AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
27.06.2019
QEYDİYYAT NÖMRƏSİ
759
ADI
Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 28-06-2019, Nəşr Nömrəsi: 137), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2019, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 1050)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
28.06.2019
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
150.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201906270759
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
02.07.2019
Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 130 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə»də dəyişikliklər edilməsi barədə

Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, aqrar sahədə tətbiq edilən dəstək tədbirləri ilə bağlı yeni mexanizmin formalaşdırılması, bu sahədə hesabatlılığın, şəffaflığın və büdcə vəsaitlərindən səmərəli istifadənin təmin edilməsi, müraciətlərin sadələşdirilməsi və elektronlaşdırılması məqsədilə, habelə “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydaya əsasən bitkiçilik sahəsində subsidiyaların hesablanmasında istifadə olunan baza məbləği 200 (iki yüz) manat müəyyən edilsin.

3. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi:

3.1. “Subsidiya” informasiya sisteminin yaradılmasını və bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydaya uyğun olaraq subsidiyaların 2020-ci il yanvarın 1-dən etibarən verilməsini təmin etsin;

3.2. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə razılaşdırmaqla “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında əsasnamənin layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; [1]

3.3. kənd təsərrüfatı məhsullarının istehsalçılarına subsidiyaların verilməsinin təşkili üçün xidmət reqlamentlərini beş ay müddətində təsdiq etsin;

3.4. kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılmasının nəticələri ilə bağlı ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə hesabat versin.

4. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi aidiyyəti dövlət qurumları ilə birlikdə “Subsidiya” informasiya sisteminin aşağıdakı məlumatlarla təmin olunması məqsədilə müvafiq informasiya sistemlərinin “Elektron Hökumət” informasiya sistemi vasitəsilə “Elektron kənd təsərrüfatı” informasiya sisteminə inteqrasiyasını Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın tələblərinə uyğun olaraq təmin etsin:

4.1. istehsalı, idxalı və satışı həyata keçirilən kənd təsərrüfatı istehsal vasitələri və məhsulları barədə məlumatlar, ixtisaslaşmanın aparılması üçün tələb olunan aqroiqlim və hidrometeoroloji məlumatlar;

4.2. kənd təsərrüfatı təyinatlı torpaqlar, onların mülkiyyətçisi, istifadəçisi və icarəçisi barədə aktual məlumatlar.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

5.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

7. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyalar üzrə 2019-cu ildə yaranmış öhdəliklərin cari ildə ayrılmış büdcə vəsaiti hesabına ödənilməsi mümkün olmadıqda, həmin ödənişlərin növbəti il üçün dövlət büdcəsində bu məqsədlə nəzərdə tutulan vəsait hesabına aparılmasını təmin etsin.

8. Yerli icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri üzrə nümayəndəlikləri həmin ərazidə fəaliyyət göstərən fermerlərin subsidiya ilə bağlı müraciətlərinin “Subsidiya” informasiya sisteminə daxil edilməsində və maarifləndirmənin həyata keçirilməsində iştirak etsinlər.

9. Bu Fərmanın 1-ci və 2-ci hissələri 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 27 iyun 2019-cu il

                  № 759

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə

təsdiq edilmişdir

 

Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar fiziki və hüquqi şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyaların verilməsinin mexanizmini və şərtlərini müəyyən edir.

1.2. Bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.2.1. subsidiya – dövlət büdcəsinin vəsaiti hesabına kənd təsərrüfatı məhsullarının istehsalçılarına əvəzsiz verilən maliyyə vəsaiti;

1.2.2. “Subsidiya” informasiya sistemi (bundan sonra – SİS) – kənd təsərrüfatı məhsullarının istehsalçılarına subsidiyaların verilməsinə dair müraciətlərin elektron qaydada qəbulunu, emalını və cavablandırılmasını təmin edən “Elektron kənd təsərrüfatı” informasiya sisteminin (bundan sonra – EKTİS) altsistemi; [2]

1.2.3. Aqrar Subsidiya Şurası (bundan sonra – Şura) – bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq yaradılan və aqrar sahədə subsidiyaların tətbiqi ilə bağlı qərar qəbul edən kollegial orqan;

1.2.4. baza məbləği – bitkiçilik sahəsində subsidiyaların hesablanmasında istifadə edilən sabit maliyyə vəsaiti;

1.2.5. kənd təsərrüfatı istehsal vasitələri – mineral gübrə, biohumus, sertifikatlı toxum, ting və pestisid;

1.2.6. fermer – kənd təsərrüfatı məhsullarının istehsalçısı olan və SİS-də qeydiyyata alınan (bitkiçilik və heyvandarlıq sahələri üzrə) fiziki və ya hüquqi şəxs;

1.2.7. tədarükçü – kənd təsərrüfatı məhsullarının tədarükünü həyata keçirən və SİS-də qeydiyyata alınan fiziki və ya hüquqi şəxs;

1.2.8. təchizatçı – kənd təsərrüfatı istehsal vasitələrinin satışını həyata keçirən və SİS-də qeydiyyata alınan fiziki və ya hüquqi şəxs;

1.2.9. əkin subsidiyası – fermerlərə əkin, çoxillik əkmə altında olan kənd təsərrüfatı yerlərində həmin yerlərin təyinatına uyğun kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün istifadə etdikləri kənd təsərrüfatı istehsal vasitələrinin alınmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə bitki becərilən sahənin hər hektarına görə verilən subsidiya;

1.2.10. məhsul subsidiyası – tədarükçülərə təhvil verilən bitkiçilik məhsulunun hər tonuna görə əkin subsidiyasına əlavə olaraq verilən subsidiya;

1.2.11. toxum subsidiyası – ölkədə istehsal edilən, sertifikatlı 1-ci və 2-ci reproduksiyalı toxum və tinglərin satışına görə verilən subsidiya;

1.2.12. heyvan subsidiyası – yerli heyvanların cins tərkibinin yaxşılaşdırılması, yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması məqsədilə süni mayalanma və ya embrion köçürməsi yolu ilə alınan hər bir sağlam buzova görə verilən subsidiya;

1.2.13. arı subsidiyası – hər arı ailəsinə (pətəyə) görə verilən subsidiya;

1.2.14. barama subsidiyası – ölkədə istehsal edilib tədarükçülərə təhvil verilən yaş baramanın hər kiloqramına görə verilən subsidiya;

1.2.15. kvota – hər bir bitki üzrə subsidiya veriləcək toxum və tingin Şura tərəfindən müəyyən edilən miqdarı (kiloqram və ədəd);

1.2.16. sertifikatlı toxum və ting – “Toxumçuluq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət reyestrində qeydiyyata alınmış, sort və səpin keyfiyyətləri barədə uyğunluq sertifikatı olan toxum və tinglər.

1.3. Bu Qaydada istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən olunmuş mənaları ifadə edir.

 

2. Subsidiyaların verilməsinin təşkili

 

2.1. Fermerlərə subsidiyaların verilməsinin təşkili bu Qaydaya və xidmət reqlamentlərinə müvafiq həyata keçirilir.

2.2. Aqrar sahədə subsidiyaların tətbiqi ilə bağlı qərarları qəbul edən Şura yaradılır. Şura Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin (2 nəfər), Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (1 nəfər), Azərbaycan Respublikası Maliyyə Nazirliyinin (1 nəfər), Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin (1 nəfər), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (1 nəfər) və yerli fermerlər assosiasiyasının (1 nəfər) nümayəndələri daxil olmaqla 7 üzvdən ibarətdir. Şuraya rəhbərliyi Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri həyata keçirir.

2.3. Şura ictimai əsaslarla fəaliyyət göstərir. Şuranın iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Şuranın iclasında, hər üzvün bir səsi olmaqla, qərarlar açıq səsvermə yolu ilə sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslər bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir.

2.4. Şura hər il yanvarın 15-dək aşağıdakılar barədə qərarlar qəbul edir və bu barədə ictimaiyyəti məlumatlandırır:

2.4.1. əkin subsidiyasının tətbiqi üçün regionlar üzrə bitkilərin siyahısının (bu Qaydanın 2.5-1-ci bəndi nəzərə alınmaqla) və onlara tətbiq edilən əkin əmsallarının təsdiqi; [3]

2.4.2. məhsul subsidiyasının tətbiqi üçün bitkiçilik məhsullarının siyahısının və onlara tətbiq edilən əmsalların təsdiqi;

2.4.3. toxum subsidiyasının tətbiqi üçün bitkiçilik məhsullarının siyahısının və onlara tətbiq edilən əmsalların və kvotaların təsdiqi;

2.4.4. subsidiyaların tətbiqi mexanizminin təkmilləşdirilməsi ilə bağlı verilən təkliflərin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə (bundan sonra – Nazirlik) təqdim edilməsi.

2.5. Bu Qaydanın 2.4-cü bəndinə əsasən müəyyən edilən siyahıları, əmsalları və kvotaları illik qiymətləndirmə nəticələrinə uyğun olaraq Şura yeniləyə bilər.

2.5-1. Bu Qaydanın 2.4.1-ci yarımbəndinə uyğun olaraq Şuranın təsdiq etdiyi siyahıya “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aqrar sığorta predmetinə aid olan bitkilər (bundan sonra – sığortalanmalı olan bitkilər) daxil edildiyi təqdirdə, həmin bitkilərin ixracyönümlü olması və ya ərzaq təhlükəsizliyinin təmin edilməsindəki rolu əsas götürülür. [4]

2.6. Fermerlərə subsidiyaların verilməsini (benefisiarlara ödənişlərin həyata keçirilməsi), habelə Nazirliyin dövlət aqrar inkişaf mərkəzlərinin (bundan sonra – DAİM) bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra – Agentlik) həyata keçirir.

2.7. Agentlik fermerin xahişi əsasında məhsul subsidiyası üzrə ona veriləcək vəsaitin onun kənd təsərrüfatı təyinatlı kredit borclarının ödənilməsinə yönəldilməsi barədə zəmanət məktubu verir.

2.7-1. Kənd təsərrüfatı məhsullarının istehsalçılarına bitkiçilik və heyvandarlıq sahələri üzrə subsidiyaların ödənilməsi məqsədilə subsidiya məbləğləri köçürülən plastik kartların hazırlanması və göstərilən bank xidmətləri Agentliyin müvəkkil bankla razılaşdırılmış sifarişi əsasında hər il dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilir. [5]

2.8. DAİM subsidiyaların verilməsi ilə bağlı aşağıdakı xidmətləri həyata keçirir:

2.8.1. bu Qaydada müəyyən edilmiş hallarda fermerlərin, tədarükçülərin və təchizatçıların SİS-də qeydiyyatını aparır;

2.8.2. subsidiya almaq üçün müraciət etmiş fermerlərin sənədlərinin yoxlanılmasını və müraciətlərinin SİS-ə daxil edilməsini həyata keçirir;

2.8.3. subsidiyaların verilməsi və SİS-in istifadəsi ilə bağlı məlumatlandırmanı həyata keçirir;

2.8.4. subsidiyaların verilməsi prosesində yerlərdə yaranan problemləri araşdırır və onların həlli barədə Agentliyə təkliflər verir.

2.9. Fermerlər, tədarükçülər və təchizatçılar SİS-də aşağıdakıları həyata keçirirlər:

2.9.1. qeydiyyatdan keçməni;

2.9.2. kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin təyinatı üzrə istifadə vəziyyəti və istehsal etdikləri kənd təsərrüfatı məhsulları, kənd təsərrüfatı istehsal vasitələri ilə bağlı apardıqları əməliyyatlar barədə məlumatların verilməsini;

2.9.3. subsidiyanın alınması üçün müraciətlərin edilməsi və ərizələrin elektron formada tərtibi, subsidiya ilə bağlı sənədlərin SİS-ə daxil edilməsini;

2.9.4. subsidiyalarla bağlı məlumatların əldə edilməsini.

2.10. SİS-də qeydiyyatdan keçməyən fermerə subsidiya verilmir. Subsidiya almaq hüququ başqa şəxsə ötürülmür.

2.11. SİS-in digər dövlət informasiya ehtiyatları və sistemləri ilə inteqrasiyası, habelə məlumat mübadiləsinin təşkili Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun olaraq həyata keçirilir.

 

3. Bitkiçilik sahəsi üzrə subsidiyaların verilməsi

 

3.1. Əkin subsidiyasının məbləği (eyni ildə iki və daha çox əkin aparılması halında təqvim ilinin əvvəlindən ilk bəyan edilən bitki növü üzrə) aşağıdakı qaydada hesablanır:

 

baza məbləği × əkin əmsalı = əkin subsidiyası

 

• əkin əmsalı – regionlar və bitkilər, habelə əkin sahəsinin (sahələrinin) həcmi üzrə istehsalın dəstəklənməsi dərəcəsi nəzərə alınmaqla Şuranın müəyyən etdiyi göstərici. [6]

3.1-1. İstifadəsində olan 10 hektar və daha çox torpaq sahəsində (sahələrində) bu Qaydanın 2.4.1-ci yarımbəndinə uyğun olaraq Şuranın təsdiq etdiyi siyahıya daxil edilmiş sığortalanmalı olan bitkinin becərilməsinə görə əkin subsidiyası bu Qaydanın tələblərinə əsasən, sığorta müqaviləsi bağlandıqdan sonra verilir. [7]

3.2. Ayrılan subsidiya daxilində alınan gübrələrin və biohumusun dəyərinin 70 faizi əkin subsidiyası hesabına ödənməlidir, 30 faizini isə fermer ödəməlidir. [8]

3.3. Təqvim ili ərzində fermerə ayrılan, lakin istifadə edilməyən əkin subsidiyası eyni il ərzində aparılan sonrakı əkinlər üçün istifadə edilə bilər.

3.4. İstifadəsində olan 50 hektardan çox torpaq sahəsində aparılan əkinə və ya çoxillik əkməyə görə kənd təsərrüfatı kooperativlərinə əkin subsidiyası 10 faiz artırılmaqla tətbiq edilir.

3.5. Məhsul subsidiyası aşağıdakı qaydada hesablanır:

 

baza məbləği × məhsul əmsalı = məhsul subsidiyası

 

• məhsul əmsalı – bəzi bitkilər üzrə məhsuldarlığın təşviqi üçün Şuranın müəyyən etdiyi göstərici.

3.6. Toxum subsidiyası Şuranın müəyyən etdiyi bitki növləri üzrə ölkədə istehsal edilib satılmış 1-ci və 2-ci reproduksiyalı toxumların hər kiloqramına, tinglərin isə hər ədədinə görə baza məbləğinə əmsallar tətbiq edilməklə müəyyənləşdirilir:

 

(Baza məbləği x toxum əmsalı) x fermerin subsidiyaya təqdim etdiyi toxum və ya tingin miqdarı x (kvota / subsidiyaya təqdim olunan toxum və tingin miqdarının cəmi) = toxum subsidiyası

 

• toxum əmsalı – ölkədə istehsal edilən toxumun 1 kiloqramına və ya tingin 1 ədədinə görə subsidiya məbləğinin hesablanması üçün Şuranın müəyyən etdiyi göstərici.

3.7. Bu Qaydanın 3.6-cı bəndinə əsasən fermerə satılmış toxum və tinglərin toxum subsidiyasının hesablanmasında nəzərə alınan miqdarı istifadə olunan torpaq sahəsinə müvafiq olaraq hesablanan səpin və ya əkin ehtiyacına görə müəyyən edilir.

3.8. Fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə aşağıdakı sənədləri və məlumatları SİS-ə daxil edirlər:

3.8.1. proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti);

3.8.2. torpaq sahəsi üzərində istifadə hüququnu təsdiq edən sənədi;

3.8.3. əkin subsidiyası üçün istifadə edilən kənd təsərrüfatı istehsal vasitələrinin həcmi barədə məlumatı və satınalınmasına dair sənədləri, sığortalanmalı olan bitkilərə münasibətdə isə həmçinin sığorta müqaviləsinin nömrəsini; [9]

3.8.4. məhsul subsidiyası üçün kənd təsərrüfatı məhsullarının tədarükçülərə təhvil verilməsini, toxum subsidiyası üçün toxum və tingin satışını təsdiq edən sənədləri;

3.8.5. kənd təsərrüfatı kooperativlərinin fəaliyyətini tənzimləyən sənədləri.

3.9. Fermerdən əlavə sənədlər yalnız “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsində nəzərdə tutulmuş hallarda və qaydada tələb edilə bilər.

3.10. Fermer bu Qaydanın 3.8-ci bəndi ilə müəyyənləşdirilən sənədlərin və məlumatların SİS-ə daxil edilməsini bilavasitə (elektron qaydada), yaxud DAİM vasitəsilə həyata keçirir.

3.11. Təchizatçı kənd təsərrüfatı istehsal vasitələrini fermerə əkin subsidiyasının məbləğini nəzərə almaqla satır. Təchizatçı bu Qaydanın 3.8-ci bəndində müəyyən edilən şərtlərin yerinə yetirilməməsinə görə kənd təsərrüfatı istehsal vasitələrini əkin subsidiyasının məbləğini nəzərə almaqla satmaqdan imtina etdiyi halda, fermerə imtinanın səbəblərini göstərməklə 7 (yeddi) iş günü müddətində yazılı məlumat verir. [10]

3.12. Əkin subsidiyası ilə bağlı fermer təqvim ili ərzində apardığı əkin barədə informasiyanı SİS-ə daxil edərək avtomatlaşdırılmış qaydada formalaşan elektron bəyannaməni təsdiq edir və subsidiya almaq üçün müraciət edir. Agentlik müraciəti 30 (otuz) iş günü müddətində təsdiq etdikdən sonra müvafiq ödəniş xətti barədə fermerə məlumat (SMS, elektron poçt və ya bilavasitə SİS vasitəsilə) verir. Fermer müvafiq ödəniş xətti üzrə kart hesabında olan əkin subsidiyası balansından kənd təsərrüfatı istehsal vasitələrinin satın alınması üçün istifadə etdikcə, bu barədə SİS vasitəsilə ona göndərilən məlumatı (bildirişi) təsdiq edir. Kart hesabında olan və müvafiq xərcləməyə uyğun məbləğ avtomatlaşdırılmış qaydada təchizatçının hesabına köçürülür.

3.13. Əkin subsidiyası məbləğinin 25 faizindən nağdlaşdırılaraq, 75 faizindən isə bu Qaydanın 3.12-ci bəndində müəyyən edilən formada istehsalın təşkili məqsədilə istifadə olunur.

3.14. Məhsul subsidiyası ilə bağlı fermerlər hər il iyun ayının 1-dək bu Qaydanın 3.8.1-ci yarımbəndində nəzərdə tutulan elektron bəyannaməni (müraciəti), dekabrın 15-dək məhsulun tədarükçüyə təhvil verilməsi barədə sənədləri (məhsulun qəbul qəbzlərini), tədarükçülər isə təhvil aldıqları kənd təsərrüfatı məhsulunun növü və miqdarı barədə məlumatları SİS-ə daxil etməlidirlər. Dekabrın 15-dən sonra təqdim edilən sənədlərlə bağlı ödənişlər növbəti ilin 2-ci rübündə aparılır.

3.15. Fermerlər toxum subsidiyası ilə bağlı bu Qaydanın 3.8.1-ci bəndində nəzərdə tutulan proqnozları cari il iyun ayının 1-dək, toxum və tingin satışı ilə bağlı məlumatları və sənədləri dekabr ayının 10-dək SİS-ə daxil edirlər və Agentlik bunları təsdiqləyir.

3.16. Bu Qaydanın 3.8-ci bəndində müəyyən edilən şərtlərə uyğun məlumatlar Nazirliyin təsdiq etdiyi reqlamentlərə əsasən SİS-də təsdiqləndikdən sonra bitkiçilik sahəsi üzrə fermerin subsidiya ödənişi həmin ayın sonunda onun hesabına köçürülür.

3.17. Təqvim ili ərzində büdcədən ayrılan və fermerə verilməyən subsidiya məbləği büdcəyə qaytarılır. Fermerə verilən subsidiya vəsaiti 2 (iki) il ərzində istifadə edilmədikdə, bu barədə ona SMS və elektron poçt vasitəsilə bildiriş göndərilir. Bildiriş göndərildikdən sonra fermer 3 (üç) ay ərzində subsidiya vəsaitini istifadə etmədikdə, növbəti il üçün ona subsidiya ödənilmir. [11]

3.18. Yaşayış məntəqələrinin torpaqlarında aparılmış əkinə görə subsidiya verilmir.

 

4. Heyvandarlıq sahəsi üzrə subsidiyaların verilməsi

 

4.1. Heyvan subsidiyası hər bir sağlam buzova görə 100 (yüz) manat məbləğində müəyyən edilir.

4.2. Arı subsidiyası arıçılıqla məşğul olan fermerlərə saxladıqları hər arı ailəsinə görə hər təqvim ilində 10 (on) manat məbləğində müəyyən edilir və 2023-cü ilədək verilir.

4.3. Barama subsidiyası barama istehsalçısı olan fermerlərə istehsal edilib tədarükçüyə təhvil verilən yaş baramanın (əyrilən və karapaçax barama istisna olmaqla) hər kiloqramına görə 5 (beş) manat məbləğində verilir.

4.4. Heyvandarlıq sahəsi üzrə müəyyən edilən subsidiyanın alınması ilə bağlı aşağıdakı şərtlər müəyyən edilir:

4.4.1. süni mayalanmanı bu istiqamətdə ixtisasartırma və ya kadrların yenidənhazırlanma təhsilini müvəffəqiyyətlə başa vurmuş, xüsusi sertifikat və diplom almış və SİS-də qeydiyyatdan keçmiş mütəxəssislərin həyata keçirməsi;

4.4.2. bu məqsədlə yaradılmış süni mayalanma mərkəzlərində istehsal olunmuş, habelə SİS-də qeydiyyata alınan fiziki və ya hüquqi şəxslər tərəfindən ölkəyə idxal olunan heyvan toxumundan istifadə edilməsi;

4.4.3. süni mayalandırılan və süni mayalanma nəticəsində doğulan heyvanın, habelə arı ailələrinin identikləşdirilməsi və ona dair məlumatları DAİM-in SİS-ə daxil etməsi;

4.4.4. barama subsidiyası ilə bağlı fermerlərin yaş baramanı tədarükçüyə təhvil verməsi barədə sənədlərin və tədarükçülərin fermerlərdən tədarük etdikləri yaş baramanın miqdarına dair məlumatların hər il iyun ayının 30-dək SİS-ə daxil edilməsi.

4.5. Süni mayalanma xidməti mütəxəssis ilə heyvan sahibi arasında qarşılıqlı razılaşma əsasında ödənişli qaydada həyata keçirilir.

4.6. Heyvandarlıq sahəsi üzrə subsidiya ödənişi bu Qaydanın 4.4-cü bəndində müəyyən edilən şərtlərə uyğun məlumatlar Nazirliyin təsdiq etdiyi reqlamentlərə əsasən SİS-də təsdiqləndikdən sonra 15 (on beş) iş günündən gec olmayaraq həyata keçirilir.

 

5. Monitorinq və qiymətləndirmə

 

5.1. Subsidiya mexanizminin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə subsidiya alınması üçün müraciət daxil olduqda və ya əldə edilmə mənbəyi bəlli olan hər hansı məlumat əsasında fermerin bəyannaməsində göstəriləndən fərqli hallar aşkar edildikdə, Agentlik tərəfindən aşağıdakı ardıcıllıqla monitorinqlər aparılır: [12]

5.1.1. çarpaz – elektron bəyannamə məlumatlarının SİS-də olan digər məlumatlarla üzləşdirilməsi;

5.1.2. yerüstü müşahidə – peyk ilə və digər texniki imkanlarla əkinlərin və çoxillik əkmələrin müəyyən edilərək, elektron bəyannamə məlumatları ilə üzləşdirilməsi;

5.1.3. yerində müşahidə – seçmə üsulu ilə əkinlərin aparıldığı yerlərdə, yaxud heyvandarlıq təsərrüfatlarında DAİM mütəxəssislərinin nəzarət və qiymətləndirmə tədbirlərini həyata keçirməsi.

5.2. Bəyan edilmiş əkin sahəsinə və çoxillik əkmələrə görə hesablanan məbləğ monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğdən çox olduqda əkin subsidiyası aşağıdakı qaydada verilir:

5.2.1. fərq 5 faizdən çox olmadıqda, subsidiya monitorinq nəticəsində müəyyən edilmiş sahəyə görə verilir;

5.2.2. fərq 5 faizdən çox, 20 faizdən az olduqda, veriləcək subsidiyanın məbləği 30 faiz azaldılır;

5.2.3. fərq 20–50 faiz olduqda, cari il ərzində həmin fermerə subsidiya ödənilmir;

5.2.4. fərq 50 faizdən çox olduqda, cari il və sonrakı il ərzində həmin fermerə subsidiya ödənilmir.

5.3. Arı ailələrinin bəyan edilmiş sayına görə hesablanan məbləğ monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğdən çox olduqda, arı subsidiyası aşağıdakı qaydada verilir:

5.3.1. fərq 10 faizdən çox olmadıqda, subsidiya monitorinq nəticəsində müəyyən edilmiş arı ailələrinin sayına görə verilir;

5.3.2. fərq 10–30 faiz olduqda, cari il ərzində arıçıya subsidiya ödənilmir;

5.3.3. fərq 30 faizdən çox olduqda, arıçıya cari il və sonrakı il ərzində subsidiya ödənilmir.

5.4. Monitorinq nəticəsində fermerin bəyannaməsində göstəriləndən fərqli hallar müəyyən edildikdə, fermerə bununla əlaqədar SMS və elektron poçt vasitəsilə bildiriş göndərilir. Bildiriş təqdim edildikdən sonra fermer 15 (on beş) gün müddətində bildirişə etiraz etmədikdə, ona münasibətdə, müvafiq olaraq, bu Qaydanın 5.2-ci və 5.3-cü bəndlərinin tələbləri tətbiq edilir. Bildirişə etiraz fermerin iştirakı ilə DAİM-in mütəxəssisi tərəfindən yerində müşahidə aparmaqla qiymətləndirilir, nəticə aktlaşdırılaraq SİS-ə daxil edilir. Agentlik nəticəyə uyğun olaraq yekun qərar qəbul edir və fermerə bu barədə məlumat verir.

5.5. Fermerin cari ildə istifadə etdiyi subsidiyanın məbləği monitorinq əsasında bu Qaydanın 5.2–5.3-cü bəndlərinə uyğun olaraq müəyyən edilmiş məbləğdən artıq olarsa, həmin vəsaiti fermer Agentliyə geri qaytarır. Bu vəsait geri qaytarılmadıqda, növbəti illərdə ödəniləcək subsidiyaların məbləği həmin vəsaitin məbləği qədər azaldılır.

5.6. Agentlik subsidiyalarla bağlı göstərilən xidmətlərin kənd təsərrüfatı məhsullarının istehsalına təsirinə dair qiymətləndirmələrin aparılmasını təmin edir.

5.7. Agentlik subsidiya mexanizminin tətbiqinə dair apardığı monitorinqin və qiymətləndirmənin nəticələrinə uyğun olaraq ildə bir dəfə mövcud vəziyyət barədə hesabatını və təkmilləşdirici təkliflərini, o cümlədən növbəti il üçün kvota və bitkilər üzrə əmsalları Nazirliyə və Şuraya təqdim edir.

 

6. Yekun müddəalar

 

6.1. Agentliyin vəzifəli şəxsləri subsidiyalar üçün ayrılmış dövlət büdcəsi vəsaitinin təyinatı üzrə istifadə edilməməsinə görə inzibati və ya cinayət məsuliyyəti daşıyırlar.

6.1-1. Bu Qaydanın 5.1-ci bəndi ilə müəyyən edilmiş qaydada aparılan monitorinqlər nəticəsində fermerin EKTİS-ə bilərəkdən yanlış məlumatlar daxil etməklə subsidiya alması və ya hesablarına köçürülən subsidiya məbləğindən təyinatı üzrə istifadə etməməsi aşkar edildikdə, fermer qanunda nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunur.

6.1-2. EKTİS-ə bilərəkdən yanlış məlumatlar daxil etməklə subsidiya almış fermerin inzibati məsuliyyətə cəlb edilməsi bu Qaydanın 5.5-ci bəndinin tələblərinin ona tətbiq edilməsinə mane olmur.

6.1-3. Hesablarına köçürülən subsidiya məbləğindən təyinatı üzrə istifadə etməməyə görə inzibati məsuliyyətə cəlb edilmiş fermerlərə növbəti 2 (iki) il müddətinə subsidiya ödənilmir. [13]

6.2. Bu Qaydanın həyata keçirilməsi ilə bağlı yaranan mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir.

6.3. Subsidiya verilmiş fermerlərin rayon (şəhər) və kəndlər üzrə siyahısı hər il dekabr ayının 25-dən gec olmayaraq Agentliyin rəsmi internet saytında yerləşdirilir.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       23 dekabr 2019-cu il tarixli 896 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 25 dekabr 2019-cu il, № 287, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1939)

2.       18 may 2020-ci il tarixli 1026 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 may 2020-ci il, № 97, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 551)

3.       12 mart 2021-ci il tarixli 1300 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 13 mart 2021-ci il, № 54, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 224)

4.       12 iyun 2021-ci il tarixli 1361 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 13 iyun 2021-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 576)

5.       1 sentyabr 2021-ci il tarixli 1436 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 2 sentyabr 2021-ci il, № 185) (Bu Fərman 2025-ci il yanvarın 1-dək qüvvədədir.)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 23 dekabr 2019-cu il tarixli 896 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 25 dekabr 2019-cu il, № 287, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1939) ilə 3.2-ci bəndə “Subsidiya” sözü “Elektron kənd təsərrüfatı” sözləri ilə əvəz edilmişdir.

 

[2] 12 iyun 2021-ci il tarixli 1361 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 13 iyun 2021-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 576) ilə “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 1.2.2-ci yarımbəndinə “sisteminin” sözündən sonra “(bundan sonra – EKTİS)” sözləri əlavə edilmişdir.

 

[3] 1 sentyabr 2021-ci il tarixli 1436 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 2 sentyabr 2021-ci il, № 185) ilə “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.4.1-ci yarımbəndinə “siyahısının” sözündən sonra “(bu Qaydanın 2.5-1-ci bəndi nəzərə alınmaqla)” sözləri əlavə edilmişdir. (Bu Fərman 2025-ci il yanvarın 1-dək qüvvədədir.)

 

[4] 1 sentyabr 2021-ci il tarixli 1436 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 2 sentyabr 2021-ci il, № 185) ilə “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na yeni məzmunda 2.5-1-ci bənd əlavə edilmişdir. (Bu Fərman 2025-ci il yanvarın 1-dək qüvvədədir.)

 

[5] 18 may 2020-ci il tarixli 1026 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 may 2020-ci il, № 97, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 551) ilə “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na yeni məzmunda 2.7-1-ci bənd əlavə edilmişdir.

 

[6] 1 sentyabr 2021-ci il tarixli 1436 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 2 sentyabr 2021-ci il, № 185) ilə “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda 3.1-ci bəndin ikinci abzasına “bitkilər” sözündən sonra “, habelə əkin sahəsinin (sahələrinin) həcmi” sözləri əlavə edilmişdir. (Bu Fərman 2025-ci il yanvarın 1-dək qüvvədədir.)

 

[7] 1 sentyabr 2021-ci il tarixli 1436 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 2 sentyabr 2021-ci il, № 185) ilə “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na yeni məzmunda 3.1-1-ci bənd əlavə edilmişdir. (Bu Fərman 2025-ci il yanvarın 1-dək qüvvədədir.)

 

[8] 12 mart 2021-ci il tarixli 1300 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 13 mart 2021-ci il, № 54, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 224) ilə “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 3.2-ci bənd ləğv edilmişdir.

 

[9] 1 sentyabr 2021-ci il tarixli 1436 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 2 sentyabr 2021-ci il, № 185) ilə “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 3.8.3-cü yarımbəndinə “sənədləri” sözündən sonra “, sığortalanmalı olan bitkilərə münasibətdə isə həmçinin sığorta müqaviləsinin nömrəsini” sözləri əlavə edilmişdir. (Bu Fərman 2025-ci il yanvarın 1-dək qüvvədədir.)

 

[10] 12 mart 2021-ci il tarixli 1300 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 13 mart 2021-ci il, № 54, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 224) ilə “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 3.11-ci bəndin ikinci cümləsində “3.2-ci və 3.8-ci bəndlərində” sözləri “3.8-ci bəndində” sözləri ilə əvəz edilmişdir.

 

[11] 12 mart 2021-ci il tarixli 1300 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 13 mart 2021-ci il, № 54, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 224) ilə “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 3.17-ci bəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

3.17. Təqvim ili ərzində istifadə edilməyən subsidiya məbləği büdcəyə qaytarılır.

 

[12] 12 mart 2021-ci il tarixli 1300 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 13 mart 2021-ci il, № 54, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 224) ilə “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 5.1-ci bəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

5.1. Subsidiya mexanizminin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə Agentlik aşağıdakı formada monitorinqlər aparılmasını nəzərdə tutur:

 

[13] 12 iyun 2021-ci il tarixli 1361 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 13 iyun 2021-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 576) ilə “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na yeni məzmunda 6.1-1 – 6.1-3-cü bəndlər əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status