AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
15.04.2019
QEYDİYYAT NÖMRƏSİ
643
ADI
“I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 16-04-2019, Nəşr Nömrəsi: 81), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-04-2019, Nəşr nömrəsi: 04, Maddə nömrəsi: 643)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
16.04.2019
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
080.110.010
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201904150643
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
18.04.2019
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

“I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 fevral tarixli 992 nömrəli Sərəncamının icrası ilə əlaqədar qərara alıram:

1. “I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği 50 manat müəyyən olunsun.

2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü:

2.1. 2019-cu il aprelin 1-dək I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara münasibətdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qulluq üçün əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir;

2.2. təqaüdü almaq hüququ olan şəxslərdən yalnız birinə ödənilir;

2.3. bu məqsədlər üçün dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılmış xərclər hesabına həmin nazirlik tərəfindən bu Fərmanın 3.1.2-ci yarımbəndində nəzərə tutulan qaydaya uyğun olaraq ödənilir.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. bir ay müddətində:

3.1.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.1.2. bu Fərmanın 1-ci hissəsi ilə təsis edilən təqaüdün ödənilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

3.1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.1.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.1.5. bu Fərmandan irəli gələn məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

5. Bu Fərmanın 1-ci və 2-ci hissələri 2019-cu il aprelin 1-dən tətbiq edilir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 15 aprel 2019-cu il

    643

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status