AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
03.07.1992
QEYDİYYAT NÖMRƏSİ
26
ADI
Azərbaycan Milli Aerokosmik Agentliyinin Əsasnaməsinin təsdiq edilməsi və mərkəzi aparatının say tərkibinin müəyyən edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı (Dərc olunma tarixi: 15-07-1992, Nəşr nömrəsi: 13, Maddə nömrəsi: 527)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
180.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
537 Azərbaycan Milli Aerokosmik Agentliyinin Əsasnaməsinin təsdiq edilməsi və mərkəzi aparatının say tərkibinin müəyyən edilməsi haqqında

Azərbaycan Milli Aerokosmik Agentliyinin Əsasnaməsinin təsdiq edilməsi və mərkəzi aparatının say tərkibinin müəyyən edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

“Azərbaycan Milli Aerokosmik Agentliyi haqqında” Azərbaycan "Respublikası Prezidentinin 1992-ci il 21 fevral tarixli 580 nömrəli Fərmanına müvafiq olaraq qərara alıram:

1.   Azərbaycan Milli Aerokosmik Agentliyi haqqında əlavə olunan Əsasnamə təsdiq edilsin.

2.   Azərbaycan Milli Aerokosmik Agentliyinin mərkəzi aparatının 62 vahiddən ibarət say tərkibi müəyyən edilsin.

 

Azərbaycan Respublikasının Prezidenti

Əbülfəz ELÇİBƏY.

 

Bakı şəhəri, 3 iyul 1992-ci il.

                № 26.

 

 

Azərbaycan Respublikası Prezidentinin

1992-ci il 3 iyul tarixli 26 №-li Fərmanı ilə

təsdiq edilmişdir.

 

Azərbaycan Milli Aerokosmik Agentliyi haqqında

 

ƏSASNAMƏ

 

I. Ümumi müddəalar

 

1.1.  Azərbaycan Milli Aerokosmik Agentliyi (bundan sonra AMAKA adlandırılır) müstəqil dövlət idarəetmə orqanıdır, kosmik elm və texnikanın nailiyyətlərindən, aerokosmik sahələrin elm və istehsal potensialından respublikanın xalq təsərrüfatı və təhlükəsizliyi naminə istifadə edilməsi sahəsində milli siyasəti həyata keçirir.

1.2.  AMAKA öz fəaliyyətində Azərbaycan Respublikasının Prezidentinə tabedir.

1.3.  AMAKA öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını və Azərbaycan Respublikası Ali Sovetinin qərarlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarını, aerokoemik fəaliyyət sahəsində Azərbaycan Respublikasının başqa dövlətlərlə sazişlərini və bu Əsasnaməni rəhbər tutur.

1.4.  AMAKA hüquqi şəxsdir və Azərbaycan Respublikasının dövlət gerbinin təsviri və öz adı olan möhürü vardır.

1.5.  AMAKA öz fəaliyyətini Azərbaycan Respublikasının ərazisində və beynəlxalq kosmik layihələrə dair öz öhdəliklərinə müvafiq olaraq başqa dövlətlərin ərazisində həyata keçirir.

1.6.  AMAKA dövlət orqanlarının müvafiq zəmanəti olduqda dövlətin ona həvalə olunmuş öhdəlikləri üçün məsuliyyət daşıyır.

AMAKA məqsədi və əsas vəzifələri müvafiq nizamnamələrlə müəyyən olunmuş müəssisələrin təsisçisi və yuxarı orqanı kimi çıxış edir.

 

 

 

II. Əsas vəzifələr

 

2.1. AMAKA-nın əsas vəzifələri aşağıdakılardır:

respublikada aerokosmik elm və texnika sahəsində aparılan fundamental və tətbiqi tədqiqatların təşkili, idarə edilməsi və əlaqələndirilməsi;

aviasiya və kosmik texnika sistemlərinin və elementlərinin hazırlanması;

elmi-texniki tərəqqini intensivləşdirmək, kosmik texnologiyaları xalq təsərrüfatının istifadəsinə vermək üçün kosmonavtikanın nailiyyətlərinin tətbiq edilməsi;

rabitəni, teleradio verilişlərini, meteoroloji, naviqasiya geodeziya və xəritəçilik xidmətlərini inkişaf etdirmək, təbii ehtiyatlardan səmərəli istifadə etmək üçün kosmik texnikanın tətbiq edilməsi;

mümkün təbii fəlakətlərin və fövqəladə vəziyyətlərin qarşısını almaq və onların nəticələrinin aradan qaldırılmasına kömək etmək üçün kosmik vasitələrdən istifadə edilməsi;

təhsil və mədəni inkişaf sahəsində kosmonavtika vasitələrindən istifadə edilməsi;

aerokosmik elmin, texnikanın və istehsalın müvafiq sahələri üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlanması və yenidən hazırlanması;

elm və iqtisadiyyatın mənafeyi naminə kosmik fəzadan istifadə edilməsində beynəlxalq əməkdaşlığın layihələrinin, habelə birgə “beynəlxalq aviasiya—kosmik proqramların, layihələrin və sazişlərin hazırlanması və həyata keçirilməsi;

aviasiya—kosmik xidmətlərin dünya bazarında iştirak.

2.2.   AMAKA öz məqsəd və vəzifələrinə uyğun olaraq aerokosmik tədqiqatların və onların nəticələrinin Azərbaycan Respublikasında tətbiq edilməsinin milli proqramını hazırlayır.

2.3.   Elmi tədqiqatları, təcrübə-konstruktor işlərini və fundamental işləri müstəqil ekspertiza əsasında müsabiqə yolu ilə seçməklə aerokosmik tədqiqatların milli proqramının həyata keçirilməsinə nail olur.

III. AMAKA-nın hüquqları və vəzifələri

 

3.1.   AMAKA ona tapşırılmış vəzifələri yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

dövlət kosmik siyasəti məsələlərinə dair qanunvericilik aktlarının layihələrini müəyyən edilmiş qaydada təqdim etmək;

aerokosmik proqramların və layihələrin büdcədən və valyuta ilə maliyyələşdirilməsinə dair təkliflər hazırlamaq;

ayrılan büdcə vəsaitini müsabiqə əsasında və ya başqa əsasda bölüşdürmək;

öz fəaliyyətinin planlarını və proqramlarını sərbəst surətdə hazırlayıb təsdiq etmək;

öz səlahiyyəti hüdudunda Azərbaycan Respublikasının və başqa dövlətlərin hüquqi və fərdi şəxsləri ilə danışıqlar aparmaq, müqavilələr və sazişlər bağlamaq;

başqa dövlətlərin kosmik təşkilatlarında və beynəlxalq assosiasiyalarda Azərbaycan Respublikasını təmsil etmək, Azərbaycan Respublikası hökumətinin ona verdiyi səlahiyyətlərə müvafiq "olaraq onların işində iştirak etmək;

ayrı-ayrı funksiyaları yerinə yetirmək və tabelikdə olan müəssisələrə və təşkilatlara xidmət göstərmək üçün müxtəlif mülkiyyət formalarında yeni müəssisələr (firmalar, mərkəzlər) təsis etmək;

qüvvədə olan qanunvericiliyə uyğun olaraq tabelikdə olan müəssisələr yaratmaq, onları yenidən təşkil etmək və ləğv etmək;

tədris mərkəzləri yaratmaq, kadrlar hazırlanması və onların ixtisasının artırılması üçün respublikanın ali məktəblərində, texnikumlarında və texniki peşə məktəblərində baza fakültələri və şöbələri təşkil etmək;

müəyyən edilmiş qaydada nəşriyyat fəaliyyətini həyata keçirmək, öz mətbuat orqanına malik olmaq;

təşkilatların və əhalinin vəsaitini aerokosmik fəaliyyətin maliyyələşdirilməsinə cəlb etmək üçün aerokosmik pul-şey lotereyası keçirmək;

3.2.   AMAKA milli aerokosmik proqramların və layihələrin həyata keçirilməsini və aerokosmik fəaliyyət sahəsində beynəlxalq layihələrin və sazişlərin yerinə yetirilməsini təmin etməli;

aerokosmik fəaliyyət üçün ayrılmış büdcə və valyuta vəsaitinin xərclənməsinə nəzarət etməli;

elmi-texniki və iqtisadi əlaqələri inkişaf etdirməli, tabeliyində olan müəssisə və təşkilatlar arasında işlərin, habelə beynəlxalq və başqa xarici təşkilatlarla işlərin əlaqələndirilməsini təmin etməli;

tabeliyində olan təşkilatlara müəyyən edilmiş qaydada maliyyə, elmi-texniki, məsləhət, ekspert köməyi və başqa kömək göstərməli, onları təlimatlar və materiallarla təchiz etməli;

tədqiqatların və araşdırmaların milli üstünlüyünü müdafiə etməli;

aerokosmik elmin və texnikanın nailiyyətlərini təbliğ etməlidir,

 

IV. Beynəlxalq elmi-texniki və xarici iqtisadi fəaliyyət

 

4.1.  Agentlik elmi-texniki xarici iqtisadi fəaliyyətində aşağıdakıları rəhbər tutur:

milli aerokosmik proqramın əsas vəzifələrinin həyata keçirilməsinə, toplanmış elmi-texniki potensialın saxlanmasına və inkişaf etdirilməsinə yönəldilmiş milli aerokosmik proqramın müəyyən etdiyi məqsədləri;

Azərbaycan Respublikasının təsdiq etdiyi beynəlxalq hüquq aktlarını.

4.2.   AMAKA BMT-nin Kosmos Komitəsində Azərbaycan Respublikasının mənafeyini təmsil edir.

4.3.   Kosmos üzrə universal konvensiyaların, kosmik fəzanın tədqiqi və ondan istifadə edilməsi sahəsində əməkdaşlıq haqqında hökumətlərarası digər sazişlərin məqsəd və vəzifələri Azərbaycan Respublikasının milli kosmik siyasətinə uyğun gəlirsə, AMAKA həmin konvensiyalara və sazişlərə qoşula bilər.

4.4.   AMAKA beynəlxalq kosmik təşkilatlarla (Avropa Kosmik Agentliyi, KOSPAR, Beynəlxalq Astronavtika Federasiyası), habelə qabaqcıl kosmik dövlətlərin (ABŞ, Rusiya, Fransa, Yaponiya, Ukrayna, Qazaxstan və başqalarının) milli proqramları ilə qarşılıqlı fəaliyyət göstərir və bu təşkilatlarda Azərbaycan Respublikasının mənafeyini təmsil edir.

4.5.   AMAKA xarici iqtisadi fəaliyyətində:

xarici şirkətlərlə, firmalarla, mərkəzlərlə, elmi və başqa idarə və təşkilatlarla işgüzar əlaqələri həyata keçirir;

idxal-ixrac əməliyyatlarının keçirilməsində və elmi-texniki məhsulun və aviasiya-kosmik xidmətlərin məhsulunun xarici bazarlarda satılmasında tabeliyində olan müəssisələrə kömək göstərir;

xarici partnyorlarla müəyyənləşdirilmiş qaydada Azərbaycanda və xaricdə birgə müəssisələr təsis edir.

 

V. AMAKA-nın əmlakı və vəsaiti

 

5.1.   AMAKA fəaliyyətinin məqsəd və vəzifələrinə müvafiq olaraq və əmlakın təyinatına uyğun olaraq ona əsas fondlardan, dövriyyə vəsaitindən, başqa maddi dəyərlərdən və maliyyə ehtiyatlarından ibarət olub ona təhkim edilmiş əmlaka sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir.

5.2.   AMAKA-nın fəaliyyəti Azərbaycan Respublikasının büdcəsi və öz vəsaiti hesabına maliyyələşdirilir.

5.3.   Milli aerokosmik proqramı və başqa aerokosmik layihələri maliyyələşdirmək üçün AMAKA əlavə olaraq aşağıdakı vəsaitləri cəlb edə bilər:

AMAKA-nın emblemi və rəmzi ilə xalq istehlakı malları və hədiyyələr buraxan müəssisələrin ixtiyarında qalan mənfəətin bir hissəsini;

sponsor vəsaitini və geri qaytarılmayan başqa vəsaiti.

5.4.   AMAKA kosmik proqramların və layihələrin həyata keçirilməsi sahəsində bütün işlərin baş sifarişçisidir və işlərin baş icraçıları olan müəssisələrlə (elmi tədqiqat institutları, konstruktor büroları və zavodlarla) təsərrüfat müqavilələri bağlamaq yolu ilə həmin işləri maliyyələşdirir.

5.5.   AMAKA respublikanın nazirlikləri üçün müəyyən edilmiş qaydada öz fəaliyyətinin mühasibat uçotunu aparır və bu haqda hesabat verir.

5.6.   AMAKA-nın əmlakı müəyyən edilmiş qaydada sığortalanmalıdır.

 

 

VI. AMAKA-nın fəaliyyətinin idarə edilməsi

 

6.1. AMAKA elm-istehsal və inzibati-təsərrüfat fəaliyyətini həyata keçirməkdə tam müstəqildir.

6.2.   AMAKA öz fəaliyyəti haqqında hər il Azərbaycan Respublikasının Prezidentinə və Nazirlər Kabinetinə hesabat təqdim edir.

6.3.   AMAKA-ya baş direktor başçılıq edir ki, onu da Azərbaycan Respublikasının Prezidenti təyin edir və vəzifədən azad edir.

AMAKA-nın baş direktoru:

kosmik elm və texnikanın nailiyyətlərindən, aerokosmik sahələrin elm-istehsal potensialından respublikanın xalq təsərrüfatının və təhlükəsizliyinin mənafeyi naminə istifadə edilməsi sahəsində milli siyasətin həyata keçirilməsi və bu Əsasnamədə nəzərdə tutulan vəzifələrin yerinə yetirilməsi üçün məsuliyyət daşıyır;

aerokosmik fəaliyyət sahəsində elmi-texniki siyasətə dair respublika rəhbərliyi üçün təkliflərin hazırlanmasına, iş layihələrinin, planlarının və proqramlarının işlənib hazırlanmasına rəhbərlik edir;

aerokosmik fəaliyyətin layihələrinin, planlarının və proqramlarının həyata keçirilməsini təmin edir;

Agentliyin adından etibarnaməsiz fəaliyyət göstərir, bütün təşkilatlarda, müəssisələrdə, idarələrdə, xarici firma və şirkətlərdə Agentliyi təmsil edir;

qüvvədə olan qanunvericiliyə və bu Əsasnaməyə uyğun olaraq AMAKA-ya təhkim edilmiş əmlaka dair sərəncam verir, müqavilələr bağlayır, etibarnamələr verir;

öz səlahiyyəti hüdudunda Agentliyin və tabeliyində olan müəssisələrin bütün işçilərinin mütləq icra etməli olduğu əmrlər, sərəncamlar, təlimatlar və başqa normativ sənədlər verir;

Agentliyin strukturunu, Agentliyin bölmələri haqqında əsasnamələri və tabeliyində olan müəssisələrin nizamnamələrini təsdiq edir;

bu Əsasnamədən irəli gələn başqa funksiyaları yerinə yetirir.

6.5.   AMAKA-da baş direktordan (sədr), baş direktorun müavinlərindən, habelə AMAKA-nın başqa rəhbər işçilərindən ibarət kollegiya yaradılır.

Kollegiya özünün müntəzəm keçirilən iclaslarında AMAKA-nın fəaliyyəti ilə əlaqədar məsələləri müzakirə edir.

6.6.   Baş direktorun müavinləri, kollegiyanın üzvləri və başqa vəzifəli şəxslər təsdiq edilmiş struktura uyğun olaraq respublika nazirlikləri üçün müəyyən edilmiş qaydada vəzifəyə təyin olunur və vəzifədən azad edilirlər.

6.7.   Aparıcı alimlərdən və mütəxəssislərdən ibarət Elmi Texniki Şura AMAKA-nın Baş direktoru yanında məşvərətçi elmi məsləhətçi orqandır.

Elmi Texniki Şuranın hüquqları və funksiyaları onun haqqında xüsusi Əsasnamə ilə müəyyənləşdirilir.

6.8.   AMAKA-nın fəaliyyətinə nəzarət və bu fəaliyyətin təftişi respublikanın nazirlikləri və baş idarələri üçün müəyyən edilmiş qaydada həyata keçirilir.

 

VII. AMAKA-nın yenidən təşkili və ləğv edilməsi

7.1.   AMAKA Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq ləğv edilə və yenidən təşkil edilə bilər.

7.2.   AMAKA-nın ləğvindən sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti AMAKA-nın əmlak varisliyi ilə bağlı və başqa bütün məsələləri həll etmək səlahiyyəti olan ləğvetmə komissiyası təyin edir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status