AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
10.06.2005
QEYDİYYAT NÖMRƏSİ
923-IIQ
ADI
Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 18-08-2005, Nəşr nömrəsi: 190), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-2005, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 683)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
18.08.2005
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
340.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında

Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bu Qanun Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik sahəsində hüquqi tənzimləməni həyata keçirir, icra hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının, həmçinin mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların (bundan sonra - təşkilatlar) və onların vəzifəli şəxslərinin, Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra vətəndaşlar) bu sahədə hüquqlarını, vəzifə və məsuliyyətlərini müəyyən edir.

I fəsil

ÜMUMİ MÜDDƏALAR

Maddə 1 . Əsas anlayışlar

1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.0.1. səfərbərlik hazırlığı - dövlətin silahlı hücumdan müdafiəsinin təmin edilməsi və müharibə dövründə dövlətin tələbatının və əhalinin ehtiyaclarının ödənilməsi məqsədilə Azərbaycan Respublikası iqtisadiyyatının, icra hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının və təşkilatların hazırlanmasına, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan xüsusi dövlət orqanlarının və müharibə dövrü üçün yaradılan xüsusi birləşmələrin (bundan sonra - xüsusi birləşmələr) hazırlığına aid dinc dövrdə əvvəlcədən keçirilən tədbirlər kompleksidir;

1.0.2. səfərbərlik - Azərbaycan Respublikası iqtisadiyyatının, icra hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının və təşkilatların müharibə dövrünün iş rejiminə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin və xüsusi birləşmələrin müharibə dövrü üçün müəyyən edilmiş təşkilati-ştat strukturuna keçirilməsinə dair tədbirlər kompleksidir.

Maddə 2 . Səfərbərlik hazırlığı və səfərbərlik haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

Səfərbərlik hazırlığı və səfərbərlik haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir.

Maddə 3 . Səfərbərlik elan olunması

3.1. Azərbaycan Respublikasında ümumi və ya qismən səfərbərlik elan olunur.

3.2. Səfərbərliyin elan olunması barədə müvafiq icra hakimiyyəti orqanının qərarı dərhal kütləvi informasiya vasitələri ilə, bu mümkün olmadıqda isə başqa üsullarla yayılır.

Maddə 4 . Səfərbərlik hazırlığının və səfərbərliyin əsas prinsipləri və bu sahədə dövlətin vəzifələri

4.1. Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik ölkənin müdafiəsinin təşkilinin tərkib hissəsidir.

4.2. Səfərbərlik hazırlığı və səfərbərliyin əsas prinsipləri aşağıdakılardır:

4.2.1. mərkəzləşdirilmiş rəhbərlik;

4.2.2. qabaqcadan hazırlıq, planlı iş və nəzarət;

4.2.3. kompleks yanaşma və qarşılıqlı razılaşdırma.

4.3. Səfərbərlik hazırlığı və səfərbərlik sahəsində dövlətin vəzifələri aşağıdakılardan ibarətdir:

4.3.1. səfərbərlik hazırlığı və səfərbərlik sahəsində hüquqi tənzimləmə;

4.3.2. səfərbərlik hazırlığı və səfərbərliyin elmi və metodiki təminatı;

4.3.3. səfərbərlik zamanı və müharibə dövründə dövlət hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının və təşkilatların iş rejiminin müəyyənləşdirilməsi və hazırlığı;

4.3.4. dövlət hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının və təşkilatların müharibə dövrünün iş rejiminə keçirilməsi ilə bağlı tədbirlərin görülməsi;

4.3.5. Azərbaycan Respublikası iqtisadiyyatının, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin və xüsusi birləşmələrin səfərbərlik planlarının (bundan sonra - səfərbərlik planları) işlənib hazırlanması;

4.3.6. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin və xüsusi birləşmələrin səfərbərliyə hazırlığı;

4.3.7. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin və xüsusi birləşmələrin səfərbərliyinin keçirilməsi;

4.3.8. Azərbaycan Respublikası iqtisadiyyatının səfərbərliyə və müharibə dövrü şəraitinə hazırlığı;

4.3.9. Azərbaycan Respublikası iqtisadiyyatının müharibə dövrü şəraitinə keçirilməsinə dair tədbirlərin görülməsi;

4.3.10. Azərbaycan Respublikasının səfərbərlik hazırlığı vəziyyətinin qiymətləndirilməsi;

4.3.11. müharibə dövründə dövlətin, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin və xüsusi birləşmələrin tələbatlarının və əhalinin ehtiyaclarının ödənilməsi məqsədilə məhsulların istehsal olunması üçün qüvvələrin səfərbər olması, istehsal obyektlərinin yaradılması, inkişaf etdirilməsi və qorunub saxlanılması;

4.3.12. səfərbərlik elan olunarkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinə, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrə verilməsi, yaxud onların mənafeyi, habelə Azərbaycan Respublikası iqtisadiyyatının ehtiyacı üçün istifadə olunması məqsədilə xüsusi birləşmələrin yaradılması və hazırlanması;

4.3.13. səfərbərlik elan olunarkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinə, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrə və xüsusi birləşmələrə verilməsi, yaxud onların mənafeyinə uyğun olaraq istifadə edilməsi üçün nəzərdə tutulmuş texnikanın hazırlanması;

4.3.14. maddi sərvətlərin səfərbərlik və dövlət ehtiyatlarının, habelə ərzaq mallarının və neft məhsullarının azaldılmaz ehtiyatlarının yaradılması, yığılması, saxlanılması və təzələnməsi;

4.3.15. silah və hərbi texnikaya, mühüm mülki məhsullara, yüksək təhlükə obyektlərinə, əhali üçün həyati əhəmiyyətli sistemlərə və milli sərvət hesab olunan obyektlərə dair sənədlərin ehtiyat fondunun yaradılması və saxlanılması;

4.3.16. səfərbərlik zamanı və müharibə dövründə əhalinin ərzaq və qeyri-ərzaq malları ilə normalara uyğun təchizatının, onlara tibbi xidmət göstərilməsinin, rabitə, nəqliyyat vasitələri ilə təminatının hazırlanması və təşkili;

4.3.17. dövlət hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının və təşkilatların müəyyən olunmuş qaydada ehtiyat idarəetmə məntəqələrinin yaradılması və onların müharibə dövrü şəraitində fəaliyyətə hazırlanması;

4.3.18. kütləvi informasiya vasitələrinin səfərbərlik zamanı və müharibə dövrü üçün işə hazırlanması;

4.3.19. dövlət hakimiyyəti orqanlarında, yerli özünüidarəetmə orqanlarında və təşkilatlarda hərbi uçotun təşkili;

4.3.20. səfərbərlik zamanı və müharibə dövründə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin və xüsusi birləşmələrin komplektləşdirilməsi üçün vətəndaşların hərbi uçot ixtisaslarına görə hazırlanması;

4.3.21. dövlət hakimiyyəti orqanlarında, yerli özünüidarəetmə orqanlarında və təşkilatlarda işləyən hərbi vəzifəlilərin səfərbərlik zamanı və müharibə dövrü üçün bron edilməsi;

4.3.22. səfərbərlik planlarının yerinə yetirilməsi üzrə təlim və məşqlərin keçirilməsi;

4.3.23. səfərbərlik orqanları işçilərinin ixtisasının artırılması;

4.3.24. səfərbərlik hazırlığı və səfərbərlik sahəsində beynəlxalq əməkdaşlıq.

 

II fəsil

SƏFƏRBƏRLİK HAZIRLIĞI VƏ SƏFƏRBƏRLİK SAHƏSİNDƏ İCRA HAKİMİYYƏTİ VƏ YERLİ ÖZÜNÜİDARƏETMƏ ORQANLARININ SƏLAHİYYƏTLƏRİ

Maddə 5 . Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətləri

5.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı səfərbərlik hazırlığı və səfərbərlik sahəsində:

5.1.1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin, iqtisadiyyatın və idarəetmənin səfərbərlik planlarını təsdiq edir;

5.1.2. səfərbərlik hazırlığının və səfərbərliyin məqsəd və vəzifələrini müəyyən edir;

5.1.3. səfərbərlik hazırlığı və səfərbərlik sahəsində müvafiq normativ hüquqi aktlar qəbul edir;

5.1.4. səfərbərlik hazırlığı və səfərbərlik sahəsində dövlət hakimiyyəti orqanlarının razılaşdırılmış fəaliyyətini və qarşılıqlı əlaqəsini müəyyən edir;

5.1.5. səfərbərlik hazırlığının vəziyyəti barədə illik məruzələrin təqdim edilməsi qaydalarını müəyyən edir;

5.1.6. səfərbərlik hazırlığı və səfərbərlik sahəsinə dair Azərbaycan Respublikasının beynəlxalq müqavilələrini imzalayır;

5.1.7. Azərbaycan Respublikasına qarşı real silahlı hücum edildiyi və ya bilavasitə real silahlı hücum təhlükəsi olduğu, habelə Azərbaycan Respublikasına qarşı yönəldilmiş silahlı münaqişə yarandığı hallarda dərhal ümumi və ya qismən səfərbərlik elan edir;

5.1.8. səfərbərlik zamanı və müharibə dövründə icra hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının və təşkilatların iş rejimini müəyyən edir;

5.1.9. dövlət hakimiyyəti orqanlarında, yerli özünüidarəetmə orqanlarında və təşkilatlarda işləyən hərbi vəzifəlilərin səfərbərlik zamanı və müharibə dövründə bron edilməsi işinin təşkil olunması qaydalarını müəyyən edir;

5.1.10. vətəndaşlara, yaxud vətəndaşların ayrı-ayrı kateqoriyalarına səfərbərlik üzrə hərbi xidmətə çağırışdan möhlət hüququ verir və ya möhlət hüququnu dayandırır;

5.1.11. səfərbərlik elan edildikdə, Azərbaycan Respublikasına gəlmə və Azərbaycan Respublikasından getmənin xüsusi qaydalarını müəyyən edir;

5.1.12. səfərbərlikdən tərxisetmə elan edir;

5.1.13. qanunvericiliklə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirir.

5.2. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı səfərbərlik hazırlığı və səfərbərlik sahəsində öz səlahiyyətləri daxilində:

5.2.1. səfərbərlik hazırlığına və səfərbərliyə rəhbərlik edir;

5.2.2. səfərbərlik hazırlığının və səfərbərliyin təmin edilməsinə dair tədbirləri həyata keçirir;

5.2.3. müvafiq icra hakimiyyəti orqanının göstərişi əsasında səfərbərlik hazırlığı və səfərbərlik sahəsində icra hakimiyyəti orqanlarının səlahiyyətlərini müəyyənləşdirir, habelə onların fəaliyyətinə rəhbərlik edir;

5.2.4. müharibə dövründə dövlətin, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin və xüsusi birləşmələrin tələbatlarının və əhalinin ehtiyaclarının ödənilməsi məqsədilə səfərbərlik planlarının işlənib hazırlanmasını təşkil edir;

5.2.5. təşkilatlar tərəfindən səfərbərlik tapşırıqlarının (sifarişlərinin) yerinə yetirilməsi və həmin tapşırıqların (sifarişlərin) maddi-texniki ehtiyatlarla təmin edilməsinə dair müqavilələrin bağlanması qaydasını müəyyən edir;

5.2.6. səfərbərlik hazırlığı və səfərbərlik tədbirlərinin maliyyələşdirilmə qaydasını və mənbəyini müəyyən edir;

5.2.7. dövlət büdcəsindən səfərbərlik hazırlığı və səfərbərlik üçün vəsait ayrılması və səfərbərlik tapşırıqları (sifarişləri) olan təşkilatlara güzəştlərin verilməsi məsələlərini həll edir;

5.2.8. səfərbərlik hazırlığı sahəsində, habelə səfərbərlik zamanı və müharibə dövründə tətbiq edilməli olan normativ hüquqi aktların layihələrini işləyib hazırlayır;

5.2.9. səfərbərlik hazırlığı və səfərbərlik sahəsində əməkdaşlıq haqqında Azərbaycan Respublikasının beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərinin yerinə yetirilməsini təşkil edir;

5.2.10. səfərbərlik hazırlığı və səfərbərliyin elmi, metodiki və informasiya təminatını təşkil edir;

5.2.11. səfərbərlik orqanı yaradır;

5.2.12. səfərbərlik orqanları işçilərinin ixtisasının artırılmasını təşkil edir;

5.2.13. səfərbərlik hazırlığını təşkil edir, səfərbərlik hazırlığı barədə statistik hesabatı müəyyən edir, Azərbaycan Respublikasının səfərbərlik hazırlığının vəziyyətini qiymətləndirir və hər il bu barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına məruzə edir;

5.2.14. səfərbərlik elan edildikdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin və xüsusi birləşmələrin müharibə dövrü üçün müəyyən edilmiş təşkilati-ştat strukturuna keçirilməsinə nəzarəti həyata keçirir;

5.2.15. səfərbərlik elan edildikdə Azərbaycan Respublikası iqtisadiyyatının müəyyən olunmuş qaydada müharibə dövrü şəraitinə keçirilməsini təşkil edir;

5.2.16. dövlət hakimiyyəti orqanlarında, yerli özünüidarəetmə orqanlarında və təşkilatlarda işləyən hərbi vəzifəlilərin hərbi uçotunu, səfərbərlik zamanı və müharibə dövrü üçün bron edilməsini təşkil edir;

5.2.17. səfərbərlik planlarının yerinə yetirilməsi üzrə təlim və məşqlərin keçirilməsini təşkil edir;

5.2.18. maddi sərvətlərin səfərbərlik və dövlət ehtiyatlarının, habelə ərzaq mallarının və neft məhsullarının azaldılmaz ehtiyatlarının yaradılması, yığılması, saxlanılması, təzələnməsi və istifadə olunması qaydalarını müəyyən edir;

5.2.19. silah və hərbi texnikaya, mühüm mülki məhsullara, yüksək təhlükə obyektlərinə, əhali üçün həyati əhəmiyyətli sistemlərə və milli sərvət hesab olunan obyektlərə dair sənədlərin ehtiyat fondunun yaradılması, saxlanılması və istifadə olunması qaydasını müəyyən edir;

5.2.20. dövlət hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının və təşkilatların ehtiyat idarəetmə məntəqələrinin siyahısını təsdiq edir;

5.2.21. qanunvericiliklə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirir.

5.3. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları səfərbərlik hazırlığı və səfərbərlik sahəsində öz səlahiyyətləri daxilində:

5.3.1. səfərbərlik hazırlığını və səfərbərliyi təşkil və təmin edirlər;

5.3.2. qarşılıqlı fəaliyyət göstərdikləri, yaxud onların səlahiyyət dairəsində olan təşkilatların səfərbərlik hazırlığına rəhbərlik edirlər;

5.3.3. səfərbərlik orqanları yaradırlar;

5.3.4. səfərbərlik hazırlığı üçün işlərin maliyyələşdirilməsinin həcmini müəyyən edirlər;

5.3.5. səfərbərlik planlarını işləyib hazırlayırlar;

5.3.6. qarşılıqlı fəaliyyət göstərdikləri, yaxud onların səlahiyyət dairəsində olan təşkilatlarla səfərbərlik tapşırıqlarının (sifarişlərinin) yerinə yetirilməsi barədə müqavilələr bağlayırlar;

5.3.7. səfərbərlik elan edildikdə, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada təşkilatların müharibə dövrünün iş rejiminə keçirilməsi üçün kompleks tədbirlərin həyata keçirilməsini təşkil edirlər;

5.3.8. səfərbərlik hazırlığının və səfərbərliyin təkmilləşdirilməsinə dair təkliflərini Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına təqdim edirlər;

5.3.9. səfərbərlik tapşırıqları (sifarişləri) olan təşkilatlar müflisləşdiyi (iflas olduğu) hallarda, bu tapşırıqların (sifarişlərin) başqa təşkilatlara verilməsi üçün tədbirlər görürlər;

5.3.10. dövlət hakimiyyəti orqanlarında, yerli özünüidarəetmə orqanlarında və təşkilatlarda işləyən hərbi vəzifəlilərin hərbi uçotunu, səfərbərlik zamanı və müharibə dövrü üçün bron edilməsini təşkil edir və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada bron edilməyə aid hesabatın təqdim edilməsini təmin edirlər;

5.3.11. səfərbərlik orqanları işçilərinin ixtisasının artırılmasını təşkil edirlər.

Maddə 6 . Müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının səlahiyyətləri və funksiyaları

6.1. Müvafiq icra hakimiyyəti orqanları və yerli özünüidarəetmə orqanları səfərbərlik hazırlığı və səfərbərlik sahəsində öz səlahiyyətləri daxilində:

6.1.1. səfərbərlik orqanları yaradırlar;

6.1.2. səfərbərlik hazırlığını və səfərbərliyi təşkil və təmin edirlər;

6.1.3. səfərbərlik hazırlığına və səfərbərliyə dair normativ hüquqi aktların həyata keçirilməsini təmin edirlər;

6.1.4. səfərbərlik planlarını işləyib hazırlayırlar;

6.1.5. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları ilə qarşılıqlı əlaqədə səfərbərlik planlarının yerinə yetirilməsini təmin edən tədbirlər keçirirlər;

6.1.6. səfərbərlik hazırlığının və səfərbərliyin təmin edilməsi məqsədilə malların göndərilməsi, işlərin görülməsi, qüvvə və vasitələrin ayrılması, xidmətlərin göstərilməsi barədə təşkilatlarla müqavilələr bağlayırlar;

6.1.7. səfərbərlik elan edildikdə, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada iqtisadiyyatın müharibə dövrü şəraitinə keçirilməsinə dair tədbirlər görürlər;

6.1.8. dinc dövrdə və səfərbərlik zamanı müvafiq icra hakimiyyəti orqanlarına səfərbərlik işində köməklik göstərirlər;

6.1.9. səfərbərlik planlarına uyğun olaraq, səfərbərlik üzrə hərbi xidmətə çağırılmalı olan vətəndaşların vaxtında xəbərdar edilməsini və gəlməsini, texnikanın toplanış məntəqələrinə, yaxud hərbi hissələrə göndərilməsini, binaların, tikililərin, kommunikasiyaların, yer sahələrinin, nəqliyyat və digər maddi vəsaitlərin təyinatları üzrə istifadəyə verilməsini müəyyən olunmuş qaydada təşkil edirlər;

6.1.10. inzibati ərazi vahidində olan təşkilatlar barədə müvafiq icra hakimiyyəti orqanlarına məlumatların verilməsini təmin edirlər;

6.1.11. səfərbərlik orqanları işçilərinin ixtisasının artırılmasını təşkil edirlər.

6.2. Qanunvericilik və icra hakimiyyəti orqanları səfərbərlik hazırlığı və səfərbərlik sahəsində yerli özünüidarəetmə orqanlarına əlavə səlahiyyətlər həvalə etdikdə, bu səlahiyyətləri həyata keçirmək üçün onlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri maliyyə vəsaitləri ilə təmin edilirlər.

 

III fəsil

SƏFƏRBƏRLİK HAZIRLIĞI VƏ SƏFƏRBƏRLİK SAHƏSİNDƏ TƏŞKİLATLARIN VƏ VƏTƏNDAŞLARIN VƏZİFƏLƏRİ

Maddə 7 . Təşkilatların vəzifələri

7.1. Səfərbərlik hazırlığı və səfərbərlik sahəsində təşkilatlar öz səlahiyyətləri daxilində:

7.1.1. səfərbərlik hazırlığının təmin edilməsi üçün tədbirlər təşkil edir və keçirirlər;

7.1.2. səfərbərlik orqanları yaradırlar və ya səfərbərlik orqanlarının vəzifələrini yerinə yetirən işçiləri (bundan sonra - səfərbərlik işçiləri) təyin edirlər;

7.1.3. səfərbərlik planlarını işləyib hazırlayırlar;

7.1.4. səfərbərlik zamanı və müharibə dövründə səfərbərlik tapşırıqlarının (sifarişlərinin) yerinə yetirilməsi məqsədilə istehsalatın hazırlanmasına dair tədbirlər keçirirlər;

7.1.5. səfərbərlik elan edildikdə, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada istehsalatın müharibə dövrünün iş rejiminə keçirilməsi üçün tədbirlər görürlər;

7.1.6. səfərbərlik hazırlığının və səfərbərliyin təmin edilməsi məqsədilə bağlanmış müqavilələrə müvafiq olaraq səfərbərlik tapşırıqlarını (sifarişlərini) yerinə yetirirlər;

7.1.7. dinc dövrdə və səfərbərlik zamanı müvafiq icra hakimiyyəti orqanlarına səfərbərlik işində köməklik göstərirlər;

7.1.8. səfərbərlik üzrə hərbi xidmətə çağırılmalı olan işçilərinin vaxtında xəbərdar edilməsini, toplanış məntəqələrinə, yaxud hərbi hissələrə gəlməsini təmin edirlər;

7.1.9. səfərbərlik planlarına müvafiq olaraq texnikanın toplanış məntəqələrinə, yaxud hərbi hissələrə göndərilməsini təmin edirlər;

7.1.10. təşkilatlara vurulan zərərin əvəzinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada dövlət tərəfindən ödənilməsi şərtilə, səfərbərlik planlarına uyğun olaraq binaları, tikililəri, kommunikasiyaları, torpaq sahələrini, rabitə, nəqliyyat və digər vasitələri ayırırlar;

7.1.11. hərbi uçot bölmələri yaradır və bu təşkilatlarda işləyən hərbi vəzifəlilərin hərbi uçot və bron işlərini aparır, bron üzrə hesabatın təqdim edilməsini təmin edirlər;

7.1.12. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada səfərbərlik tədbirlərinin hazırlanmasına və həyata keçirilməsinə dair məlumatları təqdim edirlər.

7.2. İstehsal gücü səfərbərlik tapşırıqlarını (sifarişlərini) yerinə yetirməyə imkan verən təşkilatlar, səfərbərliklə əlaqədar istehsalın genişləndirilməsi zərurəti yarandığı hallarda, bu tapşırıqların (sifarişlərin) yerinə yetirilməsi haqqında müqavilələrin bağlanmasından imtina edə bilməzlər.

7.3. Səfərbərlik üzrə çağırış və müharibə dövründə sonrakı çağırışlar zamanı vətəndaşların toplanış məntəqələrinə, yaxud hərbi hissələrə vaxtında gəlməsinə mane olan təşkilatların rəhbərləri və digər vəzifəli şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

7.4. Səfərbərlik tapşırığının (sifarişinin) yerinə yetirilməsi ilə əlaqədar təşkilatlara vurulan zərərin əvəzi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada dövlət tərəfindən ödənilir.

Maddə 8 . Vətəndaşların vəzifələri

8.1. Səfərbərlik hazırlığı və səfərbərlik sahəsində vətəndaşlar:

8.1.1. səfərbərlik zamanı və müharibə dövrü üçün öz təyinatlarını müəyyən etmək məqsədilə çağırış vərəqəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarına gəlirlər;

8.1.2. müvafiq icra hakimiyyəti orqanlarından aldıqları səfərbərlik sərəncamlarında, çağırış vərəqələrində və vəzifəli şəxslərin əmrlərində qeyd olunmuş tələbləri yerinə yetirirlər;

8.1.3. müharibə dövründə ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq vətəndaşlara vurulan zərərin əvəzinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada dövlət tərəfindən ödənilməsi şərtilə binaları, tikililəri, nəqliyyat vasitələrini və onların mülkiyyətində olan digər

əmlakı təqdim edirlər.

8.2. Vətəndaşlar səfərbərlik zamanı və müharibə dövründə ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə aparılan işlərə cəlb olunur, habelə müəyyən olunmuş qaydada xüsusi birləşmələrə daxil edilirlər.

8.3. Səfərbərlik hazırlığı və səfərbərliklə əlaqədar üzərinə düşən vəzifələri yerinə yetirməyən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

 

IV fəsil

SƏFƏRBƏRLİK HAZIRLIĞI VƏ SƏFƏRBƏRLİYİN TƏŞKİLATİ ƏSASLARI

Maddə 9 . Səfərbərlik hazırlığının və səfərbərliyin təşkili və qaydası

9.1. Dövlət hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin və xüsusi birləşmələrin səfərbərlik hazırlığının və səfərbərliyinin təşkili və qaydası müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilən normativ hüquqi aktlar ilə müəyyən edilir.

9.2. Azərbaycan Respublikası iqtisadiyyatının, həmçinin təşkilatların səfərbərlik hazırlığının və səfərbərliyinin təşkili və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

9.3. Səfərbərlik üzrə hərbi xidmətə çağırılmalı olan hərbi vəzifəlilərin sayını müvafiq icra hakimiyyəti orqanının təqdimatı ilə müvafiq icra hakimiyyəti orqanı, müharibə dövründə sonrakı çağırışlar zamanı isə müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

9.4. Dövlət hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının və təşkilatların vəzifəli şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq səfərbərlik hazırlığı və səfərbərlik sahəsində onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə görə şəxsən məsuliyyət daşıyır və səfərbərlik orqanlarının işçilərinə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi üçün lazımi şəraiti yaradırlar.

Maddə 10 . Səfərbərlik orqanları

10.1. Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və təşkilatlar səfərbərlik hazırlığı və səfərbərliyin təşkili və onların keçirilməsinə nəzarət etmək məqsədilə səfərbərlik orqanları yaradırlar.

10.2. Səfərbərlik orqanlarının strukturu və ştatları səfərbərlik tapşırıqlarının (sifarişlərinin), yaxud səfərbərlik işi üzrə vəzifələrin xarakteri və həcmi nəzərə alınmaqla müəyyən edilir. Göstərilən tapşırıqların (sifarişlərin), yaxud vəzifələrin həcmindən asılı olaraq səfərbərlik orqanlarının yaradılması əvəzinə səfərbərlik işçiləri təyin edilə bilərlər.

10.3. Səfərbərlik orqanlarının rəhbərləri və ya səfərbərlik işçiləri mərkəzi icra hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının və təşkilatların rəhbərlərinə tabe olurlar.

10.4. Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarında, yerli özünüidarəetmə orqanlarında və təşkilatlarda yaradılan səfərbərlik orqanlarının funksiyaları, hüquqları və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş səfərbərlik orqanları haqqında Əsasnaməyə uyğun olaraq müəyyən edilir.

Maddə 11 . Hərbi-nəqliyyat vəzifəsi

11.1. Azərbaycan Respublikasında səfərbərlik zamanı və müharibə dövründə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin və xüsusi birləşmələrin nəqliyyat vasitələri ilə təmin edilməsi məqsədilə hərbi-nəqliyyat vəzifəsi müəyyən edilir.

11.2. Hərbi-nəqliyyat vəzifəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına, yerli özünüidarəetmə orqanlarına, təşkilatlara, o cümlədən gəmi dayanacaqlarına, dəniz və hava limanlarına, dəmiryol stansiyalarına, neft bazalarına, yanacaq doldurub-boşaltma bazalarına, yanacaqdoldurma məntəqələrinə, nəqliyyat vasitələrinin işini təmin (təmir və s.) edən təşkilatlara, habelə nəqliyyat vasitələrinin mülkiyyətçisi olan vətəndaşlara şamil

edilir.

11.3. Ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə təşkilatların və vətəndaşların mülkiyyətində olan nəqliyyat vasitələrinin və digər əmlakın verilməsi ilə bağlı vurulmuş zərərin əvəzinin dövlət tərəfindən ödənilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.

11.4. Hərbi-nəqliyyat vəzifəsinin yerinə yetirilməsi qaydası Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Hərbi-nəqliyyat vəzifəsi haqqında Əsasnamə” ilə müəyyən edilir.

Maddə 12 . Səfərbərlik hazırlığının və səfərbərliyin maliyyələşdirilməsi

12.1. Səfərbərlik hazırlığı işləri Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaitləri hesabına maliyyələşdirilir.

12.2. Təşkilatların öz təşəbbüsü ilə onların fəaliyyət davamlılığının yüksəldilməsi məqsədilə keçirilən səfərbərlik hazırlığı işləri həmin təşkilatların vəsaitləri hesabına maliyyələşdirilir.

12.3. Səfərbərlik üzrə tədbirlərin maliyyələşdirilməsi müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

Maddə 13 . Səfərbərlik hazırlığı və səfərbərlik sahəsində informasiyanın qorunması

Səfərbərlik hazırlığı və səfərbərlik sahəsində informasiyanın qorunması “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununa və digər normativ hüquqi aktlara uyğun olaraq həyata keçirilir.

 

                                              V fəsil

VƏTƏNDAŞLARIN SƏFƏRBƏRLİK ÜZRƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRILMASI VƏ TƏRXİS EDİLMƏSİ

Maddə 14 . Vətəndaşların səfərbərlik üzrə hərbi xidmətə çağırılması

14.1. Vətəndaşların səfərbərlik üzrə hərbi xidmətə çağırılması Azərbaycan Respublikasının müvafiq qanunlarına uyğun olaraq həyata keçirilir.

14.2. Ehtiyatda olan və səfərbərlik üzrə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan vətəndaşlar səfərbərlik elan edildikdə səfərbərlik üzrə hərbi xidmətə çağırılırlar.

14.3. Ehtiyatda olan və səfərbərlik üzrə hərbi xidmətə çağırılmayan vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin və xüsusi birləşmələrin mülki heyət vəzifələrində işləmək üçün göndərilə bilərlər.

Maddə 15 . Səfərbərlik üzrə hərbi xidmətə çağırışdan möhlət

15.0. Səfərbərlik üzrə hərbi xidmətə çağırışdan möhlət aşağıdakı vətəndaşlara verilir:

15.0.1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada bron edilmiş şəxslərə;

15.0.2. səhhətinə görə hərbi xidmətə müvəqqəti yararsız hesab olunan şəxslərə altı ay müddətinədək;

15.0.3. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən ayrı-ayrı kateqoriyalı vətəndaşlara.

Maddə 16 . Vətəndaşların səfərbərlik üzrə hərbi xidmətə çağırışının müddətləri

Vətəndaşların səfərbərlik üzrə hərbi xidmətə çağırışı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin səfərbərlik planlarında müəyyən edilmiş müddət ərzində həyata keçirilir.

Maddə 17 . Vətəndaşların səfərbərlik üzrə hərbi xidmətə çağırışının təşkili

17.1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin müharibə dövrü üçün müəyyən edilmiş təşkilati-ştat strukturuna vaxtında keçirilməsi və xüsusi birləşmələrin yaradılması məqsədilə hərbi vəzifəlilər müharibə dövründə hərbi vəzifələrdə hərbi xidmətlərini keçmək, yaxud müharibə dövrünün ştatlarında nəzərdə tutulmuş mülki heyət vəzifələrində işləmək məqsədilə əvvəlcədən hərbi hissələrə təhkim edilirlər (xüsusi birləşmələrə təyin edilirlər).

17.2. Müharibə dövründə hərbi xidmət keçmək üçün hərbi hissələrə təhkim olunmuş (xüsusi birləşmələrə təyin edilmiş) vətəndaşlar, onların təhkim olunduğu (təyin edildiyi) hərbi hissələrin müharibə dövrü üçün müəyyən edilmiş təşkilati-ştat strukturuna keçirilmələrinə aid tədbirlər yerinə yetirildiyi halda, habelə xüsusi birləşmələrin yaradıldığı halda səfərbərlik üzrə hərbi xidmətə çağırılırlar.

17.3. Vətəndaşların səfərbərlik üzrə hərbi xidmətə çağırışını, yaxud onların müharibə dövrünün ştatlarında nəzərdə tutulmuş mülki heyət vəzifələrində işləmək üçün göndərilməsini müvafiq icra hakimiyyəti orqanları müvafiq icra hakimiyyəti orqanları ilə birgə həyata keçirirlər.

17.4. Müvafiq icra hakimiyyəti orqanının hərbi uçotunda olan hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırışını həmin müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

17.5. Müharibə dövrünün ştatlarında nəzərdə tutulmuş hərbi vəzifələrdə hərbi xidmət-keçmə məqsədilə hərbi hissələrə təhkim olunmuş (xüsusi birləşmələrə təyin edilmiş) vətəndaşların səfərbərlik üzrə hərbi xidmətə çağırılması qaydası, habelə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin və xüsusi birləşmələrin mülki heyət vəzifələrində vətəndaşların işləmək üçün göndərilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 18 . Səfərbərlikdən tərxisetmə

18.1. Səfərbərlikdən tərxisetmə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və müddətdə həyata keçirilir.

18.2. Səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilən hərbi qulluqçular mövsümə uyğun bir dəst paltar və ayaqqabı ilə təmin edilirlər. Bu hərbi qulluqçular dövlət hesabına yaşayış yerinə göndərilir və yolda yeməklə təmin edilirlər.

Maddə 19 . Vətəndaşların səfərbərlik zamanı və müharibə dövrü üçün bron edilməsi

Dövlət hakimiyyəti orqanlarında, yerli özünüidarəetmə orqanlarında və təşkilatlarda işləyən hərbi vəzifəlilərin səfərbərlik zamanı və müharibə dövrü üçün bron edilməsi bu Qanuna və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun olaraq həyata keçirilir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 10 iyun 2005-ci il

№ 923-IIQ

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status