AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
12.03.2020
QEYDİYYAT NÖMRƏSİ
88
ADI
“Azərbaycan Respublikası Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinə uyğun olaraq, vergidən azadolunma məqsədləri üçün elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların Meyarları”nın təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 14-03-2020, Nəşr Nömrəsi: 57), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-03-2020, Nəşr nömrəsi: 03, Maddə nömrəsi: 349)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
14.03.2020
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.030.010
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202003120088
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
16.03.2020
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

“Azərbaycan Respublikası Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinə uyğun olaraq, vergidən azadolunma məqsədləri üçün elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların Meyarları”nın təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 414 nömrəli Fərmanının 1.1.12-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinə uyğun olaraq, vergidən azadolunma məqsədləri üçün elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların Meyarları” təsdiq edilsin (əlavə olunur).

2. Aidiyyəti dövlət orqanlarına (qurumlarına) tapşırılsın ki, bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Meyarlara cavab verən müəssisə, idarə və təşkilatların siyahısını hər il üzrə rəsmi internet səhifələrində yerləşdirsinlər.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş Naziri

 

Bakı şəhəri, 12 mart 2020-ci il

    № 88

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2020-ci il 12 mart tarixli 88 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

Azərbaycan Respublikası Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinə uyğun olaraq, vergidən azadolunma məqsədləri üçün elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların

 

MEYARLARI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və vergidən azadolunma məqsədləri üçün elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların meyarlarını müəyyən edir.

1.2. Bu Meyarlarda istifadə olunan anlayışlar Azərbaycan Respublikasının digər müvafiq normativ hüquqi aktlarında nəzərdə tutulmuş mənaları ifadə edir.

 

2. Elm sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatların meyarları

 

2.0. Elm sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatların meyarları aşağıdakılardır:

2.0.1. təsis sənədlərində “Elm haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsi ilə müəyyən olunan elmi fəaliyyət sahəsində fəaliyyət göstərməsinin nəzərdə tutulması;

2.0.2. “Elm haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə uyğun olaraq akkreditasiyadan keçməsi;

2.0.3. “Elm haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsində göstərilən elm sahəsində dövlət siyasətinin əsas prioritetləri üzrə tədqiqat aparması;

2.0.4. ən azı 5 (beş) nəfər elmi işçisinin olması.

 

3. Təhsil sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların meyarları

 

3.0. Təhsil sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlar aşağıdakı meyarlardan hər hansı birinə cavab verməlidir:

3.0.1. dövlət orqanlarının, dövlətin adından yaradılan publik hüquqi şəxslərin, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısilə dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyində olması;

3.0.2. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada lisenziya alması.

 

4. Səhiyyə sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların meyarları

 

4.0. Səhiyyə sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların meyarları aşağıdakılardır:

4.0.1. dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisəsi olması;

4.0.2. köçürülən vəsaitin nizamnaməsində nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə əhalinin sağlamlığının qorunması ilə bağlı xərclərin maliyyələşdirilməsi məqsədləri üçün istifadə edilməsi.

 

5. İdman sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların meyarları

 

5.0. İdman sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların meyarları aşağıdakılardır:

5.0.1. “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş ictimai birlik formasında yaradılan respublika idman federasiyaları (assosiasiyaları) və ya idman klubları olması;

5.0.2. köçürülən vəsaitin idman federasiyaları (assosiasiyaları) və ya idman klublarının təsis sənədlərində nəzərdə tutulan məqsədlər üçün sərf edilməsi.

 

6. Mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların meyarları

 

6.0. Mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlar aşağıdakı meyarlardan hər hansı birinə cavab verməlidir:

6.0.1. Azərbaycan mədəniyyətinin, milli mədəni irsin təbliği, təşviqi və inkişafı məqsədilə incəsənət və bədii tədbirlərin, yaradıcılıq müsabiqələrinin, sərgilərin, yaradıcılıq gecələrinin, mədəniyyət və incəsənət təqdimatlarının, festivalların, konfrans və simpoziumların təşkilini, nəşr məhsullarının hazırlanmasını və yayımını həyata keçirən, habelə film istehsal edən hüquqi şəxslər (kommersiya hüquqi şəxsləri istisna olmaqla) olması;

6.0.2. teatr, kitabxana və ya muzey kimi fəaliyyət göstərməsi.

 

7. Yekun müddəalar

 

7.1. Ödənişi qəbul edən müəssisə, idarə və təşkilat aid olduğu fəaliyyət sahəsi üzrə bu Meyarlarla müəyyən edilmiş tələblərə cavab verməlidir.

7.2. Bu Meyarlarda nəzərdə tutulan şəxslərə ödəniş edilərkən, ödənişin təyinatı ödəniş sənədində düzgün, tam və aydın şəkildə qeyd olunmalıdır və ödəniş nağdsız qaydada vəsaiti köçürən şəxsin bank hesabından vəsaiti alan şəxsin bank hesabına köçürmə yolu ilə həyata keçirilməlidir.

Təyinatı qeyd olunmayan (düzgün və ya tam qeyd olunmayan) ödənişlər, habelə nağd qaydada ödənilən məbləğlər Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 106.1.18-ci maddəsində nəzərdə tutulan vergidən azadolmaya əsas vermir.

7.3. Ödənişi alan müəssisə, idarə və təşkilat hesabat ili bitdikdən sonra 1 (bir) ay müddətində alınmış vəsaitin təyinatı üzrə xərcləndiyini təsdiq edən sənədləri (alqı-satqı müqavilələri, təhvil-təslim aktları, ödəniş tapşırıqları, bank çıxarışları və s.) vəsaiti köçürən şəxsə təqdim edir.

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status