AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
06.03.2000
QEYDİYYAT NÖMRƏSİ
351
ADI
"Yerin təki haqqında" Azərbaycan Respublikası Qanununun icrasını təmin edən bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-03-2000, Nəşr nömrəsi: 03, Maddə nömrəsi: 190)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
260.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Yerin təki haqqında" Azərbaycan Respublikası Qanununun icrasını təmin edən bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə

"Yerin təki haqqında" Azərbaycan Respublikası Qanununun icrasını təmin edən bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

"Yerin təki haqqında" Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədi ilə və "Yerin təki haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 27 aprel tarixli, 701 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. "Yerin təki haqqında" Azərbaycan Respublikası Qanununun icrasını təmin edən aşağıdakı normativ hüquqi aktlar təsdiq edilsin (əlavə olunur):

Dövlət Geoloji İnformasiya Fondunun yaradılması və aparılması Qaydaları;

Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondu haqqında Əsasnamə;

Torpaq sahiblərinin onlara məxsus sahələrinin hüdudlarında öz ehtiyaclarını ödəmək üçün yeraltı içməli sulardan istifadə Qaydaları;

İstifadəyə verilən yer təki sahələrinin və onlarla əlaqədar işlərin dövlət qeydiyyatı və dövlət uçotunun aparılması Qaydaları.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi, Azərbaycan Respublikasının Baş Dövlət Vergi Müfəttişliyi, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi öz səlahiyyəti hüdudlarında: [1]

bu Fərmanın 1-ci bəndində sadalanan sənədlərdə göstərilən müvafiq təlimatları və digər normativ hüquqi aktları bir ay müddətində hazırlayıb təsdiq etsinlər;

həmin sənədlərdən irəli gələn digər məsələləri həll etsinlər.

3. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Prezidenti Heydər ӘLİYEV

 

Bakı şəhəri, 6 mart 2000-ci il
                 № 351

 

 


 

Azərbaycan Respublikası Prezidentinin

2000-ci il 6 mart tarixli, 351 nömrəli Sərəncamı ilə

TƏSDİQ edİlmİşdİr

 

Dövlət Geoloji İnformasiya Fondunun yaradılması və aparılması

 

Qaydaları

Ümumİ müddəalar

 1.1. Bu Qaydalar «Yerin təki haqqında» Azərbaycan Respublikasının Qanununa və ««Yerin təki haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 27 aprel tarixli, 701 nömrəli Fərmanına müvafiq olaraq hazırlanmışdır və yerin təki haqqında Dövlət Geoloji İnformasiya Fondunun yaradılması və aparılması qaydalarını müəyyən edir.

 1.2. Yerin təki haqqında geoloji informasiya yerin təkini səciyyələndirən və geoloji-kəşfiyyat, elmi tədqiqat, tematik, istismar və başqa işlər prosesində əldə edilən geoloji, geofiziki, geokimyəvi, geoekoloji, mühəndis-geoloji, hidrogeoloji, aero və kosmofotogeoloji və digər məxsusi məlumatlardan ibarətdir.

 1.3. Yerin təkinin geoloji quruluşu, orada olan faydalı qazıntılar, dağ-mədən şəraiti, həmçinin yer təkinin digər xassələri haqqında hesabatlarda, xəritələrdə və başqa materiallarda olan informasiya Azərbaycan Respublikasına mənsubdur və onun üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada qorunur.

 1.4. Dövlət vəsaiti, eləcə də təşkilatların, müəssisələrin və vətəndaşların maliyyə vəsaitləri hesabına əldə edilmiş geoloji və digər informasiya müəyyən edilmiş formada Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyindəki Dövlət Geoloji İnformasiya Fonduna (bundan sonra Fond) verilir. Həmin informasiya Fondda saxlanılır və sistemləşdirilir. [2]

 1.5. Öz maliyyə vəsaitləri hesabına yerin təki haqqında geoloji və digər informasiya hazırlayan təşkilatlar, müəssisələr və vətəndaşlar ondan istifadənin şərtlərini özləri müəyyən edirlər.

 1.6. İnformasiyanın toplandığı, qeydə alındığı, saxlanıldığı, verildiyi və ondan istifadə olunduğu bütün mərhələlərdə məsul şəxslər onun məxfiliyini təmin etməlidirlər.

II. Yerİn təkİ haqqında dövlət geolojİ İnformasİya fondunun yaradılmasının məqsədİ

 2.1. Dövlət Geoloji İnformasiya Fondu Azərbaycan Respublikası ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) ona mənsub bölməsində mineral-xammal ehtiyatlarının vəziyyətinin qiymətləndirilməsi və ondan səmərəli istifadənin uçotunun təşkili, yer təkinin planauyğun və kompleks şəkildə geoloji cəhətdən öyrənilməsinə dair informasiyanın vahid sistem üzrə toplanması, sistemləşdirilməsi, saxlanması və istifadəsi məqsədi ilə yaradılır.

 2.2. Yerin təki haqqında geoloji informasiya Fondda toplanır.

III. Yerİn təkİ haqqında dövlət geolojİ İnformasİya fondunun yaradılması mənbələrİ

 Yerin təki haqqında Dövlət Geoloji İnformasiya Fondunun yaradılması mənbələri aşağıdakılardır:

 yerin təkinin geoloji öyrənilməsi, faydalı qazıntıların çıxarılması, eləcə də onların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün verilən yer təki sahələri və onlarla əlaqədar müvafiq işlərin dövlət uçotu və dövlət qeydiyyatı üzrə sənədlər;

 dövlət qeydiyyatına alınmış işlər tamamlandıqdan sonra həmin işlərin nəticələri üzrə yekun hesabatlar və xəritə materialları;

 elmi tədqiqat və texnoloji işlər üzrə hesabatlar;

 faydalı qazıntı ehtiyatları üzrə komissiyanın protokolları;

 ölkənin ərazisinin geoloji, geofiziki, hidrogeoloji, mühəndis-geoloji öyrənilməsi üzrə qeydiyyat vərəqələri, kartoqramları;

 faydalı qazıntı ehtiyatlarının dövlət və sahə balansları, faydalı qazıntı yataqlarının və təzahürlərinin dövlət kadastrı (pasportları);

 faydalı qazıntı yataqlarının geoloji-iqtisadi qiymətləndirilməsi, texniki-iqtisadi mülahizə, texniki-iqtisadi məruzə, texniki-iqtisadi əsaslandırma və kondisiya layihələrinin sənədləri;

 faydalı qazıntı ehtiyatlarının və istifadəyə verilən yer təki sahələrinin ekspertizası üzrə ekspert rəyi;

 geoloji kəşfiyyat və istismar işləri aparan müəssisə və təşkilatların illik hesabatları;

 ölkə ərazisinin geoloji cəhətdən öyrənilməsinə, eləcə də geoloji-kəşfiyyat işlərinin inkişafına dair müvafiq dövlət proqramları;

 faydalı qazıntıların proqnoz resursları üzrə hesabatlar;

 elmi-texniki informasiya və dövri ədəbiyyat;

 faydalı qazıntı yataqları və təzahürləri üzrə daş materialları kolleksiyası;

 ölkə ərazisinin aero- və kosmofotoşəkilləri;

 ölkə ərazisinin müxtəlif miqyaslı topoxəritələri;

 ölkə ərazisinin geoloji yönümlü müxtəlif miqyaslı dövlət xəritələri.

IV. Yerİn təkİ haqqında dövlət geolojİ İnformasİya fondunun aparılma qaydası

 4.1. Geoloji İnformasiya Fondu aşağıdakı sistem üzrə aparılır:

 yerin təkinin geoloji öyrənilməsi, faydalı qazıntıların çıxarılması, eləcə də onların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün verilən yer təki sahələri və onlarla əlaqədar müvafiq işlər müəyyən edilmiş qaydada dövlət uçotuna və dövlət qeydiyyatına alınır;

 müəyyən edilmiş qaydada faydalı qazıntı ehtiyatlarının dövlət balansı və faydalı qazıntı yataqlarının və təzahürlərinin dövlət kadastrı aparılır;

 Fondda toplanan və ölkənin ərazisində aparılan istismar və geoloji-kəşfiyyat işləri nəticəsində əldə edilən yer təki haqqında geoloji informasiyanın təhlili və ümumiləşdirilməsi, ərazinin geoloji, geofiziki, hidrogeoloji və mühəndis-geoloji öyrənilmə kartoqramları tərtib edilir;

 yerin təki haqqında geoloji informasiyadan qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olaraq istifadəsi təşkil olunur.

 4.2. Fonda daxil olan geoloji informasiyanın sistemləşdirilməsi və saxlanması qaydaları və şərtləri bu Qaydalara müvafiq olaraq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təsdiq edilmiş təlimatla tənzimlənir. [3]

 


 

Azərbaycan Respublikası Prezidentinin

2000-ci il 6 mart tarixli, 351 nömrəli

Sərəncamı ilə

TӘSDİQ edİlmİşdİr

 

 Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondu haqqında

Əsasnamə

 

I. Ümumİ müddəalar

 1.1. Bu Əsasnamə «Yerin təki haqqında» Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Prezidentinin «Yerin təki haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə “ 1998-ci il 27 aprel tarixli, 701 nömrəli Fərmanına əsasən hazırlanmışdır və Azərbaycan Respublikasında mineral-xammal bazasının bərpasını maliyyələşdirmək məqsədi ilə yaradılan Dövlət Fondu (bundan sonra—Dövlət Fondu) vəsaitlərinin əmələ gəlməsi və istifadə qaydasını müəyyən edir.

 1.2. Dövlət Fondunun yaradılmasının məqsədləri aşağıdakılardır:

 müəyyən olunmuş qaydada istifadəyə verilən faydalı qazıntı yataqlarının axtarışı, qiymətləndirilməsi və kəşfiyyatına dövlətin çəkdiyi xərclərin ödənilməsi;

 ölkənin mineral-xammal bazasının bərpası məqsədi ilə aparılacaq geoloji-kəşfiyyat işlərinin əlavə maliyyələşdirilməsinin təmin edilməsi.

II. Dövlət Fondunun yaradılması və vəsaİtlərİnİn əmələ gəlmə mənbələrİ

 2.1. Dövlət Fondunun vəsaitləri aşağıdakı mənbələr hesabına əmələ gəlir:

 mineral-xammal bazasının bərpasına yönəldilmiş ayırmalar;

 yerin təkinin istifadəyə verilməsinə dair müsabiqə və hərracların keçirilməsindən əldə edilən gəlirlər;

 mineral-xammal bazasının bərpası və möhkəmləndirilməsinə dair geoloji-kəşfiyyat işlərinin aparılmasında vahid texniki siyasətin həyata keçirilməsi üçün yer təki istifadəçilərinin, müəssisələrin könüllü ödənişləri;

 qanunvericiliyə zidd olmayan digər daxilolmalar.

 2.2. Mineral-xammal bazasının bərpasına ayırmalar kəşfiyyatı dövlət vəsaiti hesabına aparılmış bütün faydalı qazıntı növlərinin çıxarılmasına görə yer təki istifadəçilərindən alınır.

 2.3. Ayırmaların dərəcələri eyni növ mineral-xammal hasil edən bütün yer təki istifadəçiləri üçün eynidir.

 2.4. Mineral-xammal bazasının bərpasına ayırmaların miqdarı faktiki çıxarılmış faydalı qazıntılardan əldə olunan və realizə edilən birinci əmtəə məhsulunun dəyərindən (mədən vergisi nəzərə alınmadan) faizlə müəyyən edilir (mineral-xammal bazasının bərpasına ayrılmaların obyektləri və dərəcələri bu Əsasnaməyə əlavə olunur).

 2.5. Dəyərindən ayırmalar tutulan məhsullara aşağıdakılar aiddir:

 bilavasitə faydalı qazıntılar—yanar şistlər, filizlər, yeraltı sular (şirin, mineral, termal, yodlu-bromlu), inşaat materialları istehsalı üçün xammal, qeyri-filiz xammalı, pyezooptik xammal, qiymətli, yarımqiymətli və məmulat daşları;

 qara, əlvan, nadir metalların, kimyəvi mineral-xammalın konsentratları, eləcə də nəcib metallar.

 2.6. Yerin təki istifadəçiləri tərəfindən istismar edilən faydalı qazıntı yatağının müvafiq ehtiyatlarının axtarışı və kəşfiyyatına dövlətin çəkdiyi xərclərin tamamilə ödənildiyi yataqlarda hasil edilmiş faydalı qazıntıların dəyərindən ayırmalar tutulmur.

 2.7. Dövlət Fonduna yönəldilən vəsaitlər müəyyən olmuş qaydada Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin xüsusi hesabında cəmlənir və bu Fonddan olan bütün maliyyələşmələr Dövlət Xəzinədarlığı vasitəsilə həyata keçirilir. [4]

 2.8. Ayırmaların məbləği, eləcə də geoloji-kəşfiyyat işlərinin aparılması üçün yer təki istifadəçilərinin öz vəsaitləri hesabına faktiki çəkdiyi xərclərin məbləği məhsulun istehsalına dair məsrəflərə aid edilir.

III. Dövlət Fondu vəsaİtlərİndən İstİfadə

 3.1. Dövlət Fondunun vəsaitləri mineral-xammal bazasının bərpası məqsədi ilə aparılan geoloji-kəşfiyyat işlərinin məqsədli maliyyələşdirilməsinə yönəldilir və mənfəət əldə etmək üçün istifadə oluna bilməz.

 Vəsaitlərin 0,5 faizi sənaye əhəmiyyəti kəsb edən faydalı qazıntı yataqlarının ilkin açılmasının və kəşfiyyatının həvəsləndirilməsi üçün istifadə edilir.

 3.2. Dövlət Fondunun vəsaitləri faydalı qazıntı yataqlarının axtarışına, aşkar olunmasına, qiymətləndirilməsinə və kəşfiyyatına, mineral-xammal bazasının formalaşması, bərpası və istifadəsi üzrə vahid texniki siyasətin aparılmasına xərclənir.

 3.3. Dövlət Fondu vəsaitlərinin sərəncamçısı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyidir. [5]

 Dövlət Fondu vəsaitlərinin sərəncamı üzərində nəzarəti Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir.

 Mineral-xammal bazasının bərpasına dair geoloji-kəşfiyyat işlərinin istiqamət və həcmləri Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi ilə razılaşdırılır. [6]

 3.4. Dövlət Fondunun illik büdcəsində aşağıdakılar müəyyən edilir:

 əsas mənbələr üzrə gözlənilən pul vəsaitlərinin daxil olması;

 Dövlət Fondunun xərcləmə istiqamətləri üzrə vəsaitlərinin miqdarı.

 3.5. Defisitliyi mümkün olmayan Dövlət Fondunun illik büdcəsinin layihəsi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanır və Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi ilə razılaşdırılır. [7]

 Dövlət Fondunun illik büdcəsinin razılaşdırılmış layihəsi planlaşdırılan il üçün yerin təkinin geoloji cəhətdən öyrənilməsinə dair geoloji-kəşfiyyat işləri həcmlərinin ümumi proqnoz layihəsinə daxil edilir və dövlət büdcəsinin proqnoz layihəsinin formalaşma mərhələsində dövlət büdcəsinin tərkibinə salınmaq üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilir. Maliyyə Nazirliyi bu Fondun gəlir və xərclərini mövcud qanunvericiliyə uyğun olaraq dövlət büdcəsinin tərkibinə daxil edir.

 3.6. Dövlət Fondunun keçid qalığı geri alınmır və gələn ilin gəlirlərinə əlavə edilir.

 3.7. Ödənişlər üzrə mükəlləfiyyətlərin yerinə yetirilməsi üzərində nəzarəti Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iştirakı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir. [8]

 


 

Azərbaycan Respublikası Prezidentinin

2000-ci il 6 mart tarixli, 351 nömrəli

Sərəncamı ilə təsdiq edilmiş

Mineral-xammal Bazasının Bərpası üzrə

Dövlət Fondu haqqında Əsasnaməyə

Əlavə

 

 

Mİneral-xammal bazasının

 bərpasına ayırmaların obyektlərİ və dərəcələrİ

 

Faktiki qazıntıların növləri

Faktiki qazıntılardan əldə olunan və realizə edilən birinci əmtəə məhsulunun dəyərindən ayırmaların, faizlə

Yanar şistlər

3,0

Qara metallar (dəmir filizi, hematit, manqan)

2,0

Əlvan və nadir metallar (mis, sink, qurğuşun, civə, kobalt, molibden, alüminium xammalı)

3,0

Nəcib metallar (qızıl, gümüş)

5,0

Qeyri-filiz faydalı qazıntılar:

mişar daşı

4,0

üzlük daşları (mərmər, qabbro, tuflar, travertin, mərmərləşmiş əhəng daşı və s.)

3,0

seolit

4,0

barit

4,0

bentonit gilləri

4,0

kaolin, odadavamlı gillər

3,0

kərpic, kirəmid, keramzit, aqloporit istehsalı üçün gillər

2,0

vulkan külü ilə pemza

2,0

mineral piqmentlər

3,0

kvars qumları

2,0

tikinti qumları (o cümlədən bitumlaşmış)

2,0

sement xammalı (əhəng daşı, mergel, gil)

3,0

daş və göl duzu

2,0

çınqıl, çınqıl-qum qarışığı

3,0

qiymətli, yarımqiymətli və məmulat daşları, pyezooptik xammalı

3,0

gips, gəc

4,0

Yeraltı sular:

 

yodlu-bromlu sular

3,0

mineral-termal sular

3,0

şirin sular

3,0

 


 

Azərbaycan Respublikası Prezidentinin

2000-ci il 6 mart tarixli, 351 nömrəli Sərəncamı ilə

təsdİq EDİLMİŞDİR

 

 

Torpaq sahiblərinin onlara məxsus torpaq sahələrinin hüdudlarında öz

ehtiyaclarını ödəmək üçün yeraltı içməli sulardan istifadə

 

Qaydaları

 

I. Ümumİ müddəalar

1.1. Bu Qaydalar «Yerin təki haqqında» Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Su Məcəlləsinə və Azərbaycan Respublikası Prezidentinin ««Yerin təki haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» 1998-ci il 27 aprel tarixli 701 nömrəli Fərmanına müvafiq olaraq hazırlanmışdır və torpaq sahiblərinin onlara məxsus torpaq sahələrinin hüdudlarında öz ehtiyacını ödəmək üçün yeraltı içməli sulardan istifadə qaydalarını müəyyən edir.

1.2. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri (bundan sonra-torpaq sahibləri) onlara məxsus torpaq sahələrinin hüdudları daxilində, bu Qaydalara uyğun olaraq xüsusi razılıq (lisenziya) və ya icazə almadan öz ehtiyaclarını ödəmək üçün yeraltı içməli su mənbələrindən istifadəni həyata keçirə bilərlər. [9]

1.3. Torpaq sahibləri onlara məxsus torpaq sahələrinin hüdudlarında yeraltı sulardan istifadəyə görə ödənişlərdən azaddırlar.

II. Torpaq sahİblərİ tərəfİndən yeraltı İçməlİ sulardan İstİfadəyə aİd əsas tələblər

 2.1. Torpaq sahibləri:

 2.1.1. onlara məxsus torpaq sahələrinin hüdudlarında çıxarılan yeraltı içməli sulardan yalnız öz ehtiyaclarını ödəmək üçün istifadə edə bilərlər və sahibkarlıq fəaliyyəti göstərmək məqsədi ilə onları sata bilməzlər;

 2.1.2. yeraltı içməli sulardan istifadə ilə əlaqədar işlərin təhlükəsiz görülməsini təmin etməlidirlər;

 2.1.3. yeraltı içməli sulardan istifadə ilə əlaqədar görülən işlərin zərərli təsirindən yerin təkinin, suların, binaların və qurğuların qorunmasını tənzimləyən müvafiq dövlət standartlarına (normalara, qaydalara) riayət etməlidirlər;

 2.1.4. yeraltı içməli sulardan istifadə zamanı təsərrüfat və təbii obyektlərə (torpaq, meşə, heyvanat aləmi, faydalı qazıntılar və sair) zərər vurulmasına yol verməməlidirlər;

 2.1.5. yeraltı içməli sulardan səmərəli istifadəni, suyun qənaətlə işlədilməsini və suların mühafizəsini təmin etməlidirlər;

 2.1.6. yeraltı içməli sulardan istifadənin müəyyən edilmiş qayda və normalarına riayət etməlidirlər.

III. Yeraltı İçməlİ suların mühafİzəsİ

 3.1. Yeraltı içməli su yataqları ehtiyatlarının əmələ gəlməsi və formalaşmasına təsir zonalarında onların çirklənməsi mənbəyi ola biləcək sənaye müəssisələri, kənd təsərrüfatı obyektləri (maldarlıq fermaları, quşçuluq fabrikləri və sair), zibilxana və digər tikintilərin lazımi mühafizə tədbirləri görülmədən yerləşdirilməsinə icazə verilmir.

 3.2. Yeraltı içməli su mənbəyi kimi istifadə edilən sututarlara tullantı suların axıdılması qəti qadağandır.

 3.3. Yeraltı içməli suların istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətini qanunvericilikdə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir. [10]

IV. Məsulİyyət

 4.1. Yeraltı içməli sulardan istifadə qayda və normalarının pozulmasında təqsiri olan torpaq sahibləri qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

 


 

Azərbaycan Respublikası Prezidentinin

2000-ci il 6 mart tarixli, 351 nömrəli Sərəncamı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

İstifadəyə verilən yer təki sahələrinin və  onlarla əlaqədar işlərin

dövlət qeydiyyatı və dövlət uçotunun aparılması

 

Qaydaları

 

I. Ümumİ müddəalar

 1.1. Bu Qaydalar «Yerin təki haqqında» Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Prezidentinin «Yerin təki haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» 1998-ci il 27 aprel tarixli 701 nömrəli Fərmanına müvafiq olaraq hazırlanmışdır və yerin təkinin geoloji öyrənilməsi, faydalı qazıntıların çıxarılması, eləcə də onların çıxarılması ilə əlaqədar olmayan yer təki sahələrinin və müvafiq işlərin dövlət qeydiyyatının və dövlət uçotunun aparılmasının vahid sistemini müəyyən edir.

 1.2. Bu Qaydaların icrası mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün yer təki istifadəçiləri üçün məcburidir.

 1.3. «Yerin təki haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq dövlət qeydiyyatı olmadan yerin təkindən istifadə ilə əlaqədar işlərin aparılması qadağandır.

II. İstİfadəyə verİlən yer təkİ sahələrİnİn və onlarla əlaqədar İşlərİn dövlət qeydİyyatı və dövlət uçotunun məqsədİ [11]

 2.1. İstifadəyə verilən yer təki sahələrinin və onlarla əlaqədar işlərin dövlət qeydiyyatı və dövlət uçotu aşağıdakı məqsədlərlə həyata keçirilir:

 Azərbaycan Respublikasının ərazisinin, o cümlədən Xəzər dənizinin (gölünün) ona mənsub olan bölməsinin geoloji öyrənilməsinin xarakterinin və səviyyəsinin əks etdirilməsi üçün;

 yerin təkinin geoloji öyrənilməsinə dair işlərdə paralelizm hallarına yol verilməməsi üçün;

 yer təkinin dövlət fondundan istifadənin vəziyyətinin müəyyən edilməsi üçün;

 işlərin gələcək istiqamətlərinin seçilməsi, yerin təkindən istifadəyə görə xüsusi razılığın (lisenziyanın) və ya icazənin verilməsinin əsaslandırılması, eləcə də yerin təkindən istifadə ilə əlaqədar işlərin planlaşdırılması və operativ idarə edilməsi məqsədi ilə informasiya bazasının yaradılması üçün. [12]

 2.2. Yerin təkinin geoloji öyrənilməsi, faydalı qazıntıların çıxarılması, eləcə də onların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün verilən yer təki sahələrinin və onlarla əlaqədar işlərin dövlət qeydiyyatını və dövlət uçotunu Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir. [13]

III. Dövlət qeydİyyatı

 3.1. Dövlət qeydiyyatına aşağıdakı işlər alınır:

 3.1.1. geoloji-planaalma, geofiziki, geokimyəvi, hidrogeoloji, mühəndis-geoloji və kompleks geoekoloji və məxsusi işlər, aero- və kosmogeoloji, təcrübi-metodik, axtarış, geoloji-kəşfiyyat işləri (faydalı qazıntı yataqlarının, o cümlədən yeraltı suların ilkin kəşfiyyatı, dəqiq kəşfiyyatı və kəşfiyyatardı), eləcə də kondisiyaların, dövlət standartlarının dəyişməsi ilə əlaqədar mineral-xammal ehtiyatlarının yenidən hesablanmasına dair işlər, neft və qazın yeraltı anbarlarının yaradılması ilə əlaqədar tədqiqatlar;

 3.1.2. neft və təbii qaza axtarış və kəşfiyyat quyuları, eləcə də istinad və parametrik buruq quyularının qazılması;

 3.1.3. struktur, dərin və çox dərin quyuların, eləcə də maye sənaye tullantıların vurulması üçün quyuların qazılması, yeraltı sulara istismar buruq quyularının qazılması;

 3.1.4. geoloji-planaalma, hidrogeoloji, geofiziki, geokimyəvi, mühəndis-geoloji materialların, axtarış və geoloji-kəşfiyyat işlərinin nəticələrinin təhlili və ümumiləşdirilməsi;

 3.1.5. geologiyanın bütün sahələrinə (hidrogeologiya, mühəndis geologiyası, geomorfologiya, geofizika və s.) dair elmi-tədqiqat, tematik və metodik işlər, o cümlədən geoloji və geoloji-iqtisadi icmalların tərtib edilməsi; faydalı qazıntı yataqları və təzahürlərinin dövlət kadastrının və yeraltı suların kadastrının tərtib edilməsi; faydalı qazıntı yataqları kondisiyalarının, geoloji-iqtisadi qiymətləndirilməsinin və bu yataqların kompleks mənimsənilməsi ilə əlaqədar işlər, geoloji, geofiziki və geokimyəvi tədqiqatların mütərəqqi texnologiyalarının hazırlanması, eləcə də faydalı qazıntıların yerləşməsi qanunauyğunluqlarının tədqiqatı;

 3.1.6. sənaye, hidrotexniki, mülki, yeraltı və digər qurğuların layihələndirilməsi və tikintisi ilə əlaqədar layihə, araşdırma və digər təşkilatların mühəndis-geoloji işləri;

 3.1.7. dəmir və şose yollarının, qaz və neft kəmərlərinin, suötürücülərinin layihələndirilməsi və tikintisi ilə əlaqədar mühəndis-geoloji araşdırmalar, eləcə də uzunluğundan asılı olmayaraq metropoliten, magistral kanal, nəqliyyat tunelləri, iri və unikal körpülərin tikintisi üçün aparılan araşdırmalar;

 3.1.8. bilavasitə yerin təkindən geoloji cəhətdən öyrənilməsi ilə əlaqədar topoqrafik-geodezik, o cümlədən fotoqrammetrik və markşeyder işləri, geoloji tərkibli məcmu və icmal xəritələrin tərtib edilməsinə dair işlər, nəşr üçün xəritələrin müəllif orijinalların tərtibatı daxil olmaqla;

 3.1.9. yerin təki haqqında informasiyanın toplanması, təhlili və axtarışı üçün riyazi proqram və sistemlərin yaradılması və tətbiqi sahəsində metodik işləmələr;

 3.1.10. faydalı qazıntıların çıxarılması, eləcə də faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün istifadəyə verilmiş yer təki sahələri və onlarla əlaqədar aparılan işlər.

 3.2. İstifadəyə verilən yer təki sahələri və onlarla əlaqədar işlərin qeydiyyatı zamanı hər bir işə dövlət qeydiyyat nömrəsi verilir.

 3.3. Əsas qeydiyyat sənədi İstifadəyə Verilən Yer Təki Sahələrinin və Onlarla Əlaqədar İşlərin Siyahısıdır (bundan sonra—Siyahı).

 3.4. Siyahı iş icraçısı tərəfindən 3-QK forması (və yaxud geoloji-kəşfiyyat işlərinin obyektlər üzrə planı) üzrə tərtib edilərək Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilir. [14]

 3.5. Dövlət qeydiyyat nömrəsi verilmiş yerin təkinin geoloji öyrənilməsinə dair işlər üzrə obyektlərin siyahısı (obyektlər üzrə plan), eləcə də yerin təkindən istifadəyə görə verilən xüsusi razılıq (lisenziya) və ya icazə müvafiq banklar tərəfindən bu işlərin maliyyələşdirilməsinin açılmasına hüquq verən qeydiyyat sənədləridir. [15]

 Dövlət qeydiyyatından keçməyən işlərin maliyyələşdirilməsinə yol verilmir.

 3.6. Yerin təkinin geoloji öyrənilməsinə dair obyektlərin Siyahısı (obyektlər üzrə plan) hər il üçün ayrıca açılan dövlət qeydiyyatı reyestrinə salınır.

 3.7. Qeydiyyat nömrəsi aşağıdakı rəqəmlər yığımından ibarətdir:

 işlərin aparılmasına başlanan ilin axırıncı iki rəqəmi, reyestr üzrə (hər il birinci nömrədən başlanmaqla) qeydiyyat sənədinin sıra nömrəsi və Siyahı üzrə (obyektlər üzrə plan) işin sıra nömrəsi.

 3.8. Dövlət qeydiyyatı üçün zəruri olan materiallar (sənədlər) işlərin başlanmasınadək təqdim edilir və il ərzində qüvvədə qalır. Bir ildən artıq müddət üçün nəzərdə tutulan işlər, ikinci il üçün yeni obyektlərlə birlikdə əvvəlki dövlət qeydiyyat nömrəsi göstərilməklə Siyahıya (obyektlər üzrə plana) salınmalıdır. İcazənin qeydiyyat nömrəsi onun qüvvədə olduğu bütün müddətdə etibarlıdır. Əgər aparılacaq işin dövlət qeydiyyatından sonra onun tapşırığında və ya sahəsində dəyişiklik baş verərsə, icraçı bu işi yenidən dövlət qeydiyyatına təqdim etməlidir və bu zaman həmin işə yeni dövlət qeydiyyat nömrəsi verilir. [16]

 3.9. Aşağıdakı işlər dövlət qeydiyyatına alınmır:

 3.9.1. dağ-mədən ayırması hüdudları daxilində faydalı qazıntı yataqlarının istismarı prosesində həyata keçirilən geoloji-kəşfiyyat işləri (istismar kəşfiyyatı);

 3.9.2. məxsusi siyahı üzrə təşkilatlar tərəfindən aparılan xüsusi geoloji və digər işlər, eləcə də Azərbaycan Respublikası Müdafiə Nazirliyi üçün aparılan işlər;

 3.9.3. xəritəçəkmə müəssisələrində həyata keçirilən müxtəlif miqyaslı geoloji, hidrogeoloji, mühəndis-geoloji, proqnoz, metallogenik, geofiziki və geoloji məzmunlu digər məxsusi xəritələrin və onlara izahedici qeydlərin nəşrə hazırlanması (nəşriyyat orijinalların tərtib edilməsi) və nəşri, eləcə də bilavasitə tədqiqatlarla əlaqədar olmayan topoqrafik-geodezik işlər;

 3.9.4. geoloji-kəşfiyyat, geofiziki, hidrogeoloji avadanlıq və cihazların konstruksiyalaşdırılması, sınaqdan keçirilməsi və tətbiq edilməsinə dair işlər, avtomatlaşdırılmış idarəetmə sistemlərinin və onlarla bağlı geoloji materialların riyazi təhlili üçün proqram və alqoritmlərin texniki işləmələri;

 3.9.5. normativ sorğu kitabçaları və təlimatların tərtib edilməsinə dair, eləcə də əməyin normalaşdırılması üzrə işlər;

 3.9.6. yeraltı dağ qazmalarında aparılan qravimetrik işlər;

 3.9.7. elmi tədqiqat, tematik, geoloji-planaalma, hidrogeoloji, geofiziki, geoloji-kəşfiyyat və yerin təkinin geoloji öyrənilməsi ilə əlaqədar digər işlərin layihələndirilməsi üzrə işlər;

 3.10. Dövlət qeydiyyatı ilə əlaqədar Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi aşağıdakıları həyata keçirir: [17]

 dövlət qeydiyyatı üçün təqdim olunmuş sənədlərin düzgünlüyünü və dolğunluğunu yoxlayır;

 nəzərdə tutulan işlərin öyrənilmə kartoqramları, uçot və sorğu-informasiya materialları və eləcə də Siyahılar (obyektlər üzrə planlar) və ya ötən illərin reyestrləri ilə tutuşduraraq mümkün paralelizm hallarını müəyyən edir (bu zaman işlərin qeydiyyatı zamanı paralelizm hallarını aşkar etmək məqsədilə icraçı təşkilatlardan layihə tapşırıqları tələb oluna bilər);

 keçən illərdə görülmüş işlərə dair geoloji hesabatların daxil olmasını yoxlayır (hesabatların sistematik şəkildə gecikdirilməsi hallarında qeydiyyatın rəsmiləşdirilməsi borcun tam ödənilməsinədək təxirə salına bilər);

 paralelizm hallarının olmadığı təqdirdə, eləcə də keçən illərdə görülmüş işlərə dair hesabat materiallarının təhvil verilməsi şərtilə 10 gün ərzində obyektlərə dövlət qeydiyyat nömrələri verir, qeydiyyat sənədlərini rəsmiləşdirərək Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəhbərliyinin təsdiqinə təqdim edir; [18]

 işlərin dövlət qeydiyyatına alınmadan aparılması hallarını aşkar etdikdə icraçı təşkilatdan bu işlərin dərhal dövlət qeydiyyatından keçməsini tələb edir.

 3.11. Dövlət qeydiyyat sənədləri Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sədri (o olmadıqda müavini) və Dövlət Geoloji İnformasiya Fondunun rəisi tərəfindən imzalanmaqla təsdiq edilir. [19]

 3.12. Bu Qaydaların 3.10-cu bəndində göstərilən səbəblərə görə bu və ya digər işin qeydiyyatından imtina edildikdə Siyahıda (obyektlər üzrə planda) imtinanın səbəbi göstərilir.

 3.13. Müqavilə işlərinin dövlət qeydiyyatı sifarişçi təşkilat göstərilməklə icraçı təşkilatın adına rəsmiləşdirilir.

 3.14. Dövlət qeydiyyat sənədlərinin tərtib edilməsi, rəsmiləşdirilməsi, ümumiləşdirilməsi, saxlanması və onlardan istifadə qaydası bu Qaydalar nəzərə alınmaqla Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təsdiq edilmiş müvafiq təlimatla müəyyən edilir. [20]

IV. Dövlət uçotu

 4.1. Dövlət qeydiyyatından keçmiş bütün iş növlərinin materialları (sənədləri) dövlət uçotuna alınır.

 4.2. Uçota alınan əsas sənədlər aşağıdakılardır:

 yer təkinin öyrənilməsinə dair tamamlanmış, konservasiya edilmiş geoloji, hidrogeoloji, mühəndis-geoloji, geofiziki, geoekoloji, geokimyəvi və məxsusi işlər üzrə hesabatlar;

 yer təkinin geoloji öyrənilməsinə dair elmi-tədqiqat, tematik və təcrübi-metodik işlər üzrə hesabatlar;

 planaalma, tematik və elmi tədqiqat işlərinin nəticələri əsasında tərtib edilən nəşr olunmuş geoloji məzmunlu xəritələr;

 istifadəyə verilən yer təki sahələrinə dair sənədlər.

 4.3. Dövlət Geoloji İnformasiya Fondu dövlət uçotu üzrə aşağıdakı funksiyaları həyata keçirir:

 Azərbaycan Respublikası ərazisinin və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub bölməsinin geoloji öyrənilməsi və istifadəsinin bütün növlərini və onların vəziyyətini səciyyələndirən uçot və sorğu-informasiya materiallarını tərtib edir;

 hər il üçün yer təkinin öyrənilmə dərəcəsinə dair materialları hazırlayır.

 4.4. Uçot və sorğu-informasiya materiallarına aşağıdakılar aiddir:

 geoloji, hidrogeoloji, mühəndis-geoloji, geofiziki, geoekoloji, geokimyəvi və digər məxsusi öyrənilmənin uçot vərəqələri;

 respublika ərazisinin geoloji, hidrogeoloji, mühəndis-geoloji, geofiziki, geoekoloji, geokimyəvi və digər məxsusi öyrənilmənin, faydalı qazıntıların çıxarılması və onların çıxarılması ilə əlaqədar olmayan başqa məqsədlər üçün istifadəyə verilmiş yer təki sahələrinin 1:200000 miqyaslı kartoqramları;

 regional geoloji-planaalma işlərinin, hidrogeoloji, mühəndis-geoloji və kompleks planaalmanın, sahəvi geo\353oji və məxsusi regional tədqiqatların 1:500000 miqyaslı operativ kartoqramları;

 Azərbaycan Respublikası ərazisinin və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub bölməsinin geoloji öyrənilməsinin 1:500000 miqyaslı məcmu kartoqramı;

 öyrənilmənin növləri və miqyasları üzrə cədvəllər.

 4.5. Geoloji öyrənilməyə və yerin təkinin istifadəsinə aid materialların inventar uçotu, onların mühafizəsi və istifadəsi rejimi, eləcə də uçot və sorğu-informasiya materiallarının hazırlanması və aparılması Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təsdiq edilən müvafiq təlimatlarla müəyyən edilir. [21]

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       11 oktyabr 2001-ci il tarixli 587 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640)

2.       27 sentyabr 2003-cü il tarixli 1338 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 9, maddə 512)

3.       12 sentyabr 2008-ci il tarixli 826 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 13 sentyabr 2008-ci il, № 205, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 9, maddə 798)

4.       12 may 2009-cu il tarixli 87 nömrəli  Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  13 may 2009-cu il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 5, maddə 319)

5.       22 iyul 2009-cu il tarixli 402 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti 1 avqust 2009-cu il, № 167, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 7, maddə 579)

6.       14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101)

7.       16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384)

8.       13 iyul 2021-ci il tarixli 2752 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti 14 iyul 2021-ci il, № 145)

 

SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 11 oktyabr 2001-ci il tarixli 587 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640) ilə 2-ci bənddə "İqtisadiyyat Nazirliliyi" sözləri "İqtisadi İnkişaf Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101) ilə 2-ci hissədə “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.

16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384) ilə 2-ci hissədən “və Sənaye” sözləri çıxarılmışdır.

 

[2] 27 sentyabr 2003-cü il tarixli 1338 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 9, maddə 512) ilə "Dövlət Geoloji İnformasiya Fondunun yaradılması və aparılması Qaydaları"nın 1.4-cü bəndində "Azərbaycan Respublikası Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsindəki" sözləri müvafiq olaraq "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyindəki" sözləri ilə əvəz edilmişdir.

 

[3] 27 sentyabr 2003-cü il tarixli 1338 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 9, maddə 512) ilə "Dövlət Geoloji İnformasiya Fondunun yaradılması və aparılması Qaydaları"nın 4.2-ci bəndində "Azərbaycan Respublikası Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi" sözləri müvafiq olaraq "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir

 

[4] 12 may 2009-cu il tarixli 87 nömrəli  Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  13 may 2009-cu il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 5, maddə 319) ilə “Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondu haqqında Əsasnamə”nin 2.7-ci bəndində “Azərbaycan Respublikası Maliyyə Nazirliyi Baş Dövlət Xəzinədarlığının” sözləri “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin” sözləri ilə əvəz edilmişdir.

 

[5] 27 sentyabr 2003-cü il tarixli 1338 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 9, maddə 512) ilə "Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondu haqqında Əsasnamə"nin 3.3-cü bəndində "Azərbaycan Respublikası Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsidir" sözləri müvafiq olaraq "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyidir" sözləri ilə əvəz edilmişdir.

 

[6] 11 oktyabr 2001-ci il tarixli 587 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640) ilə "Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondu haqqında Əsasnamə"nin 3.3-cü bəndinin üçüncü abzasında "İqtisadiyyat Nazirliliyi" sözləri "İqtisadi İnkişaf Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

 

14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101) ilə “Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondu haqqında Əsasnamə”nin 3.3-cü bəndinin üçüncü abzasında, 3.5-ci bəndinin birinci abzasında “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.

 

[7] 11 oktyabr 2001-ci il tarixli 587 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640) ilə "Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondu haqqında Əsasnamə"nin 3.5-ci bəndinin birinci abzasında "İqtisadiyyat Nazirliliyi" sözləri "İqtisadi İnkişaf Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

27 sentyabr 2003-cü il tarixli 1338 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 9, maddə 512) ilə "Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondu haqqında Əsasnamə"nin 3.5-ci bəndinin üçüncü abzasında "Azərbaycan Respublikası Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi" sözləri "Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri" sözləri ilə əvəz edilmişdir.

16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384) ilə “Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondu haqqında Əsasnamə”nin 3.3-cü bəndinin üçüncü abzasından, 3.5-ci bəndinin birinci abzasından “və Sənaye” sözləri çıxarılmışdır.

 

[8] 27 sentyabr 2003-cü il tarixli 1338 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 9, maddə 512) ilə "Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondu haqqında Əsasnamə"nin 3.7-ci bəndinin üçüncü abzasında "Azərbaycan Respublikası Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi" sözləri "Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri" sözləri ilə əvəz edilmişdir.

22 iyul 2009-cu il tarixli 402 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti 1 avqust 2009-cu il, № 167, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 7, maddə 579) ilə “Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondu haqqında Əsasnamə”nin 3.7-ci bəndində “Baş Dövlət Vergi Müfəttişliyi” sözləri “Vergilər Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

 

[9] 12 sentyabr 2008-ci il tarixli 826 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 13 sentyabr 2008-ci il, № 205 Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 9, maddə 798) ilə “Torpaq sahiblərinin onlara məxsus torpaq sahələrinin hüdudlarında öz ehtiyaclarını ödəmək üçün yeraltı içməli sulardan istifadə Qaydaları”nın 1.2-ci bəndində “xüsusi razılıq (lisenziya) ” sözlərindən sonra “və ya icazə” sözləri əlavə edilmişdir.

 

13 iyul 2021-ci il tarixli 2752 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti 14 iyul 2021-ci il, № 145) ilə “Torpaq sahiblərinin onlara məxsus torpaq sahələrinin hüdudlarında öz ehtiyaclarını ödəmək üçün yeraltı içməli sulardan istifadə Qaydaları”nın 1.2-ci bəndindən xüsusi razılıq (lisenziya) və ya sözləri çıxarılmışdır.

 

[10] Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 1338 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 9, maddə 512) ilə "Torpaq sahiblərinin onlara məxsus torpaq sahələrinin hüdudlarında öz ehtiyaclarını ödəmək üçün yeraltı içməli sulardan istifadə Qaydaları"nın 3.3-cü bəndində "Azərbaycan Respublikası Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi" sözləri "Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri" sözləri ilə əvəz edilmişdir.

 

[11] 12 sentyabr 2008-ci il tarixli 826 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 13 sentyabr 2008-ci il, № 205? Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 9, maddə 798) ilə “İstifadəyə verilən yer təki sahələrinin və onlarla əlaqədar işlərin dövlət qeydiyyatı və dövlət uçotunun aparılması Qaydaları”nın 2.1-ci bəndinin beşinci abzasında, 3.5-ci bəndinin birinci abzasında və 3.8-ci bəndində ismin müvafiq hallarında “xüsusi razılıq (lisenziya) ” sözlərindən sonra ismin müvafiq hallarında “və ya icazə” sözləri əlavə edilmişdir.

 

[12] 13 iyul 2021-ci il tarixli 2752 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti 14 iyul 2021-ci il, № 145) ilə “İstifadəyə verilən yer təki sahələrinin və onlarla əlaqədar işlərin dövlət qeydiyyatı və dövlət uçotunun aparılması Qaydaları”nın 2.1-ci bəndin beşinci abzasından xüsusi razılığın (lisenziyanın) və ya sözləri  çıxarılmışdır.

 

[13] 27 sentyabr 2003-cü il tarixli 1338 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 9, maddə 512) ilə "İstifadəyə verilən yer təki sahələrinin və onlarla əlaqədar işlərin dövlət qeydiyyatı və dövlət uçotunun aparılması Qaydaları"nın 2.2-ci bəndində "Azərbaycan Respublikası Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi" sözləri "Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri" sözləri ilə əvəz edilmişdir.

 

[14] 27 sentyabr 2003-cü il tarixli 1338 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 9, maddə 512) ilə "İstifadəyə verilən yer təki sahələrinin və onlarla əlaqədar işlərin dövlət qeydiyyatı və dövlət uçotunun aparılması Qaydaları"nın 3.4-cü bəndində "Azərbaycan Respublikası Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi" sözləri "Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri" sözləri ilə əvəz edilmişdir.

 

[15] 13 iyul 2021-ci il tarixli 2752 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti 14 iyul 2021-ci il, № 145) ilə “İstifadəyə verilən yer təki sahələrinin və onlarla əlaqədar işlərin dövlət qeydiyyatı və dövlət uçotunun aparılması Qaydaları”nın 3.5-ci bəndin birinci abzasından xüsusi razılıq (lisenziya) sözləri çıxarılmışdır.

 

[16] 13 iyul 2021-ci il tarixli 2752 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti 14 iyul 2021-ci il, № 145) ilə “İstifadəyə verilən yer təki sahələrinin və onlarla əlaqədar işlərin dövlət qeydiyyatı və dövlət uçotunun aparılması Qaydaları”nın 3.8-ci bəndin üçüncü cümləsində Xüsusi razılığın (lisenziyanın) və ya icazənin qeydiyyat nömrəsi xüsusi razılığın (lisenziyanın) sözləri İcazənin qeydiyyat nömrəsi onun sözləri ilə əvəz edilmişdir.

 

[17] 27 sentyabr 2003-cü il tarixli 1338 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 9, maddə 512) ilə "İstifadəyə verilən yer təki sahələrinin və onlarla əlaqədar işlərin dövlət qeydiyyatı və dövlət uçotunun aparılması Qaydaları"nın 3.10-cu bəndin birinci abzasında "Azərbaycan Respublikası Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi" sözləri "Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri" sözləri ilə əvəz edilmişdir.

 

[18] 27 sentyabr 2003-cü il tarixli 1338 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 9, maddə 512) ilə "İstifadəyə verilən yer təki sahələrinin və onlarla əlaqədar işlərin dövlət qeydiyyatı və dövlət uçotunun aparılması Qaydaları"nın 3.10-cu bəndin beşinci abzasında "Azərbaycan Respublikası Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi" sözləri "Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri" sözləri ilə əvəz edilmişdir.

 

[19] 27 sentyabr 2003-cü il tarixli 1338 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 9, maddə 512) ilə "İstifadəyə verilən yer təki sahələrinin və onlarla əlaqədar işlərin dövlət qeydiyyatı və dövlət uçotunun aparılması Qaydaları"nın 3.11-ci bəndində "Azərbaycan Respublikası Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi" sözləri "Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri" sözləri ilə əvəz edilmişdir.

 

[20] 27 sentyabr 2003-cü il tarixli 1338 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 9, maddə 512) ilə "İstifadəyə verilən yer təki sahələrinin və onlarla əlaqədar işlərin dövlət qeydiyyatı və dövlət uçotunun aparılması Qaydaları"nın 3.14-cü bəndində "Azərbaycan Respublikası Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi" sözləri "Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri" sözləri ilə əvəz edilmişdir.

 

[21] 27 sentyabr 2003-cü il tarixli 1338 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 9, maddə 512) ilə "İstifadəyə verilən yer təki sahələrinin və onlarla əlaqədar işlərin dövlət qeydiyyatı və dövlət uçotunun aparılması Qaydaları"nın 4.5-ci bəndində "Azərbaycan Respublikası Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi" sözləri "Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri" sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status