AKTIN NÖVÜ
Mərkəzi bankın qərarı
QƏBUL EDİLDİYİ TARİX
29.12.2001
QEYDİYYAT NÖMRƏSİ
26
ADI
Azərbaycan Respublikasının bank sistemində icarə əməliyyatları üzrə uçot Qaydaları
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikası Normativ Aktlarının Bülleteni (Dərc olunma tarixi: 28-02-2002, Nəşr nömrəsi: 01-02)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
15.01.2002
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
2738
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX

                                             

"Dövlət qeydiyyatına alınmışdır" Azərbaycan Respublikası

Ədliyyə Nazirliyi

Qeydiyyat № 2738

"15" yanvar 2002-ci il           

Nazir ________ F.F. Məmmədov                   

Azərbaycan Respublikası Milli Bankı                          İdarə Heyətinin 29 dekabr 2001-ci il

tarixli qərarı ilə təsdiq edilmişdir.                          

Protokol № 26

 29" dekabr 2001-ci il

İdarə Heyətinin Sədri _____ E.S. Rüstəmov

 

Azərbaycan Respublikasının bank sistemində icarə əməliyyatları üzrə uçot Qaydaları

 

1. Ümumi müddəalar

 

1.1.       Bu Qaydalar “Azərbaycan Respublikasının Milli Bankı haqqında”, “Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunlarına, “Azərbaycan, Respublikasının Mülki Məcəlləsi”nə və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına, habelə Azərbaycan Respublikası Milli Bankının normativ aktlarına uyğun olaraq hazırlanmış və Azərbaycan Respublikasının bank sistemində (bundan sonra “bank”) icarə əməliyyatları üzrə uçot qaydalarını müəyyənləşdirir.

1.2.       Banklarda icarə müqaviləsinin bağlanması qaydaları və icarə ilə bağlı digər münasibətlər Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə tənzimlənir.

1.3.       Banklarda icarə ilə bağlı əməliyyatlar aparılarkən vergitutma məqsədləri üçün “Azərbaycan Respublikasının Vergi Məcəlləsi”nin müddəaları əsas tutulur.

 

2. Anlayışlar

 

2.1.       İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir.

2.2.       Maliyyə icarəsi - icarəyə verilən aktivlə əlaqədar bütün risklər və gəlir icarəçiyə keçən icarədir. Aktivin mülkiyyət hüququ isə icarə vaxtı qurtarandan sonra müqavilə şərtlərinə uyğun olaraq, icarəçiyə keçirib və ya keçirilməyə bilər.

2.3.       Cari icarə - maliyyə icarəsindən fərqli olan istənilən icarədir.

2.4.       İcarə müddəti - tərəflər arasında icarəyə verilmiş (icarəyə götürülmüş) aktivdən istifadə barəsində razılaşdırılmış müddətdir.

2.5.       İcarə ödəmələri - icarəçi tərəfindən icarə müddəti ərzində müqaviləyə əsasən hissə-hissə həyata keçirilən ödəmələrdir.

2.6.       Aktivin balans dəyəri - hesabat tarixinə aktivin icarəyə verənin mühasibat balansında (uçotda) əks etdirilən dəyəridir.

2.7.       Aktivin icarə dəyəri - icarəyə verilən aktivin tərəflər arasında razılaşdırılmış dəyəridir.

 

3. İcarənin təsnifləşdirilməsi

 

3.1.       Maliyyə hesabatlarında icarə, maliyyə icarəsi və cari icarə kimi təsnifləşdirilir.

3.2.       Maliyyə hesabatlarında icarə, aşağıdakı şərtlərin heç olmasa, biri olduqda maliyyə icarəsi hesab olunur:

 

              İcarəçi icarə müqaviləsinin sonunda aktiv üzərində mülkiyyət hüququ əldə edir;

              İcarəçi aktivi güzəştlə almaq hüququ əldə edir;

              İcarə müddəti aktivin faydalı xidmət müddətinin 75%- dən çox hissəsini təşkil edir;

              Maliyyə icarəsi üzrə icarə ödəmələrinin həcmi aktivin bazar dəyərinin 90%-dən çox hissəsini təşkil edir.

 

4. Maliyyə icarəsinin uçotu

 

İcarəçi bank tərəfindən aparılan uçot:

4.1.       İcarəçinin maliyyə hesabatlarında maliyyə icarəsinə götürülmüş aktiv müvafiq əsas vəsaitlər və ya qeyri-maddi aktivlər hesablarında icarə dəyəri ilə uçota alınaraq müvafiq qanunvericiliyə uyğun amortizasiya olunur. Maliyyə icarəsinə götürülmüş aktiv eyni zamanda “maliyyə icarəsi üzrə əməliyyatlar” hesabında icarəyə verən qarşısında öhdəlik kimi tanınır.

4.2.       İcarəçinin maliyyə hesabatlarında müəyyən edilmiş faiz dərəcəsinə uyğun ödəmələr hər bir dövr üçün daimi faiz dərəcəsini saxlamaq məqsədilə icarə müddətində dövrlər üzrə bölüşdürülməklə maliyyə ilinin mənfəət/zərər hesablarında xərc kimi tanınır.

4.3.       Maliyyə icarəsinə götürülmüş aktivin dəyərinin ödənilməsi icarə müddəti ərzində icarəyə verən qarşısında öhdəliyin azalması kimi tanınaraq “maliyyə icarəsi üzrə əməliyyatlar” adlı balans hesabında uçota alınır.

 

İcarəyə verən bank tərəfindən aparılan uçot:

4.4.    İcarəyə verənin maliyyə hesabatlarında maliyyə icarəsinə verilmiş aktiv müvafiq əsas vəsaitlər və qeyri-maddi aktivlər hesablarında uçotdan çıxarılır və debitor borc kimi tanınaraq “maliyyə icarəsi üzrə əməliyyatlar” balans hesabında icarə dəyəri ilə uçota alınır.

4.5.       İcarəyə verənin maliyyə hesabatlarında müəyyən edilmiş faiz dərəcəsinə uyğun daxilolmalar hər bir dövr üzrə daimi faiz dərəcəsini saxlamaq məqsədilə icarə müddətində dövrlər üzrə bölüşdürülməklə maliyyə ilinin məfəət/zərər hesablarında gəlir kimi tanınır.

4.6.       İcarəyə verilmiş aktivin icarə dəyəri ilə balans dəyəri arasında olan fərq mənfəət/zərər hesablarında gəlir və ya xərc kimi tanınır.

4.7.       Maliyyə icarəsinə verilmiş aktivə görə daxil olan icarə ödəmələri icarə müddəti ərzində debitor borcun silinməsi tanınaraq “maliyyə icarəsi üzrə əməliyyatlar” adlı balans hesabında uçota alınır.

4.8.       Maliyyə icarəsinə verilmiş aktiv icarə müddəti başa çatdıqdan sonra icarəyə verənə geri qaytarılırsa, aktiv qalıq dəyəri ilə uçota alınır.

 

5. Cari icarənin uçotu

 

    İcarəçi bank tərəfindən aparılan uçot:

5.1.       İcarəçinin maliyyə hesabatlarında cari icarəyə götürülmüş aktivin uçotu “icarəyə götürülmüş aktivlər” adlı balansdankənar hesabda aparılır.

5.2.       İcarəçinin maliyyə hesabatlarında icarə ödəmələri icarə müddəti ərzində bərabər hissələrlə bölünməklə maliyyə ilinin mənfəət/zərər hesablarında aylıq olaraq xərc kimi tanınaraq “icarə haqqı” adlı xərc hesabında uçota alınır.

 

    İcarəyə verən bank tərəfindən aparılan uçot:

5.3.       İcarəyə verənin maliyyə hesabatlarında cari icarəyə verilmiş aktivin uçotu müvafiq əsas vəsaitlər və qeyri-maddi aktivlər hesabının müvafiq subhesablarında aparılır və müvafiq qanunvericiliyə uyğun amortizasiya olunur.

5.4.       İcarəyə verənin maliyyə hesabatlarında daxil olan icarə ödəmələri icarə müddəti ərzində bərabər hissələrlə bölünməklə maliyyə ilinin mənfəət/zərər hesablarında aylıq olaraq gəlir kimi tanınaraq “icarə gəlirləri” adlı gəlir hesabında uçota alınır.

 

6.  Məlumatların açıqlanması [1]

 

6.1. İcarəçi tərəfindən maliyyə hesabatlarında maliyyə icarəsi üzrə aşağıdakı məlumatlar açıqlanmalıdır:

- hesabat tarixinə hər bir aktiv sinifləri üzrə balans dəyəri;

- hesabat tarixinə ümumi minimal icarə ödənişləri ilə onların diskont olunmuş dəyəri arasında üzləşmə haqqında məlumatlar. Bu məlumatlar aşağıdakı dövrlərdən hər biri üçün açıqlanmalıdır:

- bir ildən artıq olmayan müddətə;

- bir ildən artıq, lakin beş ildən artıq olmayan müddətə;

- beş ildən artıq müddətə.

- dövr ərzində gəlirdə tanınmış icarə haqqı;

- aşağıdakı məlumatlar daxil olmaqla, lakin onlarla məhdudlaşmayan icarəçi tərəfindən bağlanmış əhəmiyyətli maliyyə icarəsi müqavilələrinin ümumi təsviri:

- icarə ödənişlərinin müəyyən olunduğu əsas;

- bərpa və alış opsionları və dəyişkən qiymətlər barədə qeydlər və onların şərtləri haqqında məlumatlar;

- icarə müqaviləsi ilə dividendlərə, əlavə borca və digər münasibətlərə (əməliyyatlara) dair məhdudiyyətlər.    

6.2. İcarəçi tərəfindən maliyyə hesabatlarında icarə üzrə aşağıdakı məlumatlar açıqlanmalıdır:

- aşağıdakı dövrlərin hər biri üçün icarənin ləğv olunmayan müqavilələri üzrə gələcək minimal icarə ödənişlərinin cəmi:

- bir ildən artıq olmayan müddətə;

- bir ildən artıq, lakin beş ildən artıq olmayan müddətə;

- beş ildən artıq müddətə. 

- minimal icarə ödənişləri, icarə haqqı və  dövr üzrə gəlirdə tanınan  icarə  üzrə ödənişlər;

- aşağıdakı məlumatlar daxil olmaqla, lakin onlarla məhdudlaşmayan icarəçi tərəfindən bağlanmış əhəmiyyətli icarə müqavilələrinin ümumi təsviri:

- icarə ödənişlərinin müəyyən olunduğu əsas;

- bərpa və alış opsionları və dəyişkən qiymətlər barədə qeydlər və onların şərtləri haqqında məlumatlar;

- icarə müqaviləsi ilə dividendlərə, əlavə borca və digər münasibətlərə (əməliyyatlara) dair məhdudiyyətlər.   

6.3. İcarəyə verən tərəfindən maliyyə hesabatlarında maliyyə icarəsi üzrə aşağıdakı məlumatlar açıqlanmalıdır:

- hesabat tarixinə maliyyə icarəsi üzrə ümumi investisiyaların məbləği ilə hesabat tarixinə minimal icarə ödənişləri üzrə debitor borcunun diskont olunmuş dəyəri arasında üzləşmə haqqında məlumatlar. Bu məlumatlar aşağıdakı dövrlərdən hər biri üçün açıqlanmalıdır:

- bir ildən artıq olmayan müddətə;

- bir ildən artıq, lakin beş ildən artıq olmayan müddətə;

- beş ildən artıq müddətə.

- əldə olunmamış maliyyə gəliri;

- icarəyə verənin hesabına aid edilən təminat verilməmiş qalıq dəyəri;

- minimal icarə ödənişləri üzrə inkassa olunmayan borcun ödənilməsi üçün yığılmış ehtiyat;

- gəlirdə tanınan icarə ödənişləri;

- icarəyə verən tərəfindən bağlanmış əhəmiyyətli icarə müqavilələrinin ümumi təsviri”.

6.4. İcarəyə verən tərəfindən maliyyə hesabatlarında icarə üzrə aşağıdakı məlumatlar açıqlanmalıdır:

- aktivlərin hər bir sinfi üçün ümumi balans məbləği, yığılmış amortizasiya və hesabat tarixinə qiymətdən düşmədən yaranan zərərləri:

- dövr üzrə  gəlirdə nəzərə alınan amortizasiya;

- dövr üzrə gəlirdə nəzərə alınan dəyərin azalmasından yaranan zərər;

- dövr üzrə əvəzi ödənilmiş dəyərin azalmasından  yaranan zərər;

- aşağıdakı dövrlərin hər biri üçün icarənin ləğv olunmayan müqavilələri üzrə gələcək minimal icarə ödənişlərinin cəmi:

- bir ildən artıq olmayan müddətə;

- bir ildən artıq, lakin beş ildən artıq olmayan müddətə;

- beş ildən artıq müddətə. 

- gəlirdə nəzərə alınan ümumi icarə ödənişləri;

- icarəyə verən tərəfindən bağlanmış əhəmiyyətli icarə müqavilələrinin ümumi təsviri.

 

7. Yekun müddəalar [2]

 

7.1.    Bu Qaydalar Dövlət qeydiyyatına alındığı tarixdən qüvvəyə minir.

 

 

 

 

 

 

 

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       31 mart 2004-cü il tarixli 07 nömrəli Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin Protokolu (Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni, 2004-cü il, № 04)

BÜLLETENƏ EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 31 mart 2004-cü il tarixli 07 nömrəli Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin Protokolu (Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni, 2004-cü il, № 04) ilə Qaydalara yeni məzmunda yeni bölmə əlavə edilmişdir.

 

[2] 31 mart 2004-cü il tarixli 07 nömrəli Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin Protokolu (Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni, 2004-cü il, № 04) ilə “Yekun müddəalar” adlı 6-cı bölmə müvafiq olaraq 7-ci bölmə hesab edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status