“QEYDƏ ALINMIŞDIR”
Azərbaycan Respublikası
Ədliyyə Nazirliyində
Qeydiyyat № 2666
“19” fevral 2001-ci il
Nazir________________ F.Məmmədov
|
“TƏSDİQ EDİLMİŞDİR”
Azərbaycan Respublikası
Milli Bankı İdarə Heyətinin
“ 14” fevral 2001-ci il tarixli
qərarı ilə
Protokol № 7
Sədr______________ E.S.Rüstəmov
|
Azərbaycan Respublikasının Bank sistemində
hesablama metodu ilə uçot Qaydaları
I. Ümumi müddəalar
1.1. Bu Qaydalar “Azərbaycan Respublikasının Milli Bankı haqqında”, “Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunlarına, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və Azərbaycan Respublikasının Bank sistemində (irəlidə “Bank”) hesablama metodu ilə əməliyyatların uçot siyasətini müəyyən edir.
1.2. Banklarda hesablama metodu ilə əməliyyatlar aparılarkən vergitutma məqsədləri üçün “Azərbaycan Respublikasının Vergi Məcəlləsi”nin müddəaları əsas tutulur.
II. Anlayışlar
2.1.
Hesablama metodu ilə mühasibat uçotu əməliyyatları ödəmələrin verildiyi və ya alındığı tarixdə yox, baş verdiyi dövrdə tanınmasını tələb edir.
2.2.
Hesablama metodu ilə tərtib olunmuş maliyyə hesabatları istifadəçiləri ödəmələrin verilməsi və pul vəsaitlərinin alınması barədə nəinki əvvəlki əməliyyatlar haqqında, həmçinin gələcək ödəmələr və alınması gözlənilən pul vəsaitləri haqqında informasiya ilə də təmin etməyə şərait yaradır.
III. Hesablama metodu ilə uçot
3.1 Hesablama metodu ilə mühasibat uçotu (balans) hesabatlarında:
♦
pul vəsaitlərinin və ya digər maliyyə aktivlərinin alınması hüququ aktiv kimi;
♦
pul vəsaitlərinin ödənilməsi və ya xidmətlərin göstərilməsi hüququ öhdəliklər kimi əks olunur.
3.2. Müvafiq dövrə aid olan gəlir və xərc hesablarının qalıqları ayda bir dəfədən az olmayaraq “cari maliyyə ilinin mənfəəti/zərəri” hesabına aid edilir.
[1]
IV. Faizlərin hesablanması
4.1.
Faizlərin hesablanması qanunvericilikdə digər hallar nəzərdə tutulmayıbsa, faktiki alınmasından və ya verilməsindən asılı olmayaraq gündəlik müvafiq gəlir və xərclər hesablarında əks olunur.
4.2.
Faizlərin müvafiq uçotunu həyata keçirmək üçün aşağıdakı informasiyaların olması zəruridir: vəsaitlərin yerləşdirilməsi (cəlb edilməsi) növü, məbləği, faiz normaları və ödənilmiş faizlərin alınma (ödənilmə) müddətləri və şərtləri.
4.3.
Faizlərin hesablanmasının dayandırılması müvafiq normativ-hüquqi aktlara əsasən həyata keçirilir.
V. Gəlirin və xərclərin hesablanması
5.1. Müvafiq dövrə aid olan bütün gəlir və xərclər həmin dövrdə mühasibat uçotu (balans) hesabatlarına daxil edilir.
5.2. Müvafiq dövrə aid olan bütün gəlir və ya xərclərin mənfəət və ya zərər hesablarında əks olunmasının təmin edilməsi üçün hər ay gəlirlərin və xərclərin hesablanması yenidən yoxlanılır.
VI. Yekun müddəalar
6.1. Bu Qaydalar 01 mart 2001-ci il tarixdən qüvvəyə minir.
6.2. Bu Qaydaların qüvvəyə minməsi ilə əlaqədar Milli Bankın 27 noyabr 1995-ci il tarixli, 25 saylı “Bank idarələrində faizlərin hesablanması və onların mühasibat uçotu hesabları üzrə əks etdirilməsi” Qaydaları öz qüvvəsini itirir.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
2 mart 2002-ci il tarixli 5 nömrəli Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin Protokolu (Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Hüquqi Aktlarının Bülleteni, 2002-ci il, № 03)
BÜLLETENƏ EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
2 mart 2002-ci il tarixli 5 nömrəli Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin Protokolu (Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Hüquqi Aktlarının Bülleteni, 2002-ci il, № 03) ilə 3.2-ci bənd yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
3.2. Gəlir və xərclər, daxil olma və ya silinmə faktından asılı olmayaraq, aid olduğu dövrün mənfəət və zərər hesablarında əks olunur.