AKTIN NÖVÜ
Mərkəzi bankının qərarı
QƏBUL EDİLDİYİ TARİX
31.08.2021
QEYDİYYAT NÖMRƏSİ
23/2
ADI
“Marja ticarəti Qaydası”nın təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
14.09.2021
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.060.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
23202108310232
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
13.09.2021
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKININ İDARƏ HEYƏTİNİN

 

QƏRARI

 

23/2

 

Bakı şəhəri                                                                                              31 avqust 2021-ci il

 

Marja ticarəti Qaydası”nın təsdiq edilməsi barədə

 

Marja ticarətinə dair hüquqi tənzimləyici çərçivənin və nəzarət mexanizmlərinin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi məqsədilə “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti

 

QƏRARA ALIR:

 

1. “Marja ticarəti Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Ləğv edilmiş Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 23 sentyabr 2019-cu il tarixli 1951100032 nömrəli Qərarı ilə təsdiq edilmiş “Marja ticarətinə dair Qaydalar” ləğv edilsin.

3. Hüquq departamentinə (Rəna Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

 

Mərkəzi Bankın sədri

Elman Rüstəmov

 


 

 

“Təsdiq edilmişdir

Azərbaycan Respublikasının

Mərkəzi Bankı

Qərar № 23/2

31 avqust 2021-ci il

 

Marja ticarəti Qaydası

 

1.                  Ümumi müddəalar

1.1.                Bu Qayda “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun (Qanun) 30.6-cı, 34.4-cü, 40.3-cü və 40.4-cü maddələrinə müvafiq olaraq hazırlanmışdır və qiymətli kağızlar bazarında marja ticarətinin həyata keçirilməsinə, marja ticarətinin əsasını təşkil edən baza aktivlərinə və ya onun göstəricilərinin növlərinə, faizlərinə və marja ticarətinə dair məlumatların və hesabatların təqdim olunmasına dair qaydaları müəyyən edir.

1.2.                Marja ticarəti Qanuna, bu Qaydaya, investisiya şirkətləri tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi qaydasını tənzimləyən normativ xarakterli aktın tələblərinə, fond birjasının daxili qaydalarına və investisiya şirkəti ilə müştəri arasında bağlanmış müqaviləyə uyğun tənzimlənir.

 

2.                  Əsas anlayışlar

2.1.                Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakılardır:

2.1.1.          marja ticarəti – investora baza aktivini (qiymətli kağız, valyuta, faiz dərəcələri, gəlirlilik, törəmə maliyyə alətləri, əmtəə, maliyyə indeksi, kredit riskləri və s.) və ya bu baza aktivlərinin qiyməti, gəlirliliyi, məzənnə fərqi, risk dərəcəsinin öz vəsaiti və ya borc vəsaitləri ilə alınıb sonradan satılmasının təşkili üzrə investisiya xidmətidir (əməliyyatıdır);

2.1.2.          bazar dəyəri – qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin ticarət olunduğu fond birjasındakı cari qiyməti, habelə fərq müqavilələri üzrə baza aktivinin ticarət olunduğu bazardakı cari qiyməti;

2.1.3.          fərq müqaviləsi – baza aktivinin alqı-satqısı üzrə mövqenin açılış və bağlanış qiymətləri arasında yaranmış fərqin müqavilə tərəfinə ödənilməsini təmin edən müqavilə;

2.1.4.          peşəkar investor – bu Qaydanın 6.6-cı bəndində göstərilən şəxs;

2.1.5.          ilkin marja – investisiya şirkəti tərəfindən marja ticarətinin aparılması məqsədilə hər alqı-satqı əməliyyatına müvafiq olaraq müştəridən tələb olunan pul vəsaitinin minimum məbləği;

2.1.6.          təminat marjasımarja ticarəti üzrə əməliyyatların davamlılığını təmin etmək məqsədi ilə müştəri hesabında saxlanılmalı olan pul vəsaitinin minimum məbləği;

2.1.7.          marja çağırışı – müştəri hesabında saxlanılan pul vəsaitlərinin azalaraq bu Qaydanın tələbləri nəzərə alınmaqla müqavilə ilə müəyyən edilmiş həddə çatması nəticəsində investisiya şirkətinin müştərisinə bu vəsaitlərin artırılması ilə bağlı etdiyi xəbərdarlıq;

2.1.8.          marja səviyyəsi – fərq müqavilələri ilə marja ticarəti üzrə müştərinin pul vəsaitinin açılmış mövqe üzrə hesablanmış ilkin marjaya nisbətinin faizlə ifadəsi. Müştəri tərəfindən bir neçə mövqe açıldıqda hesablanmış ilkin marjalar cəmlənir;

2.1.9.          likvidlik təminatçısı – fərq müqavilələri üzrə alış-satış qiymətlərini (kotirovka) müəyyən edərək müqavilə əsasında investisiya şirkətinə ötürən investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən şəxs;

2.1.10.      ticarət platforması – investisiya şirkəti tərəfindən marja ticarətinin aparılması məqsədi ilə müştərilərə təqdim edilən elektron ticarət sistemi;

2.1.11.      əsas valyuta cütlükləri – Avro, Yapon yeni, İngiltərə funt sterlinqi, Avstraliya dolları, Kanada dolları, İsveçrə frankı və Yeni Zelandiya dollarının ABŞ dolları ilə alqı-satqısı üzrə valyuta cütlüyü;

2.1.12.      lot ölçüsü – bir sifariş üzrə fərq müqaviləsinin alqı-satqı həcmi;

2.1.13.      kredit həddi – marja ticarətinin aparılması məqsədi ilə müştəri sifarişinin məbləğinin ilkin marjaya nisbəti;

2.1.14.      qiymət sürüşməsi – bazar şəraitindən asılı olaraq, sifariş verilən ana fərq müqaviləsinin bazar dəyəri ilə sifarişin icra olunduğu qiymətlər arasında fərqin yaranması halı;

2.1.15.      fərq müqaviləsi roloveri – fərq müqaviləsi üzrə açılmış mövqenin açıq saxlanılması prosesi. Bu proses zamanı baza aktivindən və açılmış mövqenin növündən asılı olaraq investisiya şirkəti tərəfindən müvafiq rolover məbləği (svop) hesablanaraq müştərinin pul hesabına mədaxil və ya bu hesabdan məxaric edilir.

2.2.                Bu Qaydada istifadə edilən digər anlayışlar Qanunda nəzərdə tutulan mənaları ifadə edir.

 

3.                  Marja ticarətinə dair investisiya şirkətləri üçün tələblər

3.1.                Marja ticarəti xidməti göstərən investisiya şirkəti aşağıdakı tələblərə cavab verməlidir:

3.1.1.          Qanunun 30.3.1-ci, 30.3.7-ci və 30.4.1-ci maddələri ilə müəyyən edilmiş xidmətlərin həyata keçirilməsi üzrə lisenziyaya malik olmalı;

3.1.2.          investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi üçün Qanunun 43.2-ci maddəsi ilə müəyyən edilmiş sayda əməkdaşı ixtisas şəhadətnaməsinə malik olmalı;

3.1.3.          xarici fond birjasında listinqdə olan qiymətli kağız və ya törəmə maliyyə alətləri üzrə marja ticarəti xidmətini göstərən investisiya şirkəti həmin fond birjasına üzv olmalı və ya həmin fond birjasına üzv olan investisiya şirkəti ilə müqaviləsi olmalı;

3.1.4.          bazarda olan ani qiymət dəyişikliklərini nəzərə alaraq müştəri hesabı üzrə risklərə nəzarət etməyə, təminat marjasını hesablamağa və yaranmış risklərə qarşı müştəriləri məlumatlandırmağa imkan verən müvafiq informasiya sistemlərinə (proqram təminatına) malik olmalı;

3.1.5.          marja ticarətinin həyata keçirilməsinə dair daxili qaydalara malik olmalıdır.

3.2.                İnvestisiya şirkətinin marja ticarətinin həyata keçirilməsi üzrə daxili qaydalarında ən azı aşağıdakı müddəalar əks olunur:

3.2.1.          girov və marja tələbləri;

3.2.2.          marja ticarətinin aparılması üzrə şərtlər;

3.2.3.          marja ticarəti üzrə ödənilən xidmət haqları və digər xərclərin hesablanması;

3.2.4.          marja ticarəti xidmətini göstərən əməkdaşların hüquq və vəzifələri;

3.2.5.          investisiya şirkətində informasiya texnologiyaları üzrə təhlükəsizlik və nəzarət qaydaları;

3.2.6.          istifadəçilərin və sistem inzibatçılarının sistemdə uçotunun yaradılması, dəyişdirilməsi və ləğv edilməsi, həmçinin onların informasiya sistemlərinə daxilolma qaydaları.

3.3.                Ticarətə başlamazdan əvvəl investisiya şirkəti müştərilərinin “Marja ticarəti üzrə risk məlumatlandırma sənədi” ilə (Əlavə 1) tanış olmasını təmin edir. “Marja ticarəti üzrə risk məlumatlandırma sənədi” müştərilər tərəfindən imzalandıqdan sonra investisiya şirkəti tərəfindən onlara məxsus digər sənədlərlə birgə saxlanılır.

3.4.                İnvestisiya şirkəti marja ticarəti xidməti göstərdiyi müştərisinə həmin xidmət üzrə investisiya məsləhətlərinin verilməsi xidmətini göstərə bilməz.

3.5.                İnvestisiya şirkəti bu Qaydanın tələbləri nəzərə alınmaqla müştərisi ilə bağlanılan müqavilə ilə müəyyən etdiyi kredit həddindən əlavə hər hansı bir şəkildə borc və ya həvəsləndirici bonuslar verə bilməz.

3.6.                İnvestisiya şirkəti müəyyən etdiyi xidmət haqları barədə məlumatı və onların hesablanması qaydasını müştərilərlə bağladığı müqavilədə, habelə öz rəsmi internet səhifəsində göstərir.

3.7.                Müqavilədə investisiya şirkəti tərəfindən xidmət haqlarının birtərəfli qaydada dəyişdirilməsi nəzərdə tutulduqda, dəyişiklik barədə investisiya şirkəti tərəfindən qəbul olunmuş qərarın tətbiq edilməsindən ən azı 15 (on beş) təqvim günü əvvəl müştərilərə bu barədə məlumat verilir.

3.8.                Marja ticarəti xidməti göstərən investisiya şirkəti bu xidmət üzrə müştəri vəsaitlərini yalnız Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bankda ayrıca hesabda saxlayır.

3.9.                İnvestisiya şirkəti müştəridən marja ticarəti məqsədilə aldığı pul vəsaitlərini digər müştərilərinin və ya öz məqsədləri üçün istifadə edə bilməz.

3.10.            Marja ticarəti xidmətini göstərən investisiya şirkəti ticarət şərtlərindən asılı olmayaraq müştərilərinə qarşı ədalətli və dürüst davranmalı, müştərilərlə aralarında baş verə biləcək maraqlar münaqişəsi ilə bağlı onları məlumatlandırmalı və müştərilərini maliyyə itkilərinə məruz qoya biləcək əməliyyatlara sövq etməməlidir.

3.11.            İnvestisiya şirkəti marja ticarəti ilə alqı-satqı əməliyyatlarına dair mütləq gəlir və ya zərərə qarşı təminat barədə vədlər verə bilməz.

3.12.            Marja ticarətinə aid reklam və elanda “Marja ticarəti yüksək riskli investisiya fəaliyyəti olduğundan bu sahəyə investisiya edilən pul vəsaitlərinin itirilmə təhlükəsinin mövcudluğu və marja ticarətinə başlamazdan əvvəl bu fəaliyyətlə bağlı risklərlə tanış olmağın vacibliyi” əks olunur.

3.13.            Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən fond birjası digər baza aktivləri ilə marja ticarətini təşkil etdikdə, həmin aktivlərlə marja ticarətinin təşkilinə dair daxili qaydalar qəbul edir.

 

4.      Qiymətli kağızlarla marja ticarətinin təşkili

4.1.                Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən fond birjasında ticarətə buraxılmış və ən azı aşağıdakı uyğunluq tələblərinə cavab verən investisiya qiymətli kağızları marja ticarətinin predmeti ola bilər:

4.1.1.          qiymətli kağızların altı aydan çox müddətdə listinqdə olması;

4.1.2.          ticarətə qəbul olunan qiymətli kağızların sayının 10000-dən (on min) az olmaması;

4.1.3.          qiymətli kağızın son altı ay ərzində ticarət həcminin orta aylıq ticarət həcminə (bazarda cəmi ticarət həcminin müvafiq ayların sayına bölünməsi) bərabər və ya ondan çox olması;

4.1.4.          qiymətli kağızın fond birjasının daxili qaydalarına əsasən marja ticarətinin baza aktivi olaraq riskli hesab edilməməsi və ya delistinq prosesində olmaması.

4.2.                Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən fond birjası qiymətli kağızlarla marja ticarətinin təşkilinə dair daxili qaydalar müəyyən edir və bu qaydalar ən azı aşağıdakıları əhatə edir:

4.2.1.          marja ticarətinin predmeti ola biləcək qiymətli kağızlara dair tələblər;

4.2.2.          sifariş növləri və kotirovkalar;

4.2.3.          ticarətin keçirilməsi və əqdlərin bağlanması;

4.2.4.          marja tələbləri, qiymət addımı və lot ölçüsü;

4.2.5.          ticarət günləri, ticarət saatları və ticarət reqlamenti.

4.3.                Fond birjası marja ticarətinin predmeti ola biləcək qiymətli kağızların siyahısını öz rəsmi internet səhifəsində açıqlayır.

4.4.                Müştəri onun hesabına daxil edilən faizləri, dividendləri və digər gəlirlərini marja kəsiri yaratmadıqca və ya mövcud marja kəsirini artırmadıqca geri çəkə bilər.

4.5.                Marja ticarəti vasitəsilə repo əməliyyatları həyata keçirilə bilməz.

4.6.                Azərbaycan Respublikası ərazisində marja ticarəti ilə bağlı qəbul edilən sifarişlər üzrə əməliyyatlar xarici ölkələrin fond birjalarında həyata keçirildikdə, qiymətli kağızların marja ticarətinə dair uyğunluq tələbləri həmin ölkənin hüquqi aktları və ya fond birjasının daxili qaydaları ilə müəyyən edilir.

 

5.                  Qiymətli kağızlarla marja ticarəti üzrə hədlər, qiymətli kağızların girovu və girovun ləğv edilməsi

5.1.                İnvestisiya şirkəti qiymətli kağızlarla marja ticarətinin həyata keçirilməsi məqsədilə alınacaq qiymətli kağızların bazar dəyərinin minimum 40 (qırx) faizini əvvəlcədən ilkin marja formasında müştəridən tələb edir.

5.2.                Marja ticarəti ilə əldə edilmiş qiymətli kağızlar üzrə təminat marjası həmin qiymətli kağızların bazar dəyərinin minimum 20 (iyirmi) faizi həcmində olmalıdır.

5.3.                İnvestisiya şirkəti qiymətli kağızlarla marja ticarətinin aparılması məqsədi ilə bu Qaydanın 5.1-ci və 5.2-ci bəndlərində müəyyən olunmuş hədlərdən az olmamaqla fərqli hədlər müəyyən edə bilər. Bu halda, investisiya şirkəti müəyyən etdiyi hədləri müştəriləri ilə bağladığı müqavilədə əks etdirməlidir.

5.4.                Qiymətli kağızların bazar dəyərinin azalması nəticəsində, müştərinin təqdim etdiyi pul vəsaitləri azalaraq təminat marjası məbləğinə bərabər olduqda və ya həmin məbləğdən aşağı düşdükdə, investisiya şirkəti tərəfindən dərhal marja çağırışı edilir.

5.5.                Marja çağırışı həddi aşağıdakı kimi hesablanır:

 

 

MC: marja çağırışı həddi

Q: əqdin məbləği

İM: ilkin marja faizi

TM: təminat marjasının faizi.

 

5.6.                Marja çağırışı edilən müştəri hesabındakı kəsiri yalnız pul vəsaiti formasında ödəyə bilər.

5.7.                Marja çağırışı edilən müştəriyə investisiya şirkəti tərəfindən müştəri hesabındakı kəsirin aradan qaldırılması məqsədilə əlavə borc vəsaiti verilə bilməz.

5.8.                Qiymətli kağızlarla marja ticarəti zamanı investisiya şirkətinin müştərisinə verdiyi kredit həddi (borc vəsaiti) hesabına alınan aktivlər Qanunun 40.2-ci maddəsinə uyğun olaraq həmin borcun təminatı kimi girov predmeti, investisiya şirkəti girovsaxlayan, müştəri isə girovqoyan hesab edilir.

5.9.                Qiymətli kağızın dəyəri bu Qaydanın 5.2-ci bəndində göstərilən minimum tələb nəzərə alınmaqla tərəflərin müqavilədə razılaşdırdığı təminat marjası həddindən aşağı düşdükdə və müştəri tərəfindən investisiya şirkətinin marja çağırışına bir iş günü ərzində əməl edilmədikdə, girov predmetinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1078-23.19-cu maddəsinə uyğun olaraq tutma yönəldilə bilər.

 

6.                  Fərq müqavilələri ilə marja ticarətinin təşkili

6.1.                İnvestisiya şirkəti fərq müqavilələri ilə marja ticarəti xidməti üzrə bütün müştəri sifarişlərini müqaviləsi olduğu likvidlik təminatçılarına ötürməklə (A modeli) və ya müştəri ilə münasibətdə kontragent qismində çıxış edərək müştəri sifarişlərini öz hesabına və özünün müəyyənləşdirdiyi qiymətlərlə icra etməklə (B modeli) həyata keçirir.

6.2.                A modeli üzrə fəaliyyətini həyata keçirən investisiya şirkəti aşağıda göstərilən tələblərə cavab verməlidir:

6.2.1.          likvidlik təminatçısı ilə bağladığı müqavilə şərtləri daxilində ondan aldığı qiymətləri bu Qaydaya uyğun olaraq müvafiq əlavələr tətbiq etməklə müştəriyə təqdim etməli;

6.2.2.          təsis olunduğu ölkənin qanunvericiliyi ilə marja ticarəti xidməti üzrə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğuna bərabər və ya ondan daha ciddi nəzarət rejimi müəyyən edilmiş və fərq müqavilələri ilə marja ticarəti xidməti sahəsində ən azı 2 (iki) illik təcrübəyə malik likvidlik təminatçısı ilə müqavilə bağlamalı;

6.2.3.          müştəri sifarişlərinin icrası ilə bağlı bütün məsuliyyəti bilavasitə özü daşımalıdır.

6.3.                B modeli üzrə fəaliyyətini həyata keçirən investisiya şirkəti aşağıda göstərilən tələblərə cavab verməlidir:

6.3.1.          marja ticarəti xidməti üzrə ən azı iki illik təcrübəyə malik olmalı;

6.3.2.          müştəri hesablarının idarə edilməsi və risklərin idarə edilməsi sistemlərinə malik olmalıdır.

6.4.                İnvestisiya şirkəti bu Qaydanın 7.2-ci bəndi ilə müəyyən olunmuş aktivlərdən fərqli aktivlərin ticarətə buraxılması və ticarətdən çıxarılması tarixindən ən azı 3 (üç) iş günü əvvəl Mərkəzi Bankı yazılı qaydada (kağız daşıyıcıda və ya elektron formada) bu barədə məlumatlandırır.

6.5.                Peşəkar investor statusu müştərinin yazılı müraciəti əsasında investisiya şirkəti tərəfindən verilir. Bu zaman müştəri müraciətində marja ticarətindən irəli gələn bütün risklər barədə məlumatlı olduğunu bəyan etməlidir.

6.6.                Müştəri peşəkar investor statusunu əldə etmək üçün aşağıdakı meyarlardan ən azı ikisinə cavab verməlidir:

6.6.1.          fərq müqavilələri ilə marja ticarəti üzrə son bir il ərzində marja hesabından aktiv ticarət etməsini təsdiq edən müvafiq sənədə (marja hesabından çıxarış) malik olmalıdır (aktiv ticarət dedikdə ardıcıl olaraq hər rübdə ən azı 10 (on) ticarət əməliyyatının aparılması nəzərdə tutulur);

6.6.2.          müraciət tarixinə müştəri hesabında ən azı 20 (iyirmi) min manat və ya onun ekvivalentində xarici valyutada pul vəsaitinin olmasını təsdiq edən bank hesabından çıxarışa malik olmalıdır;

6.6.3.          maliyyə sektorunda investisiya fəaliyyəti üzrə ən azı bir illik iş təcrübəsinə malik olmalıdır.

6.7.                İnvestisiya şirkəti bu Qaydanın 6.6-cı bəndində nəzərdə tutulmuş müştərinin peşəkar investor statusunu təsdiq edən sənədlərin saxlanmasını təmin etməlidir.

6.8.                Müştəri investisiya şirkətində olan marja hesabına elektron qaydada daxil olur və idarə edir.

6.9.                Müştərilər (peşəkar investorlar istisna olmaqla) real ticarətə başlamazdan əvvəl investisiya şirkətinin təqdim etdiyi və real bazar dəyərləri ilə işləyən təlim (demo) hesabından 5 (beş) iş günündən az olmamaq şərti ilə ümumilikdə ən azı 30 ticarət əməliyyatı həyata keçirməlidir.

6.10.            Təlim hesabının nəticələri investisiya şirkəti tərəfindən müştərinin digər sənədləri ilə birgə saxlanılır.

6.11.            İnvestisiya şirkəti müştərisinə fərq müqaviləsi roloveri tətbiq edirsə, hesablanma qaydası da daxil olmaqla ona dair bütün şərtlər müştəri ilə investisiya şirkəti arasında bağlanmış müqavilədə əks olunmalı və rolover məbləği müştəri balansından məxaric (mədaxil) edildiyi kimi eyni xüsusiyyətlərlə müştəri balansına mədaxil (məxaric) edilməlidir.

 

7.                  Fərq müqavilələri ilə marja ticarəti üzrə hədlər

7.1.                Müştəri hesabının açılması üçün lazım olan vəsaitin minimum məbləği investisiya şirkəti tərəfindən müəyyən edilir.

7.2.                İnvestisiya şirkətinin fərq müqaviləsi üzrə müştərilərinə (institusional və peşəkar investorlar istisna olmaqla) təqdim etdiyi maksimum kredit həddi aşağıdakı qaydada müəyyən edilir:

7.2.1.          baza aktivi əsas valyuta cütlükləri olan fərq müqavilələri üzrə 50:1;

7.2.2.          baza aktivi digər valyuta cütlükləri, qızıl və indekslər olan fərq müqavilələri üzrə 20:1;

7.2.3.          baza aktivi əmtəə (qızıl istisna) və səhm olan fərq müqavilələri üzrə 10:1;

7.2.4.          baza aktivi kriptovalyuta (rəqəmsal valyuta) olan fərq müqavilələri üzrə 2:1.

7.3.                İnvestisiya şirkətinin fərq müqaviləsi üzrə institusional investorlara və peşəkar investorlara təqdim etdiyi maksimum kredit həddi 100:1 nisbəti ilə müəyyən edilir.

7.4.                Fərq müqavilələri üzrə marja səviyyəsi ən azı 100% olduqda, investisiya şirkəti tərəfindən marja çağırışı tətbiq edilir.

7.5.                Marja çağırışı zamanı müştəri öz hesabına əlavə pul vəsaiti mədaxil edə və ya açıq mövqelərini bağlamaqla risklərini idarə edə bilər.

7.6.                Marja səviyyəsi ən azı 20% olduqda, müştəri mövqeləri investisiya şirkəti tərəfindən məcburi bağlanır.

7.7.                Qiymət dəyişiklikləri səbəbindən müştəri qoyduğu pul vəsaitindən daha artıq zərərə məruz qaldıqda (müştəri balansı 0-dan aşağı olduqda), həmin zərər müştəridən tələb edilə bilməz.

 

8.                  Fərq müqavilələri ilə marja ticarəti xidmətinin göstərilməsi üzrə texniki tələblər

8.1.                Marja ticarəti ilə bağlı bütün əməliyyatlar real vaxt rejimində investisiya şirkətinin müvafiq informasiya sistemində qeydə alınır.

8.2.                İnvestisiya şirkəti müştəriləri tərəfindən marja ticarəti ilə bağlı aparılan bütün əməliyyatların hər növbəti iş günü ən geci saat 13:00-dək gücləndirilmiş elektron imza ilə imzalayaraq beş il müddətinə saxlanmasını təmin edir.

8.3.                İnvestisiya şirkəti bazarda yaranan qiymət sürüşməsi səbəbindən ticarət platformasında meydana gələn qiymət fərqini müştərilərin əleyhinə (lehinə) olduğu kimi (sifarişinin bir sonrakı ən əlverişli qiymətlə icra olunması zamanı) onların lehinə (əleyhinə) də eyni xüsusiyyətlərlə tətbiq edir.

8.4.                Ticarət platformasında yaranmış texniki nasazlıqlar barədə investisiya şirkəti nasazlığın səbəblərini də qeyd etməklə dərhal öz müştərilərini və Mərkəzi Bankı məlumatlandırır.

8.5.                B modeli üzrə fəaliyyətini həyata keçirən investisiya şirkəti informasiya təhlükəsizliyinə dair aşağıdakı tələblərə cavab verməlidir:

8.5.1.          istismar etdiyi informasiya texnologiyaları infrastrukturunu kiber hücumlardan qorumaq məqsədilə tədbirlər görür;

8.5.2.          informasiya sistemləri üzrə ildə bir dəfədən az olmayaraq və ya şəbəkə konfiqurasiyasında dəyişikliklər edildikdən dərhal sonra təhlükəsizliklə bağlı müdaxilə sınaqları keçirir (sınaqların nəticəsi sənədləşdirilir və aşkar edilmiş boşluqların aradan qaldırılması üçün tədbirlər görülür);

8.5.3.          informasiya itkisinin qarşısının alınması məqsədi ilə marja ticarəti fəaliyyəti ilə bağlı informasiya sistemlərinin ehtiyat nüsxələri yaradılır, həmçinin ehtiyat nüsxələrinin ildə bir dəfədən az olmayaraq sınaq bərpası həyata keçirir;

8.5.4.          informasiya sistemlərinin fövqəladə hallarda etibarlı və davamlı fəaliyyətinin təmin edilməsi məqsədilə investisiya şirkəti tərəfindən sistemlərin ehtiyat nüsxələrinin saxlanılması üçün olduğu yerdən kənarda ehtiyat mərkəzi yaradır;

8.5.5.          ehtiyat mərkəzinin informasiya sistemlərinin fövqəladə hallarda etibarlı və davamlı fəaliyyətinin təmin edildiyini yoxlamaq məqsədilə ildə bir dəfədən az olmayaraq marja ticarəti fəaliyyətini ehtiyat mərkəzi üzərindən həyata keçirir və onun nəticələri barədə 7 (yeddi) iş günü ərzində Mərkəzi Bankı yazılı formada məlumatlandırır;

8.5.6.          fövqəladə hallarda fəaliyyətin davamlılığı planı və informasiya sistemləri üzrə bərpa planı hazırlanır və təsdiq olunur (fəaliyyətin davamlılığı planında fövqəladə hallar zamanı kommunikasiya tədbirləri müəyyənləşdirilir, fəaliyyətin bərpası, ehtiyat mərkəzə keçid və sonrakı bərpa prosedurları müəyyən edilir);

8.5.7.          informasiya sistemlərində gün ərzində marja ticarəti ilə bağlı qeydə alınan məlumatların (gücləndirilmiş elektron imza ilə imzalanmış sənədlər də daxil olmaqla) nüsxəsi ehtiyat mərkəzinə köçürülür və ehtiyac yarandığı təqdirdə həmin ehtiyat nüsxələrin bir gün ərzində bərpa olunması təmin edilir;

8.5.8.          informasiya sistemlərinin əsas və ehtiyat nüsxələrinin dayanıqlı fəaliyyətinin təmin edilməsi məqsədilə informasiya texnologiyaları infrastrukturu fasiləsiz elektrik enerjisi ilə təmin edən qida mənbəyi və generator ilə təchiz edilir;

8.5.9.          məlumat bazasında bütün dəyişikliklər yalnız bu bazaya daxil olmaq səlahiyyəti olan şəxsin nəzarəti altında aparır (bu halda məlumat bazası infrastrukturunda baş vermiş məlumat təhlükəsizliyi pozuntuları, səhvlər və bu istiqamətdə edilmiş düzəlişlərin qeydiyyatı aparır);

8.5.10.      informasiya sistemlərində icazəsiz girişlərin qarşısını almaq məqsədilə parolların idarə edilməsi sistemi tətbiq edilir, parol uzunluğu istifadəçilər üçün minimum 8 (səkkiz) simvol və imtiyazlı giriş hüquqlu istifadəçilər üçün isə minimum 12 (on iki) simvol müəyyən edilir;

8.5.11.      informasiya sistemində istifadə olunmuş son 12 (on iki) parolun təkrar istifadəsinin qarşısı alınmalı və parolların qüvvədə olma müddəti ən çoxu 90 (doxsan) gün olmalıdır;

8.5.12.      ticarət platformasına və proqram təminatına yeni modullar və dəstəkləyici proqramlar əlavə etdikdə və ya dəyişdirdikdə onların təsviri və səbəblərini aydın şəkildə qeyd etməklə 3 (üç) iş günü ərzində Mərkəzi Bankı məlumatlandırır. Həmin əlavə və dəyişikliklər heç bir halda müştərilərin hüquqlarını pozmamalı və ya onların qazanclarına mənfi təsir etməməlidir.

 

9.                  Müştərilərin məlumatlandırılması

9.1.                İnvestisiya şirkəti müştəriyə marja ticarəti üzrə qiymətli kağızların və digər baza aktivlərinin hərəkətinə və həmçinin qalıqlara nəzarət etmək imkanı yaradır.

9.2.                Fərq müqavilələri ilə marja ticarəti aparan müştərinin ticarət platforması vasitəsilə real vaxt rejimində ən azı aşağıdakı məlumatlara çıxışı təmin edilir:

9.2.1.          açılan bütün mövqelərə dair baza aktivinin növü və əməliyyatın istiqaməti;

9.2.2.          əməliyyatın icra tarixi, vaxtı, qiyməti və lot ölçüsü;

9.2.3.          tələb olunan marja miqdarı;

9.2.4.          müştəri balansı və kapital miqdarı;

9.2.5.          bağlanılan mövqelərə dair xalis mənfəət və zərər miqdarı

9.2.6.          açıq mövqelərə dair potensial mənfəət və zərər miqdarı;

9.3.                İnvestisiya şirkəti qiymətli kağızlarla marja ticarəti aparan müştərisinə ayda bir dəfədən az olmamaq şərti ilə həmin əməliyyatlarla bağlı ən azı aşağıdakı məlumatları təqdim edir:

9.3.1.          əqdin bağlandığı qiymətli kağızın növü;

9.3.2.          əqdin bağlandığı tarix və vaxt;

9.3.3.          əqdin bağlandığı qiymət və miqdar;

9.3.4.          ilkin marja və təminat marjasının miqdarı;

9.3.5.          qiymətli kağızların cari bazar dəyəri;

9.3.6.          qiymət dəyişməsindən yaranan mənfəət və zərər miqdarı;

9.3.7.          borc alınmış pulun geri qaytarılması (ödənilməsi) üçün müraciətin son tarixi və hesablanmış faizlər.

9.4.                Müştərilərin məlumatlandırılması investisiya şirkəti ilə müştəri arasında bağlanmış müqaviləyə uyğun olaraq kağız daşıyıcıda və ya elektron formada təmin edilir.

9.5.                Müştərinin tələbi ilə investisiya şirkəti marja ticarəti xidməti göstərdiyi müştərisinə bu xidmət nəticəsində tətbiq etdiyi bütün komissiyalar, o cümlədən rolover məbləği üzərinə edilmiş əlavələr və tutulan digər haqlar (olduqda) barədə məlumatları, habelə onların hesablanma qaydasını yazılı formada bir iş günü ərzində təqdim edir.

 

10.              Hesabatlıq

10.1.            İnvestisiya şirkəti qiymətli kağızlarla marja ticarətinin həyata keçirildiyi günün sonunda Mərkəzi Banka elektron formada marja ticarəti üzrə hesabatı (Əlavə 2) təqdim etməlidir.

10.2.            Qiymətli kağızlarla marja ticarəti üzrə hesabatda aşağıdakılar qeyd edilir:

10.2.1.      Əqdin bağlanma tarixi” sütununda - əqdin bağlanma tarixi gün-ay-il formatında qeyd edilir;

10.2.2.      “Unikal müştəri kodu” sütununda - investisiya şirkəti tərəfindən hər bir müştəriyə verilən və həmin müştərini digərlərindən fərqləndirməyə imkan verən nömrə ;

10.2.3.       “Qiymətli kağızın növü” sütununda - alınan qiymətli kağızın növü qeyd edilir;

10.2.4.       Emitent” sütununda - emitent (qiymətli kağızı buraxan şəxs) qeyd edilir;

10.2.5.       “İSİN” sütununda - alınan qiymətli kağızın eyniləşdirmə nömrəsi qeyd edilir;

10.2.6.      “Qiymət” sütununda - alınan qiymətli kağızın qiyməti qeyd edilir;

10.2.7.      “Say” sütununda - alınan qiymətli kağızın sayı qeyd edilir;

10.2.8.      “Məbləğ” sütununda - alınan qiymətli kağızın məbləği qeyd edilir;

10.2.9.           “Təmin edilmiş məbləğ (manatla ifadəsi və investisiya şirkəti tərəfindən maliyyələşdirilmiş investisiyanın faizi)” sütununda cəmi alış məbləği və investisiya şirkəti tərəfindən ayrılan borc məbləğinin faizlə ifadəsi qeyd edilir;

10.2.10.       “İnvestisiya şirkətinin adı” (A.1) sətrində - investisiya şirkətinin adı qeyd edilir;

10.2.11.       “Fond birjası” (A.2) sətrində - qiymətli kağızın ticarət olunduğu fond birjası qeyd edilir;

10.2.12.       “Günün əvvəlinə cəmi ödənilməmiş marja ticarəti maliyyələşməsi” (A.3) sətrində - günün əvvəlinə investisiya şirkəti tərəfindən qiymətli kağızlarla marja ticarəti məqsədi ilə verilmiş borcun ümumi məbləği qeyd edilir;

10.2.13.       “Gün ərzində yeni marja ticarəti maliyyələşməsi” (A.4) sətrində - gün ərzində qiymətli kağızlarla marja ticarəti məqsədi ilə verilən borcun ümumi məbləği qeyd edilir;

10.2.14.       “Gün ərzində tamamlanmış marja ticarəti” (A.5) sətrində - gün ərzində qiymətli kağızlarla marja ticarəti üzrə qaytarılan borcun (mövqenin bağlanması ilə) ümumi məbləği qeyd edilir;

10.2.15.       “Günün sonuna qalan xalis məbləğ (A.3 + A.4 - A.5)” (A.6) sətrində - günün sonuna qalan xalis məbləğ qeyd edilir.

10.3.            İnvestisiya şirkəti fərq müqavilələri ilə marja ticarətinə dair hesabatı (Əlavə 3) aylıq əsasda növbəti ayın 7 (yeddi) iş günü müddətində elektron formada Mərkəzi Banka təqdim edir.

10.4.            Fərq müqavilələri ilə marja ticarətinə dair hesabatda aşağıdakılar qeyd edilir:

10.4.1.      “İnvestisiya şirkətinin adı” sütununda – investisiya şirkətinin adı qeyd edilir;

10.4.2.      “Unikal müştəri kodu” sütununda – investisiya şirkəti tərəfindən hər bir müştəriyə verilən və həmin müştərini digərlərindən fərqləndirməyə imkan verən nömrə qeyd edilir;

10.4.3.      “Sifarişin nömrəsi” sütununda – investisiya şirkəti tərəfindən hər bir sifariş üzrə müəyyən edilən nömrə qeyd edilir;

10.4.4.      “Mövqenin açılış tarixi” sütununda – mövqenin açılma tarixi gün-ay-il formatında qeyd edilir;

10.4.5.      “Mövqenin açılış vaxtı” sütununda – mövqenin açılma vaxtı saat:dəqiqə:saniyə formatında qeyd edilir;

10.4.6.      “Sifarişin növü” sütununda - mövqenin alış və ya satış olması qeyd edilir;

10.4.7.      “Lot ölçüsü” sütununda – sifariş üzrə baza aktivinin müqavilə həcmi qeyd edilir;

10.4.8.      “Fərq müqaviləsinin simvolu” sütununda – alınan və ya satılan fərq müqaviləsi qeyd edilir;

10.4.9.      “Mövqenin açılış qiyməti” sütununda – mövqenin açılma anına qeydə alınmış qiymət qeyd edilir;

10.4.10.  “Mövqenin bağlanış tarixi” sütununda – mövqenin bağlanma tarixi gün-ay-il formatında qeyd edilir;

10.4.11.  “Mövqenin bağlanış vaxtı” sütununda – mövqenin bağlanma vaxtı saat:dəqiqə:saniyə formatında qeyd edilir;

10.4.12.  “Mövqenin bağlanış qiyməti” sütununda – mövqenin bağlanma anına qeydə alınmış qiymət qeyd edilir;

10.4.13.  Svop” sütununda – baza aktivinə, həmin baza aktivi ilə aparılan əməliyyatın həcminə və açılan mövqenin növünə uyğun olaraq hesablanmış rolover məbləği qeyd edilir;

10.4.14.  “Mənfəət və zərər” sütununda – bağlanmış mövqelər üzrə müştəri tərəfindən əldə edilmiş mənfəətin və ya məruz qalınmış zərərin miqdarı qeyd edilir;

10.4.15.  “Əməliyyatın məbləği (manatla)” sütununda – açılan mövqenin məbləği (Mərkəzi Bankın açılış tarixinə olan məzənnəsi ilə) qeyd edilir.

 

11.              Marja ticarəti üzrə məlumatların açıqlanmasına dair tələblər

11.1.            Fərq müqavilələri ilə marja ticarətini həyata keçirən investisiya şirkətinin hüquqi və faktiki ünvanını, əlaqə vasitələrini və şirkətə aid digər rekvizitlərini əks etdirən və platformaya çıxışı təmin edən rəsmi internet səhifəsi olmalıdır.

11.2.            İnternet səhifəsində ictimaiyyətə açıq olan məlumatlara aşağıdakılar aiddir:

11.2.1.      istifadə edilən ticarət platformasının xüsusiyyətləri, yaranmış sistem xətaları zamanı istifadə edilə biləcək alternativ əlaqə vasitələri;

11.2.2.      ticarət platformasına çıxışı təmin edən vasitələr üçün yükləmələr, təchizat və internet bağlantısının minimum sürətinə dair tələblər;

11.2.3.      biznes planında qeyd edilən və bu Qaydanın 6.1-ci bəndinə uyğun olaraq müəyyən olunan müştəri sifarişlərinin icra edildiyi model barədə məlumat;

11.2.4.      marja çağırış həddi və hər fərq müqaviləsi üzrə kredit həddi;

11.2.5.      açıq mövqelərin məcburi bağlanış həddi və şərtləri;

11.2.6.      əməliyyatların keçirilməsinə imkan verən minimum və maksimum lot ölçüsü;

11.2.7.      kotirovkaların müəyyən edilmə proseduru və şərtləri;

11.2.8.      istifadə edilən komissiya, habelə fərq müqaviləsi roloveri (olduqda) barədə məlumat;

11.2.9.      fərq müqavilələri ilə marja ticarətinə dair müştərilərlə bağlanacaq nümunəvi müqavilənin forması və məzmunu;

11.2.10.       Marja ticarəti üzrə risk məlumatlandırma sənədi” də daxil olmaqla açılmış və bağlanmış mövqelərə dair yarana biləcək risklər barədə məlumatlar;

11.2.11.       qəbul edilmiş məlumatların saxlanılması və istifadəsinə dair şərtlər.

11.3. İnvestisiya şirkətləri mənfəət və zərərdə olan müştəri hesablarının faiz nisbətini (həm say üzrə, həm də məbləğ üzrə) rəsmi internet səhifəsinin ilk səhifəsində diaqram formasında açıqlayır və rüblük qaydada yeniləyir.

 

 


 

Marja ticarəti Qaydası”na

Əlavə 1

 

Marja ticarəti üzrə risk məlumatlandırma sənədi

 

Marja ticarəti nəticəsində mənfəət əldə edə biləcəyiniz kimi zərərə məruz qalmaq riskiniz də mövcuddur. Buna görə, ticarətə başlamazdan əvvəl qarşılaşa biləcəyiniz riskləri tam anlamalı və onları nəzərə alaraq qərar verməyiniz zəruridir. Bu məqsədlə “Marja ticarəti üzrə risk məlumatlandırma sənədi” marja ticarəti ilə məşğul olmaq istəyən bütün şəxslər tərəfindən oxunaraq imzalanmalıdır

Azərbaycan Respublikasında marja ticarəti yalnız “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq lisenziyalaşdırılmış investisiya şirkətləri tərəfindən həyata keçirilə bilər. Lisenziyalaşdırılmış investisiya şirkətlərinin siyahısı ilə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsindən (www.cbar.az) tanış ola bilərsiniz.

 

MƏLUMATLANDIRMA

 

Marja ticarəti üzrə investisiya xidmətinin göstərilməsinə dair investisiya şirkəti ilə bağlanacaq müqavilədən əlavə olaraq aşağıdakı məlumatlarla tanış olmağınız tövsiyə olunur:

1.    İnvestisiya şirkəti tərəfindən açılacaq marja hesabları və bu hesablarla aparılan bütün əməliyyatlar “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Mərkəzi Bankının normativ xarakterli aktlarına və digər hüquqi aktlara uyğun olaraq tənzimlənir.

2.    Marja ticarəti riskli fəaliyyət növüdür. Kredit həddinin təsiri səbəbindən aşağı təminatla aparılan əməliyyatların bazarda Sizin lehinizə olduğu kimi əleyhinizə də ola biləcəyi və buna görə də yüksək kredit həddinin Sizə gəlir gətirə biləcəyi qədər zərərə də məruz qoya biləcəyi nəzərə alınmalıdır. Bazarda olan əks qiymət hərəkətləri nəticəsində investisiya şirkətinə yatırılan pul vəsaitlərinin itirilməsi riski mövcuddur.

3.    Marja hesabları ilə əməliyyat apararkən müxtəlif mənbələrdən əldə edilmiş məlumatlar əsasında aparılmış təhlillər heç də həmişə gözlənilən nəticələr verməyə bilər.

4.    Alqı-satqı əməliyyatlarında Sizə təqdim edilən qiymətlər və spredlər (baza aktivinin alış qiyməti ilə satış qiyməti arasındakı fərq) ən yaxşı qiymət fərqini əks etdirməyə bilər. Bu məqsədlə onları digər investisiya şirkətlərinin təklif etdiyi qiymətlərlə müqayisə etməyiniz məqsədəuyğundur.

5.    Ticarət əməliyyatlarına başlamazdan əvvəl investisiya şirkətindən əməliyyatlarla bağlı tətbiq ediləcək xidmət haqları (komissiya) və fərq müqaviləsi roloveri barədə məlumat tələb edin. Həmin xərclər aydın bildirilmədikdə investisiya şirkətindən dəqiq, birmənalı başa düşülən məlumatı yazılı formada tələb etmək hüququna maliksiniz.

6.    Marja ticarəti zamanı bazarlarda baş verən ani qiymət dəyişməsi səbəbindən yaranan qiymət sürüşmələri, eləcə də bazar şərtlərindən asılı olaraq, fərq müqavilələri üzrə qiymət boşluqları (bazar şərtlərindən asılı olaraq, qiymətli kağız və ya fərq müqavilələri üzrə növbəti qiymətin bir neçə qiymət addımından sonra formalaşması nəticəsində qiymətlər arasında yaranmış boşluq) və onların doğuracağı risklər barədə ətraflı məlumatlandırmanı investisiya şirkətindən tələb edə bilərsiniz. Bu növ risklər müştərilərin ən çox qarşılaşdığı risklərə aid olub əhəmiyyətli itkilərə gətirib çıxara bilər.

7.    Marja çağırışının hansı formada (ticarət platforması, mail və ya telefon vasitəsilə) ediləcəyi barədə məlumat alın. Sizə verilən məlumatların müqavilədə qeyd olunub-olunmadığını dəqiqləşdirin.

Bu sənəd marja ticarəti üzrə əməliyyatlara başlayarkən qarşılaşa biləcəyiniz ümumi risklər barədə Sizi məlumatlandırmaq məqsədi daşıyır. Bu sənəd marja ticarətindən yaranan bütün riskləri əhatə etmir. Bu səbəbdən investisiyanızı bu növ əməliyyatlara yönəltmədən əvvəl bu sahəni ətraflı təhlil etməyiniz və investisiya şirkəti ilə bağlanılacaq müqaviləni diqqətlə oxumağınız tövsiyə edilir.

Aşağıda göstərilən müvafiq hissəni imzalamaqla müştəri Marja ticarəti üzrə risk məlumatlandırma sənədi ilə tanış olduğunu təsdiq edir.

 

 

Müştərinin adı, soyadı, atasının adı:

____________________________

 

 

Müştərinin imzası:

____________________________

 

 

Tarix:

_____/___________/______

 

 

 


Marja ticarəti Qaydası”na

Əlavə 2

 

Qiymətli kağızlarla marja ticarətinə dair hesabat

Sıra

Əqdin bağlanma tarixi

Unikal müştəri kodu

Qiymətli kağızın növü

Emitent

İSİN

Qiymət

Say

Məbləğ

Təmin edilmiş məbləğ (manatla ifadəsi və investisiya şirkəti tərəfindən maliyyələşdirilmiş investisiyanın %-i)

manatla

faizlə

1

 

 

 

 

 

 

 

 

 

 

2

 

 

 

 

 

 

 

 

 

 

3

 

 

 

 

 

 

 

 

 

 

4

 

 

 

 

 

 

 

 

 

 

5

 

 

 

 

 

 

 

 

 

 

A.1

İnvestisiya şirkətinin adı

 

A.2

Fond birjası

 

A.3

Günün əvvəlinə cəmi ödənilməmiş marja ticarəti maliyyələşməsi

 

A.4

Gün ərzində yeni marja ticarəti maliyyələşməsi

 

A.5

Gün ərzində tamamlanmış marja ticarəti

 

A.6

Günün sonuna qalan xalis məbləğ (A.3 + A.4 - A.5)

 

            Hesabatı tərtib edən şəxsin adı, soyadı, ata adı, vəzifəsi_______________________________________________

 


 

Marja ticarəti Qaydası”na

Əlavə 3

 

Fərq müqavilələri ilə marja ticarətinə dair hesabat

İnvestisiya şirkətinin adı

Unikal müştəri kodu

Sifarişin nömrəsi

Mövqenin açılış tarixi

Mövqenin açılış vaxtı

Sifarişin növü

Lot ölçüsü

Fərq müqaviləsinin simvolu

Mövqenin açılış qiyməti

Mövqenin bağlanış tarixi

Mövqenin bağlanış vaxtı

Mövqenin bağlanış qiyməti

Svop

Mənfəət və zərər

Əməliyyatın məbləği (manatla)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Hesabatı tərtib edən şəxsin adı, soyadı, ata adı, vəzifəsi_______________________________________________

 

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status