AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
17.06.1992
QEYDİYYAT NÖMRƏSİ
174
ADI
Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı (Dərc olunma tarixi: 30-06-1992, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 445)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında

Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Bu Qanun Azərbaycan Respublikasında istehlak mallarının qiymətlərinin və pullu xidmətlərin tariflərinin (bundan sonra istehlak qiymətləri adlanacaqdır) artması ilə əlaqədar vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsinin təşkilati-hüquqi əsaslarını müəyyən edir.

 

Maddə 1. İndeksləşdirmənin mahiyyəti və məqsədi

 

İndeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir.

 

Maddə 2. İndeksləşdirmənin əsası və qaydası

 

Vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsinin əsasını istehlak qiymətlərinin indeksi təşkil edir. Azərbaycan Respublikasında istehlak qiymətlərinin indeksi əhalinin yaşayış minimumunu hesablamaq üçün qəbul edilmiş minimum istehlak səbətinə uyğun olaraq dövlət, kooperativ ticarətində və xüsusi ticarətdə qiymətlərin, habelə mülkiyyət formasından asılı olmayaraq bütün xidmət sahəsi obyektlərində pullu xidmət tariflərinin dəyişilməsinin müşahidəsi nəticəsində əldə edilmiş statistika məlumatı əsasında hesablanır.

İstehlak qiymətlərinin dəyişməsini respublikanın statistika orqanları tərkibində fəaliyyət göstərən xüsusi dövlət xidməti müşahidə edir. [1]

İstehlak qiymətlərinin indeksinə və pul gəlirlərinin (əmək haqqının, pensiyaların, müavinətlərin, təqaüdlərin) artımındakı dəyişikliklərə dair məlumat, habelə Azərbaycan Respublikasında müəyyən olunmuş minimum əmək haqqı səviyyəsi və indeksləşdirmə üçün zəruri olan digər ilkin məlumat hər kvartal mətbuatda dərc edilir.

İndeksləşdirmə o halda həyata keçirilir ki, əvvəlki indeksləşdirmə anından artan yekunla hesablanmış istehlak qiymətlərinin indeksi 5 faizlik həddi keçsin.

 

M a d d ə 3. İndeksləşdirmə obyektləri

 

Aşağıdakılar indeksləşdirilməlidir:

- müəssisələrin, idarələrin və təşkilatların (bundan sonra müəssisələr adlanacaqdır) işçilərinin əmək haqqı;

- birdəfəlik müavinətlər istisna olmaqla, dövlət pensiyaları, təqaüdlər, sosial müavinətlər (uşaqlı ailələrə, işsizliyə görə, ştatların ixtisarı, müvəqqəti əmək iqtidarsızlığı ilə, hamiləliklə əlaqədar verilən və başqa müavinətlər); [2]

- vətəndaşların Azərbaycan Respublikasının Əmanət Bankında olan əmanətləri;

- Azərbaycan Respublikasının dövlət istiqrazları və digər dövlət qiymətli kağızları;

- Azərbaycan Respublikasının dövlət sığorta orqanlarına verilən haqlar;

- aliment. [3]

Xüsusi mülkiyyət, sahibkarlığın fərdi əmək və digər bütün formaları əsasında, habelə fərdi icarə (qrup icarəsi) əsasında fəaliyyət göstərən müəssisələrdə və kooperativlərdə, eləcə də fərdi kəndli təsərrüfatlarında müqavilə və ya üzvlük şərtləri ilə çalışanların gəlirləri də bu Qanuna müvafiq surətdə indeksləşdirilə bilər. həmin şəxslərin gəlirlərinin indeksləşdirilməsi şərtləri onların sahibkarla (idarə heyəti ilə) bağladıqları müqavilələrdə müəyyən olunur.

İndeksləşdirmə vətəndaşların sahibkarlıq fəaliyyətindən və mülkiyyətdən götürdükləri gəlirlərə şamil edilmir.

 

M a d d ə 4. Pul gəlirlərinin indeksləşdirilməsi

 

Əmək haqqı və təqaüdlər şəklində vətəndaşların pul gəlirləri aşağıdakı qaydada indeksləşdirilməlidir: [4]

 

aylıq minimum əmək haqqının hüdudlarında

 

aylıq minimum əmək haqqının 1 mislindən 2 mislinədək

 

aylıq minimum əmək haqqının 2 mislindən 3 mislinədək

 

aylıq minimum, əmək haqqının 3 mislindən 4 mislinədək

—istehlak qiymətləri indeksinin 100 faizi həcmində

 

—istehlak qiymətləri indeksinin 80 faizi həcmində

 

—istehlak qiymətləri indeksinin 60 faizi həcmində

 

—istehlak qiymətləri indeksinin 40 faizi həcmində

 

Pul gəlirlərinin aylıq minimum əmək haqqının 4 mislindən çox olan hissəsi indeksləşdirilmir.

Əmək haqqına əmsalların (yüksək dağlıq və başqa yerlərdə işə görə) tətbiq edildiyi ərazilərdə indeksləşdirmə üçün minimum əmək haqqının məbləği bu əmsallar nəzərə alınmaqla müəyyən olunur.

Pul gəlirləri alındığı yerdə indeksləşdirilir.

İndeksləşdirilmiş gəlir növbəti aydan başlayaraq ödənilir.

Pensiyaların və sosial müavinətlərin məbləğləri müvafiq qanunvericiliyə uyğun olaraq indeksləşdirilir. [5]

İndeksləşdirmə ilə əlaqədar ödənişlərin məbləği təqvim ili qurtardıqdan sonra müvafiq tarif dərəcələrinin və vəzifə maaşlarının və təqaüdlərin tərkibinə daxil edilir. [6]

Məhkəmənin qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən, müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. [7]

 

M a d d ə 5. Pul əmanətlərinin indeksləşdirilməsi

 

Pul əmanətlərini dövlət maliyyə-kredit sisteminin müvafiq idarəsi ildə bir dəfə əmanətlər üzrə faizləri hesablayarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada indeksləşdirir.

Azərbaycan Respublikası dövlət istiqrazlarının və digər dövlət qiymətli kağızlarının indeksləşdirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilir.

Sığorta ödəncləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada ildə bir dəfə indeksləşdirilir.

 

M a d d ə 6. İndeksləşdirmə mənbələri

 

Əhalinin pul gəlirləri və əmanətləri müvafiq ödənclərin verildiyi mənbələr hesabına indeksləşdirilir.

həmin vəsait mənbələri aşağıdakılardır:

büdcə müəssisələri (tibb, təhsil, elm, mədəniyyət müəssisələri və digər müəssisələr) işçilərinin əmək haqqının və müavinətlərin indeksləşdirilməsi üçün müvafiq büdcələrdən ayrılan təxsisat; [8]

tənzimlənən dövlət qiymətləri və tarifləri üzrə məhsul satan (xidmətlər göstərən) müəssisələrin işçilərinin əmək haqqından ötrü vəsait müəssisələrdən asılı olmayan səbəblərə görə çatışmadıqda, həmin işçilərin əmək haqqının indeksləşdirilməsi üçün—Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada büdcə vəsaiti;

istehsal etdikləri malların və göstərdikləri xidmətlərin qiymətlərini müstəqil müəyyən edən müəssisələrin, ictimai təşkilatların (birliklərin) və onların müəssisələrinin işçilərinin əmək haqqının indeksləşdirilməsi üçün—müəssisələrin və təşkilatların öz vəsaiti;

əmək pensiyalarının indeksləşdirilməsi üçün - "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən vəsaitlər; [9]

sosial müavinətlərin indeksləşdirilməsi üçün - dövlət büdcəsinin vəsaiti və məcburi dövlət sosial sığortası vəsaitləri;

işsizlik müavinətlərinin indeksləşdirilməsi üçün—müvafiq icra hakimiyyəti orqanının vəsaiti; [10]

dövlət təqaüdlərinin indeksləşdirilməsi üçün—müvafiq büdcələrdən ayrılan təxsisat;

vətəndaşların Azərbaycan Respublikasının Əmanət Bankında olan əmanətlərinin indeksləşdirilməsi üçün—bankın gəlirləri;

Azərbaycan Respublikasının dövlət qiymətli kağızları və dövlət istiqrazları üzrə gəlirlərin indeksləşdirilməsi üçün— Azərbaycan Respublikasının dövlət büdcəsindən ayrılan təxsisat;

Azərbaycan Respublikasının dövlət sığorta orqanlarına ödənilən haqların indeksləşdirilməsi üçün—bu haqların hesabına yerləşdirilən vəsaitin faiz dərəcələrinin artmasından Dövlət Sığorta İdarəsinin götürdüyü gəlirlər. [11]

 

M a d d ə 7. (Çıxarılıb) [12]

 

M a d d ə 8. Mübahisələrə baxılması qaydası

 

İndeksləşdirmə məsələləri üzrə mübahisələr ödəniş yerində bir ay ərzində həll edilmədikdə, onlara məhkəmə qaydasında baxılmalıdır.

 

M a d d ə 9. Bu Qanunun pozulmasına görə məsuliyyət

 

Bu Qanunun pozulması Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə intizam, inzibati və cinayət məsuliyyətinə səbəb olur.

 

Azərbaycan Respublikasının Prezidenti

Əbülfəz ELÇİBƏY.

 

Bakı şəhəri, 17 iyun 1992-ci il

               № 174.

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       12 oktyabr 2001-ci il tarixli 194-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 687)

2.       23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 736)

3.       03 dekabr 2002-ci il tarixli 398-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 01, maddə 16)

4.       24 iyun 2005-ci il tarixli 947-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan qəzeti,11 avqust 2005-ci il)

5.       6 mart 2007-ci il tarixli 260-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 401)

6.       31 may 2017-ci il tarixli 703-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 iyun 2017-ci il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1057)

7.       3 aprel 2018-ci il tarixli 1055-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 may 2018-ci il, № 99, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №5, maddə 846)

8.       24 aprel 2018-ci il tarixli 1086-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 may 2018-ci il, № 113, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №5, maddə 873)

9.       23 aprel 2021-ci il tarixli 302-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 iyun 2021-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 542)

 



QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

[1] 24 iyun 2005-ci il tarixli 947-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan qəzeti,11 avqust 2005-ci il) ilə 2-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində "minimum istehlak büdcəsini" sözləri "yaşayış minimumunu" sözləri, "istehlak malları və xidmətlər" sözləri "minimum istehlak" sözləri ilə əvəz edilmişdir.

 

[2] 24 aprel 2018-ci il tarixli 1086-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 may 2018-ci il, № 113, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №5, maddə 873) ilə 3-cü maddənin birinci hissəsinin üçüncü abzasından “işsizliyə görə,” sözləri çıxarılmışdır.

 

[3] 12 oktyabr 2001-ci il tarixli 194-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 687) ilə 3-cü maddənin birinci hissəsinə altıncı abzas əlavə edilmişdir.

 

[4] 6 mart 2007-ci il tarixli 260-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 401) ilə 4-cü maddədə birinci hissədə ", dövlət pensiyaları, təqaüdlər, sosial müavinətlər" sözləri "və təqaüdlər" sözləri ilə əvəz edilmişdir,

 

[5] 6 mart 2007-ci il tarixli 260-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 401) ilə altıncı hissə yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

Pensiyalar pensiyaçıların işləməsindən və aldıqları əmək haqqının məbləğindən asılı olmayaraq, bu Qanuna müvafiq surətdə sosial təminat orqanları tərəfindən indeksləşdirilir. İşləyən pensiyaçıların əmək haqları indeksləşdirilərkən sosial təminat orqanları tərəfindən indeksləşdirilmiş pensiyaların məbləği nəzərə alınır.

 

[6] 6 mart 2007-ci il tarixli 260-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 401) ilə yeddinci hissədə ", dövlət pensiyalarının, təqaüdlərin və sosial müavinətlərin" sözləri "və təqaüdlərin" sözləri ilə əvəz edilmişdir,

 

[7] 12 oktyabr 2001-ci il tarixli 194-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 687) ilə 4-cü maddəyə səkkizinci abzas əlavə edilmişdir.

 

[8] 6 mart 2007-ci il tarixli 260-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 401) ilə 6-cı maddənin ikinci hissəsində, ikinci abzasdan ", sosial pensiyaların" sözləri çıxarılmışdır.

3 aprel 2018-ci il tarixli 1055-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 may 2018-ci il, № 99, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №5, maddə 846) ilə 6-cı maddənin ikinci hissəsinin ikinci abzasında “xalq təhsili, elm, mədəniyyət idarələri və başqa idarələr” sözləri “təhsil, elm, mədəniyyət müəssisələri və digər müəssisələr” sözləri ilə əvəz edilmişdir.

 

23 aprel 2021-ci il tarixli 302-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 iyun 2021-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 542) ilə 6-cı maddəsinin ikinci hissəsinin ikinci abzasında səhiyyə sözü tibb sözü ilə əvəz edilmişdir.

 

[9] 6 mart 2007-ci il tarixli 260-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 401) ilə beşinci və altıncı abzaslar yeni redaksiyalarda verilmişdir.

əvvəlki redaksiyalarda deyilirdi:

dövlət əmək pensiyalarının indeksləşdirilməsi üçün—Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəsaiti;

Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna ödənilən sosial müavinətlərin indeksləşdirilməsi üçün—bu fondun vəsaiti;

 

[10] 31 may 2017-ci il tarixli 703-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 iyun 2017-ci il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1057) ilə 6-cı maddəsinin 2-ci hissəsinin yeddinci abzasında “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun” sözləri “müvafiq icra hakimiyyəti orqanının” sözləri ilə əvəz edilmişdir.

 

24 aprel 2018-ci il tarixli 1086-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 may 2018-ci il, № 113, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №5, maddə 873) ilə 6-cı maddənin ikinci hissəsinin yeddinci abzası ləğv edilmişdir.

 

[11] 03 dekabr 2002-ci il tarixli 398-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 01, maddə 16) ilə 6-cı maddəsinin ikinci hissəsinin beşinci abzasında "Pensiya Fondunun" sözləri "Dövlət Sosial Müdafiə Fondunun" sözləri ilə, altıncı abzasında "sosial sığorta fondundan" sözləri "Dövlət Sosial Müdafiə Fondundan" sözləri ilə və yeddinci abzasında "Dövlət əhalinin məşğulluğuna kömək fondunun" sözləri "Dövlət Sosial Müdafiə Fondunun" sözləri ilə əvəz edilmişdir.

 

[12] 23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 736) ilə 7-ci maddə çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi:

M a d d ə 7. İndeksləşdirmədən    götürülən    əlavə    gəlirlərdən vergi tutulması

Vətəndaşın indeksləşdirmədən əldə etdiyi əlavə gəlirlər əsas pul gəlirləri ilə toplanır və ondan müəyyən edilmiş qaydada mövcud normativlər cədvəli üzrə vergi tutulur.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status