AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
16.09.2019
QEYDİYYAT NÖMRƏSİ
412
ADI
“Əmək birjalarının və əmək yarmarkalarının təşkili və fəaliyyəti Qaydası”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 18-09-2019, Nəşr Nömrəsi: 205), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-09-2019, Nəşr nömrəsi: 09, Maddə nömrəsi: 1566)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
18.09.2019
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
060.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201909160412
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
19.09.2019
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

“Əmək birjalarının və əmək yarmarkalarının təşkili və fəaliyyəti Qaydası”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 233 nömrəli Fərmanının 1.1.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Əmək birjalarının və əmək yarmarkalarının təşkili və fəaliyyəti Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

 

Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV

 

Bakı şəhəri, 16 sentyabr 2019-cu il

     № 412

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2019-cu il 16 sentyabr tarixli 412 nömrəli Qərarı ilə

təsdiq edilmişdir

 

Əmək birjalarının və əmək yarmarkalarının təşkili və fəaliyyəti

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 23.3-cü maddəsinə əsasən hazırlanmışdır və əmək birjalarının (bundan sonra – Birja) və əmək yarmarkalarının (bundan sonra – Yarmarka) təşkili və fəaliyyəti qaydasını müəyyən edir.

1.2. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən birjalar və yarmarkalar əmək bazarında tələb və təklif, habelə daxil olan sifarişlər əsasında əhalinin müvəqqəti məşğulluğunun təmin olunması, işaxtaran və işsiz şəxslərin müvafiq inzibati ərazi vahidi üzrə mövcud olan vakant iş yerləri haqqında məlumat əldə etməsi, aktiv məşğulluq tədbirlərinə cəlb olunması, işəgötürənlərin qısa müddətdə zəruri peşəyə, ixtisasa və təcrübəyə malik olan kadrların seçiminə köməklik göstərilməsi məqsədilə təşkil edilir.

1.3. Bu Qaydada istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.3.1. yarmarka – Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin (bundan sonra – Agentlik) müvafiq yerli qurumları və ya “DOST” mərkəzləri tərəfindən işsiz və işaxtaran şəxslərin işəgötürənlərlə bilavasitə təmas yaratmaqla işə düzəlmələrinə köməklik göstərilməsi məqsədilə keçirilən aktiv məşğulluq tədbiridir; [1]

1.3.2. birja – hüquqi və ya fiziki şəxslərdən (bundan sonra – Sifarişçi) daxil olan sifarişlər əsasında işsiz və işaxtaran şəxslərin müvəqqəti məşğulluğunun təmin olunması məqsədilə Agentliyin müvafiq yerli qurumları və ya “DOST” mərkəzləri tərəfindən elektron qaydada həyata keçirilən xidmətdir. [2]

1.4. Bu Qaydada istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının Əmək Məcəlləsi, “Məşğulluq haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.

 

2. Yarmarkanın təşkili məqsədi və formaları

 

2.1. Yarmarkanın təşkili məqsədləri aşağıdakılardır:

2.1.1. işəgötürənlərə yarmarka iştirakçıları arasından lazımi kadr seçmək, həmçinin işaxtaranlarla birbaşa müsahibələr keçirmək imkanının yaradılması;

2.1.2. işsiz və işaxtaran şəxslərin aktiv əmək bazarı proqramları, vakant iş yerləri barədə məlumatlandırılması, iş axtarışı üsulu, əmək bazarında özünü təqdimetmə, peşə istiqamətinin seçilməsi ilə bağlı məsləhətlərin verilməsi.

2.2. Yarmarkanın təşkili formaları aşağıdakılardır:

2.2.1. iqtisadiyyatın bütün sahələrini əhatə edən peşə və ixtisaslar üzrə ümumi yarmarkalar;

2.2.2. ayrı-ayrı regionlar üzrə yerli əmək bazarının tələblərinə uyğun keçirilən mini yarmarkalar;

2.2.3. əmək bazarının tələbləri nəzərə alınmaqla, iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə ixtisaslaşmış yarmarkalar.

 

3. Yarmarkanın təşkili və fəaliyyəti

 

3.1. Yarmarkanın təşkil edilməsi üçün Agentliyin müvafiq yerli qurumları və ya “DOST” mərkəzləri tərəfindən mövcud olan vakansiyalar əsasında işəgötürənlərin işçi qüvvəsinə real tələbatı öyrənilir.

3.2. Tələbat nəzərə alınaraq, hər bir inzibati ərazi vahidi üzrə Yarmarkanın təşkili qrafiki Agentlik tərəfindən təsdiq edilir. Yarmarka təsdiq edilmiş qrafikə uyğun, lakin üç ayda bir dəfədən az olmayaraq təşkil olunur. [3]

3.3. Yarmarkanın təşkili məqsədilə müvafiq Yarmarkanın təşkil edildiyi aydan əvvəlki ayın 20-dən gec olmayaraq Agentlik tərəfindən fəaliyyət planı hazırlanır və təsdiq edilir. Fəaliyyət planında aşağıdakı məlumatlar öz əksini tapır:

3.3.1. Yarmarkanın yeri, tarixi və vaxtı;

3.3.2. Yarmarkada iştirak edəcək işsiz və işaxtaran şəxslərin sayı, təhsil səviyyəsi, peşə və ixtisaslar üzrə bölgüsü;

3.3.3. Yarmarkada iştirak edəcək işəgötürənlərin (müəssisələrin) sayı, iqtisadi fəaliyyət sahəsi;

3.3.4. Yarmarkaya təqdim olunacaq vakansiyaların sayı, peşə və ixtisaslar üzrə bölgüsü;

3.3.5. Yarmarkanın keçirilməsi üzrə xərclər smetası.

3.4. Bu Qaydanın 3.3.1-ci və 3.3.4-cü yarımbəndlərində göstərilən məlumatlar Nazirliyin rəsmi internet səhifəsində dərc edilir və MAS-da işaxtaran və işsiz kimi qeydiyyatda olan şəxslərin elektron kabinetində yerləşdirilir.

3.5. Yarmarkada işsiz və işaxtaran şəxslərə işəgötürənlərlə bilavasitə təmas yaratmaqla aşağıdakı xidmətlər göstərilir:

3.5.1. karyera imkanları, əmək bazarı və peşələr haqqında məlumatlar verilir;

3.5.2. peşə seçiminə istiqamətləndirilir;

3.5.3. peşə hazırlığına cəlb edilir;

3.5.4. haqqı ödənilən ictimai işlərə cəlb edilir;

3.5.5. iş yerlərinə göndəriş verilir.

 

4. Birjanın təşkili və fəaliyyəti

 

4.1. Birja Sifarişçinin müraciəti əsasında işsiz və işaxtaran şəxsləri birdəfəlik, qısamüddətli, mövsümi işlərə cəlb etməklə onların məşğulluğunu təmin edir.

4.2. İşaxtaran və ya işsiz kimi qeydiyyata alınmış şəxs Birjada qeydiyyata alınmaq hüququna malikdir. Bunun üçün həmin şəxs “Elektron hökumət” və ya “e-sosial” portallarının mövcud autentifikasiya vasitələrindən istifadə etməklə MAS-da bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun “Müraciət-Ərizə”ni dolduraraq təsdiq edir.

4.3. Birja tərəfindən sifarişlərin qəbulu Sifarişçi tərəfindən MAS-da bu Qaydanın 2 nömrəli əlavəsinə uyğun doldurularaq təsdiq edilmiş “Müraciət-Ərizə” əsasında, telefon vasitəsilə və ya birbaşa Agentliyin müvafiq yerli qurumlarına və ya “DOST” mərkəzlərinə müraciət etməklə qəbul olunur. Telefon vasitəsilə daxil olan hər bir sifariş və onu yerinə yetirən şəxs barədə məlumatlar Agentliyin müvafiq yerli qurumları və ya “DOST” mərkəzləri tərəfindən MAS-a daxil edilir.

4.4. Birjada sifarişlərin qəbul edilməsi, işaxtaran və işsiz şəxslərin qeydiyyatı və müvəqqəti işlə təmin edilməsi, habelə məlumat verilməsi, məsləhət xidmətlərinin göstərilməsi ödənişsiz həyata keçirilir.

4.5. Sifarişçi və işaxtaran və ya işsiz kimi qeydiyyata alınmış şəxslər arasında münasibətlər onlar arasında bağlanılmış əmək müqaviləsi və ya mülki-hüquqi xarakterli müqavilə əsasında tənzimlənir. [4]

 

 


 

 

“Əmək birjalarının və əmək yarmarkalarının təşkili və fəaliyyəti Qaydası”na

1 nömrəli əlavə

 

İşaxtaran və ya işsiz kimi qeydiyyata alınmış şəxslərin Birjada qeydiyyata alınması üçün

Müraciət-Ərizə

 

İşaxtaran və işsiz şəxsin:

Fərdi identifikasiya nömrəsi

 

İşaxtaran kimi qeydiyyat nömrəsi*

 

İşsiz kimi qeydiyyat nömrəsi*

 

Soyadı, adı, atasının adı*

 

Elektron poçt ünvanı (olduğu halda)*

 

Telefon nömrəsi*

 

İxtisası/peşəsi*

 

Qeyd

 

 

* MEİS tərəfindən avtomatik müəyyən edilən məlumatlar.

 

 


 

 

“Əmək birjalarının və əmək yarmarkalarının təşkili və fəaliyyəti Qaydası”na

2 nömrəli əlavə

 

Birja tərəfindən sifarişlərin qəbulu üçün

Müraciət-Ərizə

 

Hüquqi şəxsin:

- adı

- VÖEN-i

- hüquqi və faktiki ünvanı

- elektron poçt ünvanı (olduğu halda)

- telefon nömrəsi

 

Fiziki şəxsin:

- fərdi identifikasiya nömrəsi

- VÖEN-i (olduğu halda)

- soyadı, adı, atasının adı

- elektron poçt ünvanı (olduğu halda)

- telefon nömrəsi

 

İşin təsviri

 

İşin həcmi

 

Tələb olunan işçilərin sayı

 

İşin yerinə yetirilməsi vaxtı və müddəti

 

Qeyd

 

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       5 iyun 2021-ci il tarixli 160 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 iyun 2021-ci il, № 118)

2.       17 iyul 2021-ci il tarixli 211 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 iyul 2021-ci il, № 149)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 5 iyun 2021-ci il tarixli 160 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 iyun 2021-ci il, № 118) ilə “Əmək birjalarının və əmək yarmarkalarının təşkili və fəaliyyəti Qaydası”nın 1.3.1-ci yarımbəndində “Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin (bundan sonra – Xidmət) şəhər, rayon məşğulluq orqanları” sözləri “Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin (bundan sonra – Agentlik) müvafiq yerli qurumları” sözləri ilə əvəz edilmişdir.

 

[2] 5 iyun 2021-ci il tarixli 160 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 iyun 2021-ci il, № 118) ilə “Əmək birjalarının və əmək yarmarkalarının təşkili və fəaliyyəti Qaydası”nın 1.3.2-ci yarımbəndində, 3.1-ci bəndində, 4.3-cü bəndin birinci və ikinci cümlələrində ismin müvafiq hallarında “Xidmətin şəhər, rayon məşğulluq orqanları” sözləri ismin müvafiq hallarında “Agentliyin müvafiq yerli qurumları” sözləri ilə əvəz edilmişdir.

 

17 iyul 2021-ci il tarixli 211 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 iyul 2021-ci il, № 149) ilə Əmək birjalarının və əmək yarmarkalarının təşkili və fəaliyyəti Qaydası”nın 1.3.2-ci yarımbəndinə həyata keçirilən sözlərindən əvvəl elektron qaydada sözləri əlavə edilmişdir.

 

[3] 5 iyun 2021-ci il tarixli 160 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 iyun 2021-ci il, № 118) ilə “Əmək birjalarının və əmək yarmarkalarının təşkili və fəaliyyəti Qaydası”nın 3.2-ci və 3.3-cü bəndlərinin birinci cümlələrində “Xidmət” sözü “Agentlik” sözü ilə əvəz edilmişdir.

 

[4] 17 iyul 2021-ci il tarixli 211 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 iyul 2021-ci il, № 149) ilə Əmək birjalarının və əmək yarmarkalarının təşkili və fəaliyyəti Qaydası”nın 4.5-ci bəndində bu Qaydanın 4.2-ci bəndində nəzərdə tutulmuş şəxs sözləri işaxtaran və ya işsiz kimi qeydiyyata alınmış şəxslər sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status