AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
06.09.1997
QEYDİYYAT NÖMRƏSİ
629
ADI
İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-09-1997, Nəşr nömrəsi: 03, Maddə nömrəsi: 236)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
06.09.1997
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
020.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011

İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikasında dövlət əmlakından səmərəli istifadə olunmasını təmin etmək və onun icarəyə verilmə mexanizmini təkmilləşdirmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının ərazisində dövlətin adından daşınmaz dövlət əmlakını icarəyəvermə səlahiyyəti (Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hal, habelə sənaye, yaxud texnologiya parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri, binalar və qeyri-yaşayış sahələri istisna olmaqla), dövlət əmlakının sərəncamçısına – Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilsin. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsində müəyyən edilən məqsədlər üçün ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin və ya onların ayrı-ayrı hissələrinin (arxeoloji abidələr istisna olmaqla) icarəyə verilməsi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazilərində isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin razılığı ilə həyata keçirilir. [1]

Bu Fərman imzalandığı günə qədər daşınmaz dövlət əmlakının icarəyə verilməsinə dair bağlanmış icarə müqavilələrində icarəyəverənlərin hüquqi varisi Əmlak Məsələləri Dövlət Komitəsi hesab olunsun. Səhmlərinin tamamilə və ya nəzarət zərfinin dövlət mülkiyyətində saxlanılması barədə qərar qəbul olunmuş səhmdar cəmiyyətlərinə məxsus daşınar əmlakın və Dövlət mülkiyyətində olan digər əmlakın icarəyə və istifadəyə verilməsi yalnız Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı ilə həyata keçirilsin.

Müəyyən edilsin ki, dövlət büdcəsindən maliyyələşdirilən müəssisə və təşkilatlarda daşınmaz əmlakın icarəyə verilməsindən alınan haqqın 100 faizi, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hal istisna olmaqla, kommersiya prinsipləri əsasında fəaliyyət göstərən müəssisə və təşkilatlarda isə 50 faizi dövlət büdcəsinə köçürülür, qalan hissəsi onların sərəncamında qalır. [2]

Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hal istisna olmaqla, səhmlərinin tamamilə və ya nəzarət zərfinin dövlət mülkiyyətində saxlanılması barədə qərar qəbul olunmuş səhmdar cəmiyyətlərinə məxsus daşınmaz əmlakın icarəyə verilməsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir və həmin əmlakın icarəyə verilməsindən alınan icarə haqqının nizamnamə kapitalındakı dövlətin payına mütənasib hissəsi dövlət büdcəsinə köçürülür. [3]

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi: [4]

dövlət əmlakının icarəyə verilməsinə dair bağlanmış müqavilələri təhlil etsin və mövcud qanunvericiliyə zidd olan halların aradan qaldırılması üçün müvafiq tədbirlər görsün;

“İcarə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icarəçilərin iştirakı ilə icarə haqqının məbləğinə yenidən baxsın və icarə haqlarının vaxtlı-vaxtında müvafiq büdcələrə köçürülməsi üçün lazımi tədbirlər həyata keçirsin;

icarəyə verilmiş və səmərəsiz istifadə olunan dövlət əmlakının mövcud qanunvericiliyə uyğun olaraq özəlləşdirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

4. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

 

Bakı şəhəri, 6 sentyabr 1997-ci il

    № 629

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       19 avqust 1999-cu il tarixli 183 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 8, maddə 493)

2.       11 oktyabr 2001-ci il tarixli 587 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640)

3.       26 dekabr 2002-ci il tarixli 831 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 12, maddə 726)

4.       6 iyul 2006-cı il tarixli 426 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 590)

5.       2 iyul 2010-cu il tarixli 291 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 4 iyul 2010-cu il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №7, maddə 610)

6.       26 noyabr 2014-cü il tarixli 377 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1417)

7.       16 sentyabr 2015-ci il tarixli 613 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 20 sentyabr 2015-ci il, № 206, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №9, maddə 1000)

8.       6 iyun 2018-ci il tarixli 109 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 7 iyun 2018-ci il, № 127, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №6, maddə 1199)

9.       3 may 2019-cu il tarixli 674 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 4 may 2019-cu il, № 97, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 826)

10.    29 yanvar 2021-ci il tarixli 1265 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 30 yanvar 2021-ci il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, №1, maddə 35)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 26 noyabr 2014-cü il tarixli 377 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1417) ilə 1-ci hissəsinin birinci abzasında “müstəsna olaraq” sözləri “(sənaye, yaxud texnologiya parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri, binalar və qeyri-yaşayış sahələri istisna olmaqla)” sözləri ilə əvəz edilmişdir.

16 sentyabr 2015-ci il tarixli 613 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 20 sentyabr 2015-ci il, № 206, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №9, maddə 1000) ilə 1-ci hissəsinin birinci abzasına yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.

6 iyun 2018-ci il tarixli 109 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 7 iyun 2018-ci il, № 127, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №6, maddə 1199) ilə 1-ci hissənin birinci abzasın birinci cümləsinə “sənaye” sözündən əvvəl “Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hal, habelə” sözləri əlavə edilmişdir.

3 may 2019-cu il tarixli 674 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 4 may 2019-cu il, № 97, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 826) ilə 1-ci hissənin ikinci cümləsində “Azərbaycan Respublikasının Qanununa uyğun olaraq,” sözləri “Azərbaycan Respublikası Qanununun 19-cu maddəsində müəyyən edilən məqsədlər üçün” sözləri ilə əvəz edilmişdir və həmin cümləyə “Nazirliyinin” sözündən sonra “, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazilərində isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin” sözləri əlavə edilmişdir.

29 yanvar 2021-ci il tarixli 1265 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 30 yanvar 2021-ci il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, №1, maddə 35) ilə 1-ci hissəsinin birinci abzasının ikinci cümləsindən “və Turizm” sözləri çıxarılmışdır.

 

[2] 19 avqust 1999-cu il tarixli 183 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 8, maddə 493) ilə 1-ci bəndə üçüncü abzas əlavə edilmişdir.

 

26 dekabr 2002-ci il tarixli 831 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 12, maddə 726) ilə 1-ci bəndin üçüncü abzası yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Müəyyən edilsin ki, dövlət büdcəsindən maliyyələşdirilən müəssisə və təşkilatlarda daşınmaz əmlakın icarəyə verilməsindən alınan haqqın 50 faizi, kommersiya prinsipləri əsasında fəaliyyət göstərən müəssisə və təşkilatlarda isə 70 faizi onların sərəncamında qalır, qalan hissəsi isə dövlət büdcəsinə köçürülür.

 

6 iyun 2018-ci il tarixli 109 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 7 iyun 2018-ci il, № 127, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №6, maddə 1199) ilə 1-ci hissənin üçüncü abzasa “100 faizi,” sözlərindən sonra “Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hal istisna olmaqla,” sözləri əlavə edilmişdir.

 

[3] 6 iyul 2006-cı il tarixli 426 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 590) ilə 1-ci bəndə dördüncü abzas əlavə edilmişdir.

 

6 iyun 2018-ci il tarixli 109 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 7 iyun 2018-ci il, № 127, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №6, maddə 1199) ilə 1-ci hissənin dördüncü abzasda “Səhmlərinin” sözü “Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hal istisna olmaqla, səhmlərinin” sözləri ilə əvəz edilmişdir.

 

[4] 11 oktyabr 2001-ci il tarixli 587 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640) ilə 2-ci bəndin 1-ci abzasında "Dövlət Əmlak Komitəsi" sözləri "İqtisadi İnkişaf Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

 

2 iyul 2010-cu il tarixli 291 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 4 iyul 2010-cu il, № 141; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №7, maddə 610) ilə 1-ci və 2-ci bəndlərində ismin müvafiq hallarında "Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi" sözləri ismin müvafiq hallarında "Əmlak Məsələləri Dövlət Komitəsi" sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status