AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
21.10.2020
QEYDİYYAT NÖMRƏSİ
404
ADI
Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sisteminin risk qiymətləndirilməsinin dövri qaydada keçirilməsinin təmin edilməsinə, müvafiq sahədə həyata keçiriləcək qiymətləndirilməyə hazırlığın təşkil olunmasına və bu məqsədlərlə koordinasiya mexanizminin yaradılmasına dair bəzi tədbirlər haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-10-2020, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 1292)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
390.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
31.10.2020

Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sisteminin risk qiymətləndirilməsinin dövri qaydada keçirilməsinin təmin edilməsinə, müvafiq sahədə həyata keçiriləcək qiymətləndirilməyə hazırlığın təşkil olunmasına və bu məqsədlərlə koordinasiya mexanizminin yaradılmasına dair bəzi tədbirlər haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR

 

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın 3-cü hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikasının cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (bundan sonra – PL/TMM) sisteminin milli risk qiymətləndirilməsi (bundan sonra – milli risk qiymətləndirilməsi) həyata keçirilsin.

2. Milli risk qiymətləndirilməsi seçilmiş metodologiya əsasında milli səviyyədə PL/TMM sisteminə yönəlmiş təhdidlərin və bu mübarizə sistemində mövcud olan zəifliklərin aşkar edilməsi, həmin risklərə (təhdid və zəifliklərə) uyğun olaraq institusional, sahəvi və milli səviyyədə taktiki və strateji hədəflərin müəyyən edilməsi, eləcə də zəifliklərin aradan qaldırılması və təhdidlərin azaldılması üzrə görülən tədbirlərdən ibarətdir. Milli risk qiymətləndirilməsi PL/TMM sistemi üzrə institusional və müəyyən sahə üzrə risk qiymətləndirmələrinin nəticələrinə əsaslanmaqla aparılır.

3. Milli risk qiymətləndirilməsinin həyata keçirilməsi risk əsaslı yanaşmanın tətbiqi çərçivəsində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi (bundan sonra – PL/TM) üzrə yüksək risklərin nəzarətdə saxlanılması, idarə olunması və ya aradan qaldırılması üçün dövlət orqanlarının (qurumlarının), habelə monitorinq iştirakçılarının və monitorinqdə iştirak edən digər şəxslərin fəaliyyət və öhdəliklərinin bu risklərin səviyyəsinə uyğunlaşdırılması, xüsusilə son nəticədə strateji səviyyədə həyata keçirilmiş tədbirlərin aşkar edilmiş risklərə uyğunluğunun və bu mübarizədə sərf olunan resursların (inzibati, hüquqi, iqtisadi-maliyyə) effektiv bölgüsünün təmin edilməsi məqsədini daşıyır.

4. Milli risk qiymətləndirilməsinin dövri qaydada keçirilməsini təmin etmək məqsədilə aşağıdakı tərkibdə Koordinasiya Şurası yaradılsın:

 

Koordinasiya Şurasının rəhbəri

Azərbaycan Respublikası Baş Nazirinin müavini

Koordinasiya Şurasının üzvləri:

Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini - Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri

Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini

Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini

Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini

Azərbaycan Respublikası Maliyyə nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinin müavini

Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisinin müavini

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisinin müavini

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədrinin müavini

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini

Azərbaycan Respublikası Mərkəzi Bankının sədrinin müavini və ya Mərkəzi Bankın Baş direktoru

5. Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinə, Azərbaycan Respublikası Auditorlar Palatasına, Azərbaycan Respublikası Milli Depozit Mərkəzinə, Azərbaycan Banklar Assosiasiyasına, Azərbaycan Sığortaçılar Assosiasiyasına və Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyasına öz nümayəndələrinin Koordinasiya Şurasına təqdim olunması tövsiyə edilsin.

6. Bu Qərarın 4-cü və 5-ci hissələrində nəzərdə tutulmuş dövlət orqanları (qurumları) və digər təşkilatlar Koordinasiya Şurasında iştirak edəcək nümayəndələri barədə məlumatı 5 (beş) iş günü müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər.

7. Koordinasiya Şurasının fəaliyyəti ilə bağlı katiblik funksiyası Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə həvalə edilsin.

8. Koordinasiya Şurası:

8.1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təklifləri əsasında milli risk qiymətləndirilməsinin həyata keçirilməsi üçün zəruri olan metodologiyanı müəyyən edir;

8.2. müəyyən edilmiş metodologiyaya uyğun olaraq milli və sahəvi təhdidlərin və zəifliklərin aşkar edilməsi məqsədilə işçi qruplar yaradır və onların fəaliyyətinə nəzarət edir;

8.3. milli risk qiymətləndirilməsinin həyata keçirilməsi məqsədilə dövlət orqanlarının (qurumlarının) fəaliyyətini əlaqələndirir;

8.4. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.7-ci və 1.0.8-ci maddələrində nəzərdə tutulmuş monitorinq iştirakçılarının və monitorinqdə iştirak edən digər şəxslərin milli risk qiymətləndirilməsinə cəlb edilməsini təmin edir;

8.5. zəruri statistik və digər məlumatların milli risk qiymətləndirilməsinin həyata keçirilməsi məqsədilə yaradılmış aidiyyəti işçi qruplara və Koordinasiya Şurasının katibliyinə təqdim edilməsini təmin etmək məqsədilə tədbirlər görür;

8.6. milli risk qiymətləndirilməsinin dövri qaydada keçirilməsini təmin etmək məqsədilə digər məsələləri həll edir.

9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

9.1. milli risk qiymətləndirilməsinin nəticələrinə dair hazırlanmış hesabat dərc edir və müəyyən edilmiş risklər barədə aidiyyəti dövlət orqanlarını (qurumlarını), Qanunla müəyyən edilmiş nəzarət orqanlarını, monitorinq iştirakçılarını və monitorinqdə iştirak edən digər şəxsləri məlumatlandırır;

9.2. milli risk qiymətləndirilməsinin nəticələri üzrə işçi qruplar tərəfindən müəyyən edilmiş risklərin azaldılması istiqamətindəki hədəfləri taktiki və strateji hədəflər formasında qruplaşdırır, taktiki hədəflərin qısa müddətdə icrasının təmin edilməsi və strateji hədəflərin icrası üçün milli fəaliyyət planının hazırlanması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər verir.

10. Qanunun 6-cı maddəsində nəzərdə tutulmuş nəzarət orqanları nəzarət etdikləri monitorinq iştirakçılarına və monitorinqdə iştirak edən digər şəxslərə münasibətdə illik əsasla apardıqları sahə risk qiymətləndirilməsinin nəticəsi barədə məlumatı 9 (doqquz) ay müddətində Koordinasiya Şurasının katibliyinə təqdim edirlər.

11. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə birlikdə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına münasibətdə əsas təhdid doğuran cinayətlər üzrə illik əsasla risk qiymətləndirilməsi aparır və nəticəsi barədə məlumatı 6 (altı) ay müddətində Koordinasiya Şurasının katibliyinə təqdim edirlər.

12. Aşağıdakı dövlət orqanları (qurumları) bu Qərarın 8.1-ci bəndində nəzərdə tutulmuş milli risk qiymətləndirilməsi metodologiyasına uyğun olaraq 2020-2021-ci illərdə həyata keçirilməsi planlaşdırılan milli risk qiymətləndirilməsi çərçivəsində PL/TM risklərinin, trendlərinin və tipologiyalarının müəyyən edilməsi üçün strateji təhlillər aparsın və təhlil məlumatlarını 9 (doqquz) ay müddətində Koordinasiya Şurasının katibliyinə təqdim etsin:

12.1 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi - ölkədə fəaliyyət göstərən hüquqi şəxslərdən və dövlət reyestrində qeydiyyatda olan daşınmaz əmlakdan PL/TM məqsədləri üçün istifadəyə, habelə dövlət satınalmalarında qeyri-qanuni halların müəyyən edilməsinə dair;

12.2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi - Azərbaycan Respublikasında qeydiyyatda olan nəqliyyat vasitələrindən PL/TM məqsədləri üçün istifadəyə dair;

12.3. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti - idxal-ixrac əməliyyatlarında PL/TM hallarına dair;

12.4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti - potensial terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi hallarına dair.

13. Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə birlikdə PL/TMM sisteminin risk qiymətləndirilməsi məqsədilə cinayət işlərinə dair statistik məlumatların mərkəzləşdirilmiş qaydada yığılmasının təkmilləşdirilməsi barədə təkliflərini 3 (üç) ay müddətində Koordinasiya Şurasının katibliyinə təqdim etsin.

14. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə birlikdə tədiyə balansı üzrə valyuta sərvətlərinin axınlarına, kölgə iqtisadiyyatı və nağd pul əməliyyatlarının səbəb olduğu PL/TM-ə dair risk faktorlarına, habelə bank xidmətlərinə və resurslarına maliyyə əlçatanlığının səviyyəsinə dair strateji təhlillər aparsın və təhlil məlumatlarını 9 (doqquz) ay müddətində Koordinasiya Şurasının katibliyinə təqdim etsin.

15. Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinə tövsiyə edilsin ki, qiymətli kağızlardan PL/TM sahəsində qeyri-qanuni məqsədlər üçün istifadəyə dair strateji araşdırma və təhlillər aparsın, nəticəsi barədə məlumatı 6 (altı) ay müddətində Koordinasiya Şurasının katibliyinə təqdim etsin.

16. Azərbaycan Respublikasının Avropa Şurasının Pulların Leqallaşdırılmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi (MONEYVAL) tərəfindən aparılacaq V raund qiymətləndirilməsinə hazırlığın təmin edilməsi məqsədilə Koordinasiya Şurası:

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış Azərbaycan Respublikası qanunvericiliyinin PL/TMM sahəsində beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində təkliflərin təqdim edildiyi tarixdən 3 (üç) ay müddətində razılaşdırılmasını təmin etsin və müvafiq layihələri Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

16.2. beynəlxalq standartlar və təcrübələr əsas götürülməklə, Azərbaycan Respublikasının PL/TMM sisteminin effektivliyinin artırılmasına dair tədbirlər planını 3 (üç) ay müddətində hazırlasın və Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası ilə razılaşdırmaqla təsdiq etsin.

17. Müəyyən edilsin ki:

17.1. bu Qərarda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi məqsədilə məhkəmə və hüquq mühafizə orqanları, Qanunun  6-cı maddəsində nəzərdə tutulmuş nəzarət orqanları, Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş gömrük orqanı, Qanunun 1.0.7-ci və 1.0.8-ci maddələrində nəzərdə tutulmuş monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər ilə müsahibələr təşkil edilə və sorğular keçirilə bilər;

17.2. bu Qərarda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinə yerli və xarici ekspertlər, mütəxəssislər, beynəlxalq təşkilatlar, elmi müəssisələr və ictimai birliklər cəlb oluna bilərlər.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş Naziri

 

Bakı şəhəri, 21 oktyabr 2020-ci il

№ 404

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status