqsədli və səmərəli istifadəsinə dair məlumatı ildə bir dəfədən az olmayaraq və zəruri hallarda tələb olunduqda, layihə tam başa çatdıqdan sonra isə yekun hesabatı Azərbaycan Respublikasının Prezidentinə təqdim edir.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 may 2014-cü il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 5, maddə 477)
2.
16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384)
3.
4 iyul 2019-cu il tarixli 774 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 5 iyul 2019-cu il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1222)
4.
30 yanvar 2020-ci il tarixli 916 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 31 yanvar 2020-ci il, № 20, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 1, maddə 5)
5.
21 yanvar 2023-cü il tarixli 1986 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 21 yanvar 2023-cü il, “Azərbaycan” qəzeti, 22 yanvar 2023-cü il, № 14)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
4 iyul 2019-cu il tarixli 774 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 5 iyul 2019-cu il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1222) ilə preambulada “digər təşkilatları” sözləri “dövlətə məxsus müəssisələri” sözləri ilə əvəz edilmişdir.
21 yanvar 2023-cü il tarixli 1986 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 21 yanvar 2023-cü il, “Azərbaycan” qəzeti, 22 yanvar 2023-cü il, № 14) ilə preambulada “müəssisələri” sözü “hüquqi şəxsləri” sözləri ilə əvəz edilmişdir.
[2]
30 yanvar 2020-ci il tarixli 916 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 31 yanvar 2020-ci il, № 20, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 1, maddə 5) ilə “Texniki yardım və qrant alınmasına dair sazişlərin bağlanması və təsdiq edilməsi Qaydaları”na yeni məzmunda 1.3-cü bənd əlavə edilmişdir.
[3]
4 iyul 2019-cu il tarixli 774 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 5 iyul 2019-cu il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1222) ilə “Texniki yardım və qrant alınmasına dair sazişlərin bağlanması və təsdiq edilməsi Qaydaları”nın 2.1-ci bəndində “Mərkəzi və digər icra hakimiyyəti orqanları” sözləri “Mərkəzi icra hakimiyyəti orqanları və dövlətə məxsus müəssisələr” sözləri ilə əvəz edilmişdir.
21 yanvar 2023-cü il tarixli 1986 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 21 yanvar 2023-cü il, “Azərbaycan” qəzeti, 22 yanvar 2023-cü il, № 14) ilə “Texniki yardım və qrant alınmasına dair sazişlərin bağlanması və təsdiq edilməsi Qaydaları”nın 2.1-ci bəndində “müəssisələr” sözü “hüquqi şəxslər” sözləri ilə əvəz edilmişdir.
[4]
14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 may 2014-cü il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 5, maddə 477) ilə 2.4-cü bəndin ikinci cümləsində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.
16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384) ilə 2.4-cü bəndin ikinci cümləsindən “və Sənaye” sözləri çıxarılmışdır.
[5]
4 iyul 2019-cu il tarixli 774 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 5 iyul 2019-cu il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1222) ilə “Texniki yardım və qrant alınmasına dair sazişlərin bağlanması və təsdiq edilməsi Qaydaları”nın 2.5-ci bəndinə “orqanlarının” sözündən sonra “və dövlətə məxsus müəssisələrin” sözləri əlavə edilmişdir.
21 yanvar 2023-cü il tarixli 1986 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 21 yanvar 2023-cü il, “Azərbaycan” qəzeti, 22 yanvar 2023-cü il, № 14) ilə “Texniki yardım və qrant alınmasına dair sazişlərin bağlanması və təsdiq edilməsi Qaydaları”nın 2.5-ci bəndində “müəssisələrin” sözü “hüquqi şəxslərin” sözləri ilə əvəz edilmişdir.
[6]
4 iyul 2019-cu il tarixli 774 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 5 iyul 2019-cu il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1222) ilə “Texniki yardım və qrant alınmasına dair sazişlərin bağlanması və təsdiq edilməsi Qaydaları”nın 2.8-ci bəndinə “orqanının” sözündən sonra “və dövlətə məxsus müəssisənin” sözləri əlavə edilmişdir.
[7]
4 iyul 2019-cu il tarixli 774 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 5 iyul 2019-cu il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1222) ilə “Texniki yardım və qrant alınmasına dair sazişlərin bağlanması və təsdiq edilməsi Qaydaları”nın 2.9-cu bəndində “icra hakimiyyəti orqanının” sözləri “mərkəzi icra hakimiyyəti orqanının və dövlətə məxsus müəssisənin” sözləri ilə əvəz edilmişdir.
21 yanvar 2023-cü il tarixli 1986 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 21 yanvar 2023-cü il, “Azərbaycan” qəzeti, 22 yanvar 2023-cü il, № 14) ilə “Texniki yardım və qrant alınmasına dair sazişlərin bağlanması və təsdiq edilməsi Qaydaları”nın 2.8-ci və 2.9-cu bəndlərində “müəssisənin” sözü “hüquqi şəxsin” sözləri ilə əvəz edilmişdir.