AZƏRBAYCAN RESPUBLİKASI ƏDLİYYƏ NAZİRLİYİNDƏ QEYDƏ ALINMIŞDIR. Qeyd № 26 30.10.1996-cı il Nazir əvəzi: ______S.C.Həsənova
|
TƏHSİL NAZİRLİYİNİN 54 saylı 27.01.1997-ci il tarixli əmri ilə təsdiq edilmişdir.
Nazir: _______L.X.Rəsulova
|
AZƏRBAYCAN RESPUBLİKASI ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİ
TƏLƏBƏLƏRİNİN BAKALAVR PİLLƏSİNDƏ DÖVLƏT
ATTESTASİYASI HAQQINDA
ƏSASNAMƏ
ÜMUMİ QAYDALAR.
1. Azərbaycan Respublikası "Təhsil qanunu" na uyğun olaraq ali təhsil müəssisələrində ayrı-ayrı əsas ixtisas fənlərinin (o cümlədən xarici dilin) tədrisi və ali peşə təhsili proqramları başa çatarkən tələbələrin uyğun olaraq həmin fənlər üzrə yekun və buraxılış yekun dövlət attestasiyasından (dövlət attestasiyası) keçirilməsi məcburidir.
2. Məzunların dövlət attestasiyası yalnız dövlət akkreditasiyasından keçmiş ali təhsil müəssisələrində ali peşə təhsilinin dövlət təhsil standartlarında nəzərdə tutulan istiqamət və ixtisasları üzrə aparılır və təhsilin, eləcə də ixtisas dərəcəsinin səviyyəsi haqqında dövlət nümunəli diplom verilməsi ilə başa çatdırılır.
3. Dövlət attestasiyası ali təhsil müəssisəsində müvafiq baza təhsil proqramları üzrə təşkil olunmuş dövlət attestasiya komissiyaları tərəfindən həyata keçirilir.
4. Dövlət attestasiya komissiyasının əsas funksiyaları aşağıdakılardır:
-
məzunların hazırlıq dərəcəsinin təhsil standartının tələblərinə uyğunluğunun kompleks şəkildə qiymətləndirilməsi;
-
dövlət attestasiyası nəticələrinə görə məzuna müvafiq dərəcə və ali təhsil diplomunun verilməsi haqqında qərar çıxarılması;
komissiyanın işinin nəticələri əsasında mütəxəssis hazırlığının təkmilləşdirilməsi üzrə tövsiyələrin işlənilməsi;
5. Dövlət attestasiya komissiyaları öz fəaliyyətlərində Azərbaycan Respublikası "Təhsil qanunu", "Ali təhsil müəssisələrinin əsasnaməsi", eləcədə digər qanunvericilik aktlarını və bu əsasnaməni rəhbər tuturlar.
DÖVLƏT ATTESTASİYASININ TƏRKİBİ.
6. Dövlət attestasiyası aşağıdakı formalar üzrə keçirilə bilər:
-
müəyyən fənnlər üzrə (əsas ixtisas fənləri, o cümlədən xarici dildən, həmin fənlərin tədrisi başa çatarkən) yekun dövlət imtahanları;
-
istiqamət (ixtisas) üzrə fənlərarası buraxılış yekun dövlət imtahanı;
-
buraxılış işinin müdafiəsi.
6.1.
Müəyyən fənnlər üzrə yekun dövlət imtahanı tələbənin bu fənnlər üzrə tədris planlarında nəzərdə tutulan və dövlət təhsil standartları ilə müəyyən edilən materialların mənimsəmə səviyyəsini təyin edir.
6.2.
İstiqamət (ixtisas) üzrə fənlərarası buraxılış yekun dövlət imtahanında, ayrı-ayrı fənlərin məzmununa olan tələblərlə yanaşı, həmçinin məzuna həmin istiqamət (ixtisas) üzrə dövlət təhsil standartının qoyduğu ümumi tələblər də nəzərə alınmalıdır.
6.3. Buraxılış işi müvafiq kafedralar tərəfindən müəyyənləşdirilmiş və fakültə elmi şurasında təsdiq edilmiş mövzular əsasında yerinə yetirilir. Tələbəyə mövzu seçmək və eləcə də işlənməsinin məqsədəuyğunluğu və əhəmiyyəti ' əsaslandırılmış mövzular təklif etmək hüququ verilir. Buraxılış işinin yerinə yetirilməsi üçün hər bir tələbəyə rəhbər və zəruri hallarda məsləhətçilər təyin edilir.
Buraxılış işləri təhsil dövründə məzunun yerinə yetirdiyi kurs işləri və layihələrini ümumiləşdirilməklə də hazırlana bilər.
7. Dövlət attestasiyasının tərkibinə hökmən müəyyən fənlər üzrə (əsas ixtisas fənləri, o cümlədən xarici dildən, həmin fənlərin tədrisi başa çatarkən) yekun dövlət imtahanları və buraxılış işinin müdafiəsi daxil edilir.
Müəyyən hallarda bu bəndə istisnalar təsisçi tərəfindən edilə bilər.
Dövlət attestasiyası tərkibinə daxil edilən attestasiya sınaqlarının konkret siyahısını, buraxılış işinin yerinə yetirilməsi qaydasını və müddətini, onların müdafiə vaxtını ali məktəbin (fakültənin) elmi şurası müəyyənləşdirir və ali məktəb rəhbərliyi tərəfindən təsdiq olunur.
8. Müəyyən fənlər üzrə yekun və ya istiqamət (ixtisas) üzrə fənlərarası buraxılış yekun dövlət imtahanlarının proqramları, elecə də bu imtahanların və buraxılış işlərinin qiymətləndirilmə meyarları komissiya sədrlərinin iştirakı ilə müzakirə olunur və müvafiq fakültə elmi şurası tərəfindən təsdiq edilir.
DÖVLƏT ATTESTASİYA KOMİSSİYANIN STRUKTURU.
9. Dövlət attestasiya komissiyası müəyyən bir fənnlər üzrə yekun imtahanı istiqamət (ixtisas) üzrə fənlərarası buraxılış yekun imtahanı və buraxılış işlərinin müdafiəsi üzrə komissiyalardan ibarətdir. Zəruri hallarda hər bir attestasiya üzrə bir necə komissiya təşkil oluna bilər.
10. Dövlət attestasiya komissiyasına ümumi sədr rəhbərlik edir. O, bütün attestasiya işini təşkil edir, komissiyaların fəaliyyətlərini nəzarətdə saxlayır, Dövlət attestasiya komissiyasının ümumi sədri eyni zamanda sınaq komissiyalarından ixtisası üzrə birinə də sədr, eləcə də üzv ola bilər və bir qayda olaraq elmlər doktoru və ya professor olmalıdır.
Dövlət ali təhsil müəssisələrində dövlət attestasiya komissiyalarının ümumi sədrlərini və buraxılış yekun dövlət attestasiyası komissiyalarının sədrlərini ali məktəbin tabe olduğu idarəetmə orqanı həmin müəssisənin təqdimatına əsasən təyin edir.
Dövlət qeydiyyatından keçmiş qeyri-dövlət təhsil müəssisələrində dövlət attestasiya komissiyalarının ümumi sədrlərini və buraxılış yekun dövlət attestasiyası komissiyalarının sədrlərini isə onların təqdimatı əsasında təhsil nazirliyi təyin edir.
Dövlət attestasiya komissiyasının strukturuna daxil olan komissiyaların sədrləri ümumi sədrin müavinləridir.
11. Dövlət attestasiya komissiyaları ali məktəbin elmi-pedaqoji heyətindən, müvafiq idarə və müəssisələrin dəvət olunmuş nüfuzlu mütəxəssislərindən, eləcə də başqa ali məktəblərin aparıcı müəllimləri və elmi işçilərindən təşkil edilir.
Komissiyaların tərkibini ali məktəbin rektoru təsdiq edir.
DÖVLƏT ATTESTASİYASININ KEÇİRİLMƏSİ QAYDASI.
12. Dövlət attestasiyasının keçirilməsi formasını və şərtlərini ali məktəbin elmi şurası müəyyənləşdirir və onların başlanmasına ən azı 4 ay qalmış tələbələrin nəzərinə çatdırır.
Tələbələr imtahan proqramları ilə təmin olunur, hazırlaşmaq üçün onlara lazımi şərait yaradılır, məsləhətlər verilir.
13.
Əsas peşə təhsili proqramlarından biri üzrə tam təlim kursunu başa çatdırmış və tədris planında nəzərdə tutulan bütün əvvəlki attestasiya sınaqlarından müvəffəqiyyətlə keçmiş məzunlar istiqamət (ixtisas) üzrə fənlərarası buraxılış yekun dövlət imtahanlarına və buraxılış işinin müdafiəsinə buraxılırlar.
14.
Buraxılış yekun imtahanlarının verilməsi və buraxılış işlərinin müdafiəsi imtahan komissiyasının açıq iclasında onun tərkibinin ən azı üçdə ikisi iştirak etdikdə keçirilir.
Dövlət attestasiyasının nəticələri "əla", "yaxşı", "kafi", "qeyri-kafi" qiymətləri ilə qiymətləndirilir, komissiyaların protokollarında qeyd edilir və həmin gün elan olunur.
15. Dövlət attestasiyasının nəticələrinə görə buraxılış işi üzrə attestasiya komissiyası məzunlara ixtisas dərəcəsi və ali təhsil haqqında diplom verilməsi barəsində qərar qəbul edir. Komissiyanın qərarı fakültə elmi şurasında təsdiq olunur.
Təhsil proqramının mənimsənilməsində xüsusi nailiyyətlər əldə etmiş, təhsil müddətində "yaxşı" qiymətlərinin sayı bütün qiymətlərinin sayının 25%-dən çox olmamaqla, bütün imtahanlardan yalnız "yaxşı" və "əla", buraxılış yekun dövlət attestasiya sınaqlarından isə yalnız "əla" qiymətlər almış məzunlara fərqlənmə diplomu verilir.
Dövlət attestasiya komissiyasının və onun strukturuna daxil olan komissiyaların qərarları qapalı iclasda komissiya üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda sədrin sözü həlledici sayılır.
16. Dövlət attestasiyasına daxil olan bütün sınaqlardan müvəffəqiyyətlə keçmiş məzunlara müvafiq ixtisas dərəcəsi və ali təhsil haqqında diplom verilir. Müəyyən fənnlər üzrə yekun dövlət imtahanlarından qeyri-müvəffəq qiymət alan tələbələrə ali məktəbin müəyyən etdiyi vaxtda bir dəfə təkrar imtahan verməsinə icazə verilir.
İstiqamət (ixtisas) üzrə fənlərarası buraxılış yekun imtahanından və ya buraxılış işinin müdafiəsindən qeyri-müvəffəq qiymət alan tələbələrə akademik və natamam ali təhsil haqqında arayış verilir. Belə məzunlar dörd il müddətində ali təhsil müəssisəsi tərəfindən müəyyən edilmiş qaydalarla həmin sınaqlara 2 dəfə buraxılırlar.
Tələbənin hər hansı yekun sınaqdan "qeyri-kafi" qiymət alması onu digər yekun sınaqlarına buraxılmaq hüququndan məhrum etmir.
17. Üzürlü səbəbə görə attestasiya sınaqlarından keçməmiş tələbələr üçün təlim müddəti rektor tərəfindən dövlət attestasiya komissiyalarının növbəti iş dövrünə kimi, (bir ildən çox olmamaqla) uzadıla bilər. Belə halda attestasiya sınaqlarının tərkibində edilən sonrakı dəyişikliklər bu məzunlara aid olmur.
18. Dövlət attestasiya komissiyasının işi haqqında hər il ali məktəbin (fakültənin) elmi şurasında hesabat verilir. Bu hesabat buraxılış yekun attestasiyası başa çatdıqdan sonra üç ay müddətindən gec olmayaraq ali məktəbin tabe olduğu idarəetmə orqanına təqdim olunur.
Dövlət attestasiya komissiyalarının fəaliyyəti bir təqvim ili müddətinə müəyyənləşdirilir.