"Qeydə alınmışdır" Azərbaycan Respublikasının Ədliyyə naziri, 2-ci dərəcəli dövlət ədliyyə müşaviri
__________________S.Ç. Həsənova
13 yanvar 2000-ci il Qeydiyyat № 208
|
Azərbaycan Respublikası
Xarici İşlər nazirinin 770 №-li əmri ilə təsdiq edilmişdir _______________ 29 dekabr 1999-cu il
|
Konsul leqallaşdırması haqqında
TƏLİMAT
I Fəsil
Ümumi müddəalar
1.
Konsul leqallaşdırması sənədlərdəki və aktlardakı imzaların həqiqiliyini və bu sənəd və aktların konsulluğun yerləşdiyi dövlətin qanunlarına uyğun olmasını müəyyənləşdirmək və təsdiq etməkdən ibarətdir.
Leqallaşdırma sənədlərin və aktların beynəlxalq aləmdə hüquqi qüvvəsini təsdiqləyir.
2.
Azərbaycan Respublikasının Konsul nizamnaməsinin 54-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının konsuluna sənəd və aktların leqallaşdırılması üzrə funksiyalar həvalə edilir.
3.
Konsul leqallaşdırması üzrə funksiyalar:
a) xarici ölkələrdə - Azərbaycan Respublikasının konsulluqları,*
b) Azərbaycan Respublikasında - Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi tərəfindən həyata keçirilir.
4.
Xarici dövlətlərin idarələrinə, təşkilatlarına, fiziki və hüquqi şəxslərinə məxsus sənədlər və aktlar, Azərbaycan Respublikasının qanunvericiliyində və ya Azərbaycan Respublikasının və bu sənədləri tərtib edən idarə və təşkilatların mənsub olduğu dövlətin iştirak etdiyi beynəlxalq müqavilələrdə digər hallar nəzərdə tutulmamışdırsa, yalnız konsul leqallaşdırmasından sonra Azərbaycan Respublikasının İdarə və təşkilatları tərəfindən baxılmaq üçün qəbul edilir.
5.
Hüquqi yardım halında Azərbaycan Respublikasının iştirak etdiyi beynəlxalq müqavilələrə əsasən bu müqavilələrə üzv olan xarici dövlətlərin idarə və təşkilatlarının sənədləri və aktları leqallaşdırılmadan Azərbaycan Respublikası ərazisində baxılması üçün qəbul edilir.
6.
Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olan və ya məzmununa görə Azərbaycan Respublikasının mənafeyinə, yaxud da Azərbaycan Respublikasının vətəndaşlarının şərəf və ləyaqətinə xələl gətirən aktlar və sənədlər leqallaşdırılır.
Aşağıdakı sənədlərin əsilləri və surətləri leqallaşdırılmır: Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyət vəsiqəsi, partiya mənsubiyyətinə aid sənədlər, həmkarlar ittifaqlarının biletləri, əmək kitabçaları, hərbi biletlər, xasiyyətnamələr, məhkum olunma barədə sənədlər.
7.
Azərbaycan Respublikasının xarici ticarət əməliyyatları həyata keçirməyə səlahiyyətli olan təşkilatları adından xarici ticarətlə əlaqədar qanunla qadağan edilməyən əməliyyatı həyata keçirmək üçün verilən etibarnamələr, həmçinin həmin təşkilatların fəaliyyəti ilə əlaqədar digər sənədlər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi və Azərbaycan Respublikasının xarici dövlətlərdəki konsulluqları tərəfindən leqallaşdırılmışdır.
II fəsil
Azərbaycan Respublikasının konsulluqları tərəfindən
sənədlərin və aktların leqallaşdırılması
8.
Konsul, konsulluq dairəsinin hakimiyyət orqanlarının iştirakı ilə tərtib edilmiş və ya bu orqanlardan daxil olmuş sənəd və aktları leqallaşdırır.
9.
Konsulda konsulluğun yerləşdiyi dövlətin idarə və təşkilatlarının sənəd və aktlarını həmin dövlətdə leqallaşdırmaq səlahiyyətinə malik şəxslərin imza və möhür nümunələri olmalıdır.
10.
Leqallaşdırılmaq üçün verilmiş sənədlərdə konsulluğun yerləşdiyi dövlətin qanunlarına uyğunluğu baxımından şübhə yaranarsa, konsul onun aydınlaşdırılması üçün rəsmi surətdə yerli hakimiyyət orqanlarına və ya hüquq məsləhətxanasına müraciət edir.
11.
Azərbaycan Respublikasında tərtib edilmiş, lakin Azərbaycan XİN vasitəsilə sənədlərin sorğu edilməsi qaydasında leqallaşdırılmamış sənədlər və aktlar konsulluğa daxil olarsa və qəbul edən dövlətin qanunlarına əsasən bu sənədlərin və aktların leqallaşdırılması tələb edilərsə, konsul onları leqallaşdırır, maraqlı şəxslərə, idarə və təşkilatlara verir
12.
Konsulluğa, ayrı-ayrı vətəndaşlardan, idarələrdən və təşkilatlardan Azərbaycan Respublikasında tərtib edilmiş, lakin Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən leqallaşdırılmamış sənədlər və aktlar daxil olduqda, konsul bu sənədlərin həqiqiliyini müəyyənləşdirmək üçün onları Azərbaycan Respublikasına göndərməlidir. Müsbət cavab alınmış təqdirdə konsul belə sənədləri ümumi qaydada leqallaşdırır.
13.
Zəruri hallarda konsul üçüncü dövlətin ərazisində işlədilməsi nəzərdə nəzərdə tutulmuş sənədləri leqallaşdıra bilər.
Üçüncü dövlətin ərazisində etibarlı olması üçün sənədin, təqdim edilməsi nəzərdə tutulmuş dövlətin konsulluğunda və ya Xarici İşlər Nazirliyində təsdiq olunmalıdır.
14.
Konsul Azərbaycan Respublikasının vətəndaşları, idarə və təşkilatları üçün sorğu olunan sənədləri və aktları Azərbaycan Respublikasına göndərərkən bu təlimatda nəzərdə tutulmuş qaydada leqallaşdırır.
15.
Azərbaycan Respublikası Konsul nizamnaməsinin 22-ci maddəsinə uyğun olaraq, sənədlərin leqallaşdırılmasından imtinaya görə konsuldan və konsulluğun vəzifəli şəxsindən şikayətə tabelik qaydasında baxılır.
III fəsil
Sənəd və aktların Azərbaycan Respublikasında
leqallaşdırılması
16.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi xarici ölkələrin idarə və təşkilatlarına, hüquqi və fiziki şəxslərinə məxsus sənədləri həmin dövlətlərin Azərbaycan Respublikasındakı Səfirliklərində və ya Konsulluqlarında, istisna hallarda isə, Azərbaycan Respublikasında belə nümayəndəliyi olmayan dövlətlərin Xarici İşlər Nazirliyində leqallaşdırıldıqdan sonra leqallaşdırır.
17.
Xarici ölkələrin idarə və təşkilatlarına, hüquqi və fiziki şəxslərinə məxsus sənədlərin bu təlimata uyğun olaraq leqallaşdırılması mümkün olmadığı halda, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi, müstəsna hal kimi, onların Azərbaycan Respublikasının rəsmi orqanları tərəfindən baxılmaq üçün qəbul edilməsinə etiraz etməməsi barədə sənəd və akta xüsusi qeyd yazmaq hüququna malikdir. Bu halda belə sənədlərin hüquqi qüvvəsinin tanınmasına görə məsuliyyət, bütövlükdə onları qəbul edən orqanların üzərinə düşür.
18.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsində xarici dövlətlərin Azərbaycan Respublikasındakı Səfirliklərinin leqallaşdırmağa səlahiyyətli şəxslərinin imza və möhür nümunələri olmalıdır.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsində Azərbaycanda səfirlikləri və konsulluqları olmayan xarici dövlətlərin Xarici İşlər Nazirliklərinin möhür və rəsmi sənədləri imzalamağa səlahiyyətli şəxslərinin imza nümunələri olmalıdır.
19.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi eyni zamanda Azərbaycan Respublikasının idarə və təşkilatlarına, fiziki və hüquqi şəxslərinə məxsus və xaricdə təqdim edilməsi nəzərdə tutulmuş sənədləri nə aktları leqallaşdırır.
20.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsində Azərbaycan Respublikasının VVAQ orqanları tərəfindən verilən vətəndaş vəziyyəti haqqında şəhadətnamələr, həmçinin əcnəbilərə verilən Azərbaycan Respublikasının təhsil diplomlarının əsli leqallaşdırılır. VVAQ şəhadətnamələri və diplomlar xarici ölkələr üçün nəzərdə tutulmuş müvafiq seriyalı blanklarda tərtib edildiyi və həqiqiliyi şübhə doğurmadığı təqdirdə leqallaşdırılır.
21.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsində leqallaşdırılmalı olan sənədləri və aktları notarial qaydada təsdiq etmək səlahiyyətinə malik məsul şəxslərin möhür və imza nümunələri olmalıdır.
IV fəsil
Leqallaşdırılan sənədlərlə əlaqədar qoyulan tələblər
Leqallaşdırma yazısının edilməsi
22.
Leqallaşdırılan sənədlər dəqiq və aydın yazılmalı, sənədə göstərilən rəqəmlər, məbləğlər, saylar və müddətlər yazı ilə verilməli, səlahiyyətli şəxslərin imzaları və möhürün əksi aydın olmalıdır.
23.
Yazıların arasındakı məsafələrdən xətt çəkilməlidir. Düzəlişlər və əlavələr aktı imza edən şəxslərin imzasından əvvəl göstərilməli və leqallaşdırma qeydində təkrar olunmalıdır. Bu əlavə yazılar və düzəlişlər elə yazılmalıdır ki, səhv yazılıb sonradan düzəldilən və üstündən xətt çəkilən yazıları ilkin variantda oxumaq mümkün olsun. Əgər düzəliş və əlavələr leqallaşdırma qeydində edilmişdirsə, bu barədə qeyd yalnız leqallaşdırmanı icra edən şəxs tərəfindən aparılır və onun imzası ilə təsdiqlənir.
24.
Leqallaşdırma qeydi üçün yer olmadığı halda, bu qeyd ayrıca vərəqdə aparılır və sənədə tikilir, möhürlü və leqallaşdırmanı icra edən şəxsin imzası ilə təsdiqlənir.
24. Məsul şəxs sənədin bu təlimata əsasən leqallaşdırılmasının mümkünlüyünü aydınlaşdırdıqdan sonra sənəddə müəyyən olunmuş qeyd aparılır.
25. Konsulluqlar təsdiq olunmuş formaya əsasən leqallaşdırma reyestrlərində qeydlər aparırlar. Reyestrlər səhifələnməli, qaytanlanmalı və möhürlənməlidir. Əlavə № 1
26. Bu təlimata əsasən aparılan leqallaşdırmaya görə Azərbaycan Respublikasının konsulluq yığımları tarifinə müvafiq surətdə konsulluq rüsumu tutulur.
Əlavə № 1
№
№
|
Adı, Familiyası, müəssisə və ya şirkətin adı
|
Ölkə
|
Sənədin qısa məzmunu və leqallaşdırma növü
|
Leqallaşdırılma tarixi
|
Sənəd. sayı
|
Konsulluq rüsumu
|
Qəbzin nömrəsi
|
İmza (təhvil alan)
|
Əlavə 2.
Azərbaycan Respublikasının ______________________ şəhərindəki Səfirliyinin konsulluq şöbəsi aşağıdakı imzanın (ad və soyad) və möhürün əslliyini təsdiq edir.
Konsulluq şöbəsinin müdiri.__________________
№ (reyestrə əsasən)
“___” _____________________il
m.y.
Əlavə 3
*Sənəd Azərbaycan Respublikasının___________________________________________
şəhərindəki Səfirliyinin konsulluq şöbəsində leqallaşdırılmışdır.
Konsulluq şöbəsinin müdiri___________________
№ (reyestrə əsasən)
“ ”______________________il
m.y.
Əlavə 4
Azərbaycan Respublikasının ___________________________ şəhərindəki konsulluğu
aşağıdakı imzanın (ad və soyadı) və möhürün əslliyini təsdiq edir.
Azərbaycan Respublikasının ________________ şəhərindəki konsulu
№ (reyestrə əsasən)
“ ”____________________ il
m.y.
Əlavə 5.
*Sənəd Azərbaycan Respublikasının ___________________________________ şəhərindəki
konsulu
Azərbaycan Respublikasının _____________________ şəhərindəki konsulu
№ (reyestrə əsasən)
“___” __________________il
m.y.
Əlavə 6.
Sənəd Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin konsulluq idarəsində leqalaşdırılmışdır.
№ (reyestrə əsasən)
“___” __________________ il
m.y. (sənədi leqallaşdıranın vəzifəsi və imzası)
Əlavə 7.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi aşağıdakı imzanın əslliyini təsdiq edir.
_______________________________________________________________________
№ (reyestrə əsasən)
“___” _____________il
m.y. (sənədi leqallaşdıranın vəzifəsi və imzası)
Əlavə 8.
*Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin konsulluq idarəsi sənədin Azərbaycan Respublikasının müvafiq idarələri tərəfindən baxılması məqsədilə qəbul edilməsinə etiraz etmir.
“__” ________________il
m.y. (xüsusi qeydi edənin vəzifəsi və imzası)
№ (reyestrə əsasən)
Əlavə 9.
Sənəd Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı konsuluq şöbəsində leqallaşdırılmışdır.
“__” ________________il
m.y. (sənədi leqallaşdıran şəxsin vəzifəsi və imzası)
№ (reyestrə əsasən)
Əlavə 10.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı konsulluq şöbəsi aşağıdakı imzanın əslliyini (ad, soyad) təsdiq edir.
“__” ________________il
m.y. (sənədi leqallaşdıran şəxsin vəzifəsi və imzası)
№ (reyestrə əsasən)